Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi (təlim nəşri)  |  iyul 2013

 BİOQRAFİYA

Harada olsaq da, Yehovaya var gücümüzlə xidmət edirik

Harada olsaq da, Yehovaya var gücümüzlə xidmət edirik

Əvvəllər heç vaxt tək təbliğ etməmişdim. O qədər həyəcanlanırdım ki, hər dəfə evdən çölə çıxanda ayaqlarım əsirdi. Ən pisi isə o idi ki, bu ərazidə yaşayan insanlar həqiqətə həddən artıq etinasız yanaşırdılar. Bəziləri çox aqressiv idilər və məni döyməklə hədələyirdilər. Pioner xidmətimin ilk ayında mən cəmi bir broşüra paylamışdım. (Markus)

Bu hadisə təxminən 60 il bundan qabaq, 1949-cu ildə baş versə də, mənim hekayəm çox illər öncə başlayıb. Atam Hendrik Drentenin (Niderland) şimalında yerləşən Donderen adında balaca kənddə çəkməçi və bağban işləyirdi. Mən 1927-ci ildə dünyaya gəlmişəm və ailəmizdə yeddi uşaqdan dördüncüsü olmuşam. Evimiz kəndin daşlı-kəsəkli yolunun düz kənarında yerləşirdi. Qonşularımızın əksəriyyəti əkinçiliklə məşğul idi və əkin-biçin işi ilə məşğul olmaq mənim də xoşuma gəlirdi. Mən həqiqəti 1947-ci ildə 19 yaşında qonşumuz Tones Bendən eşitmişəm. Yadımdadır, ilk dəfə Toneslə rastlaşanda ondan heç xoşum gəlməmişdi. Ancaq İkinci Dünya müharibəsindən az sonra o, Yehovanın Şahidi oldu və mən onun əvvəlkinə nisbətən indi daha mehriban olduğuna fikir verirdim. Onun belə dəyişməsi mənə o qədər maraqlı gəldi ki, Allahın yer üzündə cənnət qurmaq niyyəti haqqında dediklərinə qulaq asdım. Dərhal həqiqəti qəbul etdim və biz ömürlük dost olduq *.

Mən 1948-ci ilin may ayında təbliğ etməyə başladım və cəmi bir aydan sonra, iyunun 20-də Utrextdə keçirilən konqresdə vəftiz olundum. 1949-cu ilin yanvarın 1-də pioner xidmətinə başladım və Niderlandın şərqində yerləşən Borkulo kəndindəki balaca bir yığıncağa təyin olundum. Yolun uzunluğu təxminən 130 kilometr olduğundan qərara gəldim ki, ora velosipedimlə gedim.  Fikirləşirdim ki, təxminən 6 saata gedib çataram, amma leysan yağış yağdığından və güclü külək əsdiyindən ora 12 saata gedib çıxdım, hələ bu yolun 90 kilometrini qatarla getdim. Qalacağım məsihçi ailəsinin evinə gecənin bir yarısı gəlib çatdım. Həmin ərazidə pioner kimi xidmət etdiyim müddətdə onlarda qaldım.

Müharibədən sonrakı illərdə camaat müflisləşmişdi. Mənim olan-qopan bir pencəyim, bir şalvarım vardı. Pencəyim əynimə çox böyük, şalvarım isə çox qısa idi. Əvvəldə dediyim kimi, Borkulodakı xidmətimin birinci ayı yaman çətin keçdi, amma Yehova bir neçə Müqəddəs Kitab öyrənməsilə məni xeyir-dualandırdı. Doqquz aydan sonra mən Amsterdama təyinat aldım.

KƏNDDƏN ŞƏHƏRƏ

Kənddə böyüyüb boya-başa çatan mən Niderlandın ən böyük şəhəri olan Amsterdama gəlib çıxdım. Burada xidmət çox səmərəli idi. Elə birinci ayda mən doqquz ayda paylamadığım qədər ədəbiyyat payladım. Qısa bir müddətdən sonra mən düz səkkiz nəfərlə Müqəddəs Kitab öyrənməsi keçirirdim. Yığıncaq xidmətçisi (indi ağsaqqallar şurasının koordinatoru adlanır) təyin olunandan sonra mən ilk dəfə açıq məruzə ilə çıxış etmək tapşırığını aldım. Bu iş məni yaman qorxudurdu. Ancaq bu məruzə ilə çıxış etməmişdən qabaq yeni yığıncağa təyin edildiyim üçün rahat nəfəs aldım. Heç ağlıma belə gətirə bilməzdim ki, bu illər ərzində 5000-dən çox məruzə söyləyəcəyəm!

Yuxarıda: Markus (sağdakı) 1950-ci ildə Amsterdam yaxınlığında küçədə şahidlik edərkən

1950-ci ilin mayında mən Harlemə təyin olundum. Sonra isə səyyar xidmətə dəvət aldım. Üç gecə gözümə yuxu getmədi. Bet-Eldə xidmət edən Robert Vinkler qardaşa özümü bu təyinat üçün yararlı hiss etmədiyimi söylədim. O isə mənə dedi: «Sən blankı doldur. Narahat olma, öyrənəcəksən». Bundan dərhal sonra bir neçə ay təlim keçdim və rayon xidmətçisi (nəzarətçi) xidmətinə başladım. Bir dəfə yığıncaqlardan birinə baş çəkəndə Yehovanı çox sevən və fədakarlıq göstərən Ceni Tatken adlı gənc və şən pioner bir bacıya rast gəldim. Biz 1955-ci ildə ailə həyatı qurduq. Mən öz hekayəmi davam etdirməzdən əvvəl, Ceni pioner xidmətinə necə başladığından və necə tanış olduğumuzdan danışacaq.

ƏR-ARVAD KİMİ BİRGƏ XİDMƏTİMİZ

Ceni: Anam 1945-ci ildə Yehovanın Şahidi olanda mənim 11 yaşım vardı. O, dərhal uşaqlarının üçünə də Müqəddəs Kitabı öyrətməyin vacibliyini başa düşdü. Amma atam həqiqətə qarşı idi, buna görə də anam bizə atam evdə olmayanda dərs keçirdi.

Mənim getdiyim ilk görüş 1950-ci ildə Haaqada keçirilən konqres olub. Bundan bir həftə sonra Assendəki (Drente) Padşahlıq zalında keçirilən yığıncaqda ilk dəfə iştirak etdim. Atam yaman  hirsləndi və məni evdən qovdu. Anam dedi: «Sən harada qalacağını bilirsən». Mən onun ruhani bacı-qardaşlarımı nəzərdə tutduğunu bilirdim. Əvvəlcə yaxınlıqda yaşayan həmimanlımızgilə getdim, amma atam günümü qara eləməyə davam edirdi. Buna görə də bizdən 95 kilometr aralıda yerləşən Deventerə (Overeyssel) köçdüm. Ancaq atam azyaşlı olduğum halda məni evdən qovduğu üçün aidiyyəti orqanlardan qorxdu. Nəticədə, o, mənə evə qayıtmağa icazə verdi. Atam heç vaxt həqiqəti qəbul etməsə də, bütün görüşlərdə iştirak etməyimə və təbliğə çıxmağıma icazə verirdi.

Aşağıda: Ceni (sağdakı) 1952-ci ildə köməkçi pioner xidmətində

Evə qayıdandan qısa bir müddət sonra anam bərk xəstələndi və evin bütün işləri mənim üstümə düşdü. Buna rəğmən, ruhani cəhətdən inkişaf etməyə davam etdim və 1951-ci ildə 17 yaşımda vəftiz olundum. 1952-ci ildə anam sağalandan sonra mən üç pioner bacı ilə birlikdə iki ay köməkçi pioner kimi xidmət etdim. Suda üzən evdə yaşayır və Drentenin iki qəsəbəsində xidmət edirdik. 1953-cü ildə daimi pioner oldum. Bir ildən sonra yığıncağımıza cavan bir rayon nəzarətçisi baş çəkdi. Bu, Markus idi. Biz Yehovaya daha yaxşı xidmət etmək istəyirdik və birgə bunun öhdəsindən gələ biləcəyimizi düşünürdük. Buna görə də 1955-ci ilin mayında evləndik (Vaiz 4:9—12).

Sağda: Toy günümüz, 1955-ci il

Markus: Toydan sonra biz əvvəlcə Vendama (Qroningen) pioner təyinatı aldıq. Təxminən uzunluğu 3 metr, eni 2 metr olan balaca bir otaqda yaşayırdıq. Bununla belə, Ceni otağımızda gözəl və rahat mühit yaratdı. Hər axşam stolu və iki balaca stulu çölə çıxarırdıq ki, yerdə yata bilək.

Altı aydan sonra biz Belçikaya səyyar xidmət üçün dəvət aldıq. 1955-ci ildə orada cəmi 4000-ə yaxın təbliğçi vardı. İndi isə altı dəfə çoxdur! Belçikanın şimalında yerləşən Flandriyanın camaatı niderlandlılarla eyni dildə danışırlar. Ancaq belçikalıların ləhcələri tamamilə fərqlidir. Ona görə də əvvəl-əvvəl ünsiyyət qurmağa çətinlik çəkirdik.

Ceni: Səyyar xidmət əsil fədakarlıq tələb edir. Biz bir yığıncaqdan digərinə velosipedimizlə gedir və bacı-qardaşların evində qalırdıq. Qalmağa öz evimiz olmadığından biz növbəti yığıncağa baş çəkənə kimi, yəni ikinci gün səhərə kimi əvvəlki yığıncaqda qalırdıq. Amma biz xidmətimizə həmişə Yehovanın xeyir-duası kimi baxmışıq.

Markus: Təzə-təzə biz yığıncaqdakı bacı-qardaşları tanımırdıq, ancaq onlar bizə qarşı çox mehriban və qonaqpərvər idilər (İbr. 13:2). İllər ərzində biz Belçikadakı bütün niderlanddilli yığıncaqlara dəfələrlə baş çəkdik. Bu, bizə çoxlu xeyir-dualar gətirdi. Demək olar ki, bu ərazidəki bütün bacı-qardaşları tanıdıq və onlarla doğmalaşdıq. Biz yüzlərlə gəncin həm yaşca, həm də ruhani cəhətdən böyüdüyünün şahidi olmuşuq. Onlar özlərini Yehovaya həsr edib Padşahlığın maraqlarını həyatlarında birinci yerə qoymuşlar. Onların əksəriyyətinin sədaqətlə Yehovaya tammüddətli xidmət etdiklərini görmək bizə əsil  sevinc bəxş edir (3 Yəh. 4). Bu cür ruhlanmağın sayəsində təyinatımızı canla-başla davam etdirə bildik (Rom. 1:12).

BÖYÜK ÇƏTİNLİK VƏ ƏSİL XEYİR-DUA

Markus: Evlənən gündən Gilead Məktəbində təlim almaq arzusunda olmuşuq. İngilis dilini öyrənməyə hər gün ən azı bir saat vaxt ayırırdıq. Lakin bu dili kitablardan öyrənmək elə də asan deyildi. Ona görə də tətildə İngiltərəyə gedib orada təbliğ edə-edə bu dili praktikada istifadə etmək qərarına gəldik. Nəhayət, 1963-cü ildə Bruklindəki mərkəzi idarədən zərf aldıq, içində iki məktub vardı, biri mənə, biri də Ceniyə. Məktubda məni onaylıq xüsusi Gilad Məktəbinə dəvət etmişdilər. Bu məktəbin əsas məqsədi qardaşlara təlim keçmək və təşkilati təlimatlar vermək idi. Buna görə də dəvət olunan 100 tələbədən 82-si qardaş idi.

Ceni: Həmin gün aldığım məktubda məndən xahiş edilirdi ki, Markus Gilead məktəbini bitirənə kimi Belçikada qala bilib-bilməyəcəyimi dua edərək götür-qoy edim. Etiraf etməliyəm ki, əvvəlcə məyus oldum. Mənə elə gəlirdi ki, Yehova səylərimə xeyir-dua vermir. Amma özümə xatırlatdım ki, Gilead Məktəbinin məqsədi orada təlim alanlara bütün dünyada xoş xəbərin təbliğ işini həyata keçirilmələrinə kömək etməkdir. Buna görə də mən Belçikanın Gent (Qan) şəhərində iki təcrübəli xüsusi pioner bacı ilə, Anna və Mariya Kolpartla birlikdə xüsusi pioner kimi xidmət etməyə razılaşdım.

Markus: İngilis dilini təkmilləşdirmək üçün məni məktəb başlamazdan beş ay qabaq Bruklinə dəvət etdilər. Mən göndərmə və xidmət şöbələrində işlədim. Ümumdünya mərkəzi idarədə xidmət etmək və Asiyaya, Avropaya və Cənubi Amerikaya göndərilən ədəbiyyatların hazırlanmasında iştirak etmək mənə beynəlxalq qardaşlığımızı daha yaxından tanımağa kömək etdi. Xüsusilə də Rassel qardaşın dövründə piliqrim (səyyar nəzarətçi) kimi xidmət edən Aleksandr Makmillan qardaş heç yadımdan çıxmır. O, yaşlı olmasına və ağır eşitməsinə baxmayaraq, bir dənə də olsun yığıncaq görüşünü buraxmırdı. Bu, mənə güclü təsir bağışladı və məsihçi yığıncaqlarımızı heç vaxt tərk etməməli olduğumuzu öyrətdi (İbr. 10:24, 25).

Ceni: Biz həftədə bir neçə dəfə yazışırdıq. Bir-birimiz üçün yaman darıxırdıq! Bununla belə, Markus Gilead məktəbində aldığı təlimdən, mən isə xidmətimdən sevinc əldə edirdim. Markus Birləşmiş Ştatlardan evə qayıdanda mən 17 nəfərə Müqəddəs Kitabı öyrədirdim. 15 ay ayrı qalmaq bizim üçün əsil sınaq idi, amma mən Yehovanın verdiyimiz qurbanlara görə bizi xeyir-dualandırdığını görürdüm. Markus evə qayıdan gün təyyarə bir neçə saat gecikmişdi. Axır ki, o gəlib çatdı və biz bir-birimizə sarılıb ağlaşdıq. O vaxtdan bəri, heç ayrılmamışıq.

ALDIĞIMIZ HƏR TƏYİNATA GÖRƏ MİNNƏTDARIQ

Markus: Mən 1964-cü ilin dekabrında Gilead Məktəbindən evə qayıtdıqdan sonra biz Bet-Eldə xidmət etmək üçün təyinat aldıq. Hərçənd o vaxt xəbərimiz olmasa da, bu təyinatımız müvəqqəti idi. Cəmi üç aydan sonra təyinatımız dəyişdi, məni Flandriyaya vilayət nəzarətçisi təyin etdilər. Alzen və Els Viqersma Belçikaya xüsusi təyinatlı  müjdəçi kimi göndəriləndən sonra onları səyyar xidmətin bu növünə təyin etdilər. Biz isə Bet-El xidmətinə qayıtdıq və mən orada xidmət şöbəsində çalışmağa başladım. 1968-ci ildən 1980-ci ilə kimi təyinatımız bir neçə dəfə dəyişdi, biz gah bet-elli, gah da səyyar xidmətçi kimi xidmət etdik. Nəhayət, 1980-ci ildən 2005-ci ilə qədər mən yenə də vilayət nəzarətçisi kimi xidmət etdim.

Təyinatımızın tez-tez dəyişməsinə baxmayaraq, biz heç vaxt həyatımızı Yehovaya canla-başla xidmətə həsr etdiyimizi unutmurduq. Aldığımız hər bir təyinat bizə, sözün əsil mənasında, sevinc gətirir və xidmətdəki hər bir dəyişikliyin Padşahlığın maraqlarına xidmət etdiyinə əmin edirdi.

Ceni: Məni ən çox sevindirən Markus filialın komitə üzvü kimi 1977-ci ildə Bruklində, 1997-ci ildə isə Patersonda əlavə təlim alarkən onunla birgə oraya getməyim idi.

YEHOVA TƏLƏBATLARIMIZI GÖRÜR

Markus: 1982-ci ildə Ceni cərrahiyyə əməliyyatı keçirdi və yaxşılaşmağa başladı. Üç ildən sonra Lövendəki yığıncaq xeyirxahlıq göstərərək Padşahlıq zalının alt mərtəbəsini bizə verdi. 30 ildən sonra ilk dəfə özümüzün balaca yaşayış yerimiz oldu. Çərşənbə axşamı yığıncağa baş çəkməyə başlamaq üçün yır-yığış edəndə çamadanlarımızı götürmək üçün bir neçə dəfə 54 pilləni qalxıb düşməli olurdum. Şükürlər olsun ki, 2002-ci ildə bacı-qardaşlar birinci mərtəbədə bizə ev verdilər. Mən 78 yaşı haqladıqdan sonra bizi Lokeren şəhərinə xüsusi pioner təyin etdilər. Biz xidmətin bu növündə olduğumuza və hər gün xidmətə çıxa bildiyimizə görə çox xoşbəxtik.

«Biz tam əminik ki, harada, hansı xidməti icra etməyimiz yox, kimə xidmət etməyimiz vacibdir»

Ceni: Ümumilikdə biz 120 ildən çox tammüddətli xidmətdə iştirak etmişik! Biz Yehovanın bizi heç bir vəchlə atmayacağına və sədaqətlə xidmət etdiyimiz təqdirdə, heç nəyə ehtiyac duymayacağımıza dair verdiyi vədin həqiqiliyinə öz təcrübəmizdə əmin olmuşuq (İbr. 13:5; Qanun. t. 2:7).

Markus: Biz hələ gənc ikən özümüzü Yehovaya həsr etmişik. Gözümüz heç vaxt dünya malında olmayıb. Biz istənilən təyinatı qəbul etməyə hazır olmuşuq, çünki tam əminik ki, harada, hansı xidməti icra etməyimiz yox, kimə xidmət etməyimiz vacibdir.

^ abz. 5 Tədricən atam, anam, böyük bacım və qardaşlarımdan ikisi Yehovanın Şahidi oldu.