Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) İYUN 2014

Onların potensialını üzə çıxarın

Onların potensialını üzə çıxarın

«Nəsihət verəcəyəm, gözüm sənin üstündə olacaq» (MƏZ. 32:8).

1, 2. Yehova xidmətçilərinə necə yanaşır?

ADƏTƏN, uşaqlarının oynamağını seyr edən valideyn onda olan qabiliyyətlərə heyran qalır. Yəqin, sən də bunun şahidi olmusan. Uşaqlardan biri çevik, atletikdirsə, digəri stolüstü oyunlara, nəsə çəkməyə və ya düzəltməyə meyillidir. Uşaqlarında hansı qabiliyyətlər olmasından asılı olmayaraq, valideyn onlardakı bacarıqları görəndə fərəhlənir.

2 Yehova da yerdəki övladlarına bu cür maraq göstərir. O, müasir dövrdəki xidmətçilərinə «bütün millətlərin var-dövləti» kimi baxır (Haq. 2:7). Onları dəyərli edən əsas amil imanlı və sədaqətli olmalarıdır. Yəqin, fikir vermisən ki, Yehovanın müasir xidmətçiləri arasında müxtəlif bacarıq və qabiliyyətə malik olanlar az deyil. Məsələn, bəzi qardaşların gözəl natiqlik qabiliyyəti, bəzilərinin isə təşkilatçılıq qabiliyyəti var. Yaxud da götürək bacıları: kimisi xidmətini genişləndirmək üçün xarici dil öyrənir, kimisi isə zəifləri ruhlandırmaq və ya xəstələrə qayğı göstərməkdə gözəl nümunə qoyur (Rom. 16:1, 12). Biz fəxr edirik ki, yığıncaqda bu cür bacı-qardaşlarımız var!

3. Bu məqalədə hansı sualları araşdıracağıq?

3 Lakin gənc və yenicə vəftiz olunmuşlar da daxil olmaqla,  bəzi həmimanlılarımız yığıncaqda hələ də öz yerlərini tapa bilmirlər. Bəs onlara öz potensiallarını göstərməyə necə kömək edə bilərik? Nə üçün biz də, Yehova kimi, onlarda yaxşı cəhətlər axtarmağa çalışmalıyıq?

YEHOVA XİDMƏTÇİLƏRİNİN YAXŞI CƏHƏTLƏRİNİ GÖRÜR

4, 5. Hakimlər 6:11—16 ayələrində təsvir olunan hadisə Yehovanın xidmətçilərindəki potensialı gördüyünü necə göstərir?

4 Müqəddəs Kitabda qələmə alınan bir çox hadisələrdən aydın olur ki, Yehova Öz xidmətçilərinin yaxşı cəhətləri ilə yanaşı, onlarda olan potensialı da görür. Götürək Allahın xalqını midyanlıların əlindən qurtarmaq üçün seçilən Gideonu. Mələk onu: «Ey cəsur cəngavər, Rəbb səninlədir», — sözləri ilə salamlayanda o məəttəl qalmışdı. Görünür, Gideon özünü heç də «cəsur» hesab etmirdi. O, daxilindəki şübhələri və bu işə layiq olmadığını dilə gətirir. Lakin mələklə söhbətin davamından bəlli olur ki, Yehova Gideonda onun özündə görmədiyi müsbət keyfiyyətləri görürdü. (Hakimlər 6:11—16 ayələrini oxu.)

5 Yehova Gideonun bacarıqlarına bələd olduğu üçün israilliləri ona etibar etmişdi. Məsələn, Yehovanın mələyi fikir vermişdi ki, Gideon taxılı necə var gücü ilə döyür. Mələyin diqqətini başqa bir şey də cəlb etmişdi. O vaxtlar əkinçilər taxılı, adətən, açıq havada döyürdülər ki, külək çör-çöpü təmizləsin. Maraqlıdır ki, Gideon məhsulu midyanlılardan gizlətmək üçün taxılı üzüm sıxılan yerdə döyürdü. Bu necə də ağıllı hərəkət idi! Şübhə yoxdur ki, Gideon Yehovanın gözündə sadəcə ehtiyatlı zəhmətkeş deyildi, o, fərasətli insan idi. Bəli, Yehova ondakı potensialı görüb ona vacib tapşırıq vermək qərarına gəldi.

6, 7. a) Bəzi israillilərdən fərqli olaraq, Yehova Amos peyğəmbər haqda nə fikirdə idi? b) Amosun bisavad olmadığını nə sübut edir?

6 Amos peyğəmbərin hadisəsindən də görə bilərik ki, Yehova Öz xidmətçilərindən hər birinin, hətta başqalarını gözündə bacarıqsız və zəif görünənlərin də potensialını görür. Amos özünü çoban və əncir ağacları yetişdirən biri kimi təsvir etmişdi. (O vaxtlar çoxları üçün əncir kasıb malı sayılırdı.) Yehova Amosu bütpərəst onqəbiləli İsrail padşahlığına hökm xəbərini çatdırmaq üçün təyin edəndə bəzi israillilər düşünə bilərdi ki, Allah seçməyə adam tapmadı. (Amos 7:14, 15 ayələrini oxu.)

7 Amos ucqar bir kənddən olsa da, onun öz dövrünün adət-ənənələri və qayda-qanunları haqqında bilməsi göstərir ki, o, dünyadan bixəbər deyildi. Görünür o, İsraildə baş verənlərdən agah idi və tacirlərdən qonşu xalqlar haqda məlumat toplayırdı (Amos 1:6, 9, 11, 13; 2:8; 6:4—6). Dövrümüzün bəzi Müqəddəs Kitab alimləri Amosun yazı sənətinə yaxşı bələd olduğunu deyirlər. Peyğəmbər təkcə sadə və təsirli sözlərdən yox, həm də paralelizm və söz oyunu kimi yazı fəndlərindən məharətlə istifadə edirdi. Amosun yolunu azmış kahin Amasyanın önündə cəsarətlə durması Yehovanın düzgün adamı seçdiyini və onun ilk baxışdan gözəçarpmayan qabiliyyətlərindən istifadə etdiyini təsdiq etdi (Amos 7:12, 13, 16, 17).

8. a) Yehova Davudu nəyə əmin etdi? b) Özünə və bacarığına güvənməyənlər Məzmur 32:8 ayəsinə əsasən, nəyə əmin olmalıdırlar?

8 Bəli, Yehova hər bir xidmətçisinin potensialını görür. O, Davud padşahı əmin etmişdi ki, gözü həmişə onun üstündə olacaq və ona yol göstərəcək. (Məzmur 32:8 ayəsini oxu.) Bu sözlər bizi nəyə təşviq etməlidir? Hətta  özümüzə tam güvənməsək də, Yehova bizə imkanlarımızı aşmağa və ağlımıza belə gətirmədiyimiz məqsədlərə çatmağa kömək edə bilər. Təlimatçı təcrübəsiz alpinistə qayadakı etibarlı yeri tapmağa kömək etmək üçün diqqətlə izlədiyi kimi, Yehova da ruhani cəhətdən irəli getməyimiz üçün bizə yol göstərir. Üstəlik, Yehova bizdəki potensialı üzə çıxartmaq üçün həmimanlılarımızdan da istifadə edə bilər. Gəlin görək necə.

BAŞQALARINDA YAXŞI ŞEYLƏR AXTAR

9. Pavelin başqalarının xeyrini düşünməyə dair verdiyi məsləhəti necə tətbiq edə bilərik?

9 Pavel bütün məsihçiləri həmimanlılarının xeyrini düşünməyə təşviq edirdi. (Filipililərə 2:3, 4 ayələrini oxu.) Onun sözünün canı o idi ki, biz başqalarının qabiliyyətlərini görməli və bunu onlara deməliyik. Götürək özümüzü: başqalarının ruhani inkişafımıza diqqət yetirməsi bizə necə təsir edir? Adətən, bu, bizə əlimizdən gələnin ən yaxşısını edərək daha da inkişaf etməyə stimul verir. Eynilə, biz də həmimanlılarımıza onlarda hansı qabiliyyət və bacarıqları gördüyümüzü deyəndə ruhani cəhətdən inkişaf etmələrinə kömək edirik.

10. Xüsusilə kimlərin diqqətə ehtiyacı var?

10 Bəs görəsən, xüsusilə kimlərin diqqətə ehtiyacı var? Düzdür, vaxtaşırı olaraq hər birimiz buna ehtiyac duyuruq. Lakin gənc və yeni vəftiz olunmuş qardaşların yığıncağın işlərində onların da payı olduğunu görmələrinə, həqiqətən də, ehtiyacları var. Bu, onlara kömək edəcək ki, hər birinin aramızda öz yeri olduğunu görsünlər. Müqəddəs Kitab bu cür qardaşları məsuliyyətlərə can atmağa təşviq edir. Bununla belə, öhdəsindən gələ bilməyəcəklərini düşünmələri onların məsuliyyətlərə can atmaq istəklərini boğa bilər (1 Tim. 3:1).

11. a) Bir ağsaqqal gənc qardaşa utancaqlıq hissinə qalib gəlməyə necə kömək etdi? b) Jülyenlə bağlı hadisədən nə öyrənirik?

11 Gənc ikən ona göstərilən diqqətdən faydalanmış Lüdovik adlı ağsaqqal belə deyir: «Hansısa qardaşa səmimi maraq göstərəndə o, daha tez inkişaf edir». O, Jülyen adlı utancaq bir gənc qardaş haqda belə deyir: «Hərdən Jülyen kobud kimi görünsə də, əslində, elə deyildi. Mən onun çox qayğıkeş olduğunu və yığıncaqdakılara kömək etmək istədiyini görürdüm. Niyyətlərini pisə yozmaq əvəzinə, diqqətimi müsbət cəhətlərinə yönəldir, ona ürək-dirək verməyə çalışırdım». Bir müddətdən sonra o, xidməti köməkçi oldu və indi daimi pioner kimi xidmət edir.

ONLARA POTENSİALLARINI ÜZƏ ÇIXARMAĞA KÖMƏK ET

12. Başqalarının potensialını üzə çıxarmaq üçün nə etməliyik? Nümunə çək.

12 Aydın məsələdir ki, başqalarına potensiallarını üzə çıxarmağa kömək etmək üçün diqqətcil olmalıyıq. Jülyenin hadisəsindən gördüyümüz kimi, biz insanın zəif cəhətlərinə baxmaqdansa, müsbət cəhətlərinə və inkişaf etdirə biləcəyi bacarıqlarına diqqət yetirməliyik. İsa da həvari Peterə bu cür baxırdı. Peter hərdən zəiflik göstərsə də, İsa onun daş kimi möhkəm olacağını demişdi (Yəh. 1:42).

13, 14. a) Barnaba gənc Marka necə anlayış göstərdi? b) Bir gəncə necə kömək göstərildi? (Məqalənin əvvəlindəki şəklə bax.)

13 Barnaba da Mark ləqəbli Yəhyaya bu cür yanaşmışdı (Həv. iş. 12:25). Pavel Barnaba ilə birinci təbliğ səyahətində olarkən Yəhya onların «qulluğunda dururdu», ehtimal ki, onların fiziki tələbatlarının ödənilməsinin qayğısına qalırdı. Ancaq onlar Pamfiliyaya çatanda Mark qəfildən onları tərk edib geri qayıtdı.  Onlar quldurların at oynatdığı şimala onsuz getməli oldular (Həv. iş. 13:5, 13). Lakin daha sonra Barnaba Markın hərəkətini keçmişdə qoyub ona səyahətini tamamlamaq üçün şans vermək qərarına gəldi (Həv. iş. 15:37—39). Bu münasibət həmin cavana Yehovanın yetkin xidmətçisi olmağa kömək etdi. Qeyd edək ki, Pavel Romada həbsdə olanda Mark onun yanında olmuş və Koloslulara yazdığı məktubunda Markın adından da salam göndərmişdi. Üstəlik, onun haqqında ağızdolusu danışmışdı (Kolos. 4:10, 11). Pavel Markın köməyinə ehtiyac duyduğunu deyəndə Barnabanın ürəyinin dağa döndüyünü təsəvvür etmək heç də çətin deyil (2 Tim. 4:11).

14 Yenicə ağsaqqal təyin olunmuş Aleksandr bir qardaşın ona anlayışla yanaşmasını belə xatırlayır: «Gənc ikən başqalarının qarşısında dua etmək mənə çox çətin gəlirdi. Ağsaqqal özümü necə hazırlaya və sərbəst ola biləcəyimi mənə göstərdi. O, dua etməyi mənə tapşırmamaq əvəzinə, çox vaxt təbliğ üçün görüşlərdə bunu mənə həvalə edirdi. Bir müddət sonra özümə əminliyim artdı».

15. Pavel həmimanlılarına minnətdarlığını necə ifadə etmişdi?

15 Başqalarında yaxşı xüsusiyyətlər görəndə bunu qiymətləndirdiyimizi sözlərimizlə ifadə edirikmi? Romalılara məktubunun 16-cı fəslində Pavel gözəl keyfiyyətlərinə görə ona doğma olan 20-dən çox həmimanlısına təşəkkürünü bildirir (Rom. 16:3—7, 13). Məsələn, Pavel Androniklə Yuniasın dözümlü məsihçi olduqlarını vurğulayaraq onların ondan da qabaq Məsihin yolunda olduqlarını etiraf etmişdi. O həmçinin, ehtimal ki, əvvəllər onun qayğısına qalan Rufun anası barədə səmimi hisslərlə danışırdı.

Frederik (solda) Rikonu Yehovaya xidmətdə qətiyyətli qalmağa ruhlandırıb (16-cı abzasa bax)

16. Uşaqları tərifləmək hansı nəticəni verə bilər?

16 Səmimi tərif yaxşı nəticələrə gətirib çıxarır. Gəlin Fransada yaşayan Riko adlı bir oğlanın nümunəsinə nəzər salaq. İmanına şərik olmayan atası vəftiz olunmasına icazə vermədiyi üçün o ruhdan düşmüşdü. Riko düşünürdü ki, Yehovaya tam xidmət edə bilməsi üçün gərək 18 yaşına çatsın. Digər tərəfdən də məktəbdə üzləşdiyi sınaqlar onu lap dilxor edirdi. Bu oğlanla Müqəddəs Kitabı araşdıran Frederik adlı ağsaqqal bölüşür: «Üzləşdiyi bu çətin vəziyyətdə imanını cəsarətlə müdafiə etdiyi üçün onu tərifləyirdim». Bu sözlər Rikonun nümunəvi qalmaq əzmini möhkəmləndirdi və atası ilə dil tapmağa kömək etdi. Rikonun istəyi ürəyində qalmadı, o, 12 yaşında vəftiz olundu.

Jerom (sağda) Rayana xüsusi təyinatlı müjdəçi olmağa kömək edib (17-ci abzasa bax)

17. a) Qardaşlara inkişaf etməyə necə kömək edə bilərik? b) Bir xüsusi təyinatlı müjdəçi gənc qardaşlara necə maraq göstərirdi və bu nə ilə nəticələnirdi?

17 Hər dəfə həmimanlılarımıza məsuliyyətlərinin öhdəsindən yaxşı gəldiklərinə görə minnətdarlıq bildirəndə və gördükləri işə görə tərifləyəndə onları  Yehovaya daha da canla-başla xidmət etməyə təşviq edirik. İllərdir Fransadakı Bet-Eldə xidmət edən Silvi * qeyd edir ki, bacılar qardaşları tərifləyə bilərlər. O vurğulamışdı ki, qadınlar başqalarının diqqət yetirmədiyi məqamları görə və tərifləyə bilər. Onların «ruhlandırıcı sözləri təcrübəli qardaşların sözlərini tamamlaya bilər». O əlavə edir: «Başqasını tərifləməyi özümə borc bilirəm» (Sül. məs. 3:27). Fransa Qvianasında xüsusi təyinatlı müjdəçi kimi xidmət edən Jerom bir çox gənclərə bu xidmətə yararlı olmağa kömək edib. O deyir: «Gənc qardaşları xidmətdə konkret nəyəsə görə və ya düşünülmüş şərhlər verdiklərinə görə tərifləyəndə onların özlərinə əminliyi daha da artır. Nəticədə, onlar bacarıq və qabiliyyətlərini daha da inkişaf etdirirlər».

18. Gənc qardaşlarla əməkdaşlıq etmək nə üçün faydalıdır?

18 Bundan əlavə, həmimanlılarımızın ruhani cəhətdən irəliləməsi üçün onlarla əməkdaşlıq edə bilərik. Məsələn, ağsaqqal kompüterdən başı çıxan gənc qardaşdan xahiş edə bilər ki, kompüteri olmayan yaşlı həmimanlılara faydalı olacaq məlumatı jw.org saytımızdan çap etsin. Yaxud Padşahlıq zalının həyətyanı sahəsində hansısa işi görərkən gənc qardaşlardan kömək istəyə bilərik. Bu kimi şeylərin sayəsində gəncləri müşahidə edə, tərifləyə və bunun bəhrəsini görə bilərik (Sül. məs. 15:23).

GƏLƏCƏK ÜÇÜN TƏMƏL QOY

19, 20. Başqalarına irəliləməyə nə üçün kömək etməliyik?

19 Yehova Yeşuanı israillilər üçün başçı təyin edəndə Musaya demişdi ki, onu qüvvətləndirsin və cəsarətləndirsin. (Qanunun təkrarı 3:28 ayəsini oxu.) Bütün dünyada həqiqətə gələnlərin sayı günü-gündən artır. Yalnız ağsaqqallar yox, bütün yetkin məsihçilər gənc qardaşlara və yeni vəftiz olunanlara öz potensiallarını üzə çıxartmağa kömək edə bilərlər. Bunun sayəsində tammüddətli xidmətdə iştirak edənlərin və «təlim vermək üçün yararlı» olanların sayı getdikcə artacaq (2 Tim. 2:2).

20 Fərqi yoxdur, böyük yığıncaqda xidmət edirik, yoxsa inkişafda olan balaca qrupda, gəlin hamımız gələcək üçün təməl qoyaq. Ən əsası, gəlin Öz xidmətçilərində həmişə yaxşı şeylər axtaran Yehovanı təqlid edək.

^ abz. 17 Ad dəyişdirilib.