Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi (təlim nəşri)  |  aprel 2013

Müqəddəs Kitabı oxuyarkən tam faydalan

Müqəddəs Kitabı oxuyarkən tam faydalan

«Allahın Qanunundan həzz alıram» (ROM. 7:22).

1-3. Müqəddəs Kitabı oxumaq və öyrəndiklərimizi tətbiq etmək hansı xeyir-duaları gətirir?

«MƏNƏ Müqəddəs Kitabı başa düşməyə kömək etdiyi üçün hər səhər Yehovaya minnətdarlığımı bildirirəm». Bu sözləri Müqəddəs Kitabı artıq 40 dəfədən çox oxumuş və hal-hazırda da oxuyan yaşlı bir bacı deyib. Gənc bir bacı isə yazır ki, Müqəddəs Kitabı oxumağın sayəsində o, Yehovanın real bir Varlıq olduğunu anlayıb və Səmavi Atası ilə yaxın münasibət qura bilib. O qeyd edir: «Həyatımda heç vaxt bu qədər xoşbəxt olmamışam!»

2 Həvari Pavel hər kəsi «Allahın sözündəki saf südə qarşı iştaha [oyatmağa]» təşviq edirdi (1 Pet. 2:2). Ruhani susuzluğunu Müqəddəs Kitab vasitəsilə yatıranlar və oradakı təlimləri həyatlarında tətbiq edənlər təmiz vicdana sahib olur və həyatın mənasını tapırlar. Bu, onlara həqiqi Allahı sevən və Ona xidmət edən insanlarla möhkəm dostluq münasibəti qurmaq imkanı yaradır. Məgər bütün bunlar «Allahın Qanunundan daxili həzz» almaq üçün əsaslı səbəb deyil? (Rom. 7:22). Bəs Allahın Kəlamını araşdırmağın bizə daha hansı faydaları ola bilər? Gəlin onlardan bəzilərinə nəzər salaq.

3 Yehova və Onun Oğlu İsa Məsih haqda nə qədər çox öyrənsən, onlara və insanlara olan sevgin bir o qədər artacaq. Müqəddəs Kitabdan dəqiq bilik əldə etməyin sayəsində Allahın tezliklə itaətkar insanları məhvə doğru gedən bu sistemdən necə xilas edəcəyini öyrənəcəksən. Sənin bu xoş xəbəri insanlara çatdırmaq imkanın var. Allahın Kəlamını oxuyarkən əldə etdiyin bilikləri başqalarına öyrədəndə Yehovanın sənə xeyir-dua verəcəyinə əmin ola bilərsən.

OXU VƏ ÜZƏRİNDƏ DÜŞÜN

4. Müqəddəs Kitabı «pəsdən» oxumaq nə deməkdir?

4 Yehova xidmətçilərinin Onun Kəlamını tələm-tələsik oxumalarını istəmir. O, qədimdə yaşayan sadiq  xidmətçisi Yeşuaya demişdi: «Bu Qanun kitabının sözləri dilindən düşməsin, orada yazılan hər şeyə dəqiq əməl etmək üçün gecə-gündüz onun üzərində düşün [«pəsdən oxu», Yeni Dünya tərcüməsi]» (Yeşua 1:8; Məz. 1:2). Bəs bu o deməkdirmi ki, Müqəddəs Kitabı başdan-ayağa pəsdən və ya pıçıltı ilə oxumalısan? Xeyr. Əslində, bu o deməkdir ki, sən oxuduqlarının üzərində düşünmək üçün kifayət qədər yavaş oxumalısan. Müqəddəs Kitabı «pəsdən» oxumaq diqqətini sənin üçün faydalı və ruhlandırıcı olan ayələrə cəmləməyə kömək edəcək. Özün üçün ruhlandırıcı fikirlər və ya hadisələr tapanda onları yavaş-yavaş oxu, hətta sözləri astadan tələffüz et. Bu zaman oxuduqların, həqiqətən də, ürəyinə təsir edəcək. Bu nəyə görə vacibdir? Allahın öyüd-nəsihətlərinin məğzinə varmaq onları həyatında tətbiq etməyə təşviq edəcək.

5-7. Allahın Kəlamını pəsdən oxumağın a) əxlaqi cəhətdən təmiz qalmağa; b) başqalarına qarşı səbirli və xeyirxah olmağa; c) çətin anlarda belə Yehovaya güvənməyə necə kömək etdiyini nümunə əsasında göstər.

5 Müqəddəs Kitabın tanış olmayan hissələrini pəsdən oxumaq olduqca faydalıdır. Gəlin üç vəziyyəti təsəvvürümüzdə canlandıraq. Birincisi, bir gənc məsihçi qardaş qrafik üzrə Müqəddəs Kitabı oxuya-oxuya «Huşə» kitabına gəlib çatıb. 4-cü fəslin 11-dən 13-dək ayələri pəsdən oxuduqdan sonra dayanır. (Huşə 4:11—13 ayələrini oxu.) Nə üçün? O, məktəbdə əxlaqsız təzyiqlərlə mübarizə aparmalı olduğu üçün bu ayələr onun diqqətini cəlb edir. Qardaş ayələrin üzərində düşünərək öz-özünə deyir: «Yehova hətta insanın təklikdə etdiyi pis işləri belə görür. Mən Onu kədərləndirmək istəmirəm». Beləcə, qardaşın Allah qarşısında əxlaqi təmizliyini qorumaq qətiyyəti möhkəmlənir.

6 İkinci vəziyyətdə isə məsihçi bacı «Yoel» kitabının 2-ci fəslinin 13-cü ayəsini oxuyur. (Yoel 2:13 ayəsini oxu.) Ayəni pəsdən oxuyaraq Yehovanın mərhəmət, lütfkarlıq, hədsiz səbir və bol məhəbbət kimi xüsusiyyətlərini necə əks etdirə biləcəyi barədə düşünür. O, əri və başqaları ilə danışarkən bəzən istifadə etdiyi kinayəli və acıqlı sözləri tərgitməyi qarşısına məqsəd qoyur.

7 Üçüncüsü, işini itirdiyinə görə ailəsinin rifahı üçün fikir çəkən atanı təsəvvür edək. O, Nahum 1:7 ayəsində pəsdən oxuyur ki, Yehova «Ona güvənənləri tanıyır» və onları «dar gündə» müdafiə edir. Bu sözlər atanı ruhlandırır. O, Yehovanın məhəbbət dolu qayğısını hiss edir və həddən artıq narahat olmağa son qoyur. Sonra isə 15-ci ayəni pəsdən oxuyur. (Nahum 1:15 ayəsini oxu.) Qardaş başa düşür ki, çətin anlarda xoş xəbəri təbliğ etməklə Yehovanı, həqiqətən də, sığınacaq hesab etdiyini göstərir. Bu, onu yeni iş axtardığı müddətdə həftəarası da sahə xidmətində iştirak etməyə təşviq edir.

8. Müqəddəs Kitabdan tapdığın qiymətli daş-qaşlar barədə qısaca danış.

8 Pəsdən oxumaq bəzilərinin başa düşməkdə çətinlik çəkdiyi faydalı fikirləri anlamağa kömək edir. Əgər sən «Huşə», «Yoel» və «Nahum» kitablarını nəsə öyrənmək məqsədilə araşdırsan, onda digər ayələri də pəsdən oxumaq istəyəcəksən. Bu peyğəmbərlərin yazdıqlarından nə qədər müdriklik və təsəlli əldə edə biləcəyini təsəvvür et! Bəs əgər Müqəddəs Kitabı başdan-ayağa oxusan, onda necə? Allahın Kəlamını zəngin almaz mədəninə bənzətmək olar. Bu mədəni işləmək üçün əlindən gələni et! Bəli, Müqəddəs Kitabı oxuyarkən qarşına məqsəd qoy ki, Allahdan gələn rəhbərlikdən və təsəllidən ibarət qiymətli daş-qaşlar tapasan.

QAVRAMAĞA ÇALIŞ

9. Allahın iradəsini daha yaxşı qavramaq üçün nə edə bilərik?

9 Müqəddəs Kitabı hər gün oxumaq olduqca vacibdir, bununla yanaşı, oxuduqlarını başa düşməyə və qavramağa da  çalışmalısan. Bunun üçün Yehovanın təşkilatının təqdim etdiyi nəşrlərdən istifadə edərək haqqında oxuduğun insanlar, yer və hadisələrlə bağlı araşdırmalar apar. Yaxud da əgər müəyyən Müqəddəs Kitab təlimlərini həyatında necə tətbiq edəcəyinə əmin deyilsənsə, yığıncağın ağsaqqallarından və ya digər yetkin məsihçilərdən kömək istəyə bilərsən. Qavrama qabiliyyətimizi inkişaf etdirməyin vacibliyini başa düşmək üçün gəlin birinci əsrdə bu sahədə köməyə ehtiyac duyan Apollos adlı məsihçinin nümunəsinə nəzər salaq.

10, 11. a) Xoş xəbərin təbliğində təkmilləşməsi üçün Apollosa necə köməklik göstərilmişdi? b) Apollosun nümunəsindən nə öyrənə bilərik? («Yeni təlimlərlə ayaqlaşırsanmı?» adlı çərçivəyə bax.)

10 Apollos Müqəddəs Yazıları yaxşı bilən və şövqlə danışan yəhudi mənşəli məsihçi idi. «Həvarilərin işləri» kitabında onun barəsində yazılıb: «O, İsa haqqında... dəqiqliklə danışıb öyrədirdi, halbuki yalnız Yəhyanın vəftizi ilə tanış idi». Apollos vəftiz haqqında bildiklərinin köhnə anlayış olduğundan bixəbər idi. Efesdə onun necə təlim verdiyini eşidən məsihçi ər-arvad Priskilla və Akila «Allahın yolunu daha dəqiqliklə ona izah etdilər» (Həv. iş. 18:24—26). Bu, Apollosa hansı faydanı gətirdi?

11 Efesdə təbliğ etdikdən sonra Apollos Axayya şəhərinə yollandı. «Oraya gəlib, Allahın lütfü ilə iman gətirmiş adamlara çox kömək etdi. O, yəhudilərin yanıldıqlarını hamının gözü qarşısında əzmlə və dəlillərə əsaslanaraq sübut edir, Müqəddəs Yazılara istinad edərək İsanın Məsih olduğunu göstərirdi» (Həv. iş. 18:27, 28). İndi o, məsihçi vəftizinin məğzini daha yaxşı başa düşdüyündən həqiqətə yeni gələnlərin ruhani cəhətdən inkişaf etmələrinə çox kömək edirdi. Bu hadisədən nə öyrənə bilərik? Apollos kimi, biz də Müqəddəs Kitabdan oxuduqlarımızı başa düşməyə çalışmalıyıq. Bununla belə, təcrübəli  bacı-qardaşlarımız daha effektiv şəkildə öyrədə bilməyimiz üçün bizə məsləhət verəndə onların məsləhətini həlimliklə və minnətdarlıqla qəbul etməliyik. Əgər belə davransaq, onda müqəddəs xidmətimizin keyfiyyəti daha da artacaq.

ÖYRƏNDİKLƏRİNDƏN BAŞQALARINA KÖMƏK ETMƏK ÜÇÜN İSTİFADƏ ET

12, 13. Müqəddəs Yazılardan nəzakətlə istifadə edərək öyrənən adama ruhani addımlar atmağa necə kömək edə bilərsən?

12 Priskilla, Akila və Apollos kimi, biz də başqaları üçün xeyir-dua ola bilərik. Maraqlanan insana ruhani addımlar atmasına mane olan şeylərin öhdəsindən gəlməyə kömək edəndə özünü necə hiss edirsən? Yaxud əgər ağsaqqalsansa, həmimanlın Müqəddəs Kitabdan verdiyin məsləhətin çətin anda ona kömək etdiyi üçün minnətdarlığını bildirəndə hansı hissləri keçirirsən? Şübhəsiz, Müqəddəs Kitabdan istifadə edərək başqalarına həyatlarını yaxşılaşdırmağa kömək etmək insana məmnunluq və sevinc gətirir *. Bəs bu məqsədə necə nail olmaq olar?

13 İlyas peyğəmbərin günlərində bir çox israillilər iki daş arasında qalmışdılar, bilmirdilər həqiqi ibadətin tərəfini tutsunlar, yoxsa yalan ibadətin. İlyasın həmin insanlara verdiyi məsləhətin bu gün Müqəddəs Kitabı öyrənən və ruhani addımlar atmağa tərəddüd edən insanlara böyük köməyi dəyə bilər. (1 Padşahlar 18:21 ayəsini oxu.) İndi isə başqa bir vəziyyətə nəzər salaq: əgər öyrənən insan dostlarının və ya ailə üzvlərinin necə münasibət göstərəcəyindən qorxursa, onunla birlikdə Yeşaya 51:12, 13 ayələrinin üzərində düşünərək öyrənənin Yehovaya ibadət etmək qərarını möhkəmləndirə bilərsən. (Ayələri oxu.)

14. Müqəddəs Kitabdan lazım olan ayələri xatırlamağa nə kömək edəcək?

14 Sözsüz, Müqəddəs Kitabda oxucuları ruhlandıran, islah edən və möhkəmləndirən çoxlu sözlər var. Ancaq səndə sual yarana bilər: «Bəs mənə lazım olan ayələri necə tapa bilərəm?» Müqəddəs Kitabı hər gün oxu və Allahın düşüncələri üzərində fikirləş. Bununla sənin Allahın Kəlamından söz ehtiyatın yaranacaq və lazım gəldikdə Yehovanın ruhu onları yadına salmağa kömək edəcək (Mark 13:11; Yəhya 14:26 ayəsini oxu) *.

15. Allahın Kəlamını daha yaxşı başa düşməyə nə kömək edəcək?

15 Süleyman padşah kimi, sən də hər hansı teokratik məsuliyyətləri yerinə yetirmək üçün Yehovadan müdriklik dilə (2 Saln. 1:7—10). Qədim peyğəmbərləri təqlid edərək Yehova və Onun niyyətləri barədə dəqiq biliyə yiyələnmək üçün Müqəddəs Kitabda «ciddi axtarış və ətraflı tədqiqat» apar (1 Pet. 1:10—12). Həvari Pavel Timoteyi iman və mükəmməl təlim sözləri ilə bəslənməyə təşviq edirdi (1 Tim. 4:6). Bunun sayəsində sən başqalarına ruhani cəhətdən kömək edəcək, eyni zamanda da, öz imanını möhkəmləndirəcəksən.

ALLAHIN KƏLAMINI OXUMAQ BİZİ MÜDAFİƏ EDİR

16. a) Müqəddəs Yazıları hər gün diqqətlə araşdırmaq veriyalılara hansı faydanı gətirdi? b) Müqəddəs Kitabı hər gün oxumaq nəyə görə bizim üçün də olduqca vacibdir?

16 Makedoniyanın Veriya şəhərindən olan yəhudilər adətləri üzrə «Müqəddəs Yazıları hər gün diqqətlə araşdırırdılar». Pavel xoş xəbəri həmin yəhudilərə təbliğ edəndə onlar onun sözlərini Müqəddəs Yazılardan bildikləri ilə müqayisə edirdilər. Onlar Pavelin sözlərinin həqiqət olduğuna  əmin oldular və «iman gətirdi»lər (Həv. iş. 17:10—12). Bundan aydın görünür ki, Müqəddəs Kitabı hər gün oxumaq Yehovaya olan imanımızı möhkəmləndirir. Sağ qalıb Allahın yeni dünyasında yaşamaq üçün bu cür iman, yəni «ümid edilən şeylərin mütləq yerinə yetəcəyinə olan əminlik», olduqca vacibdir (İbr. 11:1).

17, 18. a) Möhkəm iman və məhəbbət məsihçinin məcazi ürəyini necə qoruya bilər? b) Ümid bizi təhlükələrdən necə hifz edə bilər?

17 Buna görə də Pavel yazmışdı: «Biz isə gündüzə məxsus olduğumuz üçün ayıq qalmalı, inam və məhəbbət zirehini geyməli, xilas ümidini dəbilqə kimi başımıza qoymalıyıq» (1 Salon. 5:8). Əsgər ürəyini düşmənin həmlələrindən qorumalı olduğu kimi, məsihçi də məcazi ürəyini günahın güclü təsirindən hifz etməlidir. Məsihçi Allahın vədlərinə möhkəm iman, eləcə də Ona və həmimanlılarına məhəbbət inkişaf etdirəndə ən yaxşı ruhani zirehi geyinərək məcazi ürəyini qorumuş olur. O, əlindən gələni etməyə çalışır ki, Allahın rəğbətini itirməsin.

18 Pavel həmçinin dəbilqəni, «xilas ümidini» də xatırlatmışdı. Qədim dövrdə əsgər döyüş zamanı başını qorumasaydı, asanlıqla həyatını itirə bilərdi. Amma yaxşı dəbilqənin sayəsində o, güclü zərbələrdən başını qoruya bilirdi. Yehovanın Kəlamını araşdırsaq, Onun bizi xilas edəcəyinə ümidimiz artacaq. Möhkəm ümid bizi dönüklərdən və onların qanqrena kimi yayılan boş söhbətlərindən hifz etməyə qadirdir (2 Tim. 2:16—19). Həmçinin ümidimiz bizi Yehovanın mühakimə etdiyi davranış tərzinə sövq edən kəslərə yox demək qətiyyətimizi möhkəmləndirəcək.

XİLASA APARAN YOL

19, 20. Nəyə görə biz Allahın Kəlamını yüksək qiymətləndiririk və ona dəyər verdiyimizi necə göstərə bilərik? («Yehova mənə ehtiyac duyduğum şeyi verib» adlı çərçivəyə bax.)

19 Bu sistemin sonu yaxınlaşdıqca Allahın Kəlamına etibar etmək daha çox vacibdir. Oradan əldə etdiyimiz məsləhətlər bizə pis vərdişləri tərgitməyə və günahlı meyillərimizlə mübarizə aparmağa kömək edəcək. Müqəddəs Kitabın bizi ruhlandırması və təsəlli verməsi sayəsində Şeytanın və bu dünyanın sınaqlarının öhdəsindən gələ biləcəyik. Yehovanın Öz Kəlamında təqdim etdiyi rəhbərliyin köməyilə biz həyata aparan yolda qalacağıq.

20 Allahın iradəsi odur ki, «hər cür insan» xilas olsun. «Hər cür insan» dedikdə həm Yehovanın xidmətçiləri, həm də xoş xəbəri təbliğ etdiyimiz və öyrətdiyimiz insanlar nəzərdə tutulur. Xilas olmaq istəyən hər bir kəs «həqiqət barəsində dəqiq biliyə» yiyələnməlidir (1 Tim. 2:4). Beləliklə, xilas olmaq üçün Müqəddəs Kitabı oxumaq və Allahdan ilham almış rəhbərliyə riayət etmək olduqca vacibdir. Bəli, Müqəddəs Kitabı hər gün oxumaqla biz Yehovanın dəyərli həqiqət Kəlamını nə dərəcədə yüksək qiymətləndirdiyimizi göstəririk (Yəh. 17:17).

^ abz. 12 Əlbəttə, biz Müqəddəs Kitab məsləhətlərindən başqalarına təzyiq göstərmək və ya mühakimə etmək üçün istifadə etmirik. Yehova bizə səbir və xeyirxahlıq göstərdiyi kimi, biz də Müqəddəs Kitabı öyrənən insanlarla elə davranmalıyıq (Məz. 103:8).

^ abz. 14 Bəs əgər sən hansısa sözü xatırlayırsan, ancaq onun hansı ayədə yazıldığını bilmirsənsə, onda necə? Həmin sözlərə Müqəddəs Kitabın arxasındakı indeksdə baxmaqla, çox ehtimal ki, ayəni tapa bilərsən.