Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi (təlim nəşri)  |  noyabr 2013

Başçılar bizim üçün hansı əhəmiyyəti daşıyır?

Başçılar bizim üçün hansı əhəmiyyəti daşıyır?

«Onlara qarşı başçılarımız — xalqımızdan olan çoxlu rəhbərlərimiz çıxar» (MİK. 5:5).

1. Suriya və İsrailin planı nə üçün baş tutmadı?

ERAMIZDAN əvvəl 762-ci 759-cu illər arasında İsrail və Suriya padşahları Yəhuda padşahlığına qarşı müharibə elan etdilər. Onların məqsədi Yerusəlimi ələ keçirmək, padşah Axazı taxtdan salıb yerinə, ehtimal ki, Davud padşahın nəslindən olmayan başqa birini əyləşdirmək idi (Yeşaya 7:5, 6). Ancaq İsrail padşahı yaxşı bilməli idi ki, Yehova Davudun nəslindən olan bir şəxsin əbədiyyən Onun taxtına əyləşəcəyini deyib və Allahın sözü heç vaxt boşa çıxmır (Yeşua 23:14; 2 Şam. 7:16).

2-4. Yeşaya 7:14, 16 ayələrinin a) eramızdan əvvəl səkkizinci əsrdə; b) eramızın birinci əsrində necə yerinə yetdiyini izah edin.

2 İlk baxışdan elə gəlirdi ki, Suriya-İsrail ittifaqı qələbə çalacaq. Təkcə bir döyüşdə Axaz 120 000 igid döyüşçüsünü itirmişdi! «Padşahın oğlu» Maaseya öldürülmüşdü (2 Saln. 28:6, 7). Ancaq Yehova hər şeyi görürdü. O, Davuda verdiyi vədi xatırlayırdı, buna görə də Yeşaya peyğəmbəri göndərdi ki, olduqca ruhlandırıcı xəbər çatdırsın.

3 Yeşaya demişdi: «Budur, bakirə qız hamilə olub oğlan doğacaq, adını İmmanuel qoyacaq... Bu uşaq pisə pis deyib yaxşını seçə bilməzdən əvvəl səni dəhşətə salan o iki padşahın [Suriya və İsrailin] torpaqları boş qalacaq» (Yeşaya 7:14, 16). Düzdür, bu peyğəmbərliyin birinci hissəsi çox vaxt Məsihin doğulmasına aid edilir (Mat. 1:23). Ancaq eramızın birinci əsrində bu iki padşahın, Suriya və İsrail padşahlarının Yəhuda üçün heç  bir təhlükəsi olmadığından İmmanuel haqda peyğəmbərlik ilk dəfə Yeşayanın günlərində yerinə yetməli idi.

4 Yeşaya bu xəbəri çatdırdıqdan qısa müddət sonra onun arvadı hamilə qaldı və Maher-Şalal-Xaş-Baz adında oğul doğdu. Çox güman ki, Yeşayanın haqqında peyğəmbərlik etdiyi «İmmanuel» həmin uşaq idi *. Qədimdə doğulan körpəyə, ehtimal ki, hər hansı xüsusi hadisə ilə əlaqədar bir ad qoyulurdu, ancaq valideynləri və qohumları onu başqa adla çağırırdılar (2 Şam. 12:24, 25). İsaya İmmanuel adı ilə müraciət olunduğuna dair heç bir sübut yoxdur. (Yeşaya 7:14; 8:3, 4 ayələrini oxu.)

5. Axaz padşah hansı ağılsız qərarı verdi?

5 İsraillə Suriya Yəhudanı ələ keçirmək istədikləri bir vaxtda həmin əraziyə başqa bir işğalçı dövlət də göz dikmişdi. Bu, çiçəklənməkdə olan dünya imperiyası Aşşur idi. Yeşaya 8:3, 4 ayələrinə əsasən, Aşşur cənub padşahlığı Yəhudaya hücum etməzdən qabaq, «Dəməşqin sərvəti»ni və «Samariyanın qəniməti»ni aparacaqdı. Allahın Yeşaya vasitəsilə dediyi sözlərə etibar etmək əvəzinə, imansız Axaz aşşurlularla həlaka aparan saziş bağladı və nəticədə, onlar yəhudalıları sıxışdırmağa başladılar (2 Pad. 16:7—10). Bir çoban kimi, Axaz Yəhudanı qaragünə qoydu! Gəlin özümüzdən soruşaq: «Vacib qərarlar qəbul edəndə mən Allaha etibar edirəm, yoxsa insanlara?» (Sül. məs. 3:5, 6).

YENİ ÇOBAN FƏRQLİ DAVRANIR

6. Xizqiya Axazdan nədə fərqlənirdi?

6 Axaz eramızdan əvvəl 746-cı ildə öldü və onun yerinə oğlu Xizqiya iqtisadi və ruhani cəhətdən acınacaqlı vəziyyətdə olan Yəhudanın padşahı oldu. Taxta əyləşən gənc padşahın görəcəyi ilk iş nə olacaqdı? Yəhudanı iqtisadi cəhətdən dirçəltmək? Xeyr. Ruhani insan olan Xizqiya, bir çoban kimi, xalqına can yandırırdı. Onun ilk işi təmiz ibadəti bərpa etmək və itaətsiz xalqın Yehova ilə münasibətini möhkəmləndirmək idi. Xizqiya Allahın ondan nə gözlədiyini başa düşəndə qətiyyətlə hərəkət etdi. Bu, bizim üçün necə də gözəl nümunədir! (2 Saln. 29:1—19).

7. Nəyə görə levililər üçün yeni padşahın dəstəyi vacib idi?

7 Təmiz ibadətin bərpa edilməsində levililərə vacib tapşırıq verilmişdi. Buna görə də Xizqiya levililərlə görüşüb onları ürəkləndirdi. Bu görüşdə padşahın: «Rəbb sizi seçib ki, Onun önündə xidmət edəsiniz», — sözlərini eşidən sadiq levililər sevinc göz yaşlarını saxlaya bilmədilər (2 Saln. 29:11). Bəli, levililər təmiz ibadəti bərpa etmək üçün aydın göstəriş almışdılar!

8. Xizqiya xalqı ruhən dirçəltmək üçün daha hansı addımları atdı və bunun nəticəsi nə oldu?

8 Xizqiya Yəhudanı və İsraili böyük Pasxa bayramını qeyd etməyə dəvət etdi. Onun ardınca isə xalq yeddi gün davam edən Mayasız çörək bayramını qeyd etdi. Bayram xalqa o qədər sevinc bəxş etmişdi ki, onlar bayramı daha yeddi gün də keçirmək qərarına gəldilər. Müqəddəs Kitabda deyilir: «Yerusəlim böyük sevinc içində idi, çünki İsrail padşahı Davud oğlu Süleymanın dövründən bəri Yerusəlimdə belə  bayram olmamışdı» (2 Saln. 30:25, 26). Bu bayram xalqı əməlli-başlı ruhlandırmışdı. 2 Salnamələr 31:1 ayəsindən oxuyuruq: «Bütün bu iş qurtaranda orada olan bütün İsraillilər... daş sütunları sındırdı, Aşera bütlərini kəsdi... səcdəgahları və qurbangahları axıra qədər dağıtdılar». Beləcə, Yəhuda xalqı Yehovaya tərəf dönməyə başladı. Bu ruhani təmizlənmə xalqı başlarına gələcək bəlalara hazırlayırdı.

PADŞAH ÇƏTİNLİKLƏRƏ HAZIRLAŞIR

9. a) İsrailin planı nə üçün baş tutmadı? b) Sanxeriv Yəhudanı ələ keçirməyə necə başlamışdı?

9 Yeşayanın sözləri yerinə yetir: aşşurlular şimal padşahlığı olan İsraili zəbt edir və sakinlərini sürgün edir, bununla da İsrailin Davudun taxtını ələ keçirmək planı puça çıxır. Bəs aşşurluların planı nədir? İndi aşşurluların hədəfi Yəhudadır. «Xizqiyanın padşahlığının on dördüncü ilində Aşşur padşahı Sanxeriv Yəhudanın bütün qalalı şəhərlərinə hücum edib onları aldı». Məlumata əsasən, Sanxeriv, ümumilikdə, Yəhudanın 46 şəhərini ələ keçirmişdi. Təsəvvür edin, həmin vaxt siz Yerusəlimdə yaşayırsınız və Aşşur ordusu Yəhuda şəhərlərini bir-bir ələ keçirir. Belə vəziyyətdə özünüzü necə hiss edərdiniz? (2 Pad. 18:13).

10. Mikeya 5:5, 6 ayələrindəki sözlər Xizqiyanı nə üçün ürəkləndirdi?

10 Sözsüz, Xizqiya yaxınlaşmaqda olan təhlükədən xəbərdar idi. Lakin atası Axaz kimi, ağılsızcasına bütpərəst xalqlardan kömək istəmək əvəzinə, Yehovaya güvəndi (2 Saln. 28:20, 21). Ola bilsin, o, həmin dövrdə yaşayan Mikeya peyğəmbərin Aşşur barədə qabaqcadan dediyi sözlərdən agah idi: «[Aşşurlulara]... qarşı başçılarımız — xalqımızdan olan çoxlu rəhbərlərimiz çıxar. Qılıncla Aşşur torpaqlarını... viran edəcəklər» (Mik. 5:5, 6). Sözsüz, bu ilhamlanmış sözlər Xizqiyanı ürəkləndirdi, çünki bu sözlər göstərirdi ki, aşşurlulara qarşı olduqca qeyri-adi bir ordu vuruşacaq və sonda onlar qalib gələcək.

11. Başçılar haqqındakı peyğəmbərlik, əsas etibarilə, nə vaxt yerinə yetəcək?

11 Başçılar haqqındakı peyğəmbərlik,  əsas etibarilə, «İsrail üzərində Hökmdar» olan və «nəsli çox qədimlərə [gedən]» İsanın doğulmasından uzun illər sonra yerinə yetəcəkdi. (Mikeya 5:1, 2 ayələrini oxu.) Bu, Yehovanın əksər xidmətçilərinin həyatı müasir «aşşurlu» tərəfindən hədəfə alınan zaman baş verəcək. Düşmənlərini məğlub etmək üçün Yehova Oğlunun başçılıq etdiyi hansı ordudan istifadə edəcək? Bu sualın cavabını sonra biləcəyik. Amma əvvəlcə gəlin görək Aşşurun hücumuna məruz qalan Xizqiyadan nə öyrənə bilərik.

XİZQİYA MÜDRİK DAVRANIR

12. Xizqiya hansı addımları atdı və onunla birgə kimlər Allahın xalqını müdafiə etdi?

12 Yehova özümüzün bacarmadığımız şeyi bizim üçün etməyə həmişə hazırdır, amma O gözləyir ki, biz əlimizdən gələni edək. Xizqiya «öz rəisləri və sərkərdələri ilə məsləhətləşdi» və onlar birgə qərara gəldilər ki, «şəhərdən kənarda olan su mənbələrini» kəssinlər. Bundan əlavə, «Xizqiya cəsarətləndi, divarın bütün uçmuş yerlərini tikdi və onun üstündə qüllələr düzəltdi. Bayır tərəfdən başqa bir divar da tikdi... Çoxlu silah və qalxan düzəltdi» (2 Saln. 32:3—5). Öz xalqını qorumaq üçün Yehova cəsarətli kişilərdən — Xizqiyadan, başçılardan və ruhən möhkəm peyğəmbərlərdən istifadə etmişdi.

13. Xalqı qarşıdan gələn hücuma hazırlamaq üçün Xizqiya hansı vacib addımı atdı? İzah edin.

13 Xizqiya suları kəsməkdən və şəhərin divarlarını möhkəmləndirməkdən daha vacib bir iş gördü. Bir çoban kimi, o, xalqı topladı və: «Aşşur padşahından... qorxmayın, ruhdan düşməyin, çünki bizimlə olan onunla olandan böyükdür. Onunla olan insan gücüdür, ancaq bizimlə olan Allahımız Rəbdir ki, bizə kömək edir və müharibələrimizdə vuruşur», — sözləri ilə onları ruhlandırdı. Bu, necə də imanı möhkəmləndirən xatırlatma idi — Yehova Öz xalqı üçün vuruşacaqdı! Bunu eşidən yəhudilər «Yəhuda padşahı Xizqiyanın sözlərindən ürəkləndi». Bəli, Xizqiyanın sözləri xalqı cəsarətləndirdi. Yehova Öz peyğəmbəri vasitəsilə dediyi kimi, Xizqiya, başçılar və sərkərdələr, eləcə də Mikeya və Yeşaya peyğəmbər yaxşı çoban olduqlarını göstərdilər (2 Saln. 32:7, 8; Mikeya 5:5, 6 ayələrini oxu).

Xizqiyanın sözləri xalqı cəsarətləndirdi (12, 13-cü abzaslara bax)

14. Baş elçi nəyə çalışırdı, ancaq xalq necə münasibət göstərdi?

14 Aşşur padşahı Yerusəlimin cənub-qərbində, Lakişdə düşərgə saldı. Oradan üç elçisini Yerusəlimə göndərdi ki, xalqdan təslim olmağı tələb etsin. Onun baş elçisi müxtəlif fəndlərə əl atdı. İbrani dilində danışaraq o, xalqı padşaha xəyanət edib aşşurlulara tabe olmağa səslədi və onları rahat həyat sürəcəkləri bir diyara aparacaqlarına dair yalançı vədlər verdi. (2 Padşahlar 18:31, 32 ayələrini oxu.) Sonra baş elçi iddia etdi ki, digər xalqların allahları onlara ibadət edənləri qoruya bilmədiyi kimi, Yehova da yəhudiləri aşşurluların əlindən qurtara bilməyəcək. Xalqın bu böhtançıların yalanlarına uymaması tərifəlayiqdir. Bu gün də Yehovanın xidmətçiləri onların nümunəsini təqlid edir. (2 Padşahlar 18:35, 36 ayələrini oxu.)

15. Yerusəlim sakinlərindən nə tələb olunurdu və Yehova şəhəri necə xilas etdi?

15 Aydın məsələdir ki, Xizqiya baş verənlərə görə kədərlənmişdi, lakin xarici qüvvələrdən kömək axtarmaq  əvəzinə, o, Yeşaya peyğəmbərin yanına getdi. Yeşaya ona dedi: «O [Sanxeriv] bu şəhərə girməyəcək, oraya ox atmayacaq» (2 Pad. 19:32). Yerusəlimin bütün sakinlərindən gözlənilən yeganə şey öz yerlərində qalmaq idi. Yəhuda üçün Yehova döyüşəcəkdi. Və döyüşdü də! «O gecə Rəbbin mələyi çıxıb Aşşur ordugahında yüz səksən beş min nəfəri qırdı» (2 Pad. 19:35). Yəhudanın xilası Xizqiyanın şəhər sularını kəsməsi və ya divarları bərpa etməsi sayəsində yox, Allahın gücü sayəsində oldu.

BİZİM ÜÇÜN İBRƏT DƏRSİ

16. Bu gün a) Yerusəlimin vətəndaşları, b) «aşşurlu», c) başçılar kimlərdir?

16 Başçılar haqqında olan peyğəmbərlik geniş miqyasda bizim günlərdə yerinə yetir. Qədim Yerusəlimin sakinləri aşşurluların hücumuna məruz qalmışdı. Yaxın gələcəkdə də Yehovanın müdafiəsiz görünən xalqı onları yer üzündən silmək niyyətində olan müasir «aşşurlu»nun hücumuna məruz qalacaq. Müqəddəs Yazılarda bu hücumdan, eləcə də Maqoqdan olan Qoqun, «şimal padşahı»nın və «dünya padşahları»nın hücumlarından bəhs edilir (Yez. 38:2, 10—13; Dan. 11:40, 44, 45; Vəhy 17:14; 19:19). Bəs bunlar fərqli hücumlardır? Bu, dəqiq məlum deyil. Müqəddəs Kitabda eyni hücum müxtəlif cür adlana bilər. Yehova qəddar düşmən olan «aşşurlu»ya qarşı Mikeyanın peyğəmbərliyində xatırlanan hansı «gizli silah»dan istifadə edəcək? Heç kimin ağlına gətirmədiyi şəxslərdən — başçılardan (Mik. 5:5). Bu inanılmaz ordudakı başçılar yığıncaq ağsaqqallarıdır (1 Pet. 5:2). Bu gün Yehova Öz dəyərli sürüsünü otarmaq, xalqını müasir «aşşurlu»nun gələcək hücumuna qarşı möhkəmləndirmək üçün çoxlu sayda ruhani kişilərdən istifadə edir. Mikeyanın peyğəmbərliyində qeyd olunur ki, onlar «qılıncla Aşşur torpaqlarını... viran edəcəklər» (Mik. 5:6). Bəli, onların «silahları» arasında «ruhun [qılıncı]», Allahın Kəlamı da var (2 Kor. 10:4; Efes. 6:17).

17. Bu məqalədən ağsaqqallar özləri üçün hansı dörd nəticəni çıxara bilərlər?

17 Bu məqaləni oxuyan ağsaqqallar özləri üçün faydalı nəticə çıxara bilərlər: 1) «Aşşurlu»nun yaxınlaşan hücumuna hazırlaşmaq üçün ata biləcəyimiz ən müdrik addım Allaha imanımızı artırmaq və bu işdə bacı-qardaşlara kömək etməkdir. 2) «Aşşurlu» hücum edən zaman ağsaqqallar tam əmin olmalıdırlar ki, Yehova bizi müdafiə edəcək. 3) Həmin vaxt Yehovanın təşkilatından alacağımız xilasedici rəhbərlik insan gözündə ağlabatan görünməyə bilər. İstənilən halda hər birimiz alacağımız rəhbərliklərə canla-başla tabe olmalıyıq. 4) İndi dünyəvi təhsilə, maddi şeylərə və ya insan təşkilatlarına bel bağlayan kəslərin öz düşüncə tərzlərini dəyişmək vaxtıdır. Ağsaqqallar imanda büdrəyənlərə dərhal kömək etməyə hazır olmalıdırlar.

18. Bu məqalənin üzərində düşünmək gələcəkdə bizə necə fayda gətirə bilər?

18 Vaxt gələcək Allahın müasir xidmətçiləri, Xizqiyanın günlərində Yerusəlimdə mühasirəyə alınmış yəhudilər kimi, kənardan müdafiəsiz görünəcək. Həmin vaxt hər birimiz Xizqiyanın sözlərini yadımıza salıb güc əldə edə bilərik. Gəlin yadda saxlayaq ki, düşmənlərimizlə olan «insan gücüdür, ancaq bizimlə olan Allahımız Rəbdir ki, bizə kömək edir və müharibələrimizdə vuruşur» (2 Saln. 32:8).

^ abz. 4 Yeşaya 7:14 ayəsində «bakirə» kimi tərcümə edilən ibrani sözünü həm ərə getmiş qadına, həm də subay qıza aid etmək olar. Deməli, həmin söz Yeşayanın arvadına da, yəhudi qızı Məryəmə də aid işlədilə bilər.