Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) İYUN 2013

Yehova səxavətli və mülayim Allahdır

Yehova səxavətli və mülayim Allahdır

«Rəbb hamıya xeyirxahlıq edər, yaratdıqlarının hər birinə mərhəmət göstərər» (MƏZ. 145:9).

1, 2. Yehovanın dostu olan kəslərin hansı imkanları var?

«BİZ 35 ilə yaxındır ki, evliyik, — deyə Monika adlı bacı qeyd edir. — Ərimlə bir-birimizi çox yaxşı tanıyırıq. Üstündən uzun illər keçməsinə baxmayaraq, bir-birimiz haqda heç vaxt bilmədiyimiz yeni şeylər öyrənirik». Şübhəsiz, bunu bir çox nikahlara və dostluq münasibətlərinə də şamil etmək olar.

2 Adətən, sevdiyimiz insanları daha yaxından tanımaq xoşumuza gəlir. Ancaq ən yaxşı dostluq Yehova ilə qurulan dostluqdur. Biz heç vaxt Onun haqqında hər şeyi öyrənə bilmərik (Rom. 11:33). Bizim əbədiyyət boyunca Yehovanın keyfiyyətləri barədə öyrənmək və onları daha çox qiymətləndirmək imkanımız olacaq (Vaiz 3:11).

3. Bu məqalədə nəyi müzakirə edəcəyik?

3 Əvvəlki məqalə bizə Yehovanın iki xüsusiyyətini qiymətləndirməyə kömək etdi. Oradan öyrəndik ki, Yehova əlçatan və ayrı-seçkilik etməyən Allahdır. İndi isə gəlin Onun daha iki cəlbedici xüsusiyyətini — səxavətlilik və mülayimlik xüsusiyyətlərini müzakirə edək. Bununla biz Yehovanın hamıya xeyirxahlıq edən, yaratdıqlarının hər birinə mərhəmət göstərən Allah olduğunu daha aydın başa düşəcəyik (Məz. 145:9).

YEHOVA SƏXAVƏTLİ ALLAHDIR

4. Səxavətli olmaq özünə nəyi daxil edir?

4 Səxavətli olmaq özünə nəyi daxil edir? Bu sualın cavabını İsanın Həvarilərin işləri 20:35 ayəsində qələmə alınmış sözlərində tapırıq: «Vermək almaqdan daha çox xoşbəxtlik gətirir». Bu sadə sözlərlə İsa əsil səxavətliliyin mahiyyətini açıqlayır. Səxavətli insan başqalarının rifahı üçün vaxtını, gücünü və vəsaitini  əsirgəmir və bunu canla-başla edir. Əslində, səxavətlilik hədiyyənin böyüklüyü və ya kiçikliyi ilə yox, insanın hansı niyyətdən irəli gələrək verməsi ilə ölçülür. (2 Korinflilərə 9:7 ayəsini oxu.) Heç kəs xoşbəxt Allahımız Yehova qədər səxavətli ola bilməz (1 Tim. 1:11).

5. Yehova səxavətliliyi necə təzahür etdirir?

5 Yehova səxavətliliyi necə təzahür etdirir? O, bütün bəşəriyyətin, o cümlədən hələ Ona ibadət etməyən insanların tələbatlarının qayğısına qalır. Həqiqətən də, Yehova hamıya xeyirxahlıq edir. O, «günəşə əmr edir ki, pislərin də, yaxşıların da üzərinə doğsun; yağışa əmr edir ki, salehlərin də, qeyri-salehlərin də üzərinə yağsın» (Mat. 5:45). Elə bu səbəbdən də həvari Pavel Yehovaya ibadət etməyənlərlə söhbət edərkən demişdi: «[O,] sizə yaxşılıq edərək göydən yağış yağdırır, bərəkətli mövsümlər və bol-bol qida verir, ürəyinizi şadlıqla doydururdu» (Həv. iş. 14:17). Buradan aydın görünür ki, Yehova hamıya qarşı səxavətlidir (Luka 6:35).

6, 7. a) Yehova xüsusilə kimlərin ehtiyaclarını ödəməkdən zövq alır? b) Allahın Öz sadiq xidmətçilərinin qayğısına necə qaldığını nümunə əsasında göstərin.

6 Öz sadiq bəndələrinin ehtiyaclarını ödəmək Yehovaya xüsusi zövq verir. Davud padşah yazmışdı: «Gəncliyimdən qocalığımadək salehin tərk edildiyini, nəslinin çörək üçün diləndiyini görməmişəm» (Məz. 37:25). Bir çox sadiq məsihçilər Yehovanın bu cür qayğısını öz üzərlərində hiss etmişlər. Gəlin bir nümunəyə baxaq.

7 Tammüddətli xidmətçi olan Nensi ofisiant işləyirdi. Bir neçə il bundan əvvəl o, çətinliklə üzləşdi. O xatırlayır: «Səhərisi gün evin kirayəsini ödəmək üçün 66 dollar lazım idi. Pulu haradan tapacağımı bilmirdim. Problemim barədə dua edib işə getdim. Həmin axşam bu qədər çay pulu alacağımı gözləmirdim, çünki, adətən, belə vaxtlarda çox iş olmur. Təəccüblüdür ki, həmin axşam restorana bir neçə müştəri gəlmişdi. Növbəm qurtardıqdan sonra aldığım çay pulunu hesablayanda gördüm ki, nə az, nə çox düz 66 dollardır». Nensi əmindir ki, onun ehtiyaclarını səxavətlə ödəyən Yehova Allahdır (Mat. 6:33).

8. Yehovanın ən səxavətli hədiyyəsi nədir?

8 Yehovanın bütün insanlara bəxş etdiyi ən səxavətli hədiyyə Oğlunun fidyə qurbanlığıdır. İsa demişdi: «Allah dünyanı o qədər sevir ki, yeganə Oğlunu onun uğrunda qurban verdi; bunu ona görə etdi ki, ona iman edənlərin heç biri məhv olmasın, hamısı əbədi yaşasın» (Yəh. 3:16). Burada işlədilən «dünya» sözü altında bütün bəşəriyyət nəzərdə tutulur. Bəli, Yehovanın bu səxavətli hədiyyəsini qəbul edən bütün insanlar ondan faydalana bilərlər. İsaya iman edənlər əbədi həyata qovuşacaqlar (Yəh. 10:10). Doğrudan da, Yehovanın səxavətliliyinə bundan böyük sübut ola bilərmi?

 YEHOVANIN SƏXAVƏTLİLİYİNİ TƏQLİD EDİN

Yehova israillilərdən Onun kimi səxavətli olmalarını istəyirdi (9-cu abzasa bax)

9. Yehovanın səxavətliliyini necə təqlid edə bilərik?

9 Yehovanın səxavətliliyini necə təqlid edə bilərik? «Həyatdan həzz almağımız üçün» Yehova «bizi hər şeylə bol-bol təmin [edib]», biz də başqalarına sevinc bəxş etmək üçün onlara «əl tutmağa hazır [olmalıyıq]» (1 Tim. 6:17—19). Sevdiklərimizə və korluq çəkənlərə hədiyyələr bağışlamaq bizim üçün çox xoşdur . (Qanunun təkrarı 15:7 ayəsini oxu.) Səxavətli olmağı yaddan çıxartmamağa bizə nə kömək edə bilər? Bəzi məsihçilər qərara gəlmişlər ki, hər dəfə hədiyyə alanda özləri də kiməsə hədiyyə versinlər. Məsihçi yığıncağında bir çox bacı-qardaşlar səxavətlilik göstərməkdə yaxşı nümunədirlər.

10. Səxavətli olmağın ən yaxşı üsullarından biri hansıdır?

10 Səxavətli olmağın ən yaxşı üsullarından biri sözdə və əməldə fədakar olmaqdır. Biz bunu necə edə bilərik? Vaxtımızı və gücümüzü sərf edərək başqalarına kömək etməklə (Qal. 6:10). Nə dərəcədə səxavətli olduğumuzu yoxlamaq üçün özümüzdən soruşa bilərik: «Başqaları mənim onları dinləməyə hazır olduğumu görürlərmi? Əgər kimsə məndən hər hansı işi və ya tapşırığı yerinə yetirmək üçün kömək istəyirsə, imkan daxilində kömək əlimi uzadırammı? Sonuncu dəfə nə vaxt ailə üzvlərimi və ya həmimanlılarımı ürəkdən tərifləmişəm?» «Həmişə verin» göstərişinə əməl etdiyimiz təqdirdə, Yehova ilə və dostlarımızla yaxın münasibətlərimizin olacağına əmin ola bilərik (Luka 6:38; Sül. məs. 19:17).

11. Yehovaya qarşı səxavətlilik göstərməyin bəzi üsulları hansılardır?

11 Biz Yehovaya qarşı da səxavətlilik göstərə bilərik. «Rəbbi var-dövlətinlə... şərəfləndir», — deyə Müqəddəs Yazılar nəsihət edir (Sül. məs. 3:9). Malik  olduğumuz «var-dövlətə» Allaha xidmətə həsr edə biləcəyimiz vaxtımız, gücümüz və vəsaitlərimiz daxildir. Hətta balaca uşaqlar belə Yehovaya qarşı səxavətli olmağı öyrənə bilərlər. Ceyson adlı bir ata deyir: «Adətən, biz ianə etmək istədiyimiz pulu uşaqlara veririk ki, Padşahlıq zalında ianə qutusuna onlar atsın. Bu, onların çox xoşuna gəlir, çünki bununla Yehovaya nəsə vermiş olurlar». Kiçik yaşlarından Yehovaya nəsə verməkdən sevinc duyan uşaqlar böyüyəndə də səxavətli olurlar (Sül. məs. 22:6).

YEHOVA MÜLAYİM ALLAHDIR

12. Mülayim olmaq nə deməkdir?

12 Azərbaycanca Yeni Dünya tərcüməsində «ağıllı-kamallı» kimi tərcümə olunan yunan sözü «mülayim» və «güzəştə gedən» deməkdir (Tit. 3:1, 2). Mülayim insan qanunun nöqtəbənöqtə yerinə yetirilməsini təkid etmir, o, kobud, həddindən artıq sərt və tələbkar deyil. Əksinə, başqaları ilə yumşaq rəftar edir, onların imkanlarını və şəraitlərini nəzərə alır. Mülayim insan başqalarını dinləməyi bacarır, yeri düşəndə onların istəklərinə güzəştə gedir və öz tələblərini onların vəziyyətlərinə uyğunlaşdırır.

13, 14. a) Yehova mülayimliyi necə təzahür etdirir? b) Yehovanın Lutla rəftarından mülayimliyə dair nə öyrənirik?

13 Yehova mülayimliyi necə təzahür etdirir? Yehova xidmətçilərinin hisslərini nəzərə alır və çox vaxt onların xahişlərini yerinə yetirir. Misal üçün, Onun saleh Lutla necə rəftar etdiyinə diqqət yetirək. Sodom və Homorra şəhərlərini məhv etmək qərarına gələndə O, Luta dağlara qaçmağı tapşırmışdı. Ancaq bəzi səbəblərdən Lut Yehovaya yalvardı ki, ona başqa yerə qaçmağa icazə versin. Lutun xahişinin nə demək olduğu üzərində bir anlıq düşünün: əslində, Lut Yehovadan göstərişlərini dəyişməsini xahiş edirdi! (Yaradılış 19:17—20 ayələrini oxu.)

14 Əlbəttə, kimsə Lutu zəiflikdə və ya itaətsizlikdə ittiham edə bilər. Şübhə yoxdur ki, Yehova Lutu xilas etməyə qadir idi, buna görə də onun qorxmağa heç bir əsası yox idi. Amma Lut yenə də qorxurdu. Yehova onun hisslərinə hörmət göstərdi və məhv etməyə hazırlaşdığı başqa bir şəhərə qaçmağa icazə verdi. (Yaradılış 19:21, 22 ayələrini oxu.) Buradan aydın görünür ki, Yehova həddindən artıq sərt və tələbkar deyil, mülayim və güzəştə gedən Allahdır.

15, 16. Yehovanın mülayimliyi Musanın qanununda öz əksini necə tapıb? (Məqalənin əvvəlindəki şəklə bax.)

15 İndi isə gəlin Musanın qanunda öz əksini tapan Yehovanın mülayimliyinin başqa bir nümunəsinə nəzər salaq. Əgər israilli qoyun və ya keçi qurbanı gətirmək üçün həddən artıq kasıb idisə, iki qumru quşu və ya iki göyərçin qurbanı təqdim edə bilərdi. Bəs əgər onun gücü iki göyərçinə də çatmırdısa, onda necə? Belə olan halda, Yehova korluq içində yaşayan israilliyə bir az un təqdimi gətirməyə icazə verirdi. Ancaq vacib bir amilə diqqət yetirək: israilli istənilən növ yox, yalnız «narın un», hörmətli qonaq üçün bişirilən çörəyin unundan təqdim etməli idi (Yar. 18:6). Nəyə görə bu, belə əhəmiyyətli idi? (Levililərə 5:7, 11 ayələrini oxu.)

16 Təsəvvür edin ki, siz israillisiniz, özü də çox kasıbsınız. Əlinizdə bir qədər un müqəddəs məskənə daxil olur və varlı israillilərin heyvan qurbanları gətirdiklərini görürsünüz. Ola bilsin, bu qədər əhəmiyyətsiz bir qurban gətirdiyinizə görə xəcalət çəkirsiniz. Sonra isə xatırlayırsınız ki, təqdiminiz Yehovanın gözündə dəyərlidir. Nəyə görə? Əvvəla, Yehova tələb edir ki, gətirilən un əla növ olsun. Mahiyyət etibarilə, Yehova israillilərə belə demişdi: «Bilirəm, sənin başqaları qədər imkanın yoxdur, ancaq onu da bilirəm ki, sən Mənə malik olduğunun ən  yaxşısını verirsən». Həqiqətən də, Yehova xidmətçilərinin məhdudiyyətlərini və şəraitlərini nəzərə alaraq mülayimlik təzahür etdirir (Məz. 103:14).

17. Yehova hansı xidməti qəbul edir?

17 Yehovanın mülayim olduğunu və canla-başla etdiyimiz xidməti qəbul etdiyini bilmək bizə təsəlli verir (Kolos. 3:23). Konstans adlı yaşlı italyan bacı deyir: «Yaradan barədə başqalarına danışmaq ən çox sevdiyim işdir. Elə buna görə də mən həmişə təbliğ edir və Müqəddəs Kitab öyrənməsi keçirirəm. Sağlamlığım ucbatından daha çox xidmət edə bilmədiyim üçün heyfsilənirəm. Ancaq başa düşürəm ki, Yehova imkanlarımın məhdud olduğunu bildiyi və məni sevdiyi üçün gördüyüm işləri qiymətləndirir».

YEHOVANIN MÜLAYİMLİYİNİ TƏQLİD EDİN

18. Valideynlər Yehovanın nümunəsini necə təqlid bilərlər?

18 Yehovanın mülayimliyini necə təqlid edə bilərik? Gəlin Yehovanın Lutla necə rəftar etdiyi barədə bir də düşünək. Onun Luta hara getməli olduğunu deməyə tam ixtiyarı çatırdı. Ancaq O, öz hisslərini dilə gətirən Lutu xeyirxahlıqla dinlədi və onun xahişini yerinə yetirdi. Əgər övladlarınız varsa, Yehovanın nümunəsini təqlid edin. Uşaqlarınızın xahişlərini dinləyib münasib olan arzularını həyata keçirin. Bununla əlaqədar «Gözətçi qülləsi» jurnalının 2007-ci il sentyabr sayında yazılmışdı ki, bəzi valideynlər evdə təsis etdikləri qayda-qanunları uşaqları ilə müzakirə edə bilərlər. Məsələn, valideynlərin uşaqlarının nə zaman evə gəlməli olduqlarına dair konkret vaxt təyin etməyə ixtiyarları çatır. Hətta belə olan halda da məsihçi valideynlər həmin vaxtla bağlı uşaqlarının fikirlərinə qulaq asa bilərlər. Müqəddəs Kitab prinsipləri pozulmursa, bəzən valideynlər uşaqlarına güzəştə getməyi qərara ala bilərlər. Ola bilsin, valideynlər diqqət yetirmişlər ki, onlar evdəki qayda-qanunlara dair uşaqların fikirlərini nəzərə alanda bu qaydaları başa düşmək və tabe olmaq uşaqlara asan olur.

19. Ağsaqqallar Yehovanın mülayimliyini necə təqlid edə bilərlər?

19 Yığıncaq ağsaqqalları həmimanlılarının vəziyyətini nəzərə alaraq Yehovanın mülayimliyini təqlid etməyə çalışırlar. Unutmayaq ki, kasıb israillilərin gətirdiyi qurbanlar belə Yehova üçün dəyərli idi. Eynilə, bəzi bacı-qardaşlarımız da zəif sağlamlıq və qocalıq ucbatından, eləcə də digər səbəblərdən xidmətdə çox iştirak edə bilmirlər. Bəs əgər bu əziz bacı-qardaşlarımızın məhdudiyyətləri onları ruhdan salırsa, onda necə? Ağsaqqallar onları xeyirxahlıqla əmin edə bilərlər ki, əllərindən gələni etdikləri üçün Yehova onları sevir (Mark 12:41—44).

20. Allaha xidmətdə özümüzə güzəştə getmək nə demək deyil? İzah edin.

20 Əlbəttə, mülayimlik, yəni güzəştə getmək heç də özümüzə yazığımız gələrək Allaha xidmətə daha az vaxt sərf etmək demək deyil (Mat. 16:22). Biz imkanımız ola-ola xidmətə az vaxt ayıraraq özümüzə bəraət qazandırmamalıyıq. Əksinə, Padşahlığın maraqlarını dəstəkləmək üçün var gücümüzlə çalışmalıyıq (Luka 13:24). Həqiqətən də, bu iki şey arasında tarazlığı qorumaq vacibdir. Düzdür, bir tərəfdən, biz xidmətdən qaçmırıq, var gücümüzlə çalışırıq. Digər tərəfdən isə, Yehovanın heç vaxt gücümüzdən artıq şey tələb etmədiyini unutmuruq. Əgər Ona malik olduğumuzun ən yaxşısını verməyə çalışsaq, əmin ola bilərik ki, O, bizdən razı qalacaq. Bu cür qədirbilən və mülayim Ağaya qulluq etmək necə də xoşdur! Növbəti məqalədə biz Yehovanın daha iki cəlbedici xüsusiyyətini nəzərdən keçirəcəyik (Məz. 73:28).

«Rəbbi var-dövlətinlə... şərəfləndir» (Sül. məs. 3:9) (11-ci abzasa bax)

«Hər nə edirsinizsə, canla-başla edin» (Kolos. 3:23) (17-ci abzasa bax)