Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) İYUL 2013

«Mən... həmişə sizinləyəm»

«Mən... həmişə sizinləyəm»

«Mən bu dövrün yekununa kimi həmişə sizinləyəm» (MAT. 28:20).

1. a) Buğda və alaq otları məsəlini qısaca nəql et. b) İsa bu məsəlin mənasını necə izah etdi?

İSANIN Padşahlıq haqqında məsəllərindən birində yaxşı toxum səpən əkinçi və bu toxumlar arasında alaq otu toxumu səpən düşmən təsvir olunur. Alaq otu çoxalmağa başlayır, ancaq əkinçi öz nökərlərinə tapşıraraq deyir: «Qoy ikisi də biçinə qədər bir yerdə böyüsünlər». Biçin vaxtı alaq otları məhv ediləcək, buğda isə toplanacaq. İsa özü bu məsəlin məğzini izah edir. (Matta 13:24—30, 37—43 ayələrini oxu.) Bu məsəldə söhbət nədən gedir? («Buğda və alaq otları» adlı çərçivəyə bax.)

2. a) Əkinçinin tarlasında baş verən hadisələr nələri təsvir edir? b) Bu məqalədə məsəlin hansı hissəsi müzakirə ediləcək?

2 Əkinçinin tarlasında baş verən hadisələr İsanın buğda sinfinə daxil olan insanları — onunla birlikdə Padşahlıqda idarə edəcək məsh olunmuş məsihçiləri necə və nə vaxt toplayacağını göstərir. Əkin işi eramızın 33-cü ilinin Əllinci gün bayramından başlayıb. Yığım işi bu sistemin sonuna qədər sağ qalan məsh olunmuşların axırıncı dəfə möhürlənəcəyi və sonra göyə qaldırılacağı zaman tamamlanacaq (Mat. 24:31; Vəhy 7:1—4). Dağın zirvəsindən ətrafa geniş mənzərə açıldığı kimi, bu məsəl də bizə təxminən 2000 il ərzində baş verən hadisələrin gedişatını görməyə kömək edir. Belə vəziyyətdə biz Padşahlıqla əlaqəli baş verən hansı hadisələri müşahidə edirik? Bu məsəldə əkin, inkişaf və biçin vaxtı təsvir olunur. Bu məqalədə diqqət, əsas etibarilə, biçin vaxtına yönəldilir *.

İSA ONLARLADIR

3. a) Birinci əsrdən sonra hadisələr necə cərəyan etməyə başladı? b) Matta 13:28 ayəsinə əsasən, kimlər hansı sualı qaldırmışdılar? (Həmçinin qeydə bax.)

3 «Alaq otları» eramızın ikinci əsrinin əvvəllərində  saxta məsihçilərin dünya tarlasında peyda olması ilə ortaya çıxdı (Mat. 13:26). Artıq dördüncü əsrdə alaq otuna bənzəyən məsihçilərin sayı məsh olunmuşların sayından qat-qat çox idi. Yadınızdadırsa, məsəldə nökərlər ağalarından alaq otlarını kökündən çıxarıb atmaq üçün icazə istəmişdilər * (Mat. 13:28). Bəs ağa onlara necə cavab vermişdi?

4. a) Ağanın, yəni İsanın cavabından nə aydın olur? b) Buğda ilə müqayisə olunan məsihçilər nə vaxtdan görünməyə başladılar?

4 Buğda və alaq otları barədə İsa demişdi: «Qoy ikisi də biçinə qədər bir yerdə böyüsünlər». Bu tapşırıq onu göstərir ki, birinci əsrdən bu günə qədər yer üzündə həmişə buğda ilə müqayisə olunan məsh olunmuşlar olub. Bu qənaətə gəlməyə bizə İsanın şagirdlərinə bir qədər sonra dediyi sözlər kömək edir: «Mən bu dövrün yekununa kimi həmişə sizinləyəm» (Mat. 28:20). Bu, o deməkdir ki, dövrün sonuna kimi məsh olunmuş məsihçilər həmişə İsanın müdafiəsi altında olacaqlar. Ancaq alaq otları ilə müqayisə olunan saxta məsihçilərin sayca üstünlük təşkil etdiyi bu uzun vaxt ərzində kimin buğda sinfinə aid olduğunu dəqiq bilmirik. Lakin biçin vaxtı başlamazdan təxminən 30 il əvvəl buğda sinfi görünməyə başladı. Bu necə baş verdi?

ELÇİ YOL HAZIRLAYIR

5. Malakinin peyğəmbərliyi birinci əsrdə necə yerinə yetdi?

5 İsa buğda və alaq otları ilə bağlı məsəlini çəkməzdən əsrlər öncə, Yehova Malaki peyğəmbəri İsanın məsəlində öz əksini tapan hadisələr barədə peyğəmbərlik etməyə ilhamlandırmışdı. (Malaki 3:1—4 ayələrini oxu.) Yol hazırlayan ilk elçi Vəftizçi Yəhya olmuşdur (Mat. 11:10, 11). O,  eramızın 29-cu ilində gələndə İsrail xalqı üçün hökm vaxtı yaxınlaşmışdı. İkinci elçi isə İsa Məsih idi. O, Yerusəlimdəki məbədi iki dəfə — birinci dəfə xidmətinin əvvəlində, ikinci dəfə isə xidmətinin sonuna yaxın təmizləmişdi (Mat. 21:12, 13; Yəh. 2:14—17). Deməli, İsanın gördüyü bu təmizlik işi müəyyən vaxtı əhatə etmişdi.

6. a) Malakinin peyğəmbərliyi geniş miqyasda necə yerinə yetdi? b) İsa ruhani məbəddə yoxlama işini hansı vaxt ərzində həyata keçirib? (Həmçinin qeydə bax.)

6 Malakinin peyğəmbərliyi geniş miqyasda necə yerinə yetdi? 1914-cü ilə qədər onilliklər ərzində Çarlz Teyz Rassel və onun əməkdaşları Vəftizçi Yəhyanın işinə bənzər işi həyata keçirmişlər. Bu Müqəddəs Kitab Tədqiqatçılarının gördükləri vacib işə Allahın Kəlamındakı həqiqətləri yenidən üzə çıxartmaq, məsələn, Məsihin fidyə qurbanlığının əsil mənasını öyrətmək, cəhənnəm odu təlimini ifşa etmək, digər xalqların vaxtının sona çatmaq üzrə olduğunu bəyan etmək daxil idi. Bununla belə, Məsihin davamçıları olduğunu iddia edən bir çox dini qruplar mövcud idi. Buna görə də bu qruplardan hansının buğda sinfi olduğuna dair vacib sual cavab tələb edirdi. Bu məsələyə aydınlıq gətirmək üçün İsa 1914-cü ildə ruhani məbədi yoxlamağa başladı. Bu yoxlama və təmizlik işi 1914-cü ildən 1919-cu ilin əvvəlinə qədər davam etdi *.

YOXLAMA VƏ TƏMİZLİK İLLƏRİ

7. İsa 1914-cü ildə yoxlama işinə başlayanda nəyi müəyyən etdi?

7 İsa yoxlama işinə başlayanda nəyi müəyyən etdi? Artıq 30 ildən çox idi ki, Müqəddəs Kitab Tədqiqatçılarından ibarət kiçik bir qrup geniş təbliğ kampaniyasına  bütün gücünü və imkanını sərf edirdi *. Nisbətən az, amma sağlam saplaqları olan bu buğda sinfinin Şeytanın alaq otları arasında boğulmadığını görmək İsa və mələklər üçün necə də sevindirici idi! Ancaq hələ də «Levililəri», yəni məsh olunmuşları saflaşdırmağa ehtiyac var idi (Mal. 3:2, 3; 1 Pet. 4:17). Bəs niyə?

8. 1914-cü ildən sonra hansı hadisələr baş verdi?

8 Bəzi Müqəddəs Kitab tədqiqatçıları 1914-cü ilin sonunda göyə qalxmadıqları na görə məyusluğa qapıldılar. 1915—1916-cı illər ərzində təşkilata xaricdən edilən təqiblər təbliğ işini zəiflətdi. Ən pisi isə, 1916-cı ilin oktyabr ayında Rassel qardaşın ölümündən sonra təşkilatın daxilində də güclü fikir ayrılıqları yaranmağa başladı. Gözətçi Qülləsi, Müqəddəs Kitab və Traktatlar Cəmiyyətinin yeddi direktorundan dördü Ruterford qardaşın rəhbər seçilməsi qərarına sonradan qarşı çıxdılar. Onlar qardaşlar arasında nifaq salmağa çalışdılar, ancaq 1917-ci ilin avqust ayında onların Bet-Eli tərk etmələri əsil təmizlik oldu! Üstəlik, bəzi Müqəddəs Kitab Tədqiqatçıları insan qorxusuna qapılmışdılar. Lakin ümumilikdə onlar İsanın təmizlik işinə hay verdilər və lazımi dəyişikliklər etdilər. Beləliklə, İsa onları buğda sinfinə aid olan həqiqi məsihçilər kimi qəbul etdi, xristian kilsələrinə mənsub olan kəslər də daxil olmaqla, bütün yalançı məsihçiləri isə rədd etdi (Mal. 3:5; 2 Tim. 2:19). Sonra nə baş verdi? Bunu bilmək üçün gəlin buğda və alaq otları məsəlinə qayıdaq.

BİÇİN VAXTI BAŞLADIQDAN SONRA NƏLƏR BAŞ VERİR?

9, 10. a) Biçin işi ilə bağlı nəyi araşdıracağıq? b) Biçin vaxtı birinci hansı iş həyata keçirildi?

9 «Biçin dövrün [yekunudur]», — deyə İsa qeyd etmişdi (Mat. 13:39). Bu biçin vaxtı 1914-cü ildən başlayıb. İndi biz İsanın haqqında danışdığı və bu dövrdə baş verən beş hadisəni nəzərdən keçirəcəyik.

10 Birincisi, alaq otlarının yığılması. İsa demişdi: «Biçin vaxtı mən biçinçilərə deyəcəyəm: “Əvvəlcə alaq otlarını yığıb dərz bağlayın və yandırın”». 1914-cü ildən sonra mələklər alaq otları ilə müqayisə olunan məsihçiləri «padşahlığın oğulları» olan məsh olunmuşlardan ayıraraq onları yığmağa başladı (Mat. 13:30, 38, 41).

11. Bu günə kimi həqiqi məsihçiləri saxtalardan fərqləndirən əsas nə olub?

11 Yığım işi sürətləndikcə iki qrup arasındakı fərq daha da aydın göründü (Vəhy 18:1, 4). 1919-cu ildə aydın oldu ki, Böyük Babil yıxılıb. Bəs həqiqi məsihçiləri saxtalardan fərqləndirən əsas nə idi? Təbliğ işi. Müqəddəs Kitab Tədqiqatçıları arasında rəhbərliyi üzərlərinə götürənlər Padşahlığın təbliğ işində hər kəsin iştirak etməsinin vacibliyini vurğulamağa başladılar. Məsələn, 1919-cu ildə nəşr edilən «Bu iş kimə həvalə olunub?» adlı bukletdə bütün məsh olunmuş məsihçilər evdən-evə təbliğ etməyə təşviq olunurdular. Orada deyilirdi: «Nə qədər nəhəng görünsə də, bu, Rəbbimizin işidir və biz bunun öhdəsindən Onun köməyi ilə gələcəyik. Sən bu işdə iştirak etmək şərəfinə layiq görülmüsən». Buna necə hay verildi? 1922-ci ildə nəşr olunan «Gözətçi qülləsi»ndə xəbər verilirdi ki, Müqəddəs Kitab Tədqiqatçıları təbliğ işini sürətləndirməyə başladılar. Bu sadiq məsihçilər elə o vaxtdan bu günə kimi evdən-evə təbliğ işləri ilə tanınırlar.

12. Buğda sinfi nə vaxtdan toplanır?

12 İkincisi, buğdanın toplanması. İsa öz mələklərinə əmr edir: «Buğdanı mənim anbarıma toplayın» (Mat. 13:30). 1919-cu ildən etibarən, məsh olunmuş məsihçilər təmizlənmiş məsihçi yığıncağına toplanırlar. Bu sistemin sonuna qədər sağ qalan məsh olunmuşların son  yığımı göylər mükafatlarını alanda baş verəcək (Dan. 7:18, 22, 27).

13. Vəhy 18:7 ayəsində, Xristian dünyası da daxil olmaqla, fahişənin, yəni Böyük Babilin indiki əhval-ruhiyyəsi barədə nə deyilir?

13 Üçüncüsü, ağlaşma və diş qıcırtısı. Mələklər alaq otlarını yığıb dərz bağlayandan sonra nə baş verir? Alaq otları sinfinə daxil olanların vəziyyəti barədə İsa deyir: «Onlar orada ağlaşıb dişlərini qıcayacaqlar» (Mat. 13:42). Bu, elə indi baş verir? Xeyr. Bu gün fahişənin bir hissəsi olan Xristian dünyası hələ də özü haqqında belə deyir: «Mən taxtda oturmuş bir məlikəyəm, dul qalmamışam, heç vaxt da yas tutmayacağam» (Vəhy 18:7). Həqiqətən də, Xristian dünyası özünü böyük səlahiyyət sahibi hesab edir, hətta bütün siyasi liderlərin üstündə məlikə kimi əyləşdiyinə görə göylə gedir. Hal-hazırda alaq otları ilə təmsil olunanlar ağlaşmaq əvəzinə, qürurlanırlar. Ancaq bu, belə qalmayacaq.

Siyasi liderlərlə sıx münasibətləri olan Xristian dünyasının tezliklə sonu gələcək (13-cü abzasa bax)

14. a) Saxta məsihçilər nə vaxt və nə üçün dişlərini qıcayacaqlar? b) Matta 13:42 ayəsi ilə bağlı edilən təlim dəyişikliyi Məzmur 112:10 ayəsindəki fikrə necə uyğun gəlir? (Qeydə bax.)

14 Böyük müsibət zamanı bütün yalan dinlər məhv edildikdən sonra, onların keçmiş nümayəndələri qaçıb sığınacaq axtaracaqlar, ancaq gizlənmək üçün təhlükəsiz yer tapmayacaqlar (Luka 23:30; Vəhy 6:15—17). Məhvdən canlarını qurtara bilməyəcəklərini görəndə çarəsiz halda ağlaşacaq və qəzəbdən «dişlərini qıcayacaqlar». İsa böyük müsibət haqqında peyğəmbərliyində dediyi kimi, bu zülmətli anlarda onlar «başlarına döyəcəklər» * (Mat. 24:30; Vəhy 1:7).

15. Alaq otları ilə nə baş verəcək və nə vaxt?

15 Dördüncüsü, odlu kürəyə atılma. Dərz bağlanmış alaq otları ilə nə baş verəcək? Mələklər onları «odlu kürəyə atacaqlar» (Mat. 13:42). Bu, onların tamamilə məhv ediləcəyini bildirir. Ancaq yalan dini təşkilatların keçmiş üzvləri böyük müsibətin sonuncu hissəsində, Har-Magedonda məhv ediləcəklər (Mal. 4:1).

16, 17. a) İsanın məsəlində xatırlanan sonuncu hadisə hansıdır? b) Nə üçün bu hadisənin gələcəkdə olacağı qənaətinə gəlirik?

16 Beşincisi, salehlərin parlaması. İsa peyğəmbərliyinə belə yekun vurur: «Salehlər isə o vaxt Atalarının padşahlığında günəş kimi parlayacaqlar» (Mat. 13:43). Bu nə vaxt və harada olacaq? Bu sözlər daha sonra yerinə yetəcək. İsa hal-hazırda yer üzündə baş verən hadisədən yox, daha sonra göydə olacaq hadisədən danışırdı *. Belə bir qənaətə gəlməyimizin iki səbəbini nəzərdən keçirək.

17 İlk növbədə, «nə vaxt?» sualına nəzər salaq. İsa demişdi: «Salehlər isə  o vaxt... parlayacaqlar». «O vaxt» ifadəsi İsanın yuxarıda xatırlatdığı hadisəyə, yəni alaq otlarının «odlu kürəyə» atılmasına işarə edir. Bu, böyük müsibətin sonunda baş verəcək. Buna görə də məsh olunmuşların parlaması da gələcəkdə baş verməlidir. İkincisi, «harada?» sualıdır. İsa demişdi ki, salehlər «Atalarının padşahlığında... parlayacaqlar». Bu nə deməkdir? Böyük müsibətin birinci mərhələsi bitdikdən sonra yer üzündə qalan bütün sadiq məsh olunmuşlar axırıncı dəfə möhürlənmiş olacaqlar. Sonra isə, İsanın böyük müsibətlə bağlı peyğəmbərliyində vurğulandığı kimi, göyə toplanacaqlar (Mat. 24:31). Onlar orada, «Atalarının padşahlığında... parlayacaqlar» və Har-Magedon müharibəsindən dərhal sonra «Quzunun toy [ziyafətində]», bir gəlin kimi, İsanın sevincinə şərik olacaqlar (Vəhy 19:6—9).

BİZƏ FAYDASI

18, 19. İsanın buğda və alaq otları haqda məsəlini başa düşməyimiz hər birimizə necə fayda gətirir?

18 Bu məsəli belə geniş araşdırmağımız hər birimizə necə fayda gətirir? Gəlin üç sahəyə nəzər salaq. Birincisi, müəyyən şeyləri daha dərindən başa düşməyimizə kömək edir. Bu məsəl Yehovanın pisliklərə nə üçün yol verməsinin vacib səbəbini açıqlayır. O, «qəzəb qablarına böyük səbirlə» dözür ki, «mərhəmət qabları»nı, yəni buğda sinfini hazırlasın * (Rom. 9:22—24). İkincisi, əminliyimizi gücləndirir. Son yaxınlaşdıqca düşmənlərimiz bizə hücumlarını daha da gücləndirəcəklər, «ancaq gücləri çatmayacaq». (Yeremya 1:19 ayəsini oxu.) Səmavi Atamız Yehova əsrlər boyunca buğda sinfini qoruduğu kimi, İsa və mələklər vasitəsilə həmişə bizimlə olacaq (Mat. 28:20).

19 Üçüncüsü, bu məsəl bizə buğda sinfini müəyyən etməyə kömək edir. Bu nə üçün vacibdir? Buğda ilə müqayisə olunan məsihçilərin kimliyini bilməyimiz bizə İsanın axır günlər haqqında dediyi təfsilatlı peyğəmbərliyində qaldırdığı bir sualın cavabını tapmağımıza kömək edir. O soruşmuşdu: «Sadiq və ağıllı nökər görəsən, kimdir?» (Mat. 24:45). Növbəti iki məqalədə biz bu sualın qaneedici cavabını tapacağıq.

 

^ abz. 2 Abzas 2: [1] Bu məsəlin digər hissələrini yada salmaq üçün sizi «Gözətçi qülləsi»nin 2010-cu il 15 mart sayında olan «Salehlər günəş kimi parlayacaqlar» adlı məqaləni oxumağa təşviq edirik.

^ abz. 3 Abzas 3: [2] İsanın həvarilərinin ölümündən sonra yer üzündə qalan məsh olunmuşlar nökərlə yox, buğda ilə təmsil olunur, nökərlər isə mələkləri təmsil edir. Daha sonra bu məsəldən görünür ki, alaq otlarını biçənlər mələklərdir (Mat. 13:39).

^ abz. 6 Abzas 6: [3] Bu, təlimə edilən dəyişiklikdir. Əvvəllər elə düşünürdük ki, İsa yoxlama işinə 1918-ci ildə başlayıb.

^ abz. 7 Abzas 7: [4] 1910-cu ildən 1914-cü ilə kimi Müqəddəs Kitab Tədqiqatçıları 4 000 milyona yaxın kitab, 200 milyon-dan çox traktat və buklet paylamışlar.

^ abz. 14 Abzas 14: [5] Bu, Matta 13:42 ayəsindəki təlimə edilən dəyişiklikdir. Əvvəllər ədəbiyyatlarımızda deyilirdi ki, «padşahlığın oğulları» saxta məsihçiləri «Şəririn oğulları» kimi ifşa etdiklərinə görə onlar onilliklərdir ki, «ağlaşıb dişlərini [qıcayırlar]» (Mat. 13:38). Ancaq qeyd etmək lazımdır ki, onların ağlaşıb diş qıcamalarının səbəbi məhvləri ilə əlaqəlidir (Məz. 112:10).

^ abz. 16 Abzas 16: [6] Daniel 12:3 ayəsində qeyd olunur ki, «ağıllı adamlar [məsh olunmuş məsihçilər] göy qübbəsinin parıltısı kimi... parlayacaq». Nə qədər ki, yer üzündədirlər, onlar bunu xoş xəbərin təbliğ işini yerinə yetirməklə edirlər. Matta 13:43 ayəsində isə onların səmavi Padşahlıqda parlayacaqları vaxt vurğulanır. Əvvəllər elə düşünürdük ki, hər iki ayədə eyni fəaliyyətdən — təbliğ işindən bəhs olunur.

^ abz. 18 Abzas 18: [7] «Yehovaya yaxınlaş» kitabının 288, 289-cu səhifələrinə (rus.) bax.