Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) NOYABR 2013

«Dualarda ayıq olun»

«Dualarda ayıq olun»

«Sağlam düşüncəli və dualarda ayıq olun» (1 PET. 4:7).

1, 2. a) «Dualarda ayıq» olmaq nə üçün vacibdir? b) Özümüzə dua ilə bağlı hansı düşündürücü sualları verməliyik?

«SÜBHƏYAXIN oyaq qalmaq çox çətindir», — deyə əvvəllər gecə növbəsində işləyən bir nəfər bölüşür. Çox ehtimal ki, bütün gecəni oyaq qalmalı olan insanlar bu fikirlə razılaşacaq. Bu gün də biz məsihçilər Şeytan sisteminin lap sonunda, məcazi dillə desək, gecənin ən zülmət dövründə yaşayırıq (Rom. 13:12). Gecənin bu vaxtı yuxuya getmək bizim üçün necə də təhlükəli olardı! Müqəddəs Yazıların «sağlam düşüncəli və dualarda ayıq olun» məsləhətinə diqqət yetirmək olduqca zəruridir (1 Pet. 4:7).

2 Hansı zəmanədə yaşadığımızı nəzərə alaraq, yaxşı olardı ki, özümüzdən soruşaq: «Dua etmək məsələsində nə qədər ayığam? Hər cür dilək və yalvarışla daima dua edirəmmi? Başqaları üçün dua etmək vərdişim var, yoxsa həmişə yalnız öz ehtiyaclarım və istəklərim barədə dua edirəm? Dua xilasım üçün nə dərəcədə vacibdir?»

HƏR CÜR DUA EDİN

3. Başqa nə cür dualar edə bilərik?

3 Həvari Pavel efeslilərə məktubunda «hər cür... dua»dan söz açır (Efes. 6:18). Öz dualarımızda biz, adətən, Yehovadan ehtiyaclarımızı ödəmək və çətinliklərin öhdəsindən gəlmək üçün kömək istəyirik. «Duaları eşidən» Allah kömək üçün etdiyimiz müraciəti məhəbbətlə dinləyir (Məz. 65:2). Lakin biz öz tələbatlarımız haqda dua etməklə yanaşı, həmd, şükran və yalvarış duaları da etməliyik.

4. Biz nə üçün dualarımızda Yehovaya tez-tez həmd etməliyik?

4 Duada Yehovaya həmd etmək üçün çoxlu səbəblərimiz var. Məsələn, biz Onun «qüdrətli işləri» və «bol [əzəməti]» üzərində düşünəndə ürəyimizdən Ona həmd etmək keçir. (Məzmur 150:1—6  ayələrini oxu.) 6 ayədən ibarət 150-ci məzmur düz 13 dəfə bizi Yehovaya həmd etməyə səsləyir! Allaha dərin ehtiram hissi ilə digər bir məzmurçu oxuyur: «Ədalətli hökmlərinə görə hər gün yeddi dəfə Sənə həmd edirəm» (Məz. 119:164). Sözsüz, Yehova həmdlərə layiq Allahdır. Buna görə də biz Ona «hər gün yeddi dəfə», yəni tez-tez həmd etməliyik.

5. Duada Allaha şükr etmək bizi necə müdafiə edir?

5 Dualarımıza şükran sözlərini daxil etməyimiz də vacibdir. Pavel Filipi şəhərindəki məsihçiləri təşviq edir: «Heç nəyə görə narahat olmayın. Hər diləyinizi dua, yalvarış və şükranla Allaha bildirin» (Filip. 4:6). Bəli, Yehovaya ürəkdən gələn minnətdarlığımızı ifadə etmək özü bir müdafiədir. İnsanların «nankor» olduğu axır günlərdə yaşadığımız üçün bu, xüsusilə vacibdir (2 Tim. 3:1, 2). Həqiqətən də, bütün dünyanı nankorluq ruhu bürüyüb. Əgər ehtiyatlı olmasaq, bu cür ruh asanlıqla bizə hopa bilər. Duada Allaha minnətdarlıq bildirmək bizdə şükranlıq ruhu yaradır və «deyingən, daima talelərindən narazı» insana çevrilməkdən bizi qoruyur (Yəhuda 16). Bundan əlavə, ailə başçıları ailə üzvləri ilə birlikdə dua edərkən şükran sözləri daxil etməklə həyat yoldaşlarında və uşaqlarında minnətdarlıq ruhu inkişaf etdirirlər.

6, 7. Yalvarış nədir və biz Yehovaya nə haqda yalvara bilərik?

6 Yalvarış güclü hisslərlə bağlı olan ürəkdən gələn duadır. Yehovaya nə haqda yalvara bilərik? Əlbəttə, biz təqib olunanda və ya ağır xəstəliyə tutulanda Allaha yalvara bilərik. Aydın məsələdir ki, bu kimi vəziyyətlərdə Allahdan kömək almaq üçün etdiyimiz dualar yalvarışa çevrilir. Bəs biz Yehovaya ancaq bu kimi hallarda yalvarmalıyıq?

7 İsanın öz nümunəvi duasında Allahın adı, Padşahlığı və iradəsi haqqında dediklərinə fikir verin. (Matta 6:9, 10 ayələrini oxu.) Bu dünya xirtdəyə kimi pisliklə doludur və insan hökumətləri öz vətəndaşlarının hətta zəruri ehtiyaclarını ödəyə bilmir. Bu səbəbdən, biz səmavi Atamızın adının müqəddəs tutulması və Padşahlığının dünyanı Şeytanın hakimiyyətindən təmizləməsi üçün dua etməliyik. İndi həmçinin, göydə olduğu kimi, yerdə də Yehovanın iradəsinin olması üçün yalvarmağın əsil vaxtıdır. Buna görə də gəlin hər cür dua etmək üçün ləngiməyək, dualarda ayıq olaq.

«DAİMA DUA EDİN»

8, 9. Nə üçün ehtiyatlı olmalıyıq ki, Getsemani bağında yuxuya gedən Peteri və digər həvariləri qınamayaq?

8 Həvari Peter məsihçiləri dualarda ayıq olmağa səsləsə də, özü, ən azı, bir dəfə bu məsələdə zəiflik göstərmişdi. İsa Getsemani bağında dua edərkən yatan şagirdlərdən biri də o olmuşdu. İsa hətta onlara «sayıq olun və daima dua edin» dedikdən sonra da onlar bunu etməmişdilər. (Matta 26:40—45 ayələrini oxu.)

9 Yuxuya getdiklərinə görə Peteri və digər həvariləri sərt şəkildə qınamaq əvəzinə, biz yadda saxlamalıyıq ki, həmin gün ağır keçdiyindən onlar lap əldən düşmüşdülər. Onlar həm Pasxa bayramı üçün hazırlıqlar görmüşdülər, həm də həmin axşam bu bayramı qeyd etmişdilər. Sonra İsa Ağanın şam yeməyini təsis etmişdi və bununla gələcəkdə  ölümünün yad edilməsi üçün nümunə qoymuşdu (1 Kor. 11:23—25). «Onlar mədhiyyələr [oxuduqdan]» sonra Yerusəlimin dar küçələri ilə bir qədər yol gedərək «Zeytun dağına» çatmışdılar (Mat. 26:30, 36). Həmin vaxt, ola bilsin, artıq gecə yarısını keçmişdi. Əgər həmin gecə Getsemani bağında olsaydıq, yəqin bizi də yuxu basardı. Yorulmuş həvarilərini tənqid etmək əvəzinə, İsa anlayışla etiraf edirdi ki, «ruh güclü, bədən isə zəifdir».

Səhvə yol verməsinə baxmayaraq, Peter «dualarda ayıq» olmağı öyrəndi (10, 11-ci abzaslara bax)

10, 11. a) Getsemani bağında başına gələnlərdən Peter özünə hansı nəticəni çıxartdı? b) Peterin hərəkəti sizə necə təsir edir?

10 Getsemani bağında baş verən hadisə Peterə öz təsirini göstərdi. O, sayıqlığını qorumadığı üçün özünə acı dərs götürdü. Bir qədər əvvəl İsa demişdi: «Bu gecə başıma gələcək hadisələrə görə hamınız məndən üz döndərəcəksiniz». Onda Peter əminliklə cavab vermişdi: «Hamı səndən üz döndərsə də, mən əsla səndən üz döndərmərəm!» Ancaq İsa Peterə demişdi ki, o, onu üç dəfə inkar edəcək. Deyilənə əhəmiyyət verməyən Peter bəyan etmişdi: «Mənə səninlə birgə ölmək lazım gəlsə belə, səni əsla danmaram» (Mat. 26:31—35). Bununla belə, İsanın dediyi kimi də oldu. İsanı axırıncı dəfə inkar edəndən sonra Peter «acı-acı ağladı» (Luka 22:60—62).

11 Sözsüz, Peter etdiyi hərəkətdən nəticə çıxartdı və özünə güvənməyin daşını atdı. Şübhəsiz, bu məsələdə Peterə duanın çox köməyi dəymişdi. Bunu haradan bilirik? Çünki Peter özü bizə «dualarda ayıq olun» məsləhətini verir. Bəs biz bu ilhamlanmış məsləhətə qulaq asırıq? Bundan əlavə, daima dua edərək Yehovadan asılı olduğumuzu göstəririk? (Məz 78:7). Gəlin həmçinin həvari Pavelin xəbərdarlığını yaddan çıxarmayaq: «Möhkəm dayandığını düşünən adam ehtiyatlı olsun ki, yıxılmasın» (1 Kor. 10:12).

ALLAH NEHEMYANIN DUASINA CAVAB VERDİ

12. Nehemya bizə nədə gözəl nümunədir?

12 Gəlin eramızdan əvvəl beşinci əsrdə Fars padşahı Artaxşastanın saqisi kimi xidmət etmiş Nehemyanın nümunəsinə nəzər salaq. Nehemya hərarətli dualar etməkdə gözəl nümunə qoyub. O, Yerusəlimdəki yəhudilərin düşdükləri vəziyyətə görə günlərlə «Allahının önündə oruc tutaraq dua [etmişdi]» (Neh. 1:4). Artaxşasta ondan kədərli olmasının səbəbini soruşanda Nehemya dərhal «göylərin Allahına dua [etdi]»  (Neh. 2:2—4). Bunun nəticəsi nə oldu? Yehova onun dualarına cavab verdi və vəziyyəti Öz xalqının xeyrinə dəyişdi (Neh. 2:5, 6). Sözsüz, bu, Nehemyanın imanını çox möhkəmləndirdi!

13, 14. İmanda möhkəm qalmaq və Şeytanın bizi məyus etmək cəhdlərinə qarşı durmaq üçün nə etməliyik?

13 Nehemya kimi, daima dua etmək bizə imanımızı möhkəm saxlamağa kömək edir. Şeytan qəddardır və çox vaxt zəiflədiyimizi görəndə bizə zərbə endirir. Məsələn, xəstəlik və ya depressiyadan əziyyət çəkən zaman bizə elə gələ bilər ki, Allaha kifayət qədər xidmət etmirik. Yaxud bəzilərimiz keçmişdə sürdüyümüz həyat tərzinə görə məyusluğa qapıla bilərik. Şeytan bizi inandırmaq istəyir ki, biz heç nəyə yaramırıq. O, bizim hisslərimizlə oynayaraq imanımızı zəiflətməyə çalışır. Lakin «dualarda ayıq» olmaqla imanımızı möhkəm saxlaya bilərik. Həqiqətən də, «imanın böyük qalxanını» götürmək bizə «Şəririn bütün alovlu oxlarını» söndürməyə kömək edəcək (Efes. 6:16).

«Dualarda ayıq» olmaq bizə müxtəlif çətinliklərin öhdəsindən gəlməyə kömək edir (13, 14-cü abzaslara bax)

14 Əgər «dualarda ayıq» olsaq, imanımız qəfildən sınağa məruz qalanda bu, bizim üçün gözlənilməz olmayacaq və biz güzəştə getməyəcəyik. Gəlin sınaqlar və təqiblərlə qarşılaşanda Nehemyanın nümunəsini yadımıza salaq və dərhal Allaha dua edək. Biz yalnız Yehovanın köməyi sayəsində sınaqlar və təqiblər qarşısında möhkəm dayana bilərik.

BAŞQALARI ÜÇÜN DUA EDİN

15. Başqaları üçün dua etmək barədə özümüzə hansı sualları verməliyik?

15 İsa Peterin imanının tükənməməsi üçün Allaha yalvarmışdı (Luka 22:32).  Birinci əsrdə yaşamış sadiq məsihçi Epafras bu məsələdə İsanın nümunəsini izləyərək Kolos şəhərindəki qardaşları üçün dua edirdi. Pavel onlara yazmışdı: «O, sizdən ötrü daima cidd-cəhdlə dua edir ki, siz Allahın hər bir istəyinə tam əmin olub sonadək yetkin qalasınız» (Kolos. 4:12). Yaxşı olardı ki, özümüzdən soruşaq: «Mən bütün dünyadakı bacı-qardaşlar üçün dua edirəm? Təbii fəlakətdən zərər çəkmiş həmimanlılarım üçün tez-tezmi dua edirəm? Yehovanın təşkilatında çox zəhmət çəkənlər üçün axırıncı dəfə nə vaxt dua etmişəm? Yığıncağımızda çətinliklərlə üzləşən hər kəs üçün dua edirəmmi?»

16. Başqaları üçün dua etməyimizin bir əhəmiyyəti varmı? İzah edin.

16 Başqaları üçün Yehova Allaha dua etməyin onlara, həqiqətən də, köməyi dəyə bilər. (2 Korinflilərə 1:11 ayəsini oxu.) Hərçənd Yehova çoxlu sayda xidmətçilərinin bir şey haqda təkrar-təkrar etdikləri xahişə əsasən hərəkət etməyə borclu deyil, ancaq O, xidmətçilərinin ümumi istəklərinə diqqət yetirir və dualarına cavab verərkən onların səmimi və güclü narahatçılıqlarını nəzərə alır. Buna görə də başqaları üçün dua etmək imkanına və məsuliyyətinə ciddi yanaşmalıyıq. Epafras kimi, biz bacı-qardaşlarımız üçün dua etməklə onları sevdiyimizi və onlar üçün narahat olduğumuzu göstərməliyik. Belə etməklə biz daha xoşbəxt olacağıq, çünki «vermək almaqdan daha çox xoşbəxtlik gətirir» (Həv. iş. 20:35).

«XİLASIMIZ... YAXINDIR»

17, 18. «Dualarda ayıq» olmaq bizə hansı faydanı gətirəcək?

17 «Gecə keçir, gün yaxınlaşır» sözlərindən öncə, Pavel yazmışdı: «Hansı zəmanədə yaşadığımızı və artıq yuxudan oyanmağın vaxtı gəldiyini bilirsiniz. Hal-hazırda xilasımız, imana gəldiyimiz vaxtda olduğundan daha yaxındır» (Rom. 13:11, 12). Allahın vəd etdiyi yeni dünya yaxındır, xilasımız isə ağlımıza gətirə biləcəyimizdən də yaxındır. Biz ruhani cəhətdən yuxuya getməməli və duaya ayırmalı olduğumuz vaxtı dünyanın əlimizdən almasına yol verməməliyik. Əksinə, «dualarda ayıq» olmalıyıq. Bu, bizə Yehovanın gününü gözlədiyimiz müddətdə «müqəddəs davranışda və Allaha sədaqətdə» möhkəm qalmağa kömək edəcək (2 Pet. 3:11, 12). Ruhən oyaq qaldığımız və bu sistemin sonunun yaxın olduğuna, həqiqətən də, inandığımız həyat tərzimizdən görünəcək. Buna görə də gəlin «daima dua [edək]» (1 Salon. 5:17). Həmçinin gəlin İsanı təqlid edərək Yehovaya təklikdə dua edək. Əgər dua etməyə kifayət qədər vaxt ayırsaq, Yehova ilə münasibətlərimiz daha möhkəm olacaq (Yaq. 4:7, 8). Bu da bizə bol-bol xeyir-dualar gətirəcək!

18 Müqəddəs Yazılarda deyilir: «Məsih yer üzündə yaşadığı günlərdə onu ölümdən qurtarmağa qadir olan Allaha fəryad etmiş, göz yaşları ilə yalvarmış, diləmişdi və Allahdan qorxduğuna görə duaları eşidilmişdi» (İbr. 5:7). İsa Yehovaya etdiyi yalvarışlar və diləklər sayəsində yerdəki həyatının son saniyəsinə qədər Ona sədaqətli qaldı. Nəticədə, Yehova sevimli Oğlunu ölümdən xilas etdi və ona göylərdə ölməz həyat bəxş etdi. Gələcəkdə qarşılaşacağımız sınaqlara və təqiblərə baxmayaraq, biz də səmavi Atamıza sadiqliyimizi qoruya bilərik. Həqiqətən də, «dualarda ayıq» qalsaq, əbədi həyat mükafatını qazanacağıq.