Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) NOYABR 2013

 ARXİVİMİZDƏN

«Tısbağa kimi, “qınımı” həmişə özümlə daşıyırdım»

«Tısbağa kimi, “qınımı” həmişə özümlə daşıyırdım»

1929-CU İLİN avqust—sentyabr aylarında keçirilən doqquzgünlük şahidlik kampaniyası ərzində 10 000-dən çox təbliğçi qasırğa kimi bütün Birləşmiş Ştatları dolaşmışdı. Onlar insanlara iki yüz əlli min kitab və buklet paylamışdılar. Padşahlığın müjdəçilərindən təxminən min nəfəri kitabpaylayanlar (pionerlər) idi. Bu necə də böyük artım idi! «Bülleten»də * deyilirdi ki, 1927-ci ildən 1929-cu ilə kimi pionerlərin sayının üçqat artması «olduqca heyrətamizdir».

1929-cu ilin sonlarından maliyyə böhranı baş qaldırdı. Qara çərşənbə axşamı — 1929-cu il oktyabrın 29-u Nyu-York fond birjasında qiymətlərin düşməsi dünya iqtisadiyyatını böyük böhrana saldı. Minlərlə bank iflasa uğradı. Fermalar fəaliyyətini dayandırdı. Nəhəng fabriklər qapılarını bağladı. Milyonlarla insan işini itirdi. 1933-cü ildə ABŞ-da hər gün 1000-ə yaxın adamın evi müsadirə edilirdi.

Bu böhran zamanı tammüddətli təbliğçilər necə fəaliyyət göstərirdilər? Belə vəziyyətdə furqon evlər kömək edirdi. Nə kirayə, nə də vergi ödəmək lazım gəlməyən furqon evlər bir çox pionerlərə cüzi məbləğlə xidmətlərini davam etdirməyə imkan verirdi *. Konqres vaxtları furqon evlər pulsuz otel kimi xidmət edirdi. 1934-cü ilin «Bülleten»ində su sistemi, qaz piltəsi, açılıb-yığılan çarpayısı və istilik izolyasiyası olan yığcam və rahat evin layihəsi təqdim edilmişdi.

Bütün dünyada bacarıqlı müjdəçilər özlərinə furqon evlər düzəldirdilər. Viktor Blakuel xatırlayır: «Nuh peyğəmbərin gəmi tikmək təcrübəsi olmadığı kimi, mənim də furqon ev tikmək barədə nə təcrübəm vardı, nə də təsəvvürüm». Amma o, bunu bacardı.

Hindistanda yağış mövsümündə furqon evi çaydan keçirərkən

Averi və Lovinya Bristo cütlüyünün furqon evi var idi. Averi demişdi: «Tısbağa kimi, “qınımı” həmişə özümlə daşıyırdım». Bristolar ailəsi Harvi və Anna Konro ilə birgə pioner kimi xidmət edirdilər. Konro ailəsinin tol (qatranlı karton) örtüklü furqon evləri var idi. Onlar hər dəfə öz evlərini harasa daşıyanda bu kartonun bir hissəsi qopub düşürdü. Averi həmin furqon barədə demişdi: «Heç kim ömründə belə vəziyyətdə furqon görməyib». Bununla belə, o, Konro cütlüyünü və onların iki oğlunu «dünyanın ən xoşbəxt ailəsi» adlandırmışdı. Harvi Konro isə yazmışdı: «Biz heç nədən korluq çəkməmişik, Yehovaya xidmətdə və Onun məhəbbət dolu qayğısı altında özümüzü tamamilə təhlükəsizlikdə hiss etmişik». Daha sonra Konro ailəsinin dördü də Gilead Məktəbini keçdi və xüsusi təyinatlı müjdəçi kimi Peruya təyin olundu.

Batinolar ailəsi də pioner kimi xidmət edirdi. Jüsto və Vinçensa uşaqları olacağını biləndə 1929-cu ilin «Ford A» markalı yük maşınını əvvəllər yaşadıqları çadırla müqayisədə «yaxşı otelə bənzəyən» furqonlu evə çevirdilər. Balaca qızları ilə birlikdə  onlar sevdikləri təyinatlarını — Birləşmiş Ştatlarda yaşayan italyanlara təbliğ işini davam etdirdilər.

Xoş xəbərə çoxları qulaq asırdı, ancaq camaat kasıb və işsiz olduğundan Müqəddəs Kitab ədəbiyyatları üçün nadir hallarda pul ianə edirdi. Ancaq götürdükləri ədəbiyyatların əvəzində müxtəlif əşyalar verirdilər. Bir dəfə iki pioner bacı maraqlananların onlara verdiyi 64 növ əşyanın siyahısını tutmuşdu. Siyahı «kənd mağazasındakı əşyaların siyahısına oxşayırdı».

Fred Anderson kitablarımızı oxumaq istəyən bir fermerlə rastlaşmışdı. Fermer kitabların əvəzində anasına məxsus olmuş eynəyi təklif etmişdi. Digər bir fermer də ədəbiyyatlarımıza maraq göstərmiş, ancaq oxumaq üçün eynəyinin olmadığını demişdi. Lakin o, qonşusunun verdiyi eynəklə yaxşı oxuya bilmiş, kitablara və eynəyə görə məmnuniyyətlə ianə etmişdi.

Herbert Abbott öz maşınında sökülüb-yığılan toyuq hini gəzdirirdi. Maraqlananlar üç-dörd toyuq verdikdən sonra bu toyuqları aparıb bazarda satır və həmin pulla maşınının çənini doldururdu. O yazmışdı: «Elə olurdu ki, cibimizdə bir qəpik də pulumuz qalmırdı. Ancaq bunların bizi dayandırmasına yol vermirdik. Maşının çənində yanacaq olanda Yehovanın ətəyindən yapışıb təbliğə yollanırdıq».

Yehovaya güvənmək və möhkəm qətiyyət Onun xalqına həmin çətin illərdə tab gətirməyə kömək etdi. Bir dəfə tufan zamanı Maksvell və Emmi Luis furqon evlərindən qaçar-qaçmaz ağacın furqonlarını iki yerə böldüyünü gördülər. Maksvell yazmışdı: «Bunlar bizə maneə deyildi, bizim üçün adi bir hal idi və təslim olmağı ağlımızdan belə keçirmirdik. Görməli olduğumuz çox iş var idi və biz buna qətiyyətli idik». Cəsarətli olmağın və sevən dostların köməyi sayəsində Maksvell və Emmi furqon evlərini bərpa etdilər.

İndiki çətin zəmanədə də Yehovanın milyonlarla Şahidi fədakarlıq ruhu təzahür etdirir. Hər şeydən əlavə, həmin pionerlər kimi, biz də təbliğ fəaliyyətimizi Yehova işin bitdiyini deyənə qədər davam etdirməyə qətiyyətliyik.

^ abz. 3 Hal-hazırda «Bizim Padşahlıq Xidmətimiz» adlanır.

^ abz. 5 Həmin vaxtlar əksər pionerlər heç yerdə işləmirdilər. Onlara məhdud sayda Müqəddəs Kitaba əsaslanan nəşrlər verilirdi və onlar payladıqları ədəbiyyatlardan aldıqları ianələri sadə həyatları üçün istifadə edirdilər.