Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) MART 2014

Yaşlıların qayğısına qalın

Yaşlıların qayğısına qalın

«Əziz balalar, gəlin bir-birimizi sözdə və ya dildə yox, əməldə sevək və bunu səmimiyyətlə edək» (1 YƏH. 3:18).

1, 2. a) Bir çox ailələr hansı çətinliklərlə üzləşir və hansı suallar yaranır? b) Valideynlər və övladları şəraitin dəyişilməsinin gətirdiyi çətinliklərə necə hazırlaşa bilərlər?

BİR VAXTLAR gücü-qüvvəsi tükənməyən və heç kimdən asılı olmayan valideynlərin artıq özlərinə baxa bilmədiklərini görmək insanın ürəyini parçalayır. Ola bilsin, ana və ya ata yıxılıb omba sümüyünü sındırıb, yaxud yolu azıb və təlaş içindədir, ya da ki onda ağır bir xəstəlik tapılıb. Digər tərəfdən isə, yaşlılar sağlamlıqlarındakı dəyişikliklərlə və ya azadlıqlarını məhdudlaşdıran digər vəziyyətlərlə barışa bilmirlər (Əyyub 14:1). Bu məsələyə necə əncam çəkmək olar? Onların qayğısına necə qalmaq olar?

2 Yaşlıların qayğısına qalmaqla bağlı bir məqalədə deyilir: «Yaşlılığın gətirdiyi problemlər haqda müzakirə etmək çətin olsa da, qabaqcadan götür-qoy edən və planlaşdıran ailə baş verəcək hər şeyin öhdəsindən daha yaxşı gələ biləcək». Yaşlılığın gətirdiyi problemlər qaçılmazdır, buna görə də əvvəlcədən bu haqda oturub ətraflı söhbət etmək lazımdır. Qabaqcadan müəyyən tədbirlər görülməli və qərarlar verilməlidir. Gəlin ailələrin bəzi çətinliklərin öhdəsindən gəlmək üçün məhəbbətlə necə tədbir görə biləcəklərini araşdıraq.

 «PİS GÜNLƏR» ÜÇÜN TƏDBİR GÖRÜN

3. Yaşlı valideynlər daha çox köməyə ehtiyac duyanda ailə nə edə bilər? (Məqalənin əvvəlindəki şəklə bax.)

3 Elə olur ki, yaşlı insan artıq özünə baxa bilmir və başqasının köməyinə ehtiyac duyur. (Vaiz 12:1—7 ayələrini oxu.) Belə halda yaşlı valideynlər həddi-büluğa çatmış övladları ilə birgə onlara necə kömək göstərilməsi ilə bağlı ən düzgün qərarı verməli və münasib həll yollarını tapmalıdırlar. Adətən, yaxşı olar ki, bütün ailə yığışıb kimin nə etməli olduğunu, tələbatları və bunların necə həyata keçiriləcəyini müzakirə etsinlər. Hər kəs, eləcə də valideynlər fikirlərini açıq bildirməli və faktları olduğu kimi deməlidir. Onlar valideynlərin əlavə kömək olmadan öz evlərində sərbəst yaşamalarının mümkün olub-olmadığını müzakirə edə bilərlər *. Yaxud yaşlıların qayğısına qalmaq üçün hər bir qohumun köməyindən necə istifadə edə biləcəklərini götür-qoy edə bilərlər (Sül. məs. 24:6). Məsələn, kimlərsə yaşlının hər gün qulluğunda dura bilər, digərləri isə ona pul sarıdan köməklik göstərə bilər. Hər kəs öz işini bilməlidir, ancaq vaxt keçdikcə onun üzərinə düşən iş dəyişə bilər və görülən işləri yenidən nəzərdən keçirmək lazım gələ bilər.

4. Ailə üzvləri köməyi haradan tapa bilərlər?

4 Valideynlərinizin qayğısına qalmağa başladığınız andan onların vəziyyətindən daha çox halı olmağa çalışın. Əgər onlardan biri günü-gündən ağırlaşan bir xəstəliyə tutulubsa, qarşılaşa biləcəyiniz vəziyyətləri əvvəlcədən müəyyənləşdirin (Sül. məs. 1:5). Qocaların qulluğunda duran dövlət orqanları ilə əlaqə saxlayın. Sizin yükünüzü yüngülləşdirəcək və daha yaxşı qulluq göstərə biləcək qurumlarla maraqlanın. Ola bilsin, ailədəki vəziyyətin belə dəyişməsi sizdə xoşagəlməz hisslər, dilxorçuluq, gərginlik və ya təlaş yaratsın. Yaxın dostunuzla dərdləşin. Ən əsası isə, ürəyinizi Yehovaya boşaldın. O, sizə üzləşdiyiniz istənilən vəziyyətin altından çıxa bilməyiniz üçün qəlb rahatlığı verəcək (Məz. 55:22; Sül. məs. 24:10; Filip. 4:6, 7).

5. Nə üçün yaşlıların qeydinə qalmaqla bağlı məlumatları əvvəlcədən toplamaq yaxşı olardı?

5 Bəzi yaşlı insanlar və ailə üzvləri ağıllı iş görüb yaşlıların qeydinə qalmaqla bağlı məlumatları əvvəlcədən toplayırlar. Məsələn, valideynin öz oğlu və ya qızıgildə, yaxud qocalar evində yaşayacağı və ya yerli ərazi üçün münasib hallar müəyyənləşdirilir. Onlar «zəhmətlə, kədərlə» keçəcək günlərə əvvəlcədən nəzər salıb hazırlaşırlar (Məz. 90:10). Bununla belə, əksər ailələr əvvəlcədən heç bir tədbir görmür, ağır vəziyyətlə üzləşəndə ciddi qərarları tələm-tələsik verməli olurlar. Bir ekspert demişdi ki, bu, «belə qərarı vermək üçün ən pis vaxtdır». Bu cür ağır mühitdə ailə üzvləri gərgin ola və mübahisə yarana bilər. Ancaq əvvəlcədən görülmüş tədbir qanqaraçılıq salmadan dəyişiklik etməyə kömək edir (Sül. məs. 20:18).

Ailə tələbatların öhdəsindən gəlməklə bağlı yığışıb söhbət edə bilər(6—8-ci abzaslara bax)

6. Yaşlı valideynlərin harada və necə yaşayacaqları ilə bağlı müzakirənin onlara və övladlarına hansı faydası var?

6 Ola bilsin ki, sizin üçün valideynlərinizlə onların harada yaşayacaqları ilə bağlı məqamları və baş verə biləcək dəyişiklikləri müzakirə etmək çətindir. Lakin çoxları deyir ki, bu cür söhbətin sonralar onlara çox köməyi dəyib. Çünki onlar birliyin və anlayışın hökm sürdüyü bir ab-havada praktiki tədbirlər görməyə çalışıblar. Onlar görüblər ki, məhəbbət və xeyirxahlıqla əvvəlcədən fikir mübadiləsi aparmaq birlikdə qərar verməyi daha da asanlaşdırır. Hətta yaşlı valideynlər gücləri çatan qədər kiməsə yük olmaq istəmədiklərini desələr də, yaxşı olardı ki, işdir ehtiyac yaranarsa, hansı dəstəyi almaq istədiklərini əvvəlcədən bildirsinlər.

7, 8. Ailə hansı məsələləri müzakirə etməlidir və nə üçün?

 7 Valideynlər, bu cür müzakirə zamanı ailənizə öz istəklərinizi, maddi cəhətdən gücünüzün nəyə çatdığını və hansı variantları bəyəndiyinizi bildirin. Beləcə, siz öz fikrinizi bildirmək iqtidarında olmayanda əvvəlcədən bildirdiyiniz qərar ailənizə münasib qərarlar verməyə kömək edəcək. Çox ehtimal ki, ailəniz sizin fikirlərinizə hörmətlə yanaşacaq və çalışacaq ki, maraqlarınızı qorusun (Efes. 6:2—4). Məsələn, övladlarınızdan birinin sizi himayəsinə götürüb öz evində saxlamasını, yaxud başqa nəsə istəyirsinizmi? Hər şeyə real baxın və qəbul edin ki, hamı hər şeyi sizin kimi görmür və istər valideynə, istərsə də övlada düşüncəsində dəyişiklik etmək üçün vaxt lazımdır.

8 Hər bir kəs qəbul etməlidir ki, planlar cızanda və müzakirələr edəndə problemlərdən qaçmaq olar (Sül. məs. 15:22). Bura tibbi müdaxilə və sizin tutduğunuz mövqe haqqında müzakirə də daxildir. Bu kimi söhbətlər zamanı Yehovanın Şahidlərinin istifadə etdiyi «Tibbi müdaxiləyə dair bildiriş və etibarnamə» sənədinizdəki məqamlar da müzakirə edilməlidir. Hər bir kəsin ona ediləcək tibbi müdaxilə haqda əvvəlcədən məlumatlandırılmaq, nəyisə qəbul edib, nəyisə inkar etmək hüququ var. Əvvəlcədən verilmiş tibbi sənəd pasientin bu məsələ ilə bağlı istəyini bildirəcək. Tibbi müdaxilə ilə bağlı seçilən (qanuni olaraq mümkün və qəbul edilən ərazilərdə) etibarlı nümayəndə lazım gələrsə, düzgün qərarlar verə bilər. Hər ehtimala qarşı müvafiq sənədlərin surəti lazım olan şəxslərdə olsun. Bəziləri bu sənədin surətini digər vacib sənədlərin, məsələn, sığorta, bank və dövlət nümayəndələri ilə əlaqə sənədlərinin yanında saxlayır.

DƏYİŞƏN VƏZİYYƏTƏ UYĞUNLAŞIN

9, 10. Valideynlər uşaqlarının köməyinə nə vaxt daha çox ehtiyac duya bilərlər?

9 Əksər hallarda ailənin bütün üzvləri çalışır ki, yaşlı valideynlər, gücləri çatan qədər, özləri-özlərini idarə etsinlər. Ola bilsin, onlar bişirib-düşürməyi, silib-süpürməyi, dərman qəbul etməyi və əlaqə saxlamağı özləri bacarırlar. Buna görə də övladlarının onların gündəlik işlərinə nəzarət etmələrinə ehtiyac olmaya bilər. Lakin vaxt keçdikcə onlar sərbəst yeriyə, bazarlıq edə bilməyəndə, yaxud onlarda yaddaşsızlıq problemi yarananda oğul-uşağın köməyi lazım gəlir.

10 Ola bilsin, yaşlılar kimisə kiminləsə səhv salır və ya özlərinə qapılırlar. Eləcə də onlarda görmə, eşitmə, yadda saxlama və ya ayaqyoluna getmə problemləri yarana bilər. Ancaq, adətən, bu kimi problemləri müalicə götürməklə aradan qaldırmaq olur. Ona görə də bu problemlər üzə çıxan kimi həkimə müraciət etmək lazımdır. Belə məsələlərdə yaxşı olar ki, oğul-uşaq təşəbbüsü öz üzərinə götürsün. Hətta elə ola bilər ki, valideynlərin özlərinə aid gördüyü işləri bir müddət uşaqları onların yerinə görsünlər. Valideynlərinə ən yaxşı tərzdə kömək göstərmək üçün uşaqları onların adından danışa, yazı-pozu işlərini  həll edə və onları aparıb-gətirə bilərlər (Sül. məs. 3:27).

11. Dəyişikliyin xoşagəlməz təsirini necə azaltmaq olar?

11 Əgər valideynlərinizin problemləri öz həllini tapmırsa, onda, ola bilsin, onların qulluğunda durmaq və harada yaşayacaqları ilə bağlı dəyişikliklər etmək lazım gəlsin. Dəyişikliklər nə qədər az olsa, yaşlılar üçün onlara uyğunlaşmaq da bir o qədər asan olacaq. Valideynlərinizdən uzaqda yaşayırsınızsa, ola bilsin, həmimanlılardan və ya qonşulardan birinin onlara müntəzəm baş çəkməsi və ailə üzvlərindən birinə onlar barədə xəbər verməsi kifayət edər. Bəlkə də, valideynləriniz yalnız yemək bişirmək və ev yığışdırmaq məsələsində köməyə ehtiyac duyur. Görüləcək xırda dəyişikliklər onlara evin içində hərlənmək, çimmək və digər məsələlərdə rahatlıqlarını və təhlükəsizliklərini təmin edə bilər. Ola bilsin, yaşlılar özlərini sərbəst hiss etmək üçün öz evlərində kömək göstərilməsini istəyirlər. Ancaq əgər onlar özlərinə tam baxa bilmirlərsə, yaxşısı budur onlara daha tez-tez kömək göstərilsin. Hər bir halda, yerli ərazidə əlçatan xidmətləri müəyyənləşdirməyə çalışın *. (Süleymanın məsəlləri 21:5 ayəsini oxu.)

BƏZİLƏRİ ÇƏTİNLİYİN ÖHDƏSİNDƏN NECƏ GƏLİR?

12, 13. Uzaqda yaşayan övladlar öz valideynlərinə hörmət etdiklərini və onların qayğısına qaldıqlarını necə göstərə bilərlər?

12 Sevən övlad valideynlərinin rahatlığını düşünür. Valideynlərinin qayğıdan məhrum olmadığını bilmək övladlarına qəlb rahatlığı verir. Yetkin yaşa çatmış əksər övladlar üzərlərində olan digər məsuliyyətlərə görə öz valideynlərinin yaxınlığında yaşaya bilmirlər. Belə hallarda bəziləri valideynlərinə baş çəkmək və qulluqlarında durmaq üçün istirahət günlərindən istifadə edir və artıq onların gücü çatmayan işləri görürlər. Müntəzəm, hətta mümkünsə, hər gün zəng etmək, məktub yazmaq, e-mail göndərmək onları sizin sevginizə əmin edəcək (Sül. məs. 23:24, 25).

13 Hər bir halda, valideynlərinizin gündəlik hansı qayğıya ehtiyacları olduğunu müəyyən etmək lazımdır. Əgər siz valideynlərinizdən uzaqda qalırsınızsa və onlar Yehovanın Şahididirsə, onların yığıncağının ağsaqqalları ilə məsləhətləşə bilərsiniz. Həmçinin bu məsələ ilə bağlı Yehovaya dualar etməyi də unutmayın. (Süleymanın məsəlləri 11:14 ayəsini oxu.) Hətta valideynləriniz Yehovanın Şahidi olmasalar da, «ata-anana hörmət et» əmrinə tabe olun (Çıx. 20:12; Sül. məs. 23:22). Düzdür, bütün ailələr eyni qərarları verməyəcək. Məsələn, bəziləri yaşlı valideyninin ya öz evlərinə, ya da özlərinə yaxın yerə köçməsinin qayğısına qalırlar. Ancaq bu həmişə mümkün olmur. Bəzi valideynlər öz yetkin övladları və onların ailələri ilə birgə yaşamaq istəmirlər; onlar sərbəst olmağa üstünlük verirlər və kiməsə yük olmaq istəmirlər. Ola bilsin, bəzi valideynlərin imkanı öz evlərində yaşamaq şərtilə, ödənişli xidmətlərdən yararlanmağa çatır (Vaiz 7:12).

14. Üzərinə daha çox məsuliyyət düşən adamın hansı problemləri yarana bilər?

14 Əksər ailələrdə valideynlərin qayğısına qalmaq məsuliyyəti, əsas etibarilə, onlara ən yaxın yaşayan oğlun və ya qızın üstünə düşür. Lakin onlar valideynlərinin qayğısına qalmaqla ailələrinin qayğısına qalmaq arasında balansı qorumalıdırlar. Belə ki, hamının vaxtı və gücü məhduddur. Valideynlərin qayğısına qalan adamın vəziyyəti dəyişə və görülmüş müəyyən tədbirlərə yenidən göz gəzdirmək lazım gələ bilər. Ailə üzvlərindən birinin üzərinə həddən artıq çox iş düşür? Bəs o biri uşaqlar  da növbələşərək valideynlərin qayğısına qalmağa kömək edə bilərlər?

15. Qayğı göstərən adamın əldən düşməməsi üçün nə etmək olar?

15 Əgər yaşlı valideyn daimi köməyə ehtiyac duyursa, onun qayğısına qalan adam tamam əldən düşə bilər (Vaiz 4:6). Valideynlərini sevən övladlar onlar üçün əllərindən gələni etməyə çalışırlar, lakin ardı-arası kəsilməyən ehtiyaclar insanı əzə bilər. Belə vəziyyətdə olan insan gərək hər şeyə real yanaşsın və kömək istəməyə çəkinməsin. Əgər valideynlərin qayğısına köməkli şəkildə qalınsa, yaşlıların qocalar evinə ehtiyacı qalmaz

16, 17. Yaşlı valideynlərinə baxan övladlar hansı çətinliklərlə üzləşə bilərlər və onlar bunun öhdəsindən necə gələ bilərlər? («Göstərdiyiniz qayğı qiymətləndirilir» adlı çərçivəyə baxın.)

16 Əziz valideynlərimizin qocalığın ağrılarından əzab çəkməsini görmək insanın ürəyini parçalayır. Valideynlərinin qayğısına qalan əksər insanlar bəzən kədər, qorxu, məyusluq, əsəb, özünü qınama, hətta qəzəb hissi keçirə bilərlər. Hərdən yaşlı valideynlər xoşagəlməz sözlər deyə və ya naşükürlük edə bilərlər. Belə olan hallarda o saat inciməyin. Bir psixoloq deyir: «Sizdə yaranan istənilən hisslərin, xüsusilə də mənfi hisslərin öhdəsindən gəlmək üçün əvvəlcə onlarla barışmağa çalışın. Daxilinizdə yaranan hisslərə görə özünüzü asıb-kəsməkdən qaçın». Keçirdiyiniz hissləri həyat yoldaşınızla, ailədə başqa kiminləsə və ya yaxın dostunuzla bölüşün. Bu cür ünsiyyət sizə emosional vəziyyətinizi tənzimləməyə kömək edəcək.

17 Elə vaxt gələ bilər ki, ailənin artıq öz sevimli valideyninə ev şəraitində baxmağa nə imkanı çatsın, nə də gücü. Ola bilsin, ona qocalar evində göstərilə biləcək xüsusi qulluq lazım gəlsin. Bir məsihçi bacı demək olar ki, hər gün qocalar evində anasına baş çəkirdi. O, öz ailəsi adından deyir: «Biz artıq anama 24 saat ərzində ehtiyac duyduğu qayğını göstərə bilmirdik. Onun qayğısına qocalar evində qalınmasına qərar vermək çox çətin oldu. Bu, emosional cəhətdən olduqca ağır idi. Ancaq bu qərar həyatının son aylarında anamın yaxşılığı üçün atılan ən düzgün addım idi və o, özü də bununla razı idi».

18. Yaşlıların qayğısını çəkənlər nəyə əmin ola bilərlər?

18 Valideynlərinizin qeydinə qalmaqla bağlı məsuliyyətlər çətin və emosional cəhətdən yorucu ola bilər. Yaşlıların qeydinə qalmaq məsələsində konkret qaydalar yoxdur. Bununla belə, müdrik plan cızmaqla, ağılla əməkdaşlıq etməklə, məsləhətləşməklə və ən əsası, ürəkdən dua etməklə siz sevdiyiniz insanlar qarşısında hörmət etmək borcunuzu yerinə yetirə biləcəksiniz. Belə etsəniz, əmin ola bilərsiniz ki, onlara ehtiyac duyduqları qayğını və diqqəti göstərirsiniz. (1 Korinflilərə 13:4—8 ayələrini oxu.) Ən vacibi isə, siz Yehovanın öz valideynlərinə hörmət edənlərə verəcəyi xeyir-duaları və qəlb rahatlığını dadacaqsınız (Filip. 4:7).

^ abz. 3 Valideynlərin övladları ilə yaşayıb-yaşamayacağı yerli mədəniyyətdən asılıdır. Bəzi ərazilərdə yaşlı valideynlərin yetkin yaşa çatmış övladları ilə yaşaması normal, hətta məqbul hesab edilir.

^ abz. 11 Əgər valideyniniz öz evində yaşayırsa, əmin olun ki, onun qayğısına qalan etibarlı adamların gözlənilməz hadisələr üçün öz açarları var.