Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) FEVRAL 2014

Yehova qayğıkeş və hifz edən Allahdır

Yehova qayğıkeş və hifz edən Allahdır

«Mən Rəbbi sevdiyinə görə onu azad edəcəyəm, İsmimi tanıdığına görə onu yüksəldəcəyəm» (MƏZ. 91:14).

1, 2. İnsanların ailə şəraitində və həqiqətə gəlməsində hansı fərq var?

YEHOVA ailə quruluşunun Banisidir (Efes. 3:14, 15). Ancaq eyni ailəyə mənsub olan insanların belə xasiyyətləri və şəraitləri fərqli olur. Ola bilsin, siz həddi-büluğa çatana kimi valideynlərinizlə birgə yaşamısınız. Başqaları isə, bəlkə də, xəstəlik, qəza və ya hər hansı bir faciə ucbatından valideynlərini itirib. Digərləri isə heç valideynlərinin kim olduğunu belə bilmirlər.

2 Yehovanın ruhani ailəsinin üzvləri həqiqəti müxtəlif cür eşidiblər. Ola bilsin, siz bəzilərinin dili ilə desək, həqiqətdə böyümüsünüz və Allahın prinsiplərini sizə valideynləriniz aşılayıblar (Qanun. t. 6:6, 7). Yaxud da, ola bilsin, həqiqətə gələn minlərlə insan kimi, siz də həqiqəti Yehovanın xidmətçilərindən eşitmisiniz (Rom. 10:13—15; 1 Tim. 2:3, 4).

3. İnsanlar arasında ümumi olan nədir?

3 Bu sadalananlara baxmayaraq, aramızda ümumi şeylər də var. Biz Adəmin itaətsizliyinin nəticələrindən əziyyət çəkirik, eləcə də qeyri-kamilliyi, günahı və ölümü miras almışıq (Rom. 5:12). Bununla belə, Yehovanın sadiq xidmətçiləri olan bizlər Ona haqlı olaraq «Atamız» deyə müraciət edə bilərik. Yeşaya 64:8 ayəsində qədimdə Allahın seçilmiş xalqının  sözləri gətirilir: «Ya Rəbb, Sənsən Atamız». Habelə, İsa öz nümunəvi duasını: «Səmavi Atamız, qoy adın müqəddəs tutulsun», — sözlərilə başlamışdı (Mat. 6:9).

4, 5. Yehova Atamıza olan minnətdarlığımızı artırmaq üçün nəyi nəzərdən keçirəcəyik?

4 Səmavi Atamız Onun adını imanla çağıran bizlərin qayğısına qalır və hifz edir. Məzmurçunun sözlərinə əsasən Yehova deyir: «Mən Rəbbi sevdiyinə görə onu [həqiqi ibadətdə olan kəsi] azad edəcəyəm, İsmimi tanıdığına görə onu yüksəldəcəyəm» (Məz. 91:14). Bəli, Yehova Allah Öz xalqı olan bizləri düşmənlərimizin əlindən məhəbbətlə qurtarır və hifz edir ki, məhv olmayaq.

5 Səmavi Atamıza minnətdarlığımızı artırmaq üçün gəlin Onun necə 1) qayğımıza qaldığını, 2) hifz etdiyini və 3) ən yaxşı Dostumuz olduğunu araşdıraq. Bu üç amili araşdırmaq bizə Allahla münasibətlərimiz üzərində düşünməyə və Atamız kimi Ona necə izzət gətirəcəyimizi anlamağa kömək edəcək. Həmçinin Yehovanın Onunla yaxın münasibət quranlara verdiyi xeyir-dualar üzərində düşünmək də faydalı olacaq (Yaq. 4:8).

YEHOVA QAYĞIKEŞ ALLAHDIR

6. Yehova «hər bir gözəl bəxşiş» verən Allah olduğunu göstərdiyi üsullardan biri hansıdır?

6 Şagird Yaqub yazmışdır: «Hər bir gözəl bəxşiş və hər bir kamil hədiyyə yuxarıdan, səmavi nurların Atasından nazil olur» (Yaq. 1:17). Həyat Yehovanın gözəl ənamıdır (Məz. 36:9). Həyatımızı Allahın iradəsini yerinə yetirməyə həsr etməklə biz indidən bol xeyir-dualar alacaq və yeni dünyada əbədi yaşayacağıq (Sül. məs. 10:22; 2 Pet. 3:13). Bəs bu necə mümkündür, axı biz Adəmdən qeyri-kamilliyi, günahı və ölümü miras almışıq?

7. Yehova Onunla yaxın münasibət qurmağımız üçün necə yol açıb?

7 Yehovanın qayğıkeşliyinin həddi-hüdudu yoxdur. Məsələn, Onun mərhəməti sayəsində xilasa yetişirik. Bəli, hər birimiz günahlıyıq və ulu atamızdan qeyri-kamilliyi miras almışıq (Rom. 3:23). Bununla belə, Yehova bizi sevdiyi üçün təşəbbüsü Öz üzərinə götürərək bizə Onunla yaxın münasibət qurmağa yol açıb. Həvari Yəhya yazmışdır: «Allah ilkin Oğlunu dünyaya göndərdi ki, onun vasitəsilə həyata qovuşaq və beləcə, Öz məhəbbətini bizə göstərdi. Əsil məhəbbət odur ki, biz Allahı yox, O, bizi sevdi və Oğlunu günahlarımızı örtən barışıq qurbanı kimi dünyaya göndərdi» (1 Yəh. 4:9, 10).

8, 9. Yehova İbrahim və İshaqın dövründə qayğıkeş Allah olduğunu necə göstərdi? (Məqalənin əvvəlindəki şəklə bax.)

8 Bizim eradan əvvəl təxminən 1893-cü ildə İbrahim peyğəmbərin həyatında baş vermiş bir hadisə Yehovanın məhəbbətdən irəli gələrək itaətkar bəşəriyyətə əbədi həyat verəcəyini göstərir. İbranilərə 11:17—19 ayələrində izah edilir: «İbrahim, imanı sayəsində, sınanarkən İshaqı demək olar ki, qurban gətirdi. Bəli, vədləri sevinclə almış adam öz yeganə oğlunu qurban gətirməyə hazır idi, halbuki ona deyilmişdi: “Sənə vəd edilmiş övlad İshaqdan doğulacaq”. O, belə qənaətə gəldi ki, oğlu ölsə də, Allah onu diriltməyə qadirdir və doğrudan da, onu ölümün pəncəsindən geri aldı. Bu, bir rəmzi məna daşıyırdı». İbrahim oğlu İshaqı qurban gətirməyə hazır olduğu kimi, Yehova da Oğlu İsa Məsihi bəşəriyyət uğrunda qurban verdi. (Yəhya 3:16, 36 ayələrini oxu.)

9 Təsəvvür edə bilərsiniz, İshaq qurban kəsilməyəcəyini biləndə necə rahat nəfəs aldı! Şübhəsiz, onun əvəzinə  qurban olaraq buynuzları yaxınlıqdakı kolluğa ilişmiş qoçu göndərən Allaha çox minnətdar idi (Yar. 22:10—13). Təəccüblü deyil ki, həmin yer «Rəbb hazırlayar» mənasını verən «Yahve-İre» adlanır (Yar. 22:14; haşiyə).

BARIŞIQ TƏDBİRİ

10, 11. «Barışıq xidmətini»n yerinə yetirilməsində rəhbərliyi üzərlərinə götürənlər kimlərdir və onlar bunu necə edirlər?

10 Yehovanın necə qayğı göstərdiyi üzərində düşünəndə İsa Məsihin rolunun vacibliyini dərk edirik. Həvari Pavel yazmışdı: «Biz belə bir qənaətə gəldik: hamı ölü vəziyyətdə olduğu üçün bir nəfər hamı üçün öldü. O, hamıdan ötrü öldü ki, yaşayanlar artıq özləri üçün deyil, onların uğrunda ölüb dirilmiş şəxs üçün yaşasınlar» (2 Kor. 5:14, 15).

11 Erkən məsihçilər Allaha məhəbbətdən və Ona xidmət etmək şərəfinə görə minnətdarlıqdan irəli gələrək «barışıq xidmətini» böyük məmnuniyyətlə qəbul etdilər. Onların təbliğ etmək və şagird hazırlamaq işi səmimi insanların Allahla barışmalarına, Onunla dostlaşmalarına və nəhayətdə Onun ruhani övladları olmalarına yol açır. Bu gün də məsh olunmuş məsihçilər eyni xidməti icra edirlər. Onların Allahın və Məsihin səfirləri kimi tamamladıqları işin sayəsində ürəyində düzgün meyli olan insanların Yehova tərəfindən cəlb edilmək və həqiqəti qəbul etmək imkanı olur. (2 Korinflilərə 5:18—20 ayələrini oxu; Yəh. 6:44; Həv. iş. 13:48.)

12, 13. Yehovanın bizə bəxş etdiyi ənamları qiymətləndirdiyimizi necə göstərə bilərik?

12 Qayğıkeş Allahımız Yehovaya minnətdarlıqdan irəli gələrək yer üzündə yaşamaq ümidinə malik olan bütün məsihçilər məsh olunmuşlarla birgə Padşahlığın təbliğ işində iştirak edirlər. Bu fəaliyyətlə məşğul olarkən biz Allahın digər gözəl ənamından, Müqəddəs Kitabdan istifadə edirik (2 Tim. 3:16, 17). Xidmətdə Allahdan ilham almış Kəlamdan məharətlə istifadə etməklə biz başqalarında əbədi həyata nail olmaq imkanı yaradırıq. Bu işi icra etmək üçün hər birimiz Yehovadan aldığımız başqa bir ənama — Onun müqəddəs ruhuna arxalanırıq (Zək. 4:6; Luka 11:13). «Yehovanın Şahidlərinin illik məcmuəsi»nin hər bir nəşrindən göründüyü kimi, bu, bol bəhrələr gətirir. Qayğıkeş Atamız Yehovaya izzət gətirən bu işdə iştirak etmək necə də böyük şərəfdir!

13 Allahın verdiyi bütün bu ənamları nəzərə alaraq yaxşı olardı ki, özümüzə növbəti sualları verək: «Yehovanın təqdim etdiyi ənamlara görə minnətdar olduğumu göstərmək üçün xidmətdə əlimdən gələni edirəmmi? Xoş xəbəri daha yaxşı və effektiv təbliğ etmək üçün nə edə bilərəm?» Padşahlığın maraqlarını həyatımızda birinci yerə qoymaqla Allahın verdiyi ənamlara görə minnətdar olduğumuzu göstərə bilərik. Əgər belə etsək, onda Yehova daima bizim zəruri tələbatlarımızı ödəyəcək (Mat. 6:25—33). Allah bizi sevdiyindən biz də Onu razı salan və ürəyini sevindirən işlər görmək istəyirik (Sül. məs. 27:11).

14. Yehova xalqının Xilaskarı olduğunu necə göstərib?

14 Məzmurçu Davud oxuyurdu: «Bir məzlum, bir fəqirəm, lakin Xudavənd qayğıma qalır. Köməyim, xilaskarım Sənsən» (Məz. 40:17). Yehova dəfələrlə Öz xalqını, xüsusilə də güclü təqiblər və düşmənlərin amansız hücumu zamanı xilas edib. Belə vaxtlarda köməyini əsirgəmədiyi və daim ruhani ənamlar verdiyi üçün Ona şükr edirik!

 YEHOVA HİFZ EDİR

15. Sevən atanın övladını necə xilas etdiyinə dair nümunə çəkin.

15 Sevən ata uşaqlarını təmin etməklə yanaşı, müdafiə də edir. Uşaqları təhlükə ilə üzləşərlərsə, o, təbii olaraq onları xilas edəcək. Bir qardaş uşaq ikən başına gələn bir hadisəni xatırlayır. Bir gün atası ilə xidmətdən evə qayıdanda çayı keçməli olmuşdular. Həmin səhər yağan güclü leysan ucbatından çay daşmışdı. Suyu ancaq daşların üstü ilə hoppana-hoppana keçmək olardı. Atasından qabaqda gedən uşaq ayağı sürüşdüyü üçün suya düşdü və iki dəfə, az qaldı, batsın. Bu oğlan atasının dərhal onun çiyinlərindən bərk-bərk yapışıb xilas etdiyinə görə çox minnətdar idi! Eynilə, səmavi Atamız da bizi bu pis dünyanın güclü təsirindən və onun başçısı Şeytandan hifz edir. Sözsüz ki, heç kim bizi Yehovadan yaxşı hifz edə bilməz (Mat. 6:13; 1 Yəh. 5:19).

16, 17. İsraillilər amaleqlilərlə döyüşərkən Yehova onları necə hifz etdi?

16 Eramızdan əvvəl 1513-cü ildə Yehova israilliləri Misir əsarətindən qurtarandan və möcüzəvi şəkildə Qırmızı dənizdən keçirəndən sonra baş verən hadisələrdən Onun məhəbbətlə müdafiə etdiyini görmək olar. Xalq səhra boyu Sina dağı istiqamətinə gedərək Refidimə çatdı.

17 Yaradılış 3:15 ayəsində yazılmış peyğəmbərlikdən xəbəri olan Şeytan, yəqin, dəridən-qabıqdan çıxırdı ki, müdafiəsiz israillilərə hücum çəksin. O, buna Allahın xalqının düşmənləri olan amaleqlilər vasitəsilə nail oldu (Say. 24:20). Gəlin Yehovanın dörd sadiq insan — Yeşua, Musa, Harun və Xur vasitəsilə xalqını necə hifz etdiyinə diqqət  yetirək. Musa, Harun və Xurun dayandığı təpənin yaxınlığında Yeşua amaleqlilərlə döyüşürdü. Musa əllərini qaldıranda israillilər döyüşdə qalib gəlirdilər. Əlləri yorulanda isə Harun və Xur onun əllərini tutub saxlayırdı. Beləliklə, Yehovanın köməyilə «Yeşua Amaleq xalqını... qırdı» (Çıx. 17:8—13). Musa orada qurbangah düzəldərək həmin yeri ibranicə «Rəbb bayrağımdır» mənasını verən «Yahve-Nissi» adlandırdı. (Çıxış 17:14, 15 ayələrini oxu; haşiyə.)

ŞEYTANIN CAYNAĞINDAN QURTULUŞ

18, 19. Bizim günlərdə Allah Öz xidmətçilərini necə hifz edir?

18 Yehova Onu sevənləri və itaət edənləri hifz edir. Refidimdəki israillilər kimi, biz də düşmənlərimizlə mübarizə apararkən Allaha bel bağlayırıq. Yehova dəfələrlə bizi bir xalq kimi müdafiə edib və İblisin caynağından qurtarıb. Məsələn, Allah məsihçi bitərəfliyini qoruduqlarına görə təqiblərlə üzləşən qardaşlarımızı dəfələrlə müdafiə etmişdi. Bu, 1930-cu illərdə və 1940-cı illərin əvvəllərində Almaniyada və digər ölkələrdə nasist rejimi zamanı olmuşdu. Bioqrafiyalardan və «İllik məcmuə»lərdən təqiblər zamanı Allahın necə hifz etdiyi barədə oxuyub üzərində düşünmək Xilaskarımız olan Yehovaya etibarımızı möhkəmləndirəcək (Məz. 91:2).

Çətin vaxtlarda sadiq qalmağımız üçün Yehova həmimanlılarımız vasitəsilə bizə kömək edə bilər (18—20-ci abzaslara bax)

19 Yehovanın təşkilatı və nəşrlər vasitəsilə bizi müdafiə edən sevgi dolu xatırlatmalar alırıq. Bunların indiki zamanda bizə necə faydalı olduğu üzərində düşünün. Əyyaşlıq və pornoqrafiya girdabında batan bu dünyada bizi əxlaqi təhlükələrdən xəbərdar etmək üçün Yehova bizə zəruri xatırlatmalar verir və kömək əlini uzadır. Misal üçün, O, bizə sosial şəbəkələr vasitəsilə zərərli ünsiyyətdən qaçmaq üçün ata nəsihəti verir * (1 Kor. 15:33).

20. Yığıncaqlar vasitəsilə hansı rəhbərliyi və müdafiəni alırıq?

20 Doğrudan da, Yehovadan təlim aldığımızı necə göstərə bilərik? Onun əmrlərinə diqqətlə əməl etməklə (Yeşaya 54:13). Təhlükəsiz sığınacaq olan yığıncaqlarımızda biz lazımi rəhbərlik və müdafiə alırıq. Çünki ağsaqqal kimi xidmət edən sadiq kişilər Müqəddəs Yazılar əsasında kömək edir və məsləhət verirlər (Qalat. 6:1). Yehova bizə bu «insanlar timsalında hədiyyələr» vasitəsilə Öz məhəbbət dolu qayğısını göstərir (Efes. 4:7, 8). Biz ağsaqqalların verdiyi məsləhətə necə yanaşmalıyıq? İtaətkarlıq və tabeçilik göstərməklə Allahdan xeyir-dualar alacağıq (İbr. 13:17).

21. a) Biz nədə qətiyyətli olmalıyıq? b) Növbəti məqalədə nəyi müzakirə edəcəyik?

21 Gəlin müqəddəs ruhun köməyinə arxalanaq və səmavi Atamızın rəhbərliyinə tabe olaq. Biz həmçinin Onun Oğlu İsa Məsihin həyat yolu üzərində düşünməli və gözəl nümunəsini təqlid etməyə çalışmalıyıq. Ölümədək itaətkarlıq göstərdiyi üçün İsa böyük mükafat aldı (Filip. 2:5—11). Bütün ürəyimizlə Yehovaya etibar etsək, biz də, onun kimi, bol xeyir-dualar alacağıq (Sül. məs. 3:5, 6). Buna görə də gəlin ən qayğıkeş və hər zaman bizi hifz edən Şəxsə, Yehovaya etibar edək. Ona xidmət etmək əsil xoşbəxtlik və şərəfdir! Atamızın bizim qeydimizə qaldığını göstərən üçüncü amilin — Onun necə Dost olduğu üzərində düşünməklə Ona məhəbbətimiz artacaq. Növbəti məqalədə Yehovanın necə ən yaxşı Dost olduğunu araşdıracağıq.

^ abz. 19 Bu cür xatırlatmaları «Gözətçi qülləsi»nin 2011-ci il 15 avqust sayının 3—5-ci səhifələrində yerləşən «İnternet. Ümumdünya şəbəkədən düzgün istifadə edin» adlı məqaləsindən, eləcə də «Gözətçi qülləsi»nin 2012-ci il 15 avqust sayının «Özünüzü İblisin tələlərindən gözləyin» və «Möhkəm dur və Şeytanın tələlərindən qaç» adlı məqalələrindən tapa bilərsən.