Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) APREL 2013

 BİOQRAFİYA

Şimal qütb dairəsi yaxınlığında keçən əlliillik tammüddətli xidmət

Şimal qütb dairəsi yaxınlığında keçən əlliillik tammüddətli xidmət

«Pioner kimi xidmət etmək sənin üçün asandır. Valideynlərinin hər ikisi həqiqətdədir, üstəlik, səni dəstəkləyirlər». Biz bu sözləri tammüddətli xidmətdə iştirak edən rəfiqəmizə demişdik. «Hamımızın bir Atası var», — deyə o cavab verdi. Onun cavabı bizə vacib dərs verdi: səmavi Atamız Öz xidmətçilərinin qeydinə qalır və onları möhkəmləndirir. Qarşılaşdığımız hadisələr bu sözlərin həqiqət olduğunu sübut etdi.

 BİZ Finlandiyanın Ostrobotniya vilayətinin şimalında kəndli ailəsində dünyaya gəlmişik. Ailədə on uşaq idik. İkinci Dünya müharibəsi uşaqlıq illərimizə öz təsirini göstərmişdi. Cəbhə xəttindən uzaqda yaşasaq da, müharibənin yaratdığı qorxu bizi sarsıtmışdı. Bir gecə yaxınlığımızdakı Oulu və Kalayoki şəhərləri bombalananda göyün üzü qırmızı rəngə bürünmüşdü. Valideynlərimiz başımızın üstündə hərbi təyyarələrin uçduğunu görəndə bizə dərhal gizlənməyi tapşırmışdılar. Qardaşımız Taunonun yer üzündə ədalətsizliyin olmayacağı cənnət barədə danışdıqları bizə dərin təsir bağışladı.

Tauno 14 yaşında olarkən həqiqəti Müqəddəs Kitab Tədqiqatçılarının ədəbiyyatlarından oxumuşdu. İkinci Dünya müharibəsi başlayanda o, Müqəddəs Kitab əsasında tərbiyə edilmiş vicdanına əsasən, hərbi xidmətdən imtina etdi və buna görə həbs olundu. Orada Tauno ilə vəhşicəsinə rəftar edirdilər. Bu, onun Yehovaya xidmət etmək qətiyyətini möhkəmləndirdi və azadlığa çıxdıqdan sonra o, xidmətə daha çox can yandırdı. Qardaşımızın nümunəsi bizi yaxınlıqdakı kənddə yerləşən Şahidlərin yığıncaqlarına getməyə təşviq etdi. Həmçinin konqreslərdə də iştirak etmək üçün işləyib pul yığırdıq. Biz qonşularımıza paltar tikir, eləcə də soğan becərir və giləmeyvə yığırdıq. Fermamızda iş çox olduğundan biz, adətən, konqreslərdə birgə yox, növbə ilə iştirak edirdik.

Soldan: Matti (ata), Tauno, Saymi, Mariya Emilya (ana), Vaino (körpə), Ayli və Anniki, 1935-ci il

Yehova və Onun niyyətləri barədə öyrəndiyimiz həqiqətlər bizim Ona olan məhəbbətimizi artırdı və biz özümüzü Ona həsr etməyə qərar verdik. 1947-ci ildə biz (Anniki 15, Ayli 17  yaşında) vəftiz olunduq. Bacımız Saymi də həmin il vəftiz olundu. Eləcə də artıq ailəli olan bacımız Linnea ilə Müqəddəs Kitab öyrənməsinə başladıq. O və ailə üzvləri də Yehovanın Şahidi oldular. Vəftiz olunduqdan sonra qarşımıza vaxtaşırı olaraq köməkçi pioner kimi xidmət etmək məqsədi qoyduq.

TAMMÜDDƏTLİ XİDMƏTƏ BAŞLAYIRIQ

Soldan: Eva Kallio, Saymi Mattila-Surjala, Ayli, Anniki və Saara Noponen, 1949-cu il

1955-ci ildə uzaq şimalda yerləşən Kemi şəhərinə köçdük. Hər ikimiz bütün günü işləyirdik, bununla belə, pioner olmaq istəyirdik, amma qorxurduq ki, özümüzü maddi cəhətdən təmin edə bilmərik. Fikirləşirdik ki, ilk növbədə, bir az pul yığmalıyıq. Həmin vaxt söhbət etdiyimiz pioner bacı yuxarıda sitat gətirdiyimiz sözləri dedi. Bu ünsiyyət bizə Yehovaya tammüddətli xidmətin gücümüzdən və ya ailəmizin köməyindən asılı olmadığını anlamağa kömək etdi. Anladıq ki, ən vacibi səmavi Atamıza güvənməkdir.

Kuopiodakı konqresə gedərkən, 1952-ci il. Soldan: Anniki, Ayli, Eva Kallio

Həmin vaxt özümüzü iki ay ərzində təmin etmək üçün kifayət qədər pulumuz var idi. Beləcə, 1957-ci ilin may ayında Laplandiyanın Pello şəhərində (Şimal qütb dairəsindən yuxarıda) iki ay köməkçi pioner kimi xidmət etmək üçün qorxa-qorxa ərizə yazdıq. İki aydan sonra yığdığımız pul  hələ də qalmışdı və buna görə də yenə iki ay köməkçi pioner kimi xidmət etmək üçün ərizə yazdıq. Daha iki ay keçməsinə baxmayaraq, yığdığımız pul hələ də dururdu. İndi biz əmin idik ki, Yehova bizim qayğımıza qalacaq. 50 ildən çoxdur ki, pioner kimi xidmət edirik və həmin pul hələ də durur. Ötən illərə nəzər salanda, Yehovanın, sanki, əlimizdən tutub bizə: «Qorxma, sənə kömək edəcəyəm», — dediyini hiss edirik (Yeşaya 41:13).

50 ildən çoxdur ki, pioner kimi xidmət edirik və həmin pul hələ də durur

Kayisu Reyikko və Ayli xidmətdə olarkən

1958-ci ildə rayon nəzarətçimiz bizə Sodankülya (Laplandiya) şəhərində xüsusi pioner kimi xidmət etməyi məsləhət gördü. O vaxt həmin ərazidə yalnız bir Şahid bacı vardı. O, həqiqəti maraqlı yolla öyrənmişdi. Onun oğlu siniflə birgə Finlandiyanın paytaxtı Helsinkini gəzməyə getmişdi. Həmin vaxt yaşlı bir bacı «Gözətçi qülləsi» jurnalının bir sayını oğlana verir və bu jurnalı anasına verməsini xahiş edir. Anası həmin jurnalı oxuyanda həqiqəti tapdığını anlayır.

Biz taxta-şalban zavodunun üstündə bir otaq kirayələdik və görüşləri elə oradaca keçirirdik. Əvvəl-əvvəl bizimlə bərabər yalnız həmin bacı və qızı iştirak edirdi. Biz araşdırma məqaləsini oxuyurduq. Sonra Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənən bir kişi həmin taxta-şalban zavodunda işləməyə gəldi. O ailəsilə birgə bizim kiçik qrupa qoşuldu. Bir müddətdən sonra o və həyat yoldaşı vəftiz olundu. Həmin qardaş bizim qrupumuza nəzarət etməyə başladı. Bundan əlavə, zavodda işləyən bəzi kişilər də bizim görüşlərdə iştirak etməyə başladılar və Müqəddəs Kitab həqiqətini qəbul etdilər. İki ildən sonra bizim kiçik qrupumuzdan böyük bir yığıncaq yarandı.

ÇƏTİN ŞƏRAİT

Təbliğ etmək üçün uzun məsafə qət edirdik. Ərazimizdəki insanlara şəhadət vermək üçün yayda piyada gəzir, velosipeddən, hətta qayıqdan istifadə edirdik. Velosipedlərimizin bizə çox köməyi dəyib. Biz onlardan həmçinin konqreslərə getmək və yüzlərlə kilometr uzaqda yaşayan valideynlərimizə baş çəkmək üçün istifadə edirdik. Qışda isə səhər tezdən avtobusla bir kəndə gedir və orada evdən-evə təbliğ edirdik. Təbliğimizi bir kənddə bitirdikdən sonra o birisinə gedirdik. Qar dizə çıxırdı, üstəlik, yollar çox vaxt təmiz olmurdu. Belə olanda at arabalarının izləri ilə gedirdik. Bəzən isə qar bu izləri itirirdi, üstəlik, yazın əvvəllərində qar əriyir və palçıq olurdu. Bu isə vəziyyəti daha da çətinləşdirirdi.

Soyuq qış günündə birgə xidmət edərkən

 Şaxtalı və qarlı havada əynimizi qalın geyinməyi öyrəşmişdik. Biz yun uzunboğaz corab, iki-üç adi corab və uzunboğaz çəkmə geyinirdik. Bununla belə, çəkmələrimiz tez-tez qarla dolurdu. Evin pilləkənlərinə çatanda çəkmələrimizi çıxarıb qarı təmizləyirdik. Həmçinin qarda yeriyərkən uzun paltomuzun ətəyi nəm olurdu. Hava soyuyanda isə paltoların həmin hissələri buz bağlayır və dəmir parçasına oxşayırdı. Bir evdar qadın demişdi: «Siz əsil imana sahibsiniz. Çünki bu cür havada öz xoşunuzla çölə çıxmısınız». O evə çatmaq üçün 11 kilometr yol qət etmişdik.

Yol uzaq olduğundan, adətən, axşam düşəndə qalmağa yer axtarırdıq. Gecə təbliğ etdiyimiz ərazidəki insanların evində qalırdıq. Evlər xudmani olsa da, insanlar mülayim və qonaqpərvər idi. Onlar bizə nəinki qalmağa yer, hətta yemək də verirdilər. Çox vaxt şimal maralının, sığının, hətta ayının dərisi bizim yatağımız olurdu. Bəzən isə nisbətən daha rahat evlərdə qalırdıq. Misal üçün, bir qadın bizi böyük evinin yuxarı mərtəbəsindəki qonaq otağına gətirdi. Orada təmiz yataq dəsti olan gözəl çarpayı bizi gözləyirdi. Çox vaxt ev sahibləri ilə gecə yarısına kimi Müqəddəs Kitabı araşdırırdıq. Başqa bir yerdə isə ər-arvad otağın bir küncündə, biz isə o biri küncündə yatmışdıq. Onlarla Müqəddəs Yazılara əsasən söhbətimiz gecə səhərə kimi davam etmişdi. Onlar növbə ilə çoxlu suallar verirdilər.

MƏMNUNLUQ GƏTİRƏN XİDMƏT

Laplandiya məhsuldar olmasa da, çox gözəl ərazi idi və il boyu insanı heyran edirdi. Lakin Yehovaya minnətdar olan insanları görmək bizə daha çox sevinc gətirirdi. Təbliğ etdiyimiz səmimi insanlar arasında Laplandiyadakı düşərgələrə gələn ağackəsən fəhlələr də vardı. Bəzən təbliğ etdiyimiz evlərdə çoxlu kişilər yaşayırdı. Bu yekəpər kişilər Müqəddəs Kitabdakı xoş xəbəri qəbul edir və məmnuniyyətlə nəşrlərimizi götürürdülər.

Bizim həyatımızda çoxlu maraqlı hadisələr baş vermişdi. Günlərin bir günü avtobus dayanacağındakı saat beş dəqiqə qabağa olduğuna görə lazım olan avtobusa çata bilmədik. Onda qərara gəldik ki, başqa bir avtobusa minib digər kəndə gedək. Əvvəllər bu ərazidə heç vaxt təbliğ etməmişdik. Birinci qapını döyəndə gənc bir qadınla rastlaşdıq və o bizə: «Gəlin qızlar, mən elə sizi gözləyirdim», — dedi. Biz onun böyük bacısı ilə Müqəddəs Kitab öyrənməsi keçirirdik. O, bacısına deyibmiş ki, biz ona məhz bu gün baş çəkək. Amma bizim heç nədən xəbərimiz yox idi. Onunla və yaxınlıqda yaşayan qohumları ilə Müqəddəs Kitab öyrənməsinə başladıq. Çox keçməmiş öyrənənləri bir qrupda birləşdirdik, bu öyrənmədə on iki nəfər iştirak edirdi. O vaxtdan bəri bu ailənin bir çox üzvü Yehovanın Şahidi oldu.

 1965-ci ildə isə hal-hazırda xidmət etdiyimiz Kuusamoda (Şimal qütb dairəsindən bir az aşağıda) keçirilən yığıncağa təyinat aldıq. O vaxt yığıncaq yalnız bir neçə təbliğçidən ibarət idi. Əvvəl-əvvəl yeni ərazidə xidmət etmək bir az çətin gəlirdi. İnsanlar çox dindar idi və bizim haqqımızda yanlış fikirləri vardı. Lakin çoxlarının Müqəddəs Kitaba hörmət etməsi bizə şahidlik verməyə imkan yaradırdı. Beləcə, yavaş-yavaş insanları tanımağa çalışırdıq və artıq iki ildən sonra asanlıqla Müqəddəs Kitab öyrənməsinə başlayırdıq.

XİDMƏTDƏ HƏLƏ DƏ FƏALIQ

Müqəddəs Kitabı öyrətdiyimiz bəzi insanlarla birgə

Hal-hazırda səhərdən axşama kimi təbliğ etməyə gücümüz çatmır, amma, demək olar ki, hər gün xidmətə çıxırıq. Taunonun oğlu Aylini sürücülük dərsləri keçməyə təşviq etdi və o, 1987-ci ildə 56 yaşında sürücülük vəsiqəsi aldı. Bundan sonra xoş xəbəri geniş ərazimizdə təbliğ etmək bizim üçün daha asan oldu. Biz daha sonra yeni tikilən Padşahlıq zalına köçdük və bu, bizim işimizi daha da asanlaşdırdı.

Şahidlik etdiyimiz ərazilərdəki artımı görmək bizi çox sevindirirdi. Finlandiyanın şimalında tammüddətli xidmətə başlayanda bu böyük ərazidə təbliğçilərin sayı az idi. İndi isə bir ərazidə bir neçə yığıncaq var. Konqreslərdə tez-tez kimlərsə bizə yaxınlaşıb özlərini təqdim edir və onları xatırlayıb-xatırlamadığımızı soruşurlar. Biz onların evində Müqəddəs Kitab öyrənməsi keçirəndə onlar hələ uşaq idi. Beləliklə, onilliklər öncə səpilmiş toxumlar bəhrə gətirib (1 Kor. 3:6).

Hətta yağışlı gündə belə xidmət etmək bizə sevinc gətirir

2008-ci ildə biz xüsusi pioner kimi xidmətimizin 50 ilini tamamladıq. Yehovaya minnətdarıq ki, Onun möhtəşəm işini yerinə yetirmək üçün bir-birimizi ruhlandıra bilmişik. Sadə həyat tərzi sürsək də, heç nəyə möhtac olmamışıq (Məz. 23:1). İndi anlayırıq ki, başlanğıcda keçirdiyimiz tərəddüd hissi necə də yanlış imiş! Yeşaya 41:10 ayəsində deyildiyi kimi, bütün bu illər ərzində Yehovanın bizi möhkəmləndirdiyini görmək necə də xoşdur: «Səni qüvvətləndirəcəyəm, sənə kömək edəcəyəm. Sadiq sağ əlimlə Sənə dayaq olacağam».