Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) YANVAR 2014

Padşahlığın 100 illik fəaliyyəti sizə necə təsir edir?

Padşahlığın 100 illik fəaliyyəti sizə necə təsir edir?

«Ey Qadir Allah Yehova! İşlərin möhtəşəm və heyrətamizdir. Ey əbədiyyət Padşahı, yolların doğru və salehdir» (VƏHY 15:3).

1, 2. Allahın Padşahlığı nəyi həyata keçirəcək və biz Padşahlığın mütləq gələcəyinə nəyə görə əmin ola bilərik?

ERAMIZIN 31-ci ilinin yazında İsa Məsih Kapernahum yaxınlığındakı dağda davamçılarına: «Qoy padşahlığın gəlsin», — deyə dua etməyi öyrədirdi (Mat. 6:10). Bu gün çoxları Padşahlığın nə vaxtsa gələcəyinə şübhə edirlər. Lakin biz əminik ki, Allahın Padşahlığının gəlməsi barədə etdiyimiz səmimi dualara mütləq cavab veriləcək.

2 Yehova Padşahlıq vasitəsilə göydəki və yerdəki ailəsini birləşdirəcək. Allahın bu niyyəti gerçəkləşəcək (Yeşaya 55:10, 11). Əslində, Yehova artıq Padşahdır. Ötən 100 il ərzində baş vermiş həyəcanlandırıcı hadisələr buna sübutdur. Yehova milyonlarla sadiq təbəəsi naminə böyük və möhtəşəm işlər görür (Zək. 14:9; Vəhy 15:3). Bununla belə, Yehovanın Padşah olması və İsanın haqqında dua etməyi öyrətdiyi Allahın Padşahlığının gəlməsi fərqli şeylərdir. Bəs bu hadisələr arasında fərq nədədir və onlar sizə necə təsir edir?

YEHOVANIN TAXTA YÜKSƏLDİLMİŞ PADŞAHI HƏRƏKƏTƏ KEÇİR

3. a) İsa nə vaxt və harada Padşah təyin edildi? b) Padşahlığın 1914-cü ildə qurulduğuna sizi nə əmin edib? (Haşiyəyə bax.)

3 Daniel peyğəmbərin 2500 il əvvəl dediyi sözlərə XIX əsrin sonlarına yaxın aydınlıq gətirildi. Peyğəmbərlikdə deyilir:  «O padşahların dövründə göylərin Allahı heç vaxt dağılmayan bir padşahlıq quracaq» (Dan. 2:44). Müqəddəs Kitab Tədqiqatçıları 1914-cü ilin əlamətdar il olacağını müəyyənləşdirmək üçün onilliklər sərf etmişlər. Həmin vaxt əksər insanlar nikbin əhval-ruhiyyədə idilər. Necə ki bir şair demişdi: «1914-cü ildə dünya ümidlə və vədlərlə dolu idi». Ancaq həmin ilin sonlarında Birinci Dünya müharibəsinin başlaması ilə Müqəddəs Kitab peyğəmbərliyi yerinə yetdi. Bunun ardınca qıtlıqların, zəlzələlərin və epidemiyaların olması, o cümlədən, Müqəddəs Kitabın digər peyğəmbərliklərinin yerinə yetməsi İsa Məsihin 1914-cü ildən göydə Allahın Padşahlığının Padşahı kimi idarə etməyə başladığını tam sübut edir *. Yehova Oğlunu Padşah təyin etməklə, əslində, yeni mənada Padşah oldu.

4. Yeni təyin olunmuş Padşah dərhal nə etdi və sonra o, diqqətini kimlərə yönəltdi?

4 Allahın yeni təyin edilmiş Padşahının ilk işi Atasının baş düşməni olan Şeytanla vuruşmaq oldu. İsa mələklərilə birgə İblisi və onun cinlərini göydən yerə atdı. Bu, göydə böyük sevincə, yerdə isə görünməmiş bəlalara səbəb oldu. (Vəhy 12:7—9, 12 ayələrini oxu.) Sonra Padşah yerdəki təbəələrini təmizləmək, təlim vermək, eləcə də onları Allahın iradəsini yerinə yetirmək işinə təşkil etmək üçün yerə nəzər saldı. Gəlin görək onlar Padşahlığın gördüyü bu üç işə müsbət hay verməklə bizə necə gözəl nümunə qoyublar.

PADŞAH ÖZ SADİQ TƏBƏƏLƏRİNİ SAFLAŞDIRIR

5. 1914-cü ildən 1919-cu ilin əvvəllərinə qədər hansı təmizlik işi görüldü?

5 Taxta yüksəlmiş Padşah göyləri Şeytanın və cinlərinin pis təsirindən təmizlədikdən sonra Yehova İsaya yerdəki davamçılarının ruhani vəziyyətini yoxlamağı və saflaşdırmağı tapşırdı. Malaki peyğəmbər bunu ruhani təmizlənmə kimi təsvir etmişdi (Mal. 3:1—3). Tarix göstərir ki, bu hadisə 1914-cü ildən 1919-cu ilin əvvəllərinə qədər davam etdi *. Yehovanın vahid ailəsinin bir hissəsi olmaq üçün biz təmiz, yəni müqəddəs olmalıyıq (1 Pet. 1:15, 16). Biz yalan dinlə və ya siyasətlə özümüzü murdarlamamalıyıq.

6. Biz ruhani qida ilə necə təmin olunuruq və bu nə üçün vacibdir?

6 Sonra İsa padşahlıq səlahiyyətindən istifadə edərək «sadiq və ağıllı nökər» təyin etdi. Bu nökər İsanın himayəsi altında olan «bir sürüdə» birləşmiş hər kəsi müntəzəm olaraq sağlam ruhani qida ilə təmin etməli idi (Mat. 24:45—47; Yəh. 10:16). 1919-cu ildən bəri məsh olunmuş qardaşlardan ibarət kiçik qrup «[evdəki] qulluqçulara» qida vermək məsuliyyətini sədaqətlə yerinə yetirir. Onun təyin etdiyi bu kanal vasitəsilə verilən bol ruhani qida bizə imanda möhkəmlənməyə kömək edir. Bu, bizim ruhani, əxlaqi, əqli və fiziki cəhətdən təmiz qalmaq əzmimizi gücləndirir. Bu ruhani qida həmçinin bizi maarifləndirir və bu gün yer üzündə görülən ən vacib işdə tam iştirak etmək üçün yaraqlandırır. Bəs siz bu tədbirlərin hər birindən tam olaraq faydalanırsınızmı?

PADŞAH ÖZ TƏBƏƏLƏRİNİ BÜTÜN DÜNYADA TƏBLİĞ ETMƏYƏ HAZIRLAYIR

7. İsa yerdə olarkən hansı vacib işin təməlini qoydu və bu iş nə vaxta qədər davam etməli idi?

7 İsa yerüzü xidmətinə başlayanda elan etmişdi: «Mən Allahın padşahlığı haqqında xoş xəbəri başqa şəhərlərə də bəyan etməliyəm, axı Allah məni bu iş üçün göndərib» (Luka 4:43). İsa üç il yarım ərzində  həyatını tamamilə bu işə həsr etmişdi. O, şagirdlərinə öyrədirdi: «Getdiyiniz yerlərdə: “Səmavi padşahlıq yaxınlaşıb”, — deyərək təbliğ edin» (Mat. 10:7). Dirildikdən sonra İsa peyğəmbərlik etmişdi ki, onun şagirdləri bu xəbəri «yerin ucqarlarınadək» yayacaqlar (Həv. iş. 1:8). O, bu vacib işdə bizim günlərədək şəxsən iştirak edəcəyini vəd etmişdi (Mat. 28:19, 20).

8. Padşah yerdəki təbəələrini fəaliyyətə necə təşviq etdi?

8 1919-cu ildən bəri «Padşahlıq haqqındakı bu xoş xəbər»ə yeni məna qatıldı (Mat. 24:14). Padşah artıq göydən idarə edirdi və yerdəki təmizlənmiş təbəələrindən ibarət kiçik bir qrup təsis etmişdi. Onlar İsanın möhtəşəm tapşırığına — Allahın artıq göydə qurulmuş Padşahlığı haqda xoş xəbəri bütün dünyaya təbliğ etmək tapşırığına şövqlə hay verdilər! (Həv. iş. 10:42). Məsələn, 1922-ci ilin sentyabrında Ohayo ştatının (ABŞ) Sidar-Point şəhərində keçirilən beynəlxalq konqresdə Padşahlığın 20 000-ə yaxın tərəfdarı iştirak etmişdi. Həmin konqresdə Ruterford qardaşın «Padşahlıq» adlı nitqini söyləyərkən bəyan etdiyi: «Budur! Padşah artıq hökmranlıq edir! Siz onun carçılarısınız. Buna görə də Padşahı və onun Padşahlığını elan edin, elan edin, elan edin», — sözlərinin orada olanlara necə təsir etdiyini bir təsəvvür edin! Növbəti gün iki min nümayəndə konqresin ərazisindən 72 kilometr uzaqlıqda olan evlərə təbliğ etməyə getdilər. Bu işdə iştirak edən bir qardaş bölüşür: «Padşahlığı bəyan etmək üçün edilən çağırışı və bu işi dəstəkləyənlərin səyini heç vaxt unutmayacağam!» Bu hissləri keçirən təkcə o deyildi.

9, 10. a) Padşahlığın təbliğçilərini hazırlamaq üçün hansı tədbirlər görülüb? b) Təşkilatın verdiyi təlimlərdən şəxsən siz hansı faydanı əldə etmisiniz?

9 1922-ci ildə Padşahlığın 17 000-dən çox müjdəçisi dünyanın 58 ölkəsində fəaliyyət göstərirdi. Ancaq onlara təlim keçmək lazım gəlirdi. Təyin olunmuş Padşah birinci əsrdə şagirdlərinə nəyi, harada və necə təbliğ etməklə bağlı aydın göstərişlər vermişdi (Mat. 10:5—7; Luka 9:1—6; 10:1—11). Buna müvafiq olaraq, bu gün İsa Padşahlığın təbliğ işində iştirak edən hər kəsin təlimat almasının və effektiv təbliğ etmək üçün vəsaitlərlə təmin olunmasının qayğısına qalır (2 Tim. 3:17). İsa məsihçi yığıncağı vasitəsilə öz davamçılarını xidmətə hazırlayır. Onun təlimvermə üsullarından biri bütün dünyada mövcud olan 111 000-dən çox yığıncağın hər birində keçirilən Teokratik Xidmət Məktəbidir. Hal-hazırda bu təlimdən bəhrələnən yeddi milyondan çox təbliğçi «hər cür adam»a təsir edəcək tərzdə təbliğ etmək və öyrətmək üçün yaraqlanıb. (1 Korinflilərə 9:20—23 ayələrini oxu.)

 10 Teokratik Xidmət Məktəbi ilə yanaşı, yığıncaq ağsaqqallarına, subay qardaşlara, məsihçi ər-arvadlara, filial komitələrinin üzvlərinə və həyat yoldaşlarına, səyyar nəzarətçilərə və həyat yoldaşlarına, eləcə də xüsusi təyinatlı müjdəçilərə təlim vermək üçün digər teokratik məktəblər təsis edilib *. Məsihçi Ər-arvadlar üçün Müqəddəs Kitab Məktəbində təlim almış bir sinfin tələbələri bu məktəbə görə minnətdarlıqlarını belə ifadə etmişlər: «Aldığımız bu xüsusi təlim sayəsində bizim Yehovaya olan məhəbbətimiz birə-beş artdı və başqalarına kömək etmək üçün daha da səriştəli olduq».

11. Təqiblərə baxmayaraq, Padşahlığın müjdəçiləri nəyin sayəsində təbliğ işini davam etdirirlər?

11 Geniş miqyasda həyata keçirilən Padşahlığın təbliği və şagird hazırlamaq işi yağı düşmən Şeytanın nəzərindən yayınmır. O, Padşahlıq işini dayandırmaq üçün bu işə və xoş xəbəri çatdıranlara qarşı birbaşa və ya gizli hücumlar edir. Lakin düşmənin bu cəhdləri boşa çıxır. Yehova Öz Oğlunu «hər cür hökumət, hakimiyyət, qüdrət, iqtidar» üzərinə təyin edib (Efes. 1:20—22). Atasının iradəsi yerinə yetsin deyə İsa öz Padşah səlahiyyətindən istifadə edərək onları qoruyur və rəhbərlik verir *. Xoş xəbər təbliğ edilir və milyonlarla səmimi insana Yehovanın yolları öyrədilir. Bu möhtəşəm işdə iştirak etmək bizim üçün necə də böyük şərəfdir!

PADŞAH TƏBƏƏLƏRİNİ DAHA BÖYÜK İŞ ÜÇÜN TƏŞKİL EDİR

12. Padşahlıq qurulandan bəri hansı təşkilati dəyişikliklər edilib?

12 Padşahlıq 1914-cü ildə qurulandan sonra Padşah Atasının iradəsini yerinə yetirmək üçün Allahın təşkil olunmuş xidmətçilərinin yolunu saflaşdırmağa başladı. (Yeşaya 60:17 ayəsini oxu.) 1919-cu ildə təbliğ işini təşkil etmək üçün hər bir yığıncağa xidmət rəhbəri təyin edildi. 1927-ci ildə isə hər bazar günü evdən-evə təbliğ işi təşkil edildi. Padşahlığın tərəfdarları 1931-ci ildə Müqəddəs Yazılara əsasən Yehovanın Şahidləri adını qəbul edəndə daha böyük işlər görməyə təşviq olundular (Yeşaya 43:10—12). 1938-ci ildə yığıncaqlarda məsul kişilərin demokratik yolla seçilməsi teokratik təyinatla əvəz edildi. 1972-ci ildə yığıncağa nəzarət etmək üçün artıq bir nəzarətçi yox, ağsaqqallar şurası təyin edildi. Tələblərə cavab verən bütün kişilər Allahın sürüsünü otarmaq işinə can atmağa təşviq olunurdu (1 Pet. 5:2). 1976-cı ildə Rəhbərlik Şurasının üzvləri bütün dünyada  Padşahlıq işinə nəzarət etmək üçün altı komitəyə bölündü. Yehovanın təyin olunmuş Padşahı teokratik yolla, yəni Allahın rəhbərliyi ilə Padşahlığın təbəələrini tədricən artan istiqamətdə təşkil edir.

13. Padşahlığın 100 il ərzində gördüyü işlər sizə necə təsir edib?

13 Gəlin Padşahın öz hakimiyyətinin ilk 100 ilində nələri həyata keçirdiyinə nəzər salaq. O, Yehovanın adı naminə xalq təmizləyib. Padşahlıq haqda xoş xəbərin 239 ölkə və ərazidə təbliğinə rəhbərlik edib və milyonlarla insana Yehovanın yollarını öyrədib. O, özlərini Atasının iradəsini yerinə yetirməyə canla-başla təqdim edən yeddi milyondan artıq sadiq təbəəni birləşdirib (Məz. 110:3). Həqiqətən də, Yehovanın Öz Padşahlığı vasitəsilə gördüyü işlər böyük və ecazkardır! Qarşıda bizi bundan da heyrətamiz işlər gözləyir!

ALLAHIN PADŞAHLIĞININ GƏTİRƏCƏYİ XEYİR-DUALAR

14. a) «Qoy padşahlığın gəlsin», — deyə dua etməklə biz Allahdan nəyi xahiş etmiş oluruq? b) 2014-cü ilin illik ayəsi hansıdır və nə üçün bu ayə yerinə düşür?

14 Yehova Oğlu İsa Məsihi 1914-cü ildə Padşah təyin etsə də, bu, bizim «qoy padşahlığın gəlsin» duamızın tam cavabı deyil (Mat. 6:10). Müqəddəs Kitabda peyğəmbərlik edilib ki, İsa «düşmənlərinin üzərində», yəni onların arasında hökmranlıq edəcək (Məz. 110:2). İnsan hökumətləri Şeytanın təsiri altında hələ də Padşahlığa qarşı çıxırlar. Allahın Padşahlığının gəlməsi haqda dua etməklə biz Allahdan təyin olunmuş Padşahın və onun hakimiyyət şəriklərinin insan hakimiyyətinə son qoymasını və Padşahlığın bütün düşmənlərini yer üzündən silməsini diləmiş oluruq. Həmin vaxt Daniel 2:44 ayəsində Allahın Padşahlığının bütün «padşahlıqları [əzib-dağıdacağı]» haqda deyilən peyğəmbərlik yerinə yetəcək. Bu, Padşahlığın siyasi düşmənlərinin sonu olacaq (Vəhy 6:1, 2; 13:1—18; 19:11—21). Bunun baş verməsinə çox az qalıb. Buna görə də Allahın Padşahlığının göydə qurulmasının 100-cü ilində, 2014-cü ilin illik ayəsi olaraq Matta 6:10 ayəsində yazılan: «Qoy padşahlığın gəlsin», — sözlərinin seçilməsi lap yerinə düşür!

2014-cü ilin illik ayəsi: «Qoy padşahlığın gəlsin» (Matta 6:10).

15, 16. a) Minillik Hökmranlıq zamanı hansı möhtəşəm işlər baş verəcək? b) İsa Padşahlığının sonunda nə edəcək və bunun Yehovanın bütün xilqətlə bağlı niyyətinə hansı aidiyyəti olacaq?

15 Padşah Allahın düşmənlərini məhv etdikdən sonra o, Şeytanı və onun cinlərini minillik dibsiz ümmana atacaq (Vəhy 20:1—3). Düşmənin təsiri altında olmayan bir mühitdə Padşahlıq İsanın fidyə qurbanlığının faydasını tətbiq edəcək və Adəmin günahının nəticələrini tamamilə aradan qaldıracaq. Padşah ölüm yuxusunda olan sonsuz sayda insanı dirildəcək və onlara Yehova haqda bilik vermək üçün geniş təlim proqramı təşkil edəcək (Vəhy 20:12, 13). Bütün yer üzü Eden bağı kimi cənnət olacaq. Bütün sadiq insanlar kamilliyə yetişəcək.

16 Məsihin Minillik Hökmranlığının sonunda Allahın Padşahlığı bu məqsədə çatacaq. Sonra İsa Padşahlığı Atasına təhvil verəcək. (1 Korinflilərə 15:24—28 ayələrini oxu.) Yehova ilə yer üzündəki övladları arasında artıq vasitəçiyə ehtiyac qalmayacaq. Allahın bütün səmavi oğulları və yerdəki övladları vahid bir ailə kimi səmavi Ataları ilə vəhdətdə olacaqlar.

17. Padşahlıqla bağlı nədə qətiyyətlisiniz?

17 Padşahlıq qurulandan bəri 100 il ərzində baş verən hadisələr bizi Yehovanın hər şeyə nəzarət etdiyinə və Onun yer üzü üçün olan niyyətinin yerinə yetəcəyinə əmin edir. Gəlin Allahın sadiq təbəəsi olmağa, eləcə də Padşahı və onun Padşahlığını bəyan etməyə davam edək. Biz tam əminik ki: «Qoy padşahlığın gəlsin», — deyə ürəkdən etdiyimiz duanı Yehova mütləq cavablandıracaq!

^ abz. 3 «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 88—92-ci səhifələrinə bax.

^ abz. 10 «Gözətçi qülləsi»nin 2012-ci il 15 sentyabr sayının 13—17-ci səhifələrindəki «Teokratik məktəblər — Yehovanın məhəbbətinin sübutudur» adlı məqaləyə bax.

^ abz. 11 Müxtəlif ölkələrdə əldə edilən hüquqi qələbələrlə bağlı nümunələri «Gözətçi qülləsi»nin 2012-ci il 15 avqust sayının 17-ci səhifəsindən oxuya bilərsən.