Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) MART 2013

Yehovanı sevənlər «heç nə ilə büdrəməzlər»

Yehovanı sevənlər «heç nə ilə büdrəməzlər»

«Qanununu sevənlər böyük əmin-amanlıq tapırlar, onlar heç nə ilə büdrəməzlər» (MƏZ. 119:165).

1. Qətiyyətli idmançının nümunəsi təslim olmamaq əzmimizi necə möhkəmləndirir?

MERİ DEKER erkən yaşlarından qaçış üzrə dünya səviyyəli idmançı idi. O, 1984-cü ilin Yay Olimpiya oyunlarında 3000 metr məsafəyə qaçış üzrə yarışda qızıl medal qazanmağa iddialı idi. Lakin finiş xəttini keçmək ona nəsib olmadı. O, idmançılardan birinin ayağına ilişib yarıyolda yıxıldı və yarışı tərk etməli oldu. Göz yaşları içində və yaralı halda onu yarış meydanından apardılar. Bununla belə, Meri təslim olmadı. Bir ildən sonra, 1985-ci ildə o, qaçış üzrə yarışlara yenidən qoşuldu və qadınlar arasında yeni dünya rekorduna imza atdı.

2. Hansı mənada həqiqi məsihçilər yarışda iştirak edir və biz diqqətimizi nəyə yönəltməliyik?

2 Bir məsihçi kimi, biz də məcazi mənada qaçış üzrə yarışda iştirak edirik. Diqqətimizi qaçışda qalib gəlməyə yönəltməliyik. Bizim iştirak etdiyimiz yarış sürətin əsas rol oynadığı yaxın məsafəyə qaçış deyil. Heç yavaş-yavaş qaçaraq hərdən fasilə etməyə də bənzəmir. Əksinə, bu, qələbə qazanmaq üçün dözümlülük tələb edən marafon yarışlarına bənzəyir. Həvari Pavel idman yarışları ilə məşhur olan Korinf şəhərindəki bacı-qardaşlara məktubunda məsihçi həyatını qaçışla müqayisə edərək yazmışdı: «Məgər bilmirsiniz ki, yarışda iştirak edən qaçışçıların hamısı qaçır, ancaq yalnız biri mükafata layiq görülür? Siz də elə qaçın ki, mükafatı alasınız» (1 Kor. 9:24).

3. Əbədi həyat uğrunda yarışda iştirak edənlərin hamısının mükafat alması necə mümkündür?

3 Müqəddəs Kitab bizi simvolik yarışda iştirak etməyə təşviq edir. (1 Korinflilərə 9:25—27 ayələrini oxu.) Bu yarışın mükafatı məsh olunmuşlar üçün göydə, digər iştirakçılar üçün isə yer üzündə əbədi həyatdır. Bir çox atletik yarışlardan fərqli olaraq, bu yarışda  iştirak edənlərin və sona qədər qaçanların hamısı mükafat alır (Mat. 24:13). Yalnız qaydaları pozan və ya finiş xəttinə çatmayan uduzur. Bundan əlavə, yalnız bu yarışın mükafatı əbədi həyatdır.

4. Əbədi həyat uğrunda yarışda hansı çətinliklərlə üzləşə bilərik?

4 Finiş xəttini keçmək elə də asan deyil. Bunun üçün nizam-intizam qaydalarına riayət etmək və məqsədyönlü olmaq tələb olunur. Finiş xəttini bir dəfə də olsun büdrəmədən keçməyə müvəffəq olan yeganə şəxs İsa Məsih olub. Ancaq onun şagirdi Yaqub yazmışdı ki, Məsihin davamçılarının hər biri dəfələrlə səhvə yol verir (Yaq. 3:2). Bu, həqiqətən də, belədir. Hər birimiz həm özümüzün, həm də başqalarının qeyri-kamilliyindən əziyyət çəkirik. Buna görə bəzən büdrəyib müvazinətimizi itiririk. Hətta yıxılırıq, amma ayağa qalxıb qaçmağa davam edirik. Bəziləri elə möhkəm yıxılır ki, ayağa qalxmaq və finiş xəttinə doğru məsafəni qət etmək üçün başqalarının köməyinə ehtiyac duyur. Bu, dəfələrlə büdrəməyimizin və ya yıxılmağımızın qaçılmaz olduğunu göstərir (1 Pad. 8:46).

Əgər yıxılmısansa, göstərilən köməyi qəbul et və ayağa qalx!

BÜDRƏSƏN DƏ, YARIŞI TƏRK ETMƏ

5, 6. a) Nə üçün məsihçi «heç nə ilə büdrəməz» və ona ayağa qalxmağa nə kömək edər? b) Nəyə görə bəziləri büdrədikdən sonra ayağa qalxa bilmirlər?

5 Yəqin, siz kiminsə səhvə yol verdiyini, yaxud Yehova ilə münasibətlərinin zəiflədiyini göstərmək üçün «büdrəmək» və «yıxılmaq» sözlərini işlətmisiniz. Müqəddəs Kitabdan olan bu sözlər həmişə eyni mənada işlənmir. Misal üçün, Süleymanın məsəlləri 24:16 ayəsində yazılan sözləri qeyd etmək olar: «Saleh yeddi dəfə yıxılsa belə, yenə qalxar, şər insan büdrəsə, bəlaya düçar olar».

6 Yehova yol verməz ki, Ona ürəkdən etibar edənlər elə büdrəsinlər, yaxud yıxılsınlar ki, bir daha qalxa bilməsinlər. Əminik ki, Yehova bizə qalxmağa və yenidən var gücümüzlə Ona xidmət etməyə mütləq kömək edəcək. Yehovanı bütöv ürəklə sevən insanlar üçün bu necə də təsəllivericidir. Adətən, pis insanların  qalxmaq istəkləri olmur. Onlar Allahın müqəddəs ruhunun və Onun xalqının köməyini axtarmır, kömək əli uzadılanda da rədd edirlər. Bunun tam əksinə olaraq, Yehovanın qanununu sevənləri heç nə büdrədib həyat uğrunda yarışdan məhrum edə bilməz. (Məzmur 119:165 ayəsini oxu.)

7, 8. İnsanın yıxılmasına nə səbəb ola bilər və buna baxmayaq, o, Allahın lütfündə necə qala bilər?

7 Bəziləri hansısa zəif cəhətləri ucbatından hətta dönə-dönə kiçik günahlara yol verirlər. Buna baxmayaraq, əgər onlar hər dəfə qalxırsa, yəni səmimi-qəlbdən tövbə edib, sədaqətlə xidmətini davam etdirirsə, yenə də Yehovanın gözündə saleh sayılır. Biz Allahın qədim israillilərlə necə davrandığına diqqət yetirə bilərik (Yeşaya 41:9, 10). Yuxarıda sitat gətirilən Süleymanın məsəlləri 24:16 ayəsi diqqəti mənfi cəhətə, insanın yıxılmasına yox, müsbət cəhətə, yəni onun dəfələrlə qalxmasında təzahür olunan Yehovanın mərhəmətinə yönəldir. (Yeşaya 55:7 ayəsini oxu.) Yehova Allah və İsa Məsih bizə inanır və qayğıkeşliklə ayağa qalxmağa təşviq edirlər (Məz. 86:5; Yəh. 5:19).

8 Hətta marafon yarışında qaçan büdrəyib yıxılsa da, cəld tərpənərək qalxıb yenidən yarışı davam etdirə bilər. Biz əbədi həyat uğrunda yarışımızın bitəcəyi «günü və saatı» bilmirik (Mat. 24:36). Ancaq nə qədər az büdrəsək, bir o qədər sabit qalacaq, yarışı tərk etməyəcək və məsafəni uğurla qaçacağıq. Bəs büdrəməmək üçün nə edə bilərik?

İNKİŞAFA MANE OLAN ƏNGƏLLƏR

9. Bizi büdrədə biləcək hansı maneələri müzakirə edəcəyik?

9 Gəlin bizi büdrədə biləcək beş sahəyə nəzər salaq. Bunlara şəxsi zəifliklərimiz, cismani ehtiraslar, həmimanlılarımızın haqsız davranışı, çətinliklər və ya təqiblər, eləcə də başqalarının qeyri-kamilliyi daxildir. Amma büdrəsək də, unutmayaq ki, Yehova çox səbirli Allahdır. O, dərhal bizə satqın damğası vurmayacaq.

10, 11. Davud hansı şəxsi zəifliyi ilə mübarizə aparırdı?

10 Şəxsi zəifliklərimiz qaçış yolunda qarşımıza çıxan daşlara bənzəyir. Padşah Davudun və həvari Peterin həyatında baş vermiş hadisələrə nəzər salanda özünə hakim olmamaq və insan qorxusu kimi iki zəifliyi görmək olar.

11 Bat-Şeva ilə davranışından göründüyü kimi Davud padşahın özünə hakim olmaqla bağlı problemi vardı. Daha sonra Naval onu təhqir edəndə Davud kəskin reaksiya göstərmişdi. Bəli, özünə hakim olmaq Davuda çətin olsa da, o, heç vaxt təslim olmur, Yehovanı razı salmaq üçün həmişə əlindən gələni edirdi. Başqalarının köməyi sayəsində o, ruhani tarazlığını bərpa edə bildi (1 Şam. 25:5—13, 32, 33; 2 Şam. 12:1—13).

12. Büdrəməsinə baxmayaraq, Peterə yarışda qalmağa nə kömək etdi?

12 Peterdə insan qorxusu vardı, buna baxmayaraq, o, Yehovaya və İsaya sadiq qaldı. Məsələn, Peter düz üç dəfə İsanı insanlar qarşısında inkar etmişdi (Luka 22:54—62). Sonralar Peter məsihçiyə yaraşmayan tərzdə davranaraq sünnət olunmuş yəhudi məsihçiləri qeyri-yəhudi həmimanlılarından üstün tutduğunu göstərmişdi. Lakin həvari Pavel yığıncaqda sinfi ayrı-seçkiliyə yer olmadığını aydın şəkildə anlayırdı. Peterin düşüncə tərzi isə yanlış idi. Peterin münasibəti qardaşlar arasında ciddi problemlərə gətirib çıxarmamış Pavel ona birbaşa məsləhət verdi (Qalat. 2:11—14). Peter onun məsləhətindən inciyərək həyat uğrunda gedən yarışı dayandırdımı? Xeyr, o, Pavelin verdiyi məsləhətə ciddi yanaşdı və onu tətbiq edərək yarışa davam etdi.

13. Sağlamlığımızla bağlı zəifliklərimiz büdrəməyimizə necə səbəb ola bilər?

13 Bəzən insanın şəxsi zəiflikləri onun səhhətində yaranan problemlər ola bilər. Bu da büdrəməyimizə gətirib çıxara  və ruhani addımlarımızı zəiflədərək bizi əldən sala bilər. Məsələn, vəftiz olunduqdan 17 il sonra yaponiyalı bir bacının sağlamlığı ilə bağlı ciddi problemləri yarandı. Onun başı sağlamlığına o qədər qarışdı ki, bu, onun ruhən zəifləməsinə səbəb oldu. Bir müddətdən sonra o, qeyri-fəal təbliğçi oldu. İki ağsaqqal ona baş çəkib xoş sözlərlə onu ruhlandırdı. Beləcə o, yenidən yığıncaqlara gəlməyə başladı. O, keçirdiyi hissləri bölüşərək deyir: «Yığıncağa gələndə qardaşlar məni elə səmimi qarşıladılar ki, göz yaşlarımı saxlaya bilmədim». İndi bacımız yenidən yarışa qatılıb.

14, 15. Yanlış arzular yarananda hansı ciddi tədbirlər görmək lazımdır? Nümunə çək.

14 Cismani ehtiras çoxlarının büdrəməsinə səbəb olub. Ürəyimizdən Yehovanın sözündən çıxmaq istəyi keçəndə biz əqli, əxlaqi və ruhani cəhətdən təmiz qalmaq üçün qəti addımlar atmalıyıq. İsa bizi büdrədən hər şeydən azad olmağa, hətta məcazi mənada gözümüzü çıxarmağa və əlimizi kəsib atmağa çağırır. Əxlaqsız fikirlər və hərəkətlər bizim yarışı dayandırmağımıza səbəb ola bilər. (Matta 5:29, 30 ayələrini oxu.)

15 Məsihçi ailəsində böyüyən bir qardaş yazır ki, uşaqlıqdan bəri homoseksual arzularla mübarizə aparmalı olub. O qeyd edir: «Həmişə özümü narahat hiss edirdim və mənə elə gəlirdi ki, özümə heç harada yer tapa bilmirəm». Təxminən 20 yaşı olanda o, daimi pioner xidmətinə başladı və xidməti köməkçi oldu. Sonradan bu qardaş ciddi günaha yol verdi və töhmət aldı, ancaq ağsaqqallar ona kömək əli uzatdılar. Dua etməyin, Müqəddəs Kitabı araşdırmağın və diqqətini başqalarına kömək etməyə cəmləməyin sayəsində o ayağa qalxdı və ruhani müvazinətini yenidən bərpa etdi. İllər ötdükdən sonra o etiraf edir: «Həmin hisslər məndə vaxtaşırı olaraq hələ də baş qaldırır, ancaq bu hisslərin mənə qalib gəlməsinə imkan vermirəm. Mən Yehovanın gücümüzdən artıq sınağa çəkilməyimizə yol vermədiyini anladım. Əminəm ki, Allah bunun öhdəsindən gələ biləcəyimə inanır». O, sözünə belə yekun vurur: «İndi çəkdiyim əziyyətin əvəzi yeni dünyada artıqlaması ilə ödəniləcək. Mən bunu ürəkdən arzulayıram! Həmin vaxtadək mübarizə aparmağa davam edəcəyəm». Bəli, bu qardaş yarışda qalmağa qətiyyətlidir.

16, 17. a) Ədalətsizliyin qurbanı olduğunu düşünən bir qardaşa nə kömək etdi? b) Büdrəməmək üçün yığıncaqla bağlı nəyi yadda saxlamalıyıq?

16 Həmimanlılarımızın haqsız davranışı da bizim büdrəməyimizə səbəb ola bilər. Fransadan olan və əvvəllər ağsaqqal kimi xidmət edən bir qardaş ədalətsizliyin qurbanı olduğunu düşündüyündən ürəyində qəzəb hissi yaranmağa başladı. Nəticədə, o, yığıncaqla əlaqəsini kəsdi və qeyri-fəal təbliğçi oldu. İki ağsaqqal ona baş çəkdi, anlayışla, sözünü kəsmədən ona qulaq asdı. Onlar qardaşı bütün yükünü Yehovanın üzərinə qoymağa təşviq etdilər və ilk növbədə, Allahı razı salmağın vacibliyini xatırlatdılar. O, düşüncə tərzini dəyişdi və tezliklə yarışa qayıdıb yenidən yığıncağın işləri ilə fəal surətdə məşğul olmağa başladı.

17 Bütün məsihçilər diqqətlərini qeyri-kamil insanlara yox, yığıncağın Başı İsa Məsihə cəmləməlidirlər. Gözləri «alov saçan» İsa yığıncaqda baş verənləri hərtərəfli görür və hər şeyi bizdən daha yaxşı başa düşür (Vəhy 1:13—16). Misal üçün, o, başa düşür ki, bizə ədalətsizlik kimi görünən şeyləri, əslində, biz yanlış yoza və ya yanlış anlaya bilərik. İsa isə yığıncağın problemlərini mükəmməl şəkildə və tam vaxtında həll edəcək. Beləliklə, həmimanlılarımızın hərəkətlərinin və qərarlarının bizi büdrətməsinə yol verməməliyik.

18. Sınaqlar və çətinliklər zamanı necə tab gətirə bilərik?

18 Büdrəməyimizə səbəb olan digər iki  amil çətinliklər və ya təqiblər, eləcə də başqalarının qeyri-kamilliyi ola bilər. Əkinçi məsəlində İsa demişdi ki, «sözə görə çətinlik, təqib başlayanda» bu, bəzilərinin büdrəməsinə səbəb olacaq. Xüsusilə də həqiqətdə kök salmayan, yəni imanı zəif olan insan ailə üzvləri, qonşuları, yaxud hökumət dairələri tərəfindən təqiblərə məruz qalanda tez büdrəyir (Mat. 13:21). Lakin əgər biz ürəyimizin düzgün vəziyyətini qorusaq, Padşahlıq xəbəri bizə imanda dərin və möhkəm kök salmağa kömək edəcək. Sınaqlarla üzləşəndə dua etməli və tərifəlayiq şeylər barədə düşünməliyik. (Filipililərə 4:6—9 ayələrini oxu.) Yehovanın gücü sayəsində biz sınaqlara tab gətirəcək və çətinliklərin bizi büdrətməsinə yol verməyəcəyik.

Yarışı başa vurmaqda heç nəyin sənə mane olmasına yol vermə!

19. Başqaları xətrimizə dəyəndə büdrəməmək üçün nə edə bilərik?

19 Təəssüf ki, bəziləri illərlə Yehovaya xidmət etsələr də, başqalarının qeyri-kamilliyi ucbatından əbədi həyat uğrunda gedən yarışı dayandırırlar. Onlar öz vicdanlarının yol vermədiyi şeyləri başqalarının etdiyini görəndə büdrəyirlər (1 Kor. 8:12, 13). Əgər kimsə xətrimizə dəyərsə, biz onu böyük məsələyə çevirəcəyikmi? Müqəddəs Kitab məsihçilərə mühakimə etməməyi, başqalarını bağışlamağı və inad edərək öz hüquqlarını tələb etməməyi buyurur (Luka 6:37). Səni büdrədəcək maneələrlə üzləşərkən özünə belə suallar verə bilərsən: «Başqalarını öz arşınımla ölçmürəm ki? Qardaşlarımın qeyri-kamilliyinin məni yarışdan uzaqlaşdırmasına imkan verəcəyəmmi?» Yehovaya məhəbbət kömək edəcək ki, başqalarının heç bir hərəkətinin finiş xəttini keçməyimizə mane olmasına yol verməyək.

BÜDRƏMƏDƏN DÖZÜMLƏ QAÇ

20, 21. Həyat uğrunda gedən yarışda nə etməyə qəti qərarlısan?

20 Qarşındakı məsafəni axıradək qaçmağa qətiyyətlisənmi? (2 Tim. 4:7, 8). O zaman şəxsi öyrənmə mütləqdir. Müqəddəs Kitabın və nəşrlərimizin köməyi ilə araşdırmalar apar, oxuduqların üzərində düşün və səni büdrədəcək şeyləri müəyyən et. Ehtiyac duyduğun ruhani qüvvəni almaq üçün Allahdan müqəddəs ruh dilə. Yadda saxla ki, həyat uğrunda gedən qaçışda iştirak edən idmançının büdrəməsi və ya yıxılması heç də onun mütləq uduzacağına dəlalət etmir. O qalxıb yenidən yarışı davam etdirə bilər. Hətta imanı uğrunda qarşılaşdığı sınaqlardan yaxşı ibrət dərsi götürə bilər.

21 Müqəddəs Kitab əbədi həyat uğrunda gedən qaçışı passiv yox, aktiv bir yarış kimi təsvir edir. Bu, sadəcə qələbəyə doğru aparan avtobusa minməyə bənzəmir. Həyat uğrunda gedən yarışda özümüz qaçmalıyıq. Belə etməklə Yehova bizə «böyük əmin-amanlıq» bəxş edəcək (Məz. 119:165). Əmin ola bilərik ki, O, indi də bizə xeyir-dua verir, üstəlik, finiş xəttini keçənlərin hamısına da əbədi xeyir-dualar verəcək (Yaq. 1:12).