Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) İYUL 2013

«Sadiq və ağıllı nökər görəsən, kimdir?»

«Sadiq və ağıllı nökər görəsən, kimdir?»

«Ağanın onların [evindəki qulluqçuların] üzərində qoyduğu sadiq və ağıllı nökər görəsən, kimdir?» (MAT. 24:45).

1, 2. İsa bu gün hansı kanal vasitəsilə bizi qidalandırır və bu kanalı tanımağımız nə üçün vacibdir?

«QARDAŞLAR, o qədər olub ki, ehtiyac duyduğum məqalələri düz vaxtında çatdırmısınız, onların sayı-hesabı yoxdur». Bir bacı ümumdünya mərkəzi idarədə çalışan qardaşlara öz minnətdarlığını bu sözlərlə bildirmişdi. Bu hisslər çoxlarımıza tanışdır. Bu, bizi təəccübləndirməlidirmi? Təbii ki, yox.

2 Vaxtlı-vaxtında ruhani qidanı almağımız sübut edir ki, yığıncağın Başı olan İsa bizi qidalandırmaq vədinə sadiqdir. Bəs o, bunu kimin vasitəsi ilə edir? İştirakının əlaməti barədə danışarkən İsa bildirmişdi ki, o, evindəki qulluqçulara «vaxtlı-vaxtında yemək paylarını» vermək üçün «sadiq və ağıllı nökər»dən istifadə edəcək *. (Matta 24:45—47 ayələrini oxu.) Bu axır günlərdə İsa həqiqi davamçılarını qidalandırmaq üçün bu sadiq nökərdən kanal kimi istifadə edir. Sadiq nökəri tanımağımız olduqca vacibdir. Bizim ruhani sağlamlığımız və Allahla münasibətlərimiz bu kanaldan asılıdır (Mat. 4:4; Yəh. 17:3).

3. Ədəbiyyatlarımızda sadiq nökər məsəli necə izah olunurdu?

3 Bəs İsanın sadiq nökərlə bağlı məsəlini necə başa düşürük? Əvvəllər ədəbiyyatlarımızda belə izahat verilirdi: İsa eramızın 33-cü ilinin Əllinci gün bayramında sadiq nökəri evindəki qulluqçuların üzərinə təyin etdi. Nökər dedikdə o vaxtdan bəri istənilən vaxt kəsiyi ərzində yer üzündə yaşayan bütün məsh olunmuşlar nəzərdə tutulur. Evdəki qulluqçular da ayrı-ayrılıqda həmin məsh olunmuşlara aid edilir. İsa 1919-cu ildə «əmlakının idarəsini» — Padşahlığın yer üzündəki bütün maraqlarını sadiq nökərə tapşırdı. Lakin dərin araşdırmalar aparıb, dua edərək düşündükdən sonra məlum oldu ki, İsanın sadiq və ağıllı nökər barəsində dediyi sözlərə dair təlimimizə aydınlıq  gətirilməlidir (Sül. məs. 4:18). Göydə və ya yerdə yaşamaq ümidinə malik olmağımızdan asılı olmayaraq, gəlin bu məsəli və onun bizə hansı aidiyyəti olduğunu araşdıraq.

BU MƏSƏL NƏ ZAMAN YERİNƏ YETİR?

4-6. Biz nə üçün İsanın sadiq nökər məsəlinin 1914-cü ildən sonra yerinə yetməyə başladığı qənaətinə gələ bilərik?

4 Sadiq və ağıllı nökərlə bağlı məsəlin kontekstindən görünür ki, bu peyğəmbərlik eramızın 33-cü ilinin Əllinci gün bayramında yox, yaşadığımız bu axır günlərdə yerinə yetməyə başlayıb. Gəlin görək Müqəddəs Yazıların köməyi ilə biz bu qənaətə necə gəlirik.

5 Sadiq nökərlə bağlı məsəl İsanın öz «iştirakının və dövrün yekununun əlaməti» ilə bağlı dediyi peyğəmbərliyin bir hissəsidir (Mat. 24:3). Peyğəmbərliyin Matta 24:4—22 ayələrində yazılan birinci hissəsi iki dəfə yerinə yetir — birinci dəfə eramızın 33-cü ilindən 70-ci ilinə qədər, ikinci dəfə isə geniş miqyasda bizim günlərdə. Bu, İsanın sadiq nökərlə bağlı sözlərinin də iki dəfə yerinə yetməli olduğunumu göstərir? Xeyr.

6 Matta 24:29 ayəsindən başlayaraq İsa diqqəti əsas etibarilə bizim günlərdə baş verəcək hadisələrə yönəldir. (Matta 24:30, 42, 44 ayələrini oxu.) O, böyük müsibət zamanı baş verəcək hadisələrdən danışarkən qeyd etmişdi ki, insanlar «insan Oğlunu... buludların üzərində gəldiyini görəcək». Sonra axır günlərdə yaşayanlara «Ağanızın hansı gün gələcəyini bilmirsiniz» və «insan Oğlu gözləmədiyiniz saatda gələcək» sözləri ilə müraciət edərək onları oyaq qalmağa təşviq etmişdi *. İsa sadiq nökər məsəlini bu kontekstdə, yəni axır günlərdə baş verəcək hadisələr barədə danışarkən çəkmişdi. Buna görə də biz belə qənaətə gələ bilərik ki, onun sadiq nökərlə bağlı dediyi sözlər yalnız 1914-cü ildə axır günlər başladıqdan sonra yerinə yetməyə başlayıb. Bu qənaətə gəlməyə kifayət qədər əsas var. Nəyə görə?

7. Biçin vaxtı başlayanda hansı vacib sual ortaya çıxdı və nə üçün?

7 Bir anlıq bu sualın üzərində düşünün: «Sadiq və ağıllı nökər görəsən, kimdir?» Birinci əsrdə bu sualı vermək üçün, demək olar ki, heç bir səbəb yox idi. Əvvəlki məqalədən gördük ki, həvarilər, Allahın onlara dəstək olduğunun sübutu kimi, möcüzələr göstərə, hətta başqalarına da bu ənamı ötürə bilirdilər (Həv. iş. 5:12). Belə olan halda, Məsihin rəhbərlik etmək üçün kimi təyin etdiyi sualını verməyə nə ehtiyac vardı? Ancaq 1914-cü ildə vəziyyət tamam fərqli idi. Həmin il biçin vaxtı başlamışdı. Axır ki, alaq otlarını buğdadan ayırmağın vaxtı gəlib çatmışdı (Mat. 13:36—43). Biçin vaxtı başladığından vacib sual ortaya çıxmışdı: özlərini Məsihin əsil davamçıları adlandıran çoxlu saxta məsihçilərin arasında buğdanı — məsh olunmuş məsihçiləri necə müəyyən etmək olardı? Sadiq nökərlə bağlı məsəl bu sualı cavablandırır. Məsihin məsh olunmuş davamçıları ruhani cəhətdən yaxşı bəslənmiş insanlar olmalı idi.

SADİQ VƏ AĞILLI NÖKƏR KİMDİR?

8. Sadiq nökərin məsh olunmuşlardan ibarət olması nə üçün münasibdir?

8 Sadiq nökər yer üzündəki məsh olunmuş məsihçilərdən ibarət olmalıdır. Bu cür insanlar «padşah və kahin tayfası» adlanır və onlara «qaranlıqdan Öz heyrətamiz nuruna çağıranın “əzəmətli keyfiyyətlərini bəyan etmək”» tapşırılıb (1 Pet. 2:9). Yalnız bu «padşah və kahin tayfası»nın üzvləri öz həmimanlılarına həqiqəti öyrətməyə tam münasibdirlər (Mal. 2:7; Vəhy 12:17).

9. Yer üzündə yaşayan bütün məsh olunmuşlar sadiq nökərə daxildir? İzah edin.

 9 Yer üzündə yaşayan bütün məsh olunmuşlar sadiq nökərə daxildir? Xeyr. Əslində, yer üzündəki həmimanlılarına ruhani qida vermək işində məsh olunmuşların hamısı iştirak etmir. Buğdalar arasında elə məsh olunmuş qardaşlar var ki, onlar öz yığıncaqlarında xidməti köməkçi və ya ağsaqqal kimi xidmət edirlər. Onlar evdən-evə təbliğdə və aid olduqları yığıncaqda təlim verir, eləcə də sədaqətlə mərkəzi idarənin verdiyi rəhbərliyi dəstəkləyirlər. Amma onlar ümumdünya qardaşlığın ruhani qida ilə təmin olunması işində iştirak etmirlər. Həmçinin məsh olunmuşların arasında təvazökar bacılar da var ki, onlar heç vaxt yığıncaqlarda təlim verməyə cəhd göstərmirlər (1 Kor. 11:3; 14:34).

10. Sadiq və ağıllı nökər kimdir?

10 Bəs sadiq və ağıllı nökər kimdir? İsanın çox sayda insanı bir neçə nəfərin vasitəsilə qidalandırmaq nümunəsinə uyğun olaraq, bu nökər Məsihin iştirakı zamanı ruhani qidanın hazırlanmasında və paylanmasında birbaşa iştirak edən məsh olunmuşlardan ibarət kiçik bir qrupdur. Bu axır günlərdə sadiq nökəri təşkil edən məsh olunmuş qardaşlar mərkəzi idarədə birgə xidmət edirlər. Son bir neçə on ildir ki, Yehovanın Şahidlərinin Rəhbərlik Şurası sadiq nökər kimi fəaliyyət göstərir. Ancaq qeyd edək ki, İsanın məsəlindəki «nökər» sözü təkdə işlənir və onun bir nökər olduğuna işarə edir. Rəhbərlik Şurasının üzvləri qərarları birgə qəbul edirlər.

EVDƏKİ QULLUQÇULAR KİMLƏRDİR?

11, 12. a) Sadiq və ağıllı nökərə hansı iki iş həvalə edildi? b) İsa sadiq nökəri evindəki qulluqçuların üzərinə nə zaman təyin etdi və bu iş üçün kimləri seçdi?

11 Diqqət yetirək ki, İsanın məsəlindəki sadiq və ağıllı nökərin üzərinə iki fərqli məsuliyyət qoyulur. Birincisi, evdəki qulluqçuların üzərinə təyin olunurlar, ikincisi isə, ağanın bütün əmlakı onlara tapşırılır. Bu məsəl yalnız bu axır günlərdə yerinə yetdiyindən verilən hər iki tapşırıq da İsanın 1914-cü ildə Padşah kimi iştirakı başladıqdan sonra yerinə yetəcəkdi.

12 İsa sadiq nökəri evindəki qulluqçuların üzərinə nə zaman təyin etdi? Cavabı tapmaq üçün 1914-cü ilə — biçin işinin  başlandığı dövrə qayıtmalıyıq. Əvvəldə dediyimiz kimi, həmin vaxt bir çox qruplar məsihçi olduqlarını iddia edirdi. Bəs İsa bu qruplardan hansını sadiq nökər təyin etmək üçün seçəcəkdi? Bu sual İsa Atası ilə birlikdə gəlib 1914-cü ildən 1919-cu ilin əvvəlinə qədər məbədi yoxlayandan, yaxud ibadətdə ruhani islahatlar görəndən sonra öz cavabını tapdı * (Mal. 3:1). Onlar ürəkləri Yehova və Onun Kəlamı ilə olduğunu göstərən sadiq Müqəddəs Kitab Tədqiqatçılarının kiçik qrupunu görəndə çox sevindilər. Təbii ki, onların bir qədər təmizlənməsinə ehtiyac var idi və qısa müddət çəkən həmin yoxlama və təmizləmə prosesinə onlar təvazökarlıqla hay verdilər (Mal. 3:2—4). Bu sadiq Müqəddəs Kitab Tədqiqatçıları buğda sinfinə daxil olan həqiqi məsihçilər idi. 1919-cu ildə — ruhani dirçəliş vaxtı İsa bacarıqlı məsh olunmuş qardaşların içindən sadiq və ağıllı nökər seçdi və onları evindəki qulluqçuların üzərinə təyin etdi.

13. Evdəki qulluqçulara kimlər daxildir və nə üçün?

13 Bəs evdəki qulluqçular kimlərdir? Sadə sözlə desək, onlar qidanı qəbul edənlərdir. Axır günlərin əvvəllərində evdəki qulluqçuların hamısı məsh olunmuşlar idi. Sonradan başqa qoyunlardan ibarət böyük izdiham evdəki qulluqçuların bir hissəsi oldu. İndi başqa qoyunlar Məsihin başçılığı altında olan bir sürünün böyük hissəsini təşkil edir (Yəh. 10:16). Hər iki qrup sadiq nökərin payladığı ruhani qidadan eyni vaxtda faydalanırlar. Sadiq və ağıllı nökər olan Rəhbərlik Şurasının indiki üzvləri haqqında nə demək olar? Bu qardaşlar üçün də ruhani cəhətdən qidalanmaq zəruridir. Buna görə də onlar təvazökarlıqla qəbul edirlər ki, İsanın digər əsil davamçıları kimi, onlar da ayrı-ayrılıqda evin qulluqçularıdır.

Göydə və ya yerdə yaşamaq ümidimizin olmasından asılı olmayaraq, biz hamımız evdəki qulluqçularıq və vaxtlı-vaxtında verilən eyni ruhani qidaya ehtiyac duyuruq

14. a) Sadiq nökərə hansı iş həvalə edilib və bu, özünə nəyi daxil edir? b) İsa sadiq və ağıllı nökərə hansı xəbərdarlığı edib? («Əgər yaramaz nökər...» adlı çərçivəyə bax.)

14 İsa sadiq və ağıllı nökərin üzərinə məsuliyyət qoyub. Qədimdə etibarlı nökərlər və ya nökərbaşılar evin işlərini idarə edirdilər (Luka 12:42). Eynilə, sadiq və ağıllı nökərə yer üzündə Ağaya məxsus olan hər şeyi idarə etmək tapşırılıb. Bu məsuliyyətə maddi vəsaitlər, təbliğ işi, konqres proqramları, təbliğdə, şəxsi öyrənmə və yığıncaq zamanı faydalandığımız  Müqəddəs Kitab nəşrlərinin dərc olunması daxildir. Evdəki qulluqçular üçün sadiq nökərin təqdim etdiyi bütün ruhani tədbirlər zəruridir.

AĞA BÜTÜN ƏMLAKININ İDARƏSİNİ NÖKƏRƏ NƏ VAXT TAPŞIRIR?

15, 16. İsa bütün əmlakını sadiq nökərə nə zaman tapşırır?

15 İsa ikinci məsuliyyətli işi — «bütün əmlakının idarəsini» nə zaman tapşırır? O demişdi: «O nökər xoşbəxtdir ki, ağası gələndə onu iş başında tapacaq. Əmin olun, ağası bütün əmlakının idarəsini ona tapşıracaq» (Mat. 24:46, 47). Qeyd edək ki, İsa ikinci tapşırığı özü gələndən və nökəri «iş başında», yəni ruhani qidanı sədaqətlə payladığını görəndən sonra verir. Deməli, sözügedən iki tapşırıq arasında müəyyən interval olmalı idi. İsanın bütün əmlakını nökərə necə və nə zaman tapşıracağını başa düşmək üçün iki məqamı bilməliyik: o nə vaxt gəlir və onun əmlakına nələr daxildir?

16 İsa nə zaman gəlir? Cavabı kontekstdən tapa bilərik. Yadımıza salaq ki, əvvəlki ayələrdə İsanın gəlişindən danışılanda onun bu sistemin sonunda hökm bəyan etmək və onu icra etmək üçün gələcəyi vaxt nəzərdə tutulurdu * (Mat. 24:30, 42, 44). Deməli, İsanın sadiq nökər məsəlində xatırlanan gəlişi də böyük müsibətdə baş verir.

17. İsanın əmlakına nə daxildir?

17 İsanın bütün əmlakına nə daxildir? Əgər İsa əmlakının yalnız yerdəki hissəsindən danışsaydı, o, «bütün» sözünü istifadə etməzdi. Əslində, İsanın göydə böyük səlahiyyəti var. O, özü demişdi ki, «göydəki və yerdəki bütün hakimiyyət mənə verilib» (Mat. 28:18; Efes. 1:20—23). Hal-hazırda onun əmlakına 1914-cü ildən ona mənsub olan və məsh  olunmuş davamçıları ilə birgə idarə edəcəyi səmavi Padşahlıq daxildir (Vəhy 11:15).

18. İsa bütün əmlakını nökərə nə üçün məmnuniyyətlə tapşıracaq?

18 Araşdırdığımız bu fikirlərdən sonra hansı qənaətə gələ bilərik? İsa böyük müsibət zamanı hökm etmək üçün gələndə sadiq nökərin evdəki qulluqçulara sədaqətlə ruhani qidanı vaxtlı-vaxtında verdiyini görəcək. İsa həmin vaxt məmnuniyyətlə ikinci tapşırığı — bütün əmlakının idarəsini ona həvalə edəcək. Sadiq nökəri təşkil edən insanlar göylər mükafatlarını alanda, yəni Məsihlə birlikdə idarə etməyə başlayanda bu tapşırıqlarını alacaqlar.

19. Sadiq nökər göydə digər məsh olunmuşlardan daha böyük mükafat alacaq? İzah edin.

19 Bu o deməkdirmi ki, sadiq nökər göydə digər məsh olunmuşlardan daha böyük mükafat alacaq? Xeyr. Kiçik qrupa verilən bu vədə, nəticə etibarı ilə, digər məsh olunmuşlar da şərik olacaq. Məsələn, ölümündən əvvəlki gecə İsanın 11 sadiq həvarisinə dediyi sözlərə diqqət yetirək. (Luka 22:28—30 ayələrini oxu.) İsa bu balaca qrupun üzvlərinə sadiqliklərinə görə onları gözləyən gözəl mükafatdan bəhs etmişdi. İsa padşahlıq səlahiyyətini onlarla bölüşəcəkdi. Ancaq illər sonra o bildirdi ki, 144 000-in hamısı taxtlarda əyləşəcək və onun padşahlığına şərik olacaq (Vəhy 1:1; 3:21). Eynilə, Matta 24:47 ayəsində deyildiyi kimi, o, bu kiçik qrupa — məsh olunmuş qardaşlardan ibarət olan sadiq nökərə bütün əmlakının idarəsini tapşıracağını vəd edir. Əslində isə, 144 000-in hamısı onunla birlikdə səmavi Padşahlıqda idarə edəcək (Vəhy 20:4, 6).

144 000-in hamısı İsa ilə birlikdə səmavi Padşahlıqda idarə edəcək (19-cu abzasa bax)

20. İsa nə üçün sadiq nökər təyin etdi və sən nədə qətiyyətlisən?

20 İsa sadiq və ağıllı nökərin vasitəsilə birinci əsrdə qoyduğu nümunəyə uyğun davranır — çox sayda insanı bir neçə nəfərin vasitəsi ilə bəsləyir. İsa bu sadiq nökəri ona görə təyin etdi ki, bu axır günlərdə öz sadiq davamçılarının, istər məsh olunmuşların, istərsə də başqa qoyunların, vaxtlı-vaxtında ruhani qida ilə təmin olunacağına əmin olsun. Gəlin sadiq nökəri təşkil edən məsh olunmuş qardaşları sədaqətlə dəstəkləməklə minnətdarlığımızı bildirməkdə qətiyyətli olaq (İbr. 13:7, 17).

 

^ abz. 2 Abzas 2: [1] Bir qədər əvvəl İsa oxşar məsəl çəkmişdi. Orada o, «nökər»i «nökərbaşı», «evindəki [qulluqçuları]» isə «öz [qulluqçuları]» adlandırır (Luka 12:42—44).

^ abz. 6 Abzas 6: [2] Məsihin «gəlişi» (yunanca erkhomai) onun «iştirakın»dan (parousia) fərqlənir. Onun gözlə görülməyən iştirakı hökm etmək üçün gəlişindən əvvəl başlayır.

^ abz. 12 Abzas 12: [3] Bu jurnalın «Mən... həmişə sizinləyəm» adlı məqaləsinin 5—8 abzaslarına bax.

^ abz. 16 Abzas 16: [4] Bu jurnalın «Bizə de, bunlar nə vaxt baş verəcək?» adlı məqaləsinin 14—18 abzaslarına bax.