Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) APREL 2013

Daha vacib şeyləri ayırd edin

Daha vacib şeyləri ayırd edin

«Daha vacib şeyləri ayırd [edin]» (FİLİP. 1:10).

1, 2. Son günlərlə bağlı hansı peyğəmbərlik İsanın şagirdlərini maraqlandırırdı və nəyə görə?

NƏHAYƏT Kİ, Peter, Yaqub, Yəhya və Andreas öz Müəllimləri ilə təklikdə qaldılar. İsanın bir qədər əvvəl məbədin dağılması ilə bağlı dediyi sözlər onları narahat edirdi (Mark 13:1—4). Buna görə də onlar: «Bizə de, bunlar nə vaxt baş verəcək? Sənin iştirakının və dövrün yekununun əlaməti nə olacaq?» — deyə soruşdular (Mat. 24:1—3). İsa şagirdlərinə yalnız insanların həyatlarını kökündən dəyişəcək hadisələrdən yox, həmçinin Şeytanın pis sisteminin son günlərində baş verəcək hadisələrdən də danışmışdı. Əlamətlərdən biri şagirdlərin marağına daha çox səbəb oldu. O, narahatlıq doğuran müharibələrin, qıtlıqların olacağını, eləcə də hərc-mərcliyin baş alacağını deməklə yanaşı, son günlərdə baş verəcək müsbət bir şey barədə də peyğəmbərlik etmişdi: «Padşahlıq haqqındakı bu xoş xəbər millətlərin hamısına şəhadət olsun deyə, bütün yer üzündə təbliğ ediləcək və son o vaxt gələcək» (Mat. 24:7—14).

2 İsanın şagirdləri onunla birgə xoş xəbəri təbliğ etməkdən sevinc duyurdular (Luka 8:1; 9:1, 2). Şagirdləri İsanın onlara dediyi növbəti sözləri xatırlayırdılar: «Doğrudan da, məhsul boldur, amma biçinçilər azdır. Buna görə də biçinin Sahibindən diləyin ki, məhsulu yığmağa biçinçi göndərsin» (Luka 10:2). Bəs onlar «bütün yer üzündə» necə təbliğ edə və «millətlərin hamısına» şəhadət verə bilərdilər? Biçinçilər haradan gələcəkdilər? Kaş ki, onlar həmin gün İsa ilə birgə olanda gələcəyi görə biləydilər! Şübhəsiz, onlar Matta 24:14 ayəsindən oxuduğumuz sözlərin yerinə yetdiyini görsəydilər, təəccüblənərdilər.

3. Luka 21:34 ayəsi bu gün necə yerinə yetir və biz özümüzə hansı sualı verməliyik?

 3 Biz İsanın peyğəmbərlik etdiyi sözlərin gerçəkləşdiyi dövrdə yaşayırıq. Padşahlıq haqqında xoş xəbəri bütün dünyada təbliğ etmək üçün milyonlarla insan çiyin-çiyinə xidmət edir (Yeşaya 60:22). Bununla belə, İsa bildirmişdi ki, son günlərdə bəzilərinin diqqəti əsas işdən yayınacaq. Onlar ürəklərini başqa şeylərlə yükləyərək həyati vacib şeylərdən uzaqlaşacaqlar. (Luka 21:34 ayəsini oxu.) Biz bu sözlərin də yerinə yetdiyinin şahidiyik. Allahın xalqından olan bəziləri yayınırlar. Bu, onların işə, ali təhsilə, var-dövlətə, eləcə də idmana və əyləncəyə olan münasibətlərindən görünür. Bəziləri isə təqiblər və gündəlik qayğılar ucbatından əldən düşürlər. Bəs sən necə? Verdiyin qərarlar həyatda sənin üçün nəyin daha vacib olduğunu göstərir?

4. a) Pavel Filipidəki erkən məsihçilər üçün nə barədə dua edirdi və nəyə görə? b) Bu və növbəti məqalədə nəyi araşdıracağıq və nəyə görə?

4 Erkən məsihçilər ruhani işləri birinci yerə qoymaq üçün əllərindən gələni edirdilər. Həvari Pavel Filipidəki məsihçilərin daha vacib şeyləri ayırd etmələri üçün dua edirdi. (Filipililərə 1:9—11 ayələrini oxu.) O vaxt bir çoxları, Pavel kimi, «cəsarətlə, qorxmadan Allahın sözünü təbliğ [edirdi]» (Filip. 1:12—14). Eynilə, biz də bu gün Allahın Kəlamını cəsarətlə bəyan edirik. Yehovanın təşkilatında həyata keçirilən işləri araşdırmağımız ən vacib işə, yəni təbliğ xidmətinə diqqətimizi cəmləməyə kömək edəcək. Bu məqalədə Matta 24:14 ayəsindəki peyğəmbərliyi həyata keçirmək üçün Yehovanın Öz təşkilatından necə istifadə etdiyini müzakirə edəcəyik. Onun təşkilatında əsas diqqət nəyə yönəldilir və bunu bilmək bizə və ailə üzvlərimizə necə təsir edir? Növbəti məqalədə tab gətirməyə və Yehovanın təşkilatı ilə addımlamağa kömək edən sahələri müzakirə edəcəyik.

YEHOVANIN TƏŞKİLATININ SƏMAVİ HİSSƏSİ DAİM FƏALİYYƏTDƏDİR

5, 6. a) Nəyə görə Yehova Öz təşkilatının səmavi hissəsinin təsvirini göstərdi? b) Yezekel görüntüdə nə görmüşdü?

5 Yehovanın Müqəddəs Kitaba daxil etmədiyi bir çox məlumatlar var, məsələn, beyinin və kainatın fəaliyyəti barədə məlumatlar. Halbuki, bunları bilmək çox maraqlı olardı. Bunun əvəzinə Yehova orada Öz niyyətlərini anlamağa və onlara uyğun davranmağa kömək edən məlumatların yazılmasının qeydinə qalıb (2 Tim. 3:16, 17). Həmçinin Yehovanın təşkilatının gözə görünməyən hissəsi barədə Müqəddəs Kitabda qısaca da olsa, məlumatın qələmə alınması heyrətamizdir. Yeşaya, Yezekel və Danielin kitablarında, üstəlik, Yəhyanın yazdığı «Vəhy» kitabında Yehovanın səmavi təşkilatının quruluşu haqqında təfsilatları oxumaq bizi lərzəyə gətirir (Yeşaya 6:1—4; Yez. 1:4—14, 22—24; Dan. 7:9—14; Vəhy 4:1—11). Yehova, sanki, pərdəni açıq saxlayaraq bizə göylərə baxmağa imkan verib. O, bunu nə üçün edib?

6 Yehova istəyir ki, biz Onun təşkilatının bir hissəsi olduğumuzu heç vaxt unutmayaq. Allahın təşkilatının gözəgörünməz hissəsi Onun niyyətlərini yerinə yetirmək üçün əlindən gələni edir. Məsələn, Yezekel Yehovanın təşkilatının gözəgörünməz hissəsini əzəmətli araba ilə təsvir etmişdi. Bu araba sürətlə hərəkət edir və bir göz qırpımında istiqamətini dəyişə bilirdi (Yez.  1:15—21). Təkərlər hər dəfə fırlandıqca araba böyük məsafə qət edirdi. Görüntüdə Yezekel ötəri Arabaçını da görür. O demişdi: «Mən gördüm ki, Onun belindən yuxarı hissəsi kükrəyən metala oxşayır, içi isə hər tərəfdən alov kimi idi... Bu, Rəbbin izzətinə bənzər bir görüntü idi» (Yez. 1:25—28). Gördüyü görüntü Yezekel üçün necə də möhtəşəm olmalı idi! O, gördü ki, Yehova birbaşa müqəddəs ruhundan istifadə edərək Öz təşkilatını bütövlüklə idarə edir. Yehovanın təşkilatının səmavi hissəsinin fəaliyyətinin hərəkətdə olan araba ilə təsviri necə də valehedicidir.

7. Danielin gördüyü görüntü bizim Yehovaya və İsaya olan etibarımızı necə artıra bilər?

7 Danielin görüntüsü həm Yehovaya, həm də İsaya olan imanımızı artırır. Ona alov dilləri arasında taxtda oturan və «Əzəldən Var Olan» kimi təsvir olunan Yehovanı görmək imkanı verildi. Taxt təkərlərin üzərində idi (Dan. 7:9). Yehovanın niyyətini həyata keçirmək üçün Onun təşkilatı daima fəaliyyət göstərir və O, Danielin bunu görməsini istəyirdi. Daniel həmçinin «bəşər oğluna bənzər birisi»ni, Yehovanın təşkilatının yerüzü hissəsinə nəzarət edən İsanı da gördü. Məsihin mükəmməl idarəçiliyi qısamüddətli olmayacaq. Əksinə, «onun hakimiyyəti sona yetməyən əbədi hakimiyyətdir. Onun padşahlığı əsla yox olmayacaq» (Dan. 7:13, 14). Biz Yehovaya etibar etməyə və Onun etdiyi işləri qəbul etməyə təşviq olunuruq. Allah hakimiyyəti, izzəti və padşahlığı sınaqlardan alnıaçıq  çıxan və etibar qazanan Oğlu İsaya verdi. Yehova Öz Oğluna etibar etdiyi üçün biz də İsanın rəhbərliyinə etibar edə bilərik.

8. Yehovadan aldıqları görüntü Yezekeli və Yeşayanı nəyə təşviq etdi və bu görüntülər bizə necə təsir etməlidir?

8 Yehovanın səmavi təşkilatı barədəki görüntü bizi nəyə təşviq edir? Allahın etdikləri, Yezekel kimi, bizi də heyran edir (Yez. 1:28). Yehovanın təşkilatı üzərində düşünmək, Yeşaya kimi, bizi də hərəkətə təşviq edir. Başqalarına Yaradanın etdiyi işlər barədə danışmaq imkanı yarananda o, bu fürsəti əldən vermirdi. (Yeşaya 6:5, 8 ayələrini oxu.) Yeşaya əmin idi ki, Külli-İxtiyar Allaha güvənsə, hər bir çətinliyin öhdəsindən gələ bilər. Yehovanın təşkilatının gözlə görünməyən hissəsinə nəzər salmaq bizdə dərin hörmət hissi hasil etməklə yanaşı, hərəkətə təşviq etməlidir. Daima hərəkətdə olan və Yehovanın niyyətini həyata keçirən təşkilatı seyr etmək necə də ruhlandırıcıdır!

YEHOVANIN TƏŞKİLATININ YERÜZÜ HİSSƏSİ

9, 10. Yehovanın təşkilatının yerüzü hissəsinə nə üçün ehtiyac var?

9 Təşkilatın görünməyən hissəsi ilə birgə fəaliyyət göstərməsi üçün Yehova Oğlu vasitəsilə yer üzündə bir quruluş təsis etdi. Bu quruluş Matta 24:14 ayəsində təsvir olunan işi yerinə yetirməlidir. Nəyə görə? Gəlin üç səbəbə nəzər salaq.

10 Birincisi, İsa demişdi ki, təbliğ işini onun şagirdləri «yerin ucqarlarınadək» çatdıracaq (Həv. iş. 1:8). İkincisi, bu quruluş təbliğ işini icra edənləri lazımi ruhani qida ilə təmin etməli və olanların qayğısına qalmalıdır (Yəh. 21:15—17). Üçüncüsü, onlar Yehovaya ibadət etmək və təlim verməyi öyrənmək üçün birgə toplaşmalıdırlar (İbr. 10:24, 25). Bütün bu məqsədlərə təsadüf nəticəsində nail olmaq mümkün deyildi. Bu işi uğurla həyata keçirmək üçün Məsihin şagirdləri onu mütəşəkkil şəkildə həyata keçirməli idilər.

11. Yehovanın təşkilatını dəstəklədiyimizi necə göstərə bilərik?

11 Yehovanın təşkilatını dəstəklədiyimizi necə göstəririk? İlk növbədə, Yehova və İsa Məsih kimi, təbliğ işinə rəhbərlik edən qardaşlara etibar etməklə. Bu qardaşlar öz vaxtlarını və güclərini başqa şeylərə sərf edə bilərdilər, ancaq onlar belə etmirlər. İndi isə gəlin Yehovanın təşkilatının yerüzü hissəsinin diqqətini həmişə nəyə cəmlədiyini nəzərdən keçirək.

ONLARIN DİQQƏTİ DAHA VACİB ŞEYLƏRƏ YÖNƏLİB

12, 13. Məsihçi ağsaqqallar xidmətlərini necə icra edirlər və bu, səni nə üçün ruhlandırır?

12 Bütün dünyadakı təcrübəli ağsaqqallara xidmət etdikləri ərazilərdə təbliğ işini təşkil və nəzarət etmək həvalə olunub. Bu sadiq və təvazökar kişilər Yehovanın və İsanın rəhbərliyinə tabe olaraq xidmət etdikləri ərazidə tələbatları müəyyən edirlər. Buna görə də onlar qərar qəbul edərkən Allahın Kəlamına müraciət edir və Yehovadan rəhbərlik almaq üçün Ona səylə dua edirlər (Məz. 119:105; Mat. 7:7, 8).

13 Birinci əsrdəki məsul ağsaqqallar kimi, bu gün də təbliğ işinə nəzarət edən ağsaqqallar özlərini «Allahın sözünü öyrətmək işinə» həsr edirlər (Həv. iş. 6:4). Onlar həm öz ərazilərində, həm də bütün dünyada xoş xəbərin təbliği ilə bağlı nailiyyətlər əldə  olunduğu üçün sevinirlər (Həv. iş. 21:19, 20). Saysız-hesabsız qayda-qanunlar təsis etmək əvəzinə, onlar Allahın Kəlamının və müqəddəs ruhun rəhbərliyinə uyğun davranaraq təbliğ işinin irəliləməsinə köməklik göstərirlər. (Həvarilərin işləri 15:28 ayəsini oxu.) Bu məsul qardaşlar yerli yığıncaqlar üçün yaxşı nümunədirlər (Efes. 4:11, 12).

14, 15. a) Padşahlıq haqda xoş xəbərin bütün dünyaya yayılması üçün hansı tədbirlər görülür? b) Padşahlıq işinin irəliləməsində iştirak etdiyin üçün hansı hissləri keçirirsən?

14 Nəşrlər, yığıncaqlar və konqreslər üçün ruhani qidanın hazırlanmasında çoxlu sayda qardaşlar çalışır. Daha çox insanın öz dilində «Allahın əzəmətli işləri» barədə öyrənməsi üçün minlərlə könüllülər usanmadan ruhani qidanı təxminən 600 dilə tərcümə edirlər (Həv. iş. 2:7—11). Gənc bacı-qardaşlar böyük sürətlə işləyən çap və cildləmə maşınları ilə nəşrlərimizi dərc edirlər. Sonra bu ədəbiyyat bütün yığıncaqlara, hətta dünyanın ən ucqar ərazilərinə belə çatdırılır.

15 Diqqətimizi xoş xəbərin təbliğinə cəmləyək deyə, bir çox tədbirlər görülür. Məsələn, minlərlə könüllülər Padşahlıq və Konqres zallarının tikintisində iştirak edir, təbii fəlakətlərdən əziyyət çəkənlərə və ya tibbi yardıma ehtiyac duyanlara kömək edir, konqreslər təşkil edir və teokratik məktəblərdə təlim verirlər. Bu, görülən işlərin yalnız bir neçəsidir. Bütün bunların məqsədi: xoş xəbərin sürətlə yayılması, bu işi icra edənlərin ruhani firavanlığının artması və həqiqi ibadətin irəliləməsidir. Yehovanın təşkilatının yerüzü hissəsi daha vacib şeyləri birinci yerə qoyur.

YEHOVANIN TƏŞKİLATININ NÜMUNƏSİNİ İZLƏ

16. Şəxsi öyrənmə və ya ailəvi ibadət zamanı hansı mövzuları araşdıra bilərsən?

16 Yehovanın təşkilatının fəaliyyəti barədə vaxtaşırı düşünürükmü? Bəziləri ailəvi ibadət və ya şəxsi öyrənmə zamanı bununla bağlı araşdırmalar aparmaq və üzərində düşünmək üçün vaxt ayırırlar. Məsələn, Yeşaya, Yezekel, Daniel və Yəhyanın gördüyü görüntüləri araşdırmaq maraqlı olardı. «Yehovanın Şahidləri — Allahın Padşahlığının müjdəçiləri» kitabı və digər nəşrləri oxumağın, eləcə də öz dilində olan DVD filmlərə baxmağın sayəsində Yehovanın təşkilatını tanımaq imkanın olacaq.

17, 18. a) Bu məqalənin sənə hansı faydası oldu? b) Gələn məqalədə hansı sualları müzakirə edəcəyik?

17 Yehovanın təşkilatı vasitəsilə etdikləri üzərində düşünmək bizim üçün faydalı olacaq. Gəlin biz də, bu heyrətamiz təşkilatla birgə diqqəti daha vacib şeylərə cəmləyək. Belə etməklə, Pavel kimi, qətiyyətlə növbəti sözləri deyə biləcəyik: «Bizə göstərilən mərhəmət sayəsində görün necə xidmətimiz var, buna görə də biz ruhdan düşmürük» (2 Kor. 4:1). O həmçinin əməkdaşlarını ruhlandıraraq belə demişdi: «Gəlin yaxşılıq etməkdən yorulmayaq, çünki taqətdən düşməsək, vaxtında biçəcəyik» (Qalat. 6:9).

18 Gündəlik həyatda daha vacib şeyləri birinci yerə qoymaq üçün sənə və ya ailənə düzəlişlər etmək lazımdırmı? Ən vacib iş olan təbliğ xidmətində daha çox iştirak etmək üçün həyatını sadələşdirə və ya diqqətini yayındıran şeylərdən qaçına bilərsənmi? Növbəti məqalədə Yehovanın təşkilatı ilə addımlamağa kömək edəcək beş sahəni müzakirə edəcəyik.