Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) MAY 2014

 Bioqrafiya

Yehova, həqiqətən də, mənə dayaq oldu

Yehova, həqiqətən də, mənə dayaq oldu

Arvadım Evelinlə birgə qatarla Ontarionun (Kanada) şimalında yerləşən Hornepeyn qəsəbəsinə gəlib çıxdıq. Sübh tezdən hava şaxtalı idi. Bizi bir qardaş qarşıladı. Biz qardaş, arvadı və oğlu ilə birgə yaxşıca səhər yeməyi yeyəndən sonra qarlı havada evdən-evə təbliğ etdik. Günorta isə mən rayon nəzarətçisi kimi ilk məruzəmi söylədim. Bu görüşdə yalnız beşimiz idik, başqa heç kim gəlməmişdi.

DÜZÜNÜ DESƏM, 1957-ci ildə az adam qarşısında çıxış etməyim məni heç də narahat etmirdi. Çünki mən dəhşət utancaq idim. İnanın, uşaq vaxtı tanıdığım insanlar belə bizə qonaq gələndə utandığımdan ortaya çıxmırdım.

Amma desəm ki, Yehovanın təşkilatında aldığım təyinatların əksəriyyəti məni dostlarımın və digərlərinin əhatəsində olmağa məcbur edirdi, bəlkə də, təəccüblənərsiniz. Mən indiyə kimi utancaqlıqla və özünə inamsızlıqla mübarizə aparıram. Buna görə də aldığım təyinatlarda qazandığım uğurları öz adıma yaza bilmərəm. Əksinə, Yehovanın vədinin gerçəkliyinə əmin olmuşam: «Səni qüvvətləndirəcəyəm, sənə kömək edəcəyəm. Sadiq sağ əlimlə sənə dayaq olacağam» (Yeşaya 41:10). Yehovanın mənə dayaq olmasının ən bariz üsullarından biri həmimanlılarım vasitəsilə olub. İstəyirəm sizə uşaqlığımdan bəri mənə dayaq olan bəzi həmimanlılarımdan danışım.

O, MÜQƏDDƏS KİTABDAN VƏ BALACA QARA DƏFTƏRÇƏDƏN İSTİFADƏ EDİRDİ

Ontarionun cənub-qərbindəki həyətyanı sahəmizdə

Ontarionun cənub-qərbində həyət evimiz var idi. 1940-cı ilin günəşli bir bazar günündə Elsi Hantinqford  qapımızı döydü. Anam qapını açıb həmin qadınla söhbət edəndə atamla mən içəridə əyləşib onlara qulaq asırdıq. Onu da deyim ki, atam da mənim kimi yaman utancaq idi. Atam Elsi bacının alverçi olduğunu və anamın lazımsız bir şey alacağını düşündüyü üçün durub onların yanına getdi və bacıya bildirdi ki, biz heç nə istəmirik. Elsi bacı soruşdu: «Doğrudan, siz Müqəddəs Kitabı öyrənmək istəmirsiniz?» Atam cavab verdi: «O nə sözdür, bunu istəməmək olar?!»

Elsi bacının bizə gəlməyi lap yerinə düşdü. Belə ki, valideynlərim Kanadada aktiv kilsə üzvləri olmuşdular və bir qədər əvvəl onu tərk etmək qərarına gəlmişdilər. Çünki kilsənin dəhlizində kilsə xidmətçisi verdikləri məbləğə uyğun olaraq bütün pul verənlərin siyahısını asmışdı. Valideynlərim kasıb olduğu üçün onların adı, adətən, siyahıda sonuncu yerlərində yazılırdı. Kilsə başçıları onların daha çox pul vermələri üçün təzyiq göstərirdilər. Başqa bir kilsə xidmətçisi öz işini itirməmək üçün inanmadığı şeyi öyrətdiyini etiraf etmişdi. Buna görə də biz kilsədən uzaqlaşdıq, ancaq ruhani tələbatlarımızı təmin etməyin bir yolunu axtarırdıq.

Həmin vaxtlar Yehovanın Şahidlərinin fəaliyyəti Kanadada qadağa altında olduğundan, Elsi bacı bizimlə öyrənməni yalnız Müqəddəs Kitab və bəzi qeydlər apardığı qara bir dəftərçə vasitəsilə keçirdi. Amma sonralar onu dövlət məmurlarına satmayacağımıza əmin olanda bizə Müqəddəs Kitaba əsaslanan ədəbiyyatlar gətirməyə başladı. Hər öyrənməni bitirdikdən sonra biz ədəbiyyatları yaxşıca gizlədirdik *.

Valideynlərim öyrənməyə başlayırlar və 1948-ci ildə vəftiz olurlar

Təzyiq və çətinliklərə baxmayaraq, Elsi bacı xoş xəbəri canla-başla təbliğ edirdi. Onun əhval-ruhiyyəsi mənə güclü təsir bağışlamış və məni həqiqətə gəlməyə təşviq etmişdi. Valideynlərim Yehovanın Şahidi kimi vəftiz olandan bir il sonra mən özümü Allaha həsr etdim və 1949-cu il fevralın 27-də fermerlərin mal-qaraya su verdiyi dəmir novda vəftiz olundum. Onda mənim 17 yaşım vardı. Bundan sonra tammüddətli xidmətə başlamaq qərarına gəldim.

YEHOVA MƏNƏ CƏSARƏTLİ OLMAĞA KÖMƏK ETDİ

1952-ci ildə Bet-Elə dəvət alanda sevinmişdim

Pioner xidmətinə başlamağa ürək etmirdim. Çünki özümü inandırmışdım ki, pioner kimi xidmət edə bilim deyə əlimdə bir az pulum olmalıdır.  Buna görə də həm bankda, həm də ofisdə işləyirdim. Ancaq cavanlığın təcrübəsizliyi ucbatından maaşımı alan kimi başına daş salırdım. Ted Sarjent adlı bir qardaş məni qətiyyətli olub Yehovaya bel bağlamağa təşviq etdi (1 Saln. 28:10). Bu balaca təkan mənə 1951-ci ilin noyabr ayından pioner xidmətinə başlamağa kömək etdi. Həmin vaxt cibimdə 40 dollar pulum, köhnə velosipedim və yeni çantam var idi. Lakin Yehova məni əmin etmişdi ki, mənə bundan artığı lazım deyil. Məni pioner xidmətinə başlamağa təşviq edən Ted qardaşa o qədər minnətdaram ki! Bu, gələcək xeyir-dualara qapı açdı.

1952-ci ilin avqust ayının sonlarında bir axşamçağı Torontodan mənə zəng gəldi. Yehovanın Şahidlərinin Kanadadakı filialı məni sentyabr ayından Bet-Eldə xidmət etməyə dəvət etmişdi. Digər pionerlər Bet-El haqda çoxlu maraqlı şeylər danışdığından utancaq olmağıma və heç vaxt filialda olmamağıma baxmayaraq, məni maraq bürümüşdü. Ora ayaq basan gündən özümü evimdəki kimi hiss edirdim.

«QOY HƏMİŞƏ BACI-QARDAŞLAR ONLARIN QEYDİNƏ QALDIĞINI GÖRSÜNLƏR»

Bet-Elə gəldikdən qısa bir müddət sonra Torontodakı yığıncaqlardan birində Bil Yakos qardaşın əvəzinə yoldaşlıq xidmətçisi (hal-hazırda ağsaqqallar şurasının koordinatoru adlanır) təyin edildim. Həmin vaxt cəmi 23 yaşım var idi, özümü təcrübəsiz kəndçi hesab edirdim. Lakin Bil qardaş həlimliklə və məhəbbətlə nə etməli olduğumu göstərdi. Yehova, həqiqətən də, mənə dayaq idi.

Bəstəboy və gülərüz Bil qardaş insanlara maraq göstərirdi. O, bacı-qardaşları, bacı-qardaşlar da onu çox sevirdi. Bil qardaş onlara təkcə problemlərlə üzləşəndə yox, həmişə baş çəkirdi. Qardaş məni də bu cür davranmağa və xidmətdə bacı-qardaşlarla əməkdaşlıq etməyə təşviq etdi. O demişdi: «Ken, qoy həmişə bacı-qardaşlar onların qeydinə qaldığını görsünlər. Bu, onlara zəifliklərimizin üstündən keçməyə kömək edəcək».

MƏNİM VƏFALI HƏYAT YOLDAŞIM

1957-ci ilin yanvarından Yehova mənə xüsusi tərzdə kömək etməyə başladı. Həmin ay mən Evelinlə evləndim. O, Gilead məktəbinin 14-cü sinfini bitirmişdi. Evlənməzdən qabaq Evelin fransızdilli Kvebek əyalətində xidmət edirdi. O vaxtlar Kvebek əyaləti, əsas etibarilə, Roma katolik kilsəsinin nəzarəti altında idi. Buna görə də Evelinin işi yaman çətin idi, ancaq o, aldığı tapşırığa və Yehovaya sadiq idi.

1957-ci ildə Evelinlə ailə qurdum

Evelin mənə də sadiq idi (Efes. 5:31). Onun sadiqliyi biz evlənəndən dərhal sonra sınandı! Biz Floridaya (ABŞ) səyahət etməyi planlaşdırırdıq, lakin toyumuzdan bir gün sonra filial məndən Kanadadakı Bet-Eldə birhəftəlik təlim keçməyi mi xahiş etdi. Düzdür, bu görüş bizim planlarımızı yarımçıq qoydu, amma Evelin və mən Yehovanın bizdən istədiyi hər şeyi etməyə hazır idik. Buna görə də bal ayımızı yarımçıq saxladıq. Həmin bir həftə ərzində Evelin filialın yaxınlığında təbliğ xidmətində oldu. Bu ərazi Kvebekdən olduqca fərqlənsə də, o, əlindən gələni əsirgəmədi.

Həftənin sonuna yaxın mənə sürpriz edildi — Ontarionun şimalına rayon nəzarətçisi təyin edildim. Mən, 25 yaşlı təcrübəsiz təzəbəy, Yehovaya güvənib arvadımla yola düşdüm. Kanadada qışın oğlan çağında biz öz təyinatları üçün qayıdan təcrübəli səyyar nəzarətçilərlə bütün gecəni qatarda getdik. Onlar bizi elə ruhlandırdılar ki! Hətta onlardan biri bütün gecəni otura-otura narahat getməyək deyə öz çarpayısını bizə verdi. Növbəti gün, toyumuzdan cəmi 15 gün sonra, yuxarıda qeyd etdiyim kimi, Hornepeyndəki balaca qrupa baş çəkməyə başladım.

Həyatımızda çoxlu dəyişikliklər oldu. Vilayət nəzarətçisi kimi xidmət edərkən, 1960-cı ilin sonlarında mən 1961-ci ilin fevral ayından Bruklində (Nyu-York) keçirilməyə başlayacaq onaylıq Gilead məktəbinin 36-cı sinfinə dəvətnamə aldım. Sözsüz, mən çox sevinirdim, lakin Evelinin mənimlə birgə bu məktəbə dəvət olunmaması sevincimə kölgə saldı. Evelin onunla eyni vəziyyətdə olan digər bacılar kimi, ən azı, on ay ayrı qalmağa razı olduğunu bildirən məktub yazmalı idi. Evelin göz yaşlarını saxlaya bilmirdi, amma qərara gəldik ki, mən bu məktəbə getməliyəm. Evelin Gileadda olduqca dəyərli təlim alacağıma sevinirdi.

Bu vaxt ərzində Evelin Kanadadakı filialda xidmət edirdi. Otaq yoldaşı məsh olunmuş Marqarit Lavel bacı olduğu üçün o, özünü bəxtəvər sanırdı. Sözsüz ki, bir-birimiz üçün burnumuzun ucu göynəyirdi. Amma Yehovanın köməyilə bu müvəqqəti təyinatlarımızın öhdəsindən gələ bildik. Arvadımın Yehova və Onun təşkilatı üçün daha yararlı olmağımızdan ötrü birgə keçirə biləcəyimiz vaxtı qurban verməyə hazır olması mənə güclü təsir bağışladı.

Gilead məktəbində təlim aldığım üç ay idi ki, həmin vaxt ümumdünya fəaliyyətimizə rəhbərlik edən Neytan Norr qardaş mənə gözlənilməz bir təklif etdi. O, məndən Gilead məktəbini yarımçıq qoyub Kanadadakı filialda Padşahlıq Xidməti Məktəbinin müvəqqəti təlimatçısı olmağı xahiş etdi. Norr qardaş mənə dedi ki, bu təklifi qəbul etmək məcburiyyətində deyiləm. İstəsəm, Gilead məktəbini bitirib, bəlkə də, xüsusi təyinatlı müjdəçi təyin olunaram. O, həmçinin vurğuladı ki, işdir Kanadaya qayıdası olsam, ola bilsin, bir daha Gilead məktəbinə dəvət edilmədim və sadəcə Kanadada qalıb xidmətimi davam edirdim. Qardaş qərarı öhdəmə buraxdı ki, arvadımla məsləhətləşib bir nəticəyə gəlim.

Artıq Evelinin teokratik təyinatlara münasibətini bildiyim üçün mən dərhal Norr qardaşa  qərarımı bildirdim: «Biz Yehovanın təşkilatının istədiyi hər şeyi canla-başla etməyə hazırıq». Şüarımız həmişə bu olub: bizim nə istədiyimiz əsas deyil, Yehovanın təşkilatı hara təyin etsə, ora da gedəcəyik.

Beləcə, Padşahlıq Xidməti Məktəbini keçirmək üçün 1961-ci ilin aprel ayında Bruklindən Kanadaya qayıtdım. Daha sonra biz Bet-El xidmətinə başladıq. Sonra mənə bir dənə də sürpriz edildi, mən Gilead məktəbinin 1965-ci ildə keçiriləcək 40-cı sinfinə dəvət olundum. Lakin bir neçə həftədən sonra Evelin də bu məktəbə dəvət olunanda sevincimiz yerə-göyə sığmadı).

Gilead məktəbinə gələndən sonra Norr qardaş dedi ki, biz də daxil olmaqla, bütün fransızdilli tələbələr Afrikaya təyin olunacaq. Ancaq buraxılış günü biz yenidən Kanadaya təyin olunduq! Mən cəmi 34 yaşımda filial nəzarətçisi təyin olundum (indi filial komitəsinin koordinatoru adlanır). Norr qardaşa hələ çox cavan olduğumu bildirəndə o, ürəyimə su səpdi. Təyinatıma başladığım ilk gündən Bet-Eldə vacib qərarlar verməzdən əvvəl təcrübəli yaşlı qardaşlardan məsləhət almağa çalışırdım.

BET-EL — ÖYRƏNMƏK VƏ ÖYRƏTMƏK ÜÇÜN YER

Bet-El xidməti sayəsində başqalarından çox şey öyrəndim. Filial komitəsinin digər üzvlərinə hörmətlə yanaşır və onlara məftun idim. Ümumiyyətlə, həyatım boyu filialdakı və xidmət etdiyimiz yığıncaqlardakı yüzlərlə nümunəvi gənc və yaşlı bacı-qardaşlardan çox şey öyrəndim.

Kanadada Bet-El ailəsi üçün səhər ibadəti keçirərkən

Üstəlik, Bet-El xidməti mənə başqalarını öyrətmək və onların imanlarını möhkəmləndirmək imkanı verdi. Həvari Pavel Timoteyə demişdi: «Öyrəndiyin... şeylərə sadiq qal». O, həmçinin əlavə etmişdi: «Məndən eşitdiyin və bir çoxlarının şəhadət etdiyi şeyləri sadiq adamlara əmanət et ki, onlar da təlim vermək üçün yararlı olsunlar» (2 Tim. 2:2; 3:14). Hərdən həmimanlılarım məndən Bet-Eldə xidmət etdiyim 57 il ərzində nələr öyrəndiyimi soruşurlar. Mən bircə onu deyirəm: «Yehovanın təşkilatının çağırışına həvəslə və dərhal hay ver, Yehovanın həmişə imdadına çatacağına əmin ol».

Bet-Elə utancaq, təcrübəsiz gənc kimi gəlişim dünənki gün kimi yadımdadır. Bütün bu illər ərzində Yehova mənim sağ əlimdən tutub. Xüsusilə də bacı-qardaşlarımın qayğısı və köməyilə O, məni əmin etməyə davam edir: «Qorxma, sənə kömək edəcəyəm» (Yeşaya 41:13).

^ abz. 10 1945-ci il mayın 22-də Kanada hökuməti fəaliyyətimizə qoyduğu qadağanı aradan qaldırdı.