Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) MAY 2014

Xidmətdə qızıl qanunu unutma!try

Xidmətdə qızıl qanunu unutma!try

«İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla eləcə rəftar edin» (MAT. 7:12).

1. Xidmətdə insanlarla rəftarımız onlara necə təsir edir? Nümunə çək. (Məqalənin əvvəlindəki şəklə bax.)

BİR NEÇƏ il öncə bir məsihçi ər-arvad Ficidə insanları Məsihin ölümünün Xatirə gecəsinə dəvət etmək kampaniyasında iştirak etmişdi. Onlar bir qadınla evinin həyətində söhbət edərkən yağış başladı. Qardaş çətirin birini qadına verib özü arvadı ilə bir çətir altında dayandı. Həmin qadının Xatirə gecəsinə gəldiyini görəndə bu cütlük çox sevindi. Qadın bildirdi ki, o, qapısına gələn Yehovanın Şahidlərini dinləmirdi. Amma bu cütlüyün diqqətcilliyi ona təsir etdiyi üçün o, bu mərasimə gəldi. Bu cütlük «qızıl qanun» adlanan prinsipə əsasən davrandığı üçün belə gözəl nəticə əldə etmişdi.

2. Qızıl qanun nədir və ona necə riayət edə bilərik?

2 Qızıl qanun nədir? Bu, İsa Məsihin verdiyi əmrdir. O demişdi: «İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla eləcə rəftar edin» (Mat. 7:12). Biz bu əmrə iki yolla riayət edə bilərik. Birincisi, özümüzdən soruşmalıyıq: «Əgər mən qarşımdakı insanın yerində olsaydım, mənimlə necə rəftar edilməsini istəyərdim?» İkincisi, həmin  adamdan nə gözləyiriksə, o cür davranmaq üçün əlimizdən gələni etməliyik (1 Kor. 10:24).

3, 4. a) Nəyə görə qızıl qanunu yalnız həmimanlılarımızla münasibətə tətbiq etməməliyik? b) Bu məqalədə nəyi araşdıracağıq?

3 Çox vaxt biz qızıl qanunu həmimanlılarımızla münasibətdə tətbiq edirik. Lakin İsa göstəriş verməmişdi ki, biz yalnız imanımıza şərik olan insanlarla münasibətdə belə davranmalıyıq. Əslində, o, qızıl qanunu bütün insanlarla, hətta düşmənlərimizlə necə rəftar etməli olduğumuz haqda danışarkən xatırlatmışdı. (Luka 6:27, 28, 31, 35 ayələrini oxu.) Əgər biz qızıl qanunu düşmənlərimizlə rəftarımızda tətbiq etməliyiksə, onda təbliğ etdiyimiz və bəlkə də, «əbədi həyata düzgün meyli» olacaq kəslərlə münasibətdə daha çox tətbiq etməli deyilikmi? (Həv. iş. 13:48).

4 İndi isə gəlin xidmətdə olarkən nəzərə almalı olduğumuz dörd sualı müzakirə edək. Həqiqəti kiminlə bölüşürəm? Harada bölüşürəm? Nə vaxt bölüşürəm? Necə bölüşürəm? Bu suallar bizə təbliğ etdiyimiz adamların hisslərini nəzərə almağa və buna uyğun davranmağa kömək edəcək (1 Kor. 9:19 —23).

HƏQİQƏTİ KİMİNLƏ BÖLÜŞÜRƏM?

5. Özümüzə hansı sualları verməliyik?

5 Adətən, biz xidmətdə insanlarla fərdi olaraq söhbət edirik. Hər kəsin öz dərdi-səri var (2 Saln. 6:29). Kiminləsə həqiqəti bölüşəndə özümüzdən soruşmalıyıq: «Mən o insanın yerinə olsaydım, onun mənə necə münasibət göstərməsini istəyərdim? Onun mənə ümumi yanaşmasını istəyərdim, yoxsa fərdi?» Bu cür sualların üzərində düşünmək bizə hər kəsə fərdi yanaşmağa kömək edəcək.

6, 7. Xidmətdə qarşılaşdığımız adam aqressiv görünürsə, necə davranmalıyıq?

6 Heç kimin alnına «pis adam» damğası vurulmayıb. Məsələn, bir məsihçi kimi biz Müqəddəs Kitabın «qoy sözləriniz həmişə... ürəkaçan olsun» məsləhətinə riayət etmək üçün əlimizdən gələni edirik (Kolos. 4:6). Ancaq qeyri-kamil olduğumuz üçün hərdən peşman olacağımız sözlər deyirik (Yaq. 3:2). Ola bilsin, günümüz pis keçdiyi üçün kiminləsə sərt danışa bilərik, bu vaxt bizə «kobud» və ya «danışığını bilməyən» damğasının vurulmasını istəməzdik. Ümid edərdik ki, qarşımızdakı adam bizə anlayışla yanaşacaq. Bəs biz başqalarına qarşı elə bu cür olmalı deyilik?

7 Xidmətdə qarşılaşdığımız adam aqressiv görünürsə, yaxşı olardı ki, onu başa düşməyə çalışaq. Ola bilsin, işdə və ya məktəbdə onun kefinə soğan doğrayıblar. Yaxud o, ağır xəstəlikdən əziyyət çəkir. Adətən, əvvəl-əvvəl sərt münasibət göstərən adam Yehovanın xalqından özünə qarşı mülayimlik və hörmət görəndə münasibətini dəyişir (Sül. məs. 15:1; 1 Pet. 3:15).

8. Nəyə görə «hər cür adam»a xoş xəbəri təbliğ etməyə tərəddüd etməməliyik?

8 Biz xidmətdə hər cür insanla qarşılaşırıq. Məsələn, son bir neçə ildə «Gözətçi qülləsi» jurnalında dərc edilən «Müqəddəs Kitab həyatları dəyişir» rubrikasında 60-dan çox adamın həyat hekayəsi nəşr olunub. Bu rubrikada haqqında bəhs olunan adamlardan bəziləri keçmişdə oğru, sərxoş, quldur, narkoman, digərləri isə siyasətçi, din xadimi, biznesmen olublar. Elələri də olub ki, əxlaqsız həyat tərzi sürüb. Lakin onların hamısı xoş xəbəri eşidib, Allahın Kəlamını öyrənməyə razı olub, həyatlarını dəyişib, həqiqətə gəliblər. Buna görə də biz heç vaxt fikirləşməməliyik  ki, filankəs Padşahlıq haqqında müjdəni əsla qəbul etməyəcək. (1 Korinflilərə 6:9—11 ayələrini oxu.) Əksinə, biz «hər cür adam»ın xoş xəbərə hay verə biləcəyini qəbul edirik (1 Kor. 9:22).

HƏQİQƏTİ HARADA BÖLÜŞÜRƏM?

9. Nəyə görə başqalarının evinə hörmətlə yanaşmalıyıq?

9 Xoş xəbəri insanlarla harada bölüşə bilərik? Adətən, biz bunu onların evində edirik (Mat. 10:11—13). Başqaları bizim evimizə və şəxsi əşyalarımıza hörmətlə yanaşanda xoşumuza gəlir. Axı evimiz bizim üçün dəyərlidir. Evimizin təhlükəsiz olmasını və orada hər şeyin qoyduğumuz kimi qalmasını istəyirik. Bu səbəbdən, təbliğ etdiyimiz insana da eyni hörməti göstərməliyik. Yəni evdən-evə təbliğdə yaxşı olar ki, özümüzü onların evində necə apardığımıza fikir verək (Həv. iş. 5:42).

10. Xidmətdə başqalarını təlaşa salacaq hərəkətlərdən necə qaça bilərik?

10 Cinayətkarlıqla dolu dünyada əksər ev sahibləri tanımadıqları adamlardan ehtiyat edirlər (2 Tim. 3:1—5). Buna görə də biz onlarda şübhə oyadacaq hərəkət etməməliyik. Tutalım, biz hər hansı evə yaxınlaşıb qapını döyürük. Qapını açan yoxdursa, bizdə pəncərədən boylanıb və ya evin ətrafında gəzib ev sahibini axtarmaq istəyi yarana bilər. Səncə, belə hərəkət ev sahibini narahat etməz? Qonşular nə fikirləşər? Düzdür, biz təbliğ işinə məsuliyyətlə yanaşmalıyıq (Həv. iş. 10:42). Belə ki, biz xoş xəbər çatdırırıq və bunu yaxşı niyyətdən irəli gələrək edirik (Rom. 1:14, 15). Buna görə də təbliğ etdiyimiz ərazidə insanları təlaşa salacaq bir şey etməməliyik. Həvari Pavel yazmışdı: «Xidmətimizdə qüsur tapılmasın deyə, biz iman yolunda kimisə büdrədən bir iş görmürük» (2 Kor. 6:3). Sahəmizdə yaşayan insanların evinə və şəxsi əşyalarına hörmətlə yanaşdıqda davranışımız onlardan bəzilərinin həqiqətə gəlməsinə səbəb ola bilər. (1 Peter 2:12 ayəsini oxu.)

Gəlin həmişə ev sahibinin evinə və şəxsi həyatına hörmət etdiyimizi göstərək (10-cu abzasa bax)

HƏQİQƏTİ NƏ VAXT BÖLÜŞÜRƏM?

11. Biz başqalarının vaxtımıza hörmət etməsinə necə yanaşırıq və nə üçün?

11 Biz məsihçilərin bir dəqiqə də olsun boş vaxtı olmur. İşlərimizi çatdırmaq üçün biz vacib və təcili olanları əvvələ salır, qrafik qururuq (Efes. 5:16; Filip. 1:10). Qrafikimizə nə isə əngəl törədəndə, bu, bizi dilxor edir. Ancaq başqaları bizim vaxtımıza hörmət edəndə və onlara ayıra biləcəyimiz vaxtın məhdud olduğuna anlayışla yanaşanda bundan razı qalırıq. Bəs özümüz təbliğ etdiyimiz insanlarla qızıl qanuna uyğun necə davrana bilərik?

12. Sahəmizdəki insanlara həqiqəti çatdırmaq üçün ən münasib vaxtı necə müəyyənləşdirə bilərik?

12 İnsanlara həqiqəti çatdırmaq üçün ən münasib vaxtı müəyyən etməliyik. Bunun üçün özümüzdən soruşa bilərik: «Sahəmdəki insanlar, adətən, nə vaxt evdə olur? Onlarla nə zaman söhbət etmək rahat olar?» Qrafikimizi onlara uyğunlaşdırmağa çalışmalıyıq. Bəzi ərazilərdə evdən-evə təbliğ axşamüstü daha səmərəli olur. Bu, yaşadığın ərazidə də belədirsə, onda evdən-evə təbliğin, heç olmasa, bir neçəsini bu vaxta sala bilərsənmi? (1 Korinflilərə 10:24 ayəsini oxu.) Əmin ola bilərik ki, Yehova sahəmizdəki insanlara münasib vaxtda təbliğ etmək üçün çəkdiyimiz zəhməti mükafatlandıracaq.

13. Təbliğ etdiyimiz insana hörmət etdiyimizi necə göstərə bilərik?

 13 Hər bir insana hörmətlə yanaşdığımızı daha necə göstərə bilərik? Əgər insan bizi dinləyirsə, yaxşı şahidlik verməliyik, lakin, loru dillə desək, qır-saqqız olmamalıyıq. Ev sahibi həmin müddət ərzində vacib hesab etdiyi başqa işlərini də görə bilər. Əgər ev sahibi vaxtı olmadığını deyirsə, onda fikrimizi qısaca bildirəcəyimizi deməli və sözümüzün üstündə durmalıyıq (Mat. 5:37). Söhbətin sonunda, yaxşı olardı ki, ondan yenidən görüşməyimiz üçün münasib olan vaxtı soruşaq. Bəzi təbliğçilər belə deyirlər: «Mən sizinlə bir də görüşmək istəyərdim. Olar, gəlməzdən qabaq sizə xəbər vermək üçün zəng edim və ya mesaj yazım?» Qrafikimizi sahəmizdəki insanlara uyğunlaşdıranda «çox adamın xilas olması üçün [özünün] yox, başqalarının yaxşılığını [düşünən]» Pavelin nümunəsini təqlid etmiş oluruq (1 Kor. 10:33).

HƏQİQƏTİ NECƏ BÖLÜŞÜRƏM?

14—16. a) Nəyə görə gəlişimizin məqsədini ev sahibinə aydın bildirməliyik? Nümunə çək. b) Bir səyyar nəzarətçi söhbətə effektiv şəkildə necə başlayır?

14 Təsəvvür et, sənə kimdənsə zəng gəlir, amma sən onun səsini tanımırsan. Həmin yad adam səndən hansı yeməyi xoşladığını soruşur. Narahat ola bilərsən: görəsən, zəng edən kimdir, məqsədi nədir? Düzdür, ola bilsin, etika xatirinə onunla qısa danışacaqsan, amma eyham vuracaqsan ki, söhbəti bitirmək istəyirsən. İndi isə gəl bu hadisəyə  başqa tərəfdən baxaq. Zəng edən özünü təqdim edir və nəzakətlə bildirir ki, o, qida sənayesində çalışır və faydalı bir məlumat çatdırmaq istəyir. Ehtimal ki, onu diqqətlə dinləməyə çalışacaqsan. Hər şeydən savayı, kiminsə bizimlə açıq, eyni zamanda nəzakətlə söhbət etməsi xoşumuza gəlir. Bəs xidmətdə qarşılaşdığımız insanlara qarşı bu cür diqqətcil ola bilərikmi?

15 Bir çox yerlərdə biz gəlişimizin məqsədini ev sahibinə açıq bildirməliyik. Düzdür, biz onun bilmədiyi vacib xəbəri çatdırırıq. Amma tutalım, özümüzü təqdim etmədən söhbətə birbaşa: «Əlinizdə olsaydı, hansı problemi həll edərdiniz?» — sualı ilə başladıq. Biz bilirik ki, bu cür sualın məqsədi qarşımızdakı insanın fikrini müəyyən etmək və Müqəddəs Kitab əsasında söhbət etməkdir. Lakin ev sahibinə qəribə gələ bilər: «Bu kimdir? Niyə mənə belə sual verir? Nə olub, nə baş verir?» Deməli, çalışmalıyıq ki, ev sahibi özünü narahat hiss etməsin (Filip. 2:3, 4). Bəs bunu necə edə bilərik?

16 Bir səyyar nəzarətçi söhbətə effektiv başlamağın üsulunu tapıb. O, salamlaşdıqdan sonra «Həqiqəti öyrənmək istəyirsinizmi?» traktatının bir nüsxəsini ev sahibinə verib deyir: «Biz bu gün bütün qonşularınıza bu ədəbiyyatdan veririk. Burada bir çoxlarını narahat edən altı sual müzakirə olunur. Buyurun, bu da sizin üçün». Qardaş qeyd edir ki, gəlişimizin səbəbini bəri başdan deyəndə ev sahibi özünü rahat hiss edir. Beləcə, bu üsulla söhbəti davam etdirmək daha asan olur. Sonra səyyar nəzarətçi həmin adamdan soruşur: «Bu suallardan hansı sizi narahat edir?» Ev sahibi suallardan birini seçəndə qardaş traktatı açır və bu sualla bağlı Müqəddəs Kitabda nə deyildiyini araşdırır. Və ya ev sahibini çox incitməmək üçün özü bir sual seçib dərhal müzakirəyə başlayır. Əlbəttə, söhbətə başlamağın çoxlu üsulları var. Bəzi yerlərdə gəlişimizin məqsədini deməzdən öncə oranın mədəniyyətinə xas olan hansısa hərəkət bizdən gözlənilə bilər. Əsas odur ki, təqdiməmizi həmin insanların xoşuna gələcək şəkildə quraq.

XİDMƏTDƏ QIZIL QANUNA BAĞLI QAL

17. Məqalədə araşdırdığımız kimi, xidmətdə qızıl qanuna hansı üsullarla bağlı qala bilərik?

17 Deməli, hər kəsə fərdi yanaşmaqla, insanın evinə və şəxsi əşyasına hörmət etməklə, onun üçün münasib vaxtda gəlməklə, habelə yerli əraziyə münasib şəkildə söhbətə başlamaqla xidmətdə qızıl qanuna bağlı qaldığımızı göstərəcəyik.

18. Xidmətdə qızıl qanuna əsasən davransaq, mükafatımız nə olacaq?

18 Başqalarının bizimlə necə rəftar etməsini istəyiriksə, biz də sahədəki insanlarla o cür rəftar etməliyik. Bu, bizə bol mükafat gətirəcək. Mülayim və diqqətcil olmaqla nurumuz işıq saçır, Müqəddəs Kitab prinsiplərinin dəyərini nümayiş etdirir və səmavi Atamıza izzət gətiririk (Mat. 5:16). Xidmətdə insanlarla rəftarımız onları həqiqətə cəlb edə bilər (1 Tim. 4:16). Təbliğ etdiyimiz insanların Padşahlıq xəbərini qəbul edib-etməməsindən asılı olmayaraq, sevinirik ki, xidmətdə əlimizdən gələni edirik (2 Tim. 4:5). Gəlin hər birimiz növbəti sözləri deyən həvari Paveli təqlid edək. O yazmışdı: «Bütün bunları xoş xəbər uğrunda edirəm ki, onu başqalarına çatdıra bilim» (1 Kor. 9:23). Gəlin xidmətdə heç vaxt qızıl qanunu unutmayaq!