Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) İYUN 2013

 BİOQRAFİYA

Yehova Allaha itaətkarlıq mənə bol xeyir-dualar gətirib

Yehova Allaha itaətkarlıq mənə bol xeyir-dualar gətirib

«Nuh bizim üçün necə də gözəl nümunədir! O, Yehovanın əmrlərinə tabe olan və ailəsini sevən bir insan idi. Onlar ailəlikcə gəmiyə girdikləri üçün Daşqından sağ çıxdılar», — deyə atam izah edərdi.

BU SÖZLƏR təvazökar və zəhmətkeş atamdan eşitdiyim uşaqlıq xatirələrimdən biridir. Onun çox güclü ədalət hissi var idi. Elə buna görə də 1953-cü ildə Müqəddəs Kitab xəbərini eşidəndə bu, onu dərhal cəlb etmişdi. Həmin andan etibarən, atam öyrəndiklərini uşaqlarına aşılamaq üçün əlindən gələni edirdi. Əvvəl-əvvəl anam aid olduğu katolik adət-ənənələrini tərk etmək istəmirdi. Amma vaxt keçdikcə o da Müqəddəs Kitab təlimlərini qəbul etməyə başladı.

Bizi öyrətmək valideynlərimiz üçün çətin idi, çünki anamın savadı yox idi, atam isə gecə-gündüz tarlada işləyirdi. Bəzən atam elə yorğun olurdu ki, öyrənmə zamanı mürgüləyirdi. Ancaq onun çəkdiyi zəhmət hədər getmədi. Mən evin böyük uşağı olduğum üçün bacımı və iki qardaşımı öyrətməyə kömək edirdim. Atam tez-tez bizə Nuhun öz ailəsini necə sevdiyini və Yehovaya necə itaət etdiyini xatırladırdı. Mən Müqəddəs Kitabda qələmə alınan bu hekayəni çox sevirdim. Bir müddətdən sonra biz İtaliyanın Adriatik dənizi sahilində yerləşən Rozeto-deli-Abruççi şəhərindəki Padşahlıq zalında keçirilən yığıncaq görüşünə getdik.

1955-ci ildə anamla mən dağları aşıb Romada keçirilən konqresdə iştirak edəndə mənim cəmi 11 yaşım vardı. Bu, bizim iştirak etdiyimiz ilk konqres idi. O gündən etibarən bu böyük yığıncaqlar mənim üçün məsihçi həyatının ayrılmaz bir hissəsinə çevrildi.

Növbəti il vəftiz olunduqdan qısa müddət sonra tammüddətli xidmətə başladım. 17 yaşım olanda isə evimizdən 300 kilometr uzaqlıqda, Romanın cənubunda yerləşən Latina şəhərində xüsusi pioner kimi xidmət etməyə başladım. Nisbətən yeni şəhər olduğundan burada başqalarının fikri insanları bir o qədər maraqlandırmırdı. Müqəddəs Kitaba əsaslanan ədəbiyyatları paylamaq əməkdaşımla mənə böyük sevinc gətirirdi, amma yenə də evimiz üçün darıxırdım, çünki hələ çox gənc idim. Buna baxmayaraq, tabeçilik göstərərək mənə həvalə edilən işi yerinə yetirmək istəyirdim.

Toy günümüz

1963-cü ildə məni Milanda keçiriləcək «Əbədi xoş xəbər» adlı beynəlxalq konqresin hazırlıq işlərinə kömək etmək  üçün göndərdilər. Konqres zamanı könüllü kimi xidmət edən bacı-qardaşlarla əməkdaşlıq edirdim. Onların arasında Florensiyadan olan Paolo Piçoli adlı gənc qardaş da var idi. Konqresin ikinci günü bu qardaş subaylıqla bağlı təsirli bir nitq söylədi. Yadımdadır, o qardaşın heç vaxt evlənməyəcəyini fikirləşirdim. Lakin biz yazışmağa başladıq və aydın oldu ki, çoxlu ortaq cəhətlərimiz var, məsələn, məqsədlərimiz, Yehovaya olan məhəbbətimiz və Ona itaət etmək istəyimiz üst-üstə düşür. 1965-ci ildə biz ailə qurduq.

KEŞİŞLƏRLƏ GÖRÜŞ

Florensiyada 10 il daimi pioner kimi xidmət etmişəm. Yığıncaqların böyüdüyünü, xüsusilə gənclərin ruhən necə inkişaf etdiyini görmək çox xoş idi. Paolo və mən onlarla ruhani söhbətlər etməkdən və bir yerdə istirahət etməkdən zövq alırdıq. Paolo, adətən, onlarla futbol oynayırdı. Həyat yoldaşımla birgə vaxt keçirmək mənim üçün dəyərli olsa da, başa düşürdüm ki, həmin gənclərin və yığıncaqdakı ailələrin onun diqqətinə və qayğısına ehtiyacları var.

Geriyə baxıb Müqəddəs Kitabı öyrətdiyimiz bir çox insanlar barədə düşünmək indi də mənə sevinc gətirir. Onlardan biri Adriana adlı qadın idi. O, öyrəndikləri barədə iki ailəyə danışmışdı. Onlar Üç üqnum və ölməz can kimi kilsə təlimlərini müzakirə etmək üçün bir nəfər keşişlə görüş təşkil etmişdilər. Ancaq bu görüşə üç kilsə rəhbəri gəlmişdi. Onların izahatları çox dolaşıq idi və bir-birinə zidd gedirdi. Müqəddəs Kitabı öyrətdiyimiz bu insanlar onların dediklərini Allahın Kəlamındakı təlimlərlə müqayisə edəndə aradakı təzadı açıq-aydın görürdülər. Bəli, bu görüş dönüş nöqtəsi oldu. Bir müddətdən sonra həmin ailələrin təxminən 15 üzvü Yehovanın Şahidi oldu.

Düzdür, indi bizim təbliğ üsullarımız tamamilə fərqlidir. O vaxtlar Paolo tez-tez keşişlərlə görüşüb Müqəddəs Kitab təlimlərini müzakirə etdiyi üçün artıq bu sahədə «mütəxəssis» idi. Yadımdadır, bir dəfə o, Yehovanın Şahidi olmayan bir qrup insan qarşısında çıxış etmişdi. Sonradan aydın olmuşdu ki, keşişlər qabaqcadan bəzi insanlara Paoloya çaşdırıcı suallar verərək onu pis vəziyyətdə qoymağı tapşırmışdılar. Lakin bu söhbət əksinə alındı. Bir nəfər soruşdu ki, əsrlər boyunca kilsənin siyasətə qarışması düzgündür, ya yox. Bu an keşişlər təşvişə düşdülər. Qəfildən işıqlar söndü və görüş təxirə salındı. Bir neçə il sonra öyrəndik ki, sən demə, keşişlər qabaqcadan planlaşdırıblarmış ki, müzakirə ürəklərincə keçməsə, işığı söndürsünlər.

YENİ TƏYİNATLAR

Artıq on il idi ki, Paolo ilə evli idik və biz səyyar xidmətə dəvət aldıq. Həmin vaxt Paolo yaxşı işdə  işləyirdi, buna görə də qərar vermək elə də asan deyildi. Amma dua edib fikirləşdikdən sonra bu yeni təyinatı qəbul etdik. Qonaq olduğumuz evin üzvləri ilə vaxt keçirmək bizim üçün çox xoş idi. Çox vaxt axşamlar birlikdə müəyyən mövzular araşdırırdıq, sonra da Paolo uşaqlara ev tapşırıqlarını həll etməyə kömək edirdi, xüsusilə də riyaziyyatdan. Bundan əlavə, Paolo oxumağa həvəsli idi və tapdığı maraqlı və ruhlandırıcı fikirləri şövqlə bölüşürdü. Adətən, bazar ertəsi biz Şahidlərin olmadığı şəhərlərə xidmətə gedirdik və insanları həmin axşam söyləniləcək çıxışa qulaq asmağa dəvət edirdik.

Biz bir yerdə istirahət etməkdən zövq alırdıq. Paolo, adətən, onlarla futbol oynayırdı

Səyyar xidmətdə cəmi iki il xidmət etdikdən sonra bizi Romadakı Bet-Elə dəvət etdilər. Paolo hüquqi məsələlərə baxırdı, mən isə abunə şöbəsinə təyin olunmuşdum. Sözsüz ki, dəyişikliyə uyğunlaşmaq heç də asan deyildi, amma biz itaətkarlıq göstərməyə qətiyyətli idik. İtaliyada filialın tədricən genişləndiyini və qardaşlığın inkişaf etdiyini görmək çox ruhlandırıcı idi. Bu müddət ərzində İtaliyada Yehovanın Şahidləri rəsmi olaraq qeydiyyatdan keçdilər. Bu xidmət növündə iştirak etdiyimiz üçün biz özümüzü xoşbəxt hiss edirik.

Paolo Bet-Eldəki xidmətini çox sevirdi

Bet-Eldə xidmət etdiyimiz müddətdə qana dair Müqəddəs Kitaba əsaslanmış mövqeyimiz İtaliyada gündəmə gəldi. 1980-ci illərin əvvəllərində bu məsələ hüquqi cəhətdən böyük səs-küyə səbəb oldu. Yehovanın Şahidi olan bir ər-arvadı qızlarının ölümündə günahlandırdılar, halbuki onun ölməsinin səbəbi Aralıq dənizi ərazilərində yaşayan bir çox insanlara irsən keçmiş ciddi qan xəstəliyi idi. Bet-Eldə xidmət edən bir çox bacı-qardaşlar bu məsihçi valideynləri təmsil edən vəkillərə kömək etdilər. Bir vərəqədə və «Oyanın!» jurnalının xüsusi buraxılışında insanlara həmin vəziyyətlə bağlı bütün faktları bilməyə və Allahın Kəlamında qana dair nə deyildiyini düzgün başa düşməyə kömək edən məlumatlar dərc edildi. Bu aylar ərzində çox vaxt Paolo gündə 16 saat dayanmadan işləməli olurdu. Bu vacib tapşırıqları yerinə yetirməkdə onu dəstəkləmək üçün əlimdən gələni edirdim.

HƏYATIMIZDA DAHA BİR DƏYİŞİKLİK

Artıq 20 il idi ki, evli idik. Hamilə olduğumu öyrənəndə bu, bizim üçün gözlənilməz oldu. Onda mənim 41, Paolonun isə 49 yaşı var idi. Həmin gün Paolo öz gündəliyində belə sözlər yazmışdı: «Dua: Əgər bu həqiqətdirsə, tammüddətli xidmətdə qalmağımıza, ruhən zəifləməməyimizə, nümunəvi və yaxşı valideyn olmağımıza kömək et. Ən vacibi isə, mənə kömək et ki, 30 ildən çoxdur səhnədən dediyim sözlərin heç olmasa bir faizini yerinə yetirə bilim». Oturub fikirləşəndə görürəm ki, Yehova həm onun, həm də mənim dualarımı cavablandırıb.

 İlarianın dünyaya gəlişi ilə həyatımızda böyük dəyişikliklər oldu. Sözün düzü, bəzən ruhdan düşdüyümüz anlar olurdu; necə ki, Süleymanın məsəlləri 24:10 ayəsində deyilir: «Dar gündə taqətdən düşsən, necə də zəif adamsan!» Ancaq biz bir-birimizi ruhlandırmağa davam edirdik.

İlaria tez-tez deyir ki, iki tammüddətli xidmətçinin evində doğulduğu üçün çox xoşbəxtdir. O, heç vaxt özünü lazımsız hiss etməyib, tamamilə normal bir ailədə böyüyüb. Gün ərzində mən onun qeydinə qalırdım. Paolo isə ağır işdə işləməsinə baxmayaraq, axşamlar evə gələndə onunla vaxt keçirir, oynayır və ev tapşırıqlarını yerinə yetirməyə kömək edirdi. Hətta bəzən gecə saat ikiyə-üçə kimi işləməli olsa da, o, mütləq qızına vaxt ayırırdı. İlaria həmişə deyərdi: «Atam mənim ən yaxşı dostumdur».

Əlbəttə, məsihçi yolunda qalmasına kömək etmək üçün biz İlariayanı cəzalandırmalı, bəzən isə qəti tədbirlər görməli olurduq. Yadımdadır, bir dəfə İlaria dostlarından biri ilə kobud rəftar etmişdi. Biz ona Müqəddəs Kitab vasitəsilə nəyə görə belə davranmamalı olduğunu izah etdik. Həmçinin həmin uşaqdan üzr istəməsini tələb etdik.

İlaria etiraf edir ki, valideynlərinin xidmətə olan məhəbbətlərini çox qiymətləndirir. Hal-hazırda o ailəlidir və Yehovanın iradəsini yerinə yetirməyin, eləcə də Onun rəhbərliyinə tabe olmağın nə dərəcədə vacib olduğunu daha yaxşı dərk edir.

KƏDƏRLİ ANLARIMIZDA BELƏ İTAƏTKAR QALDIQ

2008-ci ildə Paolo xərçəng xəstəliyinə tutulduğunu öyrəndi. Əvvəlcə bizə elə gəlirdi ki, onun xəstəliyi sağalacaq. Paolo müsbət əhval-ruhiyyəsini qoruyub saxlayır, hətta məni də ruhlandırırdı. Üstəlik, onu müalicə etsinlər deyə ən yaxşı həkimləri axtarıb tapmağa çalışırdıq. İlaria ilə birlikdə Yehovaya çoxlu dua edirdik ki, gələcəkdə üzləşəcəyimiz vəziyyətlərdə möhkəm qalmağa bizə kömək etsin. Bununla belə, o cür güclü və dinamik bir insan gözümün önündə şam kimi əriyirdi. 2010-cu ildə onun ölməsi mənim üçün böyük zərbə oldu. Buna baxmayaraq, 45 il ərzində onunla birgə etdiyimiz işlər barədə fikirləşmək mənə rahatlıq gətirirdi. Biz Yehovaya malik olduğumuz şeylərin ən yaxşısını vermişik. Əminəm ki, O, bizim çəkdiyimiz zəhməti unutmayacaq. Mən İsanın Yəhya 5:28, 29 ayələrində dediyi sözlərin yerinə yetəcəyi vaxtı — Paolonun diriləcəyi günü səbirsizliklə gözləyirəm.

«Mən hələ də ürəyimin dərinliklərində Nuhun hekayəsini sevən həmin balaca qızcığazam. Hələ də qətiyyətliyəm»

Mən hələ də ürəyimin dərinliklərində Nuhun hekayəsini sevən həmin balaca qızcığazam. Hələ də qətiyyətliyəm. Məndən nə tələb etməsindən asılı olmayaraq, Yehovaya itaət etmək istəyirəm. Əminəm ki, sınaqlar, qurbanlar və qohumlarımızdan kimisə itirmək Yehovanın verəcəyi xeyir-dualarla müqayisədə heç nədir. Mən özüm buna şəxsən əmin olmuşam və sizi də əmin edirəm ki, buna dəyər.