Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) OKTYABR 2013

 BİOQRAFİYA

Yehovaya güvənmək xeyir-dualar gətirir

Yehovaya güvənmək xeyir-dualar gətirir

Hərdən həyatdan baş açmaq olmur, hətta bəzən dözülməz olur. Lakin Yehova öz ağlı ilə hərəkət edənlərə yox, Ona bel bağlayanlara xeyir-dua verir. Uzun ömür sürən və çoxlu xeyir-dualar dadan həyat yoldaşımla mən buna öz təcrübəmizdən əmin olmuşuq. Bir az öz hekayəmizdən danışmaq istəyirəm.

ATAMLA anam Beynəlxalq Müqəddəs Kitab Tədqiqatçılarının 1919-cu ildə Ohayo ştatının (ABŞ) Sidar-Point şəhərində keçirdikləri konqresdə tanış olublar. Onlar elə həmin il evləniblər. Mən 1922-ci ildə, qardaşım Pol isə iki ildən sonra anadan olub. Arvadım Qreys isə 1930-cu ildə doğulub. Onun valideynləri Roy və Rut Hauel uşaqlıqdan Müqəddəs Kitab Tədqiqatçısı olub; nənə-babası da Müqəddəs Kitab Tədqiqatçısı və Çarlz Teyz Rassel qardaşın dostları olublar.

Qreyslə mən 1947-ci ildə tanış olduq və 1949-cu il iyulun 16-da ailə qurduq. Ailə qurmazdan qabaq gələcəyimizi hərtərəfli müzakirə etdik, qərara gəldik ki, uşaq sahibi olmayaq və həyatımızı tammüddətli xidmətə həsr edək. 1950-ci ilin oktyabrından pioner xidmətinə başladıq. 1952-ci ildə biz səyyar xidmətə dəvət aldıq.

SƏYYAR XİDMƏT VƏ GİLEAD MƏKTƏBİ

Biz bu yeni təyinatı yerinə yetirmək üçün çoxlu köməyə ehtiyac duyduğumuzu hiss edirdik. Mən təcrübəli qardaşlardan öyrənməklə yanaşı, Qreys üçün də kömək axtarırdım. Mən səyyar xidmətdə təcrübəsi olan köhnə ailə dostumuz Marvin Holendən soruşdum: «Marvin, Qreys gəncdir və təcrübəsi azdır. Ona kömək edə biləcək kimisə məsləhət görə bilərsən?» O cavab verdi: «Olar, Edna Vinkel təcrübəli pionerdir, ona xeyli köməyi dəyə bilər». Sonralar Qreys Edna haqda demişdi: «O, mənə özümü qapı arxasında sərbəst hiss etməyə, etirazların öhdəsindən gəlməyə kömək etdi. O, mənə münasib söz söyləyə bilim deyə qarşımdakı insanı dinləməyi öyrətdi. Mənə məhz belə adam lazım idi!»

Soldan: Neytan Norr, Malkom Alen, Fred Rask, Layl Ryuş, Endryu Vaqner

Qreyslə mən, Cənubi Dakota və Minnesota ştatlarının əraziləri də daxil olmaqla, Ayova ştatının iki rayonunda xidmət edirdik. Sonra bizi Bruklinin və Kuinsin borolarını (rayonlarını) özünə daxil edən Nyu-Yorkun 1 №-li teokratik rayonuna təyin etdilər. Aldığımız bu təyinatda özümüzü nə qədər təcrübəsiz hiss etdiyimiz heç vaxt yadımızdan çıxmayacaq. Bu rayona Bet-Eldəki Padşahlıq zalında yığışan və çoxlu təcrübəli  bet-elli üzvləri olan «Bruklin Hayts» yığıncağı daxil idi. Bu yığıncaqda ilk xidməti çıxışımı etdikdən sonra Neytan Norr qardaş mənə yaxınlaşıb belə dedi: «Malkom, sən bizə üzərində işləməli olduğumuz bəzi məsləhətlər verdin və bu, yerində idi. Unutma, əgər sən öz nəzakətli məsləhətlərinlə bizlərə kömək etməsən, təşkilata bir o qədər faydan olmaz. Sükanı belə saxla!» Yığıncaqdan sonra mən bu sözləri Qreyslə bölüşdüm. Sonra biz Bet-Eldə qonaq qaldığımız otağa qalxdıq. O qədər həyəcanlandıq ki, göz yaşlarımızı saxlaya bilmədik.

«Əgər sən öz nəzakətli məsləhətlərinlə bizlərə kömək etməsən, təşkilata bir o qədər faydan olmaz. Sükanı belə saxla!»

Bir neçə aydan sonra biz 1955-ci ilin fevralında başa çatacaq Gilead Məktəbinin 24-cü sinfinə dəvət aldıq. Bu məktəbə getməmişdən əvvəl bizə məlumat verdilər ki, orada təlim almağımız bizi xüsusi təyinatlı müjdəçi işinə hazırlamaq məqsədi daşımır. Əksinə, bu təlimin məqsədi səyyar xidmətdə daha məharətli olmağımıza kömək etməkdir. Bu məktəbdə təlim almaq heyrətamiz olmaqla yanaşı, bizə təvazökar olmağı öyrətdi.

Gilead Məktəbində Qreys və mənimlə birgə Fern və Corc Kauç, 1954-cü il

Məktəbi bitirdikdən sonra bizi vilayət xidmətinə təyin etdilər. Vilayətlərimizə İndiana, Miçiqan və Ohayo ştatları daxil idi. 1955-ci ilin dekabrında gözlənilmədən Norr qardaşdan belə bir məktub aldıq. Orada deyilirdi: «Mümkünsə, qısa bir vaxtda mənə öz fikrinizi konkret bildirin. Əgər Bet-Elə gəlib bu xidmətdə qalmaq,.. yaxud bir müddət Bet-Eldə xidmət etdikdən sonra xarici ölkəyə təyinat almağa hazırsınızsa, mənə açıq deyin. Yox, əgər vilayət və rayon xidmətində qalmaq istəyirsinizsə, onda da mənə bir məlumat verin». Biz cavab yazdıq ki, istənilən təyinatı yerinə yetirməyə hazırıq və məktubu dərhal Bet-Elə göndərdik!

BET-ELDƏKİ UNUDULMAZ İLLƏR

Bet-Eldə xidmət etdiyim unudulmaz illər ərzində Birləşmiş Ştatların hər yerində yığıncaqlarda və konqreslərdə çıxışlar edirdim. Mən Yehovanın təşkilatında sonralar üzərlərinə böyük məsuliyyətlər götürən gənc qardaşlara təlim verir və köməklik göstərirdim. Bir müddət sonra isə ümumdünya təbliğ işini təşkil edən şöbədə Norr qardaşın katibi kimi işlədim.

Aşağıda: Xidmət şöbəsində işləyərkən, 1956-cı il

Xidmət şöbəsində keçirdiyim illərin mənim üçün xüsusi yeri var. Orada mən Tomas Sallivan qardaşla çiyin-çiyinə xidmət etmişəm. O, uzun illər həmin şöbənin nəzarətçisi olub. Lakin orada başqalarından da çox şey öyrənmişəm. Onlardan biri mənə təlim keçən Fred Rask qardaş olub. Bir dəfə mən nəzakətlə ondan soruşdum: «Fred,  nəyə görə mənim məktublarımda bəzi dəyişikliklər edirsən?» O gülümsəyərək bu təsirli sözləri dedi: «Malkom, şifahi deyilən sözləri başqa cür də izah etmək olar, ancaq məktub, xüsusilə də, buranın adından yazılanda mümkün qədər daha təsirli və dəqiq olmalıdır». Sonra o, mehribancasına dedi: «Cəsarətli ol, sən yaxşı işləyirsən və vaxt keçdikcə hər şey lap yaxşı alınacaq».

Qreys Bet-Eldə illər ərzində müxtəlif işlərdə çalışıb, məsələn, o, xadimə kimi işləyib — yaşayış otaqlarının təmizliyinin qayğısına qalıb. O, işini çox sevirdi. Həmin illərdə Bet-Eldə xidmət edən cavan qardaşlardan bəziləri bu günə kimi bizi görəndə Qreysə təbəssümlə deyirlər: «Sən mənə çarpayımı yığmağı öyrətdin, bu, anamın çox xoşuna gəlirdi». Qreys abunə, məktublaşma və lent yazılarının surətinin çıxarılması şöbəsində də xidmət edib. Bu müxtəlif təyinatlarda çalışmaq ona, Yehovanın təşkilatında harada və nə etməyimizdən asılı olmayaraq, bunun şərəf və xeyir-dua olduğunu başa düşməyə kömək etdi. O, bu əhval-ruhiyyəni indiyə kimi qoruyub saxlayır.

DƏYİŞİKLİKLƏR ETMƏLİ OLURUQ

1970-ci illərin ortaları idi. Artıq valideynlərimiz yaşlanmışdı və onların daha çox diqqətə ehtiyacı var idi. Əvvəl-axır çətin bir qərar verməli idik. Bet-Eldən və can-dildən bağlandığımız əməkdaşlarımızdan ayrılmaq istəmirdik. Buna rəğmən, dərk edirdim ki, valideynlərimizin qayğısına qalmaq mənim borcumdur. Buna görə də bir qədər sonra biz Bet-Eldən getdik, lakin ümid edirdik ki, vəziyyətimiz dəyişəndə geri qayıda biləcəyik.

Özümüzü təmin etmək üçün mən sığorta satmağa başladım. Təcrübə keçən vaxt menecerlərdən birinin dediyi sözləri heç vaxt unutmayacağam: «Bu işdə pul qazanmaq istəyirsənsə, müştəriləri axşamlar axtar, çünki adamları həmin vaxt tapa bilərsən. Hər axşam burada olmaqdan və insanlarla görüşməkdən vacib heç nə yoxdur». Mən ona belə dedim: «Əminəm ki, siz bunu təcrübənizə əsaslanaraq deyirsiniz və mən buna hörmətlə yanaşıram. Amma mənim vacib ruhani məsuliyyətlərim də var və mənim indi bu cür işləmək fikrim yoxdur. Bəzi axşamlar işləyəcəm, çərşənbə axşamları və cümə axşamları isə olduqca vacib bir görüşdə iştirak etməliyəm». Yehova dünyəvi işdə işləyə-işləyə yığıncaq görüşlərindən qalmamağımı, həqiqətən də, xeyir-dualandırırdı.

Anam 1987-ci ilin iyul ayında qocalar evində son nəfəsini verəndə biz onun çarpayısının yanında idik. Baş tibb bacısı Qreysə yaxınlaşıb dedi: «Qreys xanım, gedin evə, bir az dincəlin. Hamımız yaxşı bilirik ki, siz burada qayınananızın başının üstündən bir dəqiqə də ayrılmamısınız. Qəlbiniz rahat olsun».

1987-ci ilin dekabrında biz yenidən çox sevdiyimiz Bet-Eldə xidmət etmək üçün ərizə blankı  doldurduq. Ancaq cəmi bir neçə gün sonra Qreysdə yoğun bağırsaq xərçəngi tapıldı. Əməliyyat olunduqdan və yaxşı müalicədən sonra, o, xərçəngdən tamamilə azad oldu. Bir müddətdən sonra Bet-Eldən məktub aldıq, orada bizə yerli yığıncaqda xidmətimizi davam etdirmək məsləhət görülürdü. Biz diqqətimizi Padşahlığın işinə cəmləməyə qətiyyətli idik.

Bir vaxtdan sonra mənim üçün Texasda işləmək imkanı yarandı. Biz fikirləşdik ki, oranın isti iqlimi bizə düşər; bu, belə də oldu. Təxminən 25 ildir ki, Texasda qayğıkeş bacı-qardaşların əhatəsindəyik. Biz onlara çox bağlanmışıq.

GÖTÜRDÜYÜMÜZ İBRƏT DƏRSLƏRİ

Qreys yoğun bağırsağın və qalxanvarı vəzin xərçəngi ilə mübarizə aparmalı olub, bu yaxınlarda isə onda süd vəzi xərçəngi aşkarlanıb. Ancaq o, heç vaxt nə öz güzəranından şikayətlənib, nə də ki, başçılıq prinsipi və əməkdaşlıqla bağlı problemləri olub. Tez-tez ondan soruşurlar: «Bir cütlük kimi uğurlu olmağınızın və hər ikinizin xoşbəxtliyinin sirri nədədir?» Adətən, o, dörd səbəb sadalayır: «Biz yaxın dostuq. Hər gün ünsiyyət edirik. Hər gün birgə vaxt keçirməyi xoşlayırıq. Və əgər bir-birimizə acıqlıyıqsa, vəziyyəti düzəltməmiş yatmırıq». Əlbəttə, vaxtaşırı aramızda anlaşılmazlıq olur, ancaq bir-birimizi bağışlayır və unuduruq, bunun da faydasını görürük.

«Hər zaman Yehovaya güvən və Onun yol verdiyi şeyləri qəbul et»

Qarşılaşdığımız sınaqlardan özümüzə bəzi ibrət dərsləri götürmüşük:

  1.  Hər zaman Yehovaya güvən və Onun yol verdiyi şeyləri qəbul et. Heç vaxt öz ağlına güvənmə (Sül. məs. 3:5, 6; Yer. 17:7).

  2.  Hər bir məsələdə Yehovanın Kəlamının rəhbərliyinə etibar et. Yehovaya və Onun qanunlarına tabe olmaq olduqca vacibdir. Sən ya tabe olursan, ya olmursan — üçüncü yol yoxdur (Rom. 6:16; İbr. 4:12).

  3.  Həyatda ən vacib şey Yehovanın yanında yaxşı ad qazanmaqdır. Allahın maraqlarını birinci yerə qoy, var-dövlət dalınca qaçma (Sül. məs. 28:20; Vaiz 7:1; Mat. 6:33, 34).

  4.  Yehovaya xidmətdə mümkün qədər səmərəli və fəal olmaq üçün dua et. Diqqətini bacarmadığın şeylərə yox, bacardığın şeylərə cəmlə (Mat. 22:37; 2 Tim. 4:2).

  5.  Unutma ki, Yehovanın xeyir-duasını və lütfünü qazanmış başqa heç bir təşkilat yoxdur (Yəh. 6:68).

Qreys və mən ayrı-ayrılıqda hər birimiz 75 ildən çox, birlikdə isə 65 ilə yaxın Yehovaya xidmət etmişik. Bütün bu onilliklər ərzində Yehovaya xidmətdə, həqiqətən də, heyrətamiz vaxt keçirmişik. Ümidvarıq ki, bacı-qardaşlarımızın hər biri Yehovaya güvənməyin necə böyük xeyir-dualar gətirdiyini öz şəxsi təcrübələrindən əmin olacaqlar və biz bunun üçün dua edirik.