Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi qülləsi (təlim nəşri)  |  mart 2013

Yehovanın uca adını şərəfləndirin

Yehovanın uca adını şərəfləndirin

«Daim ismini izzətləndirəcəyəm» (MƏZ. 86:12).

1, 2. Xristian kilsələrindən fərqli olaraq, Yehovanın Şahidlərinin Allahın adına münasibəti necədir?

ÜMUMİ GÖTÜRDÜKDƏ, Xristian kilsələri Allahın adını zikr etməkdən qaçınırlar. Misal üçün, Müqəddəs Kitab tərcümələrinin birinin müqəddiməsində belə sözlər yazılıb: «Tək bir Allahın hər hansı bir adının istifadəsi... Xristian kilsəsinin ümumbəşər imanına münasib deyil» («Revised Standard Version»).

2 Onlardan fərqli olaraq, Yehovanın Şahidləri Allahın adını daşımaqdan və bu adı izzətləndirməkdən qürur duyurlar. (Məzmur 86:12; Yeşaya 43:10 ayələrini oxu.) Bundan əlavə, biz bu adın mənasını və onun təqdis olunması ilə əlaqədar ümumbəşər məsələni başa düşməyi özümüzə şərəf bilirik (Mat. 6:9). Bizə göstərilən bu şərəfi hər zaman dəyərləndirməliyik. Bunun üçün gəlin üç vacib sualı araşdıraq: Allahın adını bilmək nə deməkdir? Yehova bu cür izzətli adı daşımağa layiq olduğunu necə göstərdi? «Yehovanın adı ilə getmək» deyildikdə nə nəzərdə tutulur?

ALLAHIN ADINI BİLMƏK NƏ DEMƏKDİR?

3. Allahın adını bilmək nə deməkdir?

3 Allahın adını bilmək sadəcə bu addan xəbərdar olmaq demək deyil. Buraya Yehovanın necə Allah kimi tanındığını, xüsusiyyətlərini, niyyətlərini, gördüyü işlərini, insanlarla, məsələn, Ona ibadət edənlərlə necə rəftar etdiyini bilmək daxildir. Bütün bunlar Müqəddəs Kitabda qələmə alınıb. Yehova Özü haqda bilikləri tədricən, niyyətini həyata keçirdikcə açıqlayırdı (Sül. məs. 4:18). Allah Öz adını ilk insanlara bildirmişdi; Qabil doğulanda Həvva bu adı dilə gətirmişdi (Yar. 4:1). Sadiq bəndələr olan Nuh, İbrahim, İshaq və Yaqub Allahın adını bilirdilər. Bundan əlavə, Yehova onları xeyir-dualandırdıqca, onlara Öz qayğısını göstərdikcə və niyyətini açıqladıqca onlar Yehova haqda daha çox öyrənirdilər. Musaya isə adının mənası ilə bağlı Allah xüsusi məlumat açıqlamışdı.

Allahın adının mənasını bilməsi Musanın imanını möhkəmləndirdi

4. Musanın Allahın adını soruşmaqda məqsədi nə idi və nəyə görə demək olar ki, onun narahatçılığı əsassız deyildi?

 4 Çıxış 3:10—15 (Yeni Dünya tərcüməsi) ayələrini oxu *. Musanın 80 yaşı olanda Allah ona məsuliyyətli bir iş tapşırmışdı: «Sən xalqım İsraili Misirdən çıxaracaqsan». Bu zaman Musa hörmətcil tərzdə Allaha dərin məna kəsb edən bir sualla müraciət edir. Sualın məğzi belə idi: «Sənin adın nədir?» Allahın adının uzun müddət məlum olduğunu nəzərə alsaq, Musanın bu sualı verməkdə məqsədi nə idi? Görünür, Musa bu adı daşıyan Şəxs haqda daha çox bilmək istəyirdi, çünki bunu bilmək israilliləri Allahın onları azad edəcəyinə inandırmağa kömək edəcəkdi. Musanın keçirdiyi narahatçılıq əsassız deyildi, axı israillilər uzun müddət idi ki, köləlikdə idilər. Çox güman ki, onlar əcdadlarının Allahının onları xilas etməyə qadir olub-olmadığını soruşacaqdılar. Hətta israillilərin arasında Misir tanrılarına ibadət edənlər də var idi! (Yez. 20:7, 8).

5. Yehova Musaya adının mənasını daha dərindən necə açıqlamışdı?

5 Yehova Musanın sualına necə cavab verdi? Allah ona demişdi: «İsraillilərə belə deyərsən: “Məni sizin yanınıza “MƏN OLMAQ İSTƏDİYİM KƏS OLACAĞAM” göndərib» *. Sonra O əlavə etdi: «Məni sizin yanınıza ata-babalarınızın Allahı... Yehova göndərib». Yehova bildirdi ki, niyyətini həyata keçirmək üçün O, istədiyi Kəs olacaq və O, həmişə dediyini edən Allahdır. Buna görə də 15-ci ayədə Yehova əlavə edir: «Adım əbədilik budur, nəsildən-nəslə Məni bu adla yadda saxlayacaqlar». Bu sözlər Musanın imanını möhkəmləndirdi və onda ehtiram hasil etdi!

YEHOVA ADINA LAYİQ OLDUĞUNU GÖSTƏRDİ

6, 7. Yehova uca adına layiq olduğunu necə göstərdi?

6 Musaya tapşırıq verdikdən bir müddət sonra israilliləri köləlikdən azad  etməklə Yehova bu ada layiq olduğunu göstərdi. Allah Misirin üzərinə on məhvedici bəla göndərməklə onun tanrılarını, eləcə də tanrı sayılan fironu alçaltdı, bununla da onların heç nəyə qadir olmadığını sübut etdi (Çıx. 12:12). Sonra Yehova Qırmızı dənizi aralayaraq israilliləri oradan keçirtdi, fironu isə ordusu ilə birgə suya qərq etdi (Məz. 136:13—15). «Böyük və qorxunc səhrada» Yehova xalqının qayğısına qaldı: sayı təxminən iki–üç milyon və ya ondan çox olan israilliləri su və qida ilə təmin etdi! Allah elə eləmişdi ki, xalqın nə əyindəki paltarı, nə də ayağındakı çarığı yırtılıb-dağılırdı (Qanun. t. 1:19; 29:5). Bəli, Yehovaya tayı-bərabəri olmayan adına uyğun davranmağa heç nə əngəl ola bilməz. Yeşaya peyğəmbər vasitəsilə O demişdi: «Mənəm... [Yehova], yalnız Mənəm, Məndən başqa qurtarıcı yoxdur» (Yeşaya 43:11).

7 Musanın xələfi olan Yeşua da Yehovanın Misirdə və səhrada göstərdiyi möhtəşəm işlərinin şahidi olmuşdu. Buna görə də ömrünün sonuna yaxın o, tam əminliklə soydaşlarına deyə bilmişdi: «Bütün qəlbinizlə və varlığınızla bilirsiniz ki, Allahınız Rəbbin haqqınızda dediyi bütün yaxşı şeylərdən heç biri boşa çıxmadı. Hamısı sizin üçün yerinə yetdi. Onun sözlərindən heç biri boşa çıxmadı» (Yeşua 23:14). Bəli, Yehova verdiyi vədi son nöqtəsinədək yerinə yetirdi.

8. Bizim günlərdə Allahın adının mənasına uyğun hərəkət etməsi nədən görünür?

8 Bu gün də Yehova vəd etdiyi hər şeyi həyata keçirir. Oğlu İsa Məsih vasitəsilə O peyğəmbərlik etmişdi ki, bu axır günlərdə Padşahlıq haqda xoş xəbər «bütün yer üzündə» təbliğ olunacaq (Mat. 24:14). Məgər hər şeyə qadir olan Allahdan başqa kimsə belə bir işin olacağını qabaqcadan deyə, ona nəzarət edə, eləcə də onu «savadsız, sadə» insanlar vasitəsilə həyata keçirə bilərdi? (Həv. iş. 4:13). Beləliklə, biz bu işi icra edəndə həmin peyğəmbərliyin həyata keçməsində bilavasitə iştirak etmiş oluruq. Bununla biz Atamızı izzətləndiririk və növbəti sözlərə tam şərik olduğumuzu göstəririk: «Qoy adın müqəddəs tutulsun. Qoy padşahlığın gəlsin. Qoy Sənin iradən göydə olduğu kimi, yerdə də yerinə yetsin» (Mat. 6:9, 10).

ONUN ADI UCADIR

Firon Yehovanı Allah kimi qəbul etməkdən imtina etmişdi

9, 10. Yehovanın israillilərlə rəftarı Onun haqqında nəyi açıqladı?

9 İsraillilər Misir əsarətindən azad olandan sonra Yehova Özünü onlara daha çox tanıtdı. O, xalqı ilə Qanun əhdi bağladı və söz verdi ki, ər arvadının qayğısına qaldığı kimi, O da onların qayğısına qalacaq (Yer. 3:14). Qadın ərinə məxsus olduğu kimi, israillilər də Yehovaya məxsus olan və Onun adını daşıyan xalq oldular (Yeşaya 54:5, 6). Əgər onlar Allahın sözlərinə qulaq asıb Onun bütün əmrlərinə riayət etsəydilər, Yehova onların qayğısına qalacaq, xeyir-dualandıracaq, qoruyacaq, sülh və əmin-amanlıq  verəcəkdi (Say. 6:22—27). Yehovanın böyük adı digər xalqlar arasında izzətlənəcəkdi. (Qanunun təkrarı 4:5—8; Məzmur 86:7—10 ayələrini oxu.) Həqiqətən də, İsrail xalqının tarixinə nəzər saldıqda bir çox yadellilərin həqiqi ibadəti qəbul etdiklərini görürük. Sanki, onlar moavlı Rutun Naomiyə dediyi bu sözləri deyirdilər: «Xalqın xalqım olacaq, Allahın Allahım» (Rut 1:16).

10 Təxminən 1500 il ərzində Yehovanın israillilərlə rəftarından Onun şəxsiyyətinin yeni yönləri üzə çıxdı. Xalqının dəfələrlə yolunu azmasına baxmayaraq, Yehova hər dəfə «rəhmli» və «səbirli» Allah olduğunu göstərmişdi. O, böyük səbir sahibidir (Çıx. 34:5—7). Ancaq Yehovanın səbrinin də həddi var: yəhudi xalqı Məsihi rədd edib öldürəndə Allahın səbri tükəndi (Mat. 23:37, 38). Artıq İsrailin nəsli Allahın adını daşıyan xalq deyildi. Onlar, sanki, qurumuş ağac kimi, Allahın gözündə ruhən ölü vəziyyətə düşdülər (Luka 23:31). Bəs sonradan israillilər Allahın adına necə yanaşdılar?

11. Necə oldu ki, israillilər Allahın adını dilə gətirməyə son qoydular?

11 Tarix göstərir ki, bir müddətdən sonra yəhudilərdə Allahın adı ilə bağlı mövhumat yarandı. Onların arasında Allahın müqəddəs adını dilə gətirməyin qəbahət olduğu fikri yayıldı (Çıx. 20:7). İsraillilər tədricən Allahın adını çəkməyə son qoydular. Əlbəttə ki, adına qarşı bu cür hörmətsizlik görmək Yehova üçün çox ağır idi (Məz. 78:40, 41). Allahın adı Onun üçün olduqca vacibdir. Hətta Müqəddəs Kitabda deyilir ki, O, adına qısqanclıqla yanaşır. İsraillilər Allahın adını rüsvay etdikləri üçün artıq bu adı daşımağa layiq deyildilər (Çıx. 34:14). Yaradanımızın adına dərin ehtiramla yanaşmağın çox vacib olduğunu beynimizə həkk etməliyik.

ALLAHIN ADINI DAŞIYAN YENİ XALQ

12. Yehova Onun adını daşıyan xalqı necə təşkil etdi?

12 Yehova Yeremya peyğəmbər vasitəsilə xəbər verdi ki, yeni xalqla, yəni ruhani İsraillə «yeni bir əhd» bağlamaq niyyətindədir. Həmin peyğəmbərliyə əsasən, o xalqın hər bir üzvü — «böyükdən kiçiyə qədər» Yehovanı tanıyacaqdı (Yer. 31:31, 33, 34). Bu peyğəmbərlik eramızın 33-cü ilinin Əllinci gün bayramında, Allah yeni əhd təsis edəndə yerinə yetməyə başladı. Yəhudilərdən və qeyri-yəhudilərdən təşkil olunmuş yeni xalq, yəni «Allahın İsraili» Onun «adına bir xalq» və ya Yehovanın dediyi kimi, Onun adı ilə adlanan insanlar oldular (Qalat. 6:16; Həvarilərin işləri 15:14—17 ayələrini oxu; Mat. 21:43).

13. a) Erkən məsihçilər Allahın adını istifadə edirdilərmi? İzah et. b) Yehovanın adını xidmətdə istifadə etmək şərəfi barədə şəxsən sən nə fikirləşirsən?

13 Allahın adı ilə adlanan insanlar, yəni ruhani İsrailin üzvləri İbranicə Müqəddəs Yazılardan sitat gətirəndə Onun adını istifadə edirdilər *. Məsələn, həvari Peter eramızın 33-cü ilinin Əllinci gün bayramında müxtəlif yerlərdən gələn yəhudi və prozelitlərdən ibarət olan izdiham qarşısında çıxış edəndə dəfələrlə Allahın adını istifadə etmişdi (Həv. iş. 2:14, 20, 21, 25, 34). Erkən məsihçilər Allahın adını uca tuturdular, buna görə də Yehova onların təbliğ etmək səylərini xeyir-dualandırırdı. Biz də fəxrlə Allahın adını bəyan edəndə və maraq göstərən insanlara bu adı, əgər mümkünsə, onların öz Müqəddəs Kitablarından göstərəndə Yehova xidmətimizə xeyir-dua verir. Bununla biz onları həqiqi Allahla tanış etmiş oluruq. Bu həm onlar, həm də bizim üçün necə də böyük şərəfdir! Bu tanışlıq gözəl münasibətlərin, eləcə də getdikcə möhkəmlənən və əbədiyyən davam edə biləcək Yehova ilə gözəl dostluğun başlanğıcı ola bilər.

14, 15. Dönüklüyün yayılmasına baxmayaraq, Allah adını necə qorudu?

 14 Xüsusilə də həvarilərin ölümündən sonra erkən məsihçi yığıncağında dönüklük baş qaldırdı (2 Salon. 2:3—7). Saxta müəllimlər yəhudilərin Allahın adını dilə gətirməmək ənənəsini mənimsədilər. Bəs Allah uca adının itib-batmasına yol verdimi? Xeyr! Onun adının dəqiq tələffüzü məlum olmasa da, bu ad bizim dövrlərədək gəlib çatıb. Əsrlər ərzində bu ada müxtəlif Müqəddəs Kitab tərcümələrində, eləcə də Müqəddəs Kitabı tədqiq edən bir çox ziyalıların əsərlərində rast gəlinib. Misal üçün, 1757-ci ildə Çarlz Peters yazıb ki, Allahın çoxsaylı titullarından fərqli olaraq, «Yehova» adı «Onun kimliyini daha dəqiq ifadə edir». 1797-ci ildə Allaha ibadət etməklə bağlı kitabında Hopton Heynz 7-ci fəsli bu sözlərlə başlamışdı: «YEHOVA yəhudilərin yeganə ibadət etdikləri ALLAHIN adı idi; Məsih və həvarilər də bu adı istifadə edirdilər». Henri Qru (1781—1862) təkcə Allahın adını istifadə etmirdi, o, ona ləkə yaxıldığını və təqdis edilməli olduğunu da dərk edirdi. Eynilə, Çarlz Teyz Rassel qardaşın yaxın əməkdaşı olan Corc Storz (1796—1879) da, Rassel kimi, Allahın adını istifadə etmişdi.

15 1931-ci ili xüsusilə qeyd etmək lazımdır, çünki həmin il Beynəlxalq Müqəddəs Kitab Tədqiqatçıları (Allahın xalqının o vaxtkı adı) Müqəddəs Yazılardan götürülən «Yehovanın Şahidləri» adını qəbul etdilər (Yeşaya 43:10—12). Bununla onlar dünyaya bəyan etdilər ki, yeganə həqiqi Allahın adını daşımaq, Onun xidmətçiləri olmaq və adını izzətləndirmək şərəfinə layiq görüldükləri ilə fəxr edirlər (Həv. iş. 15:14). Yehovanın Öz adını necə qoruduğunun üzərində düşünəndə Onun Malaki 1:11 ayəsində dediyi sözlər yadımıza düşür: «Günəşin çıxdığı yerdən batdığı yerə qədər Mənim adım millətlər arasında əzəmətli olacaq».

YEHOVANIN ADI İLƏ GEDİRİK

16. Nəyə görə Yehovanın adı ilə getməyi özümüzə şərəf bilməliyik?

16 Mikeya peyğəmbər yazmışdı: «Bütün xalqlar, öz allahlarının yolu ilə getsələr belə, biz isə daim və əbədi Allahımız... [Yehovanın] adı ilə gedirik» (Mik. 4:5). Yehova Müqəddəs Kitab Tədqiqatçılarına Öz adını daşımağa icazə verməklə yalnız onları şərəfləndirmədi, həm də sadiq bəndələrini əmin etdi ki, onlardan razıdır. (Malaki 3:16—18 ayələrini oxu.) Bəs şəxsən sənin barəndə nə demək olar? Yehovanın adı ilə getmək üçün əlindən gələn hər şeyi edirsənmi? Sən bu şərəfi qiymətləndirirsənmi?

17. Allahın adı ilə getmək nə deməkdir?

17 Allahın adı ilə getmək üçün ən azı üç şey lazımdır. İlk növbədə, Allahın adını başqalarına deməliyik, çünki yalnız «Yehovanın adını çağıran» kəslər xilas olacaq (Rom. 10:13). İkincisi, biz Yehovanın xüsusiyyətlərini, xüsusilə də məhəbbətini təqlid etməliyik. Üçüncüsü, Onun saleh normalarına canla-başla tabe olmalıyıq ki, müqəddəs adına ləkə gəlməsin (1 Yəh. 4:8; 5:3). Bəs sən «daim və əbədi Allahımız... [Yehovanın] adı ilə» getmək qərarında qətiyyətlisənmi?

18. Nəyə görə Yehovanın böyük adını uca tutanlar gələcəyə əminliklə baxa bilərlər?

18 Yehovanın sözlərini qulaqardına vuran və ya Ona qarşı çıxan insanlar tezliklə Onun kim olduğunu biləcəklər (Yez. 38:23). Onlar firon kimi: «[Yehova] kimdir ki, Onun səsinə qulaq [asım]?» — deyən insanlardır. O, sualının cavabını necə də tez tapdı! (Çıx. 5:1, 2; 9:16; 12:29). Firondan fərqli olaraq, biz özümüz Onu tanımaq istəmişik. Onun adını daşıyan itaətkar xalq olmağımızla qürur duyuruq. Biz gələcəyə əminliklə baxırıq və Məzmur 9:10 ayəsində yazılan sözlərin gerçəkliyinə tam əminik: «İsmini tanıyanlar Sənə güvənir, çünki, ya Rəbb, Səni axtaranları tərk etməzsən!»

^ abz. 4 Çıxış 3:10—15 (YD): «“Buna görə də səni fironun yanına göndərirəm, sən xalqım İsraili Misirdən çıxaracaqsan”. Musa isə Allaha dedi: “Mən kiməm ki, fironun yanına gedim, israilliləri Misirdən çıxarım?” Allah dedi: “Mən səninlə olacağam. Səni məhz Mənim göndərdiyimə əlamət bu olacaq: xalqı Misirdən çıxardıqdan sonra gəlib bu dağda birlikdə Mənə, bir olan Allaha ibadət edəcəksiniz”. Ancaq Musa Allahdan soruşdu: “Tutalım, israillilərin yanına getdim və onlara: “Məni sizin yanınıza ata-babalarınızın Allahı göndərib”, — dedim. Bəs onlar: “Onun adı nədir” — soruşsalar, onda nə cavab verim?” Allah Musaya dedi: “MƏN OLMAQ İSTƏDİYİM KƏS OLACAĞAM” və əlavə etdi: “İsraillilərə belə deyərsən: “Məni sizin yanınıza “MƏN OLMAQ İSTƏDİYİM KƏS OLACAĞAM” göndərib”. Allah Musaya təkrarən dedi: “İsraillilərə belə söylə: “Məni sizin yanınıza ata-babalarınızın Allahı, İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahı Yehova göndərib”. Adım əbədilik budur, nəsildən-nəslə Məni bu adla yadda saxlayacaqlar».

^ abz. 5 Allahın adının mənası ibrani feli olan «olmaq» sözünün bir formasıdır. Buna görə də «Yehova» «olmasına səbəb Olan» deməkdir (Yar. 2:4).

^ abz. 13 Erkən məsihçilərin əllərində olan ibrani mətnində tetraqrammaton istifadə olunmuşdu. Dəlillər göstərir ki, İbranicə Müqəddəs Yazıların yunan dilinə tərcüməsi olan Septuaqintanın erkən tərcümələri barədə də eyni şeyi demək olar.