Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi (təlim nəşri)  |  may 2013

Yaxşı işlərə can yandırırsanmı?

Yaxşı işlərə can yandırırsanmı?

«Məsih özünü uğrumuzda fəda etdi ki, bizi... təmizləyərək özü üçün bir əmlak kimi, yaxşı işlərə can yandıran bir xalq təşkil etsin» (TİT. 2:14).

1, 2. Yehovanın Şahidləri hansı xüsusi şərəfə layiq görülüb və sən bu barədə nə düşünürsən?

ÇOXLARI üçün gördükləri işə görə mükafat almaq böyük şərəfdir. Məsələn, bəziləri bir-birinə düşmən olan iki tərəf arasında sülhü bərqərar etdikləri üçün Nobel mükafatı ilə təltif olunmuşlar. Lakin insanlara Yaradanla sülh münasibətlərini bərpa etməyə kömək etmək üçün Onun tərəfindən səfir və ya elçi kimi göndərilmək daha böyük şərəfdir.

2 Yehovanın Şahidləri kimi, yalnız biz bu cür xüsusi şərəfə layiq görülmüşük. Allahın və Məsihin göstərişi ilə biz: «Allahla barışın», — deyə insanlara yalvarırıq (2 Kor. 5:20). Yehova bizim vasitəmizlə insanları Özünə yaxınlaşdırır. Bunun sayəsində 235-dən çox ölkə və ərazidə milyonlarla insan Allahla yaxın münasibət qurur və əbədi həyat ümidi əldə edir (Tit. 2:11). Biz canla-başla hər kəsi «həyat suyunu» havayı götürməyə dəvət edirik (Vəhy 22:17). Bu dəyərli tapşırığı qiymətləndirdiyimiz və onu canla-başla yerinə yetirdiyimiz üçün haqlı olaraq «yaxşı işlərə can yandıran» xalq adlana bilərik (Tit. 2:14). İndi isə gəlin yaxşı işlərə can yandırmağımızın insanları Yehovaya necə yaxınlaşdırdığını nəzərdən keçirək. Üsullardan biri təbliğ işimizdir.

YEHOVA VƏ İSA KİMİ QEYRƏT GÖSTƏR

3. «Ordular Rəbbinin qeyrəti» bizi nəyə əmin edir?

3 Yeşaya 9:7 ayəsində Allahın Oğlunun idarə etdiyi hökumətin görəcəyi işlər barədə deyilir: «Ordular Rəbbinin qeyrəti bunu edəcək». Bu sözlər səmavi Atamızın bəşəriyyəti xilas etmək istədiyini göstərir. Yehovanın qeyrət göstərməsindən, yəni hər şeyə can yandırmasından aydın şəkildə görürük ki, Onun bizə həvalə etdiyi Padşahlığın təbliğ işini şövqlə və səylə dəstəkləməliyik. Bizim səmimi-qəlbdən insanların Allahı tanımalarına kömək etmək istəyimiz Yehovanın göstərdiyi qeyrətin təcəssümüdür. Bəs biz, Allahın əməkdaşları kimi, xoş xəbərin yayılmasında tam  iştirak etmək üçün imkan daxilində əlimizdən gələni edirikmi? (1 Kor. 3:9).

4. İsa xidməti canla-başla yerinə yetirməyə dair necə nümunə qoyub?

4 İsa xidməti canla-başla yerinə yetirməyə dair bizə gözəl nümunə qoyub. Şiddətli təqiblərlə üzləşməsinə baxmayaraq, o, həyatının sonuna qədər xidmətdə səyini qorudu (Yəh. 18:36, 37). Həyatını qurban verəcəyi vaxt yaxınlaşdıqca başqalarına Yehovanı tanımağa kömək etmək üçün İsa qətiyyətini daha da gücləndirirdi.

5. İsa çəkdiyi nümunəyə uyğun olaraq necə davrandı?

5 Misal üçün, eramızın 32-ci ilinin payızında İsa üç il idi ki, üzümlüyündə bəhrə verməyən əncir ağacı olan bir adamdan danışdı. Onun bu ağacı kəsmək əmri verməsinə baxmayaraq, bağban bir müddət onu gübrələmək üçün vaxt istədi. (Luka 13:6—9 ayələrini oxu.) İsa bu sözləri deyən zaman onun şagirdlərinin sayı az idi. Ancaq çəkdiyi nümunədən göründüyü kimi, o, qalan qısa vaxt ərzində — təxminən altı ayın içində Yəhudeyada və Pereyada təbliğ fəaliyyətini daha da gücləndirdi. Ölümündən bir neçə gün öncə, İsa çatdırdığı xəbərə hay verməyən həmvətənləri üçün ağlamışdı (Mat. 13:15; Luka 19:41).

6. Nəyə görə biz xidmətdə daha fəal olmalıyıq?

6 Sonun günbəgün yaxınlaşdığı bir ərəfədə təbliğ işində daha səylə çalışmalı deyilikmi? (Daniel 2:41—45 ayələrini oxu.) Yehovanın Şahidi olmaq bizim üçün böyük şərəfdir. Biz dünyada insanlara bəşəriyyətin problemlərinin həll olunacağına dair ümidverici xəbər çatdıran yeganə xalqıq. Bu yaxınlarda bir jurnalist: «Yaxşı insanlar nə üçün pisliklərlə üzləşir?» — sualına cavab tapmağın qeyri-mümkün olduğunu yazmışdı. Bizi dinləmək istəyən hər bir insana Müqəddəs Kitabdan bu kimi sualların cavabını tapmağa kömək etmək borcumuzdur. Buna görə də biz Yehovanın həvalə etdiyi işi yerinə yetirmək üçün «Allahın ruhu ilə» coşmalıyıq (Rom. 12:11). Allahın xeyir-duası və xidmətə can yandırmağın sayəsində başqalarına Yehovanı tanımağa və sevməyə kömək edəcəyik.

FƏDAKARLIQ RUHU YEHOVANI ŞƏRƏFLƏNDİRİR

7, 8. Fədakarlıq ruhu Yehovaya necə şərəf gətirir?

7 Həvari Pavel xidmət edərkən yuxusuz və ac-susuz qalırdı (2 Kor. 6:5). Bu gün də bacı-qardaşlarımız xidmətdə eyni qurbanlar verirlər. Məsələn, fədakar pionerlər xidməti həyatlarında birinci yerə qoyur, eyni zamanda da özlərini maddi cəhətdən təmin etməli olurlar. Həmçinin xarici ölkələrdə «xidmətin üzərinə şərab təqdimi kimi [tökülən]» xüsusi təyinatlı müjdəçiləri də xatırlaya bilərik (Filip. 2:17). Eyni zamanda, yeməyib-içməyib Allahın sürüsünün qayğısına qalan zəhmətkeş ağsaqqalları da unutmamalıyıq. Bundan əlavə, yaşlı və səhhəti zəif bacı-qardaşlarımız məsihçi yığıncaqlarında və xidmətdə iştirak etmək üçün əllərindən gələni edirlər. Fədakarlıq ruhu göstərən Allahın bu xidmətçiləri barədə düşünəndə ürəyimiz cuşa gəlir. Bizim xidmətdə bu cür səy göstərməyimiz başqalarının diqqətindən yayınmır.

8 Birləşmiş Krallığın Linkolnşir qraflığında dərc olunan «Boston Target» qəzetinə Yehovanın Şahidi olmayan bir oxucu belə bir məktub yazmışdı: «İnsanlar dinə olan inamlarını itirirlər... Bilmirəm, kilsə rəhbərləri bütün günü nə ilə məşğuldurlar? Sözsüz ki, onlar Məsih kimi küçələrə çıxıb insanlarla görüşmürlər... Görünür, insanların qayğısına qalan, onlarla görüşüb səmimiyyətlə həqiqəti çatdıran yeganə din Yehovanın Şahidləridir». Xudbinliklə dolu bu dünyada  bizim fədakarlıq ruhu təzahür etdirməyimiz başlıca olaraq Yehova Allaha şərəf gətirir (Rom. 12:1).

Xidmətdə fəal iştirak etməyimiz güclü şahidlik verir

9. Xidmətdə yaxşı işlərə can yandırmağa bizi nə təşviq edə bilər?

9 Bəs əgər xidmətdə səyimizi itirdiyimizi düşünürüksə, nə edə bilərik? Belə vəziyyətdə təbliğ vasitəsilə Yehovanın nələrə nail olduğu üzərində düşünmək bizə kömək edə bilər. (Romalılara 10:13—15 ayələrini oxu.) İnsanların xilası Yehovanın adını imanla çağırmalarından asılıdır, ancaq biz təbliğ etməsək, onların xilası mümkün olmayacaq. Bunu anlamaq bizi yaxşı işlərə can yandırmağa və Padşahlıq haqqında xoş xəbərin səyli təbliğçisi olmağa təşviq edəcək.

YAXŞI DAVRANIŞ İNSANLARI YEHOVAYA CƏLB EDİR

Dürüstlüyün və canla-başla çalışmağın əbəs deyil

10. Nəyə görə deyə bilərik ki, yaxşı davranışımız insanları Yehovaya cəlb edir?

10 İnsanları Allaha yaxınlaşdırmaq üçün təkcə səylə xidmət etmək kifayət deyil. Onları Allaha cəlb edən ikinci amil bizim məsihçi kimi nümunəvi davranışımızdır. Pavelin: «Xidmətimizdə qüsur tapılmasın deyə, biz iman yolunda kimisə büdrədən bir iş görmürük», — sözlərindən davranışımızın nə dərəcədə vacib olduğunu görürük (2 Kor. 6:3). Təmiz, qüsursuz danışığımız və dürüst davranışımız Yehovanın təlimlərini bəzəyərək insanları Ona ibadətə cəlb edir (Tit. 2:10). Həqiqətən də, biz çox vaxt Məsihi təqlid etdiyimizi görən səmimi insanların həqiqətə müsbət hay verdiklərini eşidirik.

11. Davranışımızın başqalarına necə təsir etdiyi barədə dua edərək düşünmək nəyə görə vacibdir?

11 Davranışımızın insanlara müsbət təsiri olduğu kimi, əks təsiri də qaçılmazdır. Buna görə də biz çalışırıq ki, işdə, evdə və ya məktəbdə olmağımızdan asılı olmayaraq, xidmətimizdə və davranışımızda heç bir qüsur tapılmasın. Əgər  bilə-bilə günaha yol veririksə, aqibətimiz acınacaqlı olacaq (İbr. 10:26, 27). Bu, bizi dua edərək hərəkətlərimiz və onların başqalarına necə təsir göstərdiyi barədə düşünməyə vadar etməlidir. Yaşadığımız dünyada əxlaq normaları get-gedə tənəzzülə uğradıqca səmimi insanlar «Allaha qulluq edənlə etməyən arasındakı fərqi» aydın görəcəklər (Mal. 3:18). Bəli, bizim nümunəvi məsihçi davranışımız insanların Allahla barışmasında vacib rol oynayır.

12 Korinflilərə yazdığı məktubunda Pavel qeyd etmişdi ki, o, əzab-əziyyətlərlə, çətinliklərlə üzləşib, döyülüb və həbs olunub. (2 Korinflilərə 6:4, 5 ayələrini oxu.) Bizim də bu cür sınaqlara tab gətirməyimiz başqalarını həqiqəti qəbul etməyə təşviq edə bilər. Misal üçün, bir neçə il bundan əvvəl bəziləri Anqoladan Yehovanın Şahidlərinin kökünü kəsməyə cəhd göstərmişdilər. Bir dəfə onlar iki vəftiz olunmuş Şahidi və yığıncaqlara gələn 30 maraqlananı mühasirəyə aldılar. Sonra yerli əhalini toplayaraq məcbur etdilər ki, bu günahsız qurbanları necə qanlarına qəltan etdiklərinə tamaşa etsinlər. Hətta qadınlara və uşaqlara belə rəhm etmədilər. Onlar insanların gözünü qorxutmaq istəyirdilər ki, Yehovanın Şahidlərini dinləməsinlər. Ancaq bu cür amansız rəftardan sonra bir çoxları Yehovanın Şahidlərinə yaxınlaşaraq Müqəddəs Kitabı öyrənmək istədiklərini dedilər. Nəticədə, Padşahlığın təbliğ işi vüsət aldı, həqiqətə gələn insanların sayı artdı və qardaşlar çoxlu xeyir-dualar əldə etdilər.

13 Bu nümunədən gördüyümüz kimi, sınaqlar zamanı cəsarətli olmağımız başqalarına güclü təsir bağışlaya bilər. Peterin və digər həvarilərin cəsarəti sayəsində nə qədər çox insanın Allahla barışdığını təsəvvür etmək, həqiqətən də, heyrətamizdir (Həv. iş. 5:17—29). Məktəb və iş yoldaşlarımız, eləcə də ailə üzvlərimiz bizim düzgün davranışımızı görüb həqiqəti qəbul edə bilərlər.

14 Bəzi qardaşlarımız həmişə təqiblərə məruz qalmışlar. Misal üçün, Eritreyada Yehovanın 55 xidmətçisi həbsdədir, onlardan bəzilərinin 60-dan çox yaşı var. Cənubi Koreyada isə təxminən 700 Şahid imanına görə həbsdə yatır. Bu vəziyyət artıq 60 ildir ki, davam edir. Gəlin dua edək ki, müxtəlif ölkələrdə təqiblərlə üzləşən qardaşlarımızın sadiqliyi Allahın adına izzət gətirsin və salehliyi sevənlərin həqiqi ibadətin tərəfini tutmalarına kömək etsin (Məz. 76:8—10).

15. Dürüst davranışın insanların həqiqətə cəlb etdiyinə dair nümunə çək.

15 İnsanları həqiqətə cəlb etmək üçün biz həmçinin təmiz həyat tərzi sürməliyik. (2 Korinflilərə 6:4, 7 ayələrini oxu.) Nümunə üçün gəlin bir hadisəyə diqqət yetirək. Bir bacı avtobusda gediş haqqını bilet qutusuna atarkən yanındakı tanışı ona deyir: «İkiaddımlıq yol gedirsən, bilet almasan da olar». Bacı isə ona izah edir ki, bircə dayanacaq da olsa, gediş haqqını ödəmək lazımdır. Həmin qadın avtobusdan düşəndən sonra sürücü bacıdan soruşdu: «Siz Yehovanın Şahidisiniz?» «Bəli, — deyə bacı cavab verdi, — haradan bildiniz?» «Mən sizin gediş haqqını ödəməklə bağlı söhbətinizi eşitdim. Bilirəm ki, Yehovanın Şahidləri kimi hər məsələdə dürüst davranan tək-tük insan var». Bir neçə aydan sonra yığıncaqda bir kişi həmin bacıya yaxınlaşıb soruşdu: «Məni tanıdınız? Gediş haqqı ilə bağlı sizinlə söhbət edən həmin avtobus sürücüsüyəm. Sizin nümunəvi davranışınızı görüb Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənmək qərarına gəldim».  Dürüst davranışımız bizi etibarlı xidmətçi kimi tanıdır.

HƏR ZAMAN ALLAHI ŞƏRƏFLƏNDİRƏN KEYFİYYƏTLƏR TƏZAHÜR ETDİR

16. Səbir, məhəbbət və xeyirxahlıq kimi xüsusiyyətlər nəyə görə insanların ürəyinə təsir edir? Nümunə çək.

16 Səbir, məhəbbət və xeyirxahlıq kimi xüsusiyyətlər təzahür etdirməklə də biz insanların Yehovaya yaxınlaşmasına kömək etmiş oluruq. Bizi müşahidə edən bəzi insanlarda Yehova barədə, eləcə də Onun niyyətləri və xalqı barədə öyrənmək istəyi yarana bilər. Həqiqi məsihçilərin əhval-ruhiyyəsi və davranışları özünü Allah adamı kimi göstərən, ancaq çox vaxt ikiüzlülükdən başqa bir şey etməyən din xadimlərinin davranışlarından tamamilə fərqlənir. Bəzi din rəhbərləri öz kilsələrinə mənsub olan insanların ianələri hesabına varlanır, özlərinə bahalı evlər və maşınlar alırlar. Hətta bir keşiş öz iti üçün kondisionerli dam tikdirmişdi. Əslində, özlərini Məsihin davamçısı adlandıranların çoxu «təmənnasız verin» göstərişinə əməl etmirlər (Mat. 10:8). Əksinə, qədim İsrailin itaətsiz kahinləri kimi, onlar «muzdla təlim verir»lər, öyrətdiklərinin əksəriyyəti də Müqəddəs Yazılara əsaslanmır (Mik. 3:11). Belə ikiüzlü davranış insanları Allahla barışdıra bilməz.

17, 18. a) Yehovanın xüsusiyyətlərini həyatımızda əks etdirməyimiz Ona necə izzət gətirir? b) Yaxşı işlərə can yandırmağa səni nə təşviq edir?

17 Digər tərəfdən, insanlar bizim həqiqəti öyrətdiyimizi biləndə və yaxınlarımıza xeyirxahlıq göstərdiyimizi görəndə bu, onların ürəyinə təsir edir. Məsələn, bir daimi pioner qardaş evdən-evə təbliğ edərkən yaşlı dul qadın ona qulaq asmaq istəmədi və qapının zəngi çalınanda nərdivanın üstündə mətbəxin yanmış lampasını dəyişməyə çalışdığını dedi. «Bunu tək etmək sizin üçün təhlükəlidir», — deyə qardaş cavab verdi. O, lampanı dəyişdikdən sonra çıxıb getdi. Həmin qadının oğlu bunu biləndə bu, ona elə güclü təsir bağışladı ki, minnətdarlığını bildirmək üçün qardaşı axtarıb tapmaq qərarına gəldi. Nəticədə, o, Müqəddəs Kitabı öyrənməyə razılıq verdi.

18 Nəyə görə sən yaxşı işlərə can yandırmağa qətiyyətlisən? Çox ehtimal ki, xidmətdə səy göstərməklə və Allahın iradəsini yerinə yetirməklə Yehovanı izzətləndirdiyimizi və başqalarının xilasa yetişməsinə kömək etdiyimizi bilirsən. (1 Korinflilərə 10:31—33 ayələrini oxu.) Xoş xəbəri təbliğ edərkən yaxşı işlərə can yandırmağımız və Allahın prinsiplərinə uyğun davranmağımız Ona və insanlara məhəbbət göstərmək istəyimizdən irəli gəlir (Mat. 22:37—39). Əgər yaxşı işlərə can yandırsaq, onda bol sevinc və məmnunluq duyacağıq. Üstəlik, gələcəkdə bütün bəşəriyyətin həqiqi ibadətə can yandıracağı və Yaradanımız Yehovaya izzət gətirəcəyi günü görəcəyik.