Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) İYUL 2013

Çox sayda insan bir neçə nəfərin vasitəsilə bəslənir

Çox sayda insan bir neçə nəfərin vasitəsilə bəslənir

«Sonra [İsa] çörəkləri bölüb şagirdlərinə verdi, şagirdlər də onları camaata payladılar» (MAT. 14:19).

1-3. Beytsayda yaxınlığında İsanın böyük izdihamı necə doyurduğunu təsvir et. (Məqalənin əvvəlindəki şəklə bax.)

BELƏ bir səhnəni təsəvvür edək. (Matta 14:14—21 ayələrini oxu.) Eramızın 32-ci ilinin Pasxa bayramına az qalıb. Qadınları və uşaqları hesablamasaq, təxminən 5000 nəfər Qalileya gölünün şimal sahilindəki Beytsayda kəndi yaxınlığında yerləşən biyaban ərazidə İsanı və şagirdlərini qarşılayır.

2 İzdihamı gördükdə İsanın onlara yazığı gəlir, aralarındakı xəstələri sağaldır və camaata Allahın Padşahlığı haqqında bir çox şeylər öyrədir. Axşam düşəndə şagirdləri İsaya deyirlər ki, yaxınlıqdakı kəndlərə gedib özlərinə yeməyə bir şey almaları üçün xalqı buraxsın. «Siz onlara yemək verin», — deyə İsa cavab verir. Ola bilsin, onun sözləri şagirdlərini çaş-baş qoyur, axı onların əlində vur-tut beş çörək, ikicə dənə də balaca balıq var.

3 Mərhəmət hissindən irəli gələrək İsa bir möcüzə göstərir. Bu möcüzə Müjdələrin dördündə də qeydə alınan yeganə möcüzədir (Mark 6:35—44; Luka 9:10—17; Yəh. 6:1—13). İsa şagirdlərinə tapşırır ki, camaatı dəstələrə bölüb əlli-əlli, yüz-yüz otun üstündə əyləşdirsinlər. Bərəkət dilədikdən sonra o, çörəyi və balığı böldü. Sonra böldüyü yeməyi birbaşa camaata ötürmək əvəzinə, «şagirdlərinə verdi, şagirdlər də onları camaata payladılar». Heyrətamizdir, yemək yetdi də, hələ artıq da qaldı! Bir anlıq düşünün: İsa cəmi bir neçə nəfərin — şagirdlərinin vasitəsilə minlərlə insanı doyurdu *.

4. a) İsanı daha çox şagirdlərinin hansı qida ilə təmin olunması maraqlandırırdı və nəyə görə? b) Bu və növbəti məqalədə nələri müzakirə edəcəyik?

4 İsanı daha çox şagirdlərinin ruhani qida ilə təmin olunması maraqlandırırdı. O bilirdi ki, Allahın Kəlamında olan həqiqətlərə əsaslanan ruhani qida əbədi həyata aparır (Yəh. 6:26, 27; 17:3). İsa şəfqət hissindən irəli gələrək izdihamı çörək və balıqla doyurduğu  kimi, davamçılarına təlim vermək üçün də saatlarla vaxt sərf edirdi (Mark 6:34). Ancaq o, yer üzündə qısa müddət olacağını və göyə qayıdacağını bilirdi (Mat. 16:21; Yəh. 14:12). Bəs İsa göylərdən yerdəki davamçılarını ruhani qida ilə necə təmin edəcəkdi? O, eyni cür davranacaqdı: çox sayda insanı bir neçə nəfərin vasitəsilə qidalandıracaqdı. Görəsən, bu bir neçə nəfər kimlər olacaqdı? Gəlin görək İsa birinci əsrdəki çoxsaylı məsh olunmuş davamçılarını qidalandırmaq üçün bir neçə nəfərdən necə istifadə etmişdi. Növbəti məqalədə isə hər birimiz üçün olduqca vacib bir sualı nəzərdən keçirəcəyik: Məsihin bu gün bizi qida ilə təmin etmək üçün istifadə etdiyi bir neçə nəfəri necə müəyyən edə bilərik?

Çox sayda insan bir neçə nəfərin vasitəsilə bəslənir (4-cü abzasa bax)

İSA BİR NEÇƏ NƏFƏR SEÇİR

5, 6. a) Ölümündən sonra şagirdlərinin ruhani cəhətdən qidalanması üçün İsa hansı vacib qərarı qəbul etdi? b) İsa həvarilərini gələcəkdə üzərlərinə düşəcək əsas vəzifəyə necə hazırlayırdı?

5 Məsuliyyətli ailə başçısı elə tədbir görür ki, hətta onun ölümündən sonra da ailəsi təmin edilsin. Eynilə, məsihçi yığıncağının Başı olacaq İsa da tədbir gördü ki, ölümündən sonra onun davamçıları ruhani cəhətdən təmin edilsin (Efes. 1:22). Məsələn, ölümündən təxminən iki il əvvəl İsa vacib qərar qəbul etdi. O, ilk bir neçə nəfəri seçdi ki, sonradan onların vasitəsilə bir çoxlarını qida ilə təmin etsin. Gəlin görək bu necə baş verdi.

6 Bütün gecəni dua etdikdən sonra İsa şagirdlərinin hamısını topladı və aralarından 12 nəfəri həvari seçdi (Luka 6:12—16). Növbəti iki il ərzində İsa bu 12 nəfərə xüsusilə yaxın oldu, onları həm sözləri, həm də əməllərilə öyrətdi. O bilirdi ki, şagirdlərinin öyrənməli olduğu çox şey var; elə buna görə də onlar hələ də şagird adlanırdılar (Mat. 11:1; 20:17). İsa onlara dəyərli məsləhətlər vermiş və onları xidmətə hərtərəfli hazırlamışdı (Mat. 10:1—42; 20:20—23; Luka 8:1; 9:52—55). Çox ehtimal ki, o, həvarilərini özünün dirilib göyə qalxmasından sonra üzərlərinə düşəcək əsas vəzifəyə də hazırlamışdı.

7. İsa həvarilərinin əsas vəzifəsinin nədən ibarət olacağını necə açıqladı?

7 Həvarilərin üzərinə hansı vəzifə düşəcəkdi? Eramızın 33-cü ilinin Əllinci gün bayramından bir qədər əvvəl aydın oldu ki, həvarilər «nəzarətçi vəzifəsini» icra edəcəklər (Həv. iş. 1:20). Bəs onların əsas vəzifəsi nədən ibarət olacaqdı? Diriləndən sonra İsa həvari Peterlə söhbətində bu əsas vəzifəni açıqladı. (Yəhya 21:1, 2, 15—17 ayələrini oxu.) O, digər həvarilərin yanında Peterə dedi: «Quzularımı bəslə». İsa bununla göstərirdi ki, çox sayda insana ruhani qida vermək üçün istifadə edəcəyi bir neçə nəfərin sırasına həvarilər də daxil olacaq. Bu, İsanın öz quzularının qayğısına qalmasının necə də aydın və təsirli sübutudur! *

ƏLLİNCİ GÜN BAYRAMINDAN ETİBARƏN ÇOX SAYDA İNSANIN BƏSLƏNMƏSİ

8. Yeni imana gələnlər Əllinci gün bayramında Məsihin istifadə etdiyi kanalı qəbul etdiklərini necə göstərdilər?

8 Dirilmiş Məsih eramızın 33-cü ilinin Əllinci gün bayramından etibarən, digər məsh olunmuş şagirdlərinə qida vermək üçün həvarilərdən, bir kanal kimi, istifadə etməyə başladı. (Həvarilərin işləri 2:41, 42 ayələrini oxu.) Bu kanal həmin gün məsh olunan yəhudilər və prozelitlər tərəfindən aydın qəbul edildi. Şübhəsiz, onlar «həvarilərdən həvəslə təlim alır»dılar. Bir alimin sözlərinə görə, «həvəslə» kimi tərcümə olunan yunan feli «müəyyən bir yolda dözümlü və məqsədyönlü şəkildə sədaqətli olmaq» deməkdir. Yeni imana gələnlər ruhani cəhətdən ac idilər və ruhani qidanı haradan tapacaqlarını  yaxşı bilirdilər. Onlar həvarilərin İsanın sözlərini və gördüyü işləri izah etmələrinə, eləcə də Müqəddəs Yazıların onunla bağlı olan hissələrinə aydınlıq gətirmələrinə tam etibar edirdilər * (Həv. iş. 2:22—36).

9. Həvarilər bütün diqqətlərini İsanın quzularını bəsləmək məsuliyyətlərinə cəmlədiklərini necə göstərirdilər?

9 Həvarilər bütün diqqətlərini İsanın quzularını bəsləmək məsuliyyətlərinə cəmləmişdilər. Məsələn, gəlin onların yeni yaranmış yığıncaqda parçalanmaya səbəb ola biləcək həssas bir məsələni necə həll etdiklərinə diqqət yetirək. Nə qədər qəribə olsa da, problem adi yemək üstündə yaranmışdı. Gündəlik yemək paylananda ibranidilli dul qadınlardan fərqli olaraq, yunandilli dul qadınlara etinasızlıq göstərilirdi. Həvarilər bu həssas məsələni necə həll etdilər? «On iki həvari» nəzarət etməyə yararlı olan yeddi nəfəri «bu zəruri işə», yemək paylamaq işinə təyin etdi. İsa möcüzəvi şəkildə insanları doyuran zaman, çox ehtimal ki, bu həvarilərin əksəriyyəti izdihama qida paylamaq işində iştirak etmişdi. İndi onlar diqqətlərini ruhani qida vermək işinə cəmləməyin daha vacib olduğunu başa düşürdülər. Beləcə, onlar özlərini «Allahın sözünü öyrətmək işinə» həsr etmişdilər (Həv. iş. 6:1—6).

10. Məsih Yerusəlimdəki həvarilərdən və ağsaqqallardan necə istifadə edirdi?

10 Sağ qalan həvarilər eramızın təxminən 49-cu ilindən digər yetkin ağsaqqallarla birgə fəaliyyət göstərməyə başladılar. (Həvarilərin işləri 15:1, 2 ayələrini oxu.) Yerusəlimdəki həvarilər və ağsaqqallar rəhbərlik şurasının üzvləri kimi xidmət edirdilər. Yığıncağın Başı olan Məsih yararlı kişilərdən ibarət olan bu balaca qrupdan təlimlə bağlı məsələləri həll etmək, Padşahlıq haqda xoş xəbərin təbliğinə və təlim vermək işinə nəzarət etmək üçün istifadə edirdi (Həv. iş. 15:6—29; 21:17—19; Kolos. 1:18).

11, 12. a) İsanın birinci əsrdə yığıncaqları ruhani qida ilə təmin etmək üçün təsis etdiyi quruluşa Yehovanın xeyir-dua verdiyini nə göstərir? b) Məsihin ruhani qida vermək üçün istifadə etdiyi kanalın aydın tanındığı nədən görünürdü?

11 İsanın birinci əsrdə yığıncaqları ruhani qida ilə təmin etmək üçün təsis etdiyi quruluşa Yehova xeyir-dua verirdimi? Əlbəttə, verirdi. Buna necə əmin ola bilərik? «Həvarilərin işləri» kitabında deyilir: «Onlar [həvari Pavel və yol yoldaşları]  şəhərbəşəhər gəzərək şagirdlərə Yerusəlimdəki həvarilərin və ağsaqqalların qərarlarını çatdırır, bu qərarlara əməl etməyi tapşırırdılar. Beləliklə, şagirdlərin imanı möhkəmlənir və yığıncaqlar günü-gündən böyüyürdü» (Həv. iş. 16:4, 5). Qeyd edək ki, bu yığıncaqlar Yerusəlimdəki rəhbərlik şurası ilə sıx əməkdaşlıq etməyin sayəsində inkişaf edirdi. Məgər bu, Yehovanın Öz Oğlunun yığıncaqları ruhani qida ilə təmin etmək tədbirini dəstəklədiyinə dəlalət etmir? Gəlin unutmayaq ki, ruhani inkişaf yalnız Yehovanın xeyir-duası sayəsində mümkündür (Sül. məs. 10:22; 1 Kor. 3:6, 7).

12 Buradan aydın görünür ki, İsa öz davamçılarını qida ilə təmin edərkən təsis etdiyi nümunəyə əsasən davrandı: o, çox sayda insanı cəmi bir neçə nəfərin vasitəsilə doyurdu. Onun ruhani qida vermək üçün istifadə etdiyi kanal aydın tanınırdı. Hər şeydən əlavə, rəhbərlik şurasının ilk üzvləri olan həvariləri Allahın dəstəklədiyi göz qabağında idi. «Xalq arasında həvarilərin əli ilə çoxlu əlamət və möcüzə göstərilirdi», — deyə Həvarilərin işləri 5:12 ayəsində qeyd olunur *. Buna görə də yeni məsihçilərin: «Məsih öz quzularını kimlərin vasitəsilə bəsləyir?» — sualını verməyə heç bir səbəbləri yox idi. Ancaq birinci əsrin sonunda vəziyyət dəyişdi.

Birinci əsrdə İsanın yığıncağı kimin vasitəsilə bəslədiyi göz qabağında idi (12-ci abzasa bax)

ALAQ OTLARININ ÇOX, BUĞDANIN İSƏ AZ OLDUĞU DÖVR

13, 14. a) İsa hücumlarla bağlı hansı xəbərdarlığı etmişdi və onun sözləri nə vaxt yerinə yetməyə başladı? b) Hansı iki tərəfdən hücumlar olacaqdı? (Qeydə bax.)

13 İsa qabaqcadan demişdi ki, məsihçi yığıncaqlarına hücumlar ediləcək. Yadınızdadırsa, İsa buğda və alaq otları məsəlində xəbərdarlıq etmişdi ki, tarlaya təzəcə səpilmiş buğdaların (məsh olunmuş məsihçilər) arasına alaq otları (saxta məsihçilər) səpiləcək. O demişdi ki, hər iki qrup «bu dövrün yekununda» başlayacaq biçin dövrünə qədər əl dəymədən bir yerdə böyüməlidir (Mat. 13:24—30, 36—43). Çox keçmədi ki, İsanın sözləri yerinə yetməyə başladı *.

14 Birinci əsrdə bəziləri dönük çıxmışdı, ancaq İsanın sadiq həvariləri yalan təlimlərin pis və zərərli təsirinin qarşısını alırdılar (2 Salon. 2:3, 6, 7). Lakin axırıncı həvarinin ölümündən sonra dönüklük kök saldı və əsrlər boyu davam edən inkişaf dövründə çiçəkləndi. Bundan əlavə, bu vaxt ərzində alaq otları çoxaldı, buğda isə azaldı. Ruhani qidanı vermək üçün təşkil olunmuş daimi kanal yox idi. Vəziyyət əvvəl-axır dəyişməli idi. Bəs nə vaxt?

BİÇİN VAXTI QİDA PAYLAYAN KİM OLACAQDI?

15, 16. Müqəddəs Kitab Tədqiqatçıları Allahın Kəlamını səylə araşdırmaqla hansı nəticələri əldə etdilər və hansı sual meydana çıxır?

15 Böyümə dövrünün sonuna yaxın Müqəddəs Kitab həqiqətlərinə maraq göstərən insanların sayı get-gedə artırdı. Xatırlayaq ki, 1870-ci illərdə həqiqəti axtaran bir qrup səmimi insan alaq otlarından, yəni Xristian dünyasının kilsələrinə və təriqətlərinə aid olan saxta məsihçilərdən ayrılaraq Müqəddəs Kitabı araşdırmaq üçün siniflər təşkil etdilər. Özlərini Müqəddəs Kitabın Tədqiqatçıları adlandıran həmin insanlar dua edərək təvazökarlıqla və zehin açıqlığı ilə Müqəddəs Yazıları dərindən araşdırmağa başladılar (Mat. 11:25).

16 Müqəddəs Kitab Tədqiqatçıları Allahın Kəlamını səylə araşdırmaqla çoxlu səmərələr əldə etdilər. Bu sadiq kişi və qadınlar yalan ehkamları ifşa edir, Müqəddəs Kitaba əsaslanan ədəbiyyatlar nəşr edib dünyanın dörd bir yanına paylamaqla ruhani həqiqətləri yayırdılar. Onların gördüyü bu iş ruhani həqiqətlərə susayan bir çox insanların ürəyinə yol  tapır və Kəlama inandırırdı. Buna görə də ortaya maraqlı bir sual çıxır: Görəsən, Müqəddəs Kitab Tədqiqatçıları Məsihin 1914-cü ilə qədər öz quzularını bəsləmək üçün istifadə etdiyi kanal idi? Xeyr. Onlar hələ inkişaf mərhələsini keçirdilər və ruhani qida təqdim edəcək kanal hələ gələcəkdə təsis olunacaqdı. Alaq otları sinfinə aid olan saxta məsihçiləri buğda sinfinə daxil olan həqiqi məsihçilərdən ayırmaq vaxtı hələ çatmamışdı.

17. 1914-cü ildən hansı vacib hadisələr cərəyan etməyə başladı?

17 Əvvəlki məqalədən öyrəndiyimiz kimi, biçin vaxtı 1914-cü ildən başlayıb. Elə həmin il bəzi vacib hadisələr cərəyan etməyə başladı. İsa padşah kimi taxta əyləşdi və axır günlər başlandı (Vəhy 11:15). 1914-cü ildən 1919-cu ilin əvvəllərinə qədər İsa ruhani məbədin olduqca zəruri olan yoxlanılması və təmizlənməsi işində Atasını müşayiət etdi * (Mal. 3:1—4). 1919-cu ildən isə buğdaları toplamaq vaxtı başladı. Bəs Məsihin ruhani qidanı vermək üçün kanal təşkil etməyinin vaxtı gəlib çatmışdı? Bəli, elə əsil vaxtı idi!

18. İsa nə təyin edəcəyini qabaqcadan demişdi və axır günlər başladığı bir halda, hansı vacib sual cavabsız qalırdı?

18 Axır günlər haqqında peyğəmbərliyində İsa demişdi ki, «vaxtlı-vaxtında» ruhani qida vermək üçün kanal təyin edəcək (Mat. 24:45—47). O hansı kanaldan istifadə edəcəkdi? İsa birinci əsrdə etdiyi kimi, yenə də bir çox insanı bir neçə nəfərin vasitəsilə qidalandıracaqdı. Axır günlər başladığı bir halda, hələ də vacib sual cavabsız qalırdı: bu bir neçə nəfər kim olacaq? İsanın peyğəmbərliyi ilə bağlı bu və digər suallar növbəti məqalədə müzakirə olunacaq.

 

^ abz. 3 Abzas 3: [1] Başqa bir vaxt, qadınları və uşaqları çıxmaq şərtilə, İsa möcüzəvi şəkildə 4000 nəfəri yedirən zaman o, yenə də yeməyi «şagirdlərinə verməyə başladı, onlar da camaata payladılar» (Mat. 15:32—38).

^ abz. 7 Abzas 7: [2] Peterin dövründə bəslənilməli olan quzuların hamısı göylər ümidinə malik idi.

^ abz. 8 Abzas 8: [3] Yeni imana gələnlərin «həvarilərdən həvəslə təlim [almaları]» həvarilərin müntəzəm olaraq təlim verdiklərini göstərir. Həvarilərin öyrətdikləri hal-hazırda Yunanca Müqəddəs Yazıların bir hissəsi olan ilhamlanmış kitablarda qələmə alınıb.

^ abz. 12 Abzas 12: [4] Əksər hallardan göründüyü kimi, möcüzəvi şəkildə ruhun ənamını alan təkcə həvarilər deyildi. Bu ənam digərlərinə ya birbaşa, ya da həvarilərin iştirakı ilə verilirdi (Həv. iş. 8:14—18; 10:44, 45).

^ abz. 13 Abzas 13: [5] Həvari Pavelin Həvarilərin işləri 20:29, 30 ayələrindəki sözləri göstərir ki, yığıncaq iki tərəfdən hücumlara məruz qalacaqdı. Birincisi, saxta məsihçilər («alaq otları») həqiqi məsihçilərin «[arasına] girəcək»di. İkincisi, həqiqi məsihçilərin arasından bəziləri dönük çıxaraq «həqiqəti təhrif [edəcəkdilər]».

^ abz. 17 Abzas 17: [6] Bu jurnalın «Mən... həmişə sizinləyəm» adlı məqaləsinin 6-cı abzasına bax.