Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) OKTYABR 2013

Onlar özlərini könüllü olaraq təqdim edirlər. Filippində

Onlar özlərini könüllü olaraq təqdim edirlər. Filippində

30 yaşlarında olan ər-arvad Qreqori Marilu təxminən on il əvvəl Manila şəhərində pioner kimi xidmət edir, eyni zamanda da bütün günü işləyirdilər. Çətin olmasına baxmayaraq, onlar bunun öhdəsindən gəlirdilər. Daha sonra Marilu işlədiyi bankda müdir təyin edildi. O deyir: «Yaxşı işimiz bizə rahat həyat sürməyə imkan verirdi». Həqiqətən də, gəlirləri o qədər yaxşı idi ki, bu ər-arvad Maniladan 19 kilometr şərqdə yerləşən gözəl bir ərazidə xəyallarındakı evi tikmək qərarına gəldi. Onlar görüləcək işə görə on il ərzində aybaay ödəniş edəcəklərinə dair tikinti şirkəti ilə müqavilə bağladılar.

«MƏNƏ ELƏ GƏLİRDİ Kİ, YEHOVADAN OĞURLAYIRAM»

Marilu bölüşür: «Yeni işimə vaxtımın və gücümün çox hissəsini sərf etdiyim üçün artıq ruhani işlərə həvəsim qalmırdı. Mənə elə gəlirdi ki, Yehovadan oğurlayıram». O izah edir: «Mən Yehovaya söz verdiyim qədər xidmət edə bilmirdim». Düşdükləri vəziyyətdən məyus olan Qreqori və Marilu bir gün  oturub həyatlarını nəyə sərf etdiklərini götür-qoy etdilər. Qreqori deyir: «Biz dəyişiklik etmək istəyirdik, ancaq nə edəcəyimizi dəqiq bilmirdik. Xüsusilə də uşağımız olmadığından Yehovaya daha çox necə xidmət edə biləcəyimizi müzakirə etdik. Bizə bir yol göstərməsi üçün Yehovaya dua etdik».

Bu arada onlar Padşahlığın təbliğçilərinə böyük tələbat olan yerlərdə xidmət etməklə bağlı bir neçə çıxışa qulaq asdılar. Qreqori deyir: «Belə qənaətə gəldik ki, bu çıxışlar Yehovanın dualarımıza verdiyi cavabdır». Bu cütlük imanlarının möhkəmlənməsi və düzgün qərar verməyə qətiyyətli olmaq üçün dua etdi. Ancaq tikilməkdə olan evləri onlar üçün böyük maneə idi. Onlar artıq üç ilin pulunu ödəmişdilər. Bəs indi nə edəcəkdilər? Marilu deyir: «Əgər müqaviləni ləğv etsək, ödədiyimiz o qədər pul batacaqdı». Lakin biz gördük ki, seçim etməliyik: ya Yehovanın iradəsini birinci yerə qoymalıyıq, ya da öz istəklərimizi». Həvari Pavelin «hamısından keçdim» sözlərini yadda saxlayaraq onlar evin tikintisindən imtina etdilər, işdən çıxdılar, mal-mülklərinin böyük qismini satdılar və Maniladan 480 kilometr cənubda yerləşən Palavan adasının ucqar bir kəndinə köçdülər (Filip. 3:8).

ONLAR KİFAYƏTLƏNMƏYİN SİRRİNİ ÖYRƏNDİLƏR

Qreqori və Marilu köçməzdən öncə, özlərini sadə həyata hazırlamağa başlamışdılar. Ancaq onlar həmin kəndə gəlib çatanadək yeni həyatlarının nə qədər sadə olacağından bixəbər idilər. «Biz şokda idik» — Marilu deyir. «Nə işıq var idi, nə də şərait. Yeməyi qaz piltəsində yox, odun yarıb ocağın üstündə bişirirdik. Mən gəzməyə çıxmaq, restoranda yemək, bir sözlə şəhər həyatı üçün darıxırdım». Bununla belə, onlar özlərinə buraya nə üçün köçdüklərini xatırladırdılar və çox keçməmiş onlar bu şəraitə uyğunlaşdılar. Marilu deyir: «İndi mən təbiətin gözəlliyini və gecə göy üzündə sayrışan ulduzları seyr etməkdən həzz alıram. Ən əsası isə, təbliğ edərkən insanların üzündəki sevinci görmək çox xoşdur. Burada xidmət etdiyimiz müddətdə malik olduğumuz şeylərlə kifayətlənməyin sirrini öyrəndik» (Filip. 4:12).

«Heç nə bizə buradakı insanların ruhani cəhətdən inkişafını görməkdən daha çox sevinc gətirə bilməz. Biz həyatımızın daha mənalı olduğunu görürük» (Qreqori və Marilu)

Qreqori nəql edir: «Biz gələndə burada cəmi dörd Şahid var idi. Mən hər həftə açıq məruzə ilə çıxış etməyə və Padşahlıq mahnılarını gitarada ifa etməyə başlayanda onların sevinci yerə-göyə sığmırdı». Bir ilin içində balaca bir qrup onların gözü önündə 24 təbliğçidən ibarət bir yığıncağa çevrildi. Qreqori deyir: «Yığıncağın göstərdiyi məhəbbət bizə dərin təsir bağışladı». Bu ucqar ərazidə altıillik  xidmətlərinə çevrilib baxaraq onlar deyir: «Heç nə bizə buradakı insanların ruhani cəhətdən inkişafını görməkdən daha çox sevinc gətirə bilməz. Biz həyatımızın daha mənalı olduğunu görürük».

«DADDIM VƏ YEHOVANIN NƏ QƏDƏR ŞİRİN OLDUĞUNU GÖRDÜM!»

Filippində 3000-ə yaxın bacı-qardaş Padşahlığın təbliğçilərinə daha çox tələbat olan əraziyə köçüb. Onlardan təxminən 500-ü subay bacılardır. Bu bacılardan biri Kerendir.

Keren

Keren bacı Kaqayanın Baqau qəsəbəsində böyüyüb, onun 25-ə yaxın yaşı var. Keren yeniyetmə yaşlarından xidmətini genişləndirmək barədə düşünürdü. O deyir: «Vaxta az qaldığını və bütün insanların Padşahlıq xəbərini eşitməli olduğunu bildiyim üçün təbliğçilərə tələbat olan ərazidə xidmət etmək istəyirdim». Ailə üzvlərindən bəziləri onu ali təhsil almağa təşviq etsələr də, Keren yol göstərməsi üçün Yehovaya dua edirdi. O həmçinin ucqar ərazidə xidmət edənlərlə məsləhətləşmişdi. 18 yaşı olanda o, yaşadığı qəsəbədən 64 kilometr aralıda yerləşən bir əraziyə köçdü.

Kerenin əməkdaşlıq etmək üçün getdiyi balaca yığıncaq Sakit okeanın sahillərindəki dağlıq ərazidə yerləşir. Keren xatırlayır: «Baqaudan üç gün piyada yol getdik, dağlar aşdıq, 30 dəfədən çox çay keçdik və gəlib yeni yığıncağa yetişdik». O əlavə edir: «Mən Müqəddəs Kitabı öyrənən bəzi insanların yanına getmək üçün altı saat yol gedir, gecəni öyrənənin evində qalır və səhəri gün yenidən həmin yolu geri qayıdırdım». Bütün bunlar onun çəkdiyi əziyyətə dəydimi? «Bəzən yorğunluqdan ayaqlarım sızıldayır, ancaq — Keren gülümsəyərək əlavə edir — mən, ən azı, 18 nəfərə Müqəddəs Kitabı öyrədirəm. Bəli, daddım və Yehovanın nə qədər şirin olduğunu gördüm!» (Məz. 34:8).

«YEHOVAYA DAHA ÇOX GÜVƏNMƏYİ ÖYRƏNDİM»

Syuki

Təxminən 40 yaşına kimi Birləşmiş Ştatlarda yaşamış Syuki adlı subay bacını Filippinə köçməyə nə təşviq etmişdi? 2011-ci ilin rayon konqresində o, bir ər-arvadın müsahibəsinə qulaq asmışdı. Həmin cütlük təbliğ işinə kömək etmək üçün mal-mülklərini satıb Meksikaya köçmələrindən danışmışdı. Syuki bacı deyir: «Bu müsahibə məni əvvəllər ağlıma belə gətirmədiyim məqsədlər üzərində düşünməyə təşviq etdi». Əslən hindli olan bu bacı biləndə ki, Filippində yaşayan pəncablılara təbliğ etmək üçün köməyə ehtiyac var, o, ora getmək qərarına gəldi. Bəs bu, ona asan başa gəldi?

O deyir: «Əşyalarımdan hansılarını satıb, hansılarını saxlayacağıma qərar vermək düşündüyümdən də çətin oldu. Üstəlik, 13 il rahat yaşadığım evimdən müvəqqəti olaraq ailəmin yanına köçdüm.  Mənim üçün asan deyildi, ancaq bu, özümü sadə həyata hazırlamağın ən yaxşı üsulu idi». Filippinə köçdükdən sonra Syukinin hansı çətinlikləri oldu? «Həşərat qorxusu və evimin xiffətini çəkmək mənim ən böyük sınağım idi. Yehovaya daha çox güvənməyi öyrəndim!» Bütün bunlara dəydimi? Syuki gülümsəyərək bölüşür: «Yehova bizə deyir: “Məni sınayın. Görəcəksiniz ki,.. üzərinizə... bərəkət yağdıracağam”. Bir dəfə təbliğ etdiyim qadın: “Bir də nə vaxt gələcəksiniz? Mənim çoxlu suallarım var” — deyə soruşanda bu ayədəki sözlərin doğruluğuna əmin oldum. Ruhani aclıq çəkən insanlara kömək etdiyim üçün sevincimin həddi-hüdudu yox idi» (Mal. 3:10). Syuki əlavə edir: «Həqiqətən də, köçməyə qərar vermək çox çətin oldu. Bu addımı atdıqdan sonra isə Yehovanın başımdan bərəkət yağdırdığını görmək heyranedici idi».

«İŞİMİ İTİRMƏK QORXUSUNA ÜSTÜN GƏLDİM»

30 yaşlarında olan evli qardaş Simey Filippindən Yaxın Şərq ölkələrinin birinə gedir ki, gəlirli bir işdə işləsin. Orada olarkən rayon nəzarətçisindən və Rəhbərlik Şurasının üzvünün çıxışından eşitdiyi ruhlandırıcı fikirlər Simeyi Yehovanı həyatında birinci yerə qoymağa təşviq edir. Simey deyir: «İşimi atıb getmək fikri canıma vəlvələ salırdı». Buna baxmayaraq, o, işini atıb Filippinə qayıdır. Hal-hazırda Simey və arvadı Hadi ölkənin cənubunda yerləşən və Padşahlığın təbliğçilərinə ehtiyac olan geniş ərazidə, Davao əyalətində xidmət edirlər. Simey xatırlayır: «Geriyə baxdıqda çox sevinirəm ki, işimi itirmək qorxusuna üstün gəldim və Yehovanı birinci yerə qoydum. Həyatda heç nə ən yaxşısını Yehovaya verməkdən daha böyük məmnunluq gətirə bilməz!»

Simey və Hadi

«BU, BİZƏ ƏSİL SEVİNC GƏTİRİR!»

30 yaşlarında olan Ramilo Cülyet adlı pioner ər-arvad evlərindən cəmi 30 kilometr aralıda olan bir yığıncağa kömək lazım olduğunu eşidəndə buna hay verdilər. Beləcə, Ramilo və Cülyet, həftədə bir neçə dəfə olmaqla, istər yağışlı, istərsə də günəşli havada hər həftə yığıncaq görüşlərinə və təbliğə öz motosikletlərilə gedib-gəlirlər. Daşlı-kəsəkli yollardan və asma körpülərdən keçmələrinə baxmayaraq, onlar xidmətlərini genişləndirdiklərinə görə sevinirlər. Ramilo deyir: «Həyat yoldaşımla ümumilikdə 11 nəfərə Müqəddəs Kitabı öyrədirik. Tələbat olan ərazidə xidmət etmək fədakarlıq tələb etsə də, bu, bizə əsil sevinc gətirir!» (1 Kor. 15:58).

Ramilo və Cülyet

Yaşadığınız ölkədə və ya başqa yerdə Padşahlığın təbliğçilərinə daha çox harada tələbat olduğunu bilmək istəyərdiniz? O zaman rayon nəzarətçisi ilə məsləhətləşin və «Bizim Padşahlıq Xidmətimiz»in 2011-ci il avqust sayındakı «Makedoniyaya gələ bilərsənmi?» adlı məqaləni oxuyun.

Əlavə məlumat

Xüsusi təyinatlı müjdəçilər

What special training is provided for those who devote their full time to the Kingdom-preaching work?