Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) NOYABR 2013

Çobanlar, Böyük Çobanı təqlid edin

Çobanlar, Böyük Çobanı təqlid edin

«Məsih... sizin uğrunuzda əzab çəkdi və sizə nümunə qoydu ki, onun izi ilə gedəsiniz» (1 PET. 2:21)..

1, 2. a) Sürüyə yaxşı qayğı göstərməyin faydaları nədir? b) İsanın günlərində əksər insanlar nə üçün çobansız qoyun kimi idi?

SÜRÜNÜN sağlam olması üçün çoban canla-başla ona qulluq etməlidir. Qoyunçuluqla bağlı bir kitaba əsasən, çoban sürünü sadəcə otaranda və ona başqa heç bir qayğı göstərməyəndə qoyunlar bir çox xəstəliklərə tutulur və bir neçə ilə yararsız vəziyyətə düşürlər. Lakin sürünün əməlli-başlı qayğısına qalınsa, onda qoyunlar sağlam olacaq.

2 Çobanlar onlara etibar edilən Allahın sürüsünün hər bir üzvünə diqqət və qayğı göstərəndə bu, yığıncağın ruhani sağlamlığına təsir edir. Yəqin, yadınızdadır, İsa camaatın halına acıyırdı, çünki onlar «çobansız qoyunlar kimi yazıq və pərakəndə halda idilər» (Mat. 9:36). Nəyə görə onlar bu cür acınacaqlı vəziyyətdə idilər? Çünki xalqa Allahın Qanununu öyrətməli olan kəslər kobud, tələbkar və riyakar idilər. İsrailin din rəhbərləri sürünün üzvlərinə kömək etmək və təlim vermək əvəzinə, onların çiyninə «ağır yüklər» qoyurdular (Mat. 23:4).

3. Yığıncaq ağsaqqalları özlərinin ruhani çoban vəzifələrini icra edərkən nəyi yadda saxlamalıdırlar?

3 Müasir dövrdə məsihçi çobanların — təyin olunmuş ağsaqqalların üzərində ciddi məsuliyyət var. Onların qayğısına qaldıqları sürü Yehovaya və İsaya məxsusdur. «Xeyirxah [çoban]» olan İsa qoyunlarını o qədər çox sevir ki, onların uğrunda həyatını könüllü olaraq qurban verib. O, sürünü «qiymətli qanı» ilə «baha qiymətə [alıb]» (Yəh. 10:11; 1 Kor. 6:20; 1 Pet. 1:18, 19). Ağsaqqallar həmişə yadda saxlamalıdırlar ki, onlar «qoyunların böyük çobanı» — Allahın sevimli Oğlu İsa Məsihin  nəzarəti altında çobanlıq edirlər (İbr. 13:20).

4. Bu məqalədə nə araşdırılacaq?

4 Bəs onda məsihçi çobanlar sürü ilə necə rəftar etməlidirlər? Yığıncaq üzvləri onlara «rəhbərlik edənlərə itaət [etməyə]» təşviq olunurlar. Məsihçi ağsaqqallardan isə «Allahın əmanəti üzərində ağalıq [etməkdən]» qaçınmaq gözlənilir (İbr. 13:17; 1 Peter 5:2, 3 ayələrini oxu). Bəs onda təyin edilmiş ağsaqqallar sürüyə ağalıq etmədən necə rəhbərlik edə bilərlər? Başqa sözlə, ağsaqqallar Allahın onlara verdiyi səlahiyyəti aşmadan sürünün qayğısına necə qala bilər?

ONLARI «SİNƏSİNDƏ GƏZDİRƏCƏK»

5. Yeşaya 40:11 ayəsindəki sözlərdən Yehova haqda nə öyrənirik?

5 Yeşaya peyğəmbər Yehova haqqında demişdi: «O Öz sürüsünü çoban kimi otaracaq, quzuları qucağına alacaq, sinəsində gəzdirəcək, sağmal heyvanların qayğısını çəkib otaracaq» (Yeşaya 40:11). Bu sözlərdən görürük ki, Yehova yığıncağın zəif və həssas üzvlərinin qayğısına qalır. Sürüsündəki hər qoyunun ehtiyaclarını sezən və hər zaman onların qeydinə qalmağa hazır olan çoban kimi, Yehova yığıncaqdakıların tələbatlarını bilir və sevə-sevə onların qeydinə qalır. Lazım gələndə çoban təzə doğulmuş quzunu qucağında gəzdirdiyi kimi, «mərhəmətli Ata» olan Yehova da məşəqqətli anlarımızda bizə kömək edəcək. Çətin sınaqlarda və xüsusi qayğıya ehtiyacımız olan zaman bizə təsəlli verəcək (2 Kor. 1:3, 4).

6. Ruhani çobanlar olan ağsaqqallar Yehovanı necə təqlid edə bilərlər?

6 Səmavi Atamız ruhani çobanlar üçün necə də gözəl nümunədir! Yehova kimi, onlar da sürünün tələbatlarına qarşı diqqətcil olmalıdırlar. Sürünün hansı çətinliklərlə üzləşdiyini və hansı vəziyyətlərdə dərhal hərəkətə keçməli olduqlarını bilən ağsaqqallar bacı-qardaşları ruhlandıracaq və onlara dəstək olacaqlar (Sül. məs. 27:23). Aydın məsələdir ki, ağsaqqalların yığıncaq üzvləri ilə sıx ünsiyyəti olmalıdır. Hər kəsin şəxsi həyatı olduğuna hörmət etməklə yanaşı, onlar yığıncaqda gördüklərinə və eşitdiklərinə diqqət yetirəcək və «zəiflərə kömək [etmək]» üçün vaxt ayıracaqlar (Həv. iş. 20:35; 1 Salon. 4:11).

7. a) Yezekelin və Yeremyanın günlərində Allahın sürüsü ilə necə rəftar edilirdi? b) Yehovanın sədaqətsiz çobanlara çıxardığı hökmdən nə öyrənirik?

7 Allahın mühakimə etdiyi çobanların əhval-ruhiyyələrinə diqqət yetirək. Yezekelin və Yeremyanın günlərində Yehova sürüsünün qeydinə qalmalı olan, amma buna laqeyd yanaşan kəsləri rədd etdi. Sürüyə heç kim göz-qulaq olmayanda sürü qarət olunur və pərən-pərən düşürdü. Həmin çobanlar sürünü bəsləmək əvəzinə, onu istismar edir və «öz-özlərini [bəsləyirdilər]» (Yez. 34:7—10; Yer. 23:1). Allahın bu çobanlara çıxardığı hökm Xristian dünyasının liderlərinə də çıxarılıb. Bu həmçinin məsihçi ağsaqqalların Yehovanın sürüsünə məhəbbətlə qayğı göstərməli olduqlarının vacibliyini vurğulayır.

«MƏN SİZİN ÜÇÜN NÜMUNƏ QOYDUM»

8. Yanlış düşüncə tərzinə düzəliş verməkdə İsa necə nümunə qoyub?

8 İnsanlar qeyri-kamil olduqlarından Allahın sürüsündən olanların bəziləri Yehovanın tələblərini gec dərk edə bilərlər. Onlar Müqəddəs Kitab prinsiplərinə əsaslanmayan qərarlar verə, yaxud yetkin olmadıqlarını  göstərən hərəkətlər edə bilərlər. Ağsaqqallar buna necə münasibət göstərməlidir? Onlar İsanı təqlid etməlidirlər. Şagirdləri Padşahlıqda kimin ən böyük olacağının dərdini çəkən zaman İsa onlarla səbirlə davranırdı. O, özündən çıxmır, şagirdlərini öyrətməkdən və təvazökarlıqla bağlı məsləhətlər verməkdən yorulmurdu (Luka 9:46—48; 22:24—27). İsa şagirdlərinin ayaqlarını yumaqla məsihçi ağsaqqalların təzahür etdirməli olduqları təvazökarlığa dair vacib dərs verdi. (Yəhya 13:12—15 ayələrini oxu; 1 Pet. 2:21.)

9. İsa öz şagirdlərinə hansı əhval-ruhiyyədə olmağı məsləhət görmüşdü?

9 İsanın ruhani çobanların rolu haqda fikirləri Yaqub və Yəhyanın əhval-ruhiyyəsindən fərqlənirdi. Bu iki həvari Padşahlıqda yüksək mövqe tutmaq istəyirdi. Ancaq İsa onların düşüncə tərzinə düzəliş edərək dedi: «Siz yaxşı bilirsiniz ki, xalqların hökmdarları onların üzərində ağalıq edir və rəhbərləri onlara başçılıq edirlər. Amma sizin aranızda belə olmamalıdır. Aranızda böyüklük etmək istəyən qulluğunuzda durmalıdır» (Mat. 20:25, 26). Həvarilər öz qardaşları üzərində «ağalıq [etmək]» meylindən uzaq durmalı idilər.

10. İsa ağsaqqalların sürü ilə necə rəftar etməsini istəyirdi və bu sahədə Pavel hansı nümunəni qoyub?

10 İsa istəyirdi ki, məsihçi ağsaqqallar sürü ilə onun davrandığı kimi davransınlar. Onlar öz həmimanlıları üzərində ağalıq etmək əvəzinə, canla-başla onlara xidmət etməlidirlər. Həvari Pavel bu cür təvazökarlıq göstərirdi, bu səbəbdən o, Efes yığıncağının ağsaqqallarına demişdi: «Asiya vilayətinə ayaq basdığım gündən bəri yanınızda necə yaşadığımı yaxşı bilirsiniz. Rəbbə böyük təvazökarlıqla... xidmət etdim». Həvari çox istəyirdi ki, həmin ağsaqqallar digərlərinə səylə və təvazökarlıqla kömək etsinlər. O demişdi: «Mən sizə hər şeydə göstərmişəm ki, siz də beləcə zəhmət çəkərək zəiflərə kömək etməlisiniz» (Həv. iş. 20:18, 19, 35). Pavel korinflilərə demişdi ki, onların imanı üzərində ağalıq etmir. O, onların sevinci üçün onlarla təvazökarlıqla əməkdaşlıq edirdi (2 Kor. 1:24). Pavel təvazökarlıq göstərməkdə və səylə çalışmaqda bugünkü ağsaqqallara gözəl nümunə qoyub.

ETİMADA LAYİQ SÖZƏ BAĞLI QALIN

11, 12. Ağsaqqal qərar verməkdə həmimanlısına necə kömək edə bilər?

11 Ağsaqqal «təlim verərkən Allahın etimada layiq sözünə bağlı qalmalıdır» (Tit. 1:9). Amma o, bunu «mülayimcəsinə» etməlidir (Qalat. 6:1). Həmimanlılarına nəyisə təzyiq altında etdirmək əvəzinə, yaxşı çoban özünü onların yerinə qoymağa çalışır. Bacı və ya qardaş vacib qərar verməyə çalışarkən ağsaqqal onunla Müqəddəs Kitab prinsiplərini və ədəbiyyatlarımızda bu mövzu ilə bağlı məqalələri müzakirə edə bilər. O, həmin adamı verəcəyi müxtəlif qərarların Yehova ilə münasibətinə necə təsir edəcəyi barədə düşünməyə təşviq edə bilər. Ağsaqqal ona xatırlada bilər ki, qərar verməzdən əvvəl rəhbərlik üçün Yehovaya dua etmək olduqca vacibdir (Sül. məs. 3:5, 6). Həmimanlısı ilə bu kimi məsələləri müzakirə etdikdən sonra ağsaqqal imkan verəcək ki, o, qərarını özü versin (Rom. 14:1—4).

12 Məsihçi ağsaqqallar yalnız və yalnız Müqəddəs Yazılara əsasən rəhbərlik verirlər. Buna görə də onların Müqəddəs Kitabı məharətlə istifadə etmələri və sözlərini ona əsaslandırmaları  vacibdir. Bunun sayəsində ağsaqqallar öz səlahiyyətlərindən sui-istifadə etməyəcəklər. Axı sürü onlara məxsus deyil və yığıncağın hər bir üzvü verdiyi qərara görə Yehovanın və İsanın qarşısında cavab verəcək (Qalat. 6:5, 7, 8).

«SÜRÜYƏ NÜMUNƏ OLUN»

Ağsaqqallar ailə üzvlərinə xidmətə hazırlaşmağa kömək edirlər (13-cü abzasa bax)

13, 14. Ağsaqqallar hansı sahələrdə sürüyə nümunə olmalıdırlar?

13 Həvari Peter yığıncaq ağsaqqallarına «Allahın əmanəti üzərində ağalıq» etməmək nəsihətini verəndən sonra onları «sürüyə nümunə [olmağa]» təşviq etmişdi (1 Pet. 5:3). Bəs ağsaqqallar sürüyə necə nümunə ola bilərlər? Gəlin «nəzarətçi vəzifəsinə can atan»ların cavab verməli olduqları iki tələbi nəzərdən keçirək. Onlar «sağlam düşüncəli» olmalı və «[ailələrini] yaxşı idarə etməli»dirlər. Əgər ağsaqqalın ailəsi varsa, o, ailəsinə nümunəvi şəkildə başçılıq etməlidir, «axı insan öz ailəsini idarə edə bilmirsə, Allahın yığıncağının qayğısına necə qalacaq?» (1 Tim. 3:1, 2, 4, 5). Nəzarətçi vəzifəsinə yararlı olmaq üçün qardaş Allahın prinsiplərini aydın başa düşməkdə və onları öz həyatında tətbiq etməkdə sağlamdüşüncəli olmalıdır. Belə insan tarazlıdır və nəticə çıxarmağa tələsmir. Ağsaqqallarda bu cür keyfiyyətləri görən yığıncaq üzvləri onlara etibar edir.

14 Təbliğ xidmətində rəhbərliyi üzərlərinə götürməklə də nəzarətçilər həmimanlılarına gözəl nümunə qoyurlar. Bu sahədə İsa nəzarətçilərə nümunə qoyub. Padşahlıq haqqında xoş xəbəri təbliğ etmək İsanın yerdəki fəaliyyətinin vacib hissəsi idi. O, şagirdlərinə bu işi necə görməli olduqlarını göstərmişdi (Mark 1:38; Luka 8:1). Bu gün ağsaqqallarla çiyin-çiyinə təbliğ etmək, onların bu həyati vacib işdə göstərdikləri səyi görmək və onlardan təbliğin müxtəlif üsullarını öyrənmək təbliğçilər üçün necə də ruhlandırıcıdır! Gərgin qrafiklərinin olmasına baxmayaraq, nəzarətçilərin xoş xəbərin təbliğinə səylə vaxt sərf etmələri yığıncağın bütün üzvlərinə sirayət edir. Ağsaqqallar yığıncaq görüşlərinə hazırlaşmaqla, şərhlər verməklə, eləcə də Padşahlıq zalının təmizliyi və təmiri kimi işlərdə iştirak etməklə də gözəl nümunə qoya bilərlər (Efes. 5:15, 16; İbranilərə 13:7 ayəsini oxu).

Nəzarətçilər təbliğ işində nümunə qoyurlar (14-cü abzasa bax)

«ZƏİFLƏRƏ DAYAQ OLUN»

15. Hansı hallarda ağsaqqal başçəkməsi tələb olunur?

15 Sürüdəki qoyunlardan biri yaralananda və ya xəstələnəndə yaxşı çoban dərhal onun köməyinə çatır. Eynilə, ağsaqqallar yığıncağın əziyyət çəkən və ya ruhani köməyə ehtiyac duyan hər bir üzvünə vaxtında yardım etməlidirlər. Yaşlı və xəstə bacı-qardaşlar fiziki ehtiyacları ilə yanaşı, ən əsası, ruhani  köməyə və ruhlanmağa ehtiyac duyurlar (1 Salon. 5:14). Yığıncaqdakı gənclər bir çox çətinliklərlə, məsələn, «gəncliyə xas [istəklərlə]» mübarizə aparmalı olurlar (2 Tim. 2:22). Ağsaqqallar yığıncağın bütün üzvlərinə kömək etmək üçün onlara vaxtaşırı baş çəkirlər. Bu zaman onlar bacı-qardaşların problemlərini başa düşməyə çalışır və Müqəddəs Yazılardan münasib məsləhətlər verməklə onları ruhlandırırlar. Ağsaqqallar vaxtında köməklik göstərməklə bir çox məsələlərin ciddi problemə çevrilməsinin qarşısını ala bilərlər.

16. Yığıncaq üzvləri ruhani köməyə ehtiyac duyanda ağsaqqallar onların dadına necə çata bilərlər?

16 Bəs əgər bacı və ya qardaşın ciddi problemi varsa və onun ruhani sağlamlığı təhlükə altındadırsa, onda necə? Müqəddəs Kitabın yazıçısı Yaqub yazmışdı: «Aranızda xəstə olan varmı? Qoy yığıncağın ağsaqqallarını çağırsın. Onlar Yehovanın adı ilə onun başına yağ sürtüb onun üçün dua edərlər. İmanla edilən dua xəstəni sağaldacaq və Yehova onu ayağa qaldıracaq. Əgər günah işləyibsə, təqsiri bağışlanacaq» (Yaq. 5:14, 15). Hətta ruhani cəhətdən xəstə olan adam «yığıncağın ağsaqqallarını [çağırmırsa]», ağsaqqallar vəziyyətdən xəbər tutan kimi dərhal onun köməyinə yetişməlidirlər. Ağsaqqallar bacı-qardaşlarla birlikdə, o cümlədən onlar üçün dua etməklə və lazımi köməkliyi göstərməklə onlara həvalə edilən sürü üçün ruhani təravət və təsəlli mənbəyi olduqlarını sübut edirlər. (Yeşaya 32:1, 2 ayələrini oxu.)

17. Ağsaqqalların «böyük çobanı» təqlid etməsinin yığıncağa faydası nədir?

17 Yehovanın təşkilatında etdikləri bütün işlərlə ağsaqqallar «böyük [çoban]» olan İsa Məsihi təqlid etməyə çalışırlar. Bu məsuliyyətli kişilərin ruhani dəstəyi ilə sürü böyük fayda əldə edir və inkişaf etməyə davam edir. Bütün bunlara görə biz minnətdarıq və əvəzedilməz Çobanımız olan Yehovaya həmd etməyə təşviq olunuruq.