Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) DEKABR 2013

Padşahlıq naminə qurbanlar verməyə hazırsanmı?

Padşahlıq naminə qurbanlar verməyə hazırsanmı?

«Allah sevinclə verəni sevir» (2 KOR. 9:7).

1. Bir çoxları hansı qurbanları verir və nəyə görə?

İNSANLAR onlar üçün vacib olan şeylər uğrunda qurbanlar verməyə hazırdırlar. Valideynlər vaxtlarını, pullarını və güclərini uşaqlarının rifahı üçün sərf edirlər. Həmyaşıdlarının deyib-güldükləri, oynadıqları bir vaxtda öz ölkəsini Olimpiya oyunlarında təmsil etməyə can atan gənc atletlər hər gün saatlarla ağır məşqlər edir. İsa Məsih də onun üçün əhəmiyyət kəsb edən şeylərə görə qurbanlar vermişdi. O, nə yağ-bal içində yaşamağa çalışmış, nə də oğul-uşaq sahibi olmuşdu. Əksinə, o, diqqətini Padşahlıq işinin irəliləməsinə yönəltmişdi (Mat. 4:17; Luka 9:58). Onun davamçıları da Allahın Padşahlığını dəstəkləmək üçün əllərindən gələni edirdilər. Onlar üçün ən vacibi Padşahlıq işinin irəliləməsi idi. Onlar Padşahlığı tam dəstəkləmək üçün qurbanlar vermişdilər (Mat. 4:18—22; 19:27). Buna görə də hər birimiz özümüzdən soruşa bilərik: «Mənim üçün həyatda ən vacib olan nədir?»

2. a) Hansı qurbanlar bütün məsihçilər üçün tələbdir? b) Bəziləri hansı əlavə qurbanlar verirlər?

2 Bəzi qurbanlar bütün həqiqi məsihçilər üçün tələbdir. Bu qurbanlar Yehova ilə sıx münasibətlər qurmağımız və onu qoruyub saxlamağımız üçün olduqca vacibdir. Bu cür qurbanlar özünə vaxtımızı və gücümüzü dua etməyə, Müqəddəs Kitabı oxumağa, ailəvi ibadət keçirməyə, yığıncaq görüşlərində və təbliğ işində iştirak etməyə sərf etməyi daxil edir * (Yeşua 1:8; Mat. 28:19, 20; İbr. 10:24, 25). Göstərdiyimiz səylər və Yehovanın xeyir-duası nəticəsində təbliğ işi sürətlənir və çoxları «Rəbbin evi olan dağ»a sarı axışmağa davam edir (Yeşaya 2:2). Padşahlıq  işini dəstəkləmək üçün çoxları Bet-Eldə xidmət etməklə, Padşahlıq zallarının tikintisində, konqreslərin təşkil olunmasında və təbii fəlakətlərdən sonra yardım işlərində kömək etməklə qurbanlar verirlər. Bu əlavə işlər əbədi həyata nail olmaq üçün tələb olmasa da, Padşahlığın maraqlarını dəstəkləməkdə vacib rol oynayır.

3. a) Padşahlıq üçün qurbanlar verməyin bizə hansı faydası var? b) Hansı sualların üzərində düşünməliyik?

3 Padşahlığı canla-başla dəstəkləmək indi həmişəkindən daha vacibdir. Bir çox bacı-qardaşların Yehovaya könüllü olaraq qurbanlar verdiklərini görmək çox sevindiricidir! (Məzmur 54:6 ayəsini oxu.) Bu cür səxavətlilik ruhu Allahın Padşahlığının gəlişini gözlədiyimiz müddətdə bizə bol sevinc bəxş edir (Qanun. t. 16:15; Həv. iş. 20:35). Hər birimiz özümüzü vaxtaşırı yoxlamalıyıq. Padşahlığın işi üçün hansı əlavə qurbanları verə bilərəm? Vaxtımdan, pulumdan, gücümdən və bacarıqlarımdan necə istifadə edə bilərəm? Nədə ehtiyatlı olmalıyam? Gəlin sevincimizi artıracaq bu cür könüllü qurbanlar gətirməkdə təqlid edə biləcəyimiz bəzi nümunələrə baxaq.

QƏDİM İSRAİLDƏ GƏTİRİLƏN QURBANLAR

4. Qurbanlar gətirməyin israillilərə hansı faydası var idi?

4 Qədim İsraildə qurbanlar, əsas etibarilə, günahların bağışlanması üçün gətirilirdi. Xalqın Yehovanın lütfünü qazana bilməsi üçün qurbanlar vacib idi. Onlardan bəziləri mütləq, digərləri isə könüllü idi (Lev. 23:37, 38). Bütöv şəkildə gətirilən yandırma qurbanları Yehovaya könüllü və ya bəxşiş kimi gətirilirdi. Təqdimlər gətirməyin ən bariz nümunəsi Süleymanın günlərində məbədin təntənəli açılışı zamanı gətirilən qurbanlar idi (2 Saln. 7:4—6).

5. İmkansız insanlar üçün Yehova hansı tədbiri görmüşdü?

5 Yehova hər kəsin eyni ölçüdə qurbanlar gətirə bilməyəcəyinə anlayışla yanaşır və hər bir insanın imkanını nəzərə alırdı. Yehovanın qanununda tələb olunurdu ki, gətirilən heyvan qurbanların qanı axıdılsın. Bu, İsa Məsih vasitəsilə «gələcək xeyir-duaların... kölgəsi» idi (İbr. 10:1—4). Lakin Yehova bu qanunun yerinə yetirilməsi üçün sərt tələb qoymamışdı. Misal üçün, əgər kasıb insanın mal-qara və ya qoyun-keçi qurbanı  gətirmək imkanı yox idisə, Yehova onun qumru quşu qurbanını da qəbul edirdi. Beləcə, hətta kasıb insan da sevinclə Yehovaya qurban gətirə bilirdi (Lev. 1:3, 10, 14; 5:7). Heyvan qurbanları müxtəlif olsa da, könüllü qurbanlar gətirən hər bir insanın qarşısında iki tələb vardı.

6. Qurban təqdim edən hər bir insanın qarşısında hansı tələb vardı və bu tələbi yerinə yetirmək nə dərəcədə vacib idi?

6 Birincisi, insan malik olduğunun ən yaxşısını təqdim etməli idi. Yehova xalqa demişdi ki, qurbanları qəbul olunsun deyə sağlam heyvan gətirməlidirlər (Lev. 22:18—20). Əgər heyvan qüsurlu idisə, Yehova bu qurbanı qəbul etmirdi. İkincisi, insan özü təmiz və qüsursuz olmalı idi. Əgər insan natəmiz idisə, o, könüllü qurban gətirməzdən öncə, Yehova ilə münasibətlərini bərpa etmək üçün günah və ya təqsir qurbanı gətirməli idi (Lev. 5:5, 6, 15). Bu, çox ciddi məsələ idi. Yehova bildirmişdi ki, natəmiz insan könüllü qurbanlara aid olan ünsiyyət qurbanı təqdim edərsə, Allahın xalqı arasından qovulacaq (Lev. 7:20, 21). Ancaq Yehova ilə yaxşı münasibətləri olan və qüsursuz qurban təqdim edən insan bundan sevinc duyurdu. (1 Salnamələr 29:9 ayəsini oxu.)

BU GÜN GƏTİRİLƏN QURBANLAR

7, 8. a) Padşahlıq naminə qurbanlar verən bir çoxları hansı hissləri keçirirlər? b) Biz hansı imkanlara malikik?

7 Bu gün bir çoxları könüllü olaraq bütün güclərini Yehovaya xidmətə sərf edirlər və bu, Yehovaya xoşdur. Qardaşlarımızın rifahı üçün çalışmağımız bizə sevinc gətirir. Padşahlıq zallarının tikintisində iştirak edən və təbii fəlakətdən zərər çəkənlərə kömək edən bir qardaş deyir ki, bu cür xidmətdən duyduğu məmnunluğu sözlə ifadə etmək mümkün deyil. O bölüşür: «Yeni tikilmiş Padşahlıq zalına gələn və ya təbii fəlakətdən sonra köməklik alan bacı-qardaşların sevincini və minnətdarlığını görmək bütün səylərə dəyər».

Bu gün gətirdiyimiz qurbanlar kimi, bir çox təqdimlər də könüllü idi (7—13-cü abzaslara bax)

8 Yehovanın müasir təşkilatı hər zaman Onun işini dəstəkləmək üçün imkanlar axtarır. 1904-cü ildə Çarlz Teyz Rassel qardaş demişdi: «Hər bir kəs özünü Ağa tərəfindən öz vaxtı, səlahiyyəti, pulu və qalan şeyləri üzərində təyin olunmuş nökərbaşı hesab etməli və bütün qüvvəsini toplayıb bu ənamlardan Ağanı izzətləndirmək üçün istifadə etməlidir». Çoxlu xeyir-dualar əldə etməyimizə baxmayaraq, bunun üçün bizdən  Yehovaya müəyyən qurbanlar vermək tələb olunur (2 Şam. 24:21—24). Bəs biz malik olduğumuz şeylərdən daha yaxşı istifadə edə bilərikmi?

Bet-El üzvləri Avstraliyada

9. İsanın Luka 10:2—4 ayələrindəki göstərişində vaxtdan istifadə etməklə bağlı hansı prinsip var?

9 Vaxtımız. Ədəbiyyatlarımızı tərcümə və çap etmək, ibadət üçün binalar tikmək, konqreslər təşkil etmək, təbii fəlakətlər zamanı yardım etmək və bu kimi digər vacib fəaliyyətlərdə iştirak etmək üçün çoxlu vaxt və səy lazımdır. Ancaq bizim sutkada cəmi 24 saatımız var. İsa bizə faydalı bir prinsip verib. O, şagirdlərini xidmətə göndərəndə onlara yolda heç kəslə qucaqlaşmamağı, öpüşüb-görüşməməyi tapşırmışdı (Luka 10:2—4). İsa nə üçün belə bir göstəriş vermişdi? Bir Müqəddəs Kitab alimi demişdi: «Şərqdə insanlar salamlaşarkən, bizim kimi, yüngülcə təzim etmək və ya əl sıxmaqla kifayətlənmirdilər. Onlar dəfələrlə qucaqlaşır, təzim edir, hətta yerə qədər əyilirdilər. Bunun üçün çoxlu vaxt tələb olunurdu». İsa şagirdlərini kobudluğa səsləmirdi. Əksinə, o, onlara vaxtlarının məhdud olduğunu və bu vaxtı daha vacib şeylərə sərf etməli olduqlarını başa salırdı (Efes. 5:16). Bəs biz Padşahlıq işinə daha çox vaxt sərf etmək üçün bu prinsipi tətbiq edə bilərikmi?

Padşahlığın təbliğçiləri Keniyadakı (Afrika) Padşahlıq zalında

10, 11. a) İanələrimizdən ümumdünya işi üçün necə istifadə olunur? b) 1 Korinflilərə 16:1, 2 ayələrindəki hansı prinsip bizə kömək edə bilər?

10 Pulumuz. Padşahlıq işini dəstəkləmək üçün kifayət qədər vəsait lazımdır. Səyyar nəzarətçilərin, xüsusi pionerlərin və xüsusi təyinatlı müjdəçilərin tələbatlarının qayğısına qalmaq üçün hər il on milyonlarla dollar xərclənir. 1999-cu ildən bəri məhdud resurslu ölkələrdə 24 500-dən çox Padşahlıq zalı tikilib. Bununla belə, hələ də 6400-ə yaxın Padşahlıq zalına ehtiyac var. Hər ay «Gözətçi qülləsi» və «Oyanın!» jurnalları təxminən 100 milyon tirajla çap edilir. Bütün bu işlər könüllü ianələr hesabına həyata keçirilir.

11 Həvari Pavel ianələrlə bağlı prinsip verib. (1 Korinflilərə 16:1, 2 ayələrini oxu.) O, Allahdan ilham alaraq Korinfdəki qardaşları təşviq edirdi ki, həftənin sonuna nə qədər pulları qalacağını gözləmək əvəzinə, həftənin əvvəlində hərə öz imkanına görə kənara müəyyən miqdarda pul qoysun. Birinci əsrdə olduğu kimi, bizim günlərdə də bacı-qardaşlar imkanları daxilində əliaçıqlıqla ianələr etməyi qabaqcadan planlaşdırırlar (Luka 21:1—4; Həv. iş. 4:32—35). Yehova bu cür səxavətlilik ruhunu qiymətləndirir.

Regional tikinti komitəsində xidmət edən könüllü Taksidoda (Nyu–York, ABŞ)

12, 13. Bəzilərinin öz güclərini və bacarıqlarını Yehovanın işinə sərf etməmələrinə nə səbəb ola bilər, bəs Yehova onlara necə kömək edə bilər?

12 Gücümüz və bacarıqlarımız. Yehova gücümüzü və bacarıqlarımızı Padşahlıq naminə sərf etmək səylərimizi dəstəkləyir. O vəd edir ki, əgər taqətdən düşsək, dərhal köməyimizə çatacaq (Yeşaya 40:29—31). Bu işdə köməklik etmək üçün kifayət qədər bacarığımızın olmadığını və başqalarının bu işi daha yaxşı görəcəyini düşünürükmü? Unutma ki, Besalel və Oholiavla olduğu kimi, Yehova hər kəsə bacarıqlarını yaxşılaşdırmağa kömək edə bilər. (Çıx. 31:1—6; məqalənin əvvəlindəki şəklə bax.)

13 Yehova bizi təşviq edir ki, malik olduğumuzun ən yaxşısını verək (Sül. məs. 3:27). Məbədin bərpası zamanı Yehova Yerusəlimdəki yəhudiləri tikinti üçün nə iş gördükləri barədə ciddi düşünməyə səsləmişdi (Haq. 1:2—5). Onların diqqəti tez-tez yayınırdı və Yehovanın işini həyatlarında birinci yerə qoymurdular. Biz özümüzdən soruşmalıyıq: Yehovanın  iradəsini yerinə yetirmək bizim üçün hər şeydən vacibdirmi? Bu son günlərdə Padşahlıq işində daha çox iştirak etmək üçün həyat yollarımız üzərində ciddi düşünə bilərikmi?

GÜCÜMÜZ ÇATAN QURBANLAR

14, 15. a) İmkansız bacı-qardaşların nümunəsi bizi nəyə təşviq edir? b) Biz nə etmək əzmində olmalıyıq?

14 Elə ölkələr var ki, insanların çoxu çətinlik və ya yoxsulluq içində yaşayır. Təşkilatımız bu cür ərazilərdə yaşayan bacı-qardaşların zəruri ehtiyaclarını ödəməyə çalışır (2 Kor. 8:14). Ancaq hətta kasıb bacı-qardaşlar belə gücləri çatan qədər ianələr edirlər. Bu imkansız kəslərin könüllü verdiklərini görəndə Yehova sevinir (2 Kor. 9:7).

15 Afrikanın olduqca kasıb ölkələrindən birində bəzi qardaşlar öz bağlarında balaca bir sahə ayırır və oradan əldə etdikləri gəliri Padşahlıq işinə sərf edirlər. Həmin ölkədə Padşahlıq zalına ehtiyac olduğundan tikinti işi planlaşdırılırdı. Yerli bacı-qardaşlar kömək etmək istəyirdilər. Ancaq bu iş əkin-səpin mövsümünün düz ortasına düşürdü. Bununla belə, bu işdə iştirak etmək əzmində olan bacı-qardaşlar gündüzlər Padşahlıq zalının tikintisində işləyir, axşamlar isə əkin-səpin işləri ilə məşğul olurdular. Bu əsil fədakarlıq ruhu idi! Onların nümunəsi bizə birinci əsrdə Makedoniyada yaşayan bacı-qardaşları xatırladır. Onlar «yoxsul olmalarına» baxmayaraq, dönə-dönə xahiş edirdilər ki, imkanları daxilində bacı-qardaşlara kömək etmək şərəfinə layiq görülsünlər (2 Kor. 8:1—4). Eynilə, gəlin hər birimiz Yehovanın bizə verdiyi xeyir-dualara görə minnətdar olduğumuzu göstərmək üçün ianələr edək. (Qanunun təkrarı 16:17 ayəsini oxu.)

16. Qurbanlarımızın Yehovaya məqbul olduğuna necə əmin ola bilərik?

16 Ancaq bu zaman ehtiyatlı olmaq lazımdır. Qədim israillilər kimi, biz də verdiyimiz qurbanların Allaha məqbul olub-olmadığını yoxlamalıyıq. Yaddan çıxartmamalıyıq ki, bizim ən ümdə məsuliyyətimiz ailəmiz və Yehovaya ibadətimizdir. Vaxtımızı və imkanlarımızı başqalarının rifahı üçün sərf ediriksə, amma ailəmizin ruhani və fiziki tələbatlarının qayğısına qalmırıqsa, bu, bizə sevinc gətirməyəcək. Belə çıxır ki, onda biz gücümüz çatmayanı vermiş oluruq. (2 Korinflilərə 8:12 ayəsini oxu.) Üstəlik, biz öz ruhaniliyimizi də qorumalıyıq (1 Kor. 9:26, 27). Əmin ola bilərik ki, Müqəddəs Kitab normalarına uyğun yaşayanda qurbanlarımız bizə çoxlu sevinc və məmnunluq gətirəcək, xüsusilə də Yehovaya xoş olacaq.

VERDİYİMİZ QURBANLAR ÇOX DƏYƏRLİDİR

17, 18. Padşahlıq üçün qurbanlar verənlərə münasibətimiz necədir və hər birimiz nəyin üzərində düşünməliyik?

17 Bir çox bacı-qardaşlar Padşahlığın zəruri işlərini dəstəkləməklə «xidmətin üzərinə şərab təqdimi kimi [tökülürlər]» (Filip. 2:17). Biz bu cür fədakarlıq ruhu təzahür etdirən bacı-qardaşları ürəkdən qiymətləndiririk. Padşahlıq işində üzərlərinə məsuliyyət götürən qardaşların həyat yoldaşları və uşaqları da göstərdikləri xeyirxahlıq və fədakarlıq ruhuna görə tərifəlayiqdir.

18 Padşahlığın maraqlarını dəstəkləmək üçün çoxlu səy tələb olunur. Gəlin dua edərək Padşahlıq işini daha çox necə dəstəkləyə biləcəyimiz barədə düşünək. Onda əmin ola bilərik ki, həm indi, həm də «gələcək dövrdə» bol xeyir-dualar alacağıq (Mark 10:28—30).

^ abz. 2 «Gözətçi qülləsi»nin 2012-ci il 15 yanvar sayının 21—25-ci səhifələrində yerləşən «Yehovaya qurbanları canla-başla gətir» adlı məqaləyə baxın.