Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) SENTYABR 2013

Pioner xidməti Allahla münasibətlərimizi möhkəmləndirir

Pioner xidməti Allahla münasibətlərimizi möhkəmləndirir

«Allahımızı tərənnüm etmək nə qədər yaxşıdır!» (MƏZ. 147:1).

1, 2. a) Sevdiyimiz insan barədə düşünməyin və danışmağın sayəsində nə mümkündür? (Məqalənin əvvəlindəki şəklə bax.) b) Hansı sualları nəzərdən keçirəcəyik?

SEVDİYİMİZ insan barədə düşünəndə və danışanda onunla dostluğumuz daha da möhkəmlənir. Bunu Yehova ilə münasibətlərimizə də şamil etmək olar. Davud çoban olanda göyün üzünə səpələnmiş ulduzları seyr etmək və tayı-bərabəri olmayan Yaradan barədə düşünmək üçün çox vaxt ayırırdı. O yazmışdı: «Əllərinin işi olan göyləri, Öz yerinə düzdüyün ay və ulduzları gördükdə deyirəm: “İnsan kimdir ki, onun haqqında düşünürsən? Bəşər oğlu kimdir ki, onun qayğısını çəkirsən?”» (Məz. 8:3, 4). Eynilə, həvari Pavel Yehovanın ruhani İsraillə bağlı niyyətinin necə heyrətamiz şəkildə yerinə yetdiyi barədə yazaraq belə nida etmişdi: «Allahın xeyir-duası necə də boldur, hikməti və biliyi dərin bir ümmandır!» (Rom. 11:17—26, 33).

2 Xidmətdə olanda biz Yehova haqqında fikirləşir və danışırıq. Bu da bizə müsbət təsir göstərir. Tammüddətli xidmətdə iştirak edənlərin bir çoxu diqqət yetirmişlər ki, xidmətdə daha çox iştirak etməyin sayəsində onların Allaha olan məhəbbəti daha da artıb. Bu məqalə həm tammüddətli xidmətçilərə, həm də bu məqsədə can atanlara növbəti sualların üzərində düşünməyə kömək edəcək: «Tammüddətli xidmət Yehova ilə münasibətlərini necə möhkəmləndirə bilər?» Əgər artıq pionersənsə, özündən soruş: «Bu dəyərli xidmətimi davam etdirməyə mənə nə kömək edər?» Amma əgər hələ pioner deyilsənsə: «Pioner olmaq üçün hansı dəyişiklikləri edə bilərəm?» — deyə özünə sual ver. Gəlin görək pioner xidməti Allahla münasibətlərimizi necə möhkəmləndirə bilər.

 TAMMÜDDƏTLİ XİDMƏTİN ALLAHLA MÜNASİBƏTİMİZDƏ ROLU

3. Xidmətdə Padşahlığın gətirəcəyi xeyir-dualar barədə danışmaq bizə hansı faydanı gətirir?

3 Başqaları ilə Allahın Padşahlığının gətirəcəyi xeyir-dualar barədə danışmaq bizi Yehovaya yaxınlaşdırır. Xidmətdə hansı ayələrdən istifadə etməyi xoşlayırsan? Ola bilsin, ən çox Məzmur 37:10, 11; Daniel 2:44; Yəhya 5:28, 29 və ya Vəhy 21:3, 4 ayələrindən istifadə edirsən. Hər dəfə bu ayələrdəki vədlər barədə başqalarına danışanda səxavətli Allahımızın, həqiqətən də, «hər bir gözəl bəxşiş və hər bir kamil hədiyyə» bəxş edən olduğunu özümüzə xatırlatmış oluruq. Bu, bizi Ona daha da yaxınlaşdırır (Yaq. 1:17).

4. Başqalarının ruhani vəziyyətini görəndə Allahın xeyirxahlığına görə minnətdarlığımız nə üçün artır?

4 Təbliğ etdiyimiz insanların ruhən yoxsulluq içində olduqlarını görəndə həqiqəti daha çox qiymətləndiririk. Bu dünyadakı insanların əlində müvəffəqiyyətə və xoşbəxtliyə nail olmaq üçün etibarlı rəhbərlik yoxdur. Onların əksəriyyətini gələcək narahat edir və onlar ümidsizdirlər. Onlar həyatın mənasını axtarırlar. Hətta dindar insanlardan çoxunun da Müqəddəs Kitab bilikləri azdır. Onlar qədim Ninevanın sakinlərinə çox oxşayırlar. (Yunus 4:11 ayəsini oxu.) Xidmətdə nə qədər çox iştirak ediriksə, təbliğ etdiyimiz insanlarla Yehovanın xalqının ruhani vəziyyəti arasındakı fərqi bir o qədər aydın görürük (Yeşaya 65:13). Amma Yehova yalnız Öz xalqının ruhani tələbatlarının qeydinə qalmır, O, hər kəsi təsəlli və əsil ümid əldə etməyə dəvət edir. Və bu, bizə Onun necə xeyirxah Allah olduğunu xatırladır (Vəhy 22:17).

5. Başqalarına ruhani cəhətdən kömək etmək öz problemlərimizə olan münasibətimizə necə təsir edir?

5 Başqalarına ruhani cəhətdən kömək edəndə öz problemlərimizin öhdəsindən gəlmək bizə daha asan olur. Trişa adlı pioner bir bacı valideynləri boşananda bunun doğruluğuna əmin oldu. O bölüşür: «Bu, həyatımda aldığım ən emosional zərbə idi». Bir gün o, həddən artıq kədərli olmasına və evdən çölə çıxmaq istəməməsinə baxmayaraq, üç uşaqla Müqəddəs Kitab öyrənməsi keçirməyə getdi. Onların vəziyyəti onunkundan qat-qat pis idi. Ataları onları atmışdı, böyük qardaşları isə onlarla çox pis rəftar edirdi. Trişa deyir: «Mənim problemlərim və çəkdiyim ürək ağrısı onlarınkının yanında heç nə imiş. Müqəddəs Kitabı öyrəndikləri zaman onların balaca gözləri parıldayır və sevincdən üzləri gülürdü. Bu uşaqlar mənim üçün Yehovadan pay idi, xüsusilə də həmin gün».

6, 7. a) Başqalarına Müqəddəs Kitab həqiqətlərini öyrədəndə imanımız necə möhkəmlənir? b) Müqəddəs Kitab prinsiplərinin öyrənən adama həyatını dəyişməyə kömək etdiyini görmək bizə necə təsir edir?

6 Başqalarına Müqəddəs Kitab həqiqətlərini öyrətmək imanımızı möhkəmləndirir. Təbliğ etdikləri təlimə əsasən davranmayan yəhudilər barədə həvari Pavel yazmışdı: «Başqalarını öyrədə-öyrədə nə üçün özünü öyrətmirsən?» (Rom. 2:21). Bugünkü pionerlər onlardan necə də fərqlənir! Adətən, onların başqalarına həqiqəti öyrətmək və Müqəddəs Kitab öyrənməsi keçirmək üçün çoxlu imkanları olur. Bunu effektiv şəkildə etmək üçün onlardan hər bir dərsə hazırlaşmaq, hətta lazım gələrsə, sualları cavablandırmaq üçün axtarışlar aparmaq tələb olunur. Canan adlı pioner bacı deyir: «Hər dəfə başqalarına həqiqəti öyrədəndə hiss edirəm ki, bu, ürəyimdə və ağlımda dərin iz qoyur. Nəticədə, imanım zəifləmir, əksinə, daha da möhkəmlənir».

7 Müqəddəs Kitabı öyrənən insanların Allahın Kəlamındakı prinsipləri tətbiq edərək həyatlarını yaxşılaşdırdıqlarını görmək Allahın müdrikliyinə olan minnətdarlığımızı artırır (Yeşaya 48:17, 18). Bu da, öz növbəsində, bizə bu prinsipləri öz həyatımızda daha qətiyyətlə tətbiq etməyə kömək edir.  Adriana adlı başqa bir pioner bacı deyir: «Öz müdrikliklərinə güvəndikləri təqdirdə insanların həyatı alt-üst ola bilər. Ancaq Yehovanın müdrikliyinə güvənəndə dərhal fayda əldə etməyə başlayırlar». Eynilə, Fil adlı qardaş deyir ki, insanların öz həyatlarını Yehovanın köməyi ilə necə dəyişdiklərini görmək onu heyrətə gətirir.

8. Xidmətdə bacı-qardaşlarla əməkdaşlığın bizə hansı faydası var?

8 Xidmətdə bacı-qardaşlarla əməkdaşlıq bizi ruhlandırır (Sül. məs. 13:20). Əksər pionerlər həmimanlıları ilə xidmətə yetərincə vaxt ayırır. Bunun sayəsində «bir-birimizi [ruhlandırmağa]» daha çox imkanımız olur (Rom. 1:12; Süleymanın məsəlləri 27:17 ayəsini oxu). Liza adlı pioner bir bacı qeyd edir: «İş yerimdə rəqabət və paxıllıq ruhu hökm sürür. Hər gün qeybət və nalayiq danışıq eşitməyə məcbursan. Nəyin bahasına olursa olsun, qabağa getməyə çalışırlar. Bəzən məsihçi davranışına görə rişxəndə məruz qalırsan. Ancaq həmimanlılarla xidmətdə əməkdaşlıq etmək insanı, həqiqətən də, ruhlandırır. Günün sonunda nə qədər yorğun olsam da, evə yüksək əhval-ruhiyyə ilə qayıdıram».

9. Ərlə arvadın birgə pioner kimi xidmət etmək nikah tellərinə necə təsir edir?

9 Ərlə arvadın birgə pioner kimi xidmət etməsi nikah tellərini möhkəmləndirir (Vaiz 4:12). Əri ilə birgə pioner kimi xidmət edən Madlen adlı bacı deyir: «Həyat yoldaşımla mən gün ərzində xidmətdə baş verənləri və ya Müqəddəs Kitabı oxuyarkən xidmətlə bağlı tapdığımız fikirləri bir-birimizlə bölüşmək üçün vaxt ayırırıq. Birgə pioner kimi xidmət etdiyimiz illər ərzində münasibətlərimiz daha da möhkəmlənir». Həmçinin Trişa deyir: «Heç birimiz borca girmək istəmirik, buna görə də aramızda heç vaxt pul üstündə dava düşmür. Bizim  xidmət qrafikimiz eyni olduğundan birgə bir-birimizin təkrarlarına və Müqəddəs Kitabı öyrətdiyimiz insanlara baş çəkirik, bu, bizə emosional və ruhani cəhətdən eyni səviyyədə qalmağa kömək edir».

Mənalı həyat sürmək üçün tammüddətli xidmətdə fəal ol (9-cu abzasa bax)

10. Allahın Padşahlığını birinci yerinə qoymaq və Allahın dəstəyini hiss etmək Ona münasibətimizə necə təsir edir?

10 Biz Allahın Padşahlığını həyatımızda birinci yerə qoyanda, Yehovanın dəstəyini hiss edəndə və dualarımıza cavab verdiyini görəndə Ona etibarımız möhkəmlənir. Əslində, bütün sadiq məsihçilər Yehovaya etibar edirlər. Amma tammüddətli xidmətçilər başa düşürlər ki, yalnız Yehovaya bel bağlamağın sayəsində onlar pioner kimi xidmətlərini davam etdirə bilirlər. (Matta 6:30—34 ayələrini oxu.) Həyat yoldaşı ilə birgə pioner kimi xidmət edən rayon nəzarətçisinin köməkçisi Kort adlı qardaş bir yığıncağa baş çəkməyə razı oldu, onların evindən ora iki saat yarım yol getmək lazım idi. Onların maşınındakı yanacaq yalnız bir tərəfə getməyə çatırdı, maaşını almağa isə hələ bir həftə var idi. Kort deyir ki, onlar bunu edə biləcəklərinə əmin deyildilər. Dua etdikdən sonra onlar bu təyinatı yerinə yetirə biləcəklərinə qərar verdilər, çünki əmin idilər ki, Allah onların qayğısına qalacaq. Onlar getməyə hazırlaşırdılar ki, bir bacı zəng edib onlara hədiyyə vermək istədiyini dedi. Bacı onların yoluna lazım olan miqdarda pul verdi. Kort deyir: «Dəfələrlə bu kimi hadisələrin şahidi olanda Yehovanın əlinin üzərimizdə olduğunu hiss etmək asan olur».

11. Pionerlərin aldığı xeyir-dualardan bəziləri hansılardır?

11 Bəli, pionerlər çox vaxt görürlər ki, özlərini Yehovaya xidmətə həsr edəndə və Onunla yaxın münasibətlərini qoruyanda saysız-hesabsız xeyir-dualar alırlar (Qanun. t. 28:2). Bununla belə, pioner xidmətinin öz çətinlikləri var. Allahın heç bir xidmətçisi Adəmin üsyanının törətdiyi problemlərdən sığortalanmayıb. Buna görə də bəzi pionerlər öz xidmətlərini bir müddət dayandırmağa məcbur olublar. Ancaq problemlərlə bacarmaq, hətta onları aradan qaldırmaq mümkündür. Bəs xidmətlərini sevinclə davam etdirməyə pionerlərə nə kömək edə bilər?

TAMMÜDDƏTLİ XİDMƏTDƏ QAL

12, 13. a) Əgər pioner təbliğ normasını çatdırmağa çətinlik çəkirsə nə etməlidir? b) Hər gün Müqəddəs Kitabı oxumağa, şəxsi öyrənmə aparmağa və dərindən düşünməyə vaxt ayırmaq nə üçün vacibdir?

12 Əksər pionerlərin günü gərgin keçir. Hər şeyi çatdırmaq çətin olduğundan yaxşıca qrafik qurmaq gərəkdir (1 Kor. 14:33, 40). Əgər pioner təbliğ normasını çatdırmağa çətinlik çəkirsə, onda vaxtından necə istifadə etdiyinə yenidən nəzər salmalıdır (Efes. 5:15, 16). O, özündən soruşa bilər: «İstirahətə və gündəlik işlərə nə qədər vaxt ayırıram? İş qrafikimdə dəyişiklik etməliyəmmi? Lazımsız işlərə həddən çox vaxt ayırmıram ki?» Hər bir məsihçi razılaşacaq ki, qrafikə nəyisə əlavə etmək asandır; belə ki, tammüddətli xidmətdə iştirak edən kəs müntəzəm olaraq yerinə yetirdiyi işlərə nəzər salmalı və əgər lazım gəlsə, müəyyən dəyişikliklər etməlidir.

13 Hər gün Müqəddəs Kitabı oxumaq, şəxsi öyrənmə aparmaq və dərindən düşünmək pionerin qrafikinə mütləq daxil olmalıdır. Buna görə də pioner qətiyyətli olmalıdır ki, az əhəmiyyətli işlər onun görməli olduğu vacib işləri üstələməsin (Filip. 1:10). Misal üçün, tutaq ki, pioner bütün gün xidmət etdikdən sonra evə gəlir. Axşam isə növbəti yığıncaq görüşünə hazırlaşmağı planlaşdırır. Lakin əvvəlcə ona gələn sms-ləri oxuyur. Sonra kompüter arxasına keçib gələn məktubları oxuyur və onlara cavab yazır. Həmçinin o, almaq istədiyi əşyanın qiymətinin düşüb-düşmədiyini bilmək üçün bir sayta daxil olur. Bir də başını qaldırıb görür ki, artıq iki saat  keçib, amma hələ də görüşə hazırlaşmağa başlamayıb. Baxmayaraq ki, o, bunu planlaşdırmışdı. Problem nədədir? Peşəkar idmançı öz karyerasını uzun müddət davam etdirmək istəyirsə, formada qalmalıdır. Eynilə, pioner də tammüddətli xidmətini davam etdirmək istəyirsə, müntəzəm şəxsi öyrənmə keçirməlidir (1 Tim. 4:16).

14, 15. a) Nə üçün pioner sadə həyat sürməlidir? b) Əgər pioner çətinliklərlə üzləşərsə nə etməlidir?

14 Müvəffəqiyyətli pioner çalışır ki, sadə həyat sürsün. İsa Məsih şagirdlərini gözlərini tox saxlamağa təşviq edirdi (Mat. 6:22). O, özü sadə həyat sürdüyündən yol vermirdi ki, nəsə onu xidmətini tam şəkildə icra etməkdən yayındırsın. Buna görə də o demişdi: «Tülkülərin də, göy quşlarının da yuvası var, amma insan Oğlunun başını qoymağa belə yeri yoxdur» (Mat. 8:20). İsanın nümunəsini təqlid etməyə can atan pioner yaxşıca yadda saxlamalıdır ki, nə qədər çox əşyası olsa, onların qulluğuna, təmirinə və təzələnməsinə bir o qədər pul və vaxt sərf edəcək.

15 Pionerlər dərk edirlər ki, onların xidməti xüsusi olsa da, bu, onların başqalarından üstün olduğuna dəlalət etmir. Əksinə, bu ənamı, yəni bu şərəfli xidməti Allah Öz lütfü sayəsində bizə həvalə edib. Deməli, bu xidməti davam etdirmək üçün hər bir pioner Yehovaya güvənməlidir (Filip. 4:13). Problemlər və çətinliklər qaçılmazdır (Məz. 34:19). Belə vəziyyətdə pioner bu şərəfli xidməti dərhal dayandırmaq əvəzinə, Yehovanın rəhbərliyini axtarmalı və Allahın ona kömək etməsinə yol verməlidir. (Məzmur 37:5 ayəsini oxu.) O, öz üzərində Allahın məhəbbət dolu köməyini hiss edəndə qayğıkeş səmavi Atasına daha da yaxın olacaq (Yeşaya 41:10).

PİONERLƏRİN SIRASINA QOŞULA BİLƏRSƏNMİ?

16. Pioner olmaq istəyirsənsə nə etməlisən?

16 Əgər sən tammüddətli xidmətdə olan insanların duyduğu sevinci dadmaq istəyirsənsə, bu haqda Yehovaya dua et (1 Yəh. 5:14, 15). Pionerlərlə söhbət et. Qarşına sənə pioner olmağa kömək edəcək məqsədlər qoy. Keys və Erika məhz belə etmişdi. Bir çox cütlüklər kimi, onlar da ailə qurduqdan sonra bütün günü işləyirdilər ki, özlərinə ev və maşın alsınlar. Onlar deyir: «Bizə elə gəlirdi ki, bu şeylər bizi xoşbəxt edəcək, amma bu, heç vaxt belə olmadı». Keys işdən çıxandan sonra köməkçi pioner kimi xidmət etməyə başladı. O bölüşür: «Pionerlik mənə xidmətin gətirdiyi sevinci daddırdı». Bu cütlük onlara sadə həyat sürməyin və pionerliyin gətirdiyi sevinci görməyə kömək edən pioner ər-arvadla dostlaşdılar. Keys və Erika nə etdi? «Biz ruhani məqsədlərimizi bir vərəqə yazıb soyuducunun üzərinə yapışdırır və nail olduğumuz hər məqsədi işarələyirdik». Bir müddətdən sonra onlar pioner oldular.

17. Pioner olmaq üçün qrafikində və həyat tərzində dəyişiklik etmək nə üçün müdriklik olardı?

17 Pionerlərin sırasına qoşula bilərsənmi? Əgər indi pioner kimi xidmət edə bilməyəcəyini düşünürsənsə, onda xidmətdə əlindən gələni etməklə Yehova ilə münasibətlərini daha da möhkəmləndirə bilərsən. Dua edib götür-qoy etdikdən sonra görəcəksən ki, qrafikində və ya həyat tərzində müəyyən dəyişikliklər etməklə pioner ola bilərsən. Pioner xidmətinə başlasan, əmin olacaqsan ki, əldə edəcəyin xeyir-dualar verəcəyin qurbanlardan qat-qat çoxdur. Padşahlığın maraqlarını özünkündən üstün tutmağın, eləcə də başqalarına yaxşılıq etməyin gətirdiyi böyük sevinci duyacaqsan (Mat. 6:33). Bundan əlavə, Yehova haqqında düşünmək və danışmaq üçün daha çox imkanın olacaq. Allaha olan məhəbbətin artacaq və Onun ürəyini şad edəcəksən.