Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) İYUN 2013

Yehovanın keyfiyyətlərini tam şəkildə qiymətləndirin

Yehovanın keyfiyyətlərini tam şəkildə qiymətləndirin

«Allahın sevimli övladları olduğunuz üçün Ona bənzəməyə çalışın» (EFES. 5:1).

1. a) Yehova barədə düşünərkən dərhal ağlınıza Onun hansı keyfiyyətləri gəlir? b) Yehovanın keyfiyyətlərini araşdırmaqla hansı faydanı əldə edəcəyik?

YEHOVA barədə düşünərkən dərhal ağlınıza Onun hansı keyfiyyətləri gəlir? Çoxlarının ilk yadına düşən xüsusiyyətlər məhəbbət, ədalət, müdriklik və qüvvə olur. Amma bilirik ki, Yehova bir çox digər cəlbedici keyfiyyətlərə də malikdir. Əslində isə, Yehovanın 40-dan çox keyfiyyətini sadalaya bilərik və bu keyfiyyətlərdən hər biri nəşrlərimizdə ayrı-ayrılıqda müzakirə olunub. Təsəvvür edirsiniz, şəxsi və ya ailəvi öyrənmə zamanı Yehova barədə nə qədər dəyərli biliklərə yiyələnə bilərik? Bəs bu cür araşdırmadan necə faydalana bilərik? Belə araşdırma bizə səmavi Atamızın keyfiyyətlərini daha çox qiymətləndirməyə kömək edəcək. Bu da, öz növbəsində, Onunla yaxın dost olmaq və Onu təqlid etmək istəyimizi gücləndirəcək (Yeşua 23:8; Məz. 73:28).

2. a) Yehovanın keyfiyyətlərini daha çox qiymətləndirmək üçün nə edə bilərik? Nümunə çəkin. b) Biz nəyi nəzərdən keçirəcəyik?

2 Bəs nəyisə «qiymətləndirmək» nə deməkdir? Burada istifadə olunan «qiymətləndirmək» sözü nəyinsə dəyərini düzgün başa düşüb ona qiymət vermək deməkdir. Adətən, insan hər hansı bir şeyi vaxt keçdikcə daha çox qiymətləndirir. Məsələn: heç vaxt dadmadığımız bir yemək onun ətrini duyandan, hər loxmasını iştaha ilə yeyəndən və özümüz onu bişirəndən sonra get-gedə daha çox xoşumuza gəlməyə başlayır. Buna bənzər tərzdə Allahın keyfiyyətlərini qiymətləndirmək üçün də onlar haqqında öyrənməyə, onların üzərində düşünməyə və sonra həyatımızda əks etdirməyə çalışmalıyıq (Efes. 5:1). Bu və növbəti iki məqalənin məqsədi Yehovanın əsas xüsusiyyətlərindən daha az əhəmiyyətli hesab etdiyimiz xüsusiyyətləri qiymətləndirməyə kömək etməkdir. Bu keyfiyyətlərin  hər birini araşdırdıqca növbəti sualları müzakirə edəcəyik: Bu keyfiyyətin məğzi nədən ibarətdir? Yehova bu keyfiyyəti necə təzahür etdirir? Biz Yehovanın bu keyfiyyətini necə təqlid edə bilərik?

YEHOVA ƏLÇATAN ALLAHDIR

3, 4. a) Əlçatan insanı necə təsvir edərdiniz? b) Yehovanın əlçatan olduğu nədən görünür?

3 Gəlin ilk əvvəl Yehovanın necə əlçatan olduğunu araşdıraq. Siz əlçatan insanı necə təsvir edərdiniz? Bəlkə də, siz xeyirxah, yaxınlaşmaq və ünsiyyət etmək asan olan bir insanın əlçatan olduğunu deyəcəksiniz. Çox vaxt insana qulaq asmaqla, eləcə də bədən hərəkətlərini — jestlərini, üz ifadələrini və bu kimi digər əlamətləri müşahidə etməklə onun əlçatan olub-olmadığını müəyyən etmək mümkündür.

4 Bəs Yehovanın əlçatan olduğu nədən görünür? Ucsuz-bucaqsız Kainatı yaradan Küll-İxtiyar Allah olmasına baxmayaraq, Yehova bizi əmin edir ki, O, hər zaman dualarımızı eşitməyə və onlara cavab verməyə hazırdır. (Məzmur 145:18; Yeşaya 30:18, 19 ayələrini oxu.) Biz Allaha istədiyimiz yerdə, istədiyimiz qədər dua edə bilərik. Əmin ola bilərik ki, O, bizi buna görə məzəmmət etməyəcək (Məz. 65:2; Yaq. 1:5). Allahın Kəlamında Yehova bəşəri dillə insanların Ona müraciət etməsini istədiyini göstərir. Misal üçün, məzmurçu Davud yazır ki, Yehovanın «gözü salehlərin üzərindədir» və Onun sağ əli bizi möhkəm tutur (Məz. 34:15; 63:8). Yeşaya peyğəmbər Yehovanı çobanla müqayisə edərək deyir: «Quzuları qucağına alacaq, sinəsində gəzdirəcək» (Yeşaya 40:11). Bir təsəvvür edin! Yehova Allah istəyir ki, biz Ona qayğıkeş çobanın sinəsindəki quzu kimi yaxın olaq. Bəli, Yehova, həqiqətən də, əlçatan bir Atadır! Bəs bu sahədə biz Yehovanı necə təqlid edə bilərik?

OLDUQCA VACİB KEYFİYYƏT

5. Ağsaqqalların əlçatan olmaları nəyə görə vacibdir?

5 Bu yaxın vaxtlarda müxtəlif ölkələrdə yaşayan Yehovanın Şahidlərinə belə bir sualla müraciət edilmişdi: «Ağsaqqalda  daha çox hansı xüsusiyyəti qiymətləndirirsən?» Əksəriyyət: «Onun əlçatan olmasını», — deyə cavab vermişdi. Bunu nəzərə alaraq, hər bir məsihçi, xüsusilə də ağsaqqallar bu keyfiyyəti özlərində tam mənada inkişaf etdirməlidirlər (Yeşaya 32:1, 2). Bu xüsusiyyətin onun üçün nəyə görə vacib olduğunu bir bacı belə sözlərlə ifadə edir: «Yalnız ağsaqqal əlçatan olduğu təqdirdə, biz onun malik olduğu digər yaxşı keyfiyyətlərdən yararlana bilərik». Siz bu sözləri məntiqli hesab edirsinizmi? Sizcə insanı əlçatan edən nədir?

6. Əlçatan olmaq üçün, ilk növbədə, nə tələb olunur?

6 Əlçatan olmaq üçün, ilk növbədə, başqalarına səmimi maraq göstərmək tələb olunur. Ağsaqqallar başqalarının qayğısına qalanda və kömək etmək üçün məmnuniyyətlə onlara vaxt ayıranda, gənclər də daxil olmaqla, bütün bacı-qardaşlara onlarla söhbət etmək asan olur (Mark 10:13—16). 12 yaşlı Karlos deyir: «Padşahlıq zalında ağsaqqalların necə gülərüz olduqlarını və xeyirxahlıq göstərdiklərini müşahidə edirəm və bu, mənim xoşuma gəlir». Əlbəttə, ağsaqqalların hər zaman dinləməyə və kömək etməyə hazır olduqlarını demələri kifayət deyil. Onlar bunu əməldə göstərməlidirlər (1 Yəh. 3:18). Axı necə?

7. Nəyə görə konqres plaketlərimiz insanlarla ünsiyyət qurmağa fürsət yaradır və biz bundan nə öyrənə bilərik?

7 Gəlin bir nümunəyə nəzər salaq. Bu yaxınlarda bir qardaş xarici ölkədə keçirilən konqresdən sonra təyyarə ilə evə qayıdarkən konqres plaketini yaxasından çıxartmamışdı. Təyyarədəki ekipaj heyətinin üzvü plaketdəki «Qoy Allahın Padşahlığı gəlsin!» sözlərini görəndə qardaşa demişdi: «Bəli, qoy gəlsin! Biz bu barədə bir az söhbət edə bilərik?» Onlar söhbət etdikdən sonra həmin kişi məmnuniyyətlə jurnallarımızı qəbul etdi. Çoxlarımızda bu cür maraqlı hadisələr olur. Bəs nəyə görə konqres plaketlərimiz insanlarla ünsiyyət qurmağa fürsət yaradır? Çünki plaketlərimiz, sanki, insanlara: «Çəkinmə, mənə yaxınlaş və hara getdiyimi soruş», — deyir. Yaxamıza taxdığımız plaketlər insanlara imanımız barədə bölüşməyə hər zaman hazır olduğumuzu göstərir. Eynilə, məsihçi ağsaqqallar da elə təəssürat oyatmalıdırlar ki, həmimanlıları çəkinmədən onlara yaxınlaşa bilsinlər. Onlar bunu necə edə bilərlər?

8. Başqalarına səmimi maraq göstərmək üçün ağsaqqallar nə edə bilərlər və bu, yığıncağın üzvlərinə necə təsir edir?

8 Bir çox ölkələrdə adət-ənənələr bir-birindən fərqlənsə də, adətən, biz bacı-qardaşlarımızı gülərüzlə qarşılamaqla, əl verib dostyana görüşməklə onlarla səmimi-qəlbdən maraqlandığımızı göstərə bilərik. Bəs təşəbbüsü kim öz üzərinə götürməlidir? İsanın nümunəsinə diqqət yetirək. Matta qeyd edir ki, İsa şagirdlərlə görüş zamanı yaxınlaşıb onlarla söhbət etdi (Mat. 28:18). Ağsaqqallar da təşəbbüsü öz üzərlərinə götürərək həmimanlılarına yaxınlaşır və onlarla söhbət edirlər. Bu, yığıncağın üzvlərinə necə təsir edir? 88 yaşlı pioner bir bacı bölüşür: «Padşahlıq zalına girəndə ağsaqqalların səmimi təbəssümü və ruhlandırıcı sözləri məndə onlara qarşı rəğbət hissi oyadır». Digər bir bacı isə qeyd edir: «Cuzi bir şey kimi görünsə də, yığıncağa gələndə ağsaqqalın gülərüzlə salamlaması mənim üçün böyük şeydir».

HƏMİMANLILARINLA ÜNSİYYƏTƏ VAXT AYIR

9, 10. a) Yehova bizə hansı gözəl nümunəni qoyub? b) Ağsaqqallar başqalarına necə vaxt ayıra bilərlər?

9 Əlbəttə, həmimanlılarımızın bizimlə sərbəst şəkildə ünsiyyət etmələrini istəyiriksə, onlara vaxt ayırmalıyıq. Yehova bu sahədə bizə gözəl nümunə qoyub. «O, heç birimizdən uzaq deyil» (Həv. iş. 17:27). Ağsaqqallar yığıncaqdan əvvəl və sonra  bacı-qardaşlara — gənclərə və yaşlılara vaxt ayırmaqla Yehovanın nümunəsini təqlid edə bilərlər. Bir pioner qardaş qeyd edir: «Ağsaqqal məndən hal-əhval tutanda və cavabımı dinləyəndə özümü dəyərli hiss edirəm». Yehovaya 50 ilə yaxındır ki, xidmət edən bir bacı deyir: «Ağsaqqallar yığıncaqdan sonra mənimlə söhbət etmək üçün bir az vaxt ayıranda dəyərli olduğumu anlayıram».

10 Aydın məsələdir ki, ağsaqqalların digər öhdəçilikləri də var. Lakin yığıncaqda əsas məqsəd, ilk növbədə, bacı-qardaşlara vaxt ayırmaq olmalıdır.

YEHOVA AYRI-SEÇKİLİK ETMƏYƏN ALLAHDIR

11, 12. a) Ayrı-seçkilik etməmək nə deməkdir? b) Ayrı-seçkilik etməməkdə Yehova bizə hansı nümunəni qoyub?

11 Yehovanın cəlbedici xüsusiyyətlərindən biri də Onun ayrı-seçkilik etməməsidir. Ayrı-seçkilik etməmək nə deməkdir? Ayrı-seçkilik etməmək «qərəzsiz münasibət bəsləmək, üzgörənlik etməmək, bir tərəfi digərindən üstün tutmamaq» deməkdir. Bu, özünə iki amili daxil edir: insanlara qarşı münasibəti və onlarla rəftarı. Görəsən, nə üçün bu amillərin hər ikisi də vacibdir? Çünki, adətən, insan qərəzsiz olduğu təqdirdə, hamı ilə qərəzsiz rəftar edir. Yunanca Müqəddəs Yazılarda «ayrı-seçkilik etməyən» kimi tərcümə edilən söz hərfi mənada «üzü qəbul etməmək», yəni bir üzü digərindən üstün tutmamaq deməkdir (Həv. iş. 10:34). Bu səbəbdən, ayrı-seçkilik etməyən insan başqasının xarici görünüşünə və şəraitinə yox, onun xasiyyətinə fikir verir.

12 Yehova ayrı-seçkilik etməməyin ən bariz nümunəsidir. Onun Kəlamında deyilir ki, O, «ayrı-seçkilik» və «tərəfkeşlik etməyən» Allahdır. (Həvarilərin işləri 10:34, 35; Qanunun təkrarı 10:17 ayələrini oxu.) Musanın günlərində baş vermiş hadisə buna bir sübutdur.

Selofxadın qızları Allahın ayrı-seçkilik etməməsini qiymətləndirirdilər (13 və 14-cü abzaslara bax)

13, 14. a) Selofxadın beş qızı hansı vəziyyətlə üzləşdi? b) Yehova ayrı-seçkilik etmədiyini necə göstərdi?

13 İsraillilər Vəd edilmiş diyara daxil olmazdan əvvəl, Selofxad adlı bir nəfərin beş subay qızı çıxılmaz vəziyyətlə üzləşir. Onlar bilirlər ki, digər israilli ailələr kimi, onların ailəsi də atalarına irs olaraq düşən torpaq payını almalıdırlar (Say. 26:52—55). Lakin onların Menaşşe nəslindən olan ataları Selofxad artıq həyatda yox idi. Qanuna görə, torpaq payını almaq hüququ oğlan övladlarına məxsus idi, Selofxadın isə təkcə qızları vardı (Say. 26:33). Belə çıxır ki, ailənin oğlan övladı olmadığına görə torpaq payı qohumlara verilməli, qızlar isə ailə mirasından məhrum olmalı idilər?

14 Bu beş bacı Musanın yanına gəlib ondan soruşdular: «Oğlu olmadığına görə onun [atamızın] adı öz nəsli arasından nə üçün silinməlidir?» Onlar xahiş edib dedilər: «Atamızın qardaşları arasında bizə bir mülk verin». Bəs Musa buna necə reaksiya  göstərdi, Qanundan kənara çıxa bilməyəcəyini dedi? Əksinə, o, «onların işini Rəbbin önünə qoydu» (Say. 27:2—5). Yehova buna cavab olaraq Musaya dedi: «Selofxadın qızları doğru deyirlər: mütləq onlara atalarının qardaşları arasında mülk ver və atalarının mirasını onlara keçir». Yehova bununla kifayətlənmədi, Musaya bu göstərişi Qanuna daxil etməyi tapşırdı: «İsrail övladlarına de ki, əgər bir adam ölərsə və onun oğlu yoxdursa, o zaman mirası onun qızına keçir» (Say. 27:6—8; Yeşua 17:1—6). Həmin andan etibarən, bu qanun belə vəziyyətlə üzləşən bütün israilli qadınları müdafiə edəcəkdi.

15. a) Yehova Öz xalqı ilə, xüsusilə də müdafiəsiz olanlarla necə rəftar edir? b) Müqəddəs Kitabdakı daha hansı nümunələr Yehovanın qərəzsiz davrandığını göstərir?

15 Həqiqətən də, xeyirxah və qərəzsiz bir qərar idi! Yehova, bütün israillilərlə olduğu kimi, bu müdafiəsiz qadınlarla da hörmətcil tərzdə rəftar etdi (Məz. 68:5). Bu hadisə Müqəddəs Kitabda qələmə alınan və Yehovanın bütün xidmətçiləri ilə qərəzsiz davrandığını göstərən çoxsaylı nümunələrdən yalnız biridir (1 Şam. 16:1—13; Həv. iş. 10:30—35, 44—48).

BİZ YEHOVANI TƏQLİD EDƏ BİLƏRİK

16. Yehova kimi necə qərəzsiz ola bilərik?

16 Ayrı-seçkilik etməməkdə Yehovanın nümunəsini necə təqlid edə bilərik? Yuxarıda deyildiyi kimi, ayrı-seçkilik etməmək özünə iki amili daxil edir. Biz yalnız qərəzsiz olduğumuz təqdirdə, başqaları ilə qərəzsiz rəftar edəcəyik. Sözsüz, hər birimiz özümüzün obyektiv və qərəzsiz olduğumuzu düşünməyi xoşlayırıq. Ancaq yəqin, razılaşacaqsınız ki, insanın öz hisslərinə obyektiv şəkildə qiymət verməsi heç də həmişə asan olmur. Bəs ayrı-seçkilik etməyən insan olduğumuzu necə müəyyən edə bilərik? İsa insanların onun barəsində nə fikirləşdiyini öyrənmək üçün yaxın dostlarından soruşmuşdu: «Camaatın dediyinə görə insan Oğlu kimdir?» (Mat. 16:13, 14). Nəyə görə İsanın bu nümunəsini izləməyəsiniz? Səmimiyyətinə inandığınız dostlarınızdan insanlar arasında ayrı-seçkilik etməyən biri kimi tanınıb-tanınmadığınızı soruşa bilərsiniz. Əgər o, sizin hərdən insanlar arasında irqi, sosial və ya ekonomik cəhətdən ayrı-seçkilik etdiyinizi söyləyərsə, bu zaman nə edəcəksiniz? Yehovaya ürəkdən dua edərək öz hisslərinizi Onunla bölüşün. Xahiş edin ki, düşüncə tərzinizi dəyişməyinizə və hər kəsə Onun kimi qərəzsiz yanaşmağınıza kömək etsin (Mat. 7:7; Kolos. 3:10, 11).

17. Hansı sahələrdə biz insanlar arasında ayrı-seçkilik etməməliyik?

17 Məsihçi yığıncağında bütün bacı-qardaşlarımıza hörmət və xeyirxahlıq göstərməklə biz Yehovanı təqlid etmək istədiyimizi göstəririk. Misal üçün, qonaqpərvərlik göstərərkən müxtəlif mədəniyyətdən olan bütün bacı-qardaşları, o cümlədən kasıbları, yetimləri, dulları da unutmamalıyıq. (Qalatiyalılara 2:10; Yaqub 1:27 ayələrini oxu.) Üstəlik, biz Padşahlıq haqqında təbliğ edərkən də fərqli mədəniyyətlərdən, eləcə də başqa ölkələrdən olan insanlarla xoş xəbəri bölüşməliyik. Necə də xoşbəxtik ki, təxminən 600 dildə Müqəddəs Kitaba əsaslanan nəşrlərimiz var! Məgər bu, heç kəsə qarşı ayrı-seçkilik edilmədiyinin aydın sübutu deyil?!

18. Yehovanın əlçatan və ayrı-seçkilik etməyən olmasını qiymətləndirdiyimizi necə göstərə bilərik?

18 Beləliklə, biz Yehovanın əlçatan və ayrı-seçkilik etməyən olması üzərində düşünməyə vaxt ayırsaq, Ona olan minnətdarlığımız daha da artacaq. Bu minnətdarlıq da, öz növbəsində, bizi həmimanlılarımıza və təbliğ etdiyimiz insanlara qarşı Yehovanın xüsusiyyətlərini təzahür etdirməklə Onu tam şəkildə təqlid etməyə təşviq etməlidir.

«Rəbb Onu çağıran bütün insanlara... yaxındır» (Məz. 145:18) (9-cu abzasa bax)

«Allahınız Rəbb... tərəfkeşlik etməyən... Allahdır» (Qanun. t. 10:17) (17-ci abzasa bax)