Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi (təlim nəşri)  |  aprel 2014

Cəsarətli ol. Yehova sənə dayaqdır!

Cəsarətli ol. Yehova sənə dayaqdır!

«Cəsarətlə [de]: “Yehova mənə dayaqdır”» (İBR. 13:6).

1, 2. Mühacirlərin əksəriyyəti evə qayıdanda hansı çətinliklərlə üzləşirlər? (Məqalənin əvvəlindəki şəklə bax.)

«XARİCDƏ yaxşı işdə işləyir, yaxşı da pul qazanırdım. Lakin Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı araşdırmağa başlayanda anladım ki, mənim daha vacib məsuliyyətim var: onların təkcə maddi ehtiyaclarını yox, ruhani ehtiyaclarını da ödəməliyəm. Buna görə də evə, ailəmin yanına qayıtmaq qərarına gəldim», — deyə Eduardo * bölüşür (Efes. 6:4).

2 Eduardo ailəsinin yanına qayıtmaqla Yehovanı razı saldığına əmin idi. Lakin əvvəlki məqalədə haqqında bəhs olunan Merilin kimi, Eduardo da ailəsi ilə münasibətini bərpa etmək üçün hələ çox çalışmalı, digər tərəfdən isə, ailəsini dolandırmaq üçün daşdan pul çıxartmalı idi. O, bunları necə edəcəkdi? Bəs həmimanlıları ona necə kömək edə bilərdi?

İBADƏTƏ VƏ AİLƏYƏ VURULAN ZƏRƏRİ ARADAN QALDIRMAQ

3. Valideynin yoxluğu uşaqlara necə təsir edir?

3 Eduardo ürəyini boşaldır: «Balalarım ata tərbiyəsinə və nəvazişinə daha çox ehtiyac duyduqları bir vaxtda mən onları bu şeylərdən məhrum qoymuşdum. Onlarla birgə nə Müqəddəs  Kitab hekayələri oxumuşdum, nə dua etmişdim, nə də onları bağrıma basıb oyunlar oynamışdım» (Qanun. t. 6:7). Onun böyük qızı Anna deyir: «Atam yanımızda olmayanda özümü yetim kimi hiss edirdim. O qayıdanda bizə onun yalnız üzü və səsi tanış idi. O, məni qucaqlayanda daxilimdə heç bir doğmalıq hissi yaranmadı».

4. Ərin yoxluğu ailədə başçılıq rolunu icra etməsinə necə təsir edir?

4 Atanın yoxluğu ailədə başçı kimi öz rolunu yerinə yetirməsinə də mane olur. Eduardonun arvadı Rubi deyir: «Mən uşaqlarım üçün həm ana, həm ata idim, ailəmizlə bağlı qərarların çoxunu özüm verməli olurdum. Eduardo evə qayıdanda ailə başçısına tabe olmağın nə demək olduğunu öyrənməli oldum. Hətta indi də hərdən özümə xatırladıram ki, başımın üstündə ərim var» (Efes. 5:22, 23). Eduardo əlavə edir: «Qızlarım nəsə etmək üçün ancaq analarından icazə alırdı. Bir valideyn kimi dərk edirdik ki, uşaqlarımıza daha yaxın olmalıyıq. Mən də məsihçiyə yaraşan tərzdə başçılığı öz üzərimə götürməyi öyrənməli idim».

5. Bir ata yoxluğunun vurduğu zərəri necə aradan qaldırmağa çalışdı və nəticəsi nə oldu?

5 Eduardo ailəsi ilə münasibətlərini düzəltməyə və onları ruhani cəhətdən möhkəmləndirməyə qəti qərarlı idi. O deyir: «Məqsədim o idi ki, həm sözdə, həm də əməldə, yəni sadəcə Yehovanı sevdiyimi deməklə yox, göstərməklə uşaqlarımı həqiqətə cəlb edim» (1 Yəh. 3:18). Bəs Yehova Eduardonun cəhdlərinə xeyir-dua verdimi? Anna cavab verir: «Onun yaxşı ata olmaq üçün əlindən gələni etməsi və yenidən bizə bağlanması ailəmizdəki ab-havanı əməlli-başlı dəyişdi. Onun yığıncaqda məsuliyyətlərə can atdığını görəndə fərəhlənirdik. Dünya bizi Yehovadan uzaqlaşdırmağa çalışsa da, valideynlərimizin həqiqətdən bərk-bərk yapışdıqlarını görəndə, biz də bu cür davranmağa çalışırdıq. Atam söz vermişdi ki, bir daha bizi tərk etməyəcək, elə sözünün üstündə də durdu. Əgər durmasaydı, bəlkə də, mən indi Yehovanın təşkilatında olmazdım».

MƏSULİYYƏTİ QƏBUL ETMƏK

6. Müharibə zamanı bəzi valideynlər nəyi dərk etdilər?

6 Bəzi nümunələr göstərir ki, Balkan müharibəsi zamanı həyat şəraiti çətin olsa da, oradakı məsihçilərin uşaqları xoşbəxt anlar yaşayırdılar. Çünki valideynləri işə gedə bilmədikləri üçün qalıb onlarla araşdırma aparır, oyunlar oynayır və daha çox ünsiyyət edirdilər. Bundan nə nəticə çıxarmaq olar? Uşağın puldan və ya hədiyyələrdən çox ata-anasının onun yanında olmasına ehtiyacı var. Həqiqətən də, Müqəddəs Kitabda deyildiyi kimi, valideynin təlim-tərbiyəsi uşağa daha çox xeyir gətirir (Sül. məs. 22:6).

7, 8. a) Evə qayıdan bəzi valideynlər hansı səhvə yol verirlər? b) Valideyn övladı ilə arasındakı soyuqluğu necə aradan qaldıra bilər?

7 Təəssüflər olsun ki, evlərinə geri qayıdan bəzi valideynlər uşağından soyuqluq görəndə belə deyirlər: «Adam naşükür olmaz, görmürsən, gecə-gündüz sənin üçün əlləşib-vuruşuram?» Lakin uşağın soyuq münasibət göstərməsinin səbəbi valideyninin onu qoyub getməsi ola bilər. Bəs valideyn vurduğu yaranı necə sağalda bilər?

8 İlk öncə, o, ailə üzvlərini daha yaxşı başa düşmək üçün Yehovadan kömək istəməlidir. Sonra ailəsi ilə söhbət edərkən problemin yaranmasında onun da payı olduğunu etiraf etməlidir. Belə ki, səmimi üzrxahlıq vəziyyəti yüngülləşdirə bilər. Həyat yoldaşı və övladları onun vəziyyəti düzəltmək üçün əlindən gələni etdiyini görəndə səmimiyyətinə inanacaqlar. İradəli və səbirli olmaqla o, tədricən ailəsinin məhəbbətini və hörmətini yenidən qazanacaq.

AİLƏNİN QEYDİNƏ QALMAQ

9. Nəyə görə ailənin qeydinə qalmaq üçün gecə-gündüz işləməyə ehtiyac yoxdur?

9 Həvari Pavel demişdi ki, əgər yaşlı məsihçilər korluq çəkərsə, onda uşaqları və nəvələri «valideynlərinə və nənə-babalarına qarşı övladlıq borcunu yerinə yetirsinlər». Lakin sonrakı ayələrdə Pavel bütün məsihçiləri təşviq edirdi ki, ailələrinin gündəlik ehtiyaclarını, yəni yemək, paltar və qalmağa yeri təmin etsinlər. Amma bu heç də o demək deyil ki, biz komfort həyat sürmək və ya gələcəkdə yağ-bal içində yaşamaq üçün dəridən-qabıqdan çıxmalıyıq. (1 Timoteyə 5:4, 8; 6:6—10 ayələrini oxu.) Ailənin qeydinə qalan məsihçi diqqətini tezliklə keçib gedəcək dünyada var-dövlət toplamağa cəmləməməlidir (1 Yəh. 2:15—17). Biz yol verməməliyik ki, «var-dövlətin aldadıcı qüvvəsi» və ya «həyatın qayğıları» ailəmizin Allahın salehliklə dolu yeni dünyasındakı «əsil həyatdan bərk-bərk [yapışmasına]» mane olsun (Mark 4:19; Luka 21:34—36; 1 Tim. 6:19).

10. Borca girməmək üçün necə müdrik davrana bilərik?

10 Yehova hamımızın pula ehtiyac duyduğunu yaxşı bilir. Lakin pul bizə ilahi müdriklik qədər sipər ola bilməz (Vaiz 7:12; Luka 12:15). Amma çox vaxt insanlar xaricdə işləməyin bədəlinin nə olacağına əhəmiyyət vermirlər. Üstəlik, zəmanət də yoxdur ki, hər xaricə gedənin əlinə pul gələcək. Əksinə, hər an adamın başına iş gələ bilər. Bu azmış kimi, mühacirlərin çoxu belinə külli-miqdarda borc yığıb qayıdır. Allaha gül kimi xidmət etmək əvəzinə, onlar borc yiyəsinə xidmət edirlər. (Süleymanın məsəlləri 22:7 ayəsini oxu.) Ona görə də, yaxşısı budur, bəri başdan borca girməyək.

11. Büdcə tərtib etmək maddi çətinliyin öhdəsindən gəlməyə ailələrə necə kömək edə bilər?

11 Eduardo bilirdi ki, həmişə ailəsinin yanında qala bilsin deyə pul məsələsində qənaətcil olmalıdır. O, arvadı ilə birgə əslində ehtiyac duyduqları şeylərin büdcəsini tərtib etmişdi. Onlar gördülər ki, indi əvvəlkinə nisbətən qat-qat az pul xərcləyirlər. Ailədə böyükdən-kiçiyə hamı çalışır ki, boş-boş şeylərə pul tökməsin *. Eduardo deyir: «Məsələn, mən uşaqlarımı özəl məktəblərdən çıxarıb, yaxşı təhsil verən dövlət məktəblərinə qoydum». Eduardo ruhani işlərə maneə olmayacaq bir iş tapmaq istəyirdi. Bunun üçün həm o, həm də ailəsi durmadan dua edirdilər. Bəs Yehova onların dualarına necə cavab verdi?

12, 13. Ailəsini dolandırmaq üçün bir ata hansı addımlar atdı və Yehova onun sadə həyat sürməklə bağlı verdiyi qərarı necə xeyir-dualandırdı?

12 Eduardo bölüşür: «İlk iki ili güclə dolanırdıq. Əlimdəki pul qurtarmaq üzrə idi, evə düz-əməlli pul gətirə bilmirdim, iş də məni yorub əldən salırdı. Lakin bir dəfə də olsun yığıncaq görüşünü buraxmırdıq, birgə xidmətə çıxırdıq». Eduardo onu aylarla, bəlkə də, illərlə ailəsindən ayıracaq işi ağlının ucundan belə keçirmirdi. O deyir: «Əksinə, mən müxtəlif peşələrə yiyələnirdim ki, birinə aid iş tapmayanda, o birisinin qulpundan yapışım».

Ailəni dolandırmaq üçün müxtəlif peşələrə yiyələnə bilərsənmi? (12-ci abzasa bax)

13 Eduardo borcunu hissə-hissə qaytarmalı olduğu üçün o, götürdüyü puldan əlavə faiz də ödəməli idi. O görürdü ki, ailəsini normal dolandırmaq üçün yerdə qalan az pul da kifayət edir. Yehova da valideynlərdən elə bunu gözləyir. Eduardo deyir: «İndi mən xaricdə qazandığımın heç 10 faizini də qazanmıram, amma ac qalmırıq. Doğrudan da, Yehovanın “əli qısa deyil”. Beləcə, biz pioner olmaq qərarına gəldik. Maraqlısı odur ki, bundan sonra pul sarıdan sıxıntılarımız daha da  azaldı, indi rahatca dolanırıq» (Yeşaya 59:1).

QOHUMLARIN TƏZYİQİNƏ TAB GƏTİRMƏK

14, 15. Ailələr maddi şeylərlə bağlı qohumların təzyiqinə necə tab gətirə bilərlər və onların gözəl nümunəsi nə ilə nəticələnə bilər?

14 Bir çox yerlərdə insanlar qohumlarına və dostlarına pul və hədiyyələr verməyi özlərinə borc bilirlər. Eduardo bölüşür: «Biz bölüşməyi xoşlayırıq, bu, mədəniyyətimizə xas olan bir şeydir». Lakin o əlavə edir: «Bunun da həddi var. Mən yaxın qohumlarıma nəzakətlə izah edirəm ki, öz ailəmin ruhani tələbatlarına və işlərinə xələl gətirməmək şərti ilə, gücüm çatanı sizin üçün edəcəm».

15 Evinə qayıdan mühacirlər, o cümlədən ailəsini qoyub xaricə getmək fürsətini əldən verənlər çox vaxt onların əlinə baxan qohumlarının qəzəbinə, qınağına, hətta təhqirlərinə tuş gəlir, «vecsiz» damğasını alırlar (Sül. məs. 19:6, 7). Eduardonun qızı Anna qeyd edir: «Bununla belə bəzi qohumlarımız ruhani işləri pula satmadığımızı görəndə əvvəl-axır məsihçi həyatının vacibliyini dərk edəcəklər. Yox əgər biz onların sözü ilə oturub dursaq, onlar çətin ki, bu qənaətə gəlsinlər. (1 Peter 3:1, 2 ayələri ilə müqayisə et.)

ALLAHA İMAN GƏTİRMƏK

16. a) İnsan «yanlış fikirlərə qapılıb» özünü necə aldada bilər? (Yaq. 1:22) b) Yehova hansı qərarlara xeyir-dua verir?

16 Ərini və uşaqlarını qoyub varlı ölkəyə iş dalınca gedən bacı ağsaqqallara belə demişdi: «Bura gəlməyim üçün biz çox şeydən keçməli olduq. Ərim hətta ağsaqqal kimi xidmətini dayandırmalı oldu. Mən ümid edirəm ki, Yehova burada işimi avand edəcək». Yehova yalnız imana əsasən verilən qərarlara xeyir-dua verir. Axı O, iradəsinə zidd gedən, xüsusilə də müqəddəs xidməti bada verən qərarlara necə xeyir-dua verə bilər? (İbranilərə 11:6; 1 Yəhya 5:13—15 ayələrini oxu.)

17. Nəyə görə biz Yehovanın rəhbərliyini qərar verməzdən öncə axtarmalıyıq və bunu necə edə bilərik?

17 Yehovanın rəhbərliyini qərar verməzdən öncə axtarmalısan, sonra yox. Duada Ondan müqəddəs ruh, müdriklik və rəhbərlik dilə (2 Tim. 1:7). Özündən soruş: «Hansı vəziyyətlərdə mən Yehovaya  tabe olmağa hazıram? Bəs təqiblər zamanı?» Yaxşı, bəs zəruri olan şeylərlə yaşamalı olsan, sən yenə də Yehovaya tabe olmağa hazırsan? (Luka 14:33). Ağsaqqallardan kömək istə və onların Müqəddəs Kitaba əsasən verdiyi məsləhətlərə uyğun davran. Bu yolla Yehovanı sənə kömək etmək vədinə etibar etdiyini göstərəcəksən. Düzdür, ağsaqqallar sənin yerinə qərar verə bilməzlər, ancaq sənə uzun müddət xoşbəxtlik gətirən qərar verməyinə kömək edə bilərlər (2 Kor. 1:24).

18. Ailənin qeydinə qalmaq məsuliyyəti kimin üzərindədir və hansı şəraitlərdə başqalarının onlara kömək etmək imkanı yarana bilər?

18 Yehova ailə başçısının üzərinə ailəsinin daim qeydinə qalmaq məsuliyyəti qoyub. Lakin biz çətinliklərə və təqiblərə baxmayaraq, arvad-uşaqlarını tərk etmədən bu məsuliyyəti icra edənləri tərifləməli və onlar üçün dua etməliyik. Gözlənilməz vəziyyətlərdə, məsələn, bədbəxtlik baş verəndə və ya tibbi yardıma ehtiyac duyduqları zaman bizim əsil məsihçi məhəbbətini təzahür etdirmək, bir-birimizin dərdinə şərik olmaq imkanımız var (Qalat. 6:2, 5; 1 Pet. 3:8). Bəs sən həmimanlına bədbəxtlik zamanı maddi yardım göstərə və ya yaşadığı ərazidə iş tapmasına kömək edə bilərsən? Belə etsən, onda onları ailələrini qoyub başqa yerdə iş axtarmaq məcburiyyətindən qurtarmış olarsan (Sül. məs. 3:27, 28; 1 Yəh. 3:17).

UNUTMA Kİ, YEHOVA SƏNƏ DAYAQDIR

19, 20. Nəyə görə məsihçilər Yehovanın onlara kömək edəcəyinə əmin ola bilərlər?

19 Müqəddəs Yazılar bizi təşviq edir: «Həyatınızda pulpərəstliyə yer qoymayın, əlinizdə olan şeylərlə qane olun, çünki Allah deyib: “Səni heç bir vəchlə atmaram və heç vaxt tərk etmərəm”. Buna görə də biz cəsarətlə deyirik: “Yehova mənə dayaqdır, əsla qorxmaram. İnsan mənə nə edə bilər?!”» (İbr. 13:5, 6). Bəs bunu əməldə necə göstərə bilərik?

20 İnkişaf etməkdə olan ölkələrin birində uzun müddətdir ağsaqqal kimi xidmət edən bir qardaş deyir: «Çox vaxt insanlar Yehovanın Şahidlərinin xoşbəxt xalq olduğu haqda ağızdolusu danışırlar. Onlar həmçinin qeyd edirlər ki, hətta kasıb Şahidlər də qəşəng geyinir və digərlərindən geri qalmırlar». Bu, İsanın Padşahlığı birinci yerə qoyanlara verdiyi vədə tam uyğun gəlir (Mat. 6:28—30, 33). Bəli, səmavi Atan Yehova səni sevir və həm sənin, həm də uşaqlarının yaxşılığını istəyir. «Rəbbin gözləri yer üzünü seyr edir ki, ürəyi bütünlüklə Onunla olanları qüvvətləndirsin» (2 Saln. 16:9). O, ailə həyatı və maddi tələbatlar da daxil olmaqla, həyatımızın hər sahəsinə dair faydalı göstərişlər verir. Bunlara uyğun yaşamaqla biz Onu sevdiyimizi və Ona etibar etdiyimizi göstərmiş oluruq. «Çünki Allahı sevmək Onun əmrlərinə riayət etmək deməkdir, Onun əmrləri isə ağır deyil» (1 Yəh. 5:3).

21, 22. Nə üçün sən Yehovaya etibar etməyə qəti qərarlısan?

21 Eduardo sözünə belə yekun vurur: «Arvad-uşağımdan ayrı düşdüyüm o illəri heç cür geri qaytara bilmərəm. Amma ömür boyu peşmançılıq hissi ilə də yaşamaq istəmirəm. Köhnə iş yoldaşlarım indi varlı olsalar da, xoşbəxt deyirlər. Ailələri problemlər içində boğulur. Amma mənim ailəm çox xoşbəxtdir. Ölkəmizdə hətta kasıb bacı-qardaşların ruhani işləri birinci yerə qoyduqlarını görəndə vəcdə gəlirəm. Hər birimiz İsanın vədinin həqiqət olduğunu öz həyatımızdan görürük». (Matta 6:33 ayəsini oxu.)

22 Cəsarətli ol! Yehovaya tabe olmağı və etibar etməyi seç. Qoy Allaha, həyat yoldaşına və uşaqlarına olan məhəbbətin səni ailən qarşısındakı ruhani işlərlə bağlı məsuliyyətini yerinə yetirməyə təşviq etsin. Onda sən də deyə biləcəksən: «Yehova mənə dayaqdır».

^ abz. 1 Adlar dəyişdirilib.

^ abz. 11 «Oyanın!» jurnalının 2011-ci il sentyabr sayındakı «Nəyə görə qənaətcil olmaq lazımdır?» adlı (rus.) məqaləyə bax.