Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) SENTYABR 2013

Yehovanın öyüdləri etibarlıdır

Yehovanın öyüdləri etibarlıdır

«Rəbbin öyüdü etibarlıdır, nadanı müdrik edir» (MƏZ. 19:7).

1. Allahın xalqı müntəzəm olaraq hansı mövzuları müzakirə edir və biz bundan necə faydalanırıq?

«GÖZƏTÇİ QÜLLƏSİ»NİN müzakirəsinə hazırlaşarkən heç səndə belə sual yaranıb: «Məgər bu mövzunu əvvəl araşdırmamışdıq ki?» Artıq bir müddətdir, məsihçi yığıncağında iştirak edirsənsə, yəqin, bəzi mövzuların vaxtaşırı yenidən müzakirə edildiyinə fikir vermisən. Biz müntəzəm olaraq Allahın Padşahlığı, fidyə, şagird hazırlamaq işi ilə bağlı mövzuları, eləcə də məhəbbət və iman kimi keyfiyyətləri araşdırırıq. Bu mövzuları müzakirə etmək imanımızı qorumağa və Allahın sözünü eşitməklə kifayətlənməyib, ona əməl etməyə kömək edir (Yaq. 1:22).

2. a) Allahın öyüdləri dedikdə nə nəzərdə tutulur? b) Allahın öyüdləri insan qanunlarından nə ilə fərqlənir?

2 «Öyüd» kimi tərcümə olunan ibrani sözü, adətən, Allahın Öz xalqına verdiyi əmr və qayda-qanunlara aid edilir. Daim düzəlişə və yenilənməyə ehtiyac duyan insan qanunlarından fərqli olaraq, Yehovanın qayda-qanunları həmişə etibarlıdır. Onlardan bəzilərinin müəyyən vaxt və şərait üçün verilməsinə baxmayaraq, bu qanunlar heç vaxt köhnəlmir və öz dəyərini itirmir. Məzmurçu demişdi: «Sənin göstərişlərin həmişə ədalətlidir» (Məz. 119:144).

3, 4. a) Yehovanın öyüdləri özünə nəyi daxil edir? b) Allahın öyüdlərinə qulaq asmağın israillilərə hansı faydası olacaqdı?

3 Yəqin, Yehovanın Öz öyüdlərini bəzən xəbərdarlıq şəklində çatdırdığına fikir vermisən. İsrail xalqı mütəmadi olaraq peyğəmbərlər vasitəsilə xəbərdarlıq alırdı. Məsələn, israillilər Vəd edilmiş diyara daxil olmamışdan bir az əvvəl, Musa onlara xəbərdarlıq etmişdi: «Məbada ürəyiniz aldansın, azmayın, başqa allahlara səcdə və sitayiş etməyin. Belə etsəniz, Rəbbin sizə qarşı qəzəbi alovlanacaq» (Qanun. t. 11:16, 17). Müqəddəs Kitabdan görünür  ki, Allah Öz xalqına dönə-dönə faydalı öyüdlər vermişdi.

4 Bir çox hallarda isə Yehova israilliləri Ondan qorxmağa, Ona qulaq asmağa və adını müqəddəs tutmağa təşviq etmişdi (Qanun. t. 4:29—31; 5:28, 29). Onlar əmin idilər ki, bu öyüdlərə qulaq asdıqları təqdirdə, çoxlu xeyir-dualar alacaqlar (Lev. 26:3—6; Qanun. t. 28:1—4).

İSRAİLLİLƏR ALLAHIN ÖYÜDLƏRİNƏ NECƏ HAY VERİRDİLƏR?

5. Nəyə görə Yehova Xizqiya padşahdan ötrü döyüşdü?

5 İsrailin təlatümlü tarixi boyunca Allah Öz vədlərinə sadiq qalıb. Misal üçün, Assuriya padşahı Yəhudaya soxulub Xizqiya padşaha hədə-qorxu gələndə Yehova bu işə mələyi vasitəsilə müdaxilə etdi. Elə həmin gecə Allahın mələyi Assuriya ordusunda olan «bütün igid döyüşçüləri, sərkərdələri» məhv etdi, nəticədə, Sanxeriv biabır olub öz evinə qayıtmağa məcbur oldu (2 Saln. 32:21; 2 Pad. 19:35). Bəs nəyə görə Allah Xizqiya padşahdan ötrü döyüşdü? Çünki Xizqiya «Rəbdən yapışıb Onun yolundan dönmədi və Rəbbin Musaya verdiyi əmrlərinə əməl etdi» (2 Pad. 18:1, 5, 6).

Yehovanın öyüdləri Yoşiyanı həqiqi ibadət üçün hərəkətə təşviq etdi (6-cı abzasa bax)

6. Yoşiya padşah Yehovaya etibar etdiyini necə göstərdi?

6 Yehovanın əmrlərinə tabe olan digər bir şəxs Yoşiya padşah idi. Səkkiz yaşından etibarən, «o, Rəbbin gözündə doğru olan işlər etdi,.. onlardan kənara çıxmadı» (2 Saln. 34:1, 2). Yoşiya ölkəni bütlərdən təmizləməklə və həqiqi ibadəti bərpa etməklə Yehovaya etibar etdiyini göstərdi. Bu işlərinə görə o, təkcə özünə yox, bütün xalqa xeyir-dualar qazandırdı. (2 Salnamələr 34:31—33 ayələrini oxu.)

7. İsraillilər Yehovanın öyüdlərinə etinasız yanaşanda bu nə ilə nəticələnirdi?

7 Ancaq təəssüflər olsun ki, Yehovanın xalqı həmişə Onun öyüdlərinə tam etibar etmirdi. Əsrlər ərzində onlar iki yol arasında — itaətkarlıqla itaətsizlik arasında qalmışdılar. İsraillilərin imanları zəifləyəndə, Pavelin təbirincə desək, hər cür təlim küləyi onları ora-bura aparırdı (Efes. 4:13, 14). Və qabaqcadan deyildiyi kimi, onlar Allahın öyüdlərinə etibar etməyəndə bunun acı bəhrələrini dadırdılar (Lev. 26:23—25; Yer. 5:23—25).

8. İsraillilərin nümunəsindən nə öyrənə bilərik?

8 İsraillilərin nümunəsindən necə faydalana  bilərik? Bu gün Allahın xidmətçilərinə də öyüd-nəsihətlər verilir (2 Pet. 1:12). Biz hər dəfə Allahın ilhamlanmış Kəlamını oxuyanda oradan özümüzə faydalı məsləhətlər tapırıq. Azad iradəyə malik olduğumuz üçün biz ya Yehovanın göstərişlərinə tabe olmağı seçə, ya da öz gözümüzdə doğru olanı edə bilərik (Sül. məs. 14:12). Gəlin Yehovanın öyüdlərinə etibar edə biləcəyimizin bəzi səbəblərini və onlara uyğun yaşamağın bizə gətirəcəyi faydanı araşdıraq.

ALLAHA TABE OL VƏ YAŞA

9. İsraillilər səhrada olanda Yehova onların qayğısına qaldığını necə göstərdi?

9 İsraillilər «qorxunc səhranı» 40 il gəzib-dolaşmağa başlayanda Yehova onlara necə yol göstərəcəyinə, qoruyacağına və qayğılarına qalacağına dair konkret məlumat verməmişdi. Bununla belə, dəfələrlə sübut etmişdi ki, onlar Ona və verdiyi göstərişlərə etibar edə bilərlər. Yehova gündüz bulud dirəyi, gecə isə alov dirəyi vasitəsilə xatırladırdı ki, bu cansıxıcı səhra boyunca onların keşiyini çəkəcək (Qanun. t. 1:19; Çıx. 40:36—38). Yehova həmçinin xalqın zəruri ehtiyaclarını da ödəyirdi. Onların «nə paltarları köhnəldi, nə ayaqları şişdi». Bəli, «onlar heç nədən korluq çəkmədi»lər (Neh. 9:19—21).

10. Bu gün Yehova Öz xalqına necə rəhbərlik edir?

10 Bu gün Allahın xidmətçiləri salehlik hökm sürəcək yeni dünyanın astanasındadırlar. Bəs biz yaxınlaşan «böyük müsibət»dən sağ çıxmağımız üçün Yehovanın bizi zəruri şeylərlə təmin edəcəyinə etibar edirikmi? (Mat. 24:21, 22; Məz. 119:40, 41). Düzdür, yeni dünyaya daxil olmağımız üçün Yehova rəhbərliyi bulud və ya alov dirəyi vasitəsilə vermir. Ancaq sayıqlığımızı qorumağa kömək etmək üçün O, Öz təşkilatından istifadə edir. Məsələn, ruhani cəhətdən inkişaf etməyimiz üçün Müqəddəs Kitabı araşdırmaq, ailəvi ibadət axşamı keçirmək, habelə yığıncaq görüşlərində və xidmətdə müntəzəm iştirak etmək xüsusilə önəmlidir. Bəs biz bu göstərişlərə əməl etmək üçün dəyişiklik etmişikmi? Bunun sayəsində özümüzdə bizi yeni dünyaya sağ keçirəcək iman yetişdirəcəyik.

Yehovanın öyüdlərinə riayət etmək bizə Padşahlıq zallarımızı qoruyub saxlamağa kömək edəcək (11-ci abzasa bax)

11. Allah qeydimizə qaldığını necə göstərir?

11 Bundan əlavə, ruhaniliyimizi qorumaq üçün bizə verilən göstərişlərin gündəlik həyatımıza da faydası var. Misal üçün, bura maddi şeylərə tarazlı yanaşmaq və həddən artıq qayğı çəkməmək üçün gözlərimizi tox saxlamaq aiddir. Biz həmçinin geyim və xarici görünüş, sağlam əyləncə seçimi, eləcə də təhsilə düzgün münasibətlə bağlı məsləhətlərdən faydalanırıq. Üstəlik, evimizin, maşınımızın və Padşahlıq zallarının təhlükəsizliyi, o cümlədən gözlənilməz hadisələrə hazır olmaqla bağlı məsləhətlər alırıq. Bu cür məsləhətlər Allahın qeydimizə qaldığının bariz sübutudur.

ÖYÜDLƏR ERKƏN MƏSİHÇİLƏRƏ SADİQ QALMAĞA KÖMƏK ETDİ

12. a) İsa dəfələrlə öz şagirdləri ilə hansı mövzu haqda söhbət etmişdi? b) İsanın təvazökar hərəkəti Peterə necə təsir etmişdi və biz bundan özümüzə hansı nümunəni götürə bilərik?

12 Birinci əsrdə Allahın xalqı müntəzəm olaraq öyüd-nəsihət alırdı. İsa dəfələrlə öz şagirdləri ilə təvazökarlıq xüsusiyyətinin zəruriliyi haqda söhbət etmişdi. Ancaq o, şagirdlərinə təvazökar olmağın nə demək olduğunu təkcə sözdə yox, əməldə də göstərmişdi. Yerdəki həyatının son gecəsi İsa həvarilərini Pasxa bayramına topladı. Şagirdləri hələ yemək yeyərkən o, süfrədən qalxdı və adətən, xidmətçilərin gördüyü bir  işi gördü — onların ayaqlarını yudu (Yəh. 13:1—17). Bu cür təvazökar hərəkət onların yaddaşında dərin iz buraxdı. Həmin gecə orada olan həvari Peter təxminən 30 ildən sonra həmimanlılarına təvazökarlıqla bağlı məsləhət verdi (1 Pet. 5:5). İsanın qoyduğu nümunə bizi bir-birimizlə münasibətdə təvazökar olmağa təşviq etməlidir (Filip. 2:5—8).

13. İsa şagirdlərinə hansı vacib keyfiyyəti yetişdirməli olduqlarını xatırladırdı?

13 İsa tez-tez öz şagirdləri ilə möhkəm imanın vacibliyi barədə də söhbət edirdi. Cinə tutulmuş oğlandan cini qova bilmədiklərini görüb şagirdləri İsadan soruşdular: «Biz cini niyə qova bilmədik?» İsa onlara cavab verdi: «İmanınızın az olduğundan. Əmin olun ki, imanınız xardal toxumu boyda olsa,.. sizin üçün qeyri-mümkün şey olmayacaq» (Mat. 17:14—20). İsa bütün xidməti boyu şagirdlərinə imanın çox vacib keyfiyyət olduğunu öyrətmişdi. (Matta 21:18—22 ayələrini oxu.) Bəs biz imanımızı möhkəmləndirən ruhlandırıcı göstərişlərin verildiyi konqreslərdən və yığıncaq görüşlərindən faydalanırıqmı? Biz ora sadəcə xoş vaxt keçirmək üçün yox, Yehovaya etibar etdiyimizi göstərmək üçün yığışırıq.

14. Bu gün fədakar məhəbbət təzahür etdirməyimiz nə üçün vacibdir?

14 Yunanca Müqəddəs Yazılarda bir-birimizə məhəbbət göstərməklə bağlı çoxlu öyüdlər var. İsa demişdi ki, ikinci ən böyük əmr «yaxınını özünü sevdiyin kimi sev» əmridir (Mat. 22:39). Eynilə, İsanın ögey qardaşı Yaqub məhəbbəti «qanunların şahı» adlandırmışdı (Yaq. 2:8). Həvari Yəhya isə yazmışdı: «Əziz qardaşlarım, mən sizə yeni yox, lap əvvəldən bildiyiniz köhnə əmri yazıram» (1 Yəh. 2:7, 8). Yəhya «köhnə əmr» dedikdə nəyi nəzərdə tuturdu? O, sevmək əmrini nəzərdə tuturdu. Bu, o mənada «köhnə» idi ki, İsa bu əmri onilliklər əvvəl, «lap əvvəldən» vermişdi. Amma bu əmr həmçinin «yeni» idi, ona görə ki, şagirdləri üzləşəcəkləri yeni şəraitlərdə fədakar məhəbbət təzahür etdirməyə səsləyirdi. Bəs Məsihin şagirdləri olan bizlər yaxınlarımıza məhəbbətimizi soyuda bilən və bu dünyaya xas olan xudbinlik ruhuna qarşı dura bilməyimiz üçün verilən xəbərdarlıqlara görə minnətdar olmalı deyilikmi?

15. Yer üzündə İsanın əsas məqsədi nə idi?

15 İsa insanlara səmimi maraq göstərirdi. Biz onun məhəbbətini xəstələri və zəifləri sağaltmasından, eləcə də ölüləri diriltməsindən görə bilərik. Lakin İsanın əsas məqsədi insanlara fiziki şəfa vermək deyildi. Onun təbliği və təlimi  insanların həyatı üçün daha əhəmiyyətli idi. Hansı mənada? Bildiyimiz kimi, İsanın birinci əsrdə sağaltdığı və diriltdiyi insanlar əvvəl-axır qocaldılar və öldülər, ancaq onun təbliğ etdiyi xəbərə müsbət hay verən insanlar əbədi yaşamaq imkanını qazandılar (Yəh. 11:25, 26).

16. Bu gün Padşahlığın təbliği və şagird hazırlamaq işi nə dərəcədə geniş yayılıb?

16 İsanın birinci əsrdə başladığı təbliğ işi bu gün görünməmiş dərəcədə vüsət alıb. Bəli, İsa şagirdlərinə əmr etmişdi: «Gedin və bütün millətlərin içində şagird hazırlayın» (Mat. 28:19). Onlar bu işi bacardılar və deyə bilərik ki, biz də bacarırıq! Yehovanın yeddi milyondan artıq fəal Şahidi 230-dan çox ölkə və ərazidə Allahın Padşahlığını səylə bəyan edir və milyonlarla insanlara müntəzəm olaraq Müqəddəs Kitab həqiqətlərini öyrədir. Bu təbliğ işi son günlərdə yaşadığımızın aydın sübutudur.

BU GÜN YEHOVAYA ETİBAR ET

17. Pavel və Peter hansı məsləhəti vermişdi?

17 Sözsüz ki, aldıqları öyüdlər birinci əsrdəki məsihçilərə imanda möhkəm qalmağa kömək edirdi. Romada həbsdə olan həvari Pavel Timoteyə: «Məndən eşitdiyin sağlam sözlər nümunəsindən ayrılma», — öyüdünü vermişdi. Bu sözlər Timoteyi necə də ruhlandırmışdı (2 Tim. 1:13). Həvari Peter həmimanlılarını dözümlülük, qardaş sevgisi və təmkin kimi xüsusiyyətləri inkişaf etdirməyə təşviq etdikdən sonra demişdi: «Mən bunları sizə daima xatırlatmaq niyyətindəyəm. Hərçənd siz bunları yaxşı bilirsiniz və sizdə olan həqiqətdə möhkəm durmusunuz» (2 Pet. 1:5—8, 12).

18. Birinci əsrdəki məsihçilər verilən öyüdlərə necə yanaşırdılar?

18 Bəli, Pavel və Peter öz məktublarında «müqəddəs peyğəmbərlərin qabaqcadan söylədiklərini» çatdırırdılar (2 Pet. 3:2). Birinci əsrdəki qardaşlar bu cür göstəriş aldıqları üçün inciyirdilərmi? Xeyr, çünki bu, «Ağamız və Xilaskarımız olan İsa Məsihin lütfü və onun haqqındakı bilik sayəsində daima [böyüməyə]» kömək edən Allahın məhəbbətinin təzahürü idi (2 Pet. 3:18).

19, 20. Biz nə üçün Yehovanın öyüdlərinə etibar etməliyik və bunun bizə hansı faydası var?

19 Bu gün Yehovanın mükəmməl Kəlamı olan Müqəddəs Kitabda öz əksini tapan öyüdlərə etibar etmək üçün çoxlu səbəblərimiz var. (Yeşua 23:14 ayəsini oxu.) Bu kitabın səhifələrindən min illər ərzində Allahın qeyri-kamil bəşəriyyətlə necə rəftar etdiyini oxuya bilərik. Bu tarixi məlumatlar bizim xeyrimiz üçün qələmə alınıb (Rom. 15:4; 1 Kor. 10:11). Biz Müqəddəs Kitab peyğəmbərliyinin yerinə yetdiyini öz gözlərimizlə görürük. Peyğəmbərliyi əvvəlcədən verilmiş öyüdə bənzətmək olar. Məsələn, peyğəmbərlik olunmuşdu ki, «axır zamanda» milyonlarla insan Yehovaya təmiz ibadətdə toplaşacaq (Yeşaya 2:2, 3). Həmçinin dünyada vəziyyətin pisləşəcəyi ilə bağlı peyğəmbərlik də yerinə yetir. Bununla yanaşı, yuxarıda xatırlandığı kimi, təbliğ işinin bütün dünyada həyata keçirilməsi İsanın sözlərinin tam şəkildə yerinə yetdiyini göstərir (Mat. 24:14).

20 Yaradanımız bizə Öz Kəlamını təqdim edib və biz bu Kəlama etibar edə bilərik. Bəs biz ondan faydalanırıq? Biz Yehovanın öyüdlərinə iman etməliyik. Rosellen adlı bir bacı məhz belə edib. O bölüşür: «Yehovaya tamamilə etibar etməyə başladıqdan sonra Onun mənə məhəbbətlə dayaq olduğunu və məni möhkəmləndirdiyini daha çox hiss etdim». Gəlin biz də Yehovanın öyüdlərinə bağlı qalaq və bundan fayda əldə edək.