Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi (təlim nəşri)  |  yanvar 2014

Gənclik çağında müdrik seçimlər et

Gənclik çağında müdrik seçimlər et

«Ey gənc oğlanlar və qızlar,.. Rəbbin isminə həmd edin!» (MƏZ. 148:12, 13).

1. Bir çox məsihçi gənclər hansı möhtəşəm işlə məşğuldurlar?

BİZ olduqca əlamətdar bir dövrdə yaşayırıq. Tarixdə hələ heç vaxt belə bir şey olmayıb: bütün millətlərdən olan milyonlarla insan həqiqi ibadətə axışır (Vəhy 7:9, 10). Bir çox gənclər xilas gətirən Müqəddəs Kitab həqiqətlərini başa düşməkdə insanlara kömək etməkdən sevinc duyurlar (Vəhy 22:17). Bəzi gənclər insanlara Müqəddəs Kitabı öyrədir və onlara həyatlarını yaxşılaşdırmağa kömək edirlər. Digərləri əcnəbidilli ərazilərdə xoş xəbəri canla-başla təbliğ edirlər (Məz. 110:3; Yeşaya 52:7). Yehovanın xalqının gördüyü bu məmnunedici işdə daha çox iştirak etmək üçün sən nə edə bilərsən?

2. Timoteyin nümunəsi Yehovanın gənclərə məsuliyyətli işlər həvalə etmək istədiyini necə göstərir? (Məqalənin əvvəlindəki şəklə bax.)

2 Bir gənc kimi sən elə seçimlər edə bilərsən ki, gələcəkdə Allaha xidmətdə qarşında gözəl imkanlar açsın. Məsələn, görünür, Listradan olan Timotey elə müdrik seçimlər etmişdi ki, artıq yeniyetməliyinin son illərində, təxminən 20 yaşlarında təbliğ səyahətlərinə çıxmağa hazır idi (Həv. iş. 16:1—3). Bu, Pavel güclü təqiblər ucbatından Salonikidəki yeni yaranmış yığıncağı tərk etdikdən bir neçə ay sonra aydın göründü. Pavel gənc Timoteyə Saloniki yığıncağına baş çəkməyi və qardaşları möhkəmləndirməyi həvalə etdi (Həv. iş. 17:5—15; 1 Salon. 3:1, 2, 6).  Bu təyinatın Timoteyi necə sevindirdiyini bir təsəvvür edin!

ƏN VACİB SEÇİM

3. Həyatda etməli olduğun ən vacib seçim hansıdır və sən bunu nə zaman edə bilərsən?

3 Gənclik çağı vacib seçimlər etməyin əsil vaxtıdır. Amma edə biləcəyin ən vacib seçim Yehovaya xidmət etmək qərarındır. Bu qərarı nə vaxt vermək daha yaxşı olar? Yehova deyir: «Cavanlıq günlərində səni Yaradanı xatırla» (Vaiz 12:1). Yehovanı «xatırla»mağın yeganə üsulu Ona tam xidmət etməkdir (Qanun. t. 10:12). Verə biləcəyin ən vacib qərar Allaha bütün ürəyinlə xidmət etməkdir. Bu, sənin bütün həyatına təsir edəcək (Məz. 71:5).

4. Həyatda verdiyin hansı vacib qərarlar Yehovaya xidmətinə təsir edə bilər?

4 Əlbəttə, sənin gələcəyinə yalnız Yehovaya xidmət etmək seçimin təsir göstərmir. Misal üçün, sən ailə qurub-qurmamaq, kiminlə ailə qurmaq, yaxud necə dolanmaq haqda da narahat ola bilərsən. Bunlar vacib qərarlardır, lakin, ilk növbədə, Yehovaya bütün ürəyinlə xidmət etmək qərarını verməklə müdrik davranmış olarsan (Qanun. t. 30:19, 20). Nə üçün? Çünki verilən qərarlar bir-birilə əlaqəlidir. Sənin evlilik və işlə bağlı verdiyin qərarlar Allaha necə xidmət etməyinə təsir edəcək. (Luka 14:16—20 ayələri ilə müqayisə et.) Allaha xidmət etmək istəyin isə ailə və iş seçiminə təsir edəcək. Deməli, biz əvvəlcə ən vacib olan şeylər haqda qərar verməliyik (Filip. 1:10).

GƏNCLİK İLLƏRİNİ NƏYƏ HƏSR EDƏCƏKSƏN?

5, 6. Düzgün qərarlar verməyin sonradan gözəl nəticələr gətirdiyi barədə nümunə danış. (Həmçinin bu sayda yerləşən «Balaca olanda verdiyim qərar» məqaləsinə bax.)

5 Allaha xidmət etmək qərarına gəldikdən sonra Onun səndən istədiyini öyrən, yalnız bundan sonra Ona necə xidmət edəcəyinə qərar verə bilərsən. Bir yapon qardaş yazır: «14 yaşım olanda mən yığıncağın ağsaqqalı ilə xidmətə çıxmışdım. O fikir vermişdi ki, xidmət etməkdən xoşum gəlmir. O, mülayimliklə demişdi: “Yuiçiro, get evə. Otur, Yehovanın sənin üçün etdikləri barədə dərindən düşün”. Mən belə də etdim. Bir neçə gün dua edərək düşündüm. Tədricən münasibətimi dəyişdim. Çox keçməmiş Yehovaya xidməti sevməyə başladım. Xüsusi təyinatlı müjdəçilər haqda oxumağı xoşlayırdım və bu, məndə Allaha daha çox xidmət etmək istəyi yaratdı».

6 Yuiçiro davam edir: «Gələcəkdə Yehovaya başqa ölkədə xidmət etməyimə yol açan qərarlar verməyə başladım. Məsələn, ingilis dili kursuna getdim. Məktəbi bitirdikdən sonra pioner kimi xidmət etmək üçün həftədə bir neçə saat ingilis dilindən dərs deyirdim. 20 yaşım olanda monqol dilini öyrənməyə başladım və bunun sayəsində monqol qrupundakı təbliğçilərlə əməkdaşlıq etmək imkanım yarandı. İki ildən sonra, 2007-ci ildə Monqolustana getdim. Bir neçə pionerlə xidmətə çıxdıqdan və çoxlarının həqiqəti axtardığını gördükdən sonra kömək etmək üçün oraya köçmək qərarına gəldim. İşlərimi yerbəyer etmək üçün Yaponiyaya qayıtdım. 2008-ci ilin aprelindən bəri Monqolustanda pioner kimi xidmət edirəm. Burada yaşamaq elə də asan deyil. Amma insanlar xoş xəbərə hay verir və mən Yehovaya yaxınlaşmaqda onlara kömək edirəm. Düşünürəm ki, mən ən yaxşı həyat yolunu seçmişəm».

7. Özümüzlə bağlı hansı seçimləri etməliyik və Musa bizim üçün hansı nümunəni qoyub?

7 Yehovanın hər bir xidmətçisi həyatını nəyə həsr edəcəyini özü seçməlidir (Yeşua 24:15). Biz sənə evlənib-evlənməməli, kiminlə evlənməli, yaxud harada işləməli olduğunu deyə bilmərik. Bəs onda sən elə bir iş seçəcəksən ki, onu öyrənmək  üçün çox vaxtın getməsin? Bəzi gənc məsihçilər kasıb kəndlərdə, digərləri isə inkişaf etmiş şəhərlərdə yaşayır. Sən xasiyyətinə, bacarıq və qabiliyyətinə, təcrübənə, maraq dairənə və imanına görə fərqlisən. Çox ehtimal ki, qədim Misirdə yaşamış ibrani gənclər Musadan fərqləndiyi kimi, sən də digər gənclərdən fərqlənirsən. Musanın sarayda hər cür imkanı olduğu halda, digər ibrani gənclər qul idi (Çıx. 1:13, 14; Həv. iş. 7:21, 22). Sənin kimi, onlar da əlamətdar dövrdə yaşayırdılar (Çıx. 19:4—6). Ancaq onların hər biri Yehovaya ürəkdən xidmət edib-etməyəcəyinə qərar verməli idi. Musa düzgün seçim etdi. (İbranilərə 11:24—27 ayələrini oxu.)

8. Həyatda qərarlar verməyi planlaşdıran gənclər köməyi haradan tapa bilərlər?

8 Gənclik illərində Yehova sənə müdrik seçimlər etməyə kömək edir. O, sənin öz şəraitinə tətbiq edə bilməyin üçün prinsiplər şəklində məsləhətlər təqdim edir (Məz. 32:8). Bundan əlavə, imanda olan valideynlərin və yığıncaq ağsaqqalları bu prinsipləri tətbiq etməkdə sənə kömək edə bilərlər (Sül. məs. 1:8, 9). İndi isə gəl gələcəyinə yaxşı təsir edəcək müdrik qərarlar verməyin üçün üç əsas Müqəddəs Kitab prinsipini araşdıraq.

SƏNƏ KÖMƏK EDƏCƏK ÜÇ PRİNSİP

9. a) Yehovanın bizə seçim azadlığı verdiyini nəyə görə deyə bilərik? b) Padşahlığı birinci yerə qoymaq nəyə imkan verir?

9 Allahın Padşahlığını və Onun salehliyini həyatında həmişə birinci yerə qoy. (Matta 6:19—21, 24—26, 31—34 ayələrini oxu.) Yehova bizə seçim azadlığı verib. O, səndən tələb etmir ki, bütün vaxtını ancaq Padşahlığın təbliğinə həsr edəsən. Lakin İsa öyrədirdi ki, Padşahlığı həmişə birinci yerə qoymaq vacibdir. Onun dediyi kimi hərəkət etmək sənə Allaha və insanlara məhəbbət təzahür etdirmək və əbədi həyat ümidinə görə minnətdarlıq bildirmək imkanı açır. Ailə qurmaqla və ya işlə bağlı götür-qoy edərkən fikir ver gör sənin seçimlərin nəyi əks etdirir: maddi şeylər haqda həddən artıq narahat olduğunu, yoxsa Allahın Padşahlığı və Onun salehliyi üçün səy göstərdiyini.

10. İsa nədən sevinc duyurdu və hansı seçimlər sənə sevinc gətirə bilər?

10 Başqalarına xidmət etməkdən sevinc duy. (Həvarilərin işləri 20:20, 21, 24, 35 ayələrini oxu.) İsa xeyirxahlıqla bizə həyatın bu əsas prinsipini öyrədib. İsa özünün yox, Atasının iradəsini həyata keçirdiyi üçün özünü xoşbəxt hiss edirdi. Həlim insanların xoş xəbərə hay verdiyini görmək ona sevinc gətirirdi (Luka 10:21; Yəh. 4:34). Ola bilsin, insanlara kömək etməyin gətirdiyi sevinci sən artıq dadmısan. Əgər vacib seçimlərini İsanın öyrətdiyi prinsiplərə əsaslandırsan, həm özün sevinc duyacaqsan, həm də Yehovanın ürəyini şad edəcəksən (Sül. məs. 27:11).

11. Baruk nə üçün sevincini itirmişdi və Yehova ona hansı məsləhəti verdi?

11 Bizə ən böyük sevinci Yehovaya xidmət bəxş edir (Sül. məs. 16:20). Görünür, Yeremyanın mirzəsi Baruk bunu yaddan çıxarmışdı. O, artıq Yehovaya xidmətdən sevinc duymurdu. Yehova ona dedi: «Əgər sən özün üçün çox şey istəyirsənsə, istəmə. Çünki Mən bütün bəşərin üzərinə bəla gətirəcəyəm... Ancaq hara gedirsən, get, heç olmasa canını qoruyacağam» (Yer. 45:3, 5). Səncə, Baruku nə daha xoşbəxt edərdi: özü üçün çox şey istəmək, yoxsa Allahın sadiq xidmətçisi kimi Yerusəlimin məhvindən sağ çıxmaq? (Yaq. 1:12)

12. Ramiro xoşbəxt həyat sürmək üçün hansı seçimi etdi?

12 İnsanlara xidmət etməkdən sevinc duyan Ramiro adlı bir qardaş deyir: «Mən And dağlarında yerləşən kəndlərdən birində yaşayan kasıb bir ailədənəm. Böyük qardaşımın universitetdə təhsil almağım üçün ödəniş etməyi təklif etməsi mənim üçün böyük fürsət idi. Lakin çox  keçməmiş mən Yehovanın Şahidi kimi vəftiz oldum və başqa təklifi qəbul etdim: bir pioner məni özü ilə birgə bir qəsəbədə təbliğ etməyə dəvət etdi. Mən ora getdim, bərbərliyi öyrəndim və özümü dolandırmaq üçün bərbərxana açdım. Biz insanlara Müqəddəs Yazılar əsasında öyrənmə təklif edəndə çoxları bunu məmnuniyyətlə qəbul edirdi. Sonra mən yerli dildə keçirilən yeni yığıncaqda xidmət etməyə başladım. Hal-hazırda on ildir ki, pioner kimi xidmət edirəm. İnsanlara öz ana dillərində xoş xəbəri öyrənməyə kömək etməkdən başqa heç bir iş mənə bu qədər sevinc gətirə bilməz».

Ramiro Yehovaya gənclik illərindən xidmət etdiyi üçün xoşbəxtdir (12-ci abzasa bax)

13. Nə üçün gənclik çağı Yehovaya tam xidmət etmək üçün ən yaxşı vaxtdır?

13 Gənclik çağında Yehovaya xidmətdən sevinc duy. (Vaiz 12:1 ayəsini oxu.) Elə fikirləşmə ki, Yehovaya xidmət etmək üçün əvvəlcə yaxşı iş tapmalısan. Gənclik illəri Yehovaya tam xidmət etməyin əsil vaxtıdır. Əksər gənclərin, demək olar ki, heç bir ailə məsuliyyəti yoxdur və onlar çətin tapşırıqların öhdəsindən gəlmək üçün sağlam və enerjilidirlər. Bəs sən öz gənclik çağında Yehova üçün nə etmək əzmindəsən? Ola bilsin, pioner xidmətinə başlamaq istəyirsən. Yaxud əcnəbidilli ərazidə xidmət etmək istəyirsən. Ya da, ola bilsin, öz yığıncağında daha çox xidmət etmək üçün imkanlar axtarırsan. Allaha xidmətdə məqsədin nə olursa olsun, sənə özünü təmin etmək lazım gələcək. Bu halda özündən soruş: «Mən hansı peşəyə yiyələnəcəm və bunun üçün mənə nə qədər vaxt lazım olacaq?»

MÜDRİK SEÇİMLƏR ETMƏK ÜÇÜN MÜQƏDDƏS KİTAB PRİNSİPLƏRİNDƏN YARARLAN

14. Kimsə gələcək üçün planlar qurarkən nələrdən ehtiyat etməlidir?

14 Araşdırdığımız bu üç Müqəddəs Kitab  prinsipi iş seçimində sənə kömək edəcək. Şübhəsiz, məktəb müəllimlərinin yerli ərazidə hansısa iş sahəsi ilə bağlı məlumatları var. Yaxud hər hansı dövlət müəssisəsi sənə yerli ərazidə tələbat olan və ya sənin çalışa biləcəyin işlə bağlı məlumat verə bilər. Bu kimi mənbələrdən əldə etdiyin məlumatların köməyi dəyə bilər, lakin gözüaçıq ol. Yehovanı sevməyən insanlar sənin ürəyində bu dünyaya məhəbbət yaratmağa çalışa bilərlər (1 Yəh. 2:15—17). Dünyanın təklif etdiyi şeylərə baxanda ürəyin səni asanlıqla aldada bilər. (Süleymanın məsəlləri 14:15 ayəsini oxu; Yer. 17:9.)

15, 16. İşlə bağlı ən yaxşı məsləhəti haradan tapmaq olar?

15 İşlə bağlı qarşında hansı seçimlərin olduğunu müəyyən etdikdən sonra sənə sağlam məsləhət almaq lazım gələcək (Sül. məs. 1:5). Bəs Müqəddəs Kitab prinsipləri əsasında iş seçməyə sənə kim kömək edə bilər? Yehovanı və səni sevən, sənə və şəraitinə yaxşı bələd olan adamlara qulaq as. Onlar sənə qabiliyyət və niyyətlərini təhlil etməyə kömək edəcək. Ola bilsin, onların deyəcəkləri məqsədlərini yenidən gözdən keçirməyinə kömək edəcək. Yehovanı sevən valideynlərin olması da böyük xeyir-duadır! Yığıncağın ağsaqqalları da sənə yol göstərə biləcək ruhən yetkin adamlardır. Bundan əlavə, pionerlərlə və səyyar nəzarətçilərlə söhbət et. Onlar nə üçün tammüddətli xidməti seçiblər? Necə olub ki, onlar pioner xidmətinə başlayıblar və özlərini necə təmin edirlər? Xidmətdə hansı xeyir-duaları əldə ediblər? (Sül. məs. 15:22).

16 Səni, həqiqətən də, yaxşı tanıyan insanlar düzgün seçim edə bilməyin üçün məsləhət verə bilərlər. Məsələn, tutaq ki, məktəbdəki dərslər sənə çətin gəldiyindən oradan çıxıb pioner xidmətinə başlamaq istəyirsən. Ola bilsin, səni sevən kəs məktəbdən nə üçün çıxmaq istədiyini başa düşsün. Buna görə də o, məktəbdəki sərt qrafikin sənə tez təslim olmamağı öyrətdiyini başa düşməyinə kömək edəcək. Yehovaya tammüddətli xidmət etmək istəyirsənsə, bu keyfiyyət vacibdir (Məz. 141:5; Sül. məs. 6:6—10).

17. Biz hansı qərarları verməkdən qaçmalıyıq?

17 Yehovaya xidmət edən hər bir insan onu Yehovadan uzaqlaşdıra biləcək ruhani təhlükələrlə üzləşəcək (1 Kor. 15:33; Kolos. 2:8). Amma bəzi işlər digərlərinə nisbətən ruhani cəhətdən daha təhlükəli ola bilər. Bəs sən bu cür işlər seçdikdən sonra imanları gəmi kimi qəzaya uğrayan kəslər tanıyırsanmı? (1 Tim. 1:19). Əlbəttə, sən Yehova ilə münasibətlərini təhlükə altına atan qərarlar verməkdən qaçmaqla müdrik davranmış olacaqsan (Sül. məs. 22:3).

GƏNC MƏSİHÇİ OLMAĞINI DƏYƏRLƏNDİR

18, 19. Əgər kimsə hələ də Yehovaya xidmətdə həvəsli deyilsə, nə etməlidir?

18 Əgər ürəyində Yehovaya xidmət etmək istəyi varsa, Allahın gənc xidmətçisi kimi qarşında açılan imkanlardan istifadə et. Bu əlamətdar vaxtda Yehovaya xidmətdə iştirak etməyinə kömək edəcək seçimlər et (Məz. 148:12, 13).

19 Bəs əgər sən hələ də Yehovaya xidmətdə həvəsli deyilsənsə, onda necə? İmanını möhkəmləndirmək üçün etdiyin cəhdləri dayandırma. Allahın xeyir-dualandırdığı həyat yolunda yerimək üçün gördüyü işləri təsvir etdikdən sonra Pavel yazmışdı: «Əgər başqa cür düşünürsünüzsə, Allah sizə düzgün düşüncə tərzini açacaq. Hansı səviyyəyə çatmışıqsa, gəlin bundan sonra da bu nizam-intizama uyğun hərəkət edək» (Filip. 3:15, 16). Unutma ki, Yehova səni sevir və ən müdrik məsləhətlər verir. Qoy Yehova sənə bu gənclik çağında düzgün seçimlər etməyə kömək etsin.