Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) İYUL 2014

«Yehova Ona məxsus olanları tanıyır»

«Yehova Ona məxsus olanları tanıyır»

«Kim Allahı sevirsə, Allah onu tanıyır» (1 KOR. 8:3).

1. Allahın bəzi xidmətçiləri hansı yanlış düşüncəyə qapıla bilər? Nümunə çək. (Məqalənin əvvəlindəki şəklə bax.)

GÜNLƏRİN bir günü səhər tezdən baş kahin Harun içərisində kömür və buxur olan buxurdanı əlində tutub Yehovanın Hüzur çadırının girişində dayanır. Ondan bir az aralıda Qorahla birlikdə 250 nəfər hərəsi öz buxurdanında Yehovaya buxur təqdimi gətirir (Say. 16:16—18). İlk baxışdan, bura toplananların hər biri Yehovanın sadiq xidmətçiləri təəssüratı oyadır. Ancaq Harundan savayı, oradakıların hamısı kahinlik vəzifəsinə göz dikən təkəbbürlü üsyankarlardır (Say. 16:1—11). Onların Allahın ibadətlərini qəbul edəcəyini düşünməklə özlərini aldadırlar. Lakin ürəkləri oxuyan və onlardakı ikiüzlülüyü görən Yehovanın qarşısında bu cür təmənna ummaları əsil rəzillikdir (Yer. 17:10).

2. Musa nəyi qabaqcadan demişdi və bu sözlər necə gerçək oldu?

2 Bu hadisədən bir gün əvvəl Musa peyğəmbər bəyan etmişdi: «Səhər Rəbb kimin Ona məxsus... olduğunu göstərəcək» (Say. 16:5). Bəs Yehova əsil xidmətçilərini saxtakarlardan ayırd edə bildiyini necə göstərdi? «Rəbbin hüzurundan od çıxdı və buxur təqdim edən [Qorahı və] iki yüz əlli nəfəri məhv etdi» (Say. 16:35; 26:10). Habelə, Yehova Harunun  bir kahin kimi səmimi ibadətini qəbul etdiyinə əlamət olaraq onun həyatını hifz etdi. (1 Korinflilərə 8:3 ayəsini oxu.)

3. a) Həvari Pavelin günlərində hansı vəziyyət yaranmışdı? b) Yehova Musanın günlərindəki üsyankarlara qarşı necə ölçü götürmüşdü?

3 Bu hadisədən 1500 il sonra Pavelin günlərində də oxşar vəziyyət yaranmışdı. Bəzi saxta məsihçilər yalan təlimlərə uymalarına baxmayaraq, hələ də yığıncağın bir üzvü idilər. Kənardan baxanda, ola bilsin, bu dönüklər yığıncağın digər üzvlərindən seçilmirdilər. Lakin onların dönük fikirləri sadiq məsihçilər üçün əsil təhlükə idi. Qoyun cildinə girmiş bu canavarlar «bəzilərinin imanını [yıxmağa]» başlamışdılar (2 Tim. 2:16—18). Amma Yehova durub kənardan baş verənlərə tamaşa etmirdi. Pavel də yaxşı bilirdi ki, Allah əsrlər öncə Qorahla tərəfdarlarına qarşı ölçü götürdüyü kimi, bu məsələyə də bir əncam çəkəcək. İndi isə gəlin bizi intizarda saxlayan bu məsələnin necə həll olunduğunu və bundan özümüzə hansı nəticəni çıxara biləcəyimizi nəzərdən keçirək.

YEHOVA DƏYİŞMƏZ ALLAHDIR

4. Pavel nəyə əmin idi və bu, Timoteyə yazdığı sözlərdən necə görünür?

4 Pavel əmin idi ki, Yehova Ona yalandan ibadət edənləri səmimi-qəlbdən ibadət edənlərdən ayırd etməyə qadirdir. Pavelin bu əminliyi Allahdan ilham alaraq Timoteyə yazdığı sözlərdən aydın görünür. Dönüklərin artıq yığıncaqdan bəzilərinə vurduğu zərərdən söz açdıqdan sonra Pavel yazmışdı: «Bununla belə, Allahın qoyduğu möhkəm bünövrə durur və onun üzərində bu möhür qoyulub: “Yehova Ona məxsus olanları tanıyır” və “Qoy Yehovanın adını çağıran hər kəs haqsızlıqdan əl çəksin”» (2 Tim. 2:18, 19).

5, 6. Pavelin istifadə etdiyi «Allahın qoyduğu möhkəm bünövrə» ifadəsi hansı mənanı daşıyır və bu sözlər Timoteyə necə təsir etmişdi?

5 Pavelin istifadə etdiyi «Allahın qoyduğu möhkəm bünövrə» ifadəsinə yalnız bu ayədə rast gəlinsə də, «bünövrə» və ya «təməl» sözləri bir çox ayələrdə bənzətmə kimi istifadə olunur. Məsələn, Müqəddəs Kitabda qədim İsrailin paytaxtı Yerusəlimin təməli olduğu deyilir (Məz. 87:1, 2). Həmçinin Yehovanın niyyətində İsanın rolu da bünövrəyə bənzədilir (1 Kor. 3:11; 1 Pet. 2:6). Bəs Pavel «Allahın qoyduğu möhkəm bünövrə» sözləri ilə nəyi nəzərdə tuturdu?

6 Pavel bu ifadəni Musanın Saylar 16:5 ayəsində Qorah və onun tərəfdarları haqqında dediyi sözlərindən sitat gətirərək oxşar vəziyyət üçün istifadə etmişdi. Çox ehtimal ki, Pavel Musanın günlərində baş vermiş hadisələrə Timoteyi ruhlandırmaq və ona Yehovanın üsyankarları ifşa edib zərərsizləşdirməyə qadir olduğunu xatırlatmaq məqsədilə istinad etmişdi. Yehova əsrlər öncə Qorahın hərəkətinə göz yummadığı kimi, məsihçi yığıncağında da dönüklərin hərəkətlərinə göz yummayacaqdı. Düzdür, Pavel «Allahın qoyduğu möhkəm bünövrə» sözlərinin mənasını təfsilatı ilə izah etməmişdi. Bununla belə, bu sözlər Timoteyin əminliyini və Yehovaya etibarını gücləndirmişdi.

7. Yehovanın salehliklə və sədaqətlə davranacağına nəyə görə əmin ola bilərik?

7 Yehovanın ali prinsipləri dəyişilməzdir. Məzmur 33:11 ayəsində deyilir: «Rəbbin məsləhəti əbədi olar, ürəyinin məqsədi nəsillər ötsə də, qalar». Digər ayələrdə Yehovanın rəhbərliyinin, sarsılmaz  məhəbbətinin, salehliyinin və sədaqətinin əbədi mövcud olduğu deyilir (Çıx. 15:18; Məz. 106:1; 112:9; 117:2). Malaki 3:6 ayəsində Yehova deyir ki, «Mən Rəbbəm və heç vaxt dəyişmirəm». Həmçinin Yaqub 1:17 ayəsində Yehovanın «kölgə kimi dəyişkən» olmadığı deyilir.

YEHOVAYA İMANI MÖHKƏMLƏNDİRƏN «MÖHÜR»

8, 9. Pavelin təsvir etdiyi «möhür»dən nə öyrənə bilərik?

8 Pavel 2 Timoteyə 2:19 ayəsində bünövrənin üzərində möhür kimi basılmış bir yazı olduğunu deyir. O vaxtlar binanın bünövrəsinə bu tikilinin kimə məxsus olduğu və ya bənnasının kim olduğu haqda məlumat yazmaq adəti yox idi. Pavel belə əyani nümunədən istifadə edən ilk Müqəddəs Kitab yazıçısıdır *. «Allahın qoyduğu möhkəm bünövrə» üzərindəki möhürdə iki bəyanat var. Birincisi, «Yehova Ona məxsus olanları tanıyır» və ikincisi, «Qoy Yehovanın adını çağıran hər kəs haqsızlıqdan əl çəksin». Bu sözlər bizə Saylar 16:5 ayəsində yazılanları xatırladır. (Ayəni oxu.)

9 Pavelin təsvir etdiyi «möhür» bizim üçün dərin məna daşıyır. Belə ki, Yehovaya məxsus olanlar üçün Onun qanun və prinsipləri iki fundamental həqiqətdə cəmlənir: 1) Yehova sadiq bəndələrini sevir və 2) Yehova haqsızlığa və pis əmələ nifrət edir. Bəs bu, yığıncaq daxilindəki dönüklük məsələsinə necə aiddir?

10. Dönüklük Pavelin günlərindəki sadiq məsihçilərə necə təsir edirdi?

10 Çox ehtimal ki, Timotey və digər sadiq məsihçilər yığıncaqda baş qaldıran dönüklüyə görə narahat idilər. Bəzi məsihçilərdə sual yarana bilərdi: axı nəyə görə bu cür insanların hələ də yığıncaqda qalmasına yol verilir? Doğrudanmı, Yehova onların sadiqliyi ilə ikiüzlü dönüklərin ibadəti arasındakı fərqi görür? (Həv. iş. 20:29, 30).

Timoteyin dönüklərin təsiri altına düşmək fikri yox idi (10—12 abzaslara bax)

11, 12. Pavelin məktubu Timoteyin imanını necə möhkəmləndirmişdi?

11 Şübhəsiz, Pavelin məktubu Timoteyin imanını möhkəmləndirmişdi. Çünki Pavelin sözləri ona Yehovanın sadiq Harunu hifz edib ikiüzlü Qorah və tərəfdarlarını məhv etdiyi hadisəni xatırlatmışdı. Pavelin sözünün canı o  idi ki, Yehova, Musanın günlərində olduğu kimi, Ona, həqiqətən də, məxsus olanları saxtakarlardan mütləq ayıracaq.

12 Yehova heç vaxt dəyişmir, O, etibarlı Allahdır. O, pisliyə nifrət edir, tövbə etməyən günahkarları isə hökmə düçar edir. Timotey «Yehovanın adını çağıran» bir insan kimi dərk edirdi ki, o, yığıncağı saxta məsihçilərin pis təsirindən təmizləmək məsuliyyəti daşıyır *.

ƏSİL İBADƏT HƏDƏR GETMİR

13. Biz nəyə əmin ola bilərik?

13 Pavelin Allahdan ilham alaraq yazdığı bu sözlər bizə də ruhani güc verir. Ən əsası, bu sözlər bizi əmin edir ki, sadiqliyimiz Yehovanın gözündən yayınmır. Yehova Ona məxsus olanlara səthi yox, səmimi maraq göstərir. Müqəddəs Kitabda deyilir: «Rəbbin gözləri yer üzünü seyr edir ki, ürəyi bütünlüklə Onunla olanları qüvvətləndirsin» (2 Saln. 16:9). Buna görə də tam əmin ola bilərik ki, «sidqi-ürəkdən» Onun üçün etdiyimiz heç bir şey hədər getmir (1 Tim. 1:5; 1 Kor. 15:58).

14. Yehova hansı ibadətə göz yummur?

14 Üstəlik, Yehova saxta ibadətə göz yummur. Onun «gözləri yer üzünü seyr» etdiyi üçün O, ürəyi «bütünlüklə Onunla» olmayanları da yaxşı görür. Süleymanın məsəlləri 3:32 ayəsində deyilir ki, gizlincə günah işlər görə-görə mömin cildinə girən «azğınlar Rəbdə ikrah yaradar». Bu cür hiyləgər işlər görən adamlar məharətlə başqalarının gözündən pərdə assalar da, Yehovanın haqq-ədaləti və salehliyi zəmanət verir ki, «günahlarını ört-basdır edən uğur [qazanmayacaq]» (Sül. məs. 28:13; 1 Timoteyə 5:24; İbranilərə 4:13 ayələrini oxu).

15. Nədən qaçmalıyıq və nəyə görə?

15 Sözsüz, Yehovanın xalqı Ona səmimi-qəlbdən ibadət edir. Lakin çox nadir hallarda xidmətçilərindən kimsə Yehovanı saxta ibadətə dəyişir. Madam ki, bu hal Musanın günlərində və birinci əsrdə baş verib, bizim günlərdə də qaçılmazdır (2 Tim. 3:1, 5). Ancaq bu o deməkdirmi ki, biz həmimanlılarımıza şübhə ilə yanaşmalı, onların Yehovaya xidmətinə niyyət yazmalıyıq? Əsla! Bacı-qardaşlarımız haqda əsassız olaraq şübhələrə qapılmaq yanlış hərəkət olardı. (Romalılara 14:10—12; 1 Korinflilərə 13:7 ayələrini oxu.) Bundan əlavə, yığıncaqda kimlərinsə nöqsansızlığına etibarsız yanaşmaq öz ruhaniliyimizi korlaya bilər.

16. a) Ürəyimizdə yanlış niyyətin kök atmaması üçün nə edə bilərik? b) « Daima yoxlayın,.. sınayın» çərçivəsindən nə öyrənirik?

16 Hər bir məsihçi «öz işini sınaqdan [keçirməlidir]» (Qalat. 6:4). Günahlı təbiətimiz ucbatından biz qeyri-iradi olaraq Yehovaya yanlış niyyətdən irəli gələrək xidmət edə bilərik (İbr. 3:12, 13). Buna görə də vaxtaşırı olaraq Yehovaya nə niyyətlə ibadət etdiyimizi yoxlamalıyıq. Bunun üçün özümüzdən soruşa bilərik: «Mən Yehovanı sevdiyim və Onun hakimiyyətini qəbul etdiyim üçün Ona ibadət edirəm, yoxsa Cənnətə düşüb oradakı xeyir-duaları dadmaq üçün?» (Vəhy 4:11). Sözsüz, yalnız öz işimizi sınaqdan keçirməklə və ürəyimizdən yanlış niyyətləri qoparıb atmaqla fayda əldə edə bilərik.

SADİQLİKDƏN DOĞAN XOŞBƏXTLİK

17, 18. Nə üçün Yehovaya səmimi və təmiz niyyətlə ibadət etməliyik?

17 Yehovaya səmimi və təmiz niyyətlə ibadət etməklə çoxlu xeyir-dua biçirik.  Məzmurçu deyir: «Rəbb tərəfindən təqsirkar sayılmayan, qəlbində hiylə olmayan insan nə bəxtiyardır!» (Məz. 32:2). Bəli, ibadətdə saxtakarlıqdan uzaq duran insan nə xoşbəxtdir! Çünki belə insan əbədi xoşbəxtliyə aparan yoldadır.

18 Yehova isə, öz növbəsində, «salehlə pis adam, Allaha qulluq edənlə etməyən arasındakı fərqi» aşkar edəcək və pislikdən əl çəkməyən, ikili həyat sürən kəsləri cəzalandıracaq (Mal. 3:18). Bu arada isə, Yehovanın gözünün salehlərin üstündə olduğunu və qulağının onların yalvarışlarını eşitdiyini bilmək bizə təravət gətirir (1 Pet. 3:12).

^ abz. 8 Pavelin Timoteyə yazdığı məktubdan on illər sonra Vəhy 21:14 ayəsində 12 həvarinin adı həkk olunmuş 12 bünövrə daşdan bəhs olunur.

^ abz. 12 Növbəti məqalədə pislikdən əl çəkib Yehovanı necə təqlid edə biləcəyimizi araşdıracağıq.