Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) İYUL 2014

Yehovanın xalqı haqsızlıqdan əl çəkir

Yehovanın xalqı haqsızlıqdan əl çəkir

«Qoy Yehovanın adını çağıran hər kəs haqsızlıqdan əl çəksin» (2 TİM. 2:19).

1. İbadətimizdə nəyin xüsusi yeri var?

HEÇ nə vaxtsa «Yehova» adına hansısa tarixi binaların üstündə və ya arxeoloji muzeylərdə rast gəlmisən? Əgər rast gəlmisənsə, onda sözsüz ki, bu, sənə maraqlı gəlib və güclü təsir bağışlayıb. Hər şeydən savayı, Allahın adı bizim ibadətimizdə xüsusi yeri tutur, çünki biz Yehovanın Şahidləriyik! Bütün dünyada Allahın adına bizim qədər önəm verən ikinci bir təşkilat yoxdur! Ancaq, bu adı daşımaq şərəfi üzərimizə böyük məsuliyyət qoyur.

2. Allahın adını daşımaq üzərimizə hansı məsuliyyəti qoyur?

2 Allahın adını daşımaq özü-özlüyündə Onun rəğbətini qazandırmır, gərək Onun normalarına müvafiq yaşayaq. Buna görə də Müqəddəs Kitabda deyilir ki, Yehovanın xalqı «şərdən [çəkinməlidir]» (Məz. 34:14). Bu prinsipi əldə rəhbər tutaraq Pavel yazmışdı: «Qoy Yehovanın adını çağıran hər kəs haqsızlıqdan əl çəksin». (2 Timoteyə 2:19 ayəsini oxu.) Yehovanın Şahidləri olan bizlər Allahın adı ilə tanınırıq. Bəs biz haqsızlıqdan necə əl çəkə bilərik?

 PİSLİKDƏN UZAQLAŞIN

3, 4. Hansı ayə Müqəddəs Kitab alimləri üçün qaranlıq qalmışdı və nəyə görə?

3 Gəlin Pavelin 2 Timoteyə 2:19 ayəsində yazdığı sözlərin hansı mənbəyə əsaslandığını araşdıraq. Bu ayədə «Allahın qoyduğu möhkəm bünövrə» ifadəsi və iki bəyanat qələmə alınıb. Birincisi, çox ehtimal ki, Saylar 16:5 ayəsindən sitat gətirilən «Yehova Ona məxsus olanları tanıyır» bəyanatıdır. (Əvvəlki məqaləyə bax.) İkinci bəyanatda isə deyilir ki, «Qoy Yehovanın adını çağıran hər kəs haqsızlıqdan əl çəksin». Bu bəyanat uzun illər ərzində Müqəddəs Kitab alimləri üçün qaranlıq qalmışdı. Nə üçün?

4 Pavelin cümlə quruluşundan görünür ki, o, bu ifadəni başqa mənbədən sitat gətirib. Lakin İbranicə Müqəddəs Yazıların heç bir yerində bu ifadəyə uyğun gələn ayə yoxdur. Bəs həvari: «Qoy Yehovanın adını çağıran hər kəs haqsızlıqdan əl çəksin», — sözlərini haradan götürüb? Qorahın üsyanından bəhs edən «Saylar» kitabının 16 fəslindən gətirdiyi birinci sitatın ardınca Pavel bu sitatı gətirir. Bəs görəsən, ikinci bəyanat da bu hadisə ilə necəsə əlaqəlidir?

5—7. Pavelin 2 Timoteyə 2:19 ayəsindəki sözləri hansı hadisədən qaynaqlanır? (Məqalənin əvvəlindəki şəklə bax.)

5 Müqəddəs Kitabda deyilir ki, Eliavın oğulları Datanla Aviram Musaya və Haruna qarşı üsyan qaldıran Qoraha qoşuldular (Say. 16:1—5). Onlar açıq şəkildə Musaya saymazyana yanaşır, Allahın ona verdiyi səlahiyyəti rədd edirdilər. Bu üsyankarların Yehovanın xalqı arasında yaşaması sadiq insanların ruhaniliyinə təhlükə yaradırdı. Sadiq xidmətçilərini üsyankarlardan ayırd etmək vaxtı yetişəndə Yehova aydın göstəriş verdi.

6 Bu hadisə barədə oxuyuruq: «Rəbb Musaya dedi: “İcmaya de: “Qorah, Datan və Aviramın məskənlərinin ətrafından çəkilin!” Musa qalxıb Datanla Aviramın yanına getdi. İsrailin ağsaqqalları da onun ardınca getdilər. Musa icmaya xəbərdarlıq edib dedi: “Nə olar, bu pis adamların məskənlərindən uzaqlaşın və onlara aid olan heç bir şeyə toxunmayın. Yoxsa onların bütün günahlarına görə siz məhv olarsınız”. Hamı Qorah, Datan və Aviramın məskənlərindən uzaqlaşdı» (Say. 16:23—27). Sonra Yehova üsyankarları məhv etdi. Haqsızlıqdan əl çəkən sadiq xidmətçilərini isə hifz etdi.

7 Yehova ürəkləri oxuyan Allahdır, Ona məxsus olanların sadiqliyini yaxşı görür. Bununla belə, Onun sadiq xidmətçiləri haqsızlıq edənlərdən uzaq durmaq üçün qəti addım atmalıdır. Ola bilsin, Pavel: «Qoy Yehovanın adını çağıran hər kəs haqsızlıqdan əl çəksin», — sözlərini deyərkən Saylar 16:23—27 ayələrində yazılan hadisəyə istinad etmişdi. Gəldiyimiz bu nəticə Pavelin «Yehova Ona məxsus olanları tanıyır» sözləri ilə üst-üstə düşür (2 Tim. 2:19).

«AXMAQ, MƏNASIZ MÜBAHİSƏLƏRİ» RƏDD EDİN

8. Nəyə görə Allahın adını daşımaq və ya məsihçi yığıncağında olmaq kifayət deyil?

8 Musanın günlərindəki hadisələrə istinad etməklə Pavel Timoteyə Yehova ilə münasibətlərini qoruması üçün qəti addım atmalı olduğunu xatırlatdı. Musanın günlərində sadəcə Allahın adını daşımaq kifayət etmədiyi kimi, məsihçi yığıncağında olmaq da kifayət deyildi.  Odur ki, Allahın sadiq bəndələri haqsızlıqdan əl çəkməli idi! Bu, Timotey üçün nə demək idi? Bəs Pavelin bu məsləhətindən biz özümüzə nə götürə bilərik?

9. Axmaq və mənasız mübahisələr erkən məsihçi yığıncağına necə təsir etmişdi?

9 Müqəddəs Kitabda məsihçilərin əl çəkməli və rədd etməli olduğu haqsız əməllər barədə xüsusi məsləhət var. 2 Timoteyə 2:19 ayəsinin kontekstinə nəzər salsaq, görərik ki, Pavel Timoteyə «hər sözə görə mübahisə etməkdən» çəkinməyi, «boş söhbətlərdən... uzaq ol»mağı məsləhət görür. (2 Timoteyə 2:14, 16, 23 ayələrini oxu.) Çünki yığıncaqda bəziləri dönüklərin təlimlərini yayır. Həmçinin, görünür, bəziləri də ikibaşlı fikirlər irəli sürürdü. Hətta bu fikirlər birbaşa Allahın Kəlamına zidd olmasa da, haçalanma yaradırdı. Nəticədə, onlar sözlə didişməyə, mübahisələrə və ruhani cəhətdən qeyri-sağlam mühitin yaranmasına səbəb olurdular. Məhz buna görə Pavel Timoteyə bildirdi ki, «axmaq, mənasız [mübahisələri]... rədd et»sin.

10. Dönüklərə qarşı hansı mövqedə olmalıyıq?

10 Bu gün Yehovanın xalqının arasında dönüklüyə tək-tük hallarda rast gəlmək olar. Əgər kimsə mənbəyindən asılı olmayaraq, Müqəddəs Kitaba əsaslanmayan təlim verərsə, biz bunu gözümüzü qırpmadan rədd etməliyik. Dönüklərlə istər şəxsən, istərsə də internet və ya digər vasitələrlə boş-boşuna söz güləşdirmək ağılsızlıq olardı. Hətta məqsədimiz dönük insana kömək etmək olsa da, bu cür davranış yuxarıda araşdırdığımız Müqəddəs Kitab rəhbərliyinə zidd olardı. Yehovanın xalqı olan bizlər dönüklükdən tamamilə uzaq durmalıyıq.

Dönüklərə baş qoşma (10-cu abzasa bax)

11. Axmaq mübahisələrə nə gətirib çıxara bilər və ağsaqqallar necə nümunə ola bilərlər?

11 Yığıncaqda birliyi pozan yalnız dönüklük deyil. Məsələn, əyləncəyə dair fikirayrılığı «axmaq, mənasız mübahisələrin» yaranmasına gətirib çıxara bilər. Əlbəttə ki, əgər kimsə Yehovanın əxlaq normalarına zidd gedən əyləncəyə dadanıbsa, ağsaqqallar mübahisədən qaçmağın xətrinə buna göz yummayacaq (Məz. 11:5; Efes. 5:3—5). Eyni zamanda da şəxsi fikirlərini yeritməyə çalışmayacaqlar. Çünki onlar Müqəddəs Kitabda ağsaqqallar üçün verilən növbəti məsləhətə bağlı qalırlar: «Allahın sizə əmanət etdiyi sürünü otarın... Allahın əmanəti üzərində ağalıq etməyin, əksinə, sürüyə nümunə olun» (1 Pet. 5:2, 3; 2 Korinflilərə 1:24 ayəsini oxu).

12, 13. a) Yehovanın Şahidləri əyləncə seçiminə necə yanaşırlar və Müqəddəs Kitabın hansı prinsiplərini tətbiq edirlər? b) 12-ci abzasda müzakirə olunan prinsipləri digər şəxsi məsələlərə necə tətbiq etmək olar?

12 Əyləncə məsələsinə gəldikdə, təşkilatımız konkret hansı filmlərdən, video oyunlardan, kitablardan və ya mahnılardan qaçmalı olduğumuza dair qayda qoymur. Çünki Müqəddəs Kitab təşviq edir ki, hər kəs «qavrayışını daima işlətməklə onu yaxşını pisdən ayırmağa [öyrəşdirsin]» (İbr. 5:14). Müqəddəs Kitabda məsihçinin əyləncə seçimində nəzərə almalı olduğu növbəti əsas prinsiplər var. Həyatımızın hər bir sahəsində amalımız «Rəbbə nəyin məqbul olduğuna daima əmin [olmaqdır]» (Efes. 5:10). Müqəddəs Kitab ailə başçılarına ailəsi üçün müəyyən əyləncələri qadağan etmək səlahiyyəti verir * (1 Kor. 11:3; Efes. 6:1—4).

 13 Yuxarıda xatırlanan Müqəddəs Kitab prinsipləri yalnız əyləncə seçiminə aid deyil. Geyim və xarici görünüş, sağlamlıq və qidalanma, eləcə də digər şəxsi məsələlər də mübahisəyə səbəb ola bilər. Buna görə də əgər Müqəddəs Kitab prinsipi pozulmursa, məsihçi belə şeylərin üstündə mübahisə etməkdən əl çəkməlidir. Çünki «Rəbbin qulu çəkişmələrdən uzaq durmalı, hamıyla mülayim [nəzakətli, haşiyə] davranmalı»dır (2 Tim. 2:24).

PİS DOSTLARDAN UZAQ DURUN!

14. Pis dostlardan uzaq durmaqla bağlı Pavel hansı nümunəni çəkir?

14 «Yehovanın adını çağıran hər kəs haqsızlıqdan əl [çəkdiyini]» daha necə göstərə bilər? Haqsızlıq edən adamlarla dostluq etməməklə. Diqqətə layiqdir ki, Pavel «Allahın qoyduğu möhkəm bünövrə» haqda nümunə çəkdikdən sonra «böyük bir [ev]» barədə nümunə çəkmişdi. Belə ki, bu evdə «qızıldan və gümüşdən düzəldilmiş qablar olduğu kimi, ağacdan və gildən düzəldilmiş qablar da» var. «Onlardan bəzisini şərəfli, digərlərini isə şərəfsiz məqsəd üçün istifadə edirlər» (2 Tim. 2:20, 21). Sonra o, məsihçiləri «şərəfsiz məqsəd üçün» istifadə edilən qablardan uzaq durmağa, yaxud aralaşmağa səsləyir.

15, 16. Pavelin «böyük bir [ev]»lə bağlı nümunəsindən nə öyrənirik?

15 Bu nümunənin məğzi nədir? Pavel məsihçi yığıncağını «böyük bir [evə]», üzvlərini isə «qablar»a və ya ev əşyalarına bənzədirdi. Evdə bəzi qablar antisanitar şəraitdə istifadə olunduğundan natəmiz sayılır. Ev yiyəsi belə qabları mətbəxdə istifadə olunan təmiz qablara qatmır.

16 Bu gün də Yehovanın xidmətçiləri təmiz həyat tərzi sürməli, yığıncağın Yehovanın prinsiplərinə bilərəkdən məhəl qoymayan üzvləri ilə dostluqdan qaçmalıdır. (1 Korinflilərə 15:33 ayəsini oxu.) Əgər biz yığıncağın içindəkilərlə  belə ehtiyatlı davranmalıyıqsa, görün onda əksəriyyəti pulpərəst, valideynlərinə itaət etməyən, vəfasız, böhtançı, zalım, yaxşılığın düşməni, xain, Allahdan çox eyş-işrəti sevən kənardakılardan nə qədər uzaq durmalıyıq! (2 Tim. 3:1—5).

QƏTİYYƏTLİ QALAN XEYİR-DUA TAPAR

17. Sadiq israillilər haqsızlığa qarşı çıxdıqlarını necə göstərdilər?

17 Müqəddəs Kitab israillilərin «Qorah, Datan və Aviramın məskənlərinin ətrafından çəkilin» göstərişinə qətiyyətlə necə hay verdiklərini xüsusilə vurğulayır. Orada deyilir ki, «hamı [dərhal, YD]... uzaqlaşdı» (Say. 16:24, 27). Bəli, onlar bunu vaxt itirmədən, dərhal etdilər. Ayədən həmçinin aydın olur ki, hamı bir nəfər kimi tamamilə kənara çəkildi. Allahın sadiq bəndələri heç bir vəchlə özlərini riskə atmaq istəmirdilər. Onlar tam itaətkarlıq göstərdilər, Yehovanın tərəfini tutaraq haqsızlığa qarşı çıxdılar. Bəs biz bundan nə öyrənə bilərik?

18. Pavel Timoteyə «gəncliyə xas istəklərdən qaç» məsləhətini verməklə nəyi nəzərdə tuturdu?

18 Yehova ilə münasibətlərimizi qorumağa gəldikdə, biz də cəld və qətiyyətlə hərəkət etməliyik. Pavel Timoteyə «gəncliyə xas istəklərdən qaç» sözlərini yazarkən elə bunu nəzərdə tuturdu (2 Tim. 2:22). Düzdür, həmin vaxt Timotey artıq yetkin yaşda, təxminən 30 yaşlarında idi. Ancaq «gəncliyə xas» ağılsız istəklər yaşla ölçülmür. Bu cür istəklərin qarşısını kəsməklə Timotey onlardan qaçdığını göstərdi. Başqa sözlə desək, Timotey «haqsızlıqdan əl [çəkdi]». «Əgər gözün səni günaha sürükləyirsə, onu çıxarıb at», — sözləri ilə İsa da elə bunu demişdi (Mat. 18:9). Bu gün bu məsləhəti ürəklərinə həkk edən məsihçilər ruhani təhlükə yaradan şeyləri tərəddüd etmədən, təxirə salmadan və qətiyyətlə dəf edirlər.

19. Bəziləri özlərini ruhani təhlükədən qorumaq üçün nə edirlər?

19 Yehovanın Şahidi olmamışdan qabaq spirtli içkiyə aludə olan kəslər içkidən tamamilə imtina edib-etməməyi özləri qərar verməlidir. Digərləri isə, öz-özlüyündə yanlış olmasa da, şəxsən onların əxlaqına pis təsir edə bilən əyləncələrdən imtina edirlər (Məz. 101:3). Məsələn, məsihçi olmazdan öncə bir qardaş həftə səkkiz, mən doqquz əxlaqsızlığın hökm sürdüyü diskotekalarda olurdu. Lakin həqiqəti öyrənəndən sonra keçmişdəki yanlış istəklərinin və fikirlərinin yenidən baş qaldıracağından ehtiyat edərək, hətta məsihçilərin dostluq görüşlərində belə rəqs etməkdən qaçır. Əlbəttə, məsihçi spirtli içkilərdən, rəqslərdən və ümumi götürdükdə pis sayılmayan şeylərdən tam imtina etmək məcburiyyətində deyil. Lakin o, ruhani təhlükədən qaçmalı və Yehova ilə münasibətini qorumalıdır.

20. Haqsızlıqdan əl çəkmək çətin olsa da, bizə ürək-dirək verən nədir?

20 Allahın adını daşımaq həm şərəfdir, həm də məsuliyyət. Buna görə də haqsızlıqdan əl çəkməli və şərdən uzaq durmalıyıq (Məz. 34:14). Düzdür, bunu etmək həmişə asan olmur, amma Yehovanın «Ona məxsus olanları» və haqq yolunda yeriyənləri sevdiyini bilmək bizə ürək-dirək verir (2 Tim. 2:19; 2 Salnamələr 16:9a ayəsini oxu).

^ abz. 12 (HAQQIMIZDA > TEZ-TEZ VERİLƏN SUALLAR) başlığı altında «Siz hansısa filmi, kitabı və ya mahnını qadağan edirsiniz?» adlı məqaləyə bax.