Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) AVQUST 2013

Elişa odlu arabaları gördü — Bəs sən?

Elişa odlu arabaları gördü — Bəs sən?

Suriya padşahı Allahın peyğəmbəri olan Elişanı öldürmək istəyirdi və təpədə yerləşən qalalı şəhər Dotanda onun izinə düşmüşdü. Gecə ilə Suriya hökmdarı Dotana atlar, döyüş arabaları və qoşun göndərdi. Artıq sübh tezdən onun ordusu şəhəri mühasirəyə almışdı (2 Pad. 6:13, 14).

Elişanın nökəri çölə çıxanda peyğəmbəri tutmağa gələnləri gördü. «Vay, ağam, nə edəcəyik?» — deyə o qışqırdı. Elişa isə ona dedi: «Qorxma, çünki bizimlə olanlar onlarla olanlardan çoxdur». Sonra peyğəmbər dua etdi: «Ya Rəbb, onun gözlərini aç ki, görsün». Bundan sonra baş verənlər barədə Müqəddəs Kitabda deyilir: «Rəbb nökərin gözlərini açdı və o gördü ki, dağ odlu atlar və döyüş arabaları ilə doludur. Onlar Elişanı əhatəyə almışdılar» (2 Pad. 6:15—17). Elişanın həyatında baş verən bu və digər hadisələrdən biz nə öyrənirik?

Suriyalıların şəhəri mühasirəyə alması Elişanı narahat etmirdi, çünki o, Yehovaya güvənirdi və Onun gücünü artıq öz gözləri ilə görmüşdü. Biz bu gün möcüzələr gözləmirik, ancaq Yehovanın Öz xalqını bir qrup kimi necə qoruduğunu görürük. Biz də, sanki, odlu atlar və arabalarla əhatə olunmuşuq. Əgər biz onları iman gözlərimizlə görsək və həmişə Allaha bel bağlasaq, əmin-amanlıqda yaşayacaq və Yehovanın xeyir-dualarını dadacağıq (Məz. 4:8). Gəlin görək Elişanın həyatında baş verən digər hadisələrdən biz nə öyrənə bilərik.

ELİŞA İLYASA XİDMƏT ETMƏYƏ BAŞLAYIR

Günlərin bir günü Elişa tarlanı şumlayarkən İlyas ona yaxınlaşır və öz cübbəsini Elişanın üstünə atır. Elişa bunun nə məna daşıdığını anlayırdı. O, evində ziyafət qurur, ata-anası ilə vidalaşır və İlyasa xidmət etmək üçün evi tərk edir (1 Pad. 19:16, 19—21). Elişa Allaha bacardığı qədər xidmət etməyə hazır olduğundan o, Yehovanın əlində sanki bir alətə çevrilir və nəticədə İlyas kimi peyğəmbər olur.

Elişa İlyasa təqribən altı il xidmət etmişdi. Bu illər ərzində Elişa «İlyasın əlinə su tökərdi»  (2 Pad. 3:11). O vaxtlar insanlar adəti üzrə çəngəl və qaşıqla yox, əllə yeyirdilər. Yeməkdən sonra nökər ağasının əlinə su tökərdi. Buna görə də Elişanın tapşırıqlarından bəziləri nökərə həvalə olunan işlər idi. Buna baxmayaraq, Elişa İlyasa xidmət etməyi özünə şərəf hesab edirdi.

Bu gün bir çox məsihçilər, Elişa kimi, tammüddətli xidmətin müxtəlif növlərində iştirak edirlər. Onların iman və arzuları Yehovaya daha çox xidmət etməyə təhrik edir. Bəziləri, ola bilsin, aldıqları təyinatlara görə öz isti yuvalarını tərk edir və bir çoxlarının fikrincə fəhlə işi sayılan Bet-El, tikinti və sairə işlərdə xidmət edirlər. Yehova Ona edilən xidməti çox qiymətləndirdiyi üçün məsihçi də bu işlərə əhəmiyyətsiz və alçaldıcı bir iş kimi baxmamalıdır (İbr. 6:10).

ELİŞA XİDMƏTİNDƏN ƏL ÇƏKMƏDİ

Yehova peyğəmbər «İlyası qasırğa ilə göyə qaldırmazdan əvvəl» Qilqaldan Bet-Elə göndərdi. İlyas Elişanın onunla getməsini istəmirdi, ancaq Elişa israr edərək dedi: «Səndən əl çəkmərəm». Yol boyunca İlyas daha iki dəfə Elişaya onunla getməməsini dedi, ancaq bunun heç bir xeyri olmadı (2 Pad. 2:1—6). Rut Naomidən ayrılmadığı kimi, Elişa da İlyasdan ayrılmadı (Rut 1:8, 16, 17). Nəyə görə? Görünür, Elişa Allahın verdiyi üstünlüyü — İlyasın yanında xidmət etməyi qiymətləndirirdi.

Elişa bizim üçün gözəl örnəkdir. Yehovaya xidmət etdiyimizi daima yadımızda saxlasaq, Onun təşkilatında aldığımız istənilən təyinata yüksək dəyər verəcəyik. Bundan daha böyük şərəf ola bilərmi?! (Məz. 65:4; 84:10).

«MƏNDƏN BİR ŞEY İSTƏ, SƏNİN ÜÇÜN NƏ EDİM?»

Birgə yol getdikləri zaman İlyas Elişadan soruşdu: «Mən sənin yanından götürülməzdən əvvəl məndən bir şey istə, sənin üçün nə edim?» Elişa xahiş etdi ki, İlyasda olan ruh onda ikiqat artıq olsun (1 Pad. 3:5, 9; 2 Pad. 2:9). Onun bu istəyi illər öncə Süleymanın etdiyi xahişə bənzəyirdi. İsraildə ikiqat mirasa yalnız ailədə doğulan ilk oğlan uşaqları sahib ola bilərdi (Qanun. t. 21:15—17). Bunu deməklə Elişa İlyasdan onu ruhani varis kimi qəbul etməsini istəyirdi. Üstəlik, Elişa Yehovaya fədakarlıqla xidmət edən İlyas kimi cəsarətli olmaq arzusunda idi (1 Pad. 19:13, 14).

Bəs İlyas öz xidmətçisinin xahişinə necə cavab verdi? O dedi: «Sən çətin bir şey istədin. Əgər sənin yanından götürüldüyümü görsən, səninlə belə olacaq, yoxsa bu olmayacaq» (2 Pad. 2:10). Görünür İlyasın cavabı ikili məna daşıyırdı. Birincisi, Elişanın xahişinin cavablanmasına yalnız Allah qərar verir. İkincisi, əgər Elişanın fikri doğrudan da qəti idisə, onda o, nə olursa-olsun, İlyasın yanında qalmalı idi.

ELİŞANIN GÖRDÜKLƏRİ

Yehova Elişanın bu istəyinə necə yanaşdı? Müqəddəs Kitabda deyilir: «Onlar danışa-danışa gedərkən qəflətən odlu bir araba və odlu atlar göründü, onları bir-birindən ayırdı və İlyas qasırğa ilə göyə qaldırıldı. Elişa bunu [gördü]» *. Bu, Yehovanın cavabı idi. Elişa İlyasın Yehova tərəfindən necə götürüldüyünü gördü, ikiqat ruh aldı və İlyas peyğəmbərin ruhani varisi oldu (2 Pad. 2:11—14).

Elişa İlyasın əynindən düşən cübbəni götürüb geyindi. Bu cübbə Elişanın Yehovanın peyğəmbəri olduğunu bildirirdi. Sonradan İordan çayının sularını möcüzəvi şəkildə aralaması onun bu təyinatı aldığına daha bir sübut idi.

İlyasın qasırğa ilə göyə qaldırılmasını görmək, şübhəsiz, Elişaya çox güclü təsir etmişdi. Axı insan odlu araba ilə odlu atları hər gün görmür! Bu görüntü Yehovanın Elişanın xahişinə cavab verdiyinə bir sübut idi. Allah bizim dualarımıza cavab verəndə biz nə odlu araba görürük, nə də ki odlu atlar. Lakin şübhə etməyə bilərik ki, Yehova iradəsinin yerinə yetdiyini sübut etmək üçün Öz möhtəşəm gücündən istifadə edir. Biz Yehovanın yerüzü təşkilatını necə xeyir-dualandırdığını görəndə, sanki Onun hərəkət edən səmavi arabasını görmüş oluruq (Yez. 10:9—13).

Elişanın bir çox gördüyü şeylər Yehovanın möhtəşəm gücə malik olduğuna onu əmin etmişdi.  Allahın müqəddəs ruhu sayəsində bu peyğəmbər İlyasın göstərdiyi möcüzələrdən iki dəfə çox, yəni 16 möcüzə göstərmişdi *. İkinci dəfə odlu araba ilə atlar məqalənin əvvəlində nəql olunan Dotan şəhərinin mühasirəsi zamanı təsvir olunur.

ELİŞA YEHOVAYA GÜVƏNİRDİ

Dotan şəhərinin düşmənlərlə əhatə olunmasına baxmayaraq, Elişa təşvişə düşməmişdi. Çünki onun Yehovaya imanı möhkəm idi. Bizə də bu cür iman lazımdır. Buna görə də, gəlin duada Allahdan müqəddəs ruh diləyək ki, imanı və ruhun bəhrəsinin digər yönlərini təzahür etdirməyə kömək etsin (Luka 11:13; Qalat. 5:22, 23).

Dotanda baş verən hadisə də Elişanın Yehovaya və Onun gözəgörünməz ordusuna etibar etməsinə səbəb oldu. Peyğəmbər başa düşdü ki, Allah Öz mələk ordusunu şəhəri və onun ətrafındakı düşmənləri mühasirəyə almaq üçün göndərmişdi. Düşmənləri kor etməklə Allah həm Elişanı, həm də onun xidmətçisini xilas etdi (2 Pad. 6:17—23). Həmin gərgin anda, digər vəziyyətləri də nəzərə almaqla, Elişa tamamilə Yehovaya güvənərək imanını göstərdi.

Gəlin biz də, Elişa kimi, Yehova Allaha etibar edək (Sül. məs. 3:5, 6). Əgər belə davransaq, Allahımız bizə lütf edib xeyir-dua verəcək (Məz. 67:1). Düzdür, bu gün biz hərfi mənada odlu araba və atlarla əhatə olunmamışıq. Ancaq yaxınlaşan böyük müsibət zamanı ümumdünya qardaşlığın bir hissəsi kimi Yehova bizi qoruyacaq (Mat. 24:21; Vəhy 7:9, 14). Hələ ki o an gəlib çatmayıb, gəlin Yehovanın bizim pənahımız olduğunu unutmayaq (Məz. 62:8).

^ abz. 16 İlyas Yehovanın və Onun ruhani oğulları olan mələklərin məskəninə, yəni göylərə qaldırılmamışdı. «Gözətçi qülləsi»nin 1997-ci il 15 sentyabr sayının 15-ci səhifəsinə (rus.) bax.

^ abz. 19 «Gözətçi qülləsi»nin 2005-ci il 1 avqust sayının 32-ci səhifəsinə bax.