Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) MART 2014

Müsbət əhval-ruhiyyəni necə qorumaq olar?

Müsbət əhval-ruhiyyəni necə qorumaq olar?

«Əgər insan uzun ömür sürürsə, qoy sevinclə yaşasın» (VAİZ 11:8).

1. Yehovanın verdiyi hansı nemətlər bizi xoşbəxt edir?

YEHOVA bizim xoşbəxt olmağımızı istəyir və bunun üçün də üzərimizə bol-bol nemətlər yağdırır. Bu nemətlərdən biri bizim həyatımızdır. Allah bizi həqiqi ibadətə cəlb etdiyi üçün elə yaşamalıyıq ki, Onu şərəfləndirək (Məz. 144:15; Yəh. 6:44). Yehova bizi Öz məhəbbətinə əmin edir və Ona xidmət edərkən dözümlü olmağa kömək edir (Yer. 31:3; 2 Kor. 4:16). Biz bol ruhani qidanın və qardaşlıq məhəbbətinin olduğu ruhani cənnətdə yaşayırıq. Bütün bunlardan əlavə, bizim gələcəyə möhtəşəm ümidimiz var.

2. Allahın bəzi sadiq xidmətçilərində hansı hisslər yaranır?

2 Sevinmək üçün bu kimi səbəblər olmasına baxmayaraq, Allahın bəzi sadiq xidmətçilərində özləri haqda mənfi fikirlər yaranır. Ola bilsin, onlara elə gəlir ki, nə onlar, nə də onların xidməti Yehova üçün elə də dəyərli deyil. Ürəyində bu kimi mənfi hisslər bəsləyən insan üçün «uzun ömür [sürüb]» sevinclə yaşamaq fikri xülya kimi görünə bilər. Həyat onlar üçün ardı-arası kəsilməyən qara günlər kimi görünə bilər (Vaiz 11:8).

3. Mənfi fikirlərin yaranmasına nələr səbəb ola bilər?

3 Bu bacı və ya qardaşlarda mənfi fikirlərin yaranmasının səbəbi məyusluq, xəstəlik və ya qocalığın bəzi əlamətləri ola bilər  (Məz. 71:9; Sül. məs. 13:12; Vaiz 7:7). Bundan əlavə, biz məsihçilər etiraf etməliyik ki, ürək hiyləgərdir və Allah bizdən razı olduğu bir halda o, bizi qınaya bilər (Yer. 17:9; 1 Yəh. 3:19, 20). İblis Allahın xidmətçilərini yalandan ittiham edir. Şeytanın düşüncə tərzinə malik olan insanlar bizə vəfasız Elifazınkına oxşar fikirlə, yəni bizim Allahın gözündə heç bir dəyərə malik olmadığımız fikri ilə təsir edə bilər. Bu fikir Əyyubun günlərində olduğu kimi, bizim günlərdə də cəfəngiyatdır (Əyyub 4:18, 19).

4. Bu məqalədə nəyi müzakirə edəcəyik?

4 Yehova Öz Kəlamı vasitəsilə aydın göstərir ki, «ölüm kölgəsinin dərəsində [gəzən]» heç bir bəndəsini tərk etməyəcək (Məz. 23:4). Məsələn, Yehova bizə Öz Kəlamı vasitəsilə dəstək olur. Müqəddəs Kitab «Allahın sayəsində güclü istehkamları», o cümlədən yanlış təsəvvürləri və mənfi fikirləri «yıxmağa qadir»dir (2 Kor. 10:4, 5). Buna görə də gəlin görək müsbət əhval-ruhiyyəni artırmaq və qorumaq üçün Müqəddəs Kitabdan necə faydalana bilərik. Bunun həm özünüzə faydası olacaq, həm də başqalarını ruhlandırmağınıza kömək edəcək.

MÜQƏDDƏS KİTAB VASİTƏSİLƏ MÜSBƏT ƏHVAL-RUHİYYƏYƏ YİYƏLƏN

5. Müsbət əhval-ruhiyyəyə malik olmaq üçün hansı yoxlamanı apara bilərik?

5 Həvari Pavelin vurğuladığı bəzi məqamlar bizə müsbət əhval-ruhiyyəyə malik olmağa kömək edə bilər. O, Korinf yığıncağını təşviq edirdi: «İman yolunda olub-olmadığınızı daima yoxlayın» (2 Kor. 13:5). Müqəddəs Kitab göstərir ki, «iman» məsihçi etiqadlarının təməlidir. Əgər sözlərimiz və əməllərimiz etiqadımıza uyğun gələrsə, biz yoxlamadan üzü ağ çıxa və «iman yolunda» olduğumuzu göstərə bilərik. Sözsüz ki, biz həyatımızı bütün məsihçi təlimləri ilə tutuşdurmalıyıq. Biz onlardan hansına əməl edib-etməyəcəyimizi özümüz seçə bilmərik (Yaq. 2:10, 11).

6. «İman yolunda [olub-olmadığımızı]» nə üçün yoxlamalıyıq? (Məqalənin əvvəlindəki şəklə bax.)

6 İnsan özünü yoxlamağa, xüsusilə də paxırının açılacağından qorxduğu üçün cürət etmir. Ancaq bizim üçün, ən əsası, özümüzün yox, Yehovanın bizim haqda nə fikirləşməsidir, çünki Onun fikirləri bizimkindən qat-qat üstündür (Yeşaya 55:8, 9). Yehova Öz xidmətçilərini onlarda səhv tutmaq üçün yox, gözəl xüsusiyyətlərini aşkar etmək və onlara dəstək olmaq üçün yoxlayır. Sən «iman yolunda [olub-olmadığını]» Müqəddəs Kitab vasitəsilə yoxlayanda Allahın sənin barəndə nə düşündüyünü daha yaxşı anlayacaqsan. Bunun sayəsində əmin olacaqsan ki, sən Allah üçün dəyərlisən — Yehovanın gözündə bir xəzinəsən. Bunu pərdə açılanda qaranlıq bir otağı günəş şüalarının işıqlandırmasına bənzətmək olar.

7. Müqəddəs Kitabdakı imanlı insanların nümunəsi bizə necə kömək edə bilər?

7 Özünü yoxlamağın ən effektiv üsullarından biri Müqəddəs Kitabda qələmə alınan imanlı insanların nümunələri üzərində düşünməkdir. Onların şəraitlərini və ya hisslərini özününkü ilə müqayisə et və özünü onların yerinə qoy. Gəlin üç nümunəni nəzərdən keçirək və görək Müqəddəs Kitab vasitəsilə «iman yolunda» olub-olmadığımızı necə yoxlaya bilərik. Bu, özümüzə müsbət gözlə baxmağa kömək edəcək.

KASIB DUL QADIN

8, 9. a) Kasıb dul qadının vəziyyətini təsvir et. b) Dul qadında hansı mənfi fikirlər yarana bilərdi?

8 Bir gün Yerusəlimdəki məbəddə İsanın diqqətini kasıb bir dul qadın cəlb etdi. Bu qadının nümunəsi imkanlarımızın məhdud olmasına baxmayaraq, müsbət əhval-ruhiyyəni qorumağa kömək  edə bilər. (Luka 21:1—4 ayələrini oxu.) Gəlin onun vəziyyətini təsəvvür edək: ərini itirməsi azmış kimi, üstəlik, o, din rəhbərlərinin əlindən də cana yığılmışdı, belə ki onlar bu cür yaralı insanlara kömək etmək əvəzinə, «dul qadınların evlərini talayır»dılar (Luka 20:47). Bu qadın o qədər kasıb idi ki, gücü ancaq bir fəhlənin bir neçə dəqiqəyə qazandığı pulu ianə etməyə çatırdı.

9 Təsəvvür etməyə çalış: ovcunda iki xırda pul tutmuş bu qadın məbədə daxil olanda hansı hissləri keçirirdi. Ola bilsin, o, indi edəcəyi ianənin ərinin sağlığında etdiyi ianədən nə qədər az olduğu haqda düşünürdü. Bəlkə də, yan-yörəsindəki insanların nə qədər çox ianə etdiyini görüb sıxılır və onun ianəsinin heç bir dəyəri olmadığını düşünürdü. Hətta onda bu kimi hisslər yaransa da, o, həqiqi ibadət üçün əlindən gələni əsirgəmədi.

10. Dul qadının Allahın gözündə dəyərli olduğunu İsa necə göstərdi?

10 İsa həm dul qadının, həm də onun etdiyi ianənin Yehova üçün dəyərli olduğunu göstərdi. O dedi ki, bu dul qadın «[varlıların] hamısından daha çox pul saldı». Onun ianəsi başqalarının atdığı ianəyə qarışacaqdı, ancaq İsa onun nə qədər tərifəlayiq hərəkət etdiyini vurğuladı. Daha sonra məbədin xəzinədarları çətin ki, bu iki xırda pulun və onu ianə edənin Yehovanın gözündə nə qədər dəyərli olduğunu dərk etsinlər. Hər bir halda, bu məsələ haqda, ən əsası, başqalarının, hətta dul qadının özünün yox, Allahın nə fikirdə olduğudur. Bu hadisə üzərində düşünərək iman yolunda olub-olmadığını yoxlaya bilərsənmi?

Kasıb dul qadının nümunəsindən özünə nə nəticə çıxarırsan? (8—10-cu abzaslara bax)

11. Dul qadının hadisəsindən nə öyrənə bilərsən?

11 Sənin Yehova üçün edə biləcəklərin birbaşa vəziyyətindən asılıdır. Yaşlılıq və ya zəiflik ucbatından bəziləri xoş xəbərin təbliğinə olduqca az vaxt sərf edirlər. Bəs belə halda onlar fikirləşməlidirlərmi ki, xidmətləri haqda hesabat verməyin heç bir mənası yoxdur? İmkanların lap o dərəcədə  məhdud olmasa da, səndə elə fikir yarana bilər ki, Allahın xalqının hər il ona ibadətdə sərf etdiyi saysız-hesabsız saatın içində sənin xidmətin zərrə qədərdir. Ancaq kasıb dul qadının hadisəsindən öyrənirik ki, Yehova Onun üçün edilən hər şeyi görür və qiymətləndirir, xüsusilə də, bu, çətin şəraitlərdə edilibsə. Ötənilki xidmətini yadına sal. Heç elə olubmu ki, bircə saatlıq xidmətə çıxa bilmək üçün vacib olan nəyisə qurban vermisən? Əgər belə bir şey olubsa, əmin ol ki, Yehova həmin bir saat ərzində Onun üçün etdiklərini çox qiymətləndirir. Kasıb dul qadın kimi, sən də Yehovaya xidmətdə əlindən gələni edəndə tam əmin ola bilərsən ki, «iman yolunda»san.

«MƏNİM CANIMI AL»

12—14. a) Mənfi hisslər İlyasa necə təsir etmişdi? b) İlyas nəyə görə özünə ölüm arzulayırdı?

12 İlyas peyğəmbər Yehovanın sadiq və möhkəm imanlı bir bəndəsi idi. Ancaq günlərin bir günü o elə hala düşmüşdü ki, Yehovadan ölüm diləyərək demişdi: «Bəsdir, ya Rəbb, indi mənim canımı al» (1 Pad. 19:4). Heç vaxt bu cür məyusluğa qapılmayan insan İlyasın duada «[ağlına] gələni» danışdığını deyə bilər (Əyyub 6:3, Yeni Dünya tərcüməsi). Ancaq onun halı, doğrudan da, pis idi. İlyas özünə ölüm dilədiyi üçün Yehova onu cəzalandırmaq əvəzinə, kömək etdi.

13 Bəs İlyası bu həddə çatdıran nə idi? Bundan bir qədər əvvəl, o, Yehovanın əsil Allah olduğunu sübut etmək üçün həlledici bir sınaq keçirdi və nəticədə, Baala ibadət edən 450 peyğəmbəri qanına qəltan etdi (1 Pad. 18:37—40). Ehtimal ki, İlyas Allahın xalqının həqiqi ibadətə qayıdacağına ümid edirdi, amma onun ümidi boşa çıxdı. Azğın mələkə İzevel İlyasa xəbər göndərdi ki, onun canını alacaq. Canın qorxusuna düşən İlyas Yəhudanın cənub tərəfindəki biyabanlığa qaçdı (1 Pad. 19:2—4).

14 Düşüncələri ilə tək qalan İlyasa elə gəlirdi ki, bir peyğəmbər kimi gördüyü işlər əbəsdir. O, Yehovaya demişdi: «Mən atalarımdan yaxşı deyiləm». O demək istəyirdi ki, özünü, ölmüş dədə-babalarının külü və sümükləri kimi, yararsız hiss edir. Əslində, o, özünü öz meyarı ilə yoxlamış və qərara gəlmişdi ki, nə Yehovanın, nə də başqalarının gözündə bir dəyəri yoxdur.

15. Allah İlyasa hələ də dəyər verdiyini necə göstərdi?

15 Lakin Külli-İxtiyar Allah İlyas haqda başqa fikirdə idi. İlyas Allahın gözündə dəyərini itirməmişdi və Yehova onu buna əmin etmək üçün tədbirlər görmüşdü. İlyasa ürək-dirək verməsi üçün mələk göndərmişdi, həmçinin yemək və su yetirmişdi və bu, İlyasa 40 günə Xorev dağına gedib çatana kimi güc vermişdi. Bunlardan əlavə, Yehova İlyasın yanlış düşüncəsinə mülayimliklə düzəliş etmişdi, çünki o, heç bir israillinin Allaha sadiq qalmayacağını düşünürdü. Üstəlik, Allah İlyasa yeni işlər tapşırdı və o da qəbul etdi. İlyas Yehovanın köməyindən yararlandı və yenidən güc toplayaraq öz peyğəmbərlik fəaliyyətinə geri qayıtdı (1 Pad. 19:5—8, 15—19).

16. Allah sənin qayğına necə qalır?

16 İlyasın hadisəsi sənə iman yolunda olduğunu yoxlamağa və müsbət əhval-ruhiyyəyə sahib olmağa kömək edə bilər. İlk növbədə, Yehovanın sənə necə dayaq olduğu barədə düşün. Heç olub ki, ağsaqqal və ya başqa bir yetkin məsihçi lazım olan vaxt sənə hansısa işdə kömək etsin? (Qalat. 6:2). Yehovanın Müqəddəs Kitab, ədəbiyyatlarımız və yığıncaq görüşlərimiz vasitəsilə qayğına qaldığını hiss edirsənmi? Növbəti dəfə bunlardan birindən fayda əldə edəndə bu köməyin əslində Kimdən gəldiyi üzərində düşün və Ona duada öz təşəkkürünü bildir (Məz. 121:1, 2).

17. Yehova Öz xidmətçilərində nəyi qiymətləndirir?

 17 İkincisi, mənfi əhval-ruhiyyənin aldadıcı olduğunu unutma. Ən əsası, Allahın bizim haqqımızda hansı qənaətə gəlməsidir. (Romalılara 14:4 ayəsini oxu.) Yehova bizim sadiqliyimizi və imanımızı qiymətləndirir; O, bizə nailiyyətlərimizə görə qiymət vermir. İlyasın hadisəsindən göründüyü kimi, ehtimal ki, sən Yehova üçün zənn etdiyindən də çox işlər görürsən. Bəlkə də, heç özün də bilmədən yığıncaqda kimlərisə ruhlandırmısan, eləcə də sənin səylə təbliğ etməyin nəticəsində bəziləri həqiqəti eşidiblər.

18. Yehovadan aldığın tapşırıq nəyin sübutudur?

18 Nəhayət, Yehovanın sənə həvalə etdiyi hər bir tapşırığa Onun səninlə olduğunun sübutu kimi bax (Yer. 20:11). İlyas kimi, sən də xidmətinin səmərəsiz olduğu və ya bəzi ruhani məqsədlərin əlçatmaz göründüyü qənaətinə gələrək ruhdan düşə bilərsən. Bununla belə, hər birimiz kimi, sən də xoş xəbəri təbliğ etmək və Allahın adını daşımaq şərəfinə layiq görülmüsən. Sadiqliyini qoru. Onda İsanın məsəlindəki sözlər, müəyyən mənada, sənə də deyiləcək: «Gəl, ağanın sevincinə şərik ol» (Mat. 25:23).

«BİR MƏZLUMUN DUASI»

19. 102-ci məzmurun yazıçısı hansı vəziyyətdə idi?

19 102-ci məzmurun yazıçısı məyusluğa qapılmışdı. Güclü fiziki və ya emosional sarsıntı keçirən bu məzlum problemlər qarşısında aciz qalmışdı (Məz. 102, giriş sözlər). Onun sözlərindən görürük ki, o, qəm dəryasına batmış, daxilindəki tənhalıq və qarışıq hisslərdən cana gəlmişdi (Məz. 102:3, 4, 6, 11). Ona elə gəlirdi ki, Yehova onu götürüb bir tərəfə atmaq istəyir (Məz. 102:10).

20. Mənfi fikirlərlə mübarizə aparan insana dua necə kömək edə bilər?

20 Bununla belə, məzmurçu hələ də Yehovaya həmd edirdi. (Məzmur 102:19—21 ayələrini oxu.) 102-ci məzmurdan gördüyümüz kimi, hətta iman yolunda olanlar da kədərə qərq ola və ya başqa bir problemlə çarpışa bilərlər. Ancaq problemlərlə əhatə olunduğunu düşünən məzmurçu özünü «damda tənha qalan bir quşa» bənzədirdi (Məz. 102:7). Əgər sən də özünü belə hiss edirsənsə, məzmurçu kimi, ürəyini Yehovaya boşalt. Məzlum bəndənin, yəni sənin duaların mənfi fikirlərlə mübarizədə sənə kömək edəcək. Yehova vəd edir ki, «yoxsulların duasına qulaq asacaq, yalvarışlarına xor baxmayacaq» (Məz. 102:17). Buna qətiyyən şübhə etmə.

21. Mənfi fikirləri ilə mübarizə aparan insan müsbət əhval-ruhiyyəsini necə artıra bilər?

21 Həmçinin 102-ci məzmur müsbət əhval-ruhiyyəni necə artıra biləcəyimizi göstərir. Məzmurçu buna Yehova ilə münasibətləri üzərində dərindən düşünməklə nail oldu (Məz. 102:12, 27). Yehovanın Öz xalqını heç vaxt zillətdə qoymayacağını bilmək ona qəlb rahatlığı verirdi. Buna görə də əgər mənfi hisslər Allaha istədiyin qədər xidmət etməyinə müvəqqəti olaraq maneçilik törədirsə, bu haqda dua et. Təkcə məyusluqdan yaxa qurtarmaq barədə yox, həm də Yehovanın adının elan edilməsi barədə dua et (Məz. 102:20, 21).

22. Hər birimiz Yehovanı necə razı sala bilərik?

22 Bəli, biz Müqəddəs Kitab vasitəsilə iman yolunda olduğumuz yoxlaya və Yehovanın gözündə dəyərli olduğumuzu görə bilərik. Düzdür, bu sistemdə mənfi hisslərdən və məyusluqdan tamamilə yaxa qurtara bilmərik. Bununla belə, hər birimiz Yehovanı razı sala və Ona xidmətimizi sədaqətlə yerinə yetirərək xilasa yetişə bilərik (Mat. 24:13).