Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) İYUN 2014

Allahın Yehovanı sev

Allahın Yehovanı sev

«Allahın Yehovanı bütün ürəyinlə, bütün canınla və bütün ağlınla sev» (MAT. 22:37).

1. Allahla Oğlu arasındakı qarşılıqlı məhəbbət nəyin sayəsində artmışdı?

YEHOVA Allahın Oğlu İsa Məsih nida etmişdi: «Atamı [sevirəm]» (Yəh. 14:31). O, həmçinin demişdi: «Ata Oğulu sevir» (Yəh. 5:20). Bu, bizi heç də təəccübləndirmir. Çünki İsa yerə gəlməzdən əvvəl min illər ərzində Allahın yanında «memar» olmuşdu (Sül. məs. 8:30). Yehova və İsa çiyin-çiyinə çalışdıqları üçün Oğul Atasını daha yaxından tanımış, sonsuz səbəblərə görə Onu sevmişdi. Aralarındakı sıx münasibət qarşılıqlı məhəbbətin artmasına səbəb olmuşdu.

2. a) Məhəbbət nəyi bildirir? b) Hansı sualları müzakirə edəcəyik?

2 Məhəbbət kimisə dərindən sevməyi bildirir. Məzmurçu Davud oxuyurdu: «Ey mənə qüvvət verən Rəbb, Səni sevirəm» (Məz. 18:1). Eynilə, biz də Allahı sevməli və Ona tabe olmalıyıq, yalnız bu təqdirdə O, bizi sevdiyini göstərəcək. (Qanunun təkrarı 7:12, 13 ayələrini oxu.) Bəs biz Allahı görə bilmədiyimiz halda Onu, həqiqətən də, sevə bilərikmi? Yehovanı sevmək nə deməkdir? Biz Onu nə üçün sevməliyik? Onu sevdiyimizi necə göstərə bilərik?

 ALLAHI NƏ ÜÇÜN SEVƏ BİLƏRİK?

3, 4. Nəyin sayəsində Yehovanı sevmək mümkündür?

3 «Allah Ruhdur» və buna görə də Onu heç kim görə bilməz (Yəh. 4:24). Buna baxmayaraq, biz Yehovanı sevə bilərik. Üstəlik, Müqəddəs Yazılar da bunu əmr edir. Məsələn, Musa israillilərə demişdi: «Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün gücünlə sev» (Qanun. t. 6:5).

4 Biz nə üçün Allahı bütün varlığımızla sevə bilərik? Çünki O, bizi ruhani tələbatlarla yaradıb və bizə sevmək qabiliyyəti bəxş edib. Ruhani tələbatlarımız ödəniləndə Yehovaya məhəbbətimiz artır və bu, bizə sevinc gətirir. İsa demişdi: «Ruhani nemətlərə susayanlar nə xoşbəxtdirlər, çünki səmavi padşahlıq onlarındır» (Mat. 5:3). İnsanda ibadətə anadangəlmə istək haqda bir kitabda belə deyilib: «İnsanın ali varlığın ümumdünya xarakterli axtarışı və ona imanı bizi lərzəyə gətirməli, valeh etməli, bizdə dərin hörmət hissi hasil etməlidir» (Kressi Morrison, «Man Does Not Stand Alone»).

5. Nəyə görə deyə bilərik ki, Allahı axtarmaq əbəs deyil?

5 Bəs demək olarmı ki, Allahı axtarmaq əbəsdir? Əsla, O, Özü istəyir ki, biz Onu tapaq. Həvari Pavel qədim afinalıların qoruyucu ilahəsi Afinanın şərəfinə tikilmiş Parfenon məbədinin yaxınlığındakı Areopaqda şahidlik edərkən bunu açıq şəkildə bəyan etmişdi. Təsəvvür et ki, sən də oradasan və Pavelin «dünyanı və onun içindəki hər şeyi yaradan Allah»ın «insan əli ilə tikilmiş məbədlərdə [yaşamadığı]» haqda dediyi sözləri öz qulağınla eşidirsən. Sonra həvari əlavə edir ki, Allah «bütün yer üzündə məskunlaşması üçün bir insandan hər milləti yaratdı və onlar üçün müəyyən dövrlər və yaşayış sərhədləri qoydu ki, Allahı axtarsınlar, Onu duysunlar, tapa bilsinlər. Hərçənd O, heç birimizdən uzaq deyil» (Həv. iş. 17:24—27). Bəli, insan Allahı tapa bilər. Yeddi milyon yarımdan çox Yehovanın Şahidi Onu tapıb. Və onlar Onu çox sevirlər.

ALLAHI SEVMƏK NƏ DEMƏKDİR?

6. İsanın sözlərindən gördüyümüz kimi, «birinci və ən böyük» əmr hansıdır?

6 Bir fəriseyin: «Müəllim, Qanunda ən böyük əmr hansıdır?» — sualına İsanın verdiyi cavabdan aydın olur ki, bizim Yehovaya məhəbbətimiz ürəkdən gəlməlidir. O demişdi: «“Allahın Yehovanı bütün ürəyinlə, bütün canınla və bütün ağlınla sev”. Bu, birinci və ən böyük əmrdir» (Mat. 22:34—38).

7. Allahı a) bütün ürəyimizlə b) bütün canımızla c) bütün ağlımızla sevmək nə deməkdir?

7 İsa Allahı «bütün ürəyinlə» sevməlisən deyəndə nəyi nəzərdə tuturdu? Sözünün canı o idi ki, biz Yehovanı istəklərimizin, emosiyalarımızın və hisslərimizin təsiri altında bütöv ürəklə sevməliyik. Biz həmçinin Allahı «bütün [canımızla]», yəni son nəfəsimizə qədər sevməliyik. Bundan əlavə, biz Allahı «bütün [ağlımızla]», yəni bütün şüurumuzla sevməliyik. Bir sözlə, biz Yehovanı qeyd-şərtsiz, tam sevməliyik.

8. Allahı sevmək bizi nəyə təşviq edəcək?

8 Əgər Allahı bütün ürəyimizlə, canımızla və ağlımızla sevsək, Onun Kəlamını dərindən araşdıracaq, Onun niyyətini həyata keçirməyə can yandıracaq və Padşahlıq haqda xoş xəbəri səylə təbliğ edəcəyik (Mat. 24:14; Rom. 12:1, 2). Yehovaya əsil məhəbbət bizi Ona daha da yaxınlaşdıracaq (Yaq. 4:8). Əlbəttə, biz Allahı nə üçün sevməli olduğumuzun bütün səbəblərini sadalaya bilmərik. Lakin gəlin onlardan bir neçəsini araşdıraq.

YEHOVANI NƏ ÜÇÜN SEVMƏLİYİK?

9. Yehovanı sevmək üçün hansı səbəblərimiz var?

9  Yehova Yaradanımız və qeydimizə qalan Allahdır. «Biz Onun sayəsində yaşayırıq, hərəkət edirik və mövcuduq» (Həv. iş. 17:28). Yehova bizə möhtəşəm yer kürəsini bəxş edib (Məz. 115:16). O, həmçinin bizi yaşamağımız üçün hər şeylərlə təmin edir. Buna görə də Pavel Listranın bütpərəst sakinlərinə demişdi: «Diri [Allah]... Özü haqqında daima şəhadət verirdi: sizə yaxşılıq edərək göydən yağış yağdırır, bərəkətli mövsümlər və bol-bol qida verir, ürəyinizi şadlıqla doydururdu» (Həv. iş. 14:15—17). Məgər bu, bizi yaradan və qeydimizə qalan Allahı sevmək üçün əsaslı səbəb deyil? (Vaiz 12:1).

10. Fidyə bizdə hansı hissləri oyatmalıdır?

10 Allah Adəmdən miras aldığımız günah və ölümdən yaxa qurtarmağa yol açdı (Rom. 5:12). Bəli, «Allah... Öz məhəbbətini bizə onunla göstərir ki, biz hələ günahlı ikən Məsih uğrumuzda öldü» (Rom. 5:8). Biləndə ki, tövbə edib İsanın fidyə qurbanlığına iman gətirəndə Yehova günahlarımızın üstündən xətt çəkir, ürəyimizdə Ona məhəbbətlə dolub-daşır (Yəh. 3:16).

11, 12. Yehova bizə hansı ümidi bəxş edib?

11 Yehova ürəyimizi sevinc və sülhlə dolduran ümid verir (Rom. 15:13). Allahın verdiyi ümid bizə iman sınaqlarına dözməyə kömək edir. «Hətta ölmək lazım gəlsə də, sadiq [qalan]» məsh olunmuşlara həyat tacı veriləcək (Vəhy 2:10). Yerüzü ümidinə malik olan nöqsansızlığını qoruyan kəslər vəd edilmiş Cənnətdə əbədi xeyir-dualar dadacaqlar (Luka 23:43). Sözsüz, belə gələcək hər birimizin ürəyini isindirir. «Hər bir gözəl bəxşiş və hər bir kamil hədiyyə» verdiyinə görə ürəyimizdə Allaha qarşı sevinc, sülh və məhəbbət daha da artır (Yaq. 1:17).

12 Allah qəlbimizi isindirən dirilmə ümidi verib (Həv. iş. 24:15). Sözsüz, əzizlərimizin ölümü bizi olduqca kədərləndirir, lakin gələcəkdə baş verəcək dirilməyə görə biz «ümidi olmayan digər insanlar kimi [kədərlənmirik]» (1 Salon. 4:13). Məhəbbətli Atamız Yehova ölən insanları, xüsusilə də saleh Əyyub kimi sadiq bəndələrini diriltməyin həsrətini çəkir (Əyy. 14:15). Ölən insanlar yer üzündə yenidən həyata qaytarılarkən sevinc göz yaşları ilə əzizlərinə qovuşacağı anı bir təsəvvür et. Bizə möhtəşəm dirilmə ümidini bəxş edən səmavi Atamıza qarşı ürəyimiz məhəbbətlə doludur.

13. Allahın qayğımıza qaldığını nə sübut edir?

13 Yehova qayğımıza qalır. (Məzmur 34:6, 18, 19; 1 Peter 5:6, 7 ayələrini oxu.) Məhəbbətli Allahımız Ona sadiq qalan insanlara kömək etməyə həmişə hazırdır. Və biz Onun «otlağının [sürüsünə]» aid olduğumuz üçün özümüzü tam təhlükəsizlikdə hiss edirik (Məz. 79:13). Bundan əlavə, Allahın məhəbbəti Padşahlığı vasitəsilə rifahımız üçün edəcəyi işlərdən də görünür. Təyin edilmiş Padşah İsa Məsih zorakılığa, haqsızlığa və pisliyə son qoyduqdan sonra itaətkar bəşəriyyət əbədi sülhə və firavanlığa qovuşacaq (Məz. 72:7, 12—14, 16). Bu gözəl gələcəyə görə qayğıkeş Allahımızı bütün ürəyimizlə, canımızla, ağlımızla və var gücümüzlə sevməliyik (Luka 10:27).

14. Allah bizi hansı şərəfə layiq görüb?

14 Yehova bizi Onun Şahidi kimi xidmət etmək şərəfinə layiq görüb (Yeşaya 43:10—12). Allahı sevməyimizin digər səbəbi, bizi ali hakimiyyətini dəstəkləmək və bu təlatümlü dünyada insanlara həqiqi ümidi çatdırmaq şərəfinə layiq görməsidir. Belə ki, biz vədləri heç vaxt  boşa çıxmayan həqiqi Allahın Kəlamına əsaslanan xoş xəbəri çatdırdığımız üçün imanla və əminliklə danışırıq. (Yeşua 21:45; 23:14 ayələrini oxu.) Əlbəttə, aldığımız xeyir-dualar və Yehovanı sevmək üçün səbəblərimiz saymaqla bitməz. Bəs biz Allahı sevdiyimizi necə göstərə bilərik?

ALLAHI SEVDİYİMİZİ NECƏ GÖSTƏRƏ BİLƏRİK?

15. Allahın Kəlamını dərindən araşdırmaq və tətbiq etmək bizə nədə kömək edə bilər?

15 Allahın Kəlamını dərindən araşdır və tətbiq et. Bununla biz Yehovanı sevdiyimizi və Onun sözlərinin «addımlarımıza [çıraq]» olmasını istədiyimizi göstəririk (Məz. 119:105). Əzab-əziyyətlə üzləşəndə məhəbbətlə deyilən sözlərdən qəlb rahatlığı tapırıq: «Sən sınan və peşman olan ürəyə xor baxmazsan, ey Allah!» «Mənə məhəbbətinlə dayaqsan. Mən daxilən çox narahat olarkən təsəlli verərək məni fərəhləndirirsən» (Məz. 51:17; 94:18, 19). Bəli, Yehova iztirab çəkənlərə mərhəmətlə yanaşır. İsanın da bu cür insanlara yazığı gəlir (Yeşaya 49:13; Mat. 15:32). Müqəddəs Kitabı araşdırmaq bizə Yehovanın məhəbbətini aydın görməyə kömək edir və bu, bizi Onu bütün qəlbimizlə sevməyə təşviq edir.

16. Allaha daima dua etmək Ona məhəbbətimizi necə artıra bilər?

16 Allaha daima dua et. Dualarımız bizi «duaları eşidən» Allaha daha da yaxınlaşdırır (Məz. 65:2). Allahın dualarımıza cavab verdiyini görəndə Ona məhəbbətimiz daha da güclənir. Misal üçün, görə bilərik ki, O, gücümüzdən artıq sınaqlara məruz qalmağımıza yol vermir (1 Kor. 10:13). Narahatçılığımızı Yehovaya yalvararaq bildirməklə əvəzolunmaz bir hissə, «Allahın verdiyi qəlb rahatlığı»na qovuşa bilərik (Filip. 4:6, 7). Elə də ola bilər ki, biz də, Nehemya kimi, ürəyimizdə dua edir və dualarımızın cavabını alırıq (Neh. 2:1—6). «Daima dua» edəndə və Yehovanın diləyimizə cavab verdiyini görəndə Ona sevgimiz daha da dərinləşir. Bu isə bizi əmin edir ki, O, gələcəkdə üzləşəcəyimiz iman sınaqlarının öhdəsindən gəlməyimizə kömək edəcək (Rom. 12:12).

17. Allahı seviriksə, yığıncaq görüşlərində iştirak etməyə necə yanaşacağıq?

 17 Yığıncaq görüşlərindən və konqreslərindən heç vaxt qalma (İbr. 10:24, 25). İsraillilər Yehovaya hörmət etmək və Qanununa bağlı qalmaq üçün birgə toplaşıb təlim alırdılar (Qanun. t. 31:12). Əgər biz Allahı, həqiqətən də, seviriksə, Onun iradəsini yerinə yetirmək bizim üçün yük olmayacaq. (1 Yəhya 5:3 ayəsini oxu.) Buna görə də gəlin nəyinsə bizi yığıncaqlardan saxlamasına yol verməyək. Sözsüz, heç birimiz istəmərik ki, nəsə Yehovaya ilk məhəbbətimizi soyutsun (Vəhy 2:4).

18. Allaha məhəbbət bizi nəyə təşviq edir?

18 «Xoş xəbərin göstərdiyi həqiqət»i canla-başla çatdır (Qalat. 2:5). Allaha məhəbbət bizi Onun Har-Magedonda «həqiqət... naminə» atını çapan sevimli Oğlunun Padşahlığı haqda danışmağa təşviq edəcək (Məz. 45:4; Vəhy 16:14, 16). Bəli, insanların Allahın məhəbbəti və Onun yeni dünya ilə bağlı vədi haqda öyrənməsinə kömək etmək olduqca sevindiricidir (Mat. 28:19, 20).

19. Allahın sürüsünə təyin etdiyi çobanları nə üçün qiymətləndirməliyik?

19 Allahın Öz sürüsünə təyin etdiyi çobanları qiymətləndir (Həv. iş. 20:28). Ağsaqqalları bizə həmişə yaxşılığımızı istəyən Yehova yetirib. Ağsaqqallar «küləyə qarşı bir pənahgah, fırtınaya qarşı sığınacaq, quraqlıqda bulaqlar, cansıxıcı torpaqda kölgə salan böyük qaya kimi»dirlər (Yeşaya 32:1, 2). Güclü külək və ya dəhşətli fırtına qarşısında sığınacağa malik olduğumuz üçün necə də minnətdarıq! Şükür Allaha ki, bizi qızmar günəşdən qoruyan, kölgə salan qayamız var. Bu bənzətmələrdən görürük ki, ağsaqqallar bizə ruhani cəhətdən dəstək olmağa və bizi təravətləndirməyə həmişə hazırdırlar. Üzərinə rəhbərlik götürən bu qardaşlara tabe olmaqla «insanlar timsalında hədiyyələr»i nə qədər qiymətləndirdiyimizi, habelə Allahı və yığıncağın Başı olan Məsihi sevdiyimizi göstəririk (Efes. 4:8; 5:23; İbr. 13:17).

Yehova sürüyə səmimi maraq göstərən çobanlar yetirib (19-cu abzasa bax)

QOY ALLAHA MƏHƏBBƏTİN DAİMA ARTSIN

20. Yaqub 1:22—25 ayələrinə əsasən, Allahı sevdiyini necə göstərə bilərsən?

20 Yehovanı sevirsənsə, onda «Allahın sözünü eşitməklə [kifayətlənməyib], ona həm də əməl» edəcəksən. (Yaqub 1:22—25 ayələrini oxu.) Allahın sözünə əməl etmək özünə səylə təbliğ etmək və məsihçi görüşlərində iştirak etmək kimi imandan irəli gələn işlər görməyi daxil edir. Allahı, həqiqətən də, sevdiyin üçün Onun «kamil qanununa», yəni səndən tələb etdiyi hər şeyə tabe olacaqsan (Məz. 19:7—11).

21. Səmimi-qəlbdən etdiyimiz duaları nəyə bənzətmək olar?

21 Yehova Allaha sevgin səni təşviq edəcək ki, həmişə Ona səmimi-qəlbdən dua edəsən. Qanuna əsasən hər gün yandırılan buxura istinad edərək Davud oxuyurdu: «[Yehova,] qoy hüzurunda dualarım buxur kimi, açılan əllərim axşam qurbanı kimi qəbul olunsun» (Məz. 141:2; Çıx. 30:7, 8). Qoy sənin təvazökarlıqla etdiyin dualar, yalvarışlar və ürəkdən gələn həmd və minnətdarlıq sözləri Allahın qəbul etdiyi xoş ətirli buxur kimi olsun (Vəhy 5:8).

22. Növbəti məqalədə nə müzakirə olunacaq?

22 İsa demişdi ki, biz həm Allahı, həm də yaxınlarımızı sevməliyik (Mat. 22:37—39). Növbəti məqalədə Yehovanı və Onun qanunlarını sevməyin bizə başqaları ilə hörmətcil davranmağa və onlara məhəbbət göstərməyə necə kömək etdiyini araşdıracağıq.