Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) İYUN 2014

Boşanmış həmimanlımıza necə kömək edə bilərik?

Boşanmış həmimanlımıza necə kömək edə bilərik?

Yəqin, tanıdığın insanlar arasında boşanmış kəslər də var. Bu normaldır, çünki bugünkü dünyada boşanma adi hal alıb. Məsələn, Polşadakı tədqiqatlar göstərir ki, üç-altı il arası evli olan 30 yaşlarında şəxslərin əksəriyyəti boşanırlar və boşanma halları yalnız bu yaşlarda olan insanlar arasında müşahidə olunmur.

İspaniya Ailə Siyasəti İnstitutunun verdiyi məlumata əsasən «statistika göstərir ki, [Avropada] qurulan ailələrin yarısı dağılır». İnkişaf etmiş digər ölkələrdə də vəziyyət eynidir.

HİSSLƏR BİR-BİRİNƏ QARIŞIR

Boşanmanın bir çox fəsadları var. Şərqi Avropada bir təcrübəli ailə məsləhətçisi bölüşür: «Boşanma artıq baş vermiş şeylərin, korlanmış münasibətlərin və emosional cəhətdən ağrı verən ayrılığın rəsmi adıdır». O əlavə edir ki, boşandıqdan sonra insan «qəzəb, təəssüf, peşmançılıq, məyusluq və xəcalət kimi dəhşətli hisslər keçirir». Bəzən bu intihara təşəbbüsə gətirib çıxarır. «Boşanma məhkəmə ilə bitdikdən sonra növbəti mərhələ başlayır. Boşanmış insan boşluq, özünə qarşı soyuqluq hiss edə və öz-özünə düşünə bilər: “İndi mən kiməm? Nə üçün yaşayıram?”»

Əvvəllər keçirdiyi hissləri nəzərə alaraq Eva deyir: «Boşandıqdan sonra xəcalət çəkirdim ki, indi qonşularım, dostlarım mənə “boşanmış” damğası vuracaqlar. İçim içimi yeyirdi. İki körpə ilə qalan mən onlara həm ana, həm ata olmalı idim *». 12 il ağsaqqal kimi xidmət etmiş Edam bölüşür: «Özünəhörmət hissini o qədər itirmişdim ki, vaxtaşırı qəzəblənir və hamıdan qaçırdım».

AYAĞA QALXMAQ ÜÇÜN MÜBARİZƏ

Özlərini bəxtiqara hesab edən bəziləri boşanandan uzun illər sonra da ayağa qalxmaq üçün mübarizə aparırlar. Onlara elə gələ bilər ki, heç kimin vecinə deyillər. Bundan əlavə, bir jurnalistin sözlərinə əsasən, onlar «vərdişlərini dəyişir və problemləri ilə özləri çarpışmağı öyrənirlər».

Stanislav xatırlayır: «Biz ayrılanda keçmiş həyat yoldaşım iki balaca qızımı görməkdən məni məhrum etdi. Onda mənə elə gəldi ki, daha heç kimə lazım deyiləm, hətta Yehova da məni atıb. Yaşamaq istəmirdim. Amma vaxt ötdükcə anladım ki, mən necə də səhv düşünürmüşəm». Həmçinin Vanda adlı boşanmış bir bacı da öz gələcəyi barədə narahat idi: «Mənə elə gəlirdi ki, nə mən, nə də qızlarım, məsihçilər də daxil olmaqla, heç kimin vecinə deyilik.  İndi isə bacı-qardaşların başımıza fırfıra kimi fırlandığını və uşaqlarımı Yehovanın yolunda böyütmək üçün mənə necə kömək etdiklərini görə bilirəm».

Bu kimi sözlərdən görürük ki, boşandıqdan sonra bəziləri mənfi hisslərin girdabında boğulurlar. Onlar yararsız olduqlarını və heç bir diqqətə layiq olmadıqlarını düşündükləri üçün günü-gündən özlərinə olan ləyaqət hissini itirə bilərlər. Eyni zamanda, onlar ətraflarındakı insanlara tənqidi yanaşa bilərlər. Beləcə, onlar yığıncaqdakıların soyuq və etinasız davrandığını düşünə bilərlər. Lakin Stanislav və Vanda kimilərinin nümunəsi göstərir ki, boşanan kəslər əvvəl-axır həmimanlılarının qayğıkeş olduqlarını dərk edirlər. Doğrudan da, göstərdikləri köməyi qarşı tərəf əvvəl-əvvəl görməsə də, həmimanlılar can yandırmaqdan usanmırlar.

ÖZÜNÜ TƏNHA VƏ RƏDD EDİLMİŞ HİSS EDƏNDƏ

Unutma ki, biz nə qədər kömək etməyə çalışsaq da, boşanmış həmimanlımızı vaxtaşırı olaraq tənhalıq hissi bürüyə bilər. Ələlxüsus da boşanmış bacılar onlarla az adamın maraqlandığını görəndə məyusluğa qapıla bilərlər. Alisya etiraf edir: «Səkkiz ildir ki, boşanmışam. Lakin hələ də hərdənbir özümü gözükölgəli hiss edirəm. Belə anlarda hamıdan qaçıb günümə ağlayıram».

Boşanmış insanların bu cür hisslər keçirməsi normal sayılsa da, Müqəddəs Kitab özünü başqalarından təcrid etməyi məsləhət görmür. Bu məsləhətə məhəl qoymamaq insanı «sağlam şüura» zidd hərəkətlərə sövq edə bilər (Sül. məs. 18:1). Yaxşı olar ki, tənhalıq hissi keçirən insan «sağlam şüura» bağlı qalıb əks cinsin nümayəndəsindən tez-tez məsləhət və ya təsəlli almaqdan çəkinsin. Çünki bu, yolverilməz romantik hisslərə gətirib çıxara bilər.

Ola bilsin, boşanmış həmimanlılarımız mənfi hisslərə qapılır, gələcəklərinə görə narahat olur, özlərini tənha və rədd edilmiş hiss edirlər. Bu cür hisslərin normal, eyni zamanda onlardan yaxa qurtarmağın çətin olduğunu anladığımız üçün, Yehova kimi, biz də belə vəziyyətdə olan bacı-qardaşlara həmişə dəstək olmalıyıq (Məz. 55:22; 1 Pet. 5:6, 7). Əmin ola bilərik ki, onlara göstərdiyimiz istənilən kömək çox qiymətləndiriləcək. Həqiqətən də, onlar yığıncaqdan əsil dost köməyi görəcəklər (Sül. məs. 17:17; 18:24).

^ abz. 6 Bəzi adlar dəyişdirilib.