Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi (təlim nəşri)  |  sentyabr 2013

Müdrik qərarlar ver

Müdrik qərarlar ver

«Bütün qəlbinlə Rəbbə güvən, öz idrakına etibar etmə» (SÜL. MƏS. 3:5).

1, 2. Qərarlar verməyi xoşlayırsanmı və verdiyin qərarlar barədə nə düşünürsən?

QƏRARLAR! Hər gün biz çoxlu qərarlar verməli oluruq. Bəs sən qərarlar verməyə necə yanaşırsan? Bəzi insanlar hər məsələdə özləri qərar verməyi sevirlər. Onlar düşünürlər ki, şəxsi qərarlarını verməyə yalnız özlərinin ixtiyarı çatır və başqalarının onların yerinə qərar verməsilə heç cürə razılaşmırlar. Ancaq elələri də var ki, həyatlarında vacib qərarlar verməyə qorxurlar. Bəziləri isə məsləhət üçün kitablara və ya mütəxəssislərə müraciət edir və qərar verməkdə onlara kömək edəcəyini düşündükləri məsləhəti almaq üçün külli-miqdarda pul xərcləyirlər.

2 Əksəriyyətimiz isə bu məsələdə tarazlıyıq. Başa düşürük ki, bəzi şeylər bizim ixtiyarımızda olmasa da, həyatda bir çox qərarları istədiyimiz kimi verə bilirik (Qalat. 6:5). Bununla belə, ola bilsin, qəbul etdiyimiz qərarların hamısının heç də müdrik və lazımlı olmadığını etiraf edirik.

3. Qərar qəbul etməkdə bizə nə kömək edə bilər və nəyə görə düzgün qərar qəbul etmək həmişə asan olmur?

3 Allahın xidmətçisi olan bizlər sevinməliyik ki, O, həyatımızda bir çox vacib məsələlərlə bağlı aydın rəhbərlik verir. Bilirik ki, əgər bu rəhbərliyə riayət etsək, biz həm Yehovanı razı salan, həm də bizə fayda gətirən qərarlar verə biləcəyik. Ancaq elə məsələlər və vəziyyətlər yarana bilər ki, Allahın Kəlamında onunla bağlı birbaşa rəhbərlik olmasın. Belə olan halda nə edəcəyimizə necə qərar verə bilərik? Misal üçün, bilirik ki, oğurluq etməməliyik (Efes. 4:28). Bəs oğurluq özü nədir? Bunu götürülən əşyanın dəyəri, götürənin niyyəti, yoxsa başqa bir şey müəyyən edir? Kimsə hər hansı bir məsələ ilə bağlı konkret göstəriş olmadığını deyəndə biz necə qərar verə bilərik? Belə vəziyyətdə köməyimizə nə çata bilər?

 QƏRAR VERƏRKƏN SAĞLAM DÜŞÜNCƏLİ OL

4. Qərar qəbul etməzdən öncə, hərdən hansı məsləhəti alırıq?

4 Həmimanlılarımıza vacib qərar qəbul etməli olduğumuzu deyəndə onlar bizə bu məsələdə sağlam düşüncəli olmağı məsləhət görə bilərlər. Əlbəttə, bu, yaxşı məsləhətdir. Müqəddəs Kitab bizə qərar verməyə tələsməməyin vacibliyini xatırladaraq deyir: «Tələsən ehtiyac içinə düşər» (Sül. məs. 21:5). Bəs sağlam düşüncəli olmaq nə deməkdir? Bu o deməkdirmi ki, biz qərar qəbul etməzdən əvvəl sadəcə həmin vəziyyəti götür-qoy etməli, müdrik olmalı və bütün faktları nəzərə almalıyıq? Düzgün qərar qəbul etmək üçün bütün bunlar vacibdir, amma sağlam düşüncəyə daha çox şey daxildir (Rom. 12:3; 1 Pet. 4:7).

5. Nə üçün mükəmməl sağlam düşüncəyə malik deyilik?

5 Etiraf etməliyik ki, heç kim mükəmməl sağlam düşüncə ilə doğulmur. Nə üçün? Çünki hamımız günahlı doğulmuşuq və qeyri-kamilik, buna görə də tam şəkildə sağlam bədənə və ya şüura malik deyilik (Məz. 51:5; Rom. 3:23). Üstəlik, əvvəllər Şeytan çoxumuzun zehnini kor etmişdi və biz Yehovanı tanımır və Onun salehlik normalarından xəbərsiz idik (2 Kor. 4:4; Tit. 3:3). Deməli, nə qədər götür-qoy etməyimizə baxmayaraq, əgər qərarlarımızı yalnız öz gözümüzdə düzgün olan şeylərə əsasən versək, özümüzü aldatmış olarıq (Sül. məs. 14:12).

6. Sağlam düşüncəyə yiyələnməyə bizə nə kömək edər?

6 Düzdür, biz sağlam bədənə və düşüncəyə malik deyilik, ancaq səmavi Atamız Yehova hər sahədə mükəmməldir (Qanun. t. 32:4). Xoşbəxtlikdən, O, bizə ağlımızı yeniləşdirməyə və sağlam düşüncəyə yiyələnməyə kömək edir. (2 Timoteyə 1:7 ayəsini oxu.) Bir məsihçi kimi, biz düzgün şəkildə düşünmək, mülahizə yürütmək və buna müvafiq olaraq hərəkət etmək istəyirik. Biz fikirlərimizi və hisslərimizi cilovlamalı, yəni nəzarət altında saxlamalı və Yehovanın düşüncə tərzini, hisslərini və davranışını təqlid etməliyik.

7, 8. Sınaqlara və çətinliklərə baxmayaraq, düzgün qərar qəbul etməyin necə mümkün olduğunu göstərən nümunə danış.

7 Bir nümunəyə baxaq. Bəzi mühacirlər arasında belə bir adət var: onlar yeni doğulan körpələrini vətənə qohumlarının yanına göndərirlər ki, özləri işləyib pul qazana bilsinlər *. Başqa ölkədə yaşayan bir qadın dünyaya gözəl-göyçək oğlan uşağı gətirir. Elə həmin vaxtlar o, Müqəddəs Kitabı öyrənməyə və ruhani addımlar atmağa başlayır. Dostları və qohumları həyat yoldaşı ilə ona təzyiq göstərirlər ki, uşağı nənə-babasının yanına göndərsinlər. Ancaq qadın öyrənməyə davam etdikcə anlayır ki, övladlarını böyüdüb boya-başa çatdırmaq vəzifəsini Allah onların üzərinə qoyub (Məz. 127:3; Efes. 6:4). Bəs o, çoxlarının gözündə ağlabatan kimi görünən bu adət üzrə davranacaq? Yoxsa yarana biləcək maddi çətinlikləri və bəzilərinin onu tənqid edə biləcəyini gözə alaraq Müqəddəs Kitabdan öyrəndiklərinə uyğun hərəkət edəcək? Onun yerində olsaydın, sən nə edərdin?

8 Təzyiq və gərginlik hiss edən bu gənc qadın ürəyini Yehovaya boşaldır və Onun rəhbərliyini axtarır. Vəziyyətini ona Müqəddəs Kitabı öyrədən bacı ilə və digər bacı-qardaşlarla bölüşdükdən sonra o, Yehovanın bu məsələyə dair nöqteyi-nəzərini başa düşür. O həmçinin körpəsinin şəxsiyyət kimi formalaşdığı illər ərzində valideynlərindən ayrı qalmasının ona  necə emosional zərər vura biləcəyi barədə də düşünür. Məsələni Müqəddəs Yazılardan öyrəndiklərinə əsasən ölçüb-biçdikdən sonra qərar verir ki, oğlunu qohumlarının yanına göndərmək düzgün deyil. Yığıncaq üzvlərinin canla-başla kömək etdiklərini, eləcə də uşağının xoşbəxt və sağlam böyüdüyünü görən həyat yoldaşı Müqəddəs Kitabı öyrənməyə razılaşır və arvadı ilə yığıncaq görüşlərinə getməyə başlayır.

9, 10. Sağlam düşüncə təzahür etdirmək nə deməkdir və biz bunu necə edə bilərik?

9 Bu, çoxsaylı nümunələrdən sadəcə biridir. Ancaq bu nümunə göstərir ki, sağlam düşüncə təzahür etdirmək öz gözümüzdə düzgün olan, yaxud başqalarının ən yaxşı və ya ən asan hesab etdikləri şeyləri etmək demək deyil. Bizim qeyri-kamil ağlımızı və ürəyimizi gah həddən artıq qabağa qaçan, gah da olduqca dala qalan saatla müqayisə etmək olar. Əgər biz bu cür işləyən saata güvənsək, ciddi problemlərlə üzləşə bilərik (Yer. 17:9). Biz ağlımızı və ürəyimizi Allahın etibarlı normalarına uyğun düzəltməliyik. (Yeşaya 55:8, 9 ayələrini oxu.)

10 Müqəddəs Kitabda bizə belə bir müdrik məsləhət verilir: «Bütün qəlbinlə Rəbbə güvən, öz idrakına etibar etmə. Bütün yollarında Onu tanı, O sənin yollarını düzəldər» (Sül. məs. 3:5, 6). Gəlin «öz idrakına etibar etmə» ifadəsinə diqqət yetirək. Bu ifadənin ardınca «[Yehovanı] tanı» fikri gəlir. Yalnız O, əsil sağlam düşüncəyə malikdir. Beləliklə, bundan belə qənaətə gələ bilərik ki, hər dəfə qərar vermək lazım gələndə Allahın fikrini öyrənmək üçün Müqəddəs Kitaba müraciət etməliyik. Sonra öz qərarımızı ona əsaslandırmalıyıq. Bu, sağlam düşüncə təzahür etdirmək, yəni Yehovanın düşüncə tərzini təqlid etmək deməkdir.

QAVRAYIŞINI ÖYRƏŞDİR

11. İnsan müdrik qərarlar verməyi öyrənmək üçün nə etməlidir?

11 Müdrik qərarlar verməyi və onlara uyğun davranmağı öyrənmək heç də həmişə asan deyil. Bu, xüsusilə də həqiqətə təzə gələnlər və yetkinliyə doğru addımlamağa başlayanlar üçün çətin ola bilər. Ancaq Müqəddəs Kitabda ruhani körpələr adlanan bu insanların, sözün əsil mənasında, inkişaf etmələri mümkündür.  Gəlin görək körpələr yıxılmadan yeriməyi necə öyrənirlər. Onlar, adətən, balaca-balaca addımlar atır və bunu tez-tez təkrarlayırlar. Bunu müdrik qərarlar verməyi öyrənən ruhani körpələrə də aid etmək olar. Xatırlayaq ki, həvari Pavel yetkin insanı «qavrayışını daima işlətməklə onu yaxşını pisdən ayırmağa [öyrəşdirən]» insan kimi təsvir edir. «Daima işlətmək» və «öyrəşdirmək» sözləri göstərir ki, insan mütəmadi olaraq səy göstərməlidir. Yenilər müdrik qərarlar verməyi öyrənmək üçün məhz belə də etməlidirlər. (İbranilərə 5:13, 14 ayələrini oxu.)

Gündəlik işlərlə bağlı düzgün qərarlar verməklə qavrayışımızı öyrəşdirmiş oluruq (11-ci abzasa bax)

12. Müdrik qərar qəbul etmək qabiliyyətimizi necə inkişaf etdirə bilərik?

12 Əvvəldə xatırlandığı kimi, biz həm böyük, həm də kiçik məsələlərlə bağlı çoxlu qərarlar verməli oluruq. Bir araşdırmaya əsasən, insan qərarlarının 40 faizdən çoxunu ölçüb-biçdikdən sonra yox, sadəcə vərdişləri əsasında qəbul edir. Məsələn, çox güman ki, hər səhər duranda nə geyinəcəyinə qərar verməli olursan. Ola bilsin, bu, sənə kiçik bir şey kimi göründüyündən, xüsusilə də tələsəndə, çox götür-qoy etmədən seçim edirsən. Ancaq əyninə geyindiyin paltarın Yehovanın xidmətçisi kimi adına necə təsir edəcəyi barədə düşünməyin olduqca vacibdir (2 Kor. 6:3, 4). Paltar alanda, ola bilsin, sən onun stilinə fikir verirsən, bəs sadəliyinə və qiymətinə necə, fikir verirsən? Bu kimi şeylərdə düzgün seçim etməklə qavrayışımızı öyrəşdirə bilərik, bu isə, öz növbəsində, vacib məsələlərdə düzgün qərar verməyinizə kömək edəcək (Luka 16:10; 1 Kor. 10:31).

DÜZGÜN İŞ GÖRMƏYİ ÜRƏKDƏN ARZULA

13. Verdiyimiz qərarlara bağlı qaldığımıza necə əmin ola bilərik?

13 Hamımız yaxşı bilirik ki, düzgün qərar verməklə ona uyğun davranmaq tamam fərqli şeylərdir. Məsələn, bəziləri siqaret çəkməyi tərgitmək istəyirlər, amma kifayət qədər iradələri olmadığından onlar bunu edə bilmirlər. Verdiyimiz qərarı həyata keçirmək üçün qətiyyətli olmalıyıq. Bəziləri insan iradəsini əzələ ilə müqayisə edirlər. Onu nə qədər çox məşq etdiririksə, bir o qədər çox möhkəmlənir. Əgər aradabir məşq etdirsək, o zəifləyəcək. Verdiyimiz qərara bağlı qalmaq istəyimizi möhkəmləndirməyə bizə nə kömək edər? Kömək üçün Yehovaya müraciət edə bilərik. (Filipililərə 2:13 ayəsini oxu.)

14. Nə üçün Pavel etməli olduğu şeyi yerinə yetirmək gücünə malik idi?

14 Pavel bunu öz təcrübəsindən bilirdi. Bir dəfə o, gileylənərək demişdi: «Yaxşı işi görmək həvəsim var, ancaq bu yaxşı işi görə bilmirəm». O, nə etmək istədiyini və ya nə etməli olduğunu bilirdi, ancaq hərdən ona nəsə mane olurdu. O etiraf edirdi: «Daxili varlığımla Allahın Qanunundan həzz alıram. Amma üzvlərimdə ağlımın qanunu ilə döyüşən başqa bir qanun görürəm. O, məni üzvlərimdə yaşayan günah qanununun əsiri edir». Onun vəziyyəti ümidsiz idi? Heç də yox. Çünki o deyir: «Allahımız! Ona Ağamız İsa Məsih vasitəsilə şükürlər olsun!» (Rom. 7:18, 22—25). Başqa bir məktubunda o yazmışdı: «Mənə qüvvət verənin sayəsində hər şeyə gücüm çatır» (Filip. 4:13).

15. Qəti hərəkət etmək nə üçün vacibdir?

15 Aydındır ki, Allahı razı salmaq üçün qəti hərəkət etmək lazımdır. İlyasın Karmel dağında Baala ibadət edənlərə və dönük israillilərə dediyi sözləri xatırlayaq: «Nə vaxta qədər iki tərəfə əyiləcəksiniz? Əgər Rəbb [Yehova] Allahdırsa, Ona xidmət edin, yox, Baal Allahdırsa, onda ona xidmət edin» (1 Pad. 18:21). İsrail oğulları nə etməli olduqlarını bilirdilər, ancaq onlar tərəddüd içində gah o tərəfə, gah da bu tərəfə əyilirdilər. Lakin onlardan  fərqli olaraq, Yeşua illər öncə israillilərə növbəti sözləri deməklə gözəl nümunə qoymuşdu: «Əgər Rəbbə qulluq etmək gözünüzdə pisdirsə, bu gün kimə qulluq edəcəyinizi özünüz seçin... Amma mən və mənim evimdəkilər Rəbbə qulluq edəcək» (Yeşua 24:15). Onun bu qətiyyətli qərarının nəticəsi necə oldu? Yeşua və onunla birgə olanlar Vəd edilmiş diyara, «süd və bal axan [torpağa]» daxil olmaqla xeyir-dualandılar (Yeşua 5:6).

MÜDRİK QƏRARLAR QƏBUL ET VƏ XEYİR-DUA AL

16, 17. Allahın iradəsinə uyğun olaraq qərar qəbul etməyin gətirdiyi faydanı nümunə əsasında göstər.

16 Gəlin bizim günlərdə baş vermiş bir hadisəyə nəzər salaq. Yeni vəftiz olunmuş bir qardaş ailəlidir və onun üç uşağı var. Günlərin bir günü əməkdaşlarından bir nəfər ona və bir qardaşa başqa şirkətdə işləməyi təklif etdi və orada onların daha yüksək maaş alacaqlarını və daha çox fayda əldə edəcəklərini dedi. Qardaşımız bu təklifi götür-qoy edərək bu barədə dua etdi. O, indiki azmaaşlı işini istirahət günləri yığıncaqda iştirak edə bilmək və ailəsi ilə birlikdə xidmətə çıxmaq üçün seçmişdi. O başa düşürdü ki, yeni işi qəbul etsə, ona istirahət günlərinin verilməsi xeyli vaxt alacaq. Belə vəziyyətdə olsan, sən nə edərdin?

17 Ruhani xeyir-duaları əldə edəcəyi yüksək məvaciblə bir tərəziyə qoyaraq qardaş həmin işdən imtina etdi. Necə düşünürsən, o, verdiyi qərara görə peşman oldumu? Əlbəttə, yox. O anladı ki, ruhani xeyir-duaların ona və ailəsinə gətirdiyi fayda yüksək məvacibin verəcəyi faydadan qat-qat çoxdur. On yaşında olan böyük qızı öz valideynlərini və bacı-qardaşını sevdiyini, Yehovanı isə lap çox sevdiyini deyəndə onun və həyat yoldaşının sevincinin həddi-hüdudu yox idi. O, həyatını Yehovaya həsr etmək və vəftiz olunmaq istədiyini bildirdi. Atasının Yehovaya ibadəti həyatında birinci yerə qoymaqla göstərdiyi nümunənin ona necə də gözəl təsiri oldu!

Müdrik qərarlar ver və Allahın xalqının arasında sevinc duy (18-ci abzasa bax)

18. Nəyə görə hər gün müdrik qərarlar vermək vacibdir?

18 Böyük Musa, yəni İsa Məsih onilliklərdir ki, Yehovaya həqiqətən ibadət edən insanları səhraya oxşayan Şeytan dünyasından keçirib aparır. Böyük Yeşua kimi, İsa bu pis dünyanı məhvə, öz davamçılarını isə salehlik ömür sürən yeni dünyaya doğru aparır (2 Pet. 3:13). Buna görə də indi keçmiş düşüncə tərzimizə, vərdişlərimizə, dəyər və məqsədlərimizə qayıtmaq vaxtı deyil. Hal-hazırda Allahın iradəsinin bizim üçün nədən ibarət olduğunu mənimsəmək vaxtıdır (Rom. 12:2; 2 Kor. 13:5). Qoy hər gün sənin qərarların və seçimlərin Allahın əbədi xeyir-dualarına layiq bir insan olduğunu əks etdirsin. (İbranilərə 10:38, 39 ayələrini oxu.)

^ abz. 7 Bəziləri uşaqlarını nənə-babalarının yanına həmçinin ona görə göndərirlər ki, onları qohum-əqrəbaya göstərsinlər.