Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) DEKABR 2013

«Bu... sizin üçün xatirə günü olacaq»

«Bu... sizin üçün xatirə günü olacaq»

«Bu gün sizin üçün xatirə günü olacaq və onu Rəbb üçün bayram edəcəksiniz» (ÇIX. 12:14).

1, 2. Məsihçiləri hansı bayram xüsusilə maraqlandırmalıdır və nə üçün?

İLDÖNÜMÜ dedikdə dərhal ağlınıza nə gəlir? Ola bilsin, evli adam: «Toy günüm», — deyə cavab verəcək. Digərləri üçün isə, bu, hər hansı tarixi hadisə ola bilər, məsələn, vətənlərinin müstəqillik günü. Bəs siz elə bir milli bayram tanıyırsınız ki, 3500 ildən çoxdur qeyd edilir?

2 Bu, Pasxa bayramıdır. Bu bayram qədim İsrailin Misir köləliyindən azad olunması şərəfinə qeyd edilir. Bu hadisə sizin üçün də əhəmiyyətli olmalıdır. Çünki bunun sizin həyatınızın bəzi vacib sahələrinə aidiyyəti var. Lakin siz düşünə bilərsiniz: «Axı mən yəhudi deyiləm, bu bayramın mənə nə aidiyyəti ola bilər?» Cavabı növbəti dərinmənalı sözlərdən görə bilərik: «Bizim Pasxa quzumuz Məsih artıq qurban kəsilib» (1 Kor. 5:7). Bu sözlərin mənasını dərk etmək üçün yəhudi Pasxası haqda daha çox bilməli və onun məsihçilərə verilən əmrlə necə əlaqəsi olduğunu araşdırmalıyıq.

PASXA NƏ ÜÇÜN QEYD EDİLİRDİ?

3, 4. Pasxanın kökü hara dayanır?

3 Bütün dünyada yəhudi olmayan yüz milyonlarla insan Pasxanın keçirilməsinə gətirib çıxaran hadisə barədə nəsə bilir. Ola bilsin, onlar bu haqda Müqəddəs Yazıların «Çıxış» kitabından oxumuş, rəvayətlər eşitmiş və ya filmə baxmışlar.

4 İsraillilər uzun illər Misir köləliyində olanda Yehova Musanı və qardaşı Harunu fironun yanına xalqı azad etməsini xahiş etmək üçün göndərmişdi. Bu təkəbbürlü Misir hökmdarı israilliləri buraxmaq istəməyəndə Yehova həmin diyara dalbadal məhvedici bəlalar göndərmişdi. Sonda isə, Allah fironu xalqı azad etməyə vadar edəcək  onuncu bəlanı göndərmişdi; bu, bütün misirlilərin ilk övladlarının ölümü idi (Çıx. 1:11; 3:9, 10; 5:1, 2; 11:1, 5).

5. İsraillilər azadlığa qovuşmaq üçün nə etməli idilər? (Məqalənin əvvəlindəki şəklə bax.)

5 Bəs israillilər azad olmazdan qabaq nə etməli idilər? Həmin vaxt eramızdan əvvəl 1513-cü ilin sonradan nisan adlanan aviv ayı — təxminən yaz gecə-gündüz bərabərliyi dövrü idi *. Allah demişdi ki, israillilər həmin ayın onuncu günündən nisanın 14-də baş verəcək hadisələrə hazırlaşmalıdırlar. Həmin gün günbatandan sonra başlayırdı, çünki ibrani təqvimində gün günbatandan günbatana hesablanırdı. Nisanın 14-ü hər bir ailə toğlu (yaxud çəpiş) kəsməli və qanından götürüb evin qapısının yan taxtalarına sürtməli idi (Çıx. 12:3—7, 22, 23). Ailənin süfrəsində qızardılmış quzu, mayasız çörək və göyərti olmalı idi. Allahın mələyi diyarın üzərindən keçərək misirlilərin ilk övladlarını öldürəcək, itaətkar israillilərin uşaqlarına isə dəyməyəcəkdi. Sonda Allahın xalqı azadlığa qovuşacaqdı (Çıx. 12:8—13, 29—32).

6. Allahın xalqı Pasxanı nə üçün hər il qeyd etməli idi?

6 İsraillilər bütün bu baş verənləri, eləcə də Allahın onları xilas etdiyini heç vaxt unutmamalı idilər. Allah onlara demişdi: «Bu gün sizin üçün xatirə günü olacaq və onu Rəbb üçün bayram edəcəksiniz. Nəsildən-nəslə əbədi qayda olaraq onu bayram edin». Nisanın 14-də keçiriləcək bu bayramın ardınca 7 gün də bayram keçirilməli idi. Pasxa bayramının özü nisanın 14-ü keçirilsə də, bayramın bütün səkkiz gününü də Pasxa adlandırmaq olar (Çıx. 12:14—17; Luka 22:1; Yəh. 18:28; 19:14). Pasxa ibranilərin hər il keçirməli olduqları bayramlardan, yəni ildönümlərindən biri idi (2 Saln. 8:13).

7. İsa hansı yeni bayramı təsis etdi?

7 Musanın qanunu altında olan yəhudi kimi, İsa və həvariləri Pasxa bayramını hər il qeyd edirdilər (Mat. 26:17—19). Axırıncı dəfə bu bayramı qeyd edən zaman İsa davamçılarının hər il qeyd etməli olduqları yeni bayramı — Ağamızın şam yeməyini təsis etdi. Bəs onlar bu günü nə vaxt keçirməli idilər?

AĞAMIZIN ŞAM YEMƏYİ NƏ VAXT QEYD EDİLMƏLİDİR?

8. Pasxa bayramı və Ağamızın şam yeməyi ilə bağlı hansı sual yaranır?

8 İsa axırıncı Pasxanı qeyd edəndən dərhal sonra Ağamızın şam yeməyini təsis etdi və bu yeni bayram Pasxa ilə eyni günə düşməlidir. Amma fikir vermisinizsə, yəhudi Pasxasının tarixi müasir təqvimlərdə bizim Məsihin ölümünü qeyd etdiyimiz gündən bir və ya bir neçə gün fərqlənir. Nə üçün belə fərq var? Cavabı, müəyyən mənada, Allahın israillilərə verdiyi əmrdən tapmaq olar. «Bütün İsrail icmasının camaatı [quzunu] kəssin» əmrini verdikdən sonra Musa konkret olaraq bildirdi ki, onlar bunu nisanın 14-də etməlidirlər. (Çıxış 12:5, 6 ayələrini oxu.)

9. Çıxış 12:6 ayəsinə əsasən, Pasxa quzusu nə vaxt kəsilməli idi?

9 Çıxış 12:6 ayəsində deyilir ki, quzu «axşamçağı» kəsilməli idi. Müqəddəs  Kitabın bəzi tərcümələrində, o cümlədən yəhudi «Tanax»ında bu ifadə «qaş qaralanda» kimi də tərcümə edilir. Deməli, quzu gün batandan sonra, amma hələ hava işıqlı olan vaxtda — nisanın 14-ü başlayanda kəsilməli idi.

10. Bəzilərinin fikrincə, quzu nə vaxt kəsilirdi və hansı sual meydana çıxır?

10 Uzun illər sonra Pasxa quzularını kəsmək üçün məbədə aparırdılar və bunun üçün çoxlu vaxt tələb olunurdu. Buna görə də əsrlər sonra bəzi yəhudilər düşünürdülər ki, Çıxış 12:6 ayəsindəki göstəriş nisanın 14-nün sonuna, yəni günəş enməyə başlayandan (günortadan sonra) günün axırında günəş batana kimi olan vaxta aiddir. Əgər quzu nisanın 14-nün sonunda kəsilirdisə, bəs onda Pasxa yeməyi nə vaxt yeyilməli idi? Qədim İudaizm alimi olan professor Conatan Klevans qeyd etmişdi: «Yeni gün günəşin batması ilə başlayır, buna görə də qurban ayın 14-ü kəsilir, Pasxanın başlaması və yeməyin yeyilməsi isə ayın 15-ə düşür, amma bu cür ardıcıllıq Çıxış kitabında konkret göstərilməyib». O həmçinin yazmışdı: «Ravvinlərin ədəbiyyatında... [eramızın 70-ci ilində] Məbədin məhvindən əvvəl Sederin [Pasxa yeməyinin] necə keçirildiyi haqda heç nə deyilmir». (Kursiv bizimdir.)

11. a) Eramızın 33-cü ilinin Pasxa günü İsanın başına nələr gəldi? b) Nə üçün 33-cü ilin 15 nisanı «böyük» Şənbə adlanırdı? (Haşiyəyə bax.)

11 Bəs eramızın 33-cü ilinin Pasxa günü haqqında nə demək olar? Nisanın 13-ü, Pasxa qurbanının kəsilməsinə az qalmış Məsih Peterə və Yəhyaya dedi: «Gedin və bizə pasxa yeməyi hazırlayın» (Luka 22:7, 8). Nəhayət, nisanın 14-ü, cümə axşamı günbatandan sonra Pasxa yeməyi üçün «vaxt [yetişdi]». İsa həvariləri ilə birgə həmin yeməyi yedi və sonra Ağamızın şam yeməyini təsis etdi (Luka 22:14, 15). Həmin gecə İsanı həbs edib məhkəmə qarşısına çıxartdılar. O, nisanın 14-ü günorta vaxtı dirəyə mıxlandı və günortadan sonra öldü (Yəh. 19:14). Bununla da, «bizim Pasxa quzumuz Məsih» Pasxa quzusu kəsilən gün «qurban [kəsildi]» (1 Kor. 5:7; 11:23; Mat. 26:2). Həmin günün sonuna yaxın — nisanın 15-i başlamamış İsa basdırıldı * (Lev. 23:5—7; Luka 23:54).

SİZİN ÜÇÜN ƏHƏMİYYƏT KƏSB EDƏN XATİRƏ GÜNÜ

12, 13. Yəhudilərin uşaqları Pasxa bayramında necə iştirak edirdilər?

12 İndi isə gəlin Misirdə baş verənlərə qayıdaq. Musa demişdi ki, Allahın xalqı gələcəkdə Şənbəyə riayət edəcək; bu, onların «həmişə» riayət etməli olduqları bir qayda idi. Hər il keçirilən bu bayramda iştirak edən uşaqlar valideynlərindən bu hadisənin mahiyyəti barədə soruşacaqdılar. (Çıxış 12:24—27 ayələrini oxu; Qanun. t. 6:20—23.) Beləcə Pasxa bayramı hətta uşaqlar üçün də əhəmiyyət kəsb edən «xatirə günü» olacaqdı (Çıx. 12:14).

13 Yeni nəsil böyüdükcə atalar bunu vacib bir dərs kimi oğullarına ötürməli idilər. Əvvəla, onlar uşaqlarına öyrətməli idilər ki, Yehova Öz xidmətçilərini müdafiə etməyə qadirdir. Uşaqlar Yehovanın gizli, mücərrəd varlıq olmadığını, əksinə, Onun Öz xalqı ilə  maraqlanan, onların rifahı üçün çalışan və var olan Allah olduğunu dərk edirdilər. Yehova bunu «Misirliləri bəlaya saldığı zaman» israillilərin ilk doğulan övladlarını qorumaqla sübut etmişdi.

14. Valideynlər Pasxa bayramının əsasında uşaqlarına hansı dərsi aşılaya bilərlər?

14 Düzdür, məsihçi valideynlər öz uşaqlarına Pasxanın mənasını hər il xatırlatmırlar. Bununla belə, siz öz uşaqlarınıza eyni şeyi — Allahın Öz xalqını müdafiə etdiyini öyrədirsinizmi? Yehovanın hələ də Öz xalqını müdafiə edən Allah olduğuna əminliyinizi övladlarınıza aşılayırsınızmı? (Məz. 27:11; Yeşaya 12:2). Bəs siz bunu necə edirsiniz, quru moizə söyləməklə, yoxsa təravətləndirici ünsiyyət etməklə? Beləliklə, ailənizin ruhən inkişaf etməsi üçün əlinizdən gələni edin.

Pasxa bayramından uşaqlarınıza nə öyrədə bilərsiniz? (14-cü abzasa bax)

15, 16. Pasxa bayramından və «Çıxış» kitabındakı hadisələrdən Yehova haqda nə öyrənə bilərik?

15 Pasxa bayramından təkcə Yehovanın Öz xalqını müdafiə etməyə qadir olduğunu öyrənmirik. O həmçinin onları Misirdən çıxararaq xilas etdi. Bunun nə demək olduğunu bir təsəvvür edin: Yehova onlara bulud və od dirəyi vasitəsilə yol göstərdi. Onlar sağ və sol tərəfdən divar olmuş Qırmızı dənizin ortasından quru yolla keçdilər. Sağ-salamat dənizi keçəndən sonra suların Misir ordusunun üzərinə gəldiyini gördülər. Sonra xilas edilmiş israillilər bir ağızdan oxudular: «Rəbbə ilahi oxuyacağam... Atı və süvarini dənizə tulladı. Rəbb qüvvətim, məzmurumdur, O məni xilas etdi» (Çıx. 13:14, 21, 22; 15:1, 2; Məz. 136:11—15).

16 Əgər uşaqlarınız varsa, onlara Yehovanın Xilaskar Allah olduğuna inanmağa kömək edirsiniz? Onlar bu əminliyi sözlərinizdə və qərarlarınızda görürlərmi? Çox ehtimal ki, siz «Çıxış» kitabının 12—15-ci fəsillərindəki məlumatı ailəvi ibadətdə araşdıra və Yehovanın Öz xalqını necə xilas etdiyini vurğulaya bilərsiniz. Başqa vaxt isə, Həvarilərin işləri 7:30—36 və ya Daniel 3:16—18, 26—28 ayələrini nəzərdən keçirməklə bu mövzunu araşdırmağa davam edə bilərsiniz. Bəli, istər cavan olaq, istərsə də yaşlı biz əmin ola bilərik ki, Yehova Öz xalqını təkcə keçmişdə xilas etməyib. O, Musanın günlərində Öz xalqını xilas etdiyi kimi, gələcəkdə bizi də xilas edəcək. (1 Salonikililərə 1:9, 10 ayələrini oxu.)

 BİZİM ÜÇÜN XATIRLATMA

17, 18. İlk Pasxada qanın istifadə edilməsi bizə nəyi xatırlatmalıdır?

17 Həqiqi məsihçilər yəhudi Pasxasını qeyd etmirlər. Bu bayram Musanın qanununun bir hissəsi idi, biz isə həmin Qanun altında yaşamırıq (Rom. 10:4; Kolos. 2:13—16). Əksinə, biz başqa bir hadisəni, Allahın Oğlunun ölümünü qeyd edirik. Bununla belə, Misirdə qeyd edilməyə başlayan Pasxa bayramından çox şey öyrənə bilərik.

18 İsraillilər quzunun qanını qapının üst və yan taxtalarına sürtməklə ilk övladlarının həyatını xilas etdilər. Bu gün biz nə Pasxa bayramında, nə də ki, başqa vaxt Allaha heyvan qurbanları təqdim etmirik. Lakin elə bir qurban var ki, o, həyatı birdəfəlik qurtarmağa qadirdir. Həvari Pavel izah edir ki, İsanın qanı məsh olunmuşların göydə əbədiyyən yaşamaları üçün «çiləmə [qanı]» mənasını daşıyır. Onlar «adları göydə yazılmış»ların ilkinləridir (İbr. 12:23, 24). Yer üzündə əbədi yaşamaq ümidinə malik olan məsihçilər də yalnız bu qanın sayəsində xilasa nail ola bilərlər. Onlar daima özlərinə növbəti vədi xatırlatmalıdırlar: «Biz onun qanı ilə ödənmiş fidyə vasitəsilə azadlığa, bəli, bu lütfün bolluğuna əsasən günahlarımızın əfvinə yetişirik» (Efes. 1:7).

19. İsanın ölümü peyğəmbərliklərə olan etibarımızı necə möhkəmləndirə bilər?

19 İsraillilər Pasxa yeməyi üçün kəsilən quzunun heç bir sümüyünü sındırmamalı idilər (Çıx. 12:46; Say. 9:11, 12). Bəs fidyə kimi təqdim edilən «Allahın Quzusu» barədə nə demək olar? (Yəh. 1:29). Onun hər iki tərəfindən cinayətkar asılmışdı. Yəhudilər Pilatdan xahiş etdilər ki, edam olunmuşların sümüklərini sındırsınlar. Bu, onların ölümünü tezləşdirəcəkdi, beləcə onlar nisanın 15-ə, ikiqat Şənbəyə qədər dirəkdə qalmayacaqdılar. Əsgərlər edam olunmuş hər iki cinayətkarın ayaqlarını sındırdılar, «İsaya yaxınlaşanda gördülər ki, o, artıq ölüb. Buna görə də onun ayaqlarını sındırmadılar» (Yəh. 19:31—34). Pasxa quzusu kimi, İsanın da sümükləri sındırılmadı. Buna görə də Pasxa quzusu eramızın 33-cü ilinin 14 nisanında baş verənlərin «kölgəsi» idi (İbr. 10:1). Üstəlik, bununla Məzmur 34:20 ayəsindəki sözlər yerinə yetdi. Bu, bizim Müqəddəs Kitab peyğəmbərliklərinə etibarımızı möhkəmləndirməlidir.

20. Pasxa ilə Ağamızın şam yeməyi arasında hansı fərq var?

20 Lakin yəhudilərin Pasxanı necə qeyd etmələri ilə məsihçilərin İsadan aldıqları tapşırığa əsasən, Ağamızın şam yeməyini qeyd etmələri arasında fərq var. Misirdən çıxdıqdan sonra israillilər quzunun ətini yeməli, qanını isə içməməli idilər. Bu, İsanın şagirdlərinə nə etməli olduqlarına dair verdiyi rəhbərlikdən fərqlənirdi. O demişdi ki, «Allahın padşahlığında» hakimiyyət sürəcək kəslər onun bədənini və qanını təmsil edən çörəkdən və şərabdan qəbul etməlidirlər. Biz bu haqda ətraflı məlumatı növbəti məqalədə araşdıracağıq (Mark 14:22—25).

21. Pasxa haqqında nə üçün bilməliyik?

21 Bununla belə, şübhə yoxdur ki, Pasxa Allahın İsraillə münasibətində vacib rol oynayırdı və biz bundan özümüzə dərs götürə bilərik. Beləliklə, Pasxa yəhudilər üçün «xatirə günü» olsa da, biz məsihçilər bu barədə bilməli və özümüz üçün nəticə çıxarmalıyıq, çünki «Müqəddəs Yazılardakı hər kəlmə Allah tərəfindən ilhamlanmışdır» (2 Tim. 3:16).

^ abz. 5 İbrani təqvimində birinci ay aviv adlansa da, yəhudilər Babil əsarətindən qayıdandan sonra bu ay nisan adlandı. Bu məqalədə biz nisan adından istifadə edəcəyik.

^ abz. 11 Pasxadan bir gün sonraya, nisanın 15-ə düşən Şənbə həmin il Mayasız çörək bayramının həmişə Şənbə sayılan ilk günü ilə üst-üstə düşmüşdü. Bu iki Şənbə eyni günə düşdüyü üçün həmin gün «böyük» Şənbə adlanmışdı. (Yəhya 19:31, 42 ayələrini oxu.)