Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi (təlim nəşri)  |  avqust 2013

Valideynlər, övladlarınıza körpəlikdən tərbiyə verin

Valideynlər, övladlarınıza körpəlikdən tərbiyə verin

«ÖVLADLAR Rəbbin verdiyi paydır, bətnin bəhrəsi Onun mükafatıdır», — deyir Müqəddəs Kitab (Məz. 127:3). Buna görə də təəccüblü deyil ki, məsihçi valideynlər övladlarının dünyaya gəlməsini böyük sevinclə qarşılayırlar.

Bununla yanaşı, onlar dərk edirlər ki, övlad sahibi olmaq böyük məsuliyyətdir. Sağlam böyüyüb boya-başa çatması üçün uşağa müntəzəm olaraq sağlam qida vermək lazımdır. Buna bənzər tərzdə, həqiqi ibadətdə öz ayaqları üstə möhkəm durması üçün uşağa ruhani qida, eləcə də ona Allahın qayda-qanunlarını aşılayan valideynlərinin öyüd-nəsihəti lazımdır (Sül. məs. 1:8). Uşağa tərbiyə verməyə nə vaxtdan başlamaq lazımdır və bunu necə etmək olar?

 VALİDEYNLƏRƏ ALLAHIN RƏHBƏRLİYİ GƏRƏKDİR

Qədim İsrailin Dan qəbiləsindən olub Sora şəhərində yaşayan Manoah adlı bir kişinin hadisəsinə nəzər salaq. Yehovanın mələyi Manoahın sonsuz olan arvadına xəbər vermişdi ki, onun oğlu olacaq (Hak. 13:2, 3). Allahın sadiq bəndələri olan Manoah və arvadı bu xəbəri eşidəndə, təbii ki, sevindilər. Ancaq onları çox narahat edən bir məqam var idi və buna görə Manoah Allaha dua etdi: «Ya Xudavənd, yalvarıram, göndərdiyin Allah adamı qoy yanımıza yenə gəlsin və doğulacaq uşaq barədə nə edəcəyimizi bizə öyrətsin» (Hak. 13:8). Bu ər-arvad dünyaya gələcək körpələrinin tərbiyəsinə görə narahat olurdu. Şübhəsiz ki, onlar oğulları Şimşona Allahın qanunlarını aşıladılar və onların zəhməti hədər getmədi. Müqəddəs Kitabda Şimşon barədə oxuyuruq: «Rəbbin Ruhu onu idarə etməyə başladı». Bunun sayəsində o, İsrailin hakimlərindən biri kimi çoxlu qüdrətli işlər gördü (Hak. 13:25; 14:5, 6; 15:14, 15).

Manoah doğulacaq uşağına düzgün tərbiyə vermək üçün Allahdan kömək istəyirdi

Uşağa tərbiyə verməyə nə vaxtdan başlamaq lazımdır? Məsələn, anası Evniki və nənəsi Loida Timoteyə «Müqəddəs Yazıları körpəlikdən» öyrətmişdilər (2 Tim. 1:5; 3:15). Bəli, Timoteyə Allahın Kəlamı körpə çağlarından aşılanmışdı.

Məsihçi valideynlər övladlarına «körpəlikdən» tərbiyə vermək üçün Allahdan duada rəhbərlik diləməli və uzaqgörən olmağa çalışmalıdırlar. Süleymanın məsəlləri 21:5 ayəsində deyilir: «Çalışqanın niyyəti xeyir gətirər». Valideynlər uşaqları dünyaya gələnə qədər müəyyən hazırlıqlar görürlər, hətta körpəyə lazım olacaq əşyaların siyahısını tuturlar. Bundan başqa, uşaq üçün ruhani məşğuliyyətlər də planlaşdırmaq vacibdir. Onlar körpəyə mümkün qədər erkən yaşdan tərbiyə verməyi qarşılarına məqsəd qoymalıdırlar.

Uşaqların tərbiyəsinə həsr edilən bir kitabda deyilir: «Körpənin ilk ayları beyninin inkişafında olduqca böyük rol oynayır. Bu müddət ərzində uşağa yeni şeylər öyrənməyə kömək edən sinapsların, yəni beyin hüceyrələri arasındakı əlaqələrin sayı iyirmi dəfə artır» (The book Early Childhood Counts—A Programming Guide on Early Childhood Care for Development). Müdrik valideynlər uşağa ruhani fikirləri və əxlaq dəyərlərini aşılamaq üçün beynin sürətlə inkişaf etdiyi bu qısa vaxtdan yararlanırlar.

Daimi pioner olan bir ana öz qızı haqda belə demişdi: «Mən onu özümlə təbliğə aparmağa başlayanda o hələ biraylıq idi. Nələr baş verdiyini anlamasa da, mən əmin idim ki, erkən yaşlarından ruhani fikirlər eşitməsi ona fayda gətirəcək. Qızımın iki yaşı olanda xidmətdə qarşılaşdığı insanlara cəsarətlə traktat təklif edirdi».

Kiçik yaşlarından uşağa tərbiyə vermək yaxşı səmərə gətirir. Lakin valideynlər fikir vermişlər ki, uşaqlarına ruhani dəyərləri aşılamağın öz çətinlikləri var.

«VAXTINIZIN QƏDRİNİ BİLİN»

Uşaqlar hövsələsiz olur və diqqətlərini uzun müddət bir şeyə cəmləyə bilmirlər. Bu da valideynlər üçün çətinlik törədir. Uşağın diqqəti bir anda yayına bilər. Çünki ətrafında baş verən hər şey uşağa maraqlı gəlir və onları kəşf etmək istəyir. Valideynlər öyrətmək istədikləri şeyə diqqətlərini cəmləməkdə uşaqlarına necə kömək edə bilərlər?

Musa peyğəmbərin dediklərinə nəzər salaq. Qanunun təkrarı 6:6, 7 ayələrində deyilir: «Bu gün sənə əmr etdiyim bu sözlər ürəyində kök salsın. Bunları övladlarının şüuruna yaxşı-yaxşı yerit. Evində oturanda, yol gedəndə, yatanda, duranda bunlar barədə danış». Burada istifadə olunan «yerit» sözü tez-tez təkrarlamaq vasitəsilə öyrətmək mənasını daşıyır. Körpə uşaq mütəmadi olaraq suya ehtiyac duyan fidana bənzəyir. Təkrarlamaq böyüklərə vacib məlumatları yadda saxlamağa kömək etdiyi kimi, uşaqlara da kömək edəcək.

Uşaqlara Allahın həqiqətlərini öyrətmək üçün onlarla birgə vaxt keçirmək lazımdır. Həyat tempi yüksək olan bu dünyada bəzən vaxt tapmaq müşkül məsələdir. Amma həvari Pavel əsas məsihçi fəaliyyətini icra etmək üçün «əlverişli vaxtı satın [almağı]» məsləhət görürdü (Efes. 5:15, 16, haşiyə). Bunu necə etmək olar? Bir ağsaqqalın nümunəsinə diqqət yetirək. Onun arvadı daimi  pionerdir və çox məşğuldur. Qardaş yığıncaqdakı məsuliyyətlərini yerinə yetirməli, işləməli, üstəlik, uşağın tərbiyəsi ilə məşğul olmalıdır. Bəs onlar buna vaxtı haradan tapırlar? Qardaş deyir: «Hər səhər işə getməzdən əvvəl arvadımla mən ona “Müqəddəs Kitab hekayələri” kitabından və “Müqəddəs Yazıları hər gün araşdırın” broşürasından oxuyuruq. Axşamlar da qızımız yatmamışdan qabaq ona nəsə oxuyuruq. Həmçinin xidmətə gedəndə onu özümüzlə aparırıq. Biz istəmirik ki, həyata qədəm qoyduğu ilk illərdə onu diqqətdən kənar qoyaq».

ÖVLADLAR «OXLARA BƏNZƏR»

Biz, həqiqətən də, istəyirik ki, məsuliyyətli uşaqlar böyüdək. Lakin onlara təlim-tərbiyə verməkdə əsas məqsədimiz ürəklərinə Allaha qarşı məhəbbət aşılamaqdır (Mark 12:28—30).

Məzmur 127:4 ayəsində deyilir: «İnsanın gənc ikən övladları olarsa, bir igidin əlindəki oxlara bənzər». Uşaqlar hədəfə doğru tuşlanan oxlarla müqayisə edilir. Oxatan heç bir vəchlə yaydan çıxmış oxu geri qaytara bilməz. «Oxlar», yəni uşaqlar ancaq qısa müddət valideynlərin əlindədir. Uşağın zehninə və ürəyinə Allahın prinsiplərini aşılamaq üçün bu fürsətdən yararlanmaq lazımdır.

Ruhani uşaqlar haqqında həvari Yəhya yazmışdı: «Mənim üçün uşaqlarımın həqiqət yolunda yeridiklərini bilməkdən böyük xoşbəxtlik ola bilməz» (3 Yəh. 4). Məsihçi valideynlər uşaqlarının «həqiqət yolunda yeridiklərini» görəndə eyni hissləri keçirirlər.