Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) İYUN 2013

Yehova sədaqətli və bağışlayan Allahdır

Yehova sədaqətli və bağışlayan Allahdır

«Sən, ey Xudavənd, xeyirxahsan, bağışlayan Sənsən, Səni səsləyənlərin hamısı üçün məhəbbətin boldur» (MƏZ. 86:5).

1, 2. a) Nəyə görə sadiq və bağışlayan dostları qiymətləndiririk? b) Hansı sualları araşdıracağıq?

KİMİ əsil dost adlandırardınız? «Mənim üçün əsil dost həmişə yanımda olan və səhvlərimi bağışlayan kəsdir», — deyə Eşli adlı bir bacı qeyd edir. Hər birimiz sədaqətli və bağışlayan dostları qiymətləndiririk. Dostlarımızın yanında özümüzü rahat hiss edirik və hiss edirik ki, onlar bizi sevir (Sül. məs. 17:17).

2 Yehova sahib ola biləcəyimiz ən sədaqətli və bağışlayan Dostdur. Məzmurçu Onu belə təsvir edir: «Sən, ey Xudavənd, xeyirxahsan, bağışlayan Sənsən, Səni səsləyənlərin hamısı üçün məhəbbətin boldur» (Məz. 86:5). Bəs sədaqətli və bağışlayan olmaq özünə nələri daxil edir? Yehova bu gözəl xüsusiyyətləri necə təzahür etdirir? Biz Onu necə təqlid edə bilərik? Bu sualların cavabları ən yaxşı Dostumuz Yehovaya olan məhəbbətimizi möhkəmləndirəcək. Onlar bizə həmçinin başqaları ilə dostluq münasibətlərimizi möhkəmləndirməyə də kömək edəcək (1 Yəh. 4:7, 8).

YEHOVA SƏDAQƏTLİ ALLAHDIR

3. Sədaqətli olmaq nə deməkdir?

3 Sədaqət — dostluqda və məhəbbətdə dəyanətli, vəfalı, etibarlı olmaq deməkdir. Sədaqətli insan dəyişkən deyil. Əksinə, o, kiməsə və ya nəyəsə qarşı bağlılıq hiss edir, hətta ən çətin şəraitlərdə belə onları tərk etmir. Bəli, Yehova olduqca «sədaqətli Allah»dır (Vəhy 16:5).

4, 5. a) Yehova sədaqətli olduğunu necə göstərir? b) Yehovanın sədaqətli olması üzərində düşünmək bizi necə möhkəmləndirə bilər?

4 Yehova sədaqətli olduğunu necə göstərir? O, heç vaxt sadiq xidmətçilərini atmır. Bu xidmətçilərdən biri olan Davud padşah Yehovanın onunla sədaqətlə davrandığını dilə gətirərək Onu mədh edir. (2 Şamuel 22:26 ayəsini oxu.) Davudun çətin anlarında Yehova sədaqətlə davranaraq ona yol göstərir, onu qoruyur  və xilas edirdi (2 Şam. 22:1). O bilirdi ki, Yehova təkcə dildə sədaqətli deyil. Yehova Davudla nə üçün belə sədaqətlə davranırdı? Çünki Davud özü də sədaqətli insan idi. Yehova Ona ibadət edənlərin sadiqliyini qiymətləndirir və onlarla sədaqətlə davranır (Sül. məs. 2:6—8).

5 Yehovanın sədaqətli olması üzərində düşünmək bizi möhkəmləndirə bilər. Rid adlı sadiq bir qardaş deyir: «Çətin vəziyyətlərində Yehovanın Davudla necə davrandığı barədə oxumaq mənə, sözün əsil mənasında, kömək edir. Hətta Davud qaçaq düşəndə, mağarada və ondan kənarda yaşayanda belə Yehova daima ona dəstək olurdu. Bu, məni çox ruhlandırır və xatırladır ki, nə ilə üzləşməyimdən, düşdüyüm vəziyyətin nə dərəcədə məyusedici olmasından asılı olmayaraq, Yehovaya sadiq qaldığım müddətdə O, mənimlə olacaq». Şübhəsiz, siz də eyni hissləri keçirirsiniz (Rom. 8:38, 39).

6. Yehova başqa hansı sahələrdə sədaqətli olduğunu göstərir və bu, Onun xidmətçilərinə hansı faydanı gətirir?

6 Yehova başqa hansı sahələrdə sədaqətli olduğunu göstərir? O, hər zaman Öz prinsiplərinə sadiqdir. «Siz qocalanacan Mən Oyam», — deyə Yehova bizi əmin edir (Yeşaya 46:4). O, həmişə xeyir və şərə dair dəyişilməz normaları əsasında qərarlar verir (Mal. 3:6). Bundan əlavə, Yehova Öz vədinə sadiq qalmaqla da sədaqətli olduğunu göstərir (Yeşaya 55:11). Yehovanın bu xüsusiyyəti Onun bütün sadiq xidmətçilərinə fayda gətirir. Necə? Yehovanın normalarına uyğun yaşamaq üçün əlimizdən gələni etdiriksə, Onun bizi xeyir-dualandırmaq vədinə sadiq qalacağına əmin ola bilərik (Yeşaya 48:17, 18).

YEHOVANIN SƏDAQƏTİNİ TƏQLİD EDİN

7. Allahın sədaqətini təqlid etməyin üsullarından biri hansıdır?

7 Yehovanın sədaqətini necə təqlid edə bilərik? Üsullardan biri çətin vəziyyətdə olanlara yaxşılıq etməkdir (Sül. məs. 3:27). Məsələn, siz sağlamlığındakı problemlər, ailədəki çətinliklər və ya öz səhvləri ucbatından məyusluğa qapılan bacı və ya qardaş tanıyırsınızmı? Niyə də təşəbbüsü öz üzərinizə götürərək «yaxşı vədlərlə, təsəlliverici sözlərlə» onları ruhlandırmayasınız? (Zək. 1:13) *. Belə etməklə siz «qardaşdan daha yaxın» sədaqətli və əsil dost olduğunuzu sübut edəcəksiniz (Sül. məs. 18:24).

8. Biz Yehovanı necə təqlid edə bilərik, məsələn, nikahda?

8 Həmçinin sevdiyimiz insanlara sadiq qalmaqla da Yehovanın sədaqətini təqlid edə bilərik. Məsələn, əgər evliyiksə, həyat yoldaşımıza sadiq qalmalıyıq (Sül. məs. 5:15—18). Buna görə də zinaya aparıb çıxaran yola bir addım belə atmaq istəmirik (Mat. 5:28). Biz həmçinin qeybət etməməklə və ya böhtan atmamaqla, hətta bu kimi söhbətlərə qulaq asmamaqla həmimanlılarımıza olan sadiqliyimizi göstəririk (Sül. məs. 12:18).

9, 10. a) Biz xüsusilə kimə sadiq qalmaq istəyirik? b) Yehovanın əmrlərinə tabe olmaq nə üçün həmişə asan olmur?

9 Hər şeydən öncə, biz Yehovaya sadiq qalmaq istəyirik. Bəs bunu necə edə bilərik? Biz, ilk növbədə, hər şeyə Yehovanın gözü ilə baxmağı — Onun sevdiyi şeyləri sevməyi, nifrət etdiyi şeylərə isə nifrət etməyi və buna uyğun davranmağı bacarmalıyıq. (Məzmur 97:10 ayəsini oxu.) Düşüncələrimizi və hisslərimizi Yehovanın düşüncə və hisslərinə nə qədər çox uyğunlaşdırsaq, Onun əmrlərinə tabe olmaq bizim üçün bir o qədər asan olacaq (Məz. 119:104).

10 Əlbəttə, Yehovanın əmrlərinə tabe  olmaq həmişə asan olmayacaq. Sadiq qalmaq üçün biz daima mübarizə aparmalıyıq. Məsələn, bəzi subay məsihçilər ailə qurmaq istəyirlər, amma Yehovaya xidmət edənlər arasında özlərinə münasib həyat yoldaşı tapa bilmirlər (1 Kor. 7:39). Ola bilsin, subay bacı görür ki, dünyəvi iş yoldaşları daima onu kiminləsə calaşdırmağa çalışırlar. Bəlkə də, həmin bacı tənhalıq hissi ilə mübarizə aparır. Bununla belə o, Yehovanın qarşısında nöqsansızlığını qorumağa qəti qərarlıdır. Məgər bu cür sadiqliyini qorumağa çalışan həmimanlılarımızı qiymətləndirməli deyilikmi? Bəli, Yehova çətinliklərə baxmayaraq, Ona sadiq qalan kəsləri mükafatlandıracaq (İbr. 11:6).

«Qardaşdan daha yaxın dost... var» (Sül. məs. 18:24) (7-ci abzasa bax)

«Bir-birinizi ürəkdən bağışlayın» (Efes. 4:32) (16-cı abzasa bax)

YEHOVA BAĞIŞLAYAN ALLAHDIR

11. Bağışlamaq özünə nəyi daxil edir?

11 Yehovanın ən cəlbedici xüsusiyyətlərindən biri bağışlayan olmasıdır. Bağışlamaq özünə nəyi daxil edir? Buna xətrimizə dəyən insanı əsaslı səbəb olduğu halda bağışlamaq daxildir. Ancaq bu, o demək deyil ki, bağışlayan insan edilən səhvlərə göz yumur və ya əhəmiyyət vermir. Əksinə, o, ürəyindən inciklik hissini çıxarıb atır. Müqəddəs Yazılar öyrədir ki, Yehova səmimi-qəlbdən tövbə edənləri bağışlayır (Məz. 86:5).

12. a) Yehova necə bağışlayır? b) Günahların silinməsi hansı mənanı kəsb edir?

12 Yehova necə bağışlayır? Yehovanın «əfvi boldur» və O, bağışlayanda tamamilə həmişəlik bağışlayır (Yeşaya 55:7). Yehovanın tamamilə bağışladığını haradan bilirik? Buna sübut olaraq Həvarilərin işləri 3:19 ayəsindəki vədi nəzərdən keçirək. (Ayəni oxu.) Həvari Peter dinləyicilərini günahlarından tövbə etməyə və dönməyə səsləyirdi. Səmimi-qəlbdən tövbə edən günahkar tutduğu pis əməllərə görə dərin peşmançılıq hissi keçirir. O həmçinin eyni günahı yenidən təkrarlamamağa qəti qərarlı olur (2 Kor. 7:10, 11). Bundan əlavə, həqiqi tövbə günahkarı Allaha qayıtmağa, yəni yanlış yoldan dönməyə  və Allahı razı salmaq üçün əlindən gələni etməyə təşviq edir. Əgər Peterin dinləyiciləri bu cür ürəkdən tövbə etsəydilər, nəticəsi necə olardı? Peter demişdi ki, bunun sayəsində onların günahları yuyula bilərdi. «Yuyulmaq» kimi tərcümə olunan yunan sözü «təmizləmək, silmək» mənalarını verir. Beləliklə, Yehova bizim günahlarımızı bağışlayanda, sanki, süngərlə onları silib təmizləyir. O, bağışlayanda tamamilə bağışlayır (İbr. 10:22; 1 Yəh. 1:7).

13. «Günahlarını daha yada salmayacağam» sözləri hansı mənanı daşıyır?

13 Yehovanın günahları həmişəlik bağışladığını haradan bilirik? Gəlin Yeremyanın məsh olunmuş məsihçilərlə bağlanan yeni əhd haqqında peyğəmbərliyini nəzərdən keçirək. Bu əhd sayəsində fidyə qurbanlığına iman gətirənlərin bağışlanması mümkün olur. (Yeremya 31:34 ayəsini oxu.) Yehova deyir: «Təqsirlərini bağışlayacağam, günahlarını daha yada salmayacağam». Yehova bizi əmin edir ki, əgər günahlarımızı bağışlayırsa, gələcəkdə həmin günahlara görə bizi cəzalandırmayacaq. O, bu günahımızı nə üzümüzə vuraraq bizi dönə-dönə ittiham edir, nə də cəzalandırır. Əksinə, Yehova günahlarımızı bağışlayır və onları arxada qoyur — özü də həmişəlik (Rom. 4:7, 8).

14. Yehovanın bağışlayan olması üzərində düşünmək bizə necə təsəlli verə bilər? Nümunə çəkin.

14 Yehovanın bağışlayan olması üzərində düşünmək bizə təsəlli verir. Gəlin bir nümunəyə nəzər salaq. Uzun illər öncə, bir bacı — onu Elina adlandıraq — yığıncaqdan kənar edilmişdi. Bir neçə il sonra o, yenidən bərpa olundu. Elina etiraf edir: «Başqalarına və özümə Yehovanın məni bağışladığına inandığımı desəm də, həmişə Onun məndən uzaq olduğunu və ya başqalarına daha yaxın və real olduğunu hiss edirdim». Lakin Elina Müqəddəs Kitabda Yehovanın bağışlayan olmasını təsvir edən bəzi bədii ifadələri oxuyub üzərində düşündükdən sonra təsəlli tapdı. O əlavə edir: «Mən özümə qarşı Yehovanın hədsiz məhəbbətini və mərhəmətini hiss etdim, halbuki əvvəllər bunu anlamırdım». Bacıya nəşrlərimizdən oxuduğu növbəti sözlər xüsusilə təsir bağışladı: «Yehova günahlarımızı bağışlayanda etdiyimiz günahların həyatımız boyu üzərimizdə yuyulmayan ləkə kimi qalacağını düşünmək lazım deyil» *. Elina deyir: «Başa düşdüm ki, Yehovanın məni tamamilə bağışlaya biləcəyinə inanmırdım, ömrümün axırına kimi bu yükü daşımalı olacağımı fikirləşirdim. Bilirəm ki, bunun üçün vaxt lazımdır. Amma artıq Yehovaya yaxınlaşa biləcəyimi hiss edirəm və sanki, üzərimdən ağır bir yük götürülüb». Biz, həqiqətən də, məhəbbətli və bağışlayan Allaha xidmət edirik! (Məz. 103:9).

BAĞIŞLAYAN ALLAHIMIZ YEHOVANI TƏQLİD EDƏK

15. Bağışlayan Allahımız Yehovanı necə təqlid edə bilərik?

15 Əsasımız olduğu halda bir-birimizi bağışlayırıqsa, Yehova Allahı təqlid etmiş oluruq. (Luka 17:3, 4 ayələrini oxu.) Artıq qeyd etdiyimiz kimi, Yehova bağışlayanda günahlarımızı unudur, yəni daha onlara görə bizi cəzalandırmır. Başqalarını bağışlayanda biz də olub-keçənləri unutmalı, səhvlərini bir daha onların üzünə vurmamalıyıq.

16. a) Bağışlamaq bizə qarşı edilən səhvlərə göz yummaq və ya bizdən sui-istifadə edilməsinə yol vermək deməkdir? İzah edin. b) Allahın bizi bağışlaması üçün nə etməliyik?

16 Bağışlamaq bizə qarşı edilən səhvlərə göz yummaq və ya bizdən sui-istifadə edilməsinə yol vermək demək deyil. Əksinə, bu, bizim inciklik hissini ürəyimizdən çıxarıb atmaq istədiyimizə dəlalət edir. Əslində, Allahın bizi bağışlaması üçün biz də Onu təqlid edərək başqalarını  bağışlamalıyıq (Mat. 6:14, 15). Və nəhayət, şəfqət hissindən irəli gələrək Yehova bizim «torpaqdan düzəlməyimizi» unutmur (Məz. 103:14). Eynilə, şəfqət hissi bizi də başqalarının səhvlərinə güzəştə gedərək onları ürəkdən bağışlamağa təşviq etməməlidirmi? (Efes. 4:32; Kolos. 3:13).

Qoy başqalarını bağışlamaq üçün etdiyimiz dualar səmimi-qəlbdən olsun (17-ci abzasa bax)

17. Həmimanlılarımız xətrimizə dəyəndə onları bağışlamağa bizə nə kömək edə bilər?

17 Əlbəttə, bağışlamaq həmişə asan olmur. Görünür, hətta birinci əsrdəki bəzi məsh olunmuş məsihçilərə belə, aralarındakı fikir ayrılıqlarını aradan qaldırmaq çətin idi (Filip. 4:2). Bəs həmimanlılarımız xətrimizə dəyəndə onları bağışlamağa bizə nə kömək edə bilər? Gəlin Əyyubun nümunəsinə nəzər salaq. Dırnaqarası dostları Elifaz, Bildad və Sofar Əyyubu əsassız olaraq ittiham edəndə onun ürəyinə dərin yara vurmuşdular (Əyy. 10:1; 19:2). Sonda Yehova bu yalançı ittihamçıları məzəmmət etdi. Allah onlara Əyyubun yanına gedib etdikləri günaha görə qurban gətirməyi əmr etdi (Əyyub 42:7—9). Ancaq Yehovanın göstərişi ilə Əyyubdan da nəsə etmək tələb olunurdu. Yehova ona bu ittihamçılara görə dua etməyi tapşırmışdı. Əyyub Allahın dediyini etdi, Allah da ona öz dostlarını bağışladığına görə xeyir-dua verdi. (Əyyub 42:10, 12, 16, 17 ayələrini oxu.) Bundan biz özümüzə hansı ibrət dərsi götürə bilərik? Xətrimizə dəyən adam üçün səmimi-qəlbdən dua etsək, bu, ürəyimizdən kini çıxarıb atmağa kömək edə bilər.

YEHOVANIN XÜSUSİYYƏTLƏRİNİ TAM ŞƏKİLDƏ QİYMƏTLƏNDİRMƏYƏ DAVAM EDİN

18, 19. Biz nə etmək əzmindəyik?

18 Şübhəsiz, Yehovanın məhəbbət dolu xüsusiyyətlərini hərtərəfli araşdırmaq bizim üçün çox ruhlandırıcı oldu. Biz öyrəndik ki, O, əlçatan, ayrı-seçkilik etməyən, səxavətli, mülayim, sədaqətli və bağışlayan Allahdır. Əlbəttə, öyrəndiklərimiz Yehova haqqında biliklərin yanında heç nədir. Əbədiyyət boyunca Yehova haqqında öyrənmək bizə sevinc gətirəcək (Vaiz 3:11). Biz həvari Pavelin növbəti sözləri ilə razıyıq: «Allahın xeyir-duası necə də boldur, hikməti və biliyi dərin bir ümmandır!» Bunu Yehovanın məhəbbətinə, eləcə də müzakirə etdiyimiz altı keyfiyyətinə də şamil etmək olar (Rom. 11:33).

19 Buna görə də gəlin Yehovanın bu cəlbedici xüsusiyyətləri barədə daha çox öyrənək, onların üzərində düşünək və həyatımızda tətbiq edək (Efes. 5:1). Belə etməklə biz: «Mənim üçün Allaha yaxınlaşmaq yaxşıdır», — deyən məzmurçunun sözlərinə şərik olacağıq (Məz. 73:28)..

^ abz. 7 Bu mövzu ilə bağlı bəzi faydalı məsləhətləri «Gözətçi qülləsi» jurnalının 1995-ci il 15 yanvar sayının «Son vaxtlarda kimisə ruhlandırmısınızmı?» (rus.) və 1995-ci il 1 aprel sayının «Məhəbbətə və xeyirxah işlərə necə təşviq edə bilərik?» adlı məqalələrində (rus.) tapa bilərsiniz.

^ abz. 14 «Yehovaya yaxınlaş» kitabının 26-cı fəslinin 10-cu abzasına (rus.) baxın.