Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) FEVRAL 2014

Əzəmətli Padşah Məsihi salamlayın!

Əzəmətli Padşah Məsihi salamlayın!

«Əzəmətinlə uğur qazan» (MƏZ. 45:4).

1, 2. Nəyə görə 45-ci məzmur bizim üçün maraq kəsb etməlidir?

ƏZƏMƏTLİ padşah həqiqət və salehlik naminə, eləcə də düşmənləri üzərində qələbəyə doğru çapır. Düşmənləri üzərində yekun qələbə çaldıqdan sonra o, sevimli gəlini ilə evlənir. Padşah nəsildən-nəsilə xatırlanır və mədh edilir. 45-ci məzmurun əsas mövzusu bundan ibarətdir.

2 Lakin 45-ci məzmur sadəcə gözəl sonu olan maraqlı hekayə deyil. Orada qələmə alınmış hadisələr bizim üçün əhəmiyyət kəsb edir. Bu hadisələr birbaşa bizim indiki həyatımızla, eləcə də gələcəyimizlə bağlıdır. Gəlin bu məzmuru diqqətlə araşdıraq.

«QƏLBİM YAXŞI SÖZLƏRLƏ ÇAĞLAYIR»

3, 4. a) Bizə aidiyyatı olan «yaxşı [sözlər]» nədir və onlar ürəyimizə necə təsir edir? b) Hansı mənada nəğməmiz padşah haqqındadır və dilimiz necə xəttatın qələminə oxşayır?

3 Məzmur 45:1 ayəsini oxu. Məzmurçunun ürəyini riqqətə gətirən və çağlamasına səbəb olan «yaxşı [sözlər]» padşahla bağlıdır. «Çağlayır» kimi tərcümə olunan ibrani feli əslində «daşmaq» və ya «qaynamaq» mənasını verir. Bu mövzudan məzmurçunun ürəyi şövqlə dolub-daşır və  «[dili] mahir bir xəttatın qələminə oxşayır».

4 Bəs bizim barəmizdə nə demək olar? Məsihin idarə etdiyi Padşahlıq haqqındakı xoş xəbər ürəyimizi riqqətə gətirən yaxşı sözlərdir. Padşahlıq xəbəri xüsusilə 1914-cü ildə «xoş» oldu. Həmin vaxtdan bu xəbər artıq gələcək Padşahlıqla deyil, hal-hazırda göydə idarə edən real hökumətlə bağlıdır. Bu, bizim «millətlərin hamısına şəhadət olsun deyə» təbliğ etdiyimiz «Padşahlıq haqqındakı... xoş xəbər»dir (Mat. 24:14). Bəs bizim ürəyimiz də Padşahlıq xəbərindən çağlayırmı? Padşahlıq haqqında xoş xəbəri səylə təbliğ edirikmi? Məzmurçu kimi, bizim də nəğməmiz padşah haqqındadır. Biz İsa Məsihin Allahın Padşahlığının Padşahı olduğunu bəyan edirik. Üstəlik, hamını — hökmdarları və təbəələri onun hakimiyyətinə tabe olmağa səsləyirik (Məz. 2:1, 2, 4—12). Və təbliğdə Allahın Kəlamından geniş surətdə istifadə etdiyimiz üçün dilimiz «mahir bir xəttatın qələminə oxşayır».

PADŞAHIN «DODAQLARINDAN LƏTAFƏTLİ SÖZLƏR TÖKÜLÜR»

5. a) İsa hansı mənada gözəl idi? b) Padşahın ağzından hansı xoş sözlər çıxırdı və biz onun nümunəsi necə təqlid edə bilərik?

5 Məzmur 45:2 ayəsini oxu. Müqəddəs Kitabda İsanın xarici görünüşündən çox az bəhs edilir. Şübhəsiz, kamil olduğu üçün onun xarici görkəmi çox gözəl idi. Lakin onun bu qeyri-adi gözəlliyi Yehovaya sədaqətindən və sarsılmaz nöqsansızlığından doğurdu. Bundan əlavə, İsa Padşahlıq haqqındakı xəbəri «xoş [sözlərlə]» təbliğ edirdi (Luka 4:22; Yəh. 7:46). Bəs biz təbliğdə onun nümunəsini izləməyə və insanların ürəyinə təsir edəcək sözlərdən istifadə etməyə çalışırıqmı? (Kolos. 4:6).

6. Allah İsanı «əbədilik» necə xeyir-dualı edib?

6 İsa hədsiz sədaqət göstərdiyi üçün Yehova onu yerdəki xidməti zamanı xeyir-dualandırdı və həyatını qurban verdikdən sonra mükafatlandırdı. Həvari Pavel yazmışdı: «O, [İsa] insan kimi mövcud olanda özünü alçaltdı və ölümədək — işgəncə dirəyi üzərində ölənədək itaətkar qaldı. Buna görə də Allah onu daha yüksək mövqeyə ucaltdı və ona bütün adlardan üstün bir ad bəxş etdi ki, göydə, yerdə və yerin altında olanların hamısı İsanın adı qarşısında diz çöksün, hər ağız İsa Məsihi Ağa kimi tanısın və Atamız Allaha tərif ucaltsın» (Filip. 2:8—11). Yehova İsanı ölməz həyata qovuşmaq üçün dirildərək «əbədilik xeyir-dualı edib» (Rom. 6:9).

PADŞAH «YOLDAŞLARINDAN» DAHA ÜSTÜN TUTULDU

7. Hansı mənada Allah İsanı yoldaşlarından daha çox məsh etmişdi?

7 Məzmur 45:7 ayəsini oxu. İsa salehliyə dərin məhəbbət bəslədiyi və Atasının adına ləkə gətirəcək hər şeyə nifrət etdiyi üçün Yehova onu Öz Padşahlığının Padşahı olaraq məsh etdi. İsa «sevinc yağı ilə yoldaşlarından», yəni Davudun nəslindən olan Yəhuda padşahlarından daha çox məsh edildi. Nəyə görə belə nəticəyə gəlmək olar?  Əvvəla, İsanı Yehovanın Özü məsh etdi. Bundan əlavə, Yehova onu həm Padşah, həm də Baş kahin olaraq məsh etdi (Məz. 2:2; İbr. 5:5, 6). Üstəlik, İsa yağla yox, müqəddəs ruhla məsh edilmişdi və o, yerdə yox, göydə padşahlıq edəcəkdi.

8. Nəyə görə demək olar ki, Allah İsanın taxtının təməlidir və onun padşahlığının ədalətli olduğuna nə üçün əmin ola bilərik?

8 Məzmur 45:6 (Yeni Dünya tərcüməsi) ayəsini oxu *. Yehova Öz Oğlunu Padşahlıq taxtına rəsmi olaraq 1914-cü ildə əyləşdirdi. Onun padşah əsası «ədalət əsasıdır», buna görə də onun padşahlığının ədalətli və qərəzsiz olacağına yüz faiz zəmanət var. Onun hakimiyyəti qanunidir, çünki «taxtının təməli Allahdır». Bundan əlavə, İsanın taxtı daimi və əbədidir. Siz Allah tərəfindən təyin edilmiş belə bir qüdrətli Padşahın rəhbərliyi altında Yehovaya xidmət etməkdən qürur duymursunuz?

PADŞAH «QILINCINI BELİNƏ BAĞLA»YIR

9, 10. a) Məsih qılıncını belinə nə zaman bağladı və ondan dərhal necə istifadə etdi? b) Məsih öz qılıncından gələcəkdə necə istifadə edəcək?

9 Məzmur 45:3 ayəsini oxu. Yehova Padşaha göstəriş verir ki, «qılıncını belinə bağla»sın, bununla İsaya Allahın hökmranlığının düşmənlərinə qarşı döyüşmək və onlara hökm kəsmək ixtiyarı verilir (Məz. 110:2). Məsih gözəgörünməz İgid-Padşah olduğu üçün ona: «Ey cəngavər», — deyə müraciət olunur. O, 1914-cü ildə əvvəlcə qılıncını belinə bağlayıb Şeytanı və cinlərini göydən yerin hüdudlarına ataraq onlara qalib gəldi (Vəhy 12:7—9).

10 Bu, Padşahın zəfərlə at çapmasının yalnız başlanğıcı idi. O, hələ «yekun qələbəsinə doğru [irəliləməli]» idi (Vəhy 6:2). Şeytanın yer üzündəki bütün sistemini hələ qarşıda Yehovanın hökmü gözləyir, Şeytanın və onun cinlərinin fəaliyyətinə son qoyulmalıdır. İlk növbədə, Böyük Babilin, yalan dinin dünya imperiyasının mövcudluğuna son qoyulacaq. Yehova siyasi liderlər vasitəsilə bu fahişəni məhv etmək niyyətindədir (Vəhy 17:16, 17). Sonra Cəngavər-Padşah Şeytanın siyasi sisteminə qarşı ölçü götürərək, onun külünü göyə sovuracaq. Həmçinin «dibsiz ümmanın mələyi» adlanan Məsih Şeytanı və cinlərini dibsiz ümmana atmaqla yekun qələbəsini çalacaq (Vəhy 9:1, 11; 20:1—3). Gəlin görək bu möhtəşəm hadisələr barədə 45-ci məzmurda necə peyğəmbərlik edilmişdi.

PADŞAH «HƏQİQƏT... NAMİNƏ» ÇAPIR

11. Məsih «həqiqət... naminə» necə çapır?

11 Məzmur 45:4 ayəsini oxu. Cəngavər-Padşah torpaqları zəbt etmək və insanları özünə tabe etdirmək məqsədilə müharibə aparmır. O, alicənab məqsədlə ədalətli müharibə aparır. O, «həqiqət, itaətkarlıq və salehlik naminə» çapır. Onun müdafiə etməli olduğu ən böyük həqiqət Yehovanın ali hökmranlığıdır. Şeytan Yehovaya qarşı üsyan qaldıranda Onun hökmranlığının qanuniliyinə meydan oxudu. O vaxtdan bəri, bu vacib həqiqət həm cinlərin, həm də insanların mübahisə hədəfinə çevrilib. İndi məsh edilmiş Padşahın hərəkətə keçib hökmranlıq etmək ixtiyarının yalnız Yehova məxsus olduğunu sübut etməsinin vaxtıdır.

12. Padşah «itaətkarlıq... naminə» necə çapır?

12 Padşah həmçinin «itaətkarlıq»,  yəni təvazökarlıq naminə çapır. Allahın yeganə Oğlu kimi, o, özü əsil təvazökarlıq və Atasının hakimiyyətinə itaətkarlıq nümunəsi qoyub (Yeşaya 50:4, 5; Yəh. 5:19). Padşahın bütün sadiq təbəələri onun nümunəsini təqlid etməli və hər sahədə Yehovanın ali hökmranlığına həlimliklə tabe olmalıdırlar. Yalnız bu cür davrananlara Allahın vəd etdiyi yeni dünyada yaşamağa icazə veriləcək (Zək. 14:16, 17).

13. Məsih «salehlik naminə» necə döyüşə çıxır?

13 Məsih həmçinin «salehlik naminə» döyüşə çıxır. Padşahın müdafiəsində durduğu salehlik «Allahın salehliyi»dir, yəni nəyin düzgün, nəyin yanlış olduğuna dair Yehovanın normalarıdır (Rom. 3:21; Qanun. t. 32:4). Padşah İsa Məsih haqqında Yeşaya peyğəmbərlik etmişdi: «Padşah salehliklə hökm sürəcək» (Yeşaya 32:1). İsanın padşahlığı vəd edilmiş «yeni bir göy» və «yeni yer» yaradacaq və orada «salehlik hökm sürəcək» (2 Pet. 3:13). Yeni dünyanın hər bir sakinindən Yehovanın normalarına uyğun yaşamaq tələb olunacaq (Yeşaya 11:1—5).

PADŞAH «MÖHTƏŞƏM İŞLƏR» GÖRÜR

14. Məsihin sağ əli «möhtəşəm işləri» necə görəcək? (Məqalənin əvvəlindəki şəklə bax.)

14 Atını çapan Padşah qılıncı belinə bağlayıb (Məz. 45:3). Ancaq onun qılıncını çəkib sağ əlində oynatmaq vaxtı çatır. Məzmurçu peyğəmbərlik edir: «Sağ əlindən möhtəşəm işlər [gələcək]» (Məz. 45:4). İsa Məsih Har-Magedonda Yehovanın hökmlərini icra etmək üçün çapanda düşmənlərinə qarşı «möhtəşəm işlər» görəcək. Amma biz onun Şeytan sistemini necə məhv edəcəyini dəqiq bilmirik. Baş verəcək hadisələr Allahın Padşaha tabe olmaq xəbərdarlığına diqqət yetirməyən insanları dəhşətə salacaq. (Məzmur 2:11, 12 ayələrini oxu.) Axır günlər barədə peyğəmbərliyində İsa demişdi ki, «insanlar qorxudan və yerin üzərinə gələcək hadisələri gözləməkdən huşunu itirəcəklər, çünki göylərin qüdrəti sarsılacaq». O əlavə etmişdi: «O zaman insan Oğlunun qüdrət və cah-calalla buludda gəldiyini görəcəklər» (Luka 21:26, 27).

15, 16. Məsihin arxasınca döyüşə gələn «qoşunlar»a kimlər daxil olacaq?

15 «Vəhy» kitabında Padşahın hökmü icra etmək üçün «qüdrət və cah-calalla» gəlişi belə bəyan edilir: «Mən açılmış göyü və bir ağ at gördüm. Atın belində oturan Sadiq və Həqiqi adlanır. O, ədalətlə hökm edir və döyüşür. Səmavi qoşunlar ağ atların belində onun arxasınca gəlirlər. Onların əynində ağ, zərif kətandan təmiz libas var. Onun ağzından millətləri vurmaq üçün uzun, iti bir qılınc çıxır və o, millətləri dəmir çomaqla otaracaq. O, Qadir Allahın qəzəbinin və hiddətinin üzümsıxanında üzüm tapdalayır» (Vəhy 19:11, 14, 15).

16 Məsihin arxasınca döyüşə gələn «səmavi qoşunlar»ı kimlər təşkil edəcək? İlk dəfə qılıncından Şeytanı və cinlərini göydən qovmaq üçün istifadə edəndə onu «öz mələkləri» müşayiət etmişdi (Vəhy 12:7—9). Məntiqlidir ki, Har-Magedon müharibəsində də Məsihin qoşunları müqəddəs mələklərdən ibarət olacaq. Bəs onun qoşunlarında başqaları da olacaq? İsa məsh olunmuş qardaşlarına belə bir vəd vermişdi: «Atam mənə hakimiyyət verdiyi kimi, mən də zəfər çalana və yolumu axıra qədər davam etdirənə millətlər üzərində hakimiyyət verəcəyəm. O, millətləri dəmir çomaqla otaracaq və onlar saxsı  qab kimi sınıb çilik-çilik olacaqlar» (Vəhy 2:26, 27). Beləcə, Məsihin səmavi qoşunlarına göylər mükafatlarını alacaq məsh olunmuş qardaşları da daxil olacaq. İsa millətləri dəmir çomaqla otaran zaman «möhtəşəm işlər» görəndə onun məsh olunmuş hakimiyyət şərikləri yanında olacaqlar.

PADŞAH YEKUN QƏLƏBƏSİNİ ÇALIR

17. a) Məsihin çapdığı ağ at nəyi təmsil edir? b) Qılınc və yay nəyi bildirir?

17 Məzmur 45:5 ayəsini oxu. Padşahın çapdığı ağ at onun Yehovanın gözündə təmiz və ədalətli döyüş apardığını təmsil edir (Vəhy 6:2; 19:11). O, qılıncla yanaşı, yayla da yaraqlanıb. Orada oxuyuruq: «Bir ağ at gördüm. Atın belində oturanın əlində bir yay vardı. Ona tac verildi və o, bir qalib kimi yekun qələbəsinə doğru irəlilədi». Həm qılınc, həm yay göstərir ki, Məsih düşmənləri üzərində hökm icra edəcək.

Quşlar yeri təmizləmək üçün çağırılacaqlar (18-ci abzasa bax)

18. Məsihin «oxları»nın iti olduğu necə sübuta yetəcək?

18 Məzmurçu poetik dillə peyğəmbərlik etmişdi ki, Padşahın oxları itidir, düşmənlərinin köksünə saplanır və «xalqlar ayağının altına yıxılır». Qanlı döyüş bütün dünyanı əhatə edəcək. Yeremyanın peyğəmbərliyində deyilir: «O gün Rəbb dünyanı bir ucundan o biri ucuna qədər öldürülənlərlə dolduracaq» (Yer. 25:33). Paralel peyğəmbərlikdə isə deyilir: «Mən günəşin ortasında durmuş bir mələk gördüm. O, göy üzü ilə uçan bütün quşlara gur səslə dedi: “Buraya uçun, Allahın böyük ziyafətinə toplaşın! Padşahların, sərkərdələrin, qoluzorluların, atların və atlıların ətini — istər azad, istər qul, istər kiçik, istər böyük olsun — hamısının ətini yeyin”» (Vəhy 19:17, 18).

19. Məsih necə uğur qazanacaq və yekun qələbəsini çalacaq?

19 Şeytanın pis sisteminin məhvindən sonra Məsih «[əzəməti ilə] uğur qazan»acaq (Məz. 45:4). O, Şeytanı və onun cinlərini dibsiz ümmana atmaqla yekun qələbəsini çalacaq və onlar Məsih min il hökmranlıq etdiyi müddətdə orada qalacaqlar (Vəhy 20:2, 3). İblis və cinləri ölümcül, tam fəaliyyətsiz hala salınanda yerin sakinləri Şeytanın təsirindən azad olacaqlar. Artıq onlar zəfər çalmış əzəmətli Padşaha tam mənada tabe olacaqlar. Ancaq yer üzü tədricən cənnətə çevrilməzdən öncə, onların Padşahla və onun səmavi həmkarları ilə birgə şadlanmaq üçün başqa bir səbəbləri olacaq. Bu sevindirici hadisəni növbəti məqalədə araşdıracağıq.

^ abz. 8 Məzmur 45:6 (YD): «Taxtının təməli Allahdır, daim, əbədiyyən, padşahlıq əsan ədalət əsasıdır».

Padşahımız İsa Məsih haqqında xoş xəbəri sevinclə bəyan edirik