Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi (təlim nəşri)  |  may 2014

Yehova nizam-intizam Allahıdır

Yehova nizam-intizam Allahıdır

«Allah sülh Allahıdır. O, nizamsızlığı sevmir» (1 KOR. 14:33).

1, 2. a) Allah ilk olaraq kimi yaratdı və onun vasitəsilə nələr etdi? b) Mələklərin nizamla təşkil olunduğunu haradan bilirik?

BÜTÜN kainatın Yaradanı Yehova hər işini nizam-intizamla görür. O, ilk olaraq yeganə ruhani Oğlunu xəlq etdi. Allahın baş nümayəndəsi olduğu üçün o, «Söz» adlanırdı. Müqəddəs Kitabda Sözün əsrlərlə Yehovaya xidmət etdiyi deyilir: «Başlanğıcda Söz var idi, Söz Allahla idi». Həmçinin yazılıb: «Hər şey onun [Sözün] vasitəsilə mövcud oldu və onsuz heç bir şey mövcud olmadı». Təxminən 2000 il bundan qabaq Allah Sözü yer üzünə göndərdi. Yer üzündə kamil insan İsa Məsih kimi tanınan həmin şəxs Atasının iradəsini sədaqətlə yerinə yetirdi (Yəh. 1:1—3, 14).

2 Allahın Oğlu yer üzünə gəlməzdən öncə, Onun yanında sədaqətli «memar» kimi çalışırdı (Sül. məs. 8:30). Yehova onun vasitəsilə göydə milyonlarla ruhani varlıqlar yaratdı (Kolos. 1:16). Müqəddəs Kitabın bir ayəsində mələklər barədə belə deyilir: «Minlərlə nəfər [Yehovaya] xidmət edir, on minlərlə nəfər Onun hüzurunda durmuşdu» (Dan. 7:10). Allahın saysız-hesabsız ruhani oğulları Yehovanın nizamlı «orduları» kimi təsvir olunur (Məz. 103:21).

3. Ulduzların və planetlərin sayı və qruplaşması haqda nə demək olar?

 3 Bəs Allahın xəlq etdiyi saysız-hesabsız ulduzlar, planetlər haqda nə demək olar? Texas ştatının Hyuston şəhərində bu yaxınlarda aparılan hesablamaya görə «300 sekstilyon ulduz mövcuddur, bu say alimlərin əvvəlki hesablamalarından üç dəfə çoxdur». Orada həmçinin qeyd olunur: «Bu o deməkdir ki, 3-ün arxasına 23 sıfır əlavə edirsən və ya 3 trilyonu vurursan 100 milyarda». Ulduzlar qalaktikalarda toplanır, hər qalaktika isə milyardlarla, hətta trilyonlarla ulduzlardan, habelə çoxlu sayda planetlərdən təşkil olunur. Əksər qalaktikalar qruplarda və bu qruplar daha böyük qruplarda toplanır.

4. Allahın yer üzündəki xidmətçilərini nizamla təşkil etdiyi qənaətinə gəlmək nə üçün məntiqlidir?

4 Göydə yaradılmış saleh ruhani varlıqlar kimi, kainat da mükəmməl şəkildə təşkil olunub (Yeşaya 40:26). Buna görə də Yehovanın yer üzündəki xidmətçilərini də nizamla təşkil etdiyi qənaətinə gəlmək məntiqli olardı. O, onların nizam-intizamlı olmalarını istəyir, çünki onlar Yehovaya ibadətdə olduqca vacib işlər görürlər. Yehovanın xidmətçilərinin keçmişdən bu günə kimi gördüyü işlər tam şəkildə sübut edir ki, Allah həmişə Öz xalqına dayaq olub və O, «sülh Allahıdır,.. nizamsızlığı sevmir». (1 Korinflilərə 14:33, 40 ayələrini oxu.)

ALLAH QƏDİMDƏ XALQ TƏŞKİL ETDİ

5. Bəşər ailəsinin yer üzünü nizamlı şəkildə doldurması tədbiri nə üçün yarımçıq qaldı?

5 Yehova ilk insanları yaradanda onlara demişdi: «Törəyib çoxalın və yer üzünü bürüyüb ona sahib olun: dənizdəki heyvanlar, göydəki quşlar, yerdə sürünən bütün canlılar üzərində hökmranlıq edin» (Yar. 1:28). İnsanlar törəyib yer üzünü bürüyənə və bütün dünya Cənnətə çevrilənə kimi bəşər ailəsi nizamla artmalı idi. Bu nizamlı tədbir Adəmlə Həvvanın itaətsizliyi ucbatından müvəqqəti olaraq yarımçıq qaldı (Yar. 3:1—6). Bir qədər vaxt keçəndən sonra Yehova «gördü ki, yer üzündəki insanların şər əməlləri çoxdur və hər zaman onların ürəyindəki fikirlər və niyyətlər pisliyə doğru yönəlir». Bəli, artıq «Allahın nəzərində yer üzündəki insanlar pozğunlaşmışdı və dünya zorakılıqla dolmuşdu». Buna görə də Allah allahsızları məhv etmək üçün bütün dünyaya daşqın göndərmək qərarına gəldi (Yar. 6:5, 11—13, 17).

6, 7. a) Nuh nə üçün Yehovanın lütfünü qazandı? (Məqalənin əvvəlindəki şəklə bax.) b) Nuhun dövründəki imansız insanlarla nə baş verdi?

6 Ancaq «Nuh Rəbbin gözündə lütf tapdı», çünki o, «saleh və öz nəsli arasında qüsursuz bir adam idi». Nuh «Allahla bir yol [getdiyi]» üçün Yehova ona nəhəng gəmi tikməyi tapşırdı (Yar. 6:8, 9, 14—16). Məqsəd insan və heyvan həyatını qorunmaq idi. Beləcə, «Rəbb Nuha necə əmr etmişdisə, o da hər şeyi eləcə yerinə yetirdi» və ailəsinin dəstəyi ilə tikinti işini nizamlı şəkildə başa vurdu. Canlılar gəmiyə daxil olandan sonra «Rəbb gəminin qapısını örtdü» (Yar. 7:5, 16).

7 Eramızdan əvvəl 2370-ci ildə Daşqın baş verəndə Yehova «yer üzündə olan bütün canlıları məhv etdi», lakin gəmidə olan sadiq Nuhu və ailəsini sağ saxladı (Yar. 7:23). Bu gün yer üzündə yaşayan insanlar Nuh və oğullarının nəslidir. Lakin gəmiyə girməyən bütün imansız insanlar «salehlik təbliğçisi» Nuha qulaq asmaq istəmədikləri üçün həlak oldular (2 Pet. 2:5).

Nizam-intizam səkkiz nəfərə Daşqından sağ çıxmağa kömək etdi (6, 7-ci abzaslara bax)

8. Nəyə görə demək olar ki, Vəd edilmiş diyara daxil olan ərəfədə İsrail xalqı arasında nizam-intizam vardı?

 8 Daşqından təxminən səkkiz əsr sonra Allah israilliləri bir xalq kimi topladı. Onların həyatlarının hər bir sahəsində, xüsusilə də ibadətlərində nizam–intizam vardı. İsrail xalqı arasında çoxlu kahin və levilidən savayı, «Hüzur çadırının girişində xidmət edən [qadınlar]» da vardı (Çıx. 38:8). Yehova Allah İsrail xalqına Kənan diyarına girməklə bağlı göstəriş verəndə həmin nəsil imansızlıq göstərdi və O, onlara dedi: «Sizi sakin edəcəyimə əlimi qaldırıb and içdiyim torpağa girməyəcəksiniz. Oraya yalnız Yefunne oğlu Kalev və Nun oğlu Yeşua girəcək». Çünki Vəd edilmiş diyarı nəzərdən keçirməyə gedənlərdən yalnız onlar müsbət xəbərlə qayıtmışdılar (Say. 14:30, 37, 38). Sonralar Allahın göstərişinə uyğun olaraq Musa Yeşuanı öz xələfi təyin etdi (Say. 27:18—23). Yeşua israilliləri Kənan diyarına keçirən ərəfədə Yehova ona dedi: «Möhkəm və cəsarətli [ol]... Qorxma və ruhdan düşmə, çünki Allahın Rəbb gedəcəyin hər yerdə səninlədir» (Yeşua 1:9).

9. Raxav Yehova və Onun xalqı barədə nə düşünürdü?

9 Yehova Allah hər yerdə və hər zaman Yeşuaya dayaq olurdu. Məsələn, israillilər kənanlıların Yerixo şəhəri yaxınlığında düşərgə salan zaman baş verənlərə nəzər salaq. Eramızdan əvvəl 1473-cü ildə Yeşua Yerixoya iki casus göndərdi və onlar gedib Raxav adlı bir qadının evinə çıxdılar. O, onları Yerixo padşahının göndərdiyi adamlardan qorumaq üçün evinin damında gizlətdi. Raxav israilli casuslara dedi: «Mən bilirəm ki, Rəbb bu torpağı sizə verib... Rəbb Qırmızı dənizin sularını qarşınızda necə qurutduğunu və... məhv etdiyiniz iki Emor [padşahına] nə etdiyinizi eşitmişik». O əlavə etdi: «Allahınız Rəbb yuxarıda göyün və aşağıda yerin  Allahıdır» (Yeşua 2:9—11). Raxav Yehovanın həmin dövrdə mövcud olan təşkilatını dəstəklədiyi üçün Yehova qərara gəldi ki, israillilər Yerixonu zəbt edərkən onu və ailə üzvlərini sağ saxlasın (Yeşua 6:25). Bəli, Raxav iman göstərdi, Yehovaya tabe oldu və Onun xalqına hörmət etdi.

BİRİNCİ ƏSRDƏKİ FƏAL TƏŞKİLAT

10. İsa öz dövrünün yəhudi din rəhbərlərinə nə demişdi və nə üçün?

10 Yoşiyanın rəhbərliyi altında İsrail xalqı Kənan diyarını şəhərbəşəhər zəbt etdi. Bəs sonralar nə baş verdi? Əsrlər ərzində israillilər dəfələrlə Allahın qanunlarını pozdular. Yehova Oğlunu yer üzünə göndərənə kimi onlar Allaha itaətsizlik göstərib Onun elçilərinə qulaq asmadılar. Ona görə də İsa Yerusəlimi haqlı olaraq «peyğəmbərləri qətlə yetirən» adlandırdı. (Matta 23:37, 38 ayələrini oxu.) Allah imansız yəhudi din rəhbərlərini rədd etdi. Buna görə də İsa onlara demişdi: «Allahın padşahlığı sizdən alınacaq və onun bəhrəsini gətirən xalqa veriləcək» (Mat. 21:43).

11, 12. a) Yehovanın birinci əsrdə yəhudiləri rədd edib başqa təşkilata xeyir-dua verdiyini nə sübut etdi? b) Allahın dəstəklədiyi təşkilat kimlərdən təsis olunub?

11 Eramızın birinci əsrində Yehova sədaqətsiz İsrail xalqını rədd etdi. Lakin bu o demək deyildi ki, daha Onun yer üzündə sədaqətli xidmətçilərindən ibarət təşkilatı olmayacaq. Artıq Yehovanın əli İsa Məsih və onun təlimləri üzərində qurulmuş yeni fəal təşkilatın üstündə idi. Bu təşkilat eramızın 33-cü ilinin Əllinci gün bayramından fəaliyyətə başladı. Həmin vaxt İsanın təxminən 120 şagirdi Yerusəlimdə bir yerə toplaşan zaman «qəflətən göydən şiddətli küləyin səsinə oxşar bir səs gəldi və oturduqları evi doldurdu». Sonra «onlar alovun dillərinə bənzər bir şey gördülər və bu dillər bölünüb hər birinin üzərinə qondu. Onların hamısı müqəddəs ruhla doldu və müxtəlif dillərdə danışmağa başladı, çünki bu qabiliyyəti onlara ruh verirdi» (Həv. iş. 2:1—4). Bu möcüzəvi hadisə Yehovanın yalnız Məsihin şagirdlərindən təşkil olunmuş yeni təşkilatın arxasında durduğunun danılmaz sübutu idi.

12 Bu əlamətdar gündə «üç minə yaxın adam» İsanın davamçılarına qoşuldu. Üstəlik, Yehova «hər gün xilas olanları onlara qoşurdu» (Həv. iş. 2:41, 47). Birinci əsrdəki müjdəçilərin fəaliyyəti o qədər səmərəli idi ki, «Allahın sözü vüsət alır, Yerusəlimdəki şagirdlərin sayı get-gedə artırdı. Hətta xeyli kahin də iman yoluna qoşulurdu» (Həv. iş. 6:7). Həqiqəti qəbul edən bir çox səmimi insanlar bu yeni təşkilatın üzvləri olurdular. Daha sonra Yehova «digər millətlərin adamlarının» məsihçi yığıncağına gəlməsinə yol açmaqla da bu təşkilatı dəstəklədiyini göstərdi. (Həvarilərin işləri 10:44, 45 ayələrini oxu.)

13. Allahın yeni təşkilatının işi nədən ibarət idi?

13 Allahın Məsihin davamçılarına hansı işi tapşırdığı göz qabağında idi. İsa vəftiz olunduqdan sonra «səmavi padşahlıq» haqda təbliğ etməklə bu məsələdə davamçılarına gözəl nümunə qoydu (Mat. 4:17). Bu işi görməyi şagirdlərinə də öyrətdi. İsa onlara dedi: «Yerusəlimdə, bütün Yəhudeya və Samariyada, hətta yerin ucqarlarınadək mənim şahidim olacaqsınız» (Həv. iş. 1:8). Məsihin erkən davamçıları onlardan nə gözlənildiyini yaxşı bilirdilər. Məsələn, Pavel və Barnaba Pisidiya bölgəsindəki Antakiyada onları təqib edən yəhudilərə cəsarətlə demişdi: «Allahın  sözü ilk növbədə sizə çatdırılmalı idi. Madam ki, siz bu sözü rədd etdiniz və özünüzü əbədi həyata layiq hesab etmirsiniz, biz digər millətlərə müraciət edirik. Yehova bizə belə əmr edib: “Mən səni millətlər üçün nur təyin etdim ki, yerin ucqarlarına qədər xilas gətirəsən”» (Həv. iş. 13:14, 45—47). Birinci əsrdən bəri Allahın təşkilatının yerüzü hissəsi insanlara Onun bəşəriyyətin xilası üçün gördüyü tədbirdən danışır.

ÇOXLARI HƏLAK OLSA DA, ALLAHIN XİDMƏTÇİLƏRİ SAĞ QALDI

14. Birinci əsrdə Yerusəlimin aqibəti necə oldu və kimlər sağ qaldı?

14 Ümumilikdə, yəhudilər xoş xəbəri qəbul etmədilər və fəlakətlə üzləşdilər. Bu fəlakət barədə İsa şagirdlərini xəbərdar etmişdi: «Yerusəlimi hərbi düşərgələrin mühasirəsində görəndə bilin ki, o, tezliklə viran olacaq. Onda qoy Yəhudeyada olanlar dağlara qaçsın, şəhərdəkilər oradan çıxsın və ətraf kəndlərdə olanlar şəhərə girməsin» (Luka 21:20, 21). İsa necə demişdisə, elə də oldu. Yəhudilər qiyam qaldırdığı üçün Roma ordusu eramızın 66-cı ilində Sestiy Qallın başçılığı altında Yerusəlimi mühasirəyə aldı. Ancaq həmin ordu qəflətən geri çəkiləndə İsanın davamçılarının Yerusəlim və Yəhudadan qaçmaq fürsəti yarandı. Tarixçi Yevsevinin verdiyi məlumata əsasən, çoxları İordan çayını keçib Pereya vilayətindəki Pella şəhərinə qaçdı. Eramızın 70-ci ilində Roma ordusu sərkərdə Titin başçılığı altında Yerusəlimə qayıdıb oranı işğal etdi. İsanın xəbərdarlığına qulaq asan sadiq məsihçilər isə sağ qaldılar.

15. Nələrə rəğmən, məsihçilik əsaslı surətdə yayıldı?

15 Çətinliklərə, təqiblərə və digər iman sınaqlarına baxmayaraq, Məsihin davamçıları birinci əsrdə məsihçiliyi əsaslı surətdə yaya bildilər (Həv. iş. 11:19—21; 19:1, 19, 20). Birinci əsrdəki bu məsihçilər Allahın xeyir-duası sayəsində ruhani cəhətdən çiçəklənmişdilər (Sül. məs. 10:22).

16. Ruhani cəhətdən ayaq üstə qalmaq üçün hər bir məsihçi nə etməlidir?

16 Ruhani cəhətdən ayaq üstə qalmaq üçün hər bir məsihçi özü səy göstərməli idi. Müqəddəs Yazıları dərindən araşdırmaq, ibadət görüşlərində müntəzəm iştirak etmək və Padşahlıq xəbərini canla-başla təbliğ etmək olduqca vacib idi. Keçmişdə olduğu kimi, indi də bütün bunlar ruhani sağlamlığımıza və Yehovanın xalqı ilə vəhdətdə olmağımıza kömək edir. Birinci əsrdə birlik içində, nizam-intizamla təşkil olunan yığıncaqlar nəzarətçilərin və xidməti köməkçilərin canla-başla etdiyi xidmətdən faydalanırdılar (Filip. 1:1; 1 Pet. 5:1—4). Pavel kimi, səyyar xidmətdə olan ağsaqqalların yığıncaqlara baş çəkməsi əsil bayram idi! (Həv. iş. 15:36, 40, 41). Maraqlısı odur ki, birinci əsrdəki məsihçilərin ibadəti ilə bizim ibadətimiz çox oxşardır. Qədimdə olduğu kimi, indi də Öz xidmətçilərini təşkil etdiyi üçün Yehovaya necə də minnətdarıq! *

17. Növbəti məqalədə nəyi müzakirə edəcəyik?

17 Şeytan dünyasının sonunun yaxın olduğu bu axır günlərdə Yehovanın vahid təşkilatının yerüzü hissəsi artan sürətlə irəli gedir. Bəs sən onunla ayaqlaşırsanmı? Ruhən inkişaf edirsənmi? Növbəti məqalədə bunları necə edə biləcəyin araşdırılacaq.

^ abz. 16 «Gözətçi qülləsi»nin 2002-ci il 1 oktyabr sayındakı «Məsihçilər ruhən və həqiqətən ibadət edirlər» və «Sadiq məsihçilər həqiqətdə yeriməyə davam edirlər» adlı məqalələrə bax. Allahın təşkilatının hal-hazırda mövcud olan yerüzü hissəsi barədə ətraflı məlumatı «Yehova Allahın müasir xalqı» adlı broşüradan əldə edə bilərsən.