Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) AVQUST 2013

Görün necə insan olmalısınız

Görün necə insan olmalısınız

«Görün siz müqəddəs davranışda və Allaha sədaqətdə necə insan olmalısınız» (2 PET. 3:11).

1, 2. Allahın rəğbətini qazanmaq üçün necə insan olmalıyıq?

AŞQALARININ bizim haqqımızda nə düşündüklərinə görə narahat olmaq təbiidir. Amma bir məsihçi kimi, bizi daha çox Yehovanın haqqımızda nə düşündüyü maraqlandırmalıdır. Axı O, kainatda ən ali Şəxsiyyət və «həyat mənbəyi»dir (Məz. 36:9).

2 Yehovanın gözündə necə insan olmalı olduğumuzu göstərərək həvari Peter bizi müqəddəs davranışa və Allaha sədaqətə səsləyir. (2 Peter 3:11 ayəsini oxu.) Allahın rəğbətini qazanmaq üçün davranışımız müqəddəs, yəni əxlaqi, əqli və ruhani cəhətdən təmiz olmalıdır. Bundan əlavə, biz dərin hörmət və məhəbbətlə Allaha sədaqət təzahür etdirməliyik. Onun rəğbətini qazanmaq üçün yalnız davranışımız yox, həmçinin daxilən necə insan olmağımız da vacibdir. Yehova ürəkləri sınadığı üçün davranışımızın müqəddəs olub-olmadığını, eləcə də Ona hədsiz sədaqət göstərib-göstərmədiyimizi yaxşı bilir (1 Saln. 29:17).

3. Allahla münasibətimizə dair hansı sualları müzakirə edəcəyik?

3 Şeytan İblis Allahın rəğbətini qazanmağımızı istəmir. Əslində, o, əlindən gələni edir ki, Yehova ilə münasibətlərimizi pozsun. Şeytan bizi yoldan çıxarmaq və ibadət etdiyimiz Allahdan uzaqlaşdırmaq üçün çəkinmədən yalana və hiyləyə əl atır (Yəh. 8:44; 2 Kor. 11:13—15). Buna görə də yaxşı olardı ki, özümüzdən soruşaq: «Şeytan insanları yoldan necə çıxarır? Yehova ilə münasibətlərimi qorumaq üçün nə edə bilərəm?»

 ŞEYTAN İNSANLARI YOLDAN NECƏ ÇIXARIR?

4. Allahla münasibətlərimizi pozmaq üçün Şeytan nəyi hədəfə alır və nəyə görə?

4 Şagird Yaqub yazır: «Hər kəs öz nəfsinin toruna düşərək yoldan çıxıb sınanır. Sonra nəfs boylu qalıb günah doğur, törədilmiş günah isə öz növbəsində ölümə aparır» (Yaq. 1:14, 15). Allahla münasibətlərimizi pozmaq məqsədilə Şeytan istəklərimizin mənbəyini — ürəyimizi hədəfə alır.

5, 6. a) Şeytan bizi nəyin vasitəsilə hədəfə alır? b) Ürəyimizin istəklərini korlamaq üçün Şeytan hansı fəndlərə əl atır və bu məsələdə nə dərəcədə təcrübəlidir?

5 Şeytan ürəyimizi nəyin vasitəsilə hədəfə alır? Müqəddəs Kitabda deyilir ki, «bütün dünya... Şəririn əlindədir» (1 Yəh. 5:19). Şeytanın silahlarına dünyada olan şeylər daxildir. (1 Yəhya 2:15, 16 ayələrini oxu.) Min illərdir ki, İblis ətrafımızda olan hər şeydən məharətlə istifadə edir. Bu dünyada yaşadığımız üçün özümüzü onun hiyləgər fəndlərindən gözləməliyik (Yəh. 17:15).

6 Şeytan fəndlərə əl atmaqla ürəyimizin istəklərini korlamağa çalışır. Həvari Yəhya Şeytanın istifadə etdiyi üç fəndin adını çəkir: 1) «bədənin istəyi», 2) «gözlərin istəyi» və 3) «insanın öz varı ilə lovğalanması». Şeytan səhrada İsanı sınağa çəkərkən məhz bunlardan istifadə etmişdi. Artıq uzun illərdir bu tələlərdən istifadə etdiyi üçün Şeytan onları hər bir insanın meylinə uyğunlaşdırmaqda məharətlidir. Özümüzü bu tələlərdən qorumaq üçün hansı tədbirləri görməli olduğumuzu müzakirə etməzdən əvvəl, gəlin görək İblis Həvvanı necə yoldan çıxartmış, Allahın Oğluna isə bata bilməmişdi.

«BƏDƏNİN İSTƏYİ»

«Bədənin istəyi» Həvvanın axırına çıxdı (7-ci abzasa bax)

7. Şeytan Həvvanı yoldan çıxartmaq üçün «bədənin istəyi»ndən necə istifadə etdi?

7 İnsanların qidalanmaq kimi zəruri tələbatları var. Yaradan yer kürəsini elə yaradıb ki, bol qida versin. Şeytan bizi Allahın iradəsini yerinə yetirməkdən yayındırmaq üçün qidaya olan təbii tələbatımızdan istifadə edə bilər. Gəlin görək o, Həvvanı aldadarkən bundan necə istifadə etdi. (Yaradılış 3:1—6 ayələrini oxu.) Şeytan Həvvaya dedi ki, «xeyirlə şəri bilmə ağacını»n meyvəsindən yesə ölməyəcək, əksinə, həmin gün Allah kimi olacaq (Yar. 2:9). Bununla Şeytan eyham vurdu ki, yaşaması üçün Həvvanın Allaha tabe olmasına ehtiyac yoxdur. Bu, ağ yalan idi! Şeytan bu fikri Həvvanın ağlına saldıqdan sonra onun qarşısında iki seçim var idi: o, bu fikri ya rədd edə, ya da onun üzərində düşünməyə davam etməklə ürəyində meyvədən dadmaq arzusunu alovlandıra bilərdi. Bağdakı  bütün ağacların onun ixtiyarında olmasına baxmayaraq, o, Şeytanın bağın ortasındakı ağac barədə dedikləri üzərində düşünmək qərarına gəldi və «həmin meyvədən dərib yedi». Şeytan Yaradanın qadağan etdiyi şeyə qarşı onda istək yaratdı.

İsa ən vacib şeyin nə olduğunu heç vaxt unutmurdu (8-ci abzasa bax)

8. «Bədənin istəyi»ndən istifadə edərək Şeytan İsanı yoldan çıxarmağa necə çalışdı və buna nə üçün müvəffəq olmadı?

8 Şeytan səhrada İsanı sınağa çəkərkən də eyni fəndə əl atmışdı. İsa qırx gün-qırx gecə oruc tutub acdıqdan sonra Şeytan bu fürsətdən istifadə edərək dedi: «Əgər sən Allahın oğlusansa, bu daşa de, çörəyə dönsün» (Luka 4:1—3). İsanın da iki seçimi vardı: o ya qidaya olan tələbatını ödəmək üçün möcüzə göstərmək gücündən istifadə edəcəkdi, ya da bunu rədd edəcəkdi. İsa bilirdi ki, öz gücündən xudbin məqsədlər üçün istifadə etməməlidir. Ac olmasına baxmayaraq, aclığını öldürmək istəyi onun Yehova ilə münasibətlərinə üstün gəlmədi. İsa cavabında dedi: «Yazılıb: “İnsan yalnız çörəklə yaşamamalıdır, Yehovanın ağzından çıxan hər sözlə yaşamalıdır”» (Mat. 4:4).

«GÖZLƏRİN İSTƏYİ»

9. «Gözlərin istəyi» ifadəsi altında nə nəzərdə tutulur və Şeytan Həvvanın bu istəyindən necə istifadə etdi?

9 Yəhyanın xatırlatdığı digər fənd «gözlərin istəyi»dir. Bu ifadə altında insanın təkcə baxmaqla nəyisə arzulaya biləcəyi nəzərdə tutulur. Şeytan Həvvaya gözlərinin açılacağını deməklə onun bu istəyindən istifadə etmişdi. Həvva nə qədər çox baxırdısa, qadağan olunmuş meyvə onun üçün bir o qədər cəlbedici görünürdü. Bir sözlə, ağac Həvvanın gözünə xoş gəlirdi.

10. İsanı sınağa çəkmək üçün Şeytan «gözlərin istəyi»ndən necə istifadə etdi və İsa buna necə cavab verdi?

10 Bəs İsa haqda nə demək olar? Şeytan «bir göz qırpımında dünyanın bütün padşahlıqlarını ona [İsaya] göstərdi və dedi: “Bunların üzərində hakimiyyəti və onların şöhrətini sənə verəcəyəm”» (Luka 4:5, 6). İsa hərfi mənada bir göz qırpımında bütün padşahlıqları görmədi. Əslində, Şeytan güman edirdi ki, padşahlıqların şöhrətini İsanın gözünün qabağına gətirməklə onu şirnikləndirəcək. O, utanmadan təklif etdi: «Əgər sən mənə səcdə qılsan, bütün bunlar sənin olacaq» (Luka 4:7). İsa heç bir vəchlə Şeytanın görmək istədiyi şəxs olmaq istəmirdi. Bu, onun: «Yazılıb: “Allahın Yehovaya səcdə qıl və yalnız Ona ibadət et”», — deyə dərhal verdiyi cavabdan bəlli olur (Luka 4:8).

 «İNSANIN ÖZ VARI İLƏ LOVĞALANMASI»

11. Şeytan Həvvanı yoldan necə çıxartdı?

11 Yəhya dünyadakı şeylərdən bəhs edərkən «insanın öz varı ilə lovğalanması»nı xatırladır. O vaxt yer üzündə Adəmlə Həvvadan başqa heç kəs olmadığından onlar başqalarının qarşısında öz varları ilə lovğalana bilməzdilər. Bununla belə, onlarda təkəbbür özünü göstərdi. Şeytan Həvvada şübhə oyatdı ki, Allah ondan nəsə yaxşı bir şey gizlədir. O, ona «xeyirlə şəri bilmə ağacının meyvəsindən» yeyən gün «xeyirlə şəri bilərək Allah kimi [olacağını]» dedi (Yar. 2:17; 3:5). Bununla Şeytan Həvvanı əmin etdi ki, o, Yehovadan asılı olmadan yaşaya bilər. Aydın görünür ki, onun yalana uymasının səbəbi təkəbbürlü olması idi. Əslində ölməyəcəyini düşünərək Həvva qadağan olunmuş meyvədən daddı. O necə də yanılmışdı!

12. Şeytan İsanı hansı fərqli üsulla sınağa çəkdi və İsa buna necə cavab verdi?

12 Həvvadan fərqli olaraq, İsa necə də gözəl təvazökarlıq nümunəsi qoydu! Şeytan onu başqa cür sınamağa çalışdı, amma İsa başqalarında təəssürat oyadacaq və Allahı sınağa çəkəcək bir şey etməyi ağlına belə gətirmədi. Belə etməklə o, təkəbbürlü davranmış olardı! Əksinə, İsa aydın və qəti şəkildə cavab verdi: «Yazılıb: “Allahın Yehovanı sınama”». (Luka 4:9—12 ayələrini oxu.)

YEHOVA İLƏ MÜNASİBƏTLƏRİMİZİ NECƏ QORUYA BİLƏRİK?

13, 14. Şeytanın fəndlərdən bu gün necə istifadə etdiyini izah edin.

13 Şeytan Həvvanı və İsanı yoldan çıxartmaq üçün istifadə etdiyi fəndlərə bu gün də əl atır. O, «bədənin istəyi»ndən istifadə edərək insanları əxlaqsızlığa və yeyib-içmək məsələsində ifrata varmağa sövq edir. O, «gözlərin istəyi»ndən istifadə edərək ehtiyatsız insanları, əsas etibarilə, İnternetdəki pornoqrafiyaya baxmağa şirnikdirir. Həmçinin o, «insanın öz varı ilə lovğalanması» meylindən istifadə edərək insanların təkəbbürlü, pulpərəst və şöhrətpərəst olmasına çalışır.

Belə vəziyyətlərdə hansı Müqəddəs Kitab prinsiplərini yadına salmalısan? (13, 14-cü abzaslara bax)

14 «Dünyadakı şeylər» balıqçının istifadə etdiyi tələ yeminə bənzəyir. Balığa gəl-gəl deyən tələ yemi, adətən, qarmaqda olur. Şeytan insanların normal saydıqları gündəlik tələbatlarından istifadə edərək onlarda Allahın qanunlarına  zidd gedən işlər görmək istəyi yaradır. Bu cür sezilməyən tələ yemləri istəklərimizə təsir etmək və ürəyimizi korlamaq üçün nəzərdə tutulub. Şeytan bizi inandırmağa çalışır ki, şəxsi tələbatlarımızın qeydinə qalmaq və rahat həyat sürmək Allahın iradəsini yerinə yetirməkdən vacibdir. Bəs biz bu tələyə düşəcəyikmi?

15. Şeytanın tələlərinə qarşı durmaqda İsanı necə təqlid edə bilərik?

15 Həvvadan fərqli olaraq, İsa Şeytanın toruna düşmədi. O, hər dəfə: «Yazılıb», — deyərək Müqəddəs Yazılardan cavab verirdi. Əgər biz Müqəddəs Kitabı dərindən araşdırsaq, onu yaxşı biləcək və sınaqlarla üzləşəndə bizə kömək edəcək ayələri tez yada salacağıq (Məz. 1:1, 2). Müqəddəs Kitabdan Allaha sadiq insanların nümunələrini yadda saxlamaq onları təqlid etməkdə bizə kömək edəcək (Rom. 15:4). Yehovaya dərin ehtiram bəsləmək, Onun sevdiyi şeyləri sevmək, nifrət etdiyi şeylərə nifrət etmək bizi qoruyacaq (Məz. 97:10).

16, 17. Düşüncələrimiz bizə necə təsir edir?

16 Həvari Pavel bizi təşviq edir ki, zehnimizi dünyanın yox, Allahın düşüncələri ilə formalaşdıraq (Rom. 12:1, 2). Nə haqda düşündüyümüzə ciddi nəzarət etməli olduğumuzu vurğulayaraq Pavel deyir: «Biz Allah haqqındakı biliyə qarşı çıxan hər cür yanlış fikri və maneəni aradan qaldırırıq, hər cür fikri əsir alıb Məsihə tabe etdiririk» (2 Kor. 10:5). Düşüncələrimiz necə insan olmağımıza güclü təsir edir, buna görə də biz daima Allahı razı salan şeylər barədə düşünməliyik (Filip. 4:8).

17 Sözsüz ki, beynimizi düzgün olmayan düşüncə və istəklərlə qidalandırsaq, müqəddəs ola bilmərik. Biz Yehovanı «sidqi-ürəkdən» sevməliyik (1 Tim. 1:5). Ancaq ürək hiyləgərdir və ola bilsin, biz «dünyadakı şeyləri»n bizə nə qədər güclü təsir etdiyini görməyək (Yer. 17:9). Belə olan halda biz iman yolunda olub-olmadığımızı Müqəddəs Kitabdan öyrəndiklərimizə əsasən daima dürüstlüklə yoxlamalı deyilik? (2 Kor. 13:5).

18, 19. Nəyə görə Yehovanın istədiyi insan olmağa tam qətiyyətli olmalıyıq?

18 Dünyadakı şeylərə qarşı dura bilmək üçün həmçinin Yəhyanın ilhamlanmış sözlərini yadda saxlamalıyıq. O demişdi: «Dünya öz istəkləri ilə bərabər keçib gedir, Allahın iradəsini yerinə yetirən isə əbədi yaşayır» (1 Yəh. 2:17). Şeytanın sistemi daimi və real görünür. Buna baxmayaraq, bir gün onun sonu gələcək. Şeytan dünyasındakı hər şeyin tezliklə məhv olacağını yadda saxlamaq bizə onun tələlərinə düşməməyə kömək edəcək.

19 Həvari Peter Allaha məqbul olmaq istəyən bizlərə məsləhət görür: «Yehovanın gününü bərk-bərk yadda saxlayıb gözləməlisiniz. O gün od tutub yanan göylər dağılacaq və həmin o közərmiş tərkib hissələri əriyib töküləcək!» (2 Pet. 3:12). O günə heç nə qalmayıb və Yehova Şeytan dünyasını tamamilə məhv edəcək. O vaxtadək Şeytan «dünyadakı şeylər»dən istifadə edərək, Həvvanı və İsanı sınağa çəkdiyi kimi, bizi də sınağa çəkəcək. Biz Həvvaya oxşamamalı və öz istəklərimizin dalınca qaçmamalıyıq. Yox, əgər belə etsək, biz Şeytanı öz allahımız kimi qəbul etmiş olarıq. Biz İsa kimi olmalı və nə qədər cəlbedici görünməsinə baxmayaraq, bu kimi tələlərdən qaçmalıyıq. Buna görə də gəlin hər birimiz Yehovanın istədiyi insan olmağa tam qətiyyətli olaq.