Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) AVQUST 2013

Heç vaxt Yehovaya hiddətlənmə

Heç vaxt Yehovaya hiddətlənmə

«İnsan öz səfehliyi ilə yolunu alt-üst edər, ürəyində isə Rəbbə hiddətlənər» (SÜL. MƏS. 19:3).

1, 2. Bəşəriyyətin problemlərinə görə nə üçün Yehovanı günahlandırmalı deyilik? Nümunə çək.

TƏSƏVVÜR edək ki, uzun illərdir evlisiniz və xoşbəxt ailəyə sahibsiniz. Ancaq bir gün evə qayıdanda görürsünüz ki, evdə hər şey alt-üstdür. Mebel qırıq-qırıq olub, qab-qacaq çilik-çilik edilib, xalça isə ələgəlməz vəziyyətdədir. Gül kimi eviniz döyüş meydanına çevrilib. Siz düşünmədən dərhal: «Axı arvadım evi niyə bu günə qoyub?» — deyəcəksiniz? Yoxsa, məntiqli olaraq: «Bunu kim edib?» — deyə soruşacaqsınız? Şübhəsiz, ağlınıza o dəqiqə ikinci sual gələcək. Çünki bilirsiniz ki, sevimli həyat yoldaşınız bu cür hərəkətə yol verməz.

2 Bu gün bəşər evinin çirklənməyə, zorakılığa və əxlaqsızlığa məruz qaldığını görürük. Müqəddəs Kitabdan öyrəndiyimiz kimi, Yehova bütün bu problemlərin səbəbkarı ola bilməz. O, bu planeti gözəl cənnət olması üçün yaradıb (Yar. 2:8, 15). Yehova məhəbbət Allahıdır (1 Yəh. 4:8). Müqəddəs Yazıları araşdırmağın sayəsində dünyada baş verən bir çox çətinliklərin əsil səbəbini bilirik. Səbəbkar məhz «dünyanın hökmdarı» olan Şeytan İblisdir (Yəh. 14:30; 2 Kor. 4:4).

3. Düşüncə tərzimiz necə korlana bilər?

3 Ancaq biz üzləşdiyimiz bütün fəlakətlərə görə Şeytanı günahlandıra bilmərik. Çünki bəzi problemlər öz səhvlərimiz ucbatından baş verir. (Qanunun təkrarı 32:4—6 ayələrini oxu.) Həmçinin bir faktı da etiraf etməliyik ki, qeyri-kamil təbiətimiz düşüncəmizi korlaya və bizi fəlakətə aparan yola sürükləyə bilər (Sül. məs. 14:12). Necə? Başımıza gələnlərə görə özümüzü, yaxud Şeytanı günahlandırmaq əvəzinə, bizdə hər şeyi Yehovanın üstünə atmaq meyli yarana bilər. Hətta elə ola bilər ki, biz Yehovaya hiddətlənərik (Sül. məs. 19:3).

4, 5. Məsihçi Yehovaya qarşı necə hiddətlənə bilər?

 4 Heç elə ola bilər ki, biz Yehovaya hiddətlənək? Bu, yanlış hərəkət olardı (Yeşaya 41:11). Belə etməklə əlimizə nə keçəcək? Bir şair demişdi: «Allahla döyüşmək üçün insanın əli çox qısadır». Ola bilsin, biz Yehovaya narazılığımızı heç vaxt dilə gətirmərik. Amma Süleymanın məsəlləri 19:3 ayəsində deyilir ki, «insan öz səfehliyi ilə yolunu alt-üst edər, ürəyində isə Rəbbə hiddətlənər». Bəli, insan ürəyində Allaha hiddətlənə bilər. Ola bilsin, bu cür əhval-ruhiyyə özünü aydın büruzə verməsin, yəni hər şey daxildə baş qaldırsın. Bu isə, insanın yığıncaqdan uzaqlaşmasına, yaxud da Yehovaya ibadətdə görülən tədbirləri tam dəstəkləməməsinə gətirib çıxara bilər.

5 Yehovaya hiddətlənməyimizə nə səbəb ola bilər? Bu tələdən necə qaça bilərik? Bu sualların cavabını bilməyimiz vacibdir. Çünki bundan Yehova ilə münasibətlərimiz asılıdır.

YEHOVAYA HİDDƏTLƏNMƏYİMİZƏ NƏ SƏBƏB OLA BİLƏR?

6, 7. Musanın günlərində israillilər nə üçün Yehovaya qarşı deyinməyə başladılar?

6 Yehovanın sadiq xidmətçisinin ürəyində öz Allahından şikayətlənməsinə nə səbəb ola bilər? Gəlin beş amili nəzərdən keçirək və Müqəddəs Kitabda haqqında bəhs edilən bəzi insanların keçmişdə bu tələyə necə düşdüyünü araşdıraq (1 Kor. 10:11, 12).

Başqalarının mənfi danışığına qulaq asmaq sənə pis təsir göstərə bilər (7-ci abzasa bax)

7 Başqalarının mənfi danışığı bizə təsir göstərə bilər. (Qanunun təkrarı 1:26—28 ayələrini oxu.) İsraillilər Misir köləliyindən hələ təzəcə azad olmuşdular. Yehova bu zalım xalqın üzərinə möcüzəvi şəkildə on bəla göndərmiş və sonra fironla ordusunu Qırmızı dənizdə məhv etmişdi (Çıx. 12:29—32, 51; 14:29—31; Məz. 136:15). Allahın xalqı Vəd edilmiş diyara girməyə hazırlaşırdı. Lakin belə bir vacib məqamda israillilər Yehovaya qarşı deyinməyə başladılar. Onların imansızlıq göstərmələrinə nə səbəb oldu? Vəd edilmiş diyarı gözdən keçirmək üçün göndərilmiş kəşfiyyatçılardan bəzilərinin gətirdiyi pis xəbər onların ürəyinə qorxu salmışdı (Say. 14:1—4). Bu nəyə gətirib çıxardı? Nəticədə, bütün nəsil «gözəl [torpağa]» daxil olmaqdan məhrum oldu (Qanun. t. 1:34, 35). Bəs biz yol veririkmi ki, başqalarının mənfi danışığı imanımızı zəiflətsin və Yehovanın necə rəhbərlik etdiyinə görə şikayətlənməyimizə səbəb olsun?

8. Nə üçün Yeşayanın günlərində Allahın xalqı düşdüyü vəziyyətə görə Yehovanı günahlandırmağa başladı?

8 Fəlakətlər və çətinliklər bizi ruhdan sala bilər. (Yeşaya 8:21, 22 ayələrini oxu.) Yeşayanın günlərində Yəhuda xalqı acınacaqlı vəziyyətdə idi. Onlar düşmənlərlə əhatə olunmuşdular. Ölkədə kifayət qədər qida olmadığından çoxları aclıq içində idi. Lakin ən vacibi, orada ruhani aclıq hökm sürürdü (Amos 8:11). Belə çətin vəziyyətdə Yehovadan kömək axtarmaq əvəzinə, onlar «padşahlarını və özlərinin Allahını [lənətləməyə]» başladılar. Bəli, onlar öz problemlərində Yehovanı günahlandırırdılar. Biz də faciə və ya şəxsi problemlərlə üzləşəndə: «Ehtiyacım olanda Yehova harada idi?» — deyə ürəyimizdə gileylənirikmi?

9. Yezekelin günlərində israillilər nə üçün yanlış nöqteyi-nəzərə malik idilər?

9 Bütün təfsilatlar bizə məlum deyil. Yezekelin günlərində israillilər baş verənlərlə bağlı bütün təfsilatları bilmədikləri üçün düşünürdülər ki, Yehovanın «yolu düz deyil» (Yez. 18:29). Onlar öz ədalət normalarını Yehovanınkından üstün tutaraq və Onu öz məhdud anlayışları əsasında mühakimə edərək özlərini Allahın hakimi kimi aparırdılar. Bəs  biz Müqəddəs Kitabdakı məlumatı, yaxud həyatımızda baş verən hadisələrin səbəbini tam anlamayanda ürəyimizdə: «Yehova ədalətsizlik edir, Onun “yolu düz deyil”», — deyə düşünürükmü? (Əyyub 35:2).

10. Kimsə, Adəm kimi, hansı hərəkətə yol verə bilər?

10 Günahlarımızı və səhvlərimizi başqasının boynuna atırıq. Bəşər tarixinin lap əvvəlində Adəm öz günahını Allahın üstünə atdı (Yar. 3:12). O, bilə-bilə Allahın qanununu pozdu, halbuki bunun nə ilə nəticələnəcəyini yaxşı bilirdi. Üstəlik, buna görə Yehovanı borclu çıxartdı. Bir sözlə, Yehovanı ona pis arvad verməkdə günahlandırdı. O gündən başqaları da Adəmin yolu ilə gedərək öz səhvlərində Allahı günahlandırırlar. Yaxşı olar ki, özümüzdən soruşaq: «Səhvlərimə görə keçirdiyim məyusluq və dilxorçuluq Yehovanın tələblərinə narazıçılıq etməyimə səbəb olmur ki?»

11. Yunusun hərəkətindən özümüzə hansı nəticəni çıxara bilərik?

11 Təkcə özümüzü düşünürük. Yunus peyğəmbər Yehovanın ninevalıları bağışlaması ilə barışa bilmirdi (Yun. 4:1—3). Niyə? Görünür, o narahat idi ki, Nineva şəhərinin məhv olacağı ilə bağlı söylədiyi hökm xəbəri yerinə yetmədiyi üçün biabır olacaq. Tövbə edən ninevalılara yazığı gəlmək əvəzinə, Yunus xalqın onun haqqında nə fikirləşəcəyinin dərdini çəkirdi. Onun kimi, biz də təkcə özümüzü düşünərək son tez gəlmədiyinə görə Yehovaya hiddətlənirikmi? Ola bilsin, biz onilliklərdir ki, Yehovanın gününün yaxın olduğunu təbliğ edirik. Bəs o gün hələ gəlmədiyi üçün başqaları bizi tənqid edəndə Yehovaya acıqlanırıqmı? (2 Pet. 3:3, 4, 9).

YEHOVAYA HİDDƏTLƏNMƏMƏK ÜÇÜN NƏ EDƏ BİLƏRİK?

12, 13. Ürəyimizdə Yehovanın işlərini şübhə altına almaq meyli yaranırsa, nəyi yadda saxlamalıyıq?

12 Günahlı ürəyimizdə Yehovanın işlərini şübhə altına almaq meyli yaranırsa, nə edə bilərik? Yadda saxla ki, bu, ağılsızlıq olardı. Buna görə də gəlin beş amili  nəzərdən keçirək və görək onlar bizə heç vaxt Yehovanı günahlandırmamağa necə kömək edə bilər.

13 Yehova ilə münasibətlərinə etinasız yanaşma. Əgər Allahla sıx münasibətlərimizi qorusaq, Ona hiddətlənmək kimi yanlış hərəkətdən özümüzü gözləyə bilərik. (Süleymanın məsəlləri 3:5, 6 ayələrini oxu.) Biz Yehovaya güvənməli, habelə öz gözümüzdə müdrik olmaqdan və xudbinlikdən qaçmalıyıq (Sül. məs. 3:7; Vaiz 7:16). Bu, bizə kömək edəcək ki, nə isə pis bir şey baş verəndə Yehovanı günahlandırmayaq.

14, 15. Başqalarının mənfi danışığının təsiri altına düşməməyə bizə nə kömək edəcək?

14 Başqalarının mənfi danışığının sənə təsir etməsinə yol vermə. Musanın günlərində israillilərin Yehovanın onları Vəd edilmiş diyara müvəffəqiyyətlə keçirəcəyinə inanmağa yetərincə səbəbləri var idi (Məz. 78:43—53). Amma onlar Allaha etibar etməyən on kəşfiyyatçının gətirdiyi bəd xəbəri eşidəndə «Onun qüdrətini» heç yadlarına belə salmadılar (Məz. 78:42). Əgər Yehovanın işləri üzərində düşünsək və bizim üçün etdiyi bütün yaxşılıqları xatırlasaq, Onunla münasibətlərimiz möhkəmlənəcək. Bunun sayəsində biz başqalarının mənfi fikirlərinin Yehova ilə münasibətlərimizi korlamasına yol verməyəcəyik (Məz. 77:11, 12).

15 Bəs əgər həmimanlılarımıza pis münasibət bəsləyiriksə, onda necə? Belə vəziyyət Yehova ilə münasibətlərimizə xələl gətirə bilər (1 Yəh. 4:20). İsraillilər Harunun baş kahin təyin olunmasına etiraz edəndə Yehova bunu Özünə qarşı deyingənlik kimi qəbul etdi (Say. 17:10). Eynilə, Yehovanın Öz təşkilatının yerdəki hissəsini idarə etmək üçün istifadə etdiyi şəxslərə qarşı şikayətlənməyə və deyinməyə başlasaq, onda biz Allah qarşı narazılıq etmiş oluruq (İbr. 13:7, 17).

16, 17. Problemlərimiz yarananda nəyi yadda saxlamalıyıq?

16 Yadda saxla ki, problemlərimizin səbəbkarı Yehova deyil. Yeşayanın günlərində israillilər Yehovadan üz döndərsələr də, O, hələ də onlara kömək etmək istəyirdi (Yeşaya 1:16—19). Üzləşəcəyimiz problemdən asılı olmayaraq, Yehovanın qeydimizə qaldığını və bizə kömək etmək istədiyini bilmək qəlb rahatlığı gətirir (1 Pet. 5:7). Həqiqətən də, O, bizə tab gətirə bilməyimiz üçün lazımi qədər güc verəcəyini vəd edir (1 Kor. 10:13).

17 Əgər, Allahın sadiq bəndəsi Əyyub kimi, ədalətsizlikdən əziyyət çəkiriksə, özümüzə xatırlatmalıyıq ki, bunun səbəbkarı Yehova deyil. Yehova ədalətsizliyə nifrət edir; O, salehliyi sevir (Məz. 33:5). Ola bilsin, Əyyubun dostu Elihu kimi, biz də: «Məgər Allah pislik edərmi? Məgər Külli-İxtiyar haqsızlıq edərmi?» — deyə düşünürük (Əyyub 34:10). «Hər bir gözəl bəxşiş və hər bir kamil hədiyyə» verən Yehova heç vaxt bizə problem yaratmaz (Yaq. 1:13, 17).

18, 19. Biz nəyə görə Yehovaya heç vaxt şübhə etməməliyik? Nümunə çək.

18 Heç vaxt ürəyində Yehovaya qarşı şübhə yaranmasına yol vermə. Allah kamildir və Onun fikirləri bizimkindən qat-qat üstündür (Yeşaya 55:8, 9). Buna görə də təvazökarlıq və həlimlik hər şeyi tam başa düşmək iqtidarında olmadığımızı etiraf etməyə kömək edəcək (Rom. 9:20). Çox vaxt biz müəyyən vəziyyətlə bağlı bütün faktları bilmirik. Şübhəsiz, sən də öz təcrübəndə bu məsəlin doğruluğuna əmin olmusan: «İddiasını əvvəl deyən haqlı görünər, amma əleyhdarı gəlib onu istintaq edər» (Sül. məs. 18:17).

19 Əgər yaxın dostumuz ilk baxışdan başa düşmədiyimiz və ya bizə qəribə gələn nəsə edərsə, dərhal onu yanlış bir şey etməkdə ittiham edəcəyikmi? Əksinə, çox ehtimal ki, bütün faktlardan  xəbərdar olmadığımız qənaətinə gələcəyik. Əgər qeyri-kamil dostumuza bu cür anlayışla yanaşırıqsa, fikirləri və yolları bizimkindən qat-qat üstün olan səmavi Atamıza daha çox etibar etməli deyilik?!

20, 21. Problemlərin əsil səbəbini müəyyən etmək nə üçün vacibdir?

20 Problemlərin əsil səbəbini müəyyən et. Bu nə üçün vacibdir? Çünki bəzi problemlərimizin günahkarı özümüz ola bilərik. Əgər belədirsə, biz bu faktı danmamalıyıq (Qalat. 6:7). Problemlərinə görə Yehovanı günahlandırmağa çalışma. Nə üçün belə davranmaq səhvdir? Bir nümunəyə baxaq. Tutaq ki, hər hansı avtomobil müəyyən sürətlə hərəkət edə bilər. Ancaq sürücü sərt döngədə icazə verilən sürət həddini aşaraq qəzaya uğrayır. Baş verən qəzaya görə avtomobili istehsal edən müəssisə məsuliyyət daşıyır? Əlbəttə, yox! Eynilə, Yehova da bizi iradə azadlığı ilə yaradıb. Lakin O, düzgün qərarlar verməyimiz üçün rəhbərlik də təqdim edib. Bəs onda nə üçün biz öz səhvlərimizə görə Yaradanımızı günahlandıraq?

21 Əlbəttə, bütün problemlərimiz öz səhvlərimiz və yanlış hərəkətlərimiz ucbatından baş vermir. Bəzi hadisələrin səbəbi «zaman və fürsətdir» (Vaiz 9:11). Lakin bir şeyi də heç vaxt unutmayaq ki, pisliyin əsas səbəbkarı Şeytan İblisdir (1 Yəh. 5:19; Vəhy 12:9). Düşmən odur, Yehova yox! (1 Pet. 5:8).

YEHOVA İLƏ MÜNASİBƏTLƏRİNİN QƏDRİNİ BİL

Yeşua və Kalev Yehovaya etibar etdiklərinə görə xeyir-dualandılar (22-ci abzasa bax)

22, 23. Problemlər ucbatından məyusluğa qapılanda nəyi yadda saxlamalıyıq?

22 Problemlərin və çətinliklərin yarananda Yeşuanın və Kalevin nümunəsini yadına sal. On kəşfiyyatçıdan fərqli olaraq, bu iki sadiq insan yaxşı xəbərlə qayıtmışdı (Say. 14:6—9). Onlar Yehovaya iman etdiklərini göstərdilər. Bununla belə, onlar digər israillilərlə birlikdə 40 il səhrada dolaşmalı oldular. Yeşua və Kalev bunun ədalətsizlik olduğunu düşünərək narazılıq etdilərmi, yaxud qəzəbləndilərmi? Xeyr. Onlar Yehovaya etibar etdilər və buna görə xeyir-dua aldılar. Həmin nəslin səhrada ölməsinə baxmayaraq, bu iki nəfər Vəd edilmiş diyara daxil oldu (Say. 14:30). Eynilə, biz Yehovanın iradəsini yerinə yetirərkən «taqətdən düşməsək», xeyir-dualar alacağıq (Qalat. 6:9; İbr. 6:10).

23 İstər problemlər, istərsə də başqalarının və ya özünün qeyri-kamilliyi ucbatından məyusluğa qapılsan, bunun öhdəsindən necə gələ bilərsən? Diqqətini Yehovanın ecazkar keyfiyyətlərinə cəmlə. Yehovanın sənə verdiyi ümidi xəyalında canlandır. Özündən soruş: «Mən Yehovasız nə edərdim?» Həmişə Ona bağlı qal və heç vaxt yol vermə ki, ürəyində Ona qarşı hiddət yaransın!