Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) AVQUST 2013

Yehova hər gün qayğı yükümü çəkir

Yehova hər gün qayğı yükümü çəkir

Sağlamlığımdakı dözülməz problemlərə baxmayaraq, mən həyatım boyu səmavi Atamızın məhəbbət dolu qayğısını hiss etmişəm. Yehovaya 20 ildən çox pioner kimi xidmət etməkdən xüsusilə sevinc duymuşam.

Mən 1956-cı ildə spina bifida xəstəliyi ilə doğulmuşam. Bu, sinir borusunun tam qapanmaması nəticəsində əmələ gələn onurğa beyni yırtığıdır. Sinir sistemimdə baş verən pozuntu yeriməyimi çətinləşdirdi və sağlamlığımda digər ciddi problemlərə səbəb oldu.

Mən doğulmazdan bir müddət əvvəl, Yehovanın Şahidi olan xüsusi təyinatlı müjdəçi ər-arvad valideynlərimə Müqəddəs Kitabı öyrətməyə başlamışdı. Mən balaca olanda doğma şəhərim Usakosda (Namibiya) cəmi bir neçə təbliğçi var idi. Buna görə də biz yığıncaqda keçirilən materialları ailəlikcə araşdırırdıq. Yeddi yaşımda urostomiya edildim, yəni qarın yatalağımın ön hissəsində süni dəlik açıldı ki, sidiyə çıxa bilim. 14 yaşım olanda isə məndə epilepsiya aşkar edildi. Məktəb evimizdən uzaqda olduğundan və daima valideynlərimin köməyinə ehtiyac duyduğumdan təhsilim yarımçıq qaldı.

Bütün bunlara baxmayaraq, qarşıma məqsəd qoydum ki, Yehova ilə münasibətlərimi möhkəmləndirim. Nəşrlərimizin çoxu ana dilim olan afrikaans dilində olmadığından bəzi kitablarımızı araşdırmaq üçün ingilis dilini öyrəndim. Sonra mən Padşahlığın təbliğçisi oldum və 19 yaşımda vəftiz olundum. Növbəti dörd il ərzində fiziki və emosional cəhətdən çoxlu problemlərim yarandı. Üstəlik, yaşadığım şəhərdə hamı bir-birini yaxşı tanıdığından xidmətdə fəal iştirak etməyə çəkinirdim.

20 yaşım olanda biz Namibiyadan Cənubi Afrikaya köçdük və mən ilk dəfə orada yığıncaqda oldum. Bu, mənə xoş təəssürat bağışladı. Lakin bir müddət sonra yenə də bıçaq altına düşdüm — bu dəfə kolostomiya əməliyyatı keçirdim.

Bir qədər keçdikdən sonra mən rayon nəzarətçisindən pioner xidməti haqda eşitdim. Onun sözləri ürəyimə güclü təsir etdi. Amma bilirdim ki, sağlamlığım bir o qədər də yaxşı deyil. Çoxlu çətinliklərimin olmasına baxmayaraq, Yehovanın əlinin üstümdə olduğunu hiss edirdim. Buna görə də daimi pioner blankı doldurdum. Lakin sağlamlığımdakı problemlərə görə ağsaqqallar pioner olmağıma razılıq verməyə tərəddüd edirdilər.

Bununla belə, Padşahlığın təbliğ işində əlimdən gələni etmək qərarına gəldim. Anamın və başqalarının köməyi ilə altı ay ərzində pioner normasını verə bildim. Bu, mənim qətiyyətli olduğumu və xəstəliklərimlə bacara bildiyimi sübut etdi. Mən yenidən blank doldurdum və bu dəfə istəyim qəbul olundu. 1988-ci il sentyabrın 1-dən daimi pioner oldum.

Pioner olduğum müddətdə daim Yehovanın dəstəyini hiss etmişəm. Oturub xəstəliyimi dərd eləməkdənsə, başqalarına həqiqəti öyrətmək məni qoruyur, biliyimi artırır və ruhən inkişaf etməyimə kömək edirdi. Məni xüsusilə sevindirən ruhani cəhətdən kömək etdiyim insanların özlərini Yehovaya həsr edib vəftiz olunmalarıdır.

Düzdür, halım tez-tez dəyişir, amma Yehova hər gün qayğı yükümü çəkir (Məz. 68:19). O, mənə sadəcə dözmək üçün güc vermir, həyatdan həzz almağıma kömək edir!