Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) APREL 2014

 Bioqrafiya

Tammüddətli xidmətdə sorağım haralardan gəldi!

Tammüddətli xidmətdə sorağım haralardan gəldi!

65 illik tammüddətli xidmətimi gözümün qabağına gətirəndə deyə bilərəm ki, şad-xürrəm ömür sürmüşəm. Düzdür, kədərli, ruhdan düşdüyüm günlərim də olub (Məz. 34:12; 94:19). Ümumi götürdükdə isə, xeyir-dualı və mənalı həyat sürmüşəm!

1950-ci il sentyabrın 7-si Bruklindəki Bet-El ailəsinin üzvü oldum. Həmin vaxt orada yaşı 19—80 arası müxtəlif millətlərdən 355 bacı-qardaş xidmət edirdi. Onların əksəriyyəti məsh olunmuş məsihçilər idi.

YEHOVAYA XİDMƏTƏ BAŞLAYIRAM

10 yaşımda vəftiz olarkən

Mən «xoşbəxt Allah»a ibadət etməyi anamdan öyrənmişəm (1 Tim. 1:11). O, Yehovaya xidmət etməyə başlayanda mən hələ balaca idim. 1939-cu il iyulun 1-i Nebraska ştatının Kolumbus şəhərində (ABŞ) keçirilən zonal konqresdə (indi rayon konqresi adlanır) vəftiz olunanda on yaşım vardı. Təxminən yüz nəfər olan bizlər icarəyə götürülmüş balaca zala toplaşmışdıq və artıq Cozef Ruterford qardaşın «Faşizm, yoxsa azadlıq» adlı məruzənin audioyazısının yarısına qulaq asmışdıq ki, zalın həyətinə izdiham toplaşdı. Onlar zorla içəri girib görüşümüzü dayandırdılar və bizi oradan qovdular. Biz proqramın qalan hissəsinə qulaq asmaq üçün şəhərin yaxınlığında bir qardaşın evinə toplaşdıq. Mən vəftiz olunduğum o günü heç vaxt unuda bilmərəm!

Anam məni həqiqətdə böyütmək üçün əlindən gələni edirdi. Atam həm yaxşı insan, həm də yaxşı ata idi. Ancaq o, nə dinlə, nə də mənim ruhaniliyimlə maraqlanırdı. Anam və Omahadakı yığıncağın üzvləri mənə çox dəstək olublar.

SƏMTİMİ DƏYİŞİRƏM

Orta məktəbi bitirmək üzrə olanda özümə bir yol seçməli idim. Hər yay tətilində həmyaşıdlarımla birlikdə köməkçi pioner kimi xidmət edirdim.

Gilead Məktəbinin yeddinci sinfini təzəcə bitirmiş iki gənc subay qardaş — Con Çimiklis və Ted (Teodor) Yaraç bizim əraziyə səyyar xidmətə təyin olunmuşdular. Onların 20 yaşlarında olduqlarını biləndə çox təəccübləndim. Onda mənim 18 yaşım vardı və orta məktəbi bitirmək üzrə idim. Çimiklis qardaşın mənə həyatda hansı yolu seçəcəyimlə bağlı verdiyi sual hələ də qulağımda cingildəyir. Mən ona öz fikrimi bildirəndə o, məni təşviq etdi:  «Tammüddətli xidməti seçdiyin üçün sənə afərin! Heç vaxt ağlına belə gəlməz ki, sorağın haralardan gələcək». Bu sözlər və həmin qardaşların nümunəsi məndə dərin iz buraxmışdı. Beləliklə, 1948-ci ildə məktəbi bitirən kimi pionerliyə başladım.

BET-ELƏ GƏLİRƏM

1950-ci ilin iyul ayında valideynlərimlə birgə Nyu-Yorkun «Yanki» stadionunda keçirilən beynəlxalq konqresə yollandıq. Konqres zamanı Bet-Eldə xidmətlə maraqlananlar üçün görüşdə iştirak etdim. Sonra Bet-Eldə xidmət etmək istədiyimi məktubla bildirdim.

Atam işləməyib pionerlik etməyimə bir söz deməsə də, düşünürdü ki, az da olsa, evə pul gətirməliyəm. Bir avqust səhəri iş axtarmaq üçün evdən çıxmışdım ki, gözüm poçt qutumuza sataşdı. Orada Bruklindən mənə gələn məktub vardı. Məktub Neytan Norr qardaşdan idi. O yazmışdı: «Sənin Bet-El xidməti ilə bağlı etdiyin müraciətə baxıldı. Belə qənaətə gəldim ki, sən axıra kimi Bet-Eldə xidmət etmək istəyirsən. Buna görə də məmnuniyyətlə bildirirəm ki, 1950-ci il sentyabrın 7-dən etibarən, sən Bruklin (Nyu-York), Kolumbiya Hayts 124 ünvanındakı Bet-Elə dəvət olunursan».

Həmin gün atam işdən evə qayıdanda mən ona iş tapdığımı dedim. O dedi: «Əla! Bəs harada işləyəcəksən?» Dedim ki, «Bruklindəki Bet-Eldə, ayı 10 dollara». Atam məəttəl qaldı, lakin seçimimə hörmətlə yanaşıb uğurlar dilədi. Çox keçməmiş, 1953-cü ildə «Yanki» stadionunda keçirilən konqresdə atam vəftiz oldu!

Pioner əməkdaşım Alfred Nəsrullahla birlikdə

Xoşbəxtlikdən, birgə pioner kimi xidmət etdiyim Alfred Nəsrullah qardaşı da həmin vaxt Bet-Elə dəvət etmişdilər və biz ora birlikdə getdik. Sonralar o evləndi və arvadı Coanla birgə Gilead məktəbini bitirib Livana xüsusi təyinatlı müjdəçi təyinatı aldılar, daha sonra səyyar xidmət üçün Birləşmiş Ştatlara geri qayıtdılar.

BET-ELDƏKİ TƏYİNATLARIM

Bet-Eldə ilk təyinatım cildləmə şöbəsinə oldu. İşıq üzü görməsində iştirak etdiyim ilk nəşr «Din bəşəriyyət üçün nə edib?» kitabı idi. Bu şöbədə təxminən səkkiz ay xidmət etdikdən sonra məni Xidmət şöbəsinə təyin etdilər. Nəzarətçim Tomas Sallivan qardaş idi. Onunla işləmək və təşkilatda illər ərzində qazandığı təcrübə və bilikdən bəhrələnmək xoşuma gəlirdi.

Xidmət şöbəsində təxminən üç il işlədikdən sonra tipoqrafiyanın nəzarətçisi Maks Larson qardaş mənə dedi ki, Norr qardaş məni görmək istəyir. Fikirləşdim ki, yəqin nəyisə səhv etmişəm. Lakin Norr qardaş yaxın gələcəkdə Bet-Eli tərk etmək istəyib-istəmədiyimi soruşanda ürəyim yerinə gəldi. Çünki bir müddətlik ofisində ona köməkçi lazım idi və bilmək istəyirdi ki, mən bu təyinatı qəbul edə bilərəm, ya yox. Bet-Eli tərk etmək fikrində olmadığımı bildirdim. Və beləcə, düz 20 il onun ofisində xidmət etdim.

Mən dəfələrlə vurğulamışam ki, Sallivan və Norr qardaşla, eləcə də Milton Henşel, Klaus Jensen, Maks Larson, Hüqo Rimer, Qrant Syuter kimi qardaşlarla işlədiyim müddətdə yiyələndiyim bilikləri heç nə ilə ala bilməzdim *.

 Çiyin-çiyinə əməkdaşlıq etdiyim qardaşlar təşkilat naminə canla-başla çalışırdılar. Norr qardaş Padşahlıq işinin daha da vüsət alması üçün bütün gücünü səfərbər etmişdi. Ofisdəki əməkdaşları onunla asanlıqla fikir mübadiləsi apara bilirdilər. Hansısa məsələdə fikirlərimiz onunla haçalansa da, biz çəkinmədən öz fikrimizi deyirdik, o isə fikirlərimizə hörmətlə yanaşırdı.

Bir dəfə Norr qardaş mənə yüngül bir tapşırıq verdi. Sonra özünü nümunə çəkərək dedi ki, o, tipoqrafiyanın nəzarətçisi olanda Ruterford qardaş ona zəng edib demişdi: «Norr qardaş, nahara gələndə mənə bir neçə pozan gətirərsən. İş vaxtı mənə lazım olur». Norr qardaş dedi ki, onun etdiyi birinci iş anbardan pozan götürüb cibinə qoymaq oldu. Günorta isə aparıb onları Ruterford qardaşın ofisinə qoydu. Bu, xırda bir şey olsa da, Ruterford qardaş üçün lazımlı idi. Sonra Norr qardaş mənə dedi: «Mən istərdim ki, hər səhər masamın üstündə həmişə ucu qəddənmiş karandaşlar olsun. Əgər mümkünsə, bu işə sən bax». Uzun illər çalışdım ki, onun karandaşları qəddənmiş olsun.

Norr qardaş tapşırıq veriləndə diqqətlə dinləməyin vacibliyindən tez-tez söz açardı. Bir dəfə o, mənə hansısa bir işi necə görə biləcəyimi aydın başa salmışdı. Amma mən ona səthi qulaq asmışdım. Nəticədə, onu yarıtmadım. Mən xəcalət çəkirdim və qısaca məktub yazıb gördüyüm işə görə peşman olduğumu bildirdim və dedim ki, yaxşısı budur, məni başqa şöbəyə keçirəsən. Elə həmin gün Norr qardaş masama yaxınlaşıb dedi: «Robert, məktubunu oxudum. Düzdür, bu səhvi etmisən. Bu haqda sənə demişdim. Amma əminəm ki, indən belə daha diqqətcil olacaqsan. İndi gedək işləyək». İnsaniyyətinə görə ona minnətdar idim.

EVLƏNİRƏM

Artıq səkkiz il idi ki, Bet-Eldə xidmət edirdim. Fikrim-zikrim bu xidməti davam etdirmək idi. Lakin həyatımda dəyişən bir şey oldu. 1958-ci ildə «Yanki» və «Polo Qraunds» stadionlarında keçirilən beynəlxalq konqresdə Loren Bruks adlı bacını gördüm. Mən onunla 1955-ci ildə, o, Kanadanın Monreal şəhərində pioner kimi xidmət edəndə tanış olmuşdum. Onun tammüddətli xidmətə olan münasibəti və Yehovanın təşkilatında göstərdiyi hazırlıq ruhu məni valeh etmişdi. Lorenin məqsədi Gilead Məktəbini keçmək idi. O, 1956-cı ildə 22 yaşında bu məktəbin 27-ci sinfini keçdi və Braziliyaya xüsusi təyinatlı müjdəçi təyin olundu. 1958-ci ildə münasibətlərimizi bərpa etdik və o, mənim evlilik təklifimi qəbul etdi. Üzümüzə gələn ili evlənib xüsusi təyinatlı müjdəçi kimi xidmətimizi davam etdirməyi planlaşdırırdıq.

 Norr qardaşa niyyətimi bildirəndə o məsləhət gördü ki, biz üç ildən sonra evlənək və Bruklindəki Bet-Eldə xidmət edək. O vaxtlar ailə qurub Bet-Eldə xidmətlərini davam etdirmək istəyənlərdən biri nikaha kimi, ən azı, on il, digəri isə, heç olmasa, üç il orada xidmət etməli idi. Buna görə də biz ailə qurmazdan əvvəl Loren iki il Braziliyadakı, bir il də Bruklindəki Bet-Eldə xidmət etdi.

İlk iki ili biz ancaq məktublaşırdıq. Çox baha olduğu üçün zəngləşə bilmirdik, o vaxtlar e-mail də yox idi. 1961-ci il sentyabrın 16-sı ailə həyatı qurduq və nikah məruzəmizi Norr qardaşın söyləməsi bizim üçün şərəf idi. Düzünü desəm, gözlədiyim bir neçə il mənə bir ömür kimi gəlirdi. İndi isə geriyə, 50 ildən çox birgə keçirdiyimiz firavan və xoşbəxt həyatımıza baxanda deyə bilərik: «Nə yaxşı ki, tələsmədik!»

Toy günümüz. Soldan: Neytan Norr, Patrisiya Bruks (Lorenin bacısı), Loren və mən, Kurtis Conson, Faye və Roy Uollen (valideynlərim)

QARŞIMDA AÇILAN GENİŞ QAPI

1964-cü ildən mənə filiallar üzrə nəzarətçi məsuliyyəti həvalə edildi. Həmin dövrdə həyat yoldaşları öz ərləri ilə birgə bu cür səyahətlərə gedə bilmirdilər. 1977-ci ildə dəyişiklik edildi. Həmin il Lorenlə mən Almaniya, Avstriya, Yunanıstan, Kipr, Türkiyə və İsraildəki filiallara baş çəkmək üçün Qrant və Edit Syuter cütlüyü ilə əməkdaşlıq etdik. Ümumilikdə, mən dünyanın təxminən 70 ölkəsinə səyahət etmişəm.

1980-ci ildə bu cür səyahətlərin birində Braziliyanın ekvator xəttində yerləşən Belen şəhərinə gəlib çıxdıq. Vaxtilə Loren orada xüsusi təyinatlı müjdəçi kimi xidmət etmişdi. Yolüstü Manausdakı bacı-qardaşlara da baş çəkdik. Stadionda çıxış edərkən biz bir qrup insanın hamıdan ayrı əyləşdiyini gördük. Onlar digərləri kimi, nə öpüşüb görüşür, nə də əl verib salamlaşırdılar. Bu, bizə qəribə gəldi.

Bu dəyərli bacı-qardaşlar Amazonun rütubətli tropik meşəsində yerləşən cüzam dispanserindən gəlmişdilər. Ehtiyat üçün onlar digərləri ilə təmasda olmamağa çalışırdılar, amma ürəyimizə təmas etdilər. Onların üzündəki sevinci heç vaxt unutmayacağıq! Yehovanın sözləri həqiqətdir: «Qullarım şadlanıb mədhiyyələr söyləyəcək» (Yeşaya 65:14).

XEYİR-DUALI VƏ MƏNALI HƏYAT

Lorenlə mən Yehovaya altmış ildən çox etdiyimiz xidməti tez-tez yadımıza salırıq. Yehovanın təşkilatı vasitəsilə verdiyi göstərişlərə tabe olmaqla xeyir-dualar əldə etməyimiz bizi çox sevindirir. Bu ötən illər ərzində bütün dünyanı səyahət edə bilməsəm də, Rəhbərlik Şurasının köməkçisi kimi, gündəlik işlərimin öhdəsindən gəlirəm, Koordinatorlar komitəsi və Xidmət komitəsi ilə əməkdaşlıq edirəm. Ümumdünya qardaşlığı dəstəkləmək işində, az da olsa, əməyim olduğu üçün çox xoşbəxtəm. Bu gün də, Yeşaya kimi, «mən buradayam. Məni göndər» deyən çoxlu gənclərin tammüddətli xidmətdə iştirak etdiyini görmək bizi valeh edir (Yeşaya 6:8). İllər öncə rayon nəzarətçisinin mənə dediyi sözlərin doğruluğunu bu çoxsaylı gənclərin üzərində görürük: «Tammüddətli xidməti seçdiyin üçün sənə afərin! Heç vaxt ağlına belə gəlməz ki, sorağın haralardan gələcək».

^ abz. 20 Bu qardaşlardan bəzilərinin bioqrafiyalarını «Gözətçi qülləsi» jurnalının növbəti saylarında (ing.) tapmaq olar: Tomas Sallivan (15 avqust, 1965); Klaus Jensen (15 oktyabr, 1969); Maks Larson (1 sentyabr, 1989); Hüqo Rimer (15 sentyabr, 1964); Qrant Syuter (1 sentyabr, 1983).