Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) İYUL 2014

«Mənim şahidim olacaqsınız»

«Mənim şahidim olacaqsınız»

«İsa onlara cavab verdi: “... Yerin ucqarlarınadək mənim şahidim olacaqsınız”» (HƏV. İŞ. 1:7, 8).

1, 2. a) Yehovanın baş şahidi kimdir? b) İsanın adının mənası nədir və o, öz adına uyğun necə yaşayırdı?

«MƏN həqiqətə şəhadət etmək üçün doğulub dünyaya gəlmişəm». (Yəhya 18:33—37 ayələrini oxu.) İsa Məsih bu sözləri həyatının məşəqqətli anında Yəhudeyanın romalı valisinə demişdi. Bundan əvvəl isə o, özünü padşah kimi təqdim etmişdi. İllər sonra həvari Pavel İsanın bu cəsarətinə istinad edərək onun «Ponti Pilatın qarşısında gözəl şəhadət» verdiyini bildirmişdi (1 Tim. 6:13). Həqiqətən də, Şeytanın nifrətlə dolu dünyasında Allahın «sadiq və həqiqi şahidi» olmaq bəzən böyük cəsarət tələb edir (Vəhy 3:14).

2 İsa yəhudi xalqından olduğu üçün doğulandan Yehovanın şahidi sayılsa da, o, Allahın adını ucaldan ən böyük şahidə çevrildi. (Yeşaya 43:10). İsa Allahın ona qoyduğu adın mənasına məsuliyyətlə yanaşırdı. Mələk İsanın ögey atası Yusifə Məryəmin müqəddəs ruh vasitəsilə hamilə qaldığını deyib əlavə etdi: «Məryəm bir oğlan uşağı doğacaq, uşağın adını İsa qoyarsan, çünki o, xalqını günahlardan xilas edəcək» (Mat. 1:20, 21; haşiyə). Müqəddəs Kitab alimləri qəbul edirlər ki, İsanın adı ibranicə «Yeşua» deməkdir, bu, Allahın adının qısa formasını özünə daxil edir və «Yehova xilasdır» mənası verir. İsa adının mənasına uyğun olaraq «İsrail evinin  itmiş qoyunlarının» yenidən Yehovanın lütfünü qazanmaları üçün onları günahlarından tövbə etməyə səsləyirdi (Mat. 10:6; 15:24; Luka 19:10). Beləcə, İsa Allahın Padşahlığı haqda cəsarətlə şahidlik edirdi. Müjdəçi Mark bildirmişdi: «İsa Qalileyaya getdi və Allahın xoş xəbərini təbliğ etməyə başladı. O deyirdi: “Vaxt yetişdi, Allahın padşahlığı yaxındır. Tövbə edin və xoş xəbərə inanın”» (Mark 1:14, 15). İsa hətta onu işgəncə dirəyində asdırmağa çalışan yəhudi din rəhbərlərini cəsarətlə ifşa edirdi (Mark 11:17, 18; 15:1—15).

«ALLAHIN ƏZƏMƏTLİ İŞLƏRİ»

3. İsanın ölümünün üçüncü günü nə baş verdi?

3 Möhtəşəm bir möcüzə baş verdi! Yehova İsanı işgəncəli ölümünün üçüncü günü ruhani varlıq kimi diriltdi (1 Pet. 3:18). Ancaq həyata qayıtdığını sübut etmək üçün o, insan libası aldı. Elə dirildiyi gün o, ən azı, beş dəfə şagirdlərinə göründü (Mat. 28:8—10; Luka 24:13—16, 30—36; Yəh. 20:11—18).

4. İsa dirildiyi gün hansı görüşü keçirdi və şagirdlərinə onlardan nə gözlənildiyini izah etdi?

4 Beşinci dəfə isə o, həm həvarilərinə, həm də onlarla birgə toplaşanlara göründü. Bu əlamətdar gündə o, bir növ, onlarla Allahın Kəlamını təkrarladı. «İsa Müqəddəs Yazıların mənasını anlamaq üçün onların zehnini tam açdı». Bununla da onlar dərk etdilər ki, onun Allahın düşmənlərinin əli ilə öldürülməsi və möcüzəvi şəkildə dirildilməsi Müqəddəs Yazılarda peyğəmbərlik olunmuşdu. İsa bu görüşün sonunda şagirdlərinə onlardan nə gözlənildiyini aydın başa saldı. Onlara «Yerusəlimdən başlayaraq bütün millətlərə onun adı ilə günahların bağışlanması üçün tövbə xəbəri təbliğ» olunacağını deyib əlavə etdi: «Siz bunların şahidi olacaqsınız» (Luka 24:44—48).

5, 6. a) Nəyə görə İsa: «Mənim şahidlərim olacaqsınız», — dedi? b) İsanın şagirdləri hansı yeni xəbəri bəyan etməli idilər?

5 Beləcə, 40 gündən sonra İsa axırıncı dəfə həvarilərinə görünəndə onlar, Məsihin sadə, eyni zamanda vacib əmrinin, yəni «Yerusəlimdə, bütün Yəhudeya və Samariyada, hətta yerin ucqarlarınadək mənim şahidim olacaqsınız» əmrinin mahiyyətini çox ehtimal ki, başa düşürdülər (Həv. iş. 1:8). Bəs nəyə görə İsa Yehovanın yox, «Mənim şahidlərim olacaqsınız», — dedi? İsa bu sözlərlə ancaq gələcəyi nəzərdə tuta bilərdi, çünki onun müraciət etdiyi insanlar artıq Yehovanın şahidləri olan israillilər idi.

İsanın birinci əsrdəki davamçıları kimi, biz də Yehovanın gələcəyə dair vədini usanmadan bəyan edirik (5, 6-cı abzaslara bax)

6 İsanın şagirdləri Yehovanın niyyətində yeni bir şeyi — israillilərin Misir, sonradan isə Babil əsarətindən qurtulduqlarından daha möhtəşəm bir xəbəri bəyan etməli idilər. İsa Məsihin ölümü və dirilməsi köləliyin ən ağır formasından, konkret desək, günah və ölümün əsarətindən qurtulmağa yol açdı. Eramızın 33-cü ilinin Əllinci gün bayramında İsanın yenicə məsh olunmuş şagirdləri camaata «Allahın əzəmətli işləri» barədə bəyan etdilər və çoxları bu xəbərə hay verdi. Beləcə, göydə Atasının sağında oturan İsa tövbə edən və ona Yehovanın göndərdiyi Xilaskar kimi iman gətirən minlərlə adam üçün öz adının dərin məna daşıdığını görməyə başladı (Həv. iş. 2:5, 11, 37—41).

«ÇOXLARI UĞRUNDA... FİDYƏ»

7. Eramızın 33-cü ilinin Əllinci gün bayramında baş verən hadisələr nəyi təsdiq etdi?

7 Eramızın 33-cü ilinin Əllinci gün bayramında baş verən hadisələr təsdiq etdi ki, Yehova məmnuniyyətlə İsanın  kamil qurbanlığının dəyərini günahı yuyan və ya aradan qaldıran haqq kimi qəbul edib (İbr. 9:11, 12, 24). İsa özü haqda demişdi: «Axı insan Oğlu da ona görə gəlməyib ki, ona qulluq etsinlər, əksinə, o, xidmət etmək və bir çoxları uğrunda canını fidyə kimi vermək üçün gəlib» (Mat. 20:28). İsanın fidyə qurbanlığından xeyir tapacaq «bir çoxları» təkcə tövbə etmiş israillilər olmayacaqdı. Allahın iradəsi odur ki, «hər cür insan xilas [olsun]», çünki fidyə «bəşəriyyətin günahını yuyur» (1 Tim. 2:4—6; Yəh. 1:29).

8. İsanın davamçıları xoş xəbəri haralara çatdırmışdılar və bu nəyin sayəsində mümkün olmuşdu?

8 İsanın erkən davamçıları nəyin sayəsində şahidlik işini başa vura bildilər? Onlar bu işə can qoysalar da, bu, öz gücləri sayəsində mümkün ola bilməzdi. Şahidlik işində sarsılmaz qala bilsinlər deyə Yehovanın qüdrətli müqəddəs ruhu daim onların üzərində idi. (Həvarilərin işləri 5:30—32 ayələrini oxu.) Belə ki, eramızın 33-cü ilinin Əllinci gün bayramından təxminən 27 il sonra «xoş xəbər həqiqəti» «səma altında yaşayan bütün insanlara», yəhudilərə və qeyri-yəhudilərə təbliğ olunmuşdu (Kolos. 1:5, 23).

9. Qabaqcadan deyildiyi kimi, məsihçi yığıncağı ilə nə baş verməli idi?

9 Ancaq heyf ki, məsihçi yığıncağı yavaş-yavaş ləkələndi (Həv. iş. 20:29, 30; 2 Pet. 2:2, 3; Yəhuda 3, 4). İsanın da əvvəlcədən dediyi kimi, «Şəririn», yəni Şeytanın təsiri altında dönüklük artmalı və «bu dövrün [yekununa]» kimi həqiqi məsihçilər sıxışdırılmalı idi (Mat. 13:37—43). Sonra Yehova İsanı bəşəriyyət üzərində Padşah təyin etməli idi. Bu, 1914-cü ilin oktyabrında baş verdi və həmin vaxtdan Şeytanın pis sisteminin axır günləri başladı (2 Tim. 3:1).

10. a) Müasir məsh olunmuş məsihçilər hansı tarixin əlamətdar olacağını bildirmişdilər? b) 1914-cü ilin oktyabrında nə baş verdi və bunu haradan bilirik?

10 Müasir məsh olunmuş məsihçilər 1914-cü ilin oktyabrının əlamətdar tarix olduğunu əvvəlcədən bildirmişdilər. Onlar Daniel peyğəmbərin kəsilən və «yeddi il»dən, başqa sözlə, yeddi  dövrdən sonra yenidən böyüyən böyük ağac haqda peyğəmbərliyinə əsaslanmışdılar (Dan. 4:16). İsa özünün gələcək iştirakı və dövrün yekunu haqda peyğəmbərliyində həmin müddəti «millətlər üçün təyin olunmuş vaxt» adlandırmışdı. Elə 1914-cü ildə Məsihin yerin yeni Padşahı kimi «iştirakının... əlaməti» hamıya bəlli oldu (Mat. 24:3, 7, 14; Luka 21:24). Beləcə, həmin vaxtdan «Allahın əzəmətli işləri»nə Yehovanın İsanı bəşəriyyət üzərinə Padşah təyin etməsi də daxil oldu.

11, 12. a) Yerin yeni Padşahı 1919-cu ildən etibarən nə etməyə başladı? b) 1930-cu illərin ortalarına yaxın nə aydın olmağa başladı? (Məqalənin əvvəlindəki şəklə bax.)

11 Yerin yeni Padşahı olan İsa Məsih vaxt itirmədən məsh olunmuş davamçılarını «Böyük Babil»in əsarətindən azad etməyə başladı (Vəhy 18:2, 4). Müharibədən dərhal sonra 1919-cu ildən Allahın xilas tədbirini və qurulmuş Padşahlıq haqda xoş xəbəri bütün dünyaya car çəkməyə imkan yarandı. Məsh olunmuş məsihçilər şahidlik etmək üçün açılan bu fürsəti əldən vermədilər və nəticədə, daha minlərlə məsh olunmuş Məsihin həmvarisləri kimi toplanıldı.

12 1930-cu illərin ortalarına yaxın aydın oldu ki, Məsih müxtəlif millətlərdən olan «böyük bir izdiham»ı təşkil edəcək milyonlarla «başqa [qoyunlarını]» toplamağa başlayıb. Məsh olunmuş məsihçilərin rəhbərliyi altında bu böyük izdiham İsanın cəsarət nümunəsini təqlid edir və xilaslarına görə Allaha və Məsihə borclu olduqlarını aydın şəkildə bəyan edirlər. Onlar bu şahidlik işini həyata keçirməklə və Məsihin fidyə qurbanlığına iman etməklə Şeytan dünyasının sonunu gətirəcək «böyük müsibətdən» sağ çıxa biləcəklər (Yəh. 10:16; Vəhy 7:9, 10, 14).

XOŞ XƏBƏRİ ÇATDIRMAQ ÜÇÜN CƏSARƏTLİ OLUN

13. Yehovanın Şahidləri olan bizlər nəyə qətiyyətliyik və müvəffəqiyyətə necə nail ola bilərik?

13 Gəlin biz də Yehova Allahın etdiyi və edəcəyi «əzəmətli işləri»n Şahidi olmaq şərəfini axıra qədər qiymətləndirək. Düzdür, bu cür şahidlik etmək hər zaman asan olmur. Bir çox həmimanlılarımız etinasızlığın, rişxəndin, yaxud amansız təqiblərin hökm sürdüyü ərazilərdə şahidlik edirlər. Belə vəziyyətdə edə biləcəyimiz ən yaxşı şey Pavel və əməkdaşları kimi davranmaqdır. O demişdi: «Allahımız bizi cəsarətləndirdi ki, güclü müqavimətə baxmayaraq, Onun xoş xəbərini sizə çatdıraq» (1 Salon. 2:2). Buna görə də  gəlin heç vaxt təslim olmayaq! Əksinə, gəlin Şeytanın sistemi xarabalığa dönənədək həsr olunmağımıza uyğun yaşamaq üçün tam qətiyyətli olaq (Yeşaya 6:11). Amma bunu öz gücümüz hesabına edə bilmərik. Bunun üçün gərək erkən məsihçilər kimi, duada Yehovadan bizə «insan gücündən üstün olan [qüdrət]» verməsini xahiş edək. (2 Korinflilərə 4:1, 7 ayələrini oxu; Luka 11:13.)

14, 15. a) Birinci əsrdə məsihçilərə necə yanaşırdılar və həvari Peter onlar haqda nə demişdi? b) Yehovanın Şahidi kimi haqsızlıqla üzləşəndə nəyi yadda saxlamalıyıq?

14 Bu gün milyonlarla insan özünü məsihçi kimi qələmə verir, «ancaq əməlləri ilə Onu inkar edirlər, çünki onlar iyrəncdirlər, itaətsizdirlər və heç bir yaxşı işə yaramırlar» (Tit. 1:16). Birinci əsrdə demək olar ki, hamı həqiqi məsihçilərə nifrət edirdi. Buna görə də həvari Peter yazmışdı: «Əgər sizi Məsihin adına görə təhqir edirlərsə, siz xoşbəxtsiniz, çünki... Allahın ruhu üzərinizdədir» (1 Pet. 4:14).

15 Allahdan ilham almış bu sözləri bu gün Yehovanın Şahidlərinə də şamil etmək olar. Çünki biz də Məsihin Padşahlığı haqda şahidlik edirik. Deməli, Yehovanın adını daşıdığımıza görə nifrət edilmək düşmənlərinə «mən Atamın adından gəlmişəm, siz isə məni qəbul etmirsiniz» sözlərini deyən «[İsa] Məsihin adına görə təhqir [edilməklə]» eynidir (Yəh. 5:43). Buna görə də şahidlik edərkən təqiblə üzləşsən cəsarətli ol. Qarşılaşdığın bu cür haqsız münasibət təsdiq edir ki, Allah səndən razıdır və Onun ruhu üzərindədir.

16, 17. a) Bütün dünyada Yehovanın xalqı necə şahidlik edir? b) Sən nəyə qətiyyətlisən?

16 Həmçinin yadda saxla ki, dünyanın bir çox yerlərində həqiqətə hay verənlər günü-gündən artır. Hətta dəfələrlə təbliğ edilmiş ərazilərdə belə xilas xəbərini məmnuniyyətlə dinləyən insanları tapmaq hələ də mümkündür. Ona görə də gəlin maraqlanan insanlara təkrar baş çəkməyi ləngitməyək, mümkünsə, onlarla Müqəddəs Kitabı araşdıraq və onlara həsr olunub vəftiz olunmağa kömək edək. Onda özünü Cənubi Afrikada yaşayan və 60 ildən çox şahidlik işinə can qoyan Sari bacı kimi hiss edəcəksən. O deyir: «İsanın fidyə qurbanlığı sayəsində Kainatın Ali Hökmdarı olan Yehova ilə yaxın münasibətlərə malik olduğuma görə çox minnətdaram, həm də xoşbəxtəm ki, Allahın möhtəşəm adını başqalarına da bəyan edə bilirəm». O, əri Martinusla birgə, üç uşağı da daxil olmaqla, çoxlarına Yehovanın xidmətçisi olmağa kömək edib. Sari bacı əlavə edir: «Heç bir iş mənə bu qədər xoşbəxtlik gətirə bilməz. Yehova müqəddəs ruhu vasitəsilə hər birimizə xilas gətirən bu işi davam etdirməyə güc verir».

17 Fərq etməz, vəftiz olunmuşuq, ya yox, Yehovanın ümumdünya yığıncağına məxsus olduğumuz üçün hər birimizin minnətdar olmağa çoxlu səbəbləri var. Buna görə də özünü Şeytanın iyrənc dünyasından təmiz saxlamaq üçün ətraflı şəhadət verməyə davam et. Belə etməklə, uca adını daşımaq şərəfinə layiq görüldüyümüz sevən səmavi Atamızı izzətləndirəcəksən.