Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) OKTYABR 2013

İsa Məsihin duasına müvafiq davranın

İsa Məsihin duasına müvafiq davranın

«Ata,.. Oğlunu şöhrətləndir ki, oğlun da Səni şöhrətləndirsin» (YƏH. 17:1).

1, 2. Eramızın 33-cü ilində Pasxa bayramını qeyd etdikdən sonra İsa sadiq həvariləri üçün nə etdi?

ERAMIZIN 33-cü ilinin 14 nisan gecəsidir. İsa Məsih dostları ilə birgə Pasxa bayramını qeyd edib qurtarıblar; bu bayram şagirdlərə Allahın onların əcdadlarını Misir köləliyindən azad etdiyini xatırladır. Ancaq bu sadiq şagirdləri daha möhtəşəm bir xilas — «əbədi xilas» gözləyir. Növbəti gün heç bir günahı olmayan Rəhbərləri düşmənlər tərəfindən öldürüləcək. Lakin onların bu qəddar hərəkəti xeyir-duaya çevriləcək. İsanın tökülən qanı bəşəriyyəti günah və ölümdən azad edəcək (İbr. 9:12—14).

2 Onun bu məhəbbətini heç vaxt unutmayaq deyə İsa hər il qeyd olunan Pasxa bayramını əvəz edən yeni tədbir təsis etdi. O, mayasız çörəyi böldü və 11 sadiq həvarisinə ötürərək dedi: «Bu çörək sizin uğrunuzda fəda ediləcək bədənimi təmsil edir. Xatirəmi yad etmək üçün bunu həmişə edin». Eynilə də, içində qırmızı şərab olan camı götürüb dedi: «Bu cam sizin uğrunuzda axıdılacaq qanım əsasında bağlanan yeni əhdi təmsil edir» (Luka 22:19, 20).

3. a) İsanın ölümü ilə hansı böyük dəyişiklik baş verdi? b) İsanın duasını nəzərdən keçirərkən hansı suallar üzərində düşünməliyik?

3 Allahın cismani İsraillə bağladığı köhnə Qanun əhdi başa çatmaq üzrə idi. Bu əhd Yehova ilə məsh olunmuşlar arasında bağlanacaq yeni əhdlə əvəz olunacaqdı. İsa bu yeni ruhani xalqın rifahı üçün həddən artıq narahat idi. Cismani İsrail dini və ictimai cəhətdən parçalanmışdı, bu da Allahın müqəddəs adına ləkə gətirirdi (Yəh. 7:45—49; Həv. iş. 23:6—9). Ancaq İsa istəyirdi ki, onun davamçıları Allahın adına izzət gətirmək üçün tam birliyi qoruyub  çiyin-çiyinə xidmət etsinlər. Bəs o nə etdi? O, yer üzündə yaşayan hər bir insanın oxuya biləcəyi möhtəşəm bir dua etdi. (Yəh. 17:1—26; məqalənin əvvəlindəki şəklə bax.) Bu duanı nəzərdən keçirərək növbəti sualların üzərində düşünə bilərik: «Allah İsanın duasına cavab verdimi? Mən bu duaya müvafiq davranırammı?»

İSA ÜÇÜN ƏN VACİB OLAN NƏ İDİ?

4, 5. a) İsanın duasının əvvəlindəki sözlərdən nə öyrənirik? b) İsanın öz gələcəyi ilə bağlı xahişinə Yehova necə cavab verdi?

4 İsa gecəyarısına kimi öz şagirdlərinə Allah haqqında biliklər öyrədir. Sonra isə gözlərini göyə qaldırıb deyir: «Ata, vaxt yetişdi. Oğlunu şöhrətləndir ki, oğlun da Səni şöhrətləndirsin. Axı Sən ona bütün bəşəriyyət üzərində hakimiyyət verdin ki, o, Sənin ona verdiyin adamların hamısını əbədi həyata qovuşdursun... Mən Səni yerdə şöhrətləndirdim və mənə tapşırdığın işi başa çatdırdım. İndi isə Ata, dünya yaranmazdan əvvəl Sənin yanında olarkən sahib olduğum şöhrətlə məni şöhrətləndir, məni yanına götür» (Yəh. 17:1—5).

5 İsa üçün nəyin daha vacib olduğunu duasının əvvəlində dediyi sözlərdən görmək olar. Onu narahat edən əsas məsələ səmavi Atasının şöhrətlənməsidir və bu, onun nümunəvi duasındakı birinci xahişə: «Ata, qoy adın müqəddəs tutulsun», — xahişinə müvafiqdir (Luka 11:2). İsanı narahat edən digər məsələ «əbədi həyata [qovuşdurmaq]» istədiyi şagirdləri ilə bağlıdır. Sonra İsa öz xahişini dilə gətirir: «Ata, dünya yaranmazdan əvvəl Sənin yanında olarkən sahib olduğum şöhrətlə məni şöhrətləndir, məni yanına götür». Yehova sadiq Oğluna bütün «mələklərdən daha üstün ad» verməklə onu istədiyindən də artıq mükafatlandırır (İbr. 1:4).

YEGANƏ HƏQİQİ ALLAHI TANIMAQ

6. Əbədi həyata nail olmaq üçün həvarilər nə etməli idilər və onların buna müvəffəq olduqlarını haradan bilirik?

6 İsa günahlı insanların layiq olmadıqları əbədi həyat mükafatını almaları üçün nə etməli olduqları barədə də dua edir. (Yəhya 17:3 ayəsini oxu.) O bildirir ki, bizə Allah və Məsih haqqında «daima öyrənmək lazımdır». Bunun üsullarından biri, oxumaq və dinləməkdir. Digər vacib üsul, öyrəndiklərimizi canla-başla tətbiq etməkdir. Həvarilər əbədi həyata aparan bu iki addımı artıq atırdılar, biz bunu İsanın duasından görürük: «Mənə verdiyin sözləri onlara çatdırdım. Onlar bu sözləri qəbul etdilər» (Yəh. 17:8). Ancaq əbədi həyata nail olmaq üçün onlar Allahın dediklərinin üstündə dərindən düşünməyə və həyatlarında tətbiq etməyə davam etməli idilər. Bəs bu sadiq həvarilər yer üzündəki həyatlarının son saniyəsinə kimi buna müvəffəq ola bildilər? Sözsüz ki, onlar bunu bacardılar. Onların hər birinin adının səmavi yeni Yerusəlimin bünövrəsinin 12 daşında əbədilik həkk olunması buna parlaq sübutdur (Vəhy 21:14).

7. Allahı tanımaq nə deməkdir və bu nəyə görə olduqca vacibdir?

7 Yunan dilşünaslarına əsasən, «daima öyrənmək» kimi tərcümə olunan yunan ifadəsini həmçinin «bilik əldə etməyə davam etmək» kimi tərcümə etmək olar. Bu hər iki ifadə eyni nəticəni hasil etdiyindən eyni məna daşıyır və hər ikisi də olduqca vacibdir. Belə ki, «daima öyrənmək» ifadəsi fasiləsiz prosesdir və nəticədə, insan Allahı tanıyır. Ancaq kainatda ən ali  Şəxsiyyəti tanımaq Onun xüsusiyyətlərini və niyyətini dərk etməkdən daha çox şeyi özünə daxil edir. Yehovanı tanımaq Ona və xidmətçilərinə məhəbbətlə bağlanmaq deməkdir. Müqəddəs Kitab izah edir: «Sevməyən Allahı tanımamışdır, çünki Allah məhəbbətdir» (1 Yəh. 4:8). Həmçinin Allahı tanımaq Ona itaət etməyi özünə daxil edir. (1 Yəhya 2:3—5 ayələrini oxu.) Yehovanı tanıyanların arasında olmaq necə də böyük şərəfdir! Ancaq ehtiyatlı olmasaq, Yəhuda İskariot kimi, biz də bu dəyərli münasibətləri itirə bilərik. Gəlin bu münasibətləri qoruyub saxlamaq üçün əlimizdən gələni edək. Onda əbədi həyat mükafatına layiq görüləcəyik (Mat. 24:13).

«ADININ XATİRİNƏ»

8, 9. Yerdəki xidməti zamanı İsanın əsas narahatçılığı nə idi və biz hansı dini ənənəni rədd etməliyik?

8 İsanın «Yəhyanın müjdəsi»nin 17-ci fəslində qələmə alınmış duasını oxuduqdan sonra onun yalnız həmin dövrdəki həvarilərini deyil, həm də gələcək şagirdlərini sevdiyinə əmin oluruq (Yəh. 17:20). Amma başa düşməliyik ki, İsanın əsas narahatçılığı bizim xilasımız deyildi. Yer üzündəki xidmətinin əvvəlindən axırına kimi onun başlıca məqsədi Atasının adını təqdis etmək və izzətləndirmək olub. Misal üçün, İsa Nazaretdəki sinaqoqda yer üzünə gəlişinin məqsədini bəyan edəndə Yeşaya peyğəmbərin tumarından oxumuşdu: «Yehovanın ruhu üzərimdədir, çünki O, məni yoxsullara xoş xəbəri bəyan etmək üçün məsh etdi» (Luka 4:16—21).

9 Yəhudi ənənəsinə əsasən, İsa yerə gəlməmişdən uzun illər əvvəl, din rəhbərləri xalqı Allahın adını istifadə etməkdən çəkindirirdi. Əmin ola bilərik ki, İsa Müqəddəs Yazılara əsaslanmayan ənənəni qətiyyətlə rədd edirdi. O, öz düşmənlərinə demişdi: «Mən Atamın adından gəlmişəm, siz isə məni qəbul etmirsiniz; əgər başqası öz adından gəlsəydi, onu qəbul edərdiniz» (Yəh. 5:43). Ölümündən bir neçə gün əvvəl isə İsa əsas narahatçılığını duasında  açıqlamışdı: «Ata, Öz adını şöhrətləndir» (Yəh. 12:28). Buna görə də təəccüblü deyil ki, İsa Atasının adı ilə bağlı bu narahatçılığını indi araşdırdığımız duası boyunca bildirmişdi.

10, 11. a) İsanın öz Atasının adını tanıtması özünə nəyi daxil edirdi? b) İsanın şagirdləri nəyə çalışmalıdırlar?

10 İsa dua edirdi: «Dünyadan mənə verdiyin adamlara Sənin adını açdım. Onlar Səninki idilər, Sən onları mənə verdin və onlar Sənin sözünə əməl edirlər. Mən artıq dünyada olmayacağam, Sənin yanına gəlirəm, onlar isə dünyadadırlar. Müqəddəs Atam, mənə verdiyin adının xatirinə gözün onların üstündə olsun ki, biz bir olduğumuz kimi, onlar da bir olsunlar» (Yəh. 17:6, 11).

11 İsanın öz şagirdlərinə Atasının adını açmasına bu adı sadəcə tələffüz etməkdən daha çox şey daxil idi. İsa həmçinin onlara Allahın adının nə məna kəsb etdiyini, yəni Onun gözəl keyfiyyətlərini və insanlarla necə rəftar etdiyini başa düşməyə kömək etmişdi (Çıx. 34:5—7). Bundan əlavə, göydə izzətli mövqeyə malik olan İsa indi də öz davamçılarına Yehovanın adını bütün dünyaya bəyan etməkdə kömək edir. O, bunu hansı məqsədlə edir? Məqsəd bu sistemin sonu gəlməzdən öncə, daha çox şagird toplamaqdır. Sonra Yehova sadiq şahidlərini xilas etmək üçün hərəkətə keçəndə Öz adını hər kəsə tanıdacaq! (Yez. 36:23).

«BÜTÜN DÜNYA İNANSIN»

12. Xilasedici işdə uğur qazanmağımız üçün hansı üç amil vacibdir?

12 İsa yer üzündə olanda şagirdlərinin öz zəifliklərinə qalib gəlmələri üçün əlindən gələn köməkliyi göstərmişdi. Bu, onların İsanın başladığı işi tamamlaya bilmələri üçün olduqca vacib idi. İsa duasında deyir: «Sən məni dünyaya göndərdiyin kimi, mən də onları dünyaya göndərdim». Onların bu xilasedici işdə uğur qazanmaları üçün İsa üç vacib tələbi vurğuladı. Birincisi, o dua etdi ki, şagirdləri Şeytanın pis dünyasına məxsus olmasınlar. İkincisi, onlar Allahın Kəlamındakı həqiqətləri öz həyatlarında tətbiq etməklə pak və müqəddəs olsunlar. Üçüncüsü, İsa dönə-dönə xahiş etdi ki, şagirdləri onunla Atasının arasında olan eyni məhəbbət bağları ilə bir-birlərinə bağlansınlar. Bunun üçün insan özünü yoxlamalıdır. Hər birimiz özümüzdən soruşmalıyıq: «Mən İsanın xahişindəki hər üç tələbə uyğun davranırammı?» Bunları vurğuladıqdan sonra İsa: «Bütün dünya inansın ki, məni Sən göndərmisən», — sözlərilə öz nikbinliyini ifadə etdi. (Yəhya 17:15—21 ayələrini oxu.)

Birinci əsrdəki məsihçilər birliyi qorumaq üçün müqəddəs ruhun rəhbərliyi altında hərəkət edirdilər (13-cü abzasa bax)

13. Yehova İsanın duasına birinci əsrdə necə cavab verdi?

13 «Müjdə»lərdən sonra gələn «Həvarilərin işləri» kitabını araşdıranda İsanın öz duasına cavab aldığını görə bilərik. Heç fikirləşmisiniz ki, yəhudilərdən və qeyri-yəhudilərdən, varlılardan və kasıblardan, qullardan və ağalardan ibarət olan erkən məsihçilər arasında necə parçalanma ola bilərdi? Ancaq onlar arasında elə sıx münasibət var idi ki, Pavel onları başı İsa Məsih olan bədənin ayrı-ayrı üzvləri ilə müqayisə etmişdi (Efes. 4:15, 16). Şeytanın parçalanmış dünyasında məsihçilər arasında bu cür birliyin olması əsil möcüzədir! Bu cür birlik yalnız Yehovanın qüdrətli müqəddəs ruhu sayəsində mümkündür (1 Kor. 3:5—7).

Dünyanın hər yerində Allahın xalqı arasında birlik hökm sürür (14-cü abzasa bax)

14. Yehova İsanın duasına bizim günlərdə necə cavab verib?

14 Təəssüflər olsun ki, bu heyrətamiz birliyin ömrü az oldu, həvarilərin ölümündən sonra hər şey dəyişdi.  Peyğəmbərlik olunduğu kimi, böyük dönüklük baş qaldırdı və bunun nəticəsində Xristian dünyasının arasında birlik olmayan təriqətlər yarandı (Həv. iş. 20:29, 30). Lakin 1919-cu ildə İsa öz məsh olunmuş davamçılarını yalan dinin köləliyindən azad etdi və onları «kamil birlik» telləri ilə birləşdirdi (Kolos. 3:14). Bəs onların təbliğ işi bütün dünyaya necə təsir etdi? «Hər millətdən, hər qəbilədən, hər xalqdan və hər dildən» olan yeddi milyondan artıq «başqa [qoyunlar]» Allahın məsh olunmuşları ilə bir sürüdə birləşiblər (Yəh. 10:16; Vəhy 7:9). Bu, İsanın: «Qoy dünya bilsin ki, məni Sən [Yehova] göndərmisən və məni sevdiyin kimi, onları da sevirsən», — duasına necə də aydın cavabdır (Yəh. 17:23).

TƏSİRLİ YEKUN

15. İsa duada məsh olunmuş davamçıları üçün nə xahiş etdi?

15 Nisanın 14-ü axşamı İsa əvvəlcə həvariləri ilə onunla birlikdə onun Padşahlığında idarə edəcəklərinə dair əhd bağlamaqla onları şöhrətləndirdi (Luka 22:28—30; Yəh. 17:22). Sonra da onun məsh olunmuş davamçıları olacaq hər kəs üçün dua etdi: «Ata, arzu edirəm ki, mənə verdiyin adamlar mənim yanımda olsunlar və mənə verdiyin şöhrəti görsünlər, çünki Sən məni bəşər nəsli dünyaya gəlməzdən əvvəl sevmisən» (Yəh. 17:24). İsanın digər qoyunları buna paxıllıq etmir, əksinə, sevinir. Bu gün bütün məsihçilər arasındakı birlik buna güclü bir sübutdur.

16, 17. a) İsa duasının sonunda nə etməyə qətiyyətli olduğunu bildirdi? b) Biz nə etməyə qətiyyətli olmalıyıq?

16 Din rəhbərlərinin təsiri altında insanların əksəriyyəti Yehovanın Onu tanıyan birləşmiş bir xalqının olduğu faktını danırlar. İsanın yaşadığı dövrdə də vəziyyət eyni cür idi. Bu səbəbdən o, duasını belə təsirli sözlərlə yekunlaşdırır: «Ey saleh Ata, dünya Səni tanımadı. Mən isə Səni tanıyıram və bunlar da bilirlər ki, məni Sən göndərmisən. Mən Sənin adını onlara açdım və yenə açacağam ki, mənə duyduğun məhəbbət onlarda da olsun və mən onlarla vəhdətdə olum» (Yəh. 17:25, 26).

17 İsanın öz duasına müvafiq davrandığı danılmazdır. Yığıncağın Başı olan İsa Atasının adını və niyyətlərini insanlara çatdırmaqda bu günə kimi bizdən köməyini əsirgəmir. Gəlin İsanın təbliğ etmək və şagird hazırlamaq tapşırığına səylə əməl edərək onun başçılığına tabe olaq (Mat. 28:19, 20; Həv. iş. 10:42). Gəlin həmçinin aramızda hökm sürən dəyərli birliyi qorumaq üçün var gücümüzlə çalışaq. Belə etməklə, biz Yehovanın adını izzətləndirmək və əbədi xoşbəxtliyə nail olmaq üçün İsanın duasına müvafiq davranmış olacağıq.