Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi (təlim nəşri)  |  aprel 2014

Heç kim iki ağaya qulluq edə bilməz

Heç kim iki ağaya qulluq edə bilməz

«Heç kim iki ağaya qulluq edə bilməz... Siz həm Allaha, həm də sərvətə qulluq edə bilməzsiniz» (MAT. 6:24).

1—3. a) Bu gün çoxları hansı maddi çətinliklərlə üzləşir və bəziləri bunu necə həll etməyə çalışır? (Məqalənin əvvəlindəki şəklə bax.) b) Xaricə getməyi planlaşdıran valideynlərdə uşağın tərbiyəsi ilə bağlı hansı narahatçılıq yaranır?

«ƏRİM Ceyms hər gün işdən evə yorğun qayıdırdı, qazandığı pul isə gündəlik ehtiyaclarımızdan bir az çox olurdu», — deyə Merilin bölüşür *. «Mən isə onun yükünü yüngülləşdirmək və balamız Cimiyə sinif yoldaşlarında olan qəşəng-qəşəng şeylərdən almaq istəyirdim». Həmçinin Merilin öz qohumlarına əl tutmaq, eləcə də sabahkı gün üçün qırağa pul atmaq istəyirdi. Onun bir çox dost-tanışı daha çox pul qazanmaq üçün başqa ölkələrə getmişdi. Lakin o, özü belə seçim qarşısında duranda bütün hissləri bir-birinə qarışmışdı. Nəyə görə?

2 Merilin öz sevimli ailəsini və birgə gördükləri ruhani işləri qoyub getməkdən qorxurdu. Bununla belə, o fikirləşdi ki, başqaları da bir müddətlik xaricə gediblər, ailələrinə isə ruhani cəhətdən heç nə olmayıb. Lakin onu bir şey narahat edirdi: uzaqdan-uzağa Ciminin tərbiyəsi ilə necə məşğul olacaq? İnternet vasitəsilə oğluna «Yehovanın verdiyi tərbiyə və [öyüd-nəsihəti]» qəbul etməyə necə kömək edəcək? (Efes. 6:4).

3 Merilin məsləhət axtarırdı. Əri onun getməyini istəməsə də, bildirdi ki, onu dayandırmağa çalışmayacaq. Ağsaqqallar və yığıncağın digər üzvləri ona getməməyi məsləhət gördülər. Lakin bəzi bacılar xaricə getməsi üçün beynini doldurub  deyirdilər: «Ailəni sevirsənsə, getməlisən. Sən orada da Yehovaya xidmət edə bilərsən». Tərəddüd etməsinə baxmayaraq, Merilin Ceyms və Cimi ilə öpüşüb sağollaşdı və xaricə iş dalınca getdi. Söz verdi ki, tez qayıdacaq *.

AİLƏ MƏSULİYYƏTLƏRİ VƏ MÜQƏDDƏS KİTAB PRİNSİPLƏRİ

4. Nə üçün bir çoxları mühacir həyatı seçir və çox vaxt onların uşağının tərbiyəsi kimlərin boynunda qalır?

4 Yehova xidmətçilərinin yoxsulluq içində yaşamalarını və kasıbçılıqdan qurtulmağın ən qədim üsullarından biri olan köçəri həyat sürmələrini istəmir (Məz. 37:25; Sül. məs. 30:8). Qədimdə qəbilə başçısı Yaqub ailəsini aclıqdan qorumaq üçün oğullarını Misirə azuqə almağa göndərmişdi * (Yar. 42:1, 2). Bu gün bir çoxları mühacir həyatı acından öldükləri üçün seçmirlər. Ancaq, ola bilsin, səbəb onların borc içində üzmələridir. Başqaları isə sadəcə olaraq ailənin dolanışığını yaxşılaşdırmaq üçün bu addımı atırlar. Getdikcə pisləşən bu iqtisadi şəraitdə əksəriyyət didərgin düşüb ya öz ölkələrində, ya da xaricdə ailələrindən ayrı yaşayırlar. Çox vaxt körpələr valideynlərindən birinin, böyük bacı və ya qardaşın, nənə-babanın, digər qohumların və ya dostların himayəsinə buraxılır. Mühacir həyatı seçənlər üçün həyat yoldaşlarını və ya uşaqlarını qoyub getmək ağır gəlsə də, çoxu düşünür ki, başqa yolları yoxdur.

5, 6. a) İsa xoşbəxtlik və firavanlıq barədə nə öyrətmişdi? b) İsa davamçılarına nə haqda dua etməyi öyrətmişdi? c) Yehova bizi necə xeyir-dualandırır?

5 İsanın günlərində də bir çoxları kasıb və əlverişsiz şəraitlərdə yaşayırdı. Buna görə də onlara elə gələ bilərdi ki, xoşbəxtlik və firavanlıq yalnız və yalnız puldan asılıdır (Mark 14:7). Lakin İsa istəyirdi ki, onlar xoşbəxtliyi başqa yerdə, sonsuz zənginliyin Mənbəyi Yehovada axtarsınlar. Dağüstü təbliğində İsa əsil xoşbəxtliyin maddi şeylərdən və nailiyyətlərdən yox, insanın səmavi Atası ilə sıx münasibətindən asılı olduğunu göstərmişdi.

6 İsa nümunəvi duasında öyrətmişdi ki, biz maddi firavanlığımız üçün yox, «bu günlük [ruzimiz]», yəni gündəlik tələbatlarımız üçün dua etməliyik. İsa onu dinləyənlərə demişdi: «Özünüzə yerdə xəzinə toplamağa son qoyun... Əvəzində xəzinənizi göydə toplayın» (Mat. 6:9, 11, 19, 20). Əmin ola bilərik ki, Yehova söz verdiyi kimi ruzi-bərəkətimizi verəcək. Allahın xeyir-duası Onun sadəcə bizdən razı qaldığını bildirməsi demək deyil; Onun, əslində, ehtiyac duyduğumuz şeyləri bizə yetirmək üçün hərəkətə keçməsidir. Doğrudan da, əsil xoşbəxtliyin və firavanlığın yeganə açarı pula yox, qayğıkeş Atamıza güvənməkdir. (Matta 6:24, 25, 31—34 ayələrini oxu.)

7. a) Uşağın təlim-tərbiyəsini Yehova kimə həvalə edib? b) Nə üçün uşağın tərbiyəsi ilə hər iki valideyn məşğul olmalıdır?

7 «Allahın salehliyini... birinci yerə» qoymaq özünə ailə məsuliyyətlərinə Yehovanın gözü ilə baxmağı daxil edir. Musanın qanununda məsihçi valideynlərə ünvanlanan bir prinsip var: onlar övladlarına ruhani təlim-tərbiyə verməlidirlər. (Qanunun təkrarı 6:6, 7 ayələrini oxu.) Allah bu məsuliyyəti nə nənə-babanın, nə də bir başqasının üzərinə qoyub, bu məsuliyyət valideynlərin üzərindədir. Süleyman padşah demişdi: «Oğlum, ata tərbiyəsinə qulaq as, ananın öyrətdiklərini kənara atma» (Sül. məs. 1:8). Yehova nəzərdə tuturdu ki, uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün hər  iki valideyn onların yanlarında olmalıdır (Sül. məs. 31:10, 27, 28). Uşaqlar valideynlərinin hər gün Yehova haqda danışdıqlarına qulaq asanda və onların Yehovaya necə xidmət etdiklərini görəndə onlar da eyni şeyi etməyə can atırlar.

NƏZƏRƏ ALINMAMIŞ FƏSADLAR

8, 9. a) Valideynin ailəsini qoyub getməsi, adətən, hansı fəsadlar törədir? b) Ayrılıq uşağın mənəviyyatına və əxlaqına necə təsir göstərir?

8 Düzdür, çoxları xaricə getməzdən əvvəl riskləri və nələrdən keçəcəklərini ölçüb-biçməyə çalışırlar, lakin ailəni arxada qoyub getməyin törədəcəyi bütün fəsadları əvvəlcədən görmək mümkün olmur * (Sül. məs. 22:3). Məsələn, Merilin hələ təzəcə çıxıb getmişdi ki, ailəsindən ayrı qalmağın nə qədər ağrı gətirdiyini anladı. Əri və oğlu üçün də bu ayrılıq çox ağır idi. Balaca Cimi tez-tez anasından soruşardı: «Ana, niyə məni atıb getdin?» Merilinin bir neçə aylıq getsə də, illər ayları əvəz etdi. O, ailəsində qəribə bir dəyişiklik baş verdiyini sezirdi. Cimi get-gedə adamayovuşmaz olur və anasından soyuyurdu. Merilin içi qan ağlayaraq deyir: «Onun mənə olan məhəbbəti ölmüşdü».

9 Uşaqlar valideynlərinin himayəsində böyüməyəndə mənəvi və əxlaqi cəhətdən pozula bilərlər *. Belə ki, uşaq nə qədər balaca olsa və nə qədər ayrı qalsa, dəyən fəsadlar da bir o qədər çox olur. Merilin Cimiyə hər şeyi onun üçün etdiyini desə də, Cimi özünü atılmış hiss edirdi. Bir vaxt sonra isə anası onu görməyə gələndə Cimi anasını vecinə almadı. Tərk edilmiş digər uşaqlar kimi, Cimi də hesab edirdi ki, o artıq anasına tabe olmağa və onu sevməyə məcbur deyil. (Süleymanın məsəlləri 29:15 ayəsini oxu.)

Sən İnternet vasitəsilə balanı bağrına basa bilməzsən (10-cu abzasa bax)

10. a) Ayrılığı hədiyyələrlə unutdurmaq uşağa necə təsir edə bilər? b) Uzaqdan-uzağa uşaq böyütməyə çalışmağın mənfi cəhətləri nədir?

10 Merilin yoxluğunu pul və hədiyyələr göndərməklə unutdurmağa çalışırdı. Ancaq görürdü ki, oğlu ilə arasında uçurum yaranır və özü də hiss etmədən oğluna maddi şeyləri ruhani dəyərlərdən və ailə münasibətlərindən üstün tutmağı aşılayır (Sül. məs. 22:6). Cimi deyirdi: «Özün qayıtmasan da olar, əsas odur, hədiyyələrimi göndər». Merilin anladı ki, o, məktub yazmaq, zəng vurmaq və İnternetlə görüntülü ünsiyyət qurmaqla övlad böyüdə bilməz. O deyir: «Sən İnternet vasitəsilə balanı bağrına basıb, “yuxun şirin olsun” deyə bilməzsən».

Həyat yoldaşından ayrı qalmaq səni nəyə sürükləyə bilər? (11-ci abzasa bax)

11. a) İşə görə ailəni qoyub getmək nikahı nə hala salır? b) Bir bacı nəyin sayəsində ailəsinə qayıtmalı olduğunu dərk etdi?

 11 Merilinin Yehova ilə və əri Ceymslə münasibətləri heç də ürəkaçan deyildi. O, yığıncağa və xidmətə həftədə bir dəfə ya gedər, ya getməzdi. Hələ bu azmış kimi, bir tərəfdən də müdiri ona yaxınlıq təklif edirdi. Məsafə Merilinlə Ceymsi bir-birindən ayrı saldığı üçün onlar öz problemlərini başqaları ilə bölüşür və nəticədə, əxlaqsız təkliflər alırdılar. Merilin başa düşdü ki, nə o, nə də əri əxlaqsızlıq etməsə də, onlar ayrı yaşamaqla Müqəddəs Kitabın ər-arvadın bir-birinin emosional və cinsi tələbatlarını ödəmək göstərişinə zidd davranırlar. Əl-ələ tutmaq, qucaqlaşmaq, ər-arvadlıq borcunu yerinə yetirmək qalsın bir yana, onlar heç ürəklərindən keçən hissləri, sevgi sözlərini və təbəssümü bir-birinə ötürə bilmirdilər (Nəğmə. n. 1:2; 1 Kor. 7:3, 5). Onlar bir ailə kimi Yehovaya tam ibadət edə bilmirdilər. Merilin deyir: «Konqresdə Yehovanın böyük günündə xilas olmaq üçün ailəvi ibadətin vacib olduğunu eşidəndə anladım ki, mənim yerim ailəmin yanıdır. Mən ruhaniliyimi və ailə həyatımı yenidən dirçəltməyə başladım».

YAXŞI MƏSLƏHƏT VƏ PİS MƏSLƏHƏT

12. Ailəsindən ayrı düşənlərə Müqəddəs Kitabdan hansı məsləhət verilə bilər?

12 Merilinin evə qayıtmaq qərarına hərə bir cür yanaşdı. Yığıncağın ağsaqqalları onu imanına və cəsarətinə görə təriflədilər. Lakin həyat yoldaşlarını və ailələrini qoyub iş dalınca gələnlərdən bəziləri əks münasibət göstərdi. Onlar bacıdan nümunə götürmək əvəzinə, onu fikrindən daşındırmaq üçün deyirdilər: «İndi görərsən, çox keçməmiş geri qayıdacaqsan. Heç fikirləşmisən, necə dolanacaqsınız?» Amma əsil məsihçi insanı həvəsdən salan sözlər demək əvəzinə, «cavan gəlinlərə ərlərini və uşaqlarını sevməyi», öz evində «işli-güclü... olmağı» aşılamalıdır ki, «Allahın sözü bədnam edilməsin». (Titusa 2:3—5 ayələrini oxu.)

13, 14. Yehovanı ailənin istəklərindən üstün tutmaq üçün nəyə görə iman tələb olunur? Nümunə çək.

13 Əksər mühacirlərin böyüdüyü mədəniyyətdə adət-ənənə, ailə, xüsusilə də valideynlər qarşısında məsuliyyət hər şeydən vacib sayılır. Lakin Yehovanı razı salmaq üçün yerli adət-ənənəyə və ya ailəsinin arzularına qarşı durmağa məsihçiyə möhkəm iman gərəkdir.

14 Kerinin başına gələnlərə nəzər salaq: «Oğlum Don dünyaya gələn vaxt biz xaricdə işləyirdik və təzə-təzə Müqəddəs Kitabı öyrənməyə başlamışdım. Ailə üzvlərim gözləyirdilər ki, biz özümüzü tutana qədər Donu valideynlərimin yanına  göndərim». Kerin oğlunu özü böyütmək istədiyini deyəndə, əri də daxil olmaqla, qohumları onu tənbəl adlandırıb ələ saldılar. Kerin deyir: «Düzünü desəm, həmin vaxt mən Donu bir neçə illik valideynlərimin yanına göndərməkdə pis bir şey görmürdüm. Amma bilirdim ki, Yehova uşağımızı böyütmək məsuliyyətini bir valideyn kimi bizim üzərimizə qoyub». Kerin ikinci dəfə hamilə qalanda imanına şərik olmayan əri ondan abort etdirməyi tələb etdi. Əvvəl qəbul etdiyi düzgün qərar onun imanını möhkəmləndirmişdi və o, bu dəfə də Yehovanın qarşısında nöqsansızlığını qoruya bildi. Bu gün o, əri və uşaqları bir yerdə şad-xürrəm həyat sürürlər. Əgər Kerin uşaqlarından birini və ya hər ikisini böyütməyi başqalarına həvalə etsə idi, hər şey başqa cür olardı.

15, 16. a) Bir bacının uşaqlığı necə keçmişdi? b) O nəyə görə öz qızı ilə bağlı fərqli qərar vermişdi?

15 Viki adlı bir məsihçi bölüşür: «Kiçik bacımı valideynlərim böyütsə də, məni bir neçə il nənəm saxlayıb. Bir müddətdən sonra valideynlərim məni geri götürdülər, amma onları daha əvvəlki kimi sevə bilmirdim. Bacım isə valideynlərimizə daha çox bağlı idi, onları öpüb-qucaqlayır, onlardan çəkinmirdi. Amma mən valideynlərimi özümə doğma hiss edə bilmirdim. Hətta böyüyəndən sonra da onlara səmimi hisslərimi ifadə etmək mənə çətin gəlirdi. Bacım da, mən də valideynlərimizi əmin etmişdik ki, qocalanda onların qeydinə qalacağıq. Bacım bunu sevgidən irəli gələrək edəcəksə, mən bunu daha çox borc hissindən irəli gələrək edəcəyəm».

16 Viki davam edir: «İndi anam qızımı onun yanına göndərməyimi istəyir, necə ki, bir vaxtlar o, məni öz anasının yanına göndərmişdi. Ancaq mən nəzakətlə imtina etdim. Ərimlə mən uşağımızı Yehovanın yolunda böyütmək istəyirik. Və mən qızımla gələcək münasibətlərimi təhlükə altına atmaq istəmirəm». Viki əsil xoşbəxtliyin Yehovanı və Onun prinsiplərini maddi məqsədlərdən və ailənin istəklərindən üstün tutmaqla əldə olunduğunu öz təcrübəsindən gördü. İsa aydın şəkildə demişdi ki, «heç kim iki ağaya» — həm Allaha, həm də var-dövlətə qulluq edə bilməz (Mat. 6:24; Çıx. 23:2).

YEHOVA GÖSTƏRDİYİMİZ SƏYLƏRİ UĞURLU EDƏCƏK

17, 18. a) Nə məsihçinin öz əlindədir? b) Növbəti məqalədə hansı sualları araşdıracağıq?

17 Əgər biz Padşahlığı və Allahın salehliyini həyatımızda birinci yerə qoysaq, Yehova söz verir ki, ehtiyac duyduğumuz şeyləri əldə etməyimizə kömək edəcək (Mat. 6:33). Belə çıxır ki, hər şey məsihçinin öz əlindədir. Üzləşdiyimiz çətinliklərdən asılı olmayaraq, Yehovanı razı salmağın və Müqəddəs Kitab prinsiplərinə uyğun davranmağın necəsə bir yolu var və Yehova vəd edir ki, həmin «çıxış yolu»nu bizə göstərəcək. (1 Korinflilərə 10:13 ayəsini oxu.) Yehovanı «səbirlə gözlə»dikdə, müdriklik və rəhbərlik üçün dua edib «Ona güvən»dikdə, eləcə də Onun əmrlərinə və prinsiplərinə uyğun davrandıqda O, lazım gələni edəcək (Məz. 37:5, 7). Yehova Ona xidmətdə göstərdiyimiz səyləri xeyir-dualandıracaq. Əgər biz Onu birinci yerdə tutsaq, O, həyatımızı uğurlu edəcək. (Yaradılış 39:3 ayəsilə müqayisə et.)

18 Bəs ayrı yaşamağın vurduğu zərəri aradan qaldırmağa nə kömək edə bilər? Xaricə getmədən ailəmizi dolandırmaq üçün nə edə bilərik? Bu məsələdə başqalarını düzgün addım atmağa necə təşviq edə bilərik? Növbəti məqalədə bu sualların cavabını araşdıracağıq.

^ abz. 1 Adlar dəyişdirilib.

^ abz. 3 Bu məqalədə qadının iş dalınca getməsindən söz açılsa da, eyni prinsip kişilərə də şamil edilir.

^ abz. 4 Yaqubun oğulları hər dəfə Misirə gedəndə üç həftədən çox ailələrindən ayrı qalmırdılar. Misirə köçəndə isə Yaqub və oğulları arvad-uşaqlarını da özləri ilə aparmışdılar (Yar. 46:6, 7).

^ abz. 8 «Oyanın!» jurnalının 2013-cü il fevral sayındakı «Mühacirət — arzular və reallıq» adlı məqaləyə (rus.) bax.

^ abz. 9 Bəzi ölkələrdən gələn məlumatlara görə, xaricdə işləmək üçün həyat yoldaşından və uşaqlarından ayrı düşmək ciddi problemlərə gətirib çıxarır. Bu problemlərə bir və ya hər iki tərəfin xəyanəti, homoseksualizm, yaxın qohumlar və uşaqlar arasında cinsi əlaqə, özünüaparma və təhsillə bağlı problemlər, zorakılıq, stress, depressiya və ya intihar aiddir.