Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) MAY 2013

Müjdəçi işini tam yerinə yetir

Müjdəçi işini tam yerinə yetir

«Müjdəçilik işini yerinə yetir, öz xidmətinə tam əməl et» (2 TİM. 4:5, MÜQƏDDƏS KİTAB ŞİRKƏTİ, 2009).

1. Nəyə görə Yehova ilk və dahi Müjdəçi adlanır?

MÜJDƏÇİ xoş xəbəri təbliğ edən insana deyilir. İlk və dahi Müjdəçi Yehova Allahdır. Ulu valideynlərimizin üsyanından dərhal sonra Yehova ilanın, yəni Şeytan İblisin məhv ediləcəyi barədə xoş xəbəri bəyan etmişdi (Yar. 3:15). Əsrlər boyu Öz adının necə təmizə çıxarılacağı, Şeytanın vurduğu zərərin necə aradan qaldırılacağı və insanların Adəmlə Həvvanın itirdiyi imkanları yenidən necə qazanacaqları barədə təfsilatların qələmə alınması üçün Yehova sadiq insanları ilhamlandırmışdı.

2. a) Mələklər müjdəçilik işində hansı rolu oynayırlar? b) İsa hansı müjdəçilik işinin təməlini qoydu?

2 Mələklər də müjdəçilik işini həyata keçirirlər. Onlar həm özləri xoş xəbəri təbliğ edir, həm də başqalarına xoş xəbəri çatdırmağa kömək edirlər (Luka 1:19; 2:10; Həv. iş. 8:26, 27, 35; Vəhy 14:6). Bəs Baş mələk Mikayıl barədə nə demək olar? O, yer üzünə İsa kimi gələndə insanlar arasında müjdəçilik işinin təməlini qoydu. Bəli, İsanın həyatı xoş xəbəri təbliğ etmək işinin ətrafında dövr edirdi! (Luka 4:16—21).

3. a) Biz insanlara hansı xoş xəbəri çatdırırıq? b) Müjdəçi kimi bizi hansı suallar maraqlandırır?

3 İsa şagirdlərinə müjdəçilik işini yerinə yetirməyi tapşırmışdı (Mat. 28:19, 20; Həv. iş. 1:8). Pavel əməkdaşı Timoteyi təşviq edirdi: «Müjdəçilik işini yerinə yetir, öz xidmətinə tam əməl et» (2 Tim. 4:5, MKŞ-09). Bəs İsanın davamçıları olan bizlər hansı xoş xəbəri çatdırırıq? Biz insanlara səmavi Atamız Yehovanın bizi sevdiyi barədə həqiqəti çatdırırıq (Yəh. 3:16; 1 Pet. 5:7). Padşahlıq Yehova Allahın insanlara olan məhəbbətinin sübutudur. Buna görə də biz böyük sevinclə insanlara Padşahlığa tabe olanların, Allaha itaət edənlərin və salehliyi sevənlərin Onunla dostluq münasibəti qura biləcəklərini deyirik (Məz. 15:1, 2). Yehovanın məqsədi haqsız  yerə çəkilən iztirabları aradan qaldırmaqdır. Üstəlik, O, keçmişdə yaşanan əzab-əziyyətləri yaddaşlardan siləcək. Bu, əsil xoş xəbərdir! (Yeşaya 65:17). Gəlin bir müjdəçi kimi, iki vacib sualın cavabını araşdıraq: «İnsanların xoş xəbəri eşitmələri nəyə görə vacibdir? Müjdəçilik işini müvəffəqiyyətlə necə yerinə yetirə bilərik?»

NƏYƏ GÖRƏ İNSANLARIN XOŞ XƏBƏRİ EŞİTMƏYƏ EHTİYACLARI VAR?

Effektiv suallar insanlara inandıqları şeylərə nəyə görə inandıqlarını başa düşməyə kömək edir

4. Allah haqqında insanlarda hansı yanlış təsəvvür mövcuddur?

4 Təsəvvür et ki, kimsə atanın sizi tərk etdiyini deyir. Atanı tanıdıqlarını iddia edən insanlar onun etinasız, sirli və qəddar insan olduğunu deyirlər. Bəziləri isə səni onun öldüyünə və buna görə də onunla əlaqə qurmağın mənasız olduğuna inandırmağa çalışırlar. Eynilə, çoxları Allah haqqında da bu kimi fikirlər söyləyirlər. Onlar Allahın gizli, əlçatmaz və ya qəddar olduğunu öyrədirlər. Məsələn, din rəhbərləri iddia edirlər ki, Allah pis insanları cəhənnəm odunda əbədiyyən cəzalandıracaq. Başqaları isə təbii fəlakətlərin Allahdan olduğunu deyirlər. Bütün bu hadisələrdə yaxşı və pis insanların məhv olmasına baxmayaraq, bunların Allahın cəzası olduğunu söyləyirlər.

həqiqəti qəbul etmələri üçün ağıllarını və ürəklərini hazırlayır

5, 6. Təkamül nəzəriyyəsi və yalan təlimlər insanlara necə təsir edir?

5 Başqaları Allahın mövcud olmadığını iddia edirlər. Gəlin bununla əlaqədar təkamül nəzəriyyəsini nəzərdən keçirək. Bu nəzəriyyənin tərəfdarları həyatın təsadüf nəticəsində yarandığına inanırlar. Onlar Yaradanın olmadığını iddia edirlər. Hətta bəziləri deyirlər ki, insan heyvandan əmələ gəldiyi üçün heyvani hərəkətlərə yol verməsi heç də təəccüblü deyil. Onlar güclülərin zəiflər üzərində qəddarcasına ağalıq etməsini təbiətin qanunu hesab edirlər. Bu səbəbdən, heç də təəccüblü deyil ki, bir çoxları insanların hər zaman ədalətsizliklə üzləşəcəyini düşünür. Beləcə, təkamülə inananların ümidləri puça çıxır.

6 Şübhəsiz, təkamül nəzəriyyəsinin və ya yalan təlimlərin bu axır günlərdə insanların çəkdikləri iztirablarda böyük rolu olub (Rom. 1:28—31; 2 Tim. 3:1—5). Bu cür təlimlər insanlara əsil xoş xəbər çatdırmır. Əksinə, həvari Pavelin qeyd etdiyi kimi, insanların zehnini qaranlığa qərq edir və onları Allahın verdiyi həyata qarşı yadlaşdırır (Efes. 4:17—19). Üstəlik, təkamül nəzəriyyəsi və yalan təlimlər insanların Allahdan gələn xoş xəbəri qəbul etmələrinə mane olur. (Efeslilərə 2:11—13 ayələrini oxu.)

sübutlar gətirərək düzgün nəticə çıxartmalarına kömək edir

7, 8. İnsanların xoş xəbəri tam başa düşməsinin yeganə üsulu hansıdır?

7 Allahla barışmaq üçün insanlar, ilk növbədə, Onun mövcudluğuna və Ona yaxınlaşmaq üçün tutarlı səbəblərin olduğuna inanmalıdırlar. Biz onları Allahın yaratdıqlarını araşdırmağa təşviq etməklə bilik əldə etmələrinə kömək edə bilərik. İnsanlar Allahın yaratdıqlarını qərəzsiz şəkildə araşdıranda Onun müdrikliyi və qüdrəti barədə öyrənmiş olurlar (Rom. 1:19, 20). Onlara Allahın yaratdığı hər bir şeyin möhtəşəm olduğunu anlamağa kömək etmək üçün «Həyat necə yaranıb?» broşürasından istifadə edə bilərik. Bununla belə, sadəcə yaradılan şeylər barədə öyrənməklə bu kimi həyati vacib sualların cavabını tapmaq mümkün deyil: «Allah əzab-əziyyətlərə nə üçün yol verir? Allahın yer üçün niyyəti nədən ibarətdir? Allah şəxsən mənimlə maraqlanırmı?»

8 Allah və Onun niyyətləri barədə xoş xəbəri tam başa düşməyin yeganə üsulu Müqəddəs Kitabı öyrənməkdir. İnsanlara suallarının cavabını tapmağa kömək  etmək bizim üçün böyük şərəfdir! Dinləyicilərin ürəyinə yol tapmaq üçün biz onlara təkcə dəlillər gətirməli deyilik, həmçinin onları inandırmağa çalışmalıyıq (2 Tim. 3:14). Bu sahədə İsanın nümunəsindən çox şey öyrənə bilərik. Nəyə görə o, bu sahədə müvəffəqiyyət qazanmışdı? Səbəblərdən biri onun suallardan məharətlə istifadə etməsi idi. Biz onu necə təqlid edə bilərik?

TƏCRÜBƏLİ MÜJDƏÇİLƏR SUALLARDAN MƏHARƏTLƏ İSTİFADƏ EDİR

9. İnsanlara ruhani cəhətdən köməklik göstərmək üçün nə etməliyik?

9 Nəyə görə biz də, İsa kimi, müjdəçilik işində suallardan istifadə etməliyik? Gəlin bir nümunəni nəzərdən keçirək. Tutaq ki, həkim sənə şad xəbəri olduğunu deyir. O, bildirir ki, səni müalicə edə bilər, ancaq bir şərtlə: gərək əməliyyat olunasan. Ola bilsin, sən ona inanacaqsan. Bəs əgər o, səhhətinlə bağlı heç bir sual vermədən sənə bu cür vəd verirsə, onda necə? Belə vəziyyətdə çətin ki, sən ona etibar edəsən. Həkim nə qədər savadlı olursa-olsun, kömək etməzdən öncə, xəstəliyin simptomlarını öyrənmək üçün xəstəyə suallar verməli və onu dinləməlidir. Eynilə, əgər biz də insanların Padşahlıq haqda xoş xəbəri qəbul etmələrinə kömək etmək istəyiriksə, suallardan məharətlə istifadə etməliyik. Yalnız bundan sonra bizdə insanların ruhani vəziyyəti barədə aydın təsəvvür yaranacaq və onlara köməklik göstərə biləcəyik.

Dinləyicilərin ürəyinə yol tapmaq üçün onları inandırmağa çalışmalıyıq

10, 11. Biz İsanın təlim vermək üsulunu təqlid etməklə hansı faydanı əldə edəcəyik?

10 İsa bilirdi ki, yaxşı seçilmiş suallar təkcə maraqlanan barədə məlumat əldə etməyə kömək etmir, həmçinin dinləyicini müzakirədə iştirak etməyə cəlb edir. Məsələn, İsa şagirdlərinə təvazökar olmağı öyrədərkən, ilk öncə, onlara düşündürücü sual verdi (Mark 9:33). Peterə prinsiplər üzərində düşünməyə kömək edərkən ona sual verməklə yanaşı, variantlar da təklif etdi (Mat. 17:24—26). Digər bir vəziyyətdə isə şagirdlərinin ürəyinin vəziyyətini öyrənmək üçün İsa onlara bir neçə sual verdi. (Matta 16:13—17 ayələrini oxu.) İsa dəlillər gətirməklə yanaşı, suallardan istifadə edirdi və dinləyiciləri inandırmağa çalışırdı. O, insanların ürəyinə yol tapır və xoş xəbərə uyğun hərəkət etməyə təşviq edirdi.

11 İsa kimi, suallardan məharətlə istifadə etməyin sayəsində insanlara ən yaxşı şəkildə kömək edə, söhbəti kəsən etirazın öhdəsindən gələ və təvazökar insanlara öyrəndiklərindən necə faydalana biləcəklərini göstərə bilərik. İndi isə gəlin suallardan məharətlə necə istifadə edə biləcəyimizi göstərən üç vəziyyətə nəzər salaq.

12 Vəziyyət 1. Əgər yeniyetmə övladınız sinif yoldaşı ilə yaradılış haqda söhbət etməyə çəkinirsə, onda bir valideyn kimi, siz nə edəcəksiniz? Şübhəsiz, xoş xəbəri əminliklə bölüşməsi üçün ona kömək etmək istəyəcəksiniz. Onu danlamaq və ya dərhal məsləhət vermək əvəzinə, nəyə görə İsanın nümunəsini təqlid edərək bəzi düşündürücü suallar verməyəsiniz? Bəs siz bunu necə edə bilərsiniz?

 13 Uşağınızla bərabər «Həyat necə yaranıb?» broşürasından müəyyən bir parçanı oxuduqdan sonra onun üçün hansı dəlilin maraqlı olduğunu soruşa bilərsiniz. Həmçinin təşviq edə bilərsiniz ki, şəxsən özünün hansı səbəblərə görə Yaradanın mövcudluğuna inandığını və Onun iradəsini yerinə yetirmək istədiyini desin (Rom. 12:2). Uşağınız bilməlidir ki, onun fikirlərinin sizinkilə üst-üstə düşməsi mütləq deyil.

14 Sonra başa salın ki, birgə hazırladığınız təqdimə əsasında sinif yoldaşı ilə söhbət edə bilər. Beləcə, övladınız yaradılışla bağlı bəzi dəlillər gətirə və onun nə düşündüyünü öyrənmək üçün bəzi suallar verə bilər. Məsələn, o, sinif yoldaşından «Həyat necə yaranıb?» broşürasının 12 və 13-cü səhifələrindəki məlumatı oxumağı xahiş etdikdən sonra ona belə sual verə bilər: «Səncə, təyyarənin qanadlarını düzəldən mühəndislər həddən artıq dahi olmalı deyildilər?» Çox güman ki, sinif yoldaşı: «Təbii ki!» — deyə cavab verəcək. Uşağınız yenə soruşa bilər: «Oxuduğun kimi, təyyarənin qanadları qağayının qanadları əsasında düzəldilib. Əgər qanadların oxşarını yaratmaq üçün dahi olmaq lazımdırsa, bəs onun əslini yaradan barədə nə demək olar?» Övladınızın başqaları ilə öz imanını sərbəst şəkildə bölüşməsi üçün onunla müntəzəm olaraq praktiki məşğələlər keçirin. Əgər siz ona suallardan məharətlə istifadə etməyi öyrətsəniz, onda müjdəçilik işini yerinə yetirməyə kömək etmiş olacaqsınız.

15. Ateist insana kömək etmək üçün suallardan necə istifadə edə bilərik?

15 Vəziyyət 2. Təbliğ zamanı biz Allahın varlığına şübhə edən insanlarla qarşılaşırıq. Ola bilsin, təbliğ etdiyimiz insan ateist olduğunu deyir. Söhbəti dayandırmaq əvəzinə, ondan nə vaxtdan  ateist olduğunu və buna nəyin səbəb olduğunu soruşa bilərsən. Cavabını dinlədikdən və bu məsələ üzərində ciddi düşündüyünə görə onu təriflədikdən sonra həyatın yaradıldığını sübut edən məlumatlar oxumaq istəyib-istəmədiyini soruş. Əgər ev sahibi qərəzsizdirsə, bu cür sübutları oxumaqdan imtina etməyəcək. Sonra «Həyat necə yaranıb?» broşürasını təklif etmək olar. Nəzakətlə və gülərüzlə suallar verməklə insanın ürəyində xoş xəbərə maraq oyada bilərik.

16. Nəyə görə Müqəddəs Kitabı öyrətdiyimiz insanın cavabları öyrənmə vəsaitindən oxuması ilə kifayətlənməli deyilik?

16 Vəziyyət 3. Əgər Müqəddəs Kitabı öyrətdiyimiz adamın sadəcə kitabdakı və ya broşüradakı cavabları təkrarlaması ilə kifayətlənsək, nə baş verəcək? Biz onun ruhən inkişaf etməsinə mane olacağıq. Çünki düşünmədən cavab verən insan çətin ki, ruhən dərin kök salsın. Belə insan təqiblərlə üzləşəndə, kök atmayan bitki kimi, tez solacaq (Mat. 13:20, 21). Bu cür aqibətlə üzləşməməsi üçün ondan öyrəndikləri barədə nə düşündüyünü, həmin fikirlərlə razı olub-olmadığını və bunun səbəbini soruş. Sonra ona Müqəddəs Kitabdan sübutlar gətir ki, o, özü düzgün nəticə çıxara bilsin (İbr. 5:14). Əgər biz suallardan məharətlə istifadə etsək, o, həqiqətdə dərin kök salacaq və təzyiqlərə müvəffəqiyyətlə sinə gərə biləcək (Kolos. 2:6—8). Bəs müjdəçilik işini daha necə yerinə yetirə bilərik?

TƏCRÜBƏLİ MÜJDƏÇİLƏR BİR-BİRLƏRİNƏ KÖMƏK EDİRLƏR

17, 18. Xidmətdə olarkən bir-birimizlə necə əməkdaşlıq edə bilərik?

17 İsa şagirdlərini təbliğə iki-iki göndərirdi (Mark 6:7; Luka 10:1). Sonralar həvari Pavel «xoş xəbər uğrunda [onunla]... çiyin-çiyinə mübarizə aparmış» yoldaşlarının adını çəkmişdi (Filip. 4:3). Müqəddəs Kitaba uyğun olaraq, 1953-cü ildə Padşahlığın təbliğçiləri başqalarını öyrətmək üçün təlim proqramı təşkil etdilər.

18 Xidmətdə olarkən bir-birimizlə necə əməkdaşlıq edə bilərik? (1 Korinflilərə 3:6—9 ayələrini oxu.) Əməkdaşın ayə oxuyarkən öz Müqəddəs Kitabından onu izlə. Söhbət zamanı diqqətin əməkdaşında və ev sahibində olsun ki, lazım gəldikdə əməkdaşına kömək edə biləsən (Vaiz 4:12). Amma bir şeyi yadda saxlamaq lazımdır ki, əməkdaşın yaxşı şahidlik verən və ya ev sahibi danışan zaman onların sözünü kəsmək düzgün olmazdı. Sənin yersiz canfəşanlığın əməkdaşını ruhdan sala, ev sahibində isə çaşqınlıq yarada bilər. Düzdür, bəzən söhbətə qoşulmaq lazım gəlir. Ancaq nəsə demək istəsən, çalış, fikrini qısaca bildir və sonra əməkdaşının söhbəti davam etdirməsinə imkan ver.

19. Biz nəyi unutmamalıyıq və nəyə görə?

19 Evdən-evə xidmət zamanı əməkdaşınızla bir-birinizə necə kömək edə bilərsiniz? Niyə də boş vaxtınızdan təqdimənizi yaxşılaşdırmaq üçün istifadə etməyəsiniz? Ehtiyatlı olun ki, sahənizdə yaşayan insanlar barədə ruhdan salan tərzdə danışmayasınız. Eləcə də diqqətli olun ki, digər təbliğçilər barədə də mənfi fikirlər söyləməyəsiniz (Qalat. 5:15). Biz saxsı qab olduğumuzu unutmamalıyıq. Yehova bizi xoş xəbərin müjdəçisi olmaq şərəfinə layiq görməklə böyük xeyirxahlıq göstərib. (2 Korinflilərə 4:1, 7 ayələrini oxu.) Beləliklə, gəlin hamımız bütün gücümüzü səfərbər edək və müjdəçilik işini tam şəkildə yerinə yetirərək bizə həvalə olunan xoş xəbərə görə minnətdarlığımızı bildirək.